İslamın beş sütunu

İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

Birinci: İnsan “Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna” şahidlik edərkən bu sözləri ərəbcə, peyğəmbərin – aleyhissələm – bizə öyrətdiyi şəkildə deməlidir. “Əşhədu əllə iləhə illəllah va əşhədu ənnə Muhəmmədən rasulullah” deyərək İslama daxil olur. Bu sözlərin Axirətdə ona fayda verməsi üçün onları mənalarını anlayaraq, qəlbində tam yəqinlik və səmimiyyətlə, heç bir şəkk olmadan bu sözlərə inanaraq deməlidir.

Bu sözləri söyləyən anlamalıdır ki, o, Allahdan savayı digər bütün maddi və mənəvi ilahları inkar edir, onların ilahlıqlarını rədd edir. Bu sözləri söyləyən həmçinin anlamalıdır ki, o, bunları deyərək həqiqi ilahlığı yalnız Allaha aid etmiş olur, yalnız Onun ibadətə layiq olduğunu təsdiqləmiş olur.

Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etməsinin mənası isə budur ki, bu sözləri deməklə qul Allaha aparan yolun yalnız Muhəmmədin öyrətdiklərindən keçdiyini təsdiqləyir. Allahı bizə həqiqi mənada öyrədən yalnız Onun sonuncu peyğəmbəri Muhəmməddir. Belə bir təsdiqin tələb etdiyi nəticə budur ki, müsəlman peyğəmbərin – aleyhissələm – söylədiyi hər bir sözü, bizə çatdırdığı hər bir xəbəri, bizə əmr etdiyi hər bir əmr, qadağan etdiyi hər bir qadağanı batində və zahirdə təsdiqləyir, əqli dərk etməsə belə onların insanların xeyri üçün olduğuna iman edir.

İkinci: Gördüyümüz kimi Allahın elçisi – salləllahu aleyhi va səlləm – bizə ikinci olaraq “namazı iqamə etməyi” öyrədir. Namazı sadəcə əda etməyi deyil, onu iqamə etməyi öyrətmişdir və bu, bütün vacibləri ilə, ərkanları ilə, ədəbləri ilə namazı vaxtı-vaxtında qılmaqdır. Həddi büluğa çatmış hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq vacibdir. Aybaşı dövründə və ya uşağını dünyaya gətirdikdən sonra nifas dövründə qadınlara namaz qılmaq olmaz.

Namaz dinin dirəyidir. Namazları beş vaxt qılmaqdan əlavə kişilərin onları məscidlərdə camaat ilə birlikdə qılması da önəmlidir. Bundan əlavə kişilərə hər həftənin cümə günü cümə xütbəsi verilən məscidlərdən birində xütbədə iştirak etməsi və insanlarla birlikdə namaz qılması da vacibdir.

Namazın önəmi inanılmaz dərəcədə böyükdür. Müsəlman öz namazında özünə sakitlik, əmin-amanlıq, qəlbi rahatlıq tapır. Ona görə də Allahın elçisi – salləllahu aleyhi va səlləm – namazı “gözünün bəbəyi” adlandırmışdır. Namaz insana günahlardan uzaq durmağı öyrədir, insan tam qəlbi ilə Allahın hüzurunda duraraq Ona səcdə etdikdə, alnını yerə qoyduqda Rəbbinin hüzurunda acizliyini hiss edir, Ondan asılı olduğunu anlayır. İnsan hər dəfə çiynində yüklənmiş günahları, stresləri, narahatlıqları, dərdləri səcdəyə getdikdə yerə dağıdır və onlardan qurtulur, mənəvi rahatlıq tapır. Camaat namazları xüsusilə kişilər üçün çox önəmlidir, çünki bu yolla sosial bağlar güclənir, insanlar bir-biriləri ilə görüşürlər və hər həftə xütbədə Allahın kəlamını eşidirlər, cənazələrdə iştirak edərək Axirəti xatırlayırlar. Ona görə namaz və camaat namazlarının cəmiyyətdəki rolu inanılmaz dərəcədə böyükdür.

Üçüncü: Bizə namazdan sonra zəkatı ödəməyi əmr etmişdir. Bu ibadət növünün mahiyyəti insanın sahib olduğu maldan müəyyən bir miqdarını kasıblara verməsidir. Zəkat ibadəti önəmində namaz ibadətindən sonra gəlir və Allah Təalə müqəddəs kitabında səksən iki yerdə namazdan sonra zəkat ibadətini zikr etmişdir və bu, zəkatın əhəmiyyətini bizə göstərir.

Zəkat insanın sahib olduğu qoyun, keçi, inək, dəvə kimi otlayan heyvanlardan, qızıl və gümüşdən, qızılı müasir dövrümüzdə təmsil edən kağız pullardan, torpaqda bitən bitkilərdən və ticarət mallarından çıxarılır və bunun hər birinin şəriətdə qaydaları və ölçüləri vardır. Əgər müsəlmanın 84,7 qram qızılın dəyərində və daha çox pulu varsa həmin miqdarın üzərindən bir il keçdikdən sonra o məbləğin 2.5 %-ni kasıblara, ehtiyacı olan insanlara ödəməlidir. Bir il keçdikdən sonra gecikdirmədən dərhal çıxarmalıdır.

Zəkatın cəmiyyətə xeyrini isə anlamaq o qədər də çətin olmamalıdır. İslamın qurduğu bu sistem zənginlərin sahib olduqları mallarına görə Allaha şükür etməkləri üçün fürsət tanıyır. Eyni anda da onlardan çıxarılan zəkat malları kasıbların ehtiyacına yetişir. İstənilən cəmiyyətdə zənginlərdən qaydalara uyğun olaraq zəkat alınıb kasıblara çatdırılsa kasıblıq problemi xeyli xəfifləşər. Həmçinin bu, kasıb ailələrin vaxtlarının bir hissəsini daha çox ictimaiyyətə sərf etməklərinə imkan verir.

