İslam alimləri

İsmail bin Yəhya əl-Muzəni

O, imamların imami, sünnətin şeyxi, ümmətin fəqihi, himmət sahibi, şafi'ilərin şeyxi, insanların Alimi Ismail bin Yəhya bin Ismail bin Amr bin Muslim əl-Müzəni əl-Misri əş-Şafi'idir. Künyəsi Əbu İbrahimdir. Imam əş-Şafinin yeni məzhəbini yayan ən böyük müctəhid imamlardan biridir. Hədis elmi, fiqh və digər elmlərin ustasıdır.
Haqqında İmam əş-Şafinin "əl-Muzəni məzhəbimin nasiridir (yəni yardımçısıdır) " dediyi bu böyük zat İmam ət-Tahavinin dayısıdır. Muzeynə qəbiləsinə nisbət edilərək "əl-Muzəni" deyə tanınır.
Imam əl-Muzəni İmam Leys bin Səd'in vəfat etdiyi ildə, hicrətin 175 ci ilində Misirdə Fustat deyilən yerdə anadan olmuşdur. Elm və fəzilət ailəsində böyümüş, Imam əş-Şafinin ən yaxın tələbələrindən olmuşdur. İmamımız əş-Safi onun haqqında buyurur: "O, şeytanla münazərə etsə onu susdurar." Həmçinin "əl-Muzəni məzhəbimin yardımçısı, nasiridir" demişdir. Haqqında İmam əl-İsnəvi və İmam Ibnu-s-Subki "Tabəqat" da məlumat vermişlər.


Şeyxləri


Imam əl-Muzəni İmam əş-Şafinin elm bulağından ən Cox içən kəslərdəndir.Imam əş-Şafi Misirə gəlib o torpaqları şərəfləndirdikdən sonra İmam əl-Muzəni ondan ayrılmır. Onun tərbiyəsi ilə tərbiyələnən əl-Muzəni - "Mən İmam əş-Şafinin əxlaqından bir əxlaqam "- deyərdi. Şeyxlərini qısaca olaraq bu cür təqdim edirik:
1.İmamlar Imami, ümmətin günəşi, Safi məzhəbinin qurucusu İmam əş-Safi.
2. Əli bin Məbəd bin Şəddad əl-Bəsri
3. Nueym bin Həmmad
4. Əsbağ bin Nafi və başqaları.


Tələbələri


Imam əl-Muzəni - rahimahullah - bir çox tələbələr yetişdirib. Ən məşhurlarından bəziləri bunlardır:


1. Imam Ibnu Xuzeymə əş-Safi
2. Imam ət-Tahavi əl-Hənəfi
3. Əbu-l-Qasim bin Bəşşar əl-Ənmati
4. Zəkəriyya bin Yəhya əs-Səci
5. Əbu-l-Həsən bin Cəusa
6. Əbu Nueym bin Adiyy
7. Əbu Muhəmməd Abdurrahman bin Əbi Hatim ər-Razi və başqaları


Əsərləri


1. Şərhu-s-Sunnə
2. əl-Cəmiu-l-Kəbir
3. əl-Cəmiu-s-Sagir
4. əl-Mənsuru-l-Məbsut
5. əl-Muxtəsəru-l-Kəbir
6. əl-Muxtəsəru-s-Sagir (Muxtəsəru-l-Muzəni) və başqa əsərləri


Alimlərin onun haqqında dedikləri


Imam əş-Safi demişdir: "əl-Muzəni məzhəbimin yardımçısı, nasiridir". Imam əş-Safi yenə demişdir: " O, şeytanla münazərəyə girsə onu yenər". Ibnu Yunus demişdir: "əş-Şafinin əshabındandır. Fəzilət və ibadət sahibidir. Hədisdə etibarlıdır. Fiqhdən anlayış əhli onun elmində və fəzilətində ixtilaf etməyib." Əbu Ishaq əş-Şirazi deyir: "zuhd və təqva əhli birisi idi. Güclü münazərə sahibi, dəlil gətirməkdə aləm biri idi." Hafiz Ibnu Abdil-Bərr əl-Maliki deyir: "əş-Şafinin ən elmli əshabından idi. Dəqiq fəhmli və fərasətli birisi idi. Kitabları və müxtəsərləri yer üzünün şərqinə və qərbinə yayılmışdır. Təqvalı, zahid və din sahibi biri, qənaətçil və qit yaşantıya səbrli idi." Əbul-Fərəc Ibnul-Cəvzi əl-Hənbəli deyir: "əl-Şafinin əshabındandır. Alim və möhtəşəm istedada sahib biridir. Hədisdə etibarlıdır. İbadət və fəzilət sahibidir. Allahın yaratdığı xeyirli kəslərdən idi. Daima ribatda olardı." Imam əz-Zəhəbi deyir: "İmamdır, allamədir. Ümmətin fəqihidir və zahidlərin öndərlərindəndir. " İbnus-Subki deyir: "Şani böyük bir imam, məzhəbin yardımçısı, məzhəbin səmasının ayi idi. Elm nəhəngi idi. Güclü münazərə və höccət gətirmə qabiliyyəti var idi. Zahid və təqvalı idi, dünyaya meyl etməyən, duası qəbul olunan birisi idi."


