İslam alimləri

Qadi Əbu Ömər əl-Bəstami (?-407)

Muhəmməd bin əl-Hüseyn bin Muhəmməd bin əl-Heysəm bin əl-Qasim bin Məlik zamanının böyük şafi’i imamlarından və fəqihlərindən biridir. Əbu Ömər əl-Bəstami adı ilə tanınır. Neysəbur şəhərinin qazisidir. İbnus-Subki deyir: “Əshabımızdan olan imamlardan biri, alimlərimiz içində şanı uca olanlardan biridir.”

Əbu Həmid ibn Şərak əl-Həravi (?-355)

Alləmə, Hafiz Əbu Həmid Əhməd bin Muhəmməd bin Şərak əl-Həravi təfsir alimi və şafi’i fəqihidir. Herat şəhərinin müftisi və oranın şeyxidir.

Muhəmməd bin əl-Hüseyn əl-Əcurri (?-360)

Muhəmməd bin əl-Hüseyn bin Abdilləh əl-Əcurri əl-Bəğdədi məşhur alimdir. Kunyəsi Əbu Bəkr’dir. əl-Əcurri adı Bağdad şəhərinin Dərb əl-Əcurr məhəlləsinə nisbətdir. Tarix kitabları onun doğum tarixini zikr etmir. Lakin onun ölüm tarixi və neçə yaşında ölməsi qeyd olunur. Bütün tarixi qaynaqlar onun ölümünün hicri 360-cı ildə baş verdiyini qeyd edir. Lakin neçə yaşında ölməsinə gəldikdə isə bu barədə iki fərqli məlumat gəlib. əz-Zəhəbi onun ölərkən səksən yaşının olduğunu deyir. Buna əsasən onun 280-ci ildə doğulmuş olması lazımdır. Təqiyyud-Din əl-Fəsi əl-Məkki isə “əl-İqdus-Səmin” kitabında deyir: “İbn Raşid “ər-Rihlə” kitabında deyir: Şeyximin əl-Xatib əs-Saleh Əbu Abdilləh bin Saleh’in əl yazısından bu sözləri oxudum: Əbu Cafər Əhməd bin Muhəmməd bin Meymun ət-Tuleytili’nin əl yazısında bu sözlərin yazıldığı görülüb: Əbul-Fədl Muhəmməd bin Əhməd əl-Bəzzər’dən soruşuldu: “əl-Əcurri nə zaman öldü?” Dedi: “O – Allah ona rəhmət etsin! – Məkkədə üç yüz altmışıncı ildə, muharrəm ayının ilk günü, cümə günü vəfat etdi və orada dəfn olundu. Ömrünün doxsan altı yaşına çatmışdı.[1] Buna əsasən əl-Əcurri hicri 264-cü ildə doğulub.

 

Bağdad şəhərində böyümüş və orada yetişmişdir. Tarixi mənbələrə əsasən orada hicri 330-cu ilə qədər qalmışdır. Sonra isə Məkkə şəhərinə köçmüş və vəfat edənə qədər Məkkədə qalmışdır. Onun müasirlərindən olan hədis əhlinin elm tələbi üçün müxtəlif ölkələrə səfər etməsi o zamanın adəti olsa da əl-Əcurri’nin bu məqsədlə fərqli ölkələrə səfər etməsi haqqında heç bir məlumat gəlməyib. Lakin əl-Əcurri özü qeyd edir ki, şeyxi Əbu Cafər Əhməd bin Xalid əl-Bərdə’idən hicri 299-cu ildə Məkkədə hədis eşitmişdir. Bu isə onu göstərir ki, daha əvvəllər də Bağdad şəhərindən çıxmışdır. Lakin o dövrdə Bağdad şəhəri elə bir şəhər idi ki, bütün alimlər ora axışırdı və elm axtarışında olanlar da ora gəlirdirlər. İbn Kəsirin dediyi kimi “O zaman Bağdadın alimləri bütün dünya idi.”

