İslam alimləri

Əhməd ibn Hənbəl əş-Şeybəni

Rabbani İmam Əhməd ibn Hənbəl

(çox qısa bir tərcümeyi-hal)

 

Əhli-Sünnətin imamı, Şeyxul-İslam, Əbu Abdilləh, Əhməd bin Muhamməd bin Hənbəl bin Hiləl bin Əsəd bin İdris bin Abdilləh bin Həyyan bin Abdilləh bin Ənəs bin Auf bin Qasit bin Mazin bin Şeyban bin Zuhl bin Səaləbə bin Ukəbə bin Sab bin Ali bin Bəkr bin Vail əz-Zuhli əş-Şeybəni əl-Mərvazi, sonra əl-Bəğdədi.

Oğlu Saleh deyir: Atam dedi: “Yüz altmış dördüncü ilin rabiul-əvval ayında doğulmuşam.” Bunun eynisi Yaqub əd-Dəuraqi’dən rəvayət olunub. Oğlu Abdullah və Əhməd bin Əbi Xeysəmə isə dedi: “Rabiul-Axir ayında doğulub.”

İmam Əhmədın atası Mərv qoşununda xidmət edən bir əsgər idi və gənc yaşında, təqribən otuz yaşlarında vəfat etmişdi. İmam Əhməd yetim olaraq böyümüş və onun tərbiyəsi ilə anası məşğul olmuşdur. Deyilənə görə anası ona hamilə olduğu halda Mərvdən köçmüşdür.

İmam Əhməd çox kiçik yaşlarından elm tələbinə başlayıb. Hənbəl deyir: “Əbu Abdilləhi belə deyərkən eşitdim: “(Yüz) yetmiş doqquzuncu ildə hədis yazmağa öyrənməyə başladım və Huşeym’in məclisində olduğum zaman Həmməd bin Zeyd’in ölüm xəbərini eşitdim.” İmam Malikin və Həmməd bin Zeydin öldüyü ildə, on beş yaşında dini elm öyrənməyə başlayıb.

İbrahim bin Sad, Huşeym bin Bəşir, Abbəd bin Abbəd əl-Muhəlləbi, Mutəmir bin Süleyman ət-Teymi, Sufyan bin Uyeynə, Əyyub bin ən-Nəccar, Yəhya bin Əbi Zəidə, Əli bin Haşim əl-Bərid, Qurran bin Təməm, Ammər bin Muhamməd əs-Səuri, əl-Qadi Əbu Yusuf, Cabir bin Nuh əl-Himməni, Əli bin Ğurab əl-Qadi, Ömər bin Ubeyd ət-Tanəfisi, onun iki qardaşıYalə və Muhamməd,  əl-Muttalib bin Ziyad, Yusuf bin əl-Məcişun, Cərir bin Abdil-Həmid, Xalid bin əl-Haris, Bişr bin əl-Mufəddal, Abbəd bin əl-Avvam, Əbu Bəkr bin Ayyəş, Muhamməd bin Abdir-Rahmən ət-Tufəvi, Abdul-Aziz bin Abdis-Saməd əl-Ammi, Abdə bin Suleyman, Yəhya bin Abdil-Məlik bin Əbi Ğaniyyə, ən-Nədr bin İsmayil əl-Bəcəli, Əbu Xalid əl-Əhmər, Əli bin Sabit əl-Cəzəri, Əbu Ubeydə əl-Həddəd, Abidə bin Humeyd əl-Həzzə, Muhamməd bin Sələmə əl-Hərrani, Əbu Muaviyə əd-Darir, Abdullah bin İdris, Mərvan bin Muaviyə, Ğundər, İbn Uleyyə, Məxləd bin Yezid əl-Hərrani, Hafs bin Ğiyəs, Abdul-Vahhab əs-Səqafi, Muhamməd bin Fudeyl, Abdur-Rahmən bin Muhamməd əl-Muharibi, əl-Valid bin Muslim, Yəhya bin Suleym, Muhamməd bin Yezid əl-Vasiti, Muhamməd bin əl-Həsən əl-Muzəni əl-Vasiti, Yezid bin Harun, Əli bin Asim, Şueyb bin Hərb, Vaki, Yəhya əl-Qattan, Miskin bin Bukeyr, Ənəs bin İyad əl-Leysi, İshaq əl-Əzraq, Muaz bin Muaz, Muaz bin Hişəm, Abdul-Alə əs-Səmi, Muhamməd bin Əbi Adiy, Abdur-Rahmən bin Mehdi, Abdullah bin Numeyr, Muhamməd bin Bişr, Zeyd bin əl-Hubəb, Abdullah bin Bəkr, Muhamməd bin İdris əş-Şafi, Əbu Asim, Abdur-Razzəq, Əbu Nueym, Affən, Huseyn bin Əli əl-Cufi, Əbun-Nədr, Yəhya bin Adəm, Əbu Abdir-Rahmən əl-Muqri, Həccəc bin Muhamməd, Əbu Amir əl-Aqadi, Abdus-Saməd bin Abdil-Varis, Rauh bin Ubədə, Əsvad bin Amir, Vahb bin Cərir, Yunus bin Muhamməd, Suleyman bin Hərb, Yaqub bin İbrahim bin Sad, Quteybə bin Said, Əli bin əl-Mədini, Əbu Bəkr bin Əbi Şeybə, Harun bin Maruf və zamanının daha bir çox böyük zatından hədis eşitmişdir. əl-Müsnəd kitabında hədis rəvayət etdiyi şeyxlərinin sayı ikiyüz səksəndən çoxdur.

İmam Əhməddən əl-Buxari, Muslim, Əbu Davud kimi böyük hədis alimləri hədis rəvayət ediblər. Həmçinin ən-Nəsai, ət-Tirmizi və İbn Macə bir nəfər vasitəsilə ondan hədis rəvayət ediblər. Ondan iki oğlu Saleh və Abdullah, əmisi oğlu Hənbəl bin İshaq, öz şeyxlərindən Abdur-Razzaq, əl-Həsən bin Musa əl-Əşyəb, Əbu Abdilləh Muhamməd bin İdris əş-Şafi kimi alimlər hədis eşidiblər. Lakin əş-Şafi rəvayətində onun adını çəkməz, sadəcə “mənə etibarlı olan rəvayət etdi” deyərdi. Ondan həmçinin Əli bin əl-Mədini, Yəhyə bin Məin, Duheym, Əhməd bin Saleh, Muhamməd bin Yəhya əz-Zuhli, Əhməd bin İbrahim əd-Dəuraqi, əl-Həsən bin əs-Sabbəh əl-Bəzzər, Əbu Qiləbə ər-Raqqaşi, Əbu Zura, Əbu Hatim, Əbu Bəkr əl-Əsram, Ziyad bin Əyyub, Abbas əd-Dəuri, Hərb bin İsmail əl-Kərmani, İbrahim əl-Hərbi, Əbu Bəkr əl-Mərruzi, Əhməd bin Əbi Xeysəmə, Musa bin Harun, İbrahim bin Həni ən-Neysəburi, Əhməd bin Mənsur ər-Ramədi və daha bir çox imam hədis eşidiblər.

Muhamməd bin Abbas ən-Nəhvi deyir: “Əhməd ibn Hənbəli gözəl üzlü, orta boylu biri olaraq gördüm, çox qırmızı olmayan hənadan istifadə edərdi, saqqalında qara tüklər var idi və üstündəki paltarının qalın və ağ olduğunu gördüm. Onu əmmamə geyinmiş halda, üstündə izarla gördüm.”