Vəfatı


Imam əl-Muzəni hicri 264-cu ildə ramazan ayında Misirdə vəfat etmişdir. Allah rəhmət etsin!

 

Əbu Cafər Əhməd ən-Nəhhas

İmam Əbu Cafər Əhməd bin Muhamməd bin İsmayıl bin Yunus əl-Muradi məşhur təfsir və nəhv alimidir. ən-Nəhhas və ya İbn ən-Nəhhas ləqəbləri ilə tanınmışdır. Misirdə doğulmuşdur və doğum tarixi dəqiq bilinmir, lakin bəzi alimlər onun hicri 260-cı ildə doğulduğunu deyirlər. Misirdə alimlərdən dərs aldıqdan sonra elmə olan sevgisi onu elmin mərkəzi sayılan Bağdada götürdü. Orada əl-Əxfəş əs-Sağir, Niftaveyh, əz-Zəccac, Əbu Bəkr bin əl-Ənbəri, İbn Keysan kimi alimlərdən ərəb dilini, ən-Nəsai kimi alimlərdən hədis elmini, Əbu Cafər Muhamməd ət-Tabəri, Bəqiyyu ibn Məxləd kimi alimlərdən təfsir və Quran elmlərini öyrənmişdir. Məşhur “əs-Sünən” kitabının sahibi Əhməd bin Şueyb bin Əli bin Sənan Əbu Abdir-Rahmən ən-Nəsai’dən hədis eşitmiş və “İrabul-Quran”, ən-Nəsix val-Mənsux” kimi kitablarında ondan hədis rəvayət etmişdir. Alim hicri 338-ci ildə Misirdə vəfat etmişdir.

Cəmalud-Din İbn Mənzur

Cəmalud-Din Əbul-Fadl Muhamməd bin Mukərram bin Əli bin Əhməd bin Əbil-Qasim bin Habqa bin Mənzur məşhur lüğət, fiqh və hədis alimidir. İbn Mənzur’un əsli peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabəsi Ruveyfa bin Sabit əl-Ənsari ilə bağlıdır. Hicri 630-cu ildə Qahirə şəhərində dünyaya gəlib. Trablusda, indiki Liviyanın paytaxtı Tripolidə doğulduğu söylənmişdir. Bir müddət Trablusda qazi işində çalışmışdır. Bir çox məşhur kitabı ixtisar etmiş və özü də bir çox kitabın müəllifi olmuşdur, bəzilərinə görə bu kitablar birlikdə beş yüz cildə yaxın bir sərvətdir. Bu alimin həyatı din uğrunda çalışmaqla keçmişdir. Əbul-Fərac əl-Əsfəhani’nin “əl-Əğani” kitabını, əl-Xatib əl-Bağdadi’nin “Tarixu Bağdad”, İbn Asakir’in “Tarixu Diməşq”, İbnul-Beytar’ın “əl-Mufradət”, İbn Abdi-Rabbihi’nin “əl-İqdul-Fərid”, əl-Cahiz’in “əl-Hayvan”, əs-Səaləbi’nin “Yətimud-Dəhr”, ət-Tənuxi’nin “Nişvar əl-Muhadara” kitabını və daha bir çox kitabı ixtisar etmişdir. Bundan başqa bir çox önəmli əsəri gözəl xətti ilə köçürmüşdür. Onun “Lisənul-Arab” kitabı ərəb dilinin ən məşhur lüğətidir. Hicri 711-ci ildə Misirdə vəfat etmişdir.