 

 

Şeyxləri və tələbələri

əl-Əcurri’nin şeyxləri çoxdur. Onların arasında Hafiz Əbu Bəkr Cafər bin Muhəmməd əl-Firyəbi, Hafiz Əbu Bəkr Abdullah bin Əbi Davud əs-Sicistəni, Əbu Bəkr Abdullah bin Muhəmməd bin Abdil-Həmid əl-Vasiti, Qadi Əbu Cafər Əhməd bin İshaq bin əl-Bəhlul ət-Tənuxi, məşhur azərbaycanlı alim Əbu Cəfər Əhməd bin Xalid əl-Bərdəi, Əbu Abdilləh Əhməd bin Muhəmməd bin Şəhin əş-Şeybəni, Əbu Yaqub İshaq bin İbrahim əl-Ənməti, Əbu Abdilləh Cafər bin İdris əl-Qazvini, məşhur hənbəli alimi əl-Xiraqi’nin atası Əbu Əli əl-Hüseyn bin Abdilləh bin Əhməd əl-Xiraqi, Əbu Muhəmməd Abdullah bin əl-Abbas ət-Tayəlisi, Əbu Bəkr Abdullah bin Muhəmməd bin Ziyəd ən-Nisəburi və daha başqa alimlər, imamlar, hafizlər vardır.

əl-Əcurri’nin tələbələri də çoxdur. Bağdad və Məkkə kimi şəhərdə yaşamış bir alimin tələbələrinin çox olması təbiidir. Onun tələbələri arasında Əbu Nueym əl-Əsbəhəni, Əhməd bin Muhəmməd əl-Məkki əl-Bəzzər, Ubeydullah bin Muhəmməd bin Bəttah əl-Ukbəri, Əbu Abdilləh Muhəmməd bin Xalifə əl-Bələvi, Əbul-Hüseyn Muhəmməd bin əl-Hüseyn bin əl-Fədl əl-Qattan əl-Əzraq, Muhəmməd bin Əbi Əli Əhməd bin Abdir-Rahmən əl-Həmədəni əz-Zəkvani əl-Əsbəhəni kimi alimlər yer alır.

 

 

Kitabları

əl-Əcurri çoxlu əsər yazmış alimlər arasında sayılır. Onun yazdığı kitablardan bir çoxu zamanımızda çap olunmuşdur. Bu çap olunmuş kitablar arasında “Kitəbuş-Şəriah”, “Kitəbul-Ərbəin hədisən”, “Əxləqu Həmələtil-Quran”, “Əxləqul-Uləmə”, “Təhrimun-Nərd vaş-Şətranc val-Mələhi”, “Əxbəru Ömər bin Abdil-Aziz”, “Sifətul-Ğurabəi minəl-Muminin”, “ət-Təsdiqu bin-Nəzari iləllahi Təalə fil-Əxira” kimi kitabları zikr etmək olar. Onun bundan başqa “Əhkəmun-Nisə”, “Əxləqu Əhlil-Birri vat-Tuqa”, “Ədəbun-Nufus”, “əl-Əmru bi Luzumil-Cəməa va Tərkil-İbtidə”, “Təhrimul-Livati vaz-Zinə”, “ət-Təfərrudu val-Uzlə”, “Kitəbut-Tövbə”, “Kitəbut-Təhəccud”, “Fədlul-İlm” və daha bir çox kitabları vardır.

 

 

Şəxsiyyəti

əl-Əcurri böyük bir imam olmuşdur. Onu zikr edən alimlər onu mədh etmək, şanını ucaltmaq, elminə və imamlığına şahidlik etmək üzərində ittifaq ediblər. Onu fəqih, mühəddis, siqa, hafiz, dindar, saleh, dürüst, sünnət və tabeçilik sahibi, əsərlərə tabe olan biri kimi adlarla vəsf ediblər. İbnul-Bənnə deyir: “Səmimi bir imam idi, Allahdan qorxan saleh biri idi.” İbnul-Əsir onu mühəddislərin hafizləri arasında zikr edir. İbnul-Qayyim onun “hədisdə və fiqhdə əsrinin imamı” olduğunu deyir.