Elm əhlinin İmam Əhməd haqqında dedikləri təriflər, ona verdikləri təzkiyələr sayılmayacaq qədər çoxdur. Misal olaraq bəzilərini zikr edirik. İshaq bin Rahaveyh deyir: “Əhməd Allah ilə qulları arasında bir hüccətdir.” Əli bin əl-Mədini deyir: “Mənə görə Əhməd bin Hənbəl öz zamanında Said bin Cubeyrdən daha fəzilətlidir, çünki Saidin zamanında onun bənzərləri var idi.” Əbu Ubeyd deyir: “And olsun ki, mən Əhmədin adını çəkərək dinimi yaşayıram, sünnəti ondan yaxşı bilən birini görmədim.” İbn Main dedi: “Əhmədə bərabər birini görmədim.” Nasr bin Əli əl-Cəhdami deyib: “Əhməd öz zamanının ən fəzilətlisidir.” İbn Əbi Hatim deyir: “Atamdan Əli bin əl-Mədini ilə Əhməd ibn Hənbəl’i, bu ikisindən hansının hafizəsinin daha üstün olduğunu soruşdum. Dedi: “Hafizədə bir-birinə yaxın idilər, lakin Əhməd daha fəqih idi. Əhmədi sevən birini görsən bil ki, həmin adam sünnət əhlidir.” Əbu Zura dedi: “Əhməd ibn Hənbəl İshaqdan daha böyük və daha fəqihdir, Əhməddən kamil birini görmədim.” Muhamməd bin Yəhya əz-Zuhli dedi: “Allah ilə öz aramda Əhmədi (özümə) imam etdim.” Əbu Davud deyir: “Əhmədin məclisləri Axirət məclisləri idi, orada dünya işlərindən heç bir şey zikr olunmazdı. Onu heç zaman dünyanı zikr edərkən eşitmədim.” ən-Nəsai deyir: “Əhməd ibn Hənbəl hədis elmini, fiqh, Allah qorxusu, zühd və səbri bir arada toplayıb.” İbnul-Mədini deyir: “Əshabımız arasında Əhməddən hafiz biri yoxdur.” Başqa bir yerdə deyib: “Əhməd Allahın qulları üzərində hüccətidir.” İmam əz-Zəhəbi deyir: “Əhmədin şanı böyük idi, hədisdə, fiqhdə və ibadətdə insanların öndəri idi. Onun düşmənlərindən bir çoxu onu tərifləmişdir, o zaman gör onun qardaşları və müasirləri onu necə tanıyıblar?! Allah yolunda heybətə, hörmətə sahib biri idi, hətta Əbu Ubeyd deyir: “Heç bir məsələdə Əhməd ibn Hənbəl’ə hörmət etdiyim kimi heç kəsə hörmət etməzdim.”

İmam Əhməd əhli-sünnətin üzü idi. Zamanında xəlifə əl-Məmun hakimiyyətə keçən kimi əhli-sünnət sınağa çəkildi. əl-Məmun əhli-sünnətin boynunda bir qılınca çevrildi. Ətrafını bidət əhlinin sarıdığı bu xəlifə öz əlaltılarına və valilərinə insanları Quran ilə sınağa çəkməyi əmr etdi. Quranın məxluq olduğunu deməkdən imtina edən hər kəsi qılıncın altına gətirirdilər. Zamanında çoxlu qanlar töküldü. Elm əhlindən çox kəs öz canından qorxduğu üçün xəlifənin istədiyini söylədi və üzdə batil etiqadı təsdiqlədiklərini göstərdi. Lakin İmam Əhməd bu rüxsətdən istifadə etmədi, haqqı açıq-aşkar səsləndirməkdən boyun qaçırmadı. Bidət əhlinə qarşı cihad etdi, onlarla münaqəşə etdi və onları susdurdu. Dəfələrlə qılınc altına gətirildi, təkrar-təkrar qamçılandı, bəzən xoş dillə, bəzən də hədə-qorxu ilə onu yola gətirməyə çalışdılar, lakin etiqadını car çəkməkdən çəkinmədi. Buna görə də Əli əl-Mədini deyib: “Həqiqətən Allah bu dini iki nəfər ilə izzətləndirdi: riddət vaxtı Əbu Bəkr ilə, mihnə vaxtı isə Əhməd ibn Hənbəl ilə.”

İmam İbnul-Cəvzi – rahiməhullah – deyir: “İmam kitab yazmağı doğru görməzdi, sözünün və suallara verdiyi cavablarının yazılmasını qadağan edərdi. Əgər bunu doğru saysaydı o zaman çoxlu kitabı olardı. “əl-Müsnəd” əsərini yazdı və orada otuz min hədis var. Oğlu Abdullaha deyərdi: “Bu, “əl-Müsnəd” kitabını yaxşı öyrən, çünki bu insanlar üçün bir rəhbər olacaq.” Onun “ət-Təfsir” – orada yüz iyirmi min (rəvayət) var - , “ən-Nəsix val-Mənsux”, “ət-Tərix”, “Hədisu Şubə”, “əl-Muqaddəm val-Muəxxar fil-Quran”, “Cəvabətul-Quran”, “əl-Mənəsik” və “əl-Kəbira vas-Sağira” kitabları vardır.”

Onun həm də “əl-İman”, “əl-Əşribə”, “əl-Fəraid” və “əz-Zuhd” adlı kitabları var. əl-Hafiz əz-Zəhəbi isə imamın “ət-Təfsir” adlı kitabı olmasını inkar edir.

İmam – radiyallahu anhu – iki yüz qırx birinci ilin rabiul-əvval ayının on ikisi, cümə günü vəfat edib.

 

Muhamməd bin Əli əş-Şəvkani

O, Muhamməd bin Əli bin Muhamməd bin Abdullah bin əl-Həsən bin Muhamməd ibn Saləh bin İbrahim bin Muhamməd əl-Afif ibn Muhamməd bin Razəq[1] əş-Şəvkani’dir.

“əş-Şəvkani” adı “Şəvkan”a aid olduğunu göstərir və o, əs-Səhamiyə’yə aid bir kənddir. əs-Səhamiyə isə Xavlən qəbilələrindən biridir, onunla Sanə’a şəhəri arasında bir gündən az bir məsafə vardır.

İmam əş-Şəvkani “əl-Bədr ət-Tali” kitabında (1/481) atasının tərcümeyi-halında deyir: “Tərcümeyi-halın sahibinin “Şəvkan”a aid edilməsi həqiqi deyildir, çünki onun vətəni və əcdadlarının, qohumlarının vətəni “Şəvkan”ın qərbində yerləşən bir yerdir, bu ikisinin arasında böyük və uzun bir dağ vardır, ona “Hucratu Şəvkan” deyirlər. Bu yerə görə onun ailəsi “Şəvkan”a nisbət edilmişdir.”

İmam əş-Şəvkani – rahiməhullah təalə - hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi, bazar ertəsi günü Hucrətu Şəvkan bölgəsində dünyaya gəlmişdir.