Əbu İshaq İbrahim əz-Zəccac

Əbu İshaq İbrahim bin Muhamməd bin əs-Səri bin Səhl əz-Zəccac əl-Bağdadi məşhur lüğət alimidir, hicri 241-ci ildə Bağdadda anadan olmuşdur. Bir çox kitabın sahibidir, onların arasında “Məani əl-Quran” adlı təfsiri, “Təfsir Əsmailləhil-Husnə” əsəri ən məşhurlarıdır. Abbasi xəlifəsi əl-Mutədid Billəh’in vəziri Ubeydullah bin Süleymanla yoldaşlıq etmiş və onun oğluna ədəb elmini öyrətmişdir. Daha əvvəllər şüşə istehsalında çalışdığı üçün əz-Zəccac adı verilmişdir, lakin daha sonra sənətini ataraq ərəb ədəbiyyatı və ərəb dili ilə məşğul olur. əl-Mubərrid, əs-Səaləb və başqa alimlərdən elm öyrənmişdir. Əbul-Qasim Abdur-Rahmən əz-Zəccaci, Əbu Əli əl-Farisi və Əbu Cafər ən-Nəhhas kimi alimlər onun tələbələri olub. Ölüm tarixi üçün fərqli tarixlər söylənmişdir. Hicri 310, hicri 311 və hicri 316-ci illər deyilmişdir.

Muhamməd bin İdris əş-Şafi

Rabbani İmam Muhamməd bin İdris əş-Şafi

(İmam Əhmədin şeyxi və ustadı)

 

Aləmlərin rəbbi olan gerçək hökm və hikmət sahibi olan Allaha həmd, onun rəsuluna, rəsulunun ailəsinə, səhabələrinə və qiyamətə qədər onların yolu ilə gedənlərin üzərinə salam olsun. Sonra isə:

Allah rəsulu və onun səhabələrindən sonra ümmətin günəşi olan imamımız əş-Şafinin bu olduqca müxtəsər olan tərcümeyi-halının hazırlanmasında əsas mənhəc (mərhələlərin bölünməsi, nəqllər və s.) Doktor Əkrəm Yusuf Ömər əl-Qavasiminin "əl-Mədxalu ilə məzhəbi-l-İməmi-ş-Şəfii" (İmam Əş-Şafinin məzhəbinə giriş) adlı kitabından götürülmüşdür. Bəzi əlavələr edilərək hazırlanan bu yazı olduqca müxtəsər xarakter daşımaqdadır. İmamımız Əş-Şafinin həyatını sətrlərin ifadə edə bilməyəcəyini düşünərək acizanə bu müxtəsər yazını təqdim edirik. Başarı Allahdandır.

İmam Əş-Şafinin - radiyallahu anhu - həyatını təqdim etmədən öncə, onun yaşadığı dövrə nəzər salmaq yerinə düşərdi. Çünki bu dövrdən, həmin dövrdəki mühitdən xəbərdar olmaq imamımızın nə cür üstün özəlliklərə sahib olduğunu təsəvvür etməyi asanlaşdırır. Çünki hər bir insanın yetişməsində onun bulunduğu ətraf mühit böyük rol oynayır.


 

 

İmam əş-Şafinin yaşadığı dövr

 

Bu dövrü siyasi və elmi olaraq iki hissədə təqdim edəcəyik.

İmam əş-Şafinin yaşadığı dövrə siyasi yöndən baxış


İmamımız əş-Şafi - radiyallahu anhu - Abbasilər dövlətinin altı xəlifəsi dövründə yaşamışdır. Bu xəlifələrin adlarını, xəlifəlik dövrləri ilə birgə bu cür sıralamaq olar: [1] Əbu Cəfər əl-Mansur Abdullah bin Muhəmməd (hicri 136-158), [2] Muhəmməd əl-Mehdi bin Əbi Cəfər əl-Mansur (hicri 158-169), [3] Musa əl-Hadi bin Muhəmməd əl-Mehdi (hicri 169-170), [4] Harun ər-Rəşid bin Muhəmməd əl-Mehdi (hicri 170-193), [5] Muhəmməd əl-Əmin bin Harun ər-Rəşid (hicri 193-198), [6] Abdullah əl-Məmun bin Harun ər-Rəşid (hicri 198-218)