 

 

Fiqhi məzhəbi

əl-Xatib əl-Bəğdədi, əz-Zəhəbi, İbn Kəsir kimi alimlər onun haqqında yazarkən fiqhdəki məzhəbi haqqında heç bir şey demir. Lakin İbnun-Nədim, Yəqut əl-Həməvi, İbn Xallikən, əs-Safədi, əs-Subki onun şafii alimi olduğunu deyiblər. Lakin onun şafii olması mübahisəli bir məsələyə çevrilmişdir, İbnul-Cəvzi, əl-Uleymi, İbnul-İməd kimi hənbəli alimləri onun hənbəli olduğunu deyiblər. əl-İsnəvi onun haqqında İbn Xallikən’in onun şafii olması yönündə söylədiyi sözləri zikr etdikdən sonra deyir: “Bəziləri onun şafii olmasında müxalif olublar və hənbəli olduğunu iddia edib.” Təqiyyud-Din əl-Fəsi isə kitabında İbn Xallikən’in sözlərini zikr etdikdən sonra deyir: “İbn Xallikən’in əl-Əcurri’nin şafii olduğunu zikr etməsi zəifdir, çünki o, hənbəlidir.” əl-Uleymi onun hənbəli olmasına dair dəlil olaraq zikr edir ki, İbn Muflih “əl-Furu” kitabında əl-Əcurri’nin “ən-Nəsihə” kitabından nəqllər edərək onun üstünlük verdiyi görüşləri zikr edir və İbn Muflih adətən o kitabında yalnız hənbəli alimlərinin görüşlərini zikr edir. Lakin bu, onun hənbəli olması üçün tutarlı bir dəlil deyildir.

 

 

Əqidəsi

Əqidədə hədis əhlinin etiqadı üzərində olmuşdur, sələfdən gələn əsərlərə şiddətlə tabe olmuşdur. Kəlam elmindən çox uzaq biri idi. Onun “əş-Şəriah” kitabı etiqadda izlədiyi məzhəbin hədis əhlinin məzhəbi, sünnət əhlinin məzhəbi olduğunu aşkar şəkildə göstərir. Ona görə də əz-Zəhəbi onu “sünnət və ittiba sahibi” olaraq vəsf etmişdir.

 

 

Vəfatı

İmam əl-Əcurri ilk əvvəldə deyildiyi kimi hicri 360-cı ildə Məkkədə vəfat etmişdir. Allah rəhmət etsin!

 


[1] “əl-İqdus-Səmin fi Tərixil-Bələdil-Əmin”, 2/3-4; Muəssəsətur-Risələ, ikinci nəşr: 1406/1986, Beyrut

 

Əbu Sa'd İbn Əbi Asrun əl-Məvsili (492-585)

Əbu Sa’d Şərəfud-Din Abdullah bin Muhəmməd bin Hibətilləh bin əl-Mutahhir bin Əli bin Əbi Asrun bin Əbi Səriy ət-Təmimi əl-Məvsili böyük imam, alləmə, seçkin qari və böyük şafi’i fəqihidir. Qazilər qazisi olmuşdur. Hicri 492-ci ildə anadan olub, doğum tarixini əz-Zəhəbi və İbn Kəsir bu şəkildə zikr edir. Lakin İbnus-Subki onun 493-cü ildə doğulduğunu deyir.