Dördüncü: İslamın daha bir dirəyi oruc ibadətidir. Namaz bədənimizlə etdiyimiz bir ibadət, zəkat malımızla, sərvətimizlə bağlı bir ibadət olduğu halda oruc bizim yeməyimiz və qidamız ilə bağlı bir ibadətdir. Oruc ibadətinin mahiyyəti budur ki, müsəlman sübh namazının vaxtı girəndən günəş batana qədər yeməkdən və içkidən uzaq durur, həmçinin qadınlarla cinsəl əlaqəni tərk edir. Orucluqda insan həm də xüsusilə dilini qorumalı və söyüş söyməklə, qeybət etməklə orucun savabını öldürməməlidir. Müsəlman oruc tutmaqla həm cinsəl şəhvətlərdən, həm də dad şəhvətindən uzaq durur.

Bunu hər il ramazan ayında etmək hər bir həddi-büluğa çatmış müsəlmana vacibdir. Aybaşı olan qadınlara və nifas qanı görən qadınlara oruc tutmaq haramdır, lakin orucdan tuta bilmədikləri günlərin sayında digər günlərdə qəza orucları tutmalıdırlar. Ramazan ayında iyirmi doqquz və ya otuz gün oruc tutduqdan sonra bayran günü olur. Bayram günündə qılınan bayram namazından əvvəl hər bir imkanı olan müsəlman özü üçün və ailəsi varsa onlardan hər biri üçün fitr zəkatını çıxarmalıdır. Hər bir kəsə cəmiyyətdə ən çox istifadə edilən və ehtiyat kimi saxlanıla bilən məhsullardan iki kilo yarım fitr zəkatı çıxarmaq vacibdir. Çünki oruc tutan insan Ramazan ayında söyüş söymüş, pis sözlər söyləmiş ola bilər və fitr zəkatını verməklə sanki bu günahlarından təmizlənmiş olur. Fitr zəkatının hikmətlərindən biri də budur ki, bayram günü kasıblar, miskinlər özlərinə və ailələrinə qida tapmış olurlar. Bir hədisdə peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Onları bu günlərində təvaf etməkdən xilas edin!” Kasıblar və miskinlər ehtiyac içində olduqları üçün insanlar arasında dolaşıb kömək diləyərlər, yəni onların arasında təvaf edərlər, fırlanarlar. Buna görə də Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bizlərə onları bu ehtiyaclarından xilas etməyi buyurmuşdur.

Oruc ibadəti bizə həm Allaha, həm də Onun qullarına yönəlik bəzi faydaları öyrədir. İlk öncə Allahın nemətlərinin dəyərini anlamış oluruq. Bütün günü ac və susuz qalan insan qaranlıq çökdükdə qarşısındakı yeməklərin önəmini daha da yaxşı anlamış olur və bununla da Rəbbinə qarşı daha çox şükür edən bir qula çevriləcəyi ümid olunur. Həmçinin bütün günü ac və susuz qalan insan yeməyə bir şey tapa bilməyən, içməyə təmiz su tapa bilməyən milyonlarla səfillərin hislərini öz vücudunda qismən də olsa dada bilir və bununla da onun kasıblara qarşı daha şəfqətli, daha rəhimli biri olacağı ümid olunur.

Beşinci: İslamın axırıncı sütunu isə məşhur həcc ibadətidir. Hər bir həddi-büluğa çatmış müsəlmana ömründə bir dəfə Məkkədəki Haram məscidini ziyarət etməsi vacibdir. Bu ibadət növü insandan dözüm və sədaqət tələb edən bir ibadət növüdür. Bura Allaha bir heyvanı qurban kəsmək kimi xüsusi bir ibadət şəkli də daxildir. Bura həmçinin Kəbəni tavaf etmək, Səfa və Mərva dağları arasında qaçmaq, Arafat dağında dua etmək, Müzdəlifədə gecələmək kimi xüsusi əməllər daxildir.

Müsəlman bu zaman peyğəmbərinizin doğulduğu yerləri, böyüdüyü ərazini görür, onun gəzdiyi yerlərdə gəzir. Dünyada ilk ibadət evi sayılan Kəbəni görür, onu tavaf edir. Uhud dağını ziyarət edir və orada şəhid düşmüş ilk islam döyüşçülərinin xatirəsini yad edir. Həmçinin Mədinə şəhərini də ziyarət etmək imkanını əldə edir, peyğəmbərin – salləllahu aleyhi va səlləm – qəbrini, yanında yatan iki ən yaxın silahdaşı Əbu Bəkr və Ömərin qəbirlərini ziyarət edir, onları Allahın salamı ilə salamlayır.

Həcdə müsəlman kişilərin hamısı ağ parçalara bürünmüş şəkildə ayinləri yerinə yetirirlər, bir yerdə oturur, bir yerdə yeyirlər və bir yerdə yatırlar. Onların kasıbı ilə zəngini arasında heç bir fərq qalmır, hamısı Allahın hüzuruna eyni şərtlərdə çıxırlar. Müsəlmana həcc kimi qısa zamanda ən güclü təsir edən və izini buraxan başqa bir ibadət yoxdur.

İslamın beş sütunu bu saydıqlarımızdır. Müsəlmanın onları bilməsi, anlaması və onlara əməl etməsi vacibdir. Bunlardan birində ehmal davranmaq günahdır.



___________________________________
Hədisi əl-Buxari və Muslim kitablarında rəvayət ediblər.

 

 

 

 

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.