əş-Şəvkani özü öz tərcümeyi-halında atasının əlyazmasından nəql edərək deyir: “Atasının öz xətti ilə yazdığı yazısında görüldüyü kimi hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi bazar ertəsi günü gündüz vaxtı doğulmuşdur. Doğulduğu yerin adı daha əvvəl atasının tərcümeyi-halında qeyd olunduğu kimi Hucrətu Şəvkandır.”

Buradan onun doğum tarixi haqqında söylənilmiş digər tarixlərin xəta olduğunu anlayırıq. Buna misal: əz-Zirikli “əl-Əaləm” əsərinin (6/298) hamişində, “Əbcəd əl-Ulum”əd-Durari əl-Mudyiətu” kitabının girişində[2] onun doğum tarixinin 1177-ci il olmasını nəql etmişdir. kitabından (səh: 877) nəql edərək, “

əz-Zirikli özü bunu tənqid edərək deyir: “Deyirəm: Müəllif özü atasının xəttindən nəql edərək “əl-Bədr ət-Tali” kitabında öz doğum tarixinin hicri 1173-cü il olduğunu qeyd etdikdən sonra bu barədə ixtilaf etməyə heç bir yer qalmamışdır”

əz-Zirikli onun tərcümeyi-halının əvvəlində hicri 1173-cü ildə, miladi 1760-cı ildə doğulduğunu zikr etmişdir, doğru olan da budur. Buradan da anlayırıq ki, “əl-Muncid fil-Ədəb val-Ulum” kitabında qeyd olunan tarix xətadır, beləki həmin kitabda onun miladi 1758-ci ildə[3] doğulduğu deyilir.

Eynilə Əhməd Əmin “Zuəmə əl-İslah fil-Asr əl-Hədis” kitabında (səh: 23) və “Feydul-Xatir”də (səh: 206) xəta edərək onun hicri 1172-ci ildə doğulduğunu söyləmişdir.

İmam əş-Şəvkani zeydi imamlarının zamanında seçkin və yüksək bir məqama çatmış bir alim və qazı ailəsindəndir, çünki bu ailə türklərə qarşı müharibələrində imamlara həmişə dəstək olmuşdur.

Müəllif öz qəbiləsi haqqında deyir: “İmamların sələfləri yanında onların yüksək məqamı vardır, onların arasından böyük rəhbərlər çıxmışdır və imamlara dəstək olublar. Xüsusilə türklərlə müharibədə onlara həmişə kömək ediblər və bunda xüsusi məqam sahibi olublar. Həmin zamanda onların arasında alimlər, fəzilət sahibləri var idi, onları Xavləniyyə[4] torpağında qazilər olaraq tanıyırdılar. Qəbilələr arasında dağılaraq onları cihada çağırırdılar və onları türklərə qarşı müharibəyə təşviq edirdilər.”[5]

Müəllif xəbər verir ki, onun babası yüz iyirmi yaşında olarkən digərləri ilə birlikdə türklərə qarşı vuruşmuşdur.[6]

Risalənin sahibi “əl-Bədr ət-Tali” kitabında (1/478 və sonrakı səhifələr) atasının tərcümeyi-halını yazmışdır. Orada xəbər verir ki, atası təqribən hicri 1130-cu ildə Hucrətu-Şəvkan’da doğulmuş, orada böyümüşdür. Quranı hifz etmişdir, daha sonra isə elm tələb etmək üçün Sanə’a şəhərinə səfər etmişdir. Orada bir qrup alim yanında elm tədris etmiş, fiqh və miras elmində biliklərini təkmilləşdirmişdir. “əl-Əzhar” kitabını və İbn Miftəh’in bu kitaba yazdığı şərhini, kitabın “Haşiyələr”ini, “Bəyan İbn Muzaffər”, “əl-Bəhr əz-Zəxxar” və digər kitabları təhqiq etmişdir. Hədis, təfsir, nəhv və usul kitablarını öyrənmişdir. Ailəsindən, vətənindən ayrılıqda, onlardan qürbətdə uzun müddət elm təhsil etməyə davam etmişdir.

Həyatının elm tələbi dövrünün sonlarında Sanə’a şəhərində dərs və fətva verməyə başlayır. əl-İmam əl-Mehdi əl-Abbas bin əl-Hüseyn onu Xavləniyyə tərəfində (Xavlən Sanə’a) qazi təyin etdi, lakin bunu geri çevirdi. Sonra onu Sanə’a şəhərində qazi təyin etdi və o, ailəsi ilə birlikdə orada yerləşdilər. Hətta qazi vəzifəsinə təyin olunduğu zaman belə elm tələbini tərk etmədi, nə də tələbələrə verdiyi dərsləri dayandırmadı. Əksinə Salah əd-Din və əl-Əbzər məscidlərində fiqhdən, əl-Cami əl-Kəbir məscidində isə ramazan aylarında miras elmi haqqında dərs deyərdi.

O, - rahiməhullah – xoş xasiyyətli, kibar, azla kifayətlənən, riyadan uzaq, insanların gözlərindən gizli, öz nəfsi ilə məşğul olan, zamanın zərbələri və taleyin hadisələrindən çox əziyyət çəkməsinə baxmayaraq səbr edən, dini görəvini davamlı qoruyan, vaxtını Allaha itaətdə keçirən, günlük ehtiyacından artıq qalanını kasıblara paylayan, sözlərində və geyimində özünü göstərməyən, insanlar qarşısında hansı paltarla görünəcəyinə, onları hansı şəkildə qarşılacağına fikir verməyən, sağlam fikirli, kin, hiqd, qəzəb və həsəddən təmiz, kimliyindən asılı olmayaraq heç kəsi pis sözlərlə anmayan, ailəsinə qarşı xeyirxah, onların ehtiyaclarını qarşılayan, bu yolda özünü yoran, bəzi qazilərin ona etdiklərinə qarşı səbr edən və mükafatını Allahdan uman biri idi.

Sanə’a şəhərində hicri 1211-ci ildə zul-qadə ayının on dördü işə namazından sonra aydın bir gecədə vəfat etdi. Ölümündən əvvəl təxminən iki il ərzində qaziliklə əlaqədar bütün işləri tərk etdi və vaxtını yalnız Allaha itaət etməyə, cümələrə və camaata sərf etdi, Axirət əməllərindən başqa heç bir şeyə iltifat göstərmədi, Allahu Təalə ona rəhmət etsin!

İmam əş-Şəvkani’nin – rahiməhullah təalə - atası belə bir şəxsiyyət olmuşdur və heç bir şəkk ola bilməz ki, atasının onun üzərində böyük bir təsiri olub və bu, onun elm tələbinə və erkən yaşlarında istedadının üzə çıxmasına kömək etmişdir.

İmam əş-Şəvkani – rahiməhullah - bu barədə deyir: “Mənə qarşı yaxşılığı, şəfqəti, elm tələbində köməyi və ehtiyacımı ödəməkdəki əməyi o qədər yüksək dərəcəyə çatmışdı ki, elm tələbindən başqa heç bir şeylə məşğul olmağa ehtiyac qalmamışdı. Allah ona qarşılığını xeyirlə versin və onu Cənnətlə mükafatlandırsın!”[7]

Yenə bu barədə deyir: “Kiçik yaşlarında onun – rahiməhullah – yanında digər tələbələrlə birlikdə “Şərh əl-Əzhar” və “Şərh ən-Naziri” kitablarını oxudum və o, həyatının son günlərində mənimlə “Səhih əl-Buxari”ni oxudu.”[8]

Bütün bunlara əsasən öyrənirik ki, əş-Şəvkani – rahiməhullah təalə - aşkar bir dini ortamda böyümüşdür, ilk elmini atasından almışdır.