Əbul-Muzaffər Mənsur əs-Səm'ani (426-489)

Əbul-Muzaffər Mənsur bin Muhəmməd bin Abdil-Cəbbər bin Əhməd bin Muhəmməd bin Cafər bin Əhməd bin Abdil-Cəbbər bin əl-Fədl bin ər-Rabi’ əs-Səm’ani ət-Təmimi əl-Mərvazi – rahiməhullah – bir imamdır, təfsir və hədis alimidir. əs-Səm’ani nisbəti ərəblərdə məşhur Təmim qəbiləsinin qollarından biri olan əs-Səm’an adına nisbətdir. İbn Xallikən qeyd edir ki, əs-Sim’ani şəklində də demək olar. əl-Mərvazi olması isə ailəsinin Mərv şəhərində yerləşməsi və özünün də orada doğulması ilə əlaqədardır. Şeyx Əbul-Muzaffər hicri 426-cı ildə zül-hiccə ayında anadan olub. Ailəsi elm və zühd ailəsi olmuşdur. Ailəsindən elm əhli olaraq məşhurlaşmış ilk şəxs elə doğma atası Əbu Mənsur Muhəmməd bin Abdil-Cəbbər olmuşdur, kitab yazmış bir alim, hənəfi fəqihi olub, hicri 450-ci ildə vəfat etmişdir.

Əbul-Muzaffər mumeyyiz uşaq yaşına çatdıqda atası onun tədrisi ilə məşğul olmağa başlamışdır. Onun ilk şeyxinin atası olduğunu demək olar. Atasında hənəfi məzhəbini fiqh və üsul olaraq öyrənmişdir. Sonra yaşadığı yerin şeyxlərindən dərs almağa başlayır. Bu şeyxlərin içərisində ən böyüyü hədis alimi Xorasanın müsnidi, əsrinin mühəddisi Əbu Ğanim əl-Kura’i (vəfatı hicri 444) olur. Mərv şəhərində həmçinin Əbu Bəkr Muhəmməd bin Abdus-Saməd ət-Turabi’dən elm alır. Elmdə yüksəlir, dərinləşir və hətta hənəfilərin fəqihlərindən sayılır. Lakin öz ölkəsinin şeyxləri ilə kifayətlənmir, elm tələb etmək üçün digər şəhərlərə də səfər edir.  Səfər etdiyi şəhərlər arasında Neysəbur, Curcən, Həmədan, Qəzvin və digər şəhər vardır.

Hicri 461-ci ildə həcc etmək qərarına gəlir və yolda keçdiyi şəhərlərdə qarşılaşdığı bir çox şeyxdən faydalanır. Ona yoldaşlıq etmiş əl-Həsən bin Əhməd əl-Mərvazi deyir: “Şeyx Əbul-Muzaffər ilə həccə çıxdım, hər dəfə bir şəhərə daxil olduqda sufilərin yanında yerləşdi və şeyxlərdən hədis tələb etdi...” Hicri 461-ci ildə Bağdada daxil olur, oranın alimləri ilə görüşür, onlardan bəziləri ilə münazərə edir. Münazərə etdiyi alimlərdən biri də şafi’i fəqihi Şeyx Əbu Nəsr bin əs-Sabbəğ olmuşdur. Həmçinin digər şafi’i fəqihi Əbu İshaq əş-Şirazi ilə bir araya gəlir. Orada Şeyx Əhməd bin Muhəmməd ən-Nəqur, Əbul-Ğanəim əl-Həşimi adı ilə tanınan Şeyx Abdus-Saməd bin Əli əl-Abbəsi, Şeyx Əbu Cəfər bin əl-Məsləmə, İbnul-Ğariq adı ilə tanınan Əbul-Həsən bin əl-Muhtədi, Şeyx Əbu Nəsr əz-Zeynəbi və onların təbəqəsindən olan Bağdadın digər alimlərindən hədis dinləyir. Bağdaddan nəsibini aldıqdan sonra Hicaza doğru yola düşür. Getdiyi yol qurtardığı üçün, yoldaşları ilə birlikdə başqa yolla getməli olurlar. Bu zaman bədəvilərin hücumuna məruz qalırlar və Şeyx yoldaşları ilə birlikdə əsir götürülür. Şeyx özü bu hadisəni belə xatırlayır: “Bizi əsir aldılar və onların dəvələrini otarmağa başladım. Elə oldu ki, onların əmiri qızını evləndirmək istədi, ona görə də dedilər: “Kəbini kəsmək üçün şəhərə getməmiz lazımdır.” Bizdən bir nəfər dedi: “Sizin dəvələrinizi otaran bu şəxs Xorasan’ın fəqihidir.” Məndən bəzi şeyləri soruşdular və cavab verdim, onlarla ərəbcə danışdım, buna görə xəcalət çəkdilər və üzr istədilər. Onlar üçün kəbin kəsdim və xütbə verdim, çox sevindilər. Onlardan bir hədiyyə qəbul etməmi xahiş etdilər, lakin imtina etdim. Sonra ilin ortasında məni Məkkəyə apardılar.”