Abbasilər dövləti həm daxildə həm də xaricdə qılıncının kəskinliyi ilə diqqəti cəlb edirdi. Belə ki, ölkə içində baş verən baş qaldırmalara sərt şəkildə cavab vermiş, bununla da xilafətin sarsılmasının qarşısını almışdır. Buna "ən-Nəfsuz-Zəkiyyə" ləqəbi ilə tanınmış Muhəmməd ibn Abdilləh əl Hüseyni əl-Ələvinin baş qaldırmasını və hicri 145 ci ildə öldürülməsini, Xorasanda Yəsisin 150-ci ildəki üsyanını, yenə Xorasanda zındıq Muqənnanın 163 cü ildə Azərbaycanda Zındıq Babək əl-Xürrəminin 201 ci ildə üsyanlarını və bunların kökünün Abbasi xəlifələri tərəfindən kəsilməsini misal göstərə bilərik. Bu altı xəlifənin həyatına nəzər salan hər kəs görər ki, onlar xilafətin sağlam qalması üçün işlətdikləri bu şiddəti ilk Abbasi xəlifəsi Əbul-Abbas Abdullah ibn Muhəmməd əs-Səffəh’dən öyrənmişdilər. Allah hamısına rəhmət etsin və günahlarını bağışlasın. İslam düşmənlərinə göz dağı vermək üçün müsəlmanların bu izzətli vaxtlarını onarın göz önünə sərgiləmək kifayət edər. Xüsusilə Abbasilərin dövründə xəlifələrin kafirləri nə cür otardıqlarına baxmaq bizim üçün fəxr, Allah düşmənləri üçün göz dağıdır. Belə ki, hər yayda "Səvaif" deyilən yay savaşları olurdu. Bunlar xüsusilə rumlara tətbiq olunur, onların zəlil halda cizyə verincəyə qədər başları üzərindən ümmətin qılıncı əskik olmurdu. Xəlifə Harun ər-Rəşidin dik başlıq edən kafir rum böyüyü Naqfura yazdığı məktubda "Möminlərin əmiri Harun ər-Rəşiddən rum iti Nəqfura" deyə başlaması o zamankı izzətimizin bariz abidəsidir. Allah müsəlmanların izzətini geri qaytarsın! Amin!
Beləliklə İmam əş-Şafinin yaşadığı dövr siyasi yöndən sabit qərarlı, izzətli, qənimət dolu bir dövr idi. Müsəlmanlar arasında Abdullah əl-Məmun ilə, qardaşı Muhəmməd əl-Əmin və bunun kimi bəzi ixtişaşlar müstəsnadır. Müsəlmanların torpaqları Şərqdən Çin hüdudlarına, Qərbdən Məğrib və Əndəlusa qədər uzanırdı.Düşünən hər kəs bu cür izzətli şəraitin elm tələbinə nə qədər müsbət təsir etdiyini anlayar.