Bizim bu imam – aleyhir-rahməh – Quranı hifz etmiş və onu kamilləşdirmişdir, sonra zeydi fiqhində “əl-Əzhar” kitabını, əl-Usayfiri’nin “Muxtəsar əl-Fəraid”, əl-Hariri’nin “əl-Mulhə” və İbnul-Hacib’in “əl-Kəfiyyə əş-Şəfiyyə” kitablarını və digər mətnləri hifz etmişdir.

Yalnız atasından dərs almaqla kifayətlənməmişdir, lakin o, - rahiməhullah – tarix və ədəbiyyat kitablarını mutaliə etməkdə çox vaxt sərf edərdi və bunun yanında Qurani Kərimi hifz etməyə də davam etmişdir.

Şeyxləri yanında çox sayda kitabdan elm almışdır və “əl-Bədr ət-Tali” kitabında (2/215-218) “(şeyxlərə) oxuduğu kitablar və (onlardan) eşitdikləri” adı altında bu kitabların adlarını, üstəlik əsrinin alimlərindən əldə etdiyi icazələri də nəql etmişdir.

Bu barədə geniş şəkildə yazdıqdan sonra – rahiməhullah – deyir: “Tərcümeyi-halın sahibinin[9] eşitdikləri və oxuduqlarından nəql edə bildiklərim bunlardır, onun bundan başqa da eşitdikləri və oxuduqları vardır. Lakin ondakı icazələr ilə rəvayət etməsi caiz olan kitablara gəldikdə isə, ondakı bir toplu isnadın göstərdiyi kimi bu kitablar sayla məhdud deyildir.”[10]

Rəvayətlərini əldə etdiyi kitabların adlarını isə - rahiməhullah təalə - ayrı bir kitabda toplamışdır və həmin kitabını “İthaful-Əkəbir bi İsnəd əd-Dəfətir” adlandırmışdır.

Bu kitabının müqəddiməsində deyir: “Bu qısa həcmli kitabımda, istər əhli-beyt imamlarının – radiyallahu anhum – kitabları, istərsə də digər islam tayfalarının – rahiməhumallah – kitabları olsun, bütün elm sahələrinə aid olan, müəllifə çatan tam bir isnadla mənə rəvayəti sabit olmuş kitabları topladım. Bu muttəsil[11] sənədlər elm ocaqları üçün elm qolbağısı kimi olmuşdur[12] və bu isnadları böyük alimlər digər böyük alimlərdən rəvayət etmişdir və onları dəftərlərdə deyil, yaddaşlarında hifz etmişlər.”

Elm aldığı şeyxlərdən bir qrup ona – rahiməhullah - elm tələbi və təhsilində kömək etmişdir.

O, - rahiməhullah – şeyxi əl-Həsən bin İsmayıl bin əl-Həsən bin Muhamməd əl-Məğribi’nin tərcümeyi-halında deyir: “O, - rahiməhullah – mənə artıq bir maraq göstərərdi və mənə kitabları ilə elm tələbində kömək edərdi. “əl-Muntəqa” kitabını şərh etməyi məsləhət görənlərdən də biri o idi və o, həyatda olarkən həmin kitabın şərhinə başladım, hətta onun sağlığında kitabın çoxunu şərh etmişdim və ölümündən sonra həmin şərhi tamamladım. Mənə görə elmdən çəkindirən maneələrlə qarşılaşmağımdan qorxması barədə məndən gizli başqalarının yanında çox söhbət edərdi. Onun etdiyi bu təxmin necə də doğrudur! Necə də uzaqgörən biri idi! Onun vəfatından sonra bir ildən az müddətdə qazilik vəzifəsi ilə imtihan olundum.”[13]

Həm də özünü yalnız və yalnız elmə həsr etməsi, atasının kasıb olmasına baxmayaraq işləməməsi, ambisiyası və hətta kiçik yaşında belə təhrik edici səbəbin güclü olması da ona elm tələbində çox kömək etmişdir.

Ondan əvvəl yaşamış nəhəng alimlərdən bir çox şəxsiyyət imamımız əş-Şəvkani’yə təsir etmişdir.

Bunlar arasında öz vətəni Yəmən’dən bir çox alim vardır və bunların ən məşhurları; əl-Alləmə Muhamməd bin İbrahim əl-Vəzir, əl-Alləmə Muhamməd bin İsmayıl əl-Əmir (öl. hicri 1182), əl-Alləmə əl-Həsən bin Mehdi əl-Muqbili (öl. hicri 1108) və əl-Hüseyn Əhməd əl-Cələl (öl. hicri 840) kimi alimlərdir.

Yenə bu alimlər arasında başqa ölkələrdən olan və eyni əsrdə yaşamamış alimlərdir. Onların başında Şeyxul-İslam İbn Teymiyyə (öl. hicri 728) və İbn Həzm əl-Əndəlusi (öl. hicri 456) kimi alimlər gəlir.

Şeyxlərinə gəldikdə isə, onların sayı çoxdur. Araşdırmacı biri üçün saylarını dəqiqləşdirmək çətindir. Onların arasında məşhur olanlar bunlardır:

- əl-Alləmə Əhməd bin Amir əl-Hədəi (öl. hic. 1197 – mil. 1783);

Onun yanında “əl-Əzhar” kitabını və onun şərhini iki dəfə və “əl-Fəraid” kitabını iki dəfə oxumuşdur.

- əl-Alləmə Əhməd bin Muhamməd bin Əhməd bin Mutahhar əl-Qabili (öl. hicri 1228);

əş-Şəvkani onun tərcümeyi-halında deyir: “əl-Furu elmində onun yanında on üç il tələbəlik etdim, ondan faydalandım, onun əli altında yetişdim, onun yanında “əl-Əzhar”, onun şərhi və haşiyələrini üç dəfə oxudum. İlk iki dəfə ehtiyacın tələb etdiyinə əsasən azla kifayətləndik, üçüncü dəfə isə araşdırma və təhqiq ilə birlikdə çox dəqiq və gözəl şəkildə tamamladıq, sonra əl-Usayfiri’nin “əl-Fəraid” kitabını, ən-Naziri’nin ona yazdığı şərhi və üzərinə yazılmış haşiyələri oxudum və yenə onun yanında “Bəyan İbn Muzaffər” və onun haşiyələrini oxudum. Bu qiraət, araşdırma, mükəmməllik, təhrir[14] və təqrir[15] qiraəti oldu.”[16]

- əl-Alləmə İsmayıl bin əl-Həsən əl-Mehdi bin Əhməd əl-İmam əl-Qasim bin Muhamməd (öl. hic. 1206 – mil. 1791);

Onunla əl-Həriri’nin “Mulhətul-İrab” kitabını və “Şərh Bəhraq” adı ilə tanınan şərhini, sarf, məani, bəyan və əmval elmində bir çox kitab oxumuşdur.