Məkkədə Əhməd bin Əsəd əl-Kəvci’nin yanında qaldı və məşhur alim Sad bin Əli əz-Zəncani’dən dərslər almağa başladı və onun əshabından biri oldu. Əbul-Muzaffər elmində və əməlində əz-Zəncani’dən çox təsirlənmişdir. Məhz onun təsiri ilə hənəfi məzhəbini tərk edib şafi’i məzhəbini qəbul etməkdə qərarı qətiləşir. Məkkədə qaldığı müddətdə oranın şeyxlərindən və alimlərindən elm alır. Məkkənin müftisi Həyyəc bin Ubeyd, Əbu Əli əş-Şəfi’i, Kərimə bint Əhməd əl-Mərvaziyyə və digərlərindən hədis dinləmişdir.

Həccini tamamladıqdan sonra, Məkkədə qaldıqdan sonra hicri 468-ci ildə Mərv şəhərinə qayıdır. Orada yerləşdikdə Əbu Hənifə’nin məzhəbini tərk etdiyini və əş-Şafi’i məzhəbinə keçdiyini elan edir. Otuz il uğrunda münazərə etdiyi görüşlərini tərk edir. Bunun səbəbi ilə iki məzhəb arasında fitnə baş verir. Buna görə də Mərv şəhərinin əmiri Əbul-Muzaffərin ölkədən çıxmasını əmr edir. Oradan çıxdıqda Tus şəhərinə, sonra isə Neysəbura gedir. Orada bir müddət qalır, dərslər verir. Abdul-Ğafir “Tarixu Neysəbur” kitabında deyir: “Vaiz olaraq bir dərya idi, hafiz idi, insanların onu qəbul etməsi aşkarda görünürdü və əş-Şafi’nin məzhəbindəki şanı möhkəmləndi.” Ondan sonra Mərv şəhərinə geri dönür, artıq öz doğma şəhərində şanı böyümüş, tələbələri artmışdı. Vəzir Nizamul-Mülk onun bu elmini dəyərləndirərək o şəhərdə onu digərlərindən önə keçirərək şafi’i mədrəsəsində tədrisi ona tapşırır. Ölənə qədər orada qalır.

 

 

