İman və imanın şərtləri

İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

 

Əbu Firas (radiyallahu anhu) rəvayət edir ki, bir dəfə Allahın Elçisi -səllalahu aleyhi va səlləm-  dedi: “Nə haqqda istəsəniz məndən soruşun”. Bu zaman səhabələrin “Ya Rasulullah, iman nədir?” sualına Peyğəmbərimiz-səllalahu aleyhi va səlləm-  : “İxlas” cavabını vermişdir.(əl-Beyhəqi “Şuabul-İman” 6442, şeyx Albani səhih olduğunu bildirib)

Başqa bir səhih hədisdə islamın əsaslarından olan imanı Allah Rasulu -səllalahu aleyhi va səlləm-  belə mötəşəm ifadə etmişdir: Əbu Amr (radiyallahu anhu) peyğəmbərdən -səllalahu aleyhi va səlləm- rəvayət etdiyi hədisdə deyilir.

-Ey Allahın Elçisi, mənə İslam barədə elə bir şey öyrət ki, bu barədə səndən başqasından soruşmayım.

O da -səllalahu aleyhi va səlləm-  dedi: Allaha iman gətirdim – de, sonra da dürüst ol. (Müslim, 38)

İman qəlbldə olub qeyri-səmimiyyət, riyakarlıq, ikiüzlülükdən uzaq möhtəşəm hissdir. Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər -səllalahu aleyhi va səlləm-  demişdir: “Üç xislət vardır ki, bunlar kimdə olsa, o kimsə bu xislətlərin sayəsində imanın şirinliyini dadmış olar: Allah və Onun Elçisini başqalarından daha çox sevmək, sevdiyi kimsəni yalnız Allah üçün sevmək, Allah onu küfrdən qurtardıqdan sonra yenidən küfrə qayıtmağı oda atılmağı xoşlamadığı kimi xoşlamamaq”. (Muslim,156)

Allah müsəlmanları iman şirinliyini duymaqdan məhrum eləməsin. Amin!

Müqəddəs kitabımızın və Rasulullahın -səllalahu aleyhi va səlləm-  təsvirindən göründüyü kimi imansız islam yoxdur. Həddi bulluğa çatan hər bir müsəlmanın üzərinə düşən haqqdır ki, o, daima imanını artırsın və qüvvətli biir imana sahib olmaq üçün çalışsın. Bunun üçünsə imanın şərtlərini öyrənmək vacibdir.Bu şərtlər aşağıdakılardır:

  1. Allaha iman
  2. Mələklərə iman
  3. Kitablara iman
  4. Peyğəmbərlərə iman
  5. Axirətə iman
  6. Qəza və qədərə iman

Bütün bu şərtlərə qəlblə inanıb,dillə ifadə edib və əməllə təstiq etmək İslamda olmaq, müsəlman olmaq anlamına gəlir.

Allaha İman  dedikdə Allahın Tək ilahlığına (uluhiyyətinə ), mütləq güc, qüvvət, mülk  sahibi olmasına (rübubiyyətinə), Quran və Rasulullahın -səllalahu aleyhi va səlləm-  sünnəsindən bizə məlum olan, Rəbbimizin ad və sifətlərinə ifadə edildiyi kimi inanmaqdır.

“Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur...” (əl-Bəqara 255), ”O hər şeyi xəlq edən, yoxdan var edən, hər şeyə sürət verən Allahdır” (əl-Həşr 24 ),”Qeybin açarları Ondadır…” (əl-Ənam 59), “Yer üzərində elə  bir canlı yoxdur ki, ruzisi Allahdan olmasın…” (Hud 6) ,“O istədiyini edəndir” (Hud 107).

Allah Rasulu -səllalahu aleyhi va səlləm-  Uca Rəbbimiz haqqında buyurur: Onun nurunu hicab örtür, əgər onu bir balaca açsa çöhrəsinin parıltısı insan gözünün görə bildiyi ən uzaq şeyi belə yandırar.

Biz müsəlmanlar Allaha Onun Özünün və Rasulunun -səllalahu aleyhi va səlləm- təsvir etdiyi kimi qeyri-şərtsiz inanırıq.