Bu dövrə elmi yöndən baxış


Abbasi xəlifələri elmə və onun əhlinə xüsusi hörmətlə yanaşır, əlindən gəldiyi qədər onlara qarşı comərd davranırdılar. Xəlifə Muhəmməd əl-Mehdinin, Harun ər-Rəşidin, Məmunun alimlərə etdiyi ikramlar, onlara yaratdıqları şərait danılmazdır. Bunun ən böyük nümunələrindən biri Harun ər-Rəşidin paytaxt Bağdadda - Allah əsirlikdən qurtarsın - tikdirdiyi "Dərul-Hikmə" adlı universitetidir. Bu dövrün Əməvilər dövründən fərqli cəhətlərindən biri də elmlərin yazılması və şərii fənnlərin tədvin olunması idi. Belə ki, İmam Malikin "Muvatta"sı, Muhəmməd ibn Həsən əş Şeybaninin kitabları, İmam əş-Şafinin "Risalə"si bu dövrdə qələmə alınmışdır. Bu əsrdə kağız geniş yayılmışdı və bunun nəticəsi olaraq kitab və kitabxanalar çoxalmışdı. Xəlifəmiz Harun ər-Rəşidin vəziri Fədl ibn Yəhya əl-Bəramki’nin Bağdadda qurduğu kağız fabrikası bu dövrün elmi abidələrindən biridir.
Fəthlər nəticəsində ərazisi böyüyən xilafətə türk, hind, rum, bərbər, fars və s. kimi müxtəlif millətlər axışmış, bunun nəticəsində yeni fikirlər, yeni ideyalar ortaya çıxmışdı. Məhz bu dövrdə, əməvilər zamanında siyasi bir firqə olan şiyələr dini bir firqə kimi baş qaldırmış, alimləri və ictihadları ortaya çıxmışdı. Çox keçmədən parçalanan bu firqədən "imamiyyə", "zeydiyyə", "ismailiyyə" və başqa firqələr törədi. Xaricilərin də dini bir firqə kimi yayılması məhz bu dövrə təsadüf edir. Yenə bu dövrdə ilk olaraq fikri , sonra isə özünün beş əsası olan dini bir firqə kimi mötəzililər meydana gəlmişdir. Xüsusilə xəlifə əl-Məmunun - Allah ona rəhmət etsin və onu bağışlasın - onlara yaratdığı geniş imkanlardan sonra bu firqə daha çox yayıldı. Bunlara qarşı çıxan İmam Əhməd, İmam əl-Bərbəhari, İmam əl-Buveyti, İmam əl-Əşari və İmam əl-Maturidi kimi əhli sünnə alimləri bir çox imtahanlarla üzləşmişdilər.
Bu dövrün ən əsas məziyyələrindən biri də çıxan ixtilaflar nəticəsində münazərə məclislərinin çoxalması idi. Bu məclislərə çox zaman xəlifələr özləri təşrif buyururdular. Məhz bu vaxtda İmam əş-Şafinin "Əli bin Əbi Talib və İbn Məsudun ixtilafları" və "Əbu Hənifə və İbn Əbi Leylanın ixtilafları" adlı kitabları qələmə alındı. Alləmə Muhəmməd Əbu Zəhra’nın dediyi kimi bu dövrü münazərələr dövrü adlandırsaq yanılmarıq.

Bütün bu dediklərimizdən aydın olur ki İmam əş-Şafinin - radiyallahu anhu - əsri aşağıdakı məziyyələrlə üstün olmuşdur: [1] hökmün və səltənətin izzətli və sabit qərarlı olması, [2] qənimətlər və fəthlər nəticəsində iqtisadi dirçəliş və mal dövlətin bolluğu, [3] hökumətin elmə və alimlərə verdiyi önəm və dəyər, [4] siyasi və əqidəvi firqələrin çıxması və bunun nəticəsində münazərələrin artması, [5] yazı və tədvinin yayılması. Bütün bunlar İmamımızın şəxsiyyətinə müsbət təsir edib.

 

İmam əş-Şafi’nin nəsəbi

O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah - səllallahu aleyhi və səlləmin - nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məhşurdur.

Atası İdris bin Abbas: insanları tərcümeyi-halları haqqında yazılmış kitablar imamın atası haqqında geniş məlumat vermir. Bilinən yalnız budur ki, Mədinədə yaşamışdır. Orada onu sevməyən insanlar çıxdıqdan sonra Fələstindəki Asqalən (indi İsrailin əsarətindəki Aşkelon) şəhərinə köçür. Orada yaşamağa başlayır. İmamımızın doğuluşundan bir müddət sonra vəfat edir. Allah rəhmət etsin!

Babası əl-Abbas bin Osman: babası haqqında da həmin kitablar bir məlumat vermir.

Babasının atası Osman ibn əş-Şafi: bu şəxsiyyət ilk abbasi xəlifəsi Əbul-Abbas əs-Səffəh’in zamanında yaşayıb. Əbul-Abbas əs-Səffəh Allahın "Bilin ki qənimət edindiklərinizdən Allaha və rəsuluna xumusu (beşdə biri) var." [Ənfal 41] ayəsindəki xumus payından əl-Muttalib oğullarını çıxarmaq istədikdə xəlifənin önündə əzmkarlıqla dirənir. Bununla da xəlifəni bu işdən çəkindirir. Bu hadisəni əl-Hafiz İbn Həcər əl-Asqaləni , əl-Xatib əl-Bəğdədi, Əbul-Həsən əl-Abiri əs-Sicistəni və başqaları nəql ediblər. Bu hadisəni yalanlayan səhih nəql isə yoxdur. Doğrusunu Allah bilir. Bu əməli də onun əl-Muttalibi olduğuna ən böyük işarələrdəndir.