- əl-Alləmə əl-Həsən bin İsmayıl əl-Məğribi (öl. hic. 1208 – mil. 1793);

Onunla əl-Qutb’un “Risalətuş-Şəmsiyyə” kitabının bir hissəsini, əş-Şərif’in ona yazdığı haşiyəsini, “əl-Mutavval” və onun haşiyəsini oxumuşdur. Onun yanında “Şərhul-Ğayə”, Seylan’ın bu kitaba yazdığı haşiyəsini, “əl-Azd”, “Şərh aləl-Muxtəsar”, “Haşiyətus-Sad” və ehtiyac duyulan digər haşiyələr üzərindəki dərsini tamamlamışdır. Ondan babasına aid “Şərh Buluğ əl-Məram” kitabını dinləmişdir, bunun əvvəlindən bir hissəsini isə ötürmüşdür. Eləcədə “Səhih Muslim”in bəzi hissələrini, ən-Nəvəvi’nin şərhini, hədis elmində “Tənqihul-Ənzar” kitabının bəzi hissələrini dinləmişdir. Yenə ondan “Sunəni Əbi Davud”u, əl-Munziri’nin təxricini, əl-Xattabi’nin ona yazdığı “əl-Məalim” adlı şərhinin bir hissəsini və “Şərh İbn Raslan”ın bir hissəsini dinləmişdir.

- əl-Qadi Abdurrahmən bin Həsən əl-Əkva (öl. hic. 1207 – mil. 1792);

Onun yanında Əmir əl-Hüseyn’in hədis elmində yazdığı “əş-Şifə” kitabının əvvəllərini oxumuşdur.

- əs-Seyyid Abdurrahmən bin Qasim əl-Mədəni (öl. hic. 1211 – mil. 1796)

Onun yanında elm tələb etməyə başladığı dövrdə “Şərh əl-Əzhar” kitabını oxumuş və onu dəqiq elmi fiqhi bir müzakirə ilə müzakirə etmişdir.

- əl-Alləmə Abdullah bin İsmayıl ən-Nəhmi (öl. hic. 1228 – mil. 1813);

Onun yanında “Qavaidul-İrab”, əl-Əzhərinin ona yazdığı şərhi, haşiyələrinin hamısını, “Şərhus-Seyyidil-Mufti alə Kəfiyyəti İbnil-Hacib”, “Şərh əl-Xubeysi aləl-Kəfiyə”, “əl-Kəfil” və onun şərhini, “Şifəul-Əmir Hüseyn” kitabının hamısını, əl-Qadi Zəkəriyya’nın “Şərh İysəğuci” kitabının hamısını və əl-Əbhari’nin məntiq elmində yazdığı “əl-İysəğuci” kitabını oxumuşdur.

- əs-Seyyid Abdullah bin əl-Həsən bin Əli bin əl-Həsən bin Əli ibn əl-İmam əl-Mutəvəkkil-aləllah İsmayıl bin Qasim (öl. hic. 1210 – mil. 1795);

Ondan elm tələbinə başladığı dövrdə “Şərh əl-Cami” kitabını əvvəlindən axıra qədər öyrənmişdir.

- əs-Seyyid əl-İmam Abdulqadir bin Əhməd əl-Kəvkəbani (öl. hic. 1207 – mil. 1792);

Onun yanında “Cəmul-Cəvami” kitabını, əl-Məhəlli’nin ona yazdığı şərhini, İbn Əbi Şərif’in yazdığı haşiyəni, ən-Nəcri’nin “Şərhul-Qaləid” kitabını, “əl-Məvaqif əl-Azdiyyə” kitabının bir hissəsini, əş-Şərif’in ona yazdığı şərhini, “əl-Bəhr əz-Zəxxar” kitabının bir hissəsini, onun haşiyəsini, təxricini oxumuşdur və “Dau’un-Nəhar alə Şərhil-Əzhar” kitabını oxumuş, lakin tamamlamamışlar. Yenə ondan “Səhih Muslim”in hamısını, əl-Munəvi’nin ona yazdığı şərhin bir hissəsini, “Sunən ət-Tirmizi”nin hamısını, “Muvatta Malik”in bir hissəsini, əl-Qadi İyad’ın “əş-Şifa” kitabının bir hissəsini, “Sunən ən-Nəsai”nin bir hissəsini, “Sunən İbn Macə”nin bir hissəsini, İbn Teymiyyə’nin “əl-Muntəqa” kitabının bir hissəsini eşitmişdir. Yenə ondan “Səhih əl-Buxari”nin bir hissəsini, onun “Fəthul-Bari” şərhinin bir hissəsini, “Əlfiyyə əz-Zeyn əl-İraqi”nin bir hissəsini, onun şərhini, “əl-Mənzuma əl-Cəzzaz”ın hamısını, şərhinin hamısını, əl-Cəvhəri’nin “əs-Sihah” əsərinin bir hissəsini, “əl-Qamus”un bir hissəsi və “Fulkus-Sihah” adlandırdığı əsərini eşitmişdir. Yenə ondan “əl-Əhədis əl-Musəlsələ bi Yəumil-İd”, “əl-Musəlsələ bil-Musafəhə”, “əl-Musəlsələ bil-Muşəbəkə” və digər kitabları eşitmişdir.

- əs-Seyyid Əli bin İbrahim bin Əhməd bin Amir (öl. hic. 1208 – mil. 1793);

Onun yanında “Səhih əl-Buxari”ni əvvəlindən axıra qədər oxumuşdur.

- Atası Əli bin Muhamməd əş-Şəvkani (öl. hicri 1211);

Ondan oxuduğu və eşitdiyi kitabların adları daha əvvəl qeyd olundu.

- əl-Alləmə əl-Qasim bin Yəhya əl-Xavləni (öl. hic. 1209 – mil. 1794);

Onun yanında “əl-Kəfiyyə”, əs-Seyyid əl-Mufti’nin ona yazdığı şərhini, “Şərhul-Xubeysi aləl-Kəfiyyə”, onun haşiyələrini oxumuş, yenə “Şərh ər-Radi aləl-Kafiyyə” kitabını oxumuş və bundan yalnız kiçik bir hissəsi qalmışdır, “əş-Şəfiyyə” və Lutfullah əl-Ğayyəs’in ona yazdığı şərhini, “əs-Səd” və onun şərhini və “Şərh əl-Cami”ni əvvəlindən sonuna qədər oxumuşdur.

- əl-Alləmə Yusuf bin Muhamməd bin Alə əl-Məzcəci (öl. hic. 1213 – mil. 1798);

Ondan eşitmiş, rəvayət edilməsi özünə caiz olan hər bir şey üçün ona da şifahi icazə vermişdir və vətəninə çatdıqda isə ona yazılı icazə vermişdir. Ondan rəvayət etdikləri arasında əş-Şeyx əl-Hafiz İbrahim əl-Kurdi’nin isnadları da mövcuddur və bunları atasından, o da babasından eşitmə yolu ilə rəvayət etmişdir.

İmam əş-Şəvkani’nin atası, onun oğluna təsiri və onun yanında oxuduğu kitablar haqqında daha əvvəl təfsilatı ilə məlumat verdik.

Onun atası özündən sonra iki oğul övladı tərk etmişdir. Bunlar: bu kitabın sahibi imamımız və onun qardaşı Yəhya’dır.