Əqidəsi

Əbul-Muzaffər – rahiməhullah - əqidədə və üsulud-dində hədis əhlinin məzhəbi üzərində olmuşdur. Əqidədini, hədis əhlinə bağlılığını, kəlam elminə qarşı nifrətini bəyan edən kitablar yazmışdır. Ona görə də əz-Zəhəbi onu belə vəsf edir: “Hədis əhli və əhlus-sünnə val-cəmaatın tərəfini tutdu, müxaliflərin gözündə bir tikan idi və sünnət əhli üçün bir hüccət idi.” Əbul-Muzaffər Allahu Təalənin “onlar özlərinin yuxarısından Rəblərindən qorxurlar” sözlərinin təfsirində deyir: “Bəziləri deyiblər: mənası budur ki, “onlar özlərinin yuxarısından gələcək Rəblərinin əzabından qorxurlar.” İkinci görüş budur - ən səhih olan da budur - ki, bu, əl-uluvv (ucalıq) sifətidir ki, Allah onunla seçilmişdir və O, heç bir keyfiyyət aid etmədən Özünü vəsf etdiyi kimidir.[1] Əbul-Muzaffər deyir: “Lakin Allah haqqın və səhih əqidənin hədis və əsər əhlindən başqasında olmasına imkan verməmişdir, çünki onlar dinlərini və əqidələrini sələfdən sonra gələrək onlardan götürüblər, bir nəsil digər nəsildən alaraq ta ki, tabiilərə gəlib çatırlar və tabiilər bunu Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrindən götürüblər...”. Onun bu sözlərindən anlamaq olaraq ki, kəlam elminə əsaslanan digər bütün məzhəblər haqq üzərində deyillər.

 

 

Məzhəbi

Daha əvvəl də zikr etdiyimiz kimi Əbul-Muzaffər və qardaşı Əbul-Qasim Əli bin Muhəmməd ilə birlikdə hənəfi məzhəbini öyrəniblər, çünki ataları hənəfi olmuşdur. Hənəfi məzhəbində isə yüksək mərtəbəyə nail olmuşdu, çünki onun Bağdadda İbnus-Sabbəğ ilə münazərə etməsi onun hənəfi fiqhində böyük bir fəqih olmasına dəlalət edir, çünki bəziləri onun bu münazərədə gözəl sözlər söylədiyini qeyd ediblər. İbnus-Sabbəğ isə Bağdadda şafi’i fəqihləri içində Əbu İshaq əş-Şirazi’dən heç də geri qalmırdı, onun qədər elmli idi, hətta bəziləri onu əş-Şirazi’dən də üstün sayıblar. Lakin həcc etmək üçün yola çıxdıqda qarşılaşdığı alimlərlə söhbətlərindən təsirsiz çıxmırdı. Yol yoldaşının da nəql etdiyi kimi daxil olduğu hər şəhərdə hədis tələb edərdi və belə dua edərdi: “Allahım, mənə haqqı göstər!” Hədis tələb etməsi və qarşılaşdığı hədis alimlərinin çoxunun şafi’i məzhəbindən olması onun bu istəyini daha da gücləndirirdi, çünki hənəfilər rəy əhli olaraq tanınırdılar. Lakin qərarının yekunlaşması Sad əz-Zəncəni’nin təsiri ilə oldu və hicri 462-ci ildə şafi’i məzhəbini qəbul etdi. Nəvəsi tarixçi alim Əbu Sad əs-Səm’ani deyir: “Hicazda hicri dörd yüz altmış ikinci ildə əş-Şafi’nin – rahiməhullah – məzhəbinə keçdi və bunu gizlətdi və Mərv şəhərinə çatana qədər bunu aşkarda bildirmədi...” Görünür ki, hənəfi məzhəbini tərk etməsinin ən böyük səbəbi Mərv şəhərindəki hənəfilərin etiqadda qədəri olmaqları idi, çünki Əbu Sad deyir: “Babamız İmam Əbul-Muzaffər Əbu Hənifənin məzhəbindən əş-Şafinin – rahiməhullah – məzhəbinə keçəndə qardaşı Əbul-Qasim onu tərk etdi və bu əməlini xoşlamadığını aşkarda bildirdi və dedi: “Atanın məzhəbinə müxalif oldun və onun məzhəbini tərk etdin.” (Əbul-Muzaffər) qardaşına bir yazı yazdı və dedi: “Üsulda atamın – rahiməhullah - üzərində olduğu məzhəbi tərk etmədim, lakin qədəriyyə məzhəbini tərk etdim, çünki Mərv əhli etiqadlarının əsaslarında Qədəriyyənin görüşünü qəbul ediblər.” Bu barədə iyirmi cüzdən böyük bir kitab yazdı, orada qədəriləri rədd etdi və onu qardaşına hədiyyə etdi. Qardaşı ondan razı qaldı və qəlbi xoş oldu...” Əbul-Muzaffər’in şafi’i olması ilə əs-Səm’ani ailəsindən daha sonra gələnlər də şafi’i oldular.