Nüeym ibn Həmmad (rahiməhullah) demişdir: “Kim Allahı Allahın yaratdıqlarına bənzətsə kafirlik etmiş olur. Kim Allahın Özünü vəsf etdiklərinə hörmətsiz yanaşsa o da kafirlik etmiş olur. Kim Uca Allahın aydın ayələrdə və səhih hədislərdə Allahın böyüklüyünə layiq şəkildə göstərilmiş sifətlərini təstiq etsə və Uca Allahda nöqsanların ola biləcəyini inkar etsə o, doğru yol olan hidayət yolunun yolçusudur”. (İbn Kəsir, Yunus surəsinin 3-cü ayəsinin təfsirində gətirilmiş sitat )

Mələklərə İman, imanın şərtlərindən biridir. Müqəddəs kitabımızda Allah -əzzə və cəllə-  bir çox yerlərdə onlara imanın vacibliyindən, bunun dinin əsaslarından olması barədə qullarına xəbər verir.

Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir. (əl-Bəqara 98). Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”  (əl-Bəqara 285)

Mələklərə iman dedikdə eyni zamanda onların Allah -əzzə və cəllə tərəfindən müəyyən vəzifələrə təyin olunduqlarına və bu vəzifələrə əyri-əskiksiz əməl etmələrinə inanmaq da daxildir. Müqəddəs kitabımızda bu məzmunda ayələr çoxdur.

O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər! (Ənam 61).

(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!” (Ənfal 12).

(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” – deyib canlarını alanda görəydin! (Ənfal 50). De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar! (Yunus 21)

Uca Yaradanımızın hikmətlərindəndir ki, O, mələk qullarını biz insanlara göstərmir. Onlar bizi müşahidə edə bildiyi halda biz onları görmürük . Kamil imanın əlamətlərindəndir ki, görmədiyimiz halda Quran və Sünnədəki vəsfinə əsasən mələklərə iman edək. Allah -əzzə və cəllə-  bəzi seçilmiş qullarına mələkləri göstərmişdir. Buna Peyğəmbərimizlə -səllalahu aleyhi va səlləm- Cəbrail (əleyhissəlam) arasında səhabələrin əhatəsində gedən dialoqu, həmçinin Cəbrailin (əleyhissəlam) 600 qanadlı varlıq şəklində Peyğəmbərimizə  -səllalahu aleyhi va səlləm-  görsədilməsi, həmçinin yenə Cəbrail mələyin Məryəmə (əleyhissəlam) insan qiyafəsində görünməsi misal ola bilər.

Kitablara iman  Müqəddəs kitabımızdan insanlığa nazil olan ilk nida: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!” olmuşdur. Yaradanımız insanlara rəhmət olaraq göndərdiyi peyğəmbərlərin bəzilərinə ümmətlərini haqqla tanış etsinlər, Allahın tohvidinə dəvət etsinlər deyə qissələr, kitablar nazil etmişdir. Baxmayaraq ki, Rəbbimizin qulları arasından seçdiyi peyğəmbərlərin əksəriyyəti oxuma, yazma bilməmişlər. Bununla belə onlara kitabların müfəssəl şəkildə nazil olması Allahın  -əzzə və cəllə-  qüdrət, istədiyininə istədiyini bəxş etmə sifətlərinin təzahürüdür.

Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! (Nisa 136).

Peyğəmbərlərindən Davuda ( əleyhissəlam ) Zəburu, Musaya ( əleyhissəlam ) Tövratı, İsaya ( əleyhissəlam ) İncili, Muhammədə ( əleyhissəlam ) Quranı haqq olaraq nazil edən Rəbbimizə həmd olsun.

Biz Davuda da Zəburu verdik (Nisa 163). (Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə siz doğru yola yönələsiniz (əl-Bəqara 53).(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək (Ali İmran 48). De: “Cəbrailə düşmən olan kəs (bilsin ki,) Allahın izni ilə (Quranı) özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) kimi sənin qəlbinə o nazil etmişdir” (əl-Bəqara 97).

Qurana qədər nazil olan hər bir səmavi kitab özündən sonra endirilən kitabla hökmünü tamamlamışdır. Yalnız Quran qiyamətə qədər sonuncu, haqq və təhriflərdən Rəbbimiz tərəfindən qorunaraq çatan tək kitabdır.