Yəhya hicri 1190-cı ildə rəcəb ayının iyirmi səkkizi cümə gecəsi səhər çağı Sanə’a şəhərində doğulmuşdur və orada böyümüşdür. Sanə’a camisinin böyüklərindən bir qrup alim yanında nəhv, sarf, məntiq, fiqh elmlərində çox sayda kitab və üsul elmində yazılmış bəzi qısa kitabları oxumuşdur. Onun bu işdə tam marağı, istəyi və fəallığı var idi və bu işinə disiplin və dözümlə yanaşırdı. Onun bənzərlərinin çoxunun uzaq ola bilmədiyi xətalardan dilini qoruyardı. Mükəmməl qabiliyyətə, parlaq zehnə, həqiqətləri dərk etməyə çalışan fikrə, sakit təbiətə malik idi, azla qane olan, iffətli və gözəl vəsflərə sahib bir kimsə idi.

Öz qardaşı, yəni bu kitabın sahibinin yanında hədis elmində ana əsərləri, əz-Zəməxşərinin təfsirini, “əl-Mutavval” və hər ikisinin haşiyələrini və onun öz kitablarından “əs-Seyl əl-Cərrar”, “Neylul-Əvtar”, “Tuhfətuz-Zakirin” və “Fəthul-Qadir” kitablarını eşitmişdir.

Hicri 1267-ci ildə vəfat etmişdir və atası ölərkən onun altı yaşı var idi.

əş-Şəvkani özündən sonra iki oğul tərk etmişdir. Onlar; Əhməd bin Muhamməd, ikincisi isə Əli bin Muhamməd’dir.

Onların hər ikisi də - rahiməhumə Allah – Sanə’a’nın ən görkəmli alimlərindən olmuşlar. Əhməd əmisinin 1267-ci ildə vəfatından sonra "əl-qazi əl-əkbər" vəzifəsində çalışmışdır. Elmini atasından, qardaşı Əlidən, Sanə’a şəhərinin şeyxləri və alimlərindən almışdır, atasının kitablarını tam mənimsəmişdir. Elminin və fiqhinin genişliyi səbəbi ilə atası kimi ona da “şeyxul-islam” ləqəbi verilmişdir. Hicri 1281-ci ildə cuməda əl-axira ayının on üçü bazar günü ər-Rəvda’da vəfat etmişdir və ər-Rəvda’da Həmzə məqbərəsində qardaşı Əlinin yanında basdırılmışdır. Onun vəfatı ilə əş-Şəvkani ailəsinin sülaləsi kəsilmişdir, çünki o, və qardaşı Əli’dən sonra heç bir varis qalmamışdır. Bizim zamanımızda əş-Şəvkani ailəsinə aid heç kimsə yoxdur.

Müxtəlif kitabların, faydalı əsərlərin sahibi İmam əş-Şəvkani kimi bir nəfər haqqında elə öz kitabları danışmaqdadır. Qədim zamanlarda deyərdilər:

تِلْكَ آثارُنا تَدُلُّ عَلَيْنا فَاسْأَلُوا بَعْدَنا عَنِ الآثارِ

Əsərlərimiz budur, kimliyimizi göstərir.

Bizdən sonra əsərlərdən soruşun!

Onun şagirdi əl-Alləmə Hüseyn bin Muhsin əs-Səbi əl-Ənsari’nin vəsf etdiyi kimi, o, həqiqətən də “imamların imamıdır, ümmətin muftisi, elmləri özündə daşıyan bir dəniz, fəhmlərin günəşi, hafiz müctəhidlərin dayağı, mənaların, ləfzlərin cəngavəri, əsrinin tək nümunəsi, zamanın nadir şəxsiyyəti, şeyxul-islam, insanlar üçün nümunə, zamanının əlaməti, Quranın və hədislərin tərcümanı, zahidlərin bayrağı, qullar içində yeganə biri, bidət əhlinin qənimi, müctəhidlərin sonuncusu, müvahhidlərin rəhbəri, müttəbilərin davamı, bənzərsiz əsərlərin sahibi, əhli-sünnət val-cəmaatın qazilər qazisi, rəvayət və səmaət şetxi, isnadı ali, ictihad meydanında öndər, şəriətin həqiqətlərini və mənbələrini bilən, onun qaranlıq məqamlarını və məqsədlərini bilən biridir.”[17]

əl-Alləmə Həsən bin Əhməd əl-Bəhkəli “əl-Xusravani fi Əxbar Əayan əl-Məxləf əs-Suleymani” adlı kitabında onun haqqında deyir: “O, qazi, şeyxul-islam, əl-muhaqqiq əl-alləmə əl-imam, alimlərin sultanı, dünyanın imamı, bənzəri olmayan hafizlərin xətmi, kritiklərin höccəti, ali əl-isnad, ictihad meydanında öndər biridir.”[18]

Daha sonra deyir: “Xülasə; o, elmdə, təqvada və qəlbinin qüvvəsi, dilinin itiliyi ilə haqqa dəstək olmaqda özü kimi birini görməmişdir, nə də özünün bənzərini görmüş biri ilə qarşılaşmamışdır.”[19]

Tələbəsi Siddiq Həsən Xan onun haqqında deyir: “Bütün elmləri əldə etmişdir. Onunla razılaşmayanlar və razılaşanların hamısı onun təhqiqində ittifaq etmişlər. İctihadi elmlərdə barmaqla göstərilən biri olmuşdur, mübahisə edildikdə şəriətin qaranlıq məqamlarını anlamaq üçün ona müraciət edərdilər. Onun əksər elmlərdə mühim, faydalı və maraqlı kitabları vardır.”

Yenə demişdir: “Zamanın gözləri təhqiqdə onun kimi biri ilə sevinməmişdir, tədqiqdə isə dəhr onun kimi birinə izn verməmişdir. Hər bir araşdırmasında insaf yolu ilə, nə xələflərin, nə də sələflərin məzhəbini təqlid etmədən məsələlərin haqqını vermişdir. Hörmət sahibi şeyxləri və başqa alimlər onun görüşlərini nəql edərdilər, həyatda olarkən artıq üfüqlərə yüksəlmişdi. Alimlər onun yanında dəfələrlə mətnlər öyrənmiş və ondan faydalanmışlar.”

İmam əş-Şəvkani – rahiməhullah təalə - özündən sonra kitablardan ibarət böyük bir sərvət tərk etmişdir. Onların sayı iki yüzdən çoxdur və çoxu əlyazma şəklində çəkməcələr və rəflərin əsiri olaraq qalmaqdadır və bu günə qədər nəşr işığı onlara nəsib olmamışdır. Bu kitabların hamısını saymağa başlasam, sözümüz uzanar. Ona görə də çap olunmuş kitabları arasından ən mühim kitabları qeyd etməklə kifayətlənəcəm. Bu kitablar oxuyucuya imamın elmlərdəki mütəxəssisliyini və onun müxtəlif şəriət elmlərindəki təcrübəsini göstərməkdədir:

  • “Fəthul-Qadir əl-Cami beynə Fənnir-Rivayə vad-Dirayə fit-Təfsir”:

Bu kitab özündə imamın təfsir elmində bir dərya olduğuna dəlalət edən möhtəşəm inciləri toplamışdır.

  • “əl-Fəvaid əl-Məcmua fil-Əhədis əl-Məvdua”
  • “əd-Durar əl-Bəhiyyə”; fiqh barəsində bir mətndir.
  • və bu kitabın şərhi: “əd-Dərari əl-Mədiyyə fi Şərhid-Duraril-Bəhiyyə”
  • “əs-Seyl əl-Cərrar əl-Mutədəffiq alə Hədaiq əl-Əzhar”:

Bu kitab müqayisəli fiqh sahəsində yazılmış kitablar içərisində zamanımızda bənzəri çox az olan bir kitabdır.