 

 

Kitabları

Bu böyük alim özündən sonra bir çox kitab qoyub getmişdir. Təfsir, fiqh, hədis, üsulul-fiqh, əqidə və digər dini elmlərdə kitablar yazmışdır. Yazdığı bu kitabların hamısını şafi’i məzhəbinə keçdikdən sonra yazmışdır, buradan anlamaq olar ki, onun hənəfi fiqhində yazdığı bir kitabı yoxdur. Əqidə mövzusunda “ər-Raddu aləl-Qadəriyyə”, “Minhəcu Əhlis-Sunnə”, “əl-İntisar li Əshəbil-Hədis” adlı kitabları vardır. Çox təəssüf ki, bu üç kitabın üçü də itirilmişdir, yalnız “əl-İntisar” kitabından zamanımıza kitabın bir hissəsi gəlib çatmışdır. Onun təfsir kitabı da vardır və çap olunub. Üsulul-Fiqh elmində “Qavati’ul-Ədillə” kitabının müəllifidir və kitab çap olunub. Fiqhdə isə “əl-Burhən”, “əl-Əvsət” və “əl-İstiləm” kitablarını yazmışdır və ilk ikisindən fərqli olaraq “əl-İstiləm” kitabı bizim günümüzə qədər gəlib çatıb. “ər-Risələ əl-Qavvamiyyə”, “ət-Tabəqat”, “əl-Əməli fil-Hədis” adlı digər kitabları da vardır. Həmçinin hədisləri topladığı kitabları da vardır və belə kitablardan birində yüz şeyxdən min hədis toplamış və hər şeyxdən on hədis zikr etmişdir, nəvəsi Əbu Sad bu kitabın adını “əl-Əhədis əl-Əlf əl-Hisən” olaraq qeyd edir.

 

 

Şəxsiyyəti və elmi

Əbul-Muzaffər elmdə zirvələr fəth etmiş bir alimdir. Onun hər iki məzhəbdə, həm fiqhində, həm də üsulunda bariz bir alim olması onun elminə ən açıq şəkildə dəlalət edir. İməmul-Harameyn əl-Cuveyni deyir: “Əgər fiqh sarılmaq üçün istifadə olunan bir paltar olsaydı Əbul-Muzaffər bin əs-Səm’ani onun tikişləri olardı.” Əli bin əl-Qasim əs-Saffər deyir: “Əbul-Muzaffər ilə münazərə etdikdə sanki tabiindən bir nəfər ilə münazərə edirəm.” Abdul-Ğafir bin İsmayıl əl-Fərisi deyir: “Əbul-Muzaffər əs-Səm’ani fəzilətdə, təriqətdə, zühddə, təqvada əsrinin nadir alimidir, elm və zühd evindən çıxmışdır.” İbnus-Subki onu müsəlmanların imamlarından biri kimi zikr edir, onun “zikrinin Yür üzünü bürüdüyünü” deyir. İbnul-Qayyim deyir: “İmamlığında icma edilmiş əsrinin imamı...”

 

 

Vəfatı

Elm və elm əhli ilə sarılmış bir həyat yaşadıqdan sonra İmam Əbul-Muzaffər əs-Səm’ani hicri 489-cu ilin rabiul-əvval ayında, cümə günü 63 yaşında dünyasını tərk etdi.

 


[1] “Təfsirus-Səm’ani”, 3/177; Darul-Vatan, birinci nəşr: 1418/1997, Riyad

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.