Şübhəsiz ki, Zikri ( Quranı ) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (əl-Hicr 9)

Peyğəmbərlərə iman, Allahın qullarına qarşı olan ən böyük lütflərindən biri cəmiyyətlərin, insanlığın ən kəskin cahilliyə məruz qaldığı zamanlarda qulları arasından ən kamil əxlaqa, düşüncəyə, dürüstlüyə və s. müsbət keyfiyyətlərə malik olanını seçməklə peyğəmbərləri, rasulları göndərməsidir. Peyğəmbərlərin ilkindən sonuncusuna kimi hamısı,  bir qayda olaraq insanları tohvidə, Allahın ibadətə layiq olan tək ilah olmasına dəvət etmişlər. Çünki ən çirkin hadisələr məhz töhvidin şirklə, küfrlə əvəz olunduğu cəmiyyətlərdə və zamanlarda müşahidə olunmuşdur. Peyğəmbərlərin ilki Nuh (əleyhissəlam), sonuncusu isə Muhəmməddir (sallallahu aleyhi va səlləm). Müsəlman olan hər bir şəxs Allahın göndərdiyi bütün peyğəmbərləri qəbul edir, onların hamısını sevir və hamısının gətirdiyi haqqı təstiqləyir.

Biz peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki,daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. (Nisa 165)

Axirətə iman, imanın 6 mühüm şərtindən biridir. Hər bir müsəlman məhz axirət günü Rəbbi qarşısında dünya imtahanın sonucunu əldə edəcəyinə inanır və bilir ki, öz əməllərinə müvafiq olaraq, həmçinin Rəbbinin rəhmətinə ümid edərək yeri ya Cənnət bağlarından bir bağ, ya da Cəhənnəm çuxurundan bir çuxurdur.

Demək axirətə iman dedikdə Allahın insanları əməllərinə görə mühakimə edəcəyinə, Sirat körpüsünün, Cənnət və Cəhənnəmin varlığına inanmaq da başa düşülür.

Hər bir insanın əməllərini öz boynundan asar və qiyamət günü açıb kitab kimi qarşısına qoyarıq.(Ona deyərik:) Oxu kitabını. Bu gün sən öz-özünə haqq-hesab çəkməyə kifayətsən (əl-İsra 13).

İnsanın əməl dəftərinin sağ, sol vəya arxa tərəfdən verilməsi onun axirət müqətdəratını həll edəcək.

Din günü adlanan axirət günü “Tərəziləri ağır gələnlər nicat taparlar. Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir” (əl-Muminun 102-103).

Bütün bunlarla yanaşı insanların mühakiməsindən öncə qəbr sınağı yaşayacağına inanmaq axirətə iman şərtinə daxildir.

Axirət imtahanı dünya həyatı ilə müqayisə oluna bilməz. Allah Özü köməyimiz olsun. Amin!

Qəza və Qədərə İman sonuncu şərt olmaqla kamil imanı tamamlayır. Müsəlman olan bəndə bilir ki, Allah  -əzzə və cəllə-  onu hər bir xüsusiyyətinə görə digər yaratdıqlarından seçmiş, zahirən və daxilən hər bir yaratdığına xas xüsusiyyətlərlə yanaşı məhz ona məxsus, təkrarsız ömür yolu müəyyən etmişdir ki, bu da qəza və qədərimizdir. Bizi bu qədər özəlliklə, sevgi ilə yaradan Rəbbimizə həmd olsun.

Allah  -əzzə və cəllə öz mükəmməl, təkrarsız qüdrəti ilə hər birimizə xas qəza və qədəri əvvəlcədən müəyyən etmiş və qiyamət gününə qədər baş verənlərin hamısın Lövhi-məhvuzda yazmışdır.

Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır. ( Həcc 70)

Sizdən haqq yolunda olmaq istəyənlər üçün. Bilin ki, aləmlərin Rəbbi olan Allahın istəmədiyini siz də istəyə bilməzsiniz (ət-Təkvir 28-29).

Lakin Rəbbimiz qəza və qədərimizi əvvəldən müəyyənləşdirməklə iradə azadlığımızı əlimizdən almamışdır.

Allah heç kəsi gücü çatmayan işi görməyə vadar etməz (əl-Bəqara 286).

Əziz müsəlmanlar sonda bir şeyi də xatırladaq ki, iman artır və azalır. Günah işlər görməklə imanımızı zamanla itirə (Allah qorusun), savab, xeyirli işlərlə isə artıra bilərik. Allah bizlərə iman şirinliyini daddırdıqdan sonra qəlblərimizə şəkk-şübhə, azğınlıq-əyrilik salmasın. Amin!

Hazırladı: Abduzzahir Əhməd/favaid.com

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.