  • “Neylul-Əvtar Şərh Muntəqa əl-Əxbar”:

Bu kitabın adı-sanı çox ucalmışdır və hər bir elm tələbəsinin ehtiyac duyduğu bir referans kitab olmuşdur.

  • “İrşad əl-Fuhul ilə Təhqiq əl-Haqq min İlmil-Usul”:

Bu kitab, usulul-fiqh sahəsində yazılmış nadir kitablardan biridir.

  • “əl-Bədr ət-Tali bi Məhəsin mən bədə əl-Qarn əs-Səbi”:

Bu kitab yeddinci əsrdən sonra yaşamış şəxsiyyətlər haqqında əsas qaynaq kitabdır.

Digər kitablarının sayı çoxdur və Allahdan onun bu kitablar xəzinəsini nəşr etməkdə, bu kitablardakı nadir inciləri və faydaları oxucu aləminə çatdırmaqda bizə və elm tələbələrinə kömək etməsini diləyirik.

İmam əş-Şəvkani – rahiməhullah – hicri 1250-ci ildə/miladi 1834-cü ildə cuməda əl-axira ayının sonuna üç gün qalmış çərşənbə günü gecə vaxtı vəfat etmişdir. O, 76 il yeddi ay ömür yaşamışdır. Cənazə namazı Sanə’a şəhərindəki əl-Cami əl-Kəbir’də qılındı və Sanə’a şəhərindəki məşhur Xəzimə məqbərəsində dəfn olundu.

Rahiməhullahu təalə rahmətən vasiətən va cəzəhu annə kullə xayrin!

 


[1] əş-Şəvkani “əl-Bədr ət-Tali” kitabında (1/233) atasının tərcümeyi-halında peyğəmbərimiz Adəmə - aleyhissələm – qədər çatan nəsəbini qeyd etmişdir.

[2] Deyirəm: “əd-Durari əl-Mudyiətu”də (səh: ز ) sabit olan budur ki, o, 1173-cü ildə doğulmuşdur. “Əbcəd əl-Ulum” kitabında “əd-Dirari” kitabından nəql olunaraq bunun 1177-ci il olaraq qeyd olunması xətadır.

[3] Kitabın ərəbcə orijinalında (səh: 30) “hicri 1758-ci il” qeyd olunur, lakin bunun nəşriyyat xətası olduğu aydındır.

[4] Xavlən, Yəmənin ən böyük qəbilələrindən biridir.

[5] “əl-Bədr ət-Tali”, 1/481

[6] Bax: “əl-Bədr ət-Tali”, 1/482

[7] “əl-Bədr ət-Tali”, 1/484

[8] “əl-Bədr ət-Tali”, 1/484

[9] “Tərcümeyi-halın sahibi” dedikdə bununla özünü qəsd edir, çünki digər şəxslər içində öz tərcümeyi-halını da kitabında qeyd etmişdir.

[10] “əl-Bədr ət-Tali”, 1/218

[11] “Muttəsil”, yəni tam olan, müəllifə qədər bütün ravilərin arasında heç bir əksiklik, ya da qopuqluq olmayan sənədə deyilir.

[12] Yəni; qolbağı biləyi tam şəkildə örtdüyü kimi bu isnadlar da bütün elm sahələrini əhatə etmişdir.

[13] “əl-Bədr ət-Tali”, 1/197

[14] “Təhrir”, yəni kitabdakı xətaları düzəltmək və xəttini yaxşılaşdırmaq anlamındadır.

[15] “Təqrir” isə görüşləri isbat etmək, aydınlaşdırmaq anlamındadır.

[16] “əl-Bədr ət-Tali”, 1/97

[17] “Neylul-Əvtar” kitabının müqəddiməsi (1/3)

[18] “ət-Tac əl-Mukəlləl”, səh: 450

[19] “ət-Tac əl-Mukəlləl”, səh: 450

 

Şeyxlərinə gəldikdə isə, onların sayı çoxdur. Araşdırmacı biri üçün saylarını dəqiqləşdirmək çətindir. Onların arasında məşhur olanlar bunlardır:/p

Muvaffəqud-Din İbn Qudamə

Şeyx, imam, şeyxul-islam Muvaffəqu’d-Din Əbu Muhamməd Abdullah bin Əhməd bin Muhamməd bin Qudaməti’bnu Miqdam bin Nasr əl-Maqdisi əl-Cəmmaili, sonra əd-Diməşqi əs-Salihi əl-Hənbəli, məşhur “əl-Muğni” kitabının sahibidir.

Muvaffəqu’d-Din ibn Qudamə hicri 541-ci ildə şaban ayında Fələstinin Nablus bölgəsinin kəndlərindən olan Cəmmail adlı bir kənddə doğulmuşdur. On yaşı olarkən hicri 551-ci ildə ailəsi və qohumları ilə Dəməşqə köçürlər. Elm ilə ilk olaraq orada tanış olmuşdur, Quranı və hənbəli fiqhində “Muxtəsar əl-Xiraqi” kitabını hifz etmişdir. Şeyxləri yanında kitablar öyrənmiş və dərin fiqhə yiyələnmişdir. Gözəl xətt sahibi idi və elm dəryalarından, zəka nümunələrindən biri idi.

Məşhur “Umdətul-Əhkam” kitabının sahibi əl-Hafiz Abdulğani bnu Abdulvahhab bin Əli əl-Maqdisi onun doğma dayısı oğludur və onunla birlikdə elm öyrəniblər. Dayısı oğlu daha çox hədisə, İbn Qudamə isə fiqh elminə maraq göstərmişdir. Qohumları bu iki gəncin marağını layiqincə dəyərləndirirlər və onlara bu elm yolunda çox dəstək olublar. Onların hər ikisi də hicri 561-ci ildə səfər edirlər və Bağdadda dörd ilə yaxın bir müddətdə qalırlar. İlk əvvəl hənbəli alimi, məşhur imam Abdulqadir bin Abdilləh əl-Ceylani’nin yanında dərs alırlar, əl-Ceylani onlara çox gözəl münasibət göstərir, lakin onların gəlişindən az sonra Şeyx əl-Ceylani vəfat etdir, bundan sonra hər ikisi də İbnu’l-Cəvzi’nin yanında yerləşirlər. Daha sonra hənbəlilərin şeyxi və muftisi Nasirud-Din Əbul-Fəth İbnul-Munə əl-Hənbəlinin yanında fiqh, xilaf və üsul elmini öyrənirlər. Hibbətullah bin əl-Həsən əd-Dəqqaq, Əbul-Fəth bin əl-Batti, Əbu Zura bin Tahir, Əhməd bin əl-Muqarrab, Əli bin Tacil-Qurra, Məamər bin əl-Fəxir, Əhməd bin Əhməd ər-Rahibi, Heydəra bin Ömər əl-Ələvi, Abdulvahid ibn əl-Hüseyn əl-Barizi, Xədicə ən-Nəhravaniyyə, Nəfisə əl-Bəzzazə, Şuhdə əl-Kətibə, əl-Mubarək bin Muhamməd əl-Badərai, Muhamməd bin Muhamməd ibnus-Səkən, Əbu Şucə Muhamməd bin əl-Hüseyn əl-Mədarai, Əbu Hənifə Muhamməd bin Ubeydullah əl-Xatibi və Yəhya bin Sabit kimi alimlərdən elm alıblar.

Əli Əbul-Həsən Əli bin Asəkir’in yanında Quranın “Nafi” qiraətini, müəllimi Əbul-Fəth İbn Mənni’nin yanında isə “Əbu Amr” qiraətini öyrənir.  Elm təhsilinin çoxunu müəllimi Əbul-Fəth İbn Mənni’nin yanında keçirmiş və ondan fiqhi dərindən öyrənmişdir, sonunda isə öz müasirlərini üstələyərək zamanında hənbəli məzhəbini öyrənmək üçün müraciət olunan ən üstün mənbə halına gəlmişdir.

Dəməşqə qayıtdıqdan sonra bir daha 567-ci ildə İmədud-Din Əbu İshaq İbrahim bin Abdulvahid bin Əli əl-Maqdisi ilə birlikdə Bağdada geri dönmüş və hər ikisi də orada bir il qalmışdır. 573-cü ildə həcc edir və Məkkənin alimlərinin yanında dərs dinləyir.

ən-Nasih bin əl-Hənbəli qeyd edir ki, İbn Qudamə 574-cü ildə həcc edir, sonra iraqlılar ilə birlikdə Bağdada gəlir. Orada bir il qalır və şeyxi, müəllimi Əbul-Fəth İbn Mənni’nin yanında biliklərini artırır, sonra Dəməşqə geri qayıdır və “əl-Muğni” kitabını yazmağa başlayır.

İbn Qudamə zamanında Şamın alimi idi. Dərin elmi və yəqinliyi ilə birlikdə təqvalı, zahid, heybət və hörmət sahibi idi. Davranışlarında yumşaqlıq var idi, vaxtını elm və əməl ilə keçirərdi. Rəqiblərini dəlillər ilə susdurardı və bu zaman heç bir rahatsızlıq yaşamaz və sıxılmazdı, rəqibi isə qışqırar və narahatçılıq keçirərdi.

əd-Diya əl-Maqdisi Muhamməd bin Abdilvahid deyir: “əl-Muvaffəq münazərə etdiyi hər bir kəsin üzünə gülümsəyərdi.” əz-Zəhəbi bu sözlərin üzərinə qeyd yazaraq deyir ki, müşahidə etdiklərimizin çoxu münazərə edərkən acıqlı davranırlar.”

əl-Muvaffəq cümə namazından sonra münazərə üçün uzun zaman oturar və fəqihlər onun yanına toplanardı. Günortaya qədər dərs verərdi, zöhrdən sonra isə məğribə qədər dərs verərdi, bununla belə rahatsız olmazdı. Onun yanında kitab oxuyarlar və o, tələbələrinə nəhv oxutdurardı. Onu görən hər bir kəsin qəlbində sevgi təəssüratı qoyardı, hətta Sibt İbnul-Cəvzi deyir: “Onu görən kəs sanki bir səhabə görmüş kimi idi.” Sahib olduğu bir kənizi ona öz əxlaqı ilə əziyyət versə də o, kənizə heç bir şey söyləməzdi.

İbnun-Nəccar deyir: “əl-Muvaffəq Dəməşq  məscidində hənbəlilərin imamı idi. Etibarlı, höccət və alicənab biri idi, çoxlu fəzilət sahibi, xeyirxah, təqvalı abid bir kimsə idi və sələfin qanunu üzərində olmuşdur. Üzərində nur və hörmət var idi. İnsan sözünü eşitmədən əvvəl belə onu görməklə faydalanardı.”

Əbul-Abbas İbn Teymiyyə deyir: “əl-Əvzai’dən sonra Şeyx əl-Muvaffəq’dən – rahiməhullah – daha fəqih heç kimsə Şama daxil olmamışdır.”

Tələbələrindən olan əd-Diya əl-Maqdisi öz şeyxinin tərcümeyi-halını yazmışdır. Onun haqqında bunları deyir: “Çox gözəl əxlaqa sahib idi, onu az qala heç kəs təbəssümsüz görməzdi. Hekayələr danışar və zarafat edərdi. əl-Bəha’nı belə deyərkən eşitdim: “Onun yanında kitab oxuyarkən bizimlə zarafatlaşardı və bizimlə sərbəst davranardı. Bir dəfə onun yanında dərs alan uşaqlardan şikayət etdilər. Belə cavab verdi: “Onlar uşaqdır, oynamaqları təbii bir şeydir. Siz də onlar kimi olmusunuz.” Dünya əhli ilə dünya uğrunda yarışa çıxmazdı, az qala heç bir zaman şikayət etməzdi, halbuki bəlkə də başqasından daha çox ehtiyac içində yaşayardı.”

Digər hənbəli alimi İbnul-Qayyim onu “qəbul edilməsində, təzim edilməsində və imamlığında islam tayfalarının ittifaq etdikləri Şeyxul-İslam Muvaffəqud-Din Əbu Muhamməd Abdullah bin Əhməd əl-Maqdisi”[1] deyərək bu gözəl sözlərlə vəsf etmişdir.

Şihəbu’d-Din Əbu Şamə əl-Maqdisi, əl-Hafiz Zəkiyu’d-Din Əbu Muhamməd əl-Munziri, əl-Hafiz Diyau’d-Din Əbu Abdilləh əs-Sadi əl-Maqdisi, Muhibbu’d-Din Əbu Abdilləh ibnu’n-Nəccar kimi böyük alimlər onun yetişdirdiyi tələbələr olublar.

Fiqh elmində “əl-Muğni”, “əl-Kafi”, əl-Uddə”, “əl-Umdə”, “əl-Muqni”, əqidədə “Lumatul-İtiqad”, “əl-Qadər”, “Zəmmut-Təvil”, “əl-Uluv”, usulul-fiqh elmində “Raudatun-Nazir”, Quran elmlərində “əl-Burhan fi Məsələtil-Quran” və digər bir çox kitabları ilə tanınmışdır.

İbn Qudamə öz əmisi qızı Məryəm bint Əbi Bəkr bin Abdilləh bin Sad əl-Maqdisi ilə evlənmişdir. Ondan əl-Məcd İsa, Muhamməd, Yəhya, Safiyyə və Fatimə adlı beş övladı olmuşdur. Muhamməd və Yəhya o hələ yaşayarkən vəfat edir. Oğullarından yalnız İsa qalır, o isə özündən sonra iki oğul qoyur və hər ikisi də vəfat edir, bununla da İbn Qudamə’nin nəsəbi kəsilir.

Hicri 573-cü ildə Səlahuddin’in səlibçilərə qarşı yürüşünə qoşulur və Qüdsün azad edilməsində qismən rolu olmuşdur.

Hicri 620-ci ildə ramazan bayramı şənbə günü vəfat etmişdir.[2]

 


[1] İbnul-Qayyim, “İctimaul-Cuyuş əl-İsləmiyyə”,səh: 191

[2] İbn Qudamənin tərcümeyi- halı üçün bax: “Siyər Əaləm ən-Nubələ”, 22/165-173; “Şəzərat əz-Zəhəb”, 5/88-92; “əl-Bidayə ban-Nihayə”, 13/99-101; “Zeylu Tabəqatil-Hənəbilə li İbn Racəb”, 2/133-149; “əl-Muğni” kitabına təhqiq sahibinin yazdığı müqəddimə, 1/6-37

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.