Babasının babası əş-Şafi ibn Səib: o, Allah rəsulunun – salləllahu aleyhi va səlləm - səhabələrindəndir. Deyə bilərik ki, babalarından sıra baxımından birinci səhabə olduğu üçün məhz ona nisbət edilir. Bəzi təəssübkeş, elmsiz hənəfilər və malikilər əş-Şafi bin Səibin guya Əbu Ləhəbin köləsi olduğunu deyərək onun qureyşli olmadığını iddia ediblər. Bununla da İmam əş-Şafinin qureyşli olmaması yönündə ortaya şübhələr atıblar. Yalanları təəssübkeşliklərindən doğan bu kəslərin bəsirətini Allah kor etdiyi üçün biz heç bir şey edə bilmərik. əş-Şafi bin Səibin qardaşı Abdullah bin Səib də bir səhabə idi və Məkkənin o zamankı valisi idi. Bu da həmin cahillərin iddiasını çürütməyə yardım edən sübutlardan biridir. Çünki o zaman Məkkə kimi şəhərdə valilik edənlər əsl nəsəbli biriləri olurdu. əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi bu təəssübkeşlərin sözlərini əsassız sayaraq deyir: "İmam əş-Şafinin nəsəbinin Qureyşdən olması və əl-Müttəlibi olması, xəlifələr, alimlər və şairlər arasında bəsirətli adamlar üçün gündüzün işığı qədər aydın və məşhurdur."[1] Həmçinin İmam əl-Nəvəvi deyir: "O, nəql əhlinin icması ilə Qureyşli, əl-Müttəlibi’dir, anası isə Əzd qəbiləsindəndir.”[2]
Onun atası Səib bin Ubeyd: o da səhabədir, Bədrdən sonra İslamı qəbul edib. Onun da atası Ubeyd bin Abdi Yezid də səhabədir. Onun atası Abdi Yezid bin Haşim isə Allah rəsulunu – salləllahu aleyhi va səlləm - yaşlı ikən görüb və iman gətirib. O da səhabə sayılır. Beləliklə İmam əş-Şafinin nəsəbində dörd səhabə vardır. Onun atası Haşim bin əl-Muttalib: o, Allah rəsulunun - səllallahu aleyhi və səlləm - babası Abdul-Muttalibin əmisi oğludur. əl-Muttalib bin Abdi Manaf: o, Abdul-Muttalibin əmisidir. Abdul-Muttalibin atası Haşim öldükdən sonra Abdul-Muttalibi o böyüdür. Beləliklə İmamımızın nəsəbi üç yöndən şərəflidir.
1. Qureyşli olması
2. əl-Muttalibi olması
3. Ən əsasi Allah rəsulunun – səllallahu aleyhi və səlləm - soyu ilə qohum olması

İmam əş-Şafinin anası


İmamın anasının adı haqqında səhih bir şey gəlməyib. Sadəcə onun Əzd qəbiləsindən olduğu sabitdir .Əzd Yəmənin şimalı ilə Oman arasında yerləşən ərəb qəbilələrindəndir. əl-Hafiz İbn Abdil Bərr və əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi öz sənədləri ilə İmam əş-Şafinin qızının oğlu Muhəmməddən belə rəvayət etmişlər: "Babam Muhəmməd bin İdris əş-Şafi əllidən bir neçə il çox (54) yaşında Misirdə vəfat etdi. Anası əzdli idi. Evi Məkkədə idi."[3] Anasının Fatimə bint Abdillah bin Həsən bin əl-Huseyn bin Əli bin Əbi Talib olması rəvayətinə gəlincə bu rəvayət güclü deyildir. Alləmə Fəxruddin ər-Razi bu rəvayətin "şaz"[4] olduğunu demişdir.
Aydın olur ki, İmam əş-Şafinin həyatına nəzər salan biri mütləq bu üç şeyi müşahidə edəcəkdir: yetim olub, anasının elmə həvəsi olmasına baxmayaraq ailəsindən elm əhli yox idi, bu isə İmam əş-Şafinin elmi atalarından birindən miras almadığını göstərir və fəqir böyümüşdür.
Lakin İmamın elminin bu səviyyəyə çatmasında anasının böyük rolu var idi, belə ki, fəqir olmasına baxmayaraq oğlunu işləməyə deyil, elm təhsilinə yönəltdi. İmam əş-Şafi özü bu haqda deyir: "Anamın qucağında yetim idim. Məni katiblərin (elm adamlarının) yanına göndərirdi. Fəqirlikdən onlara verəcək bir pulu da yox idi". İmam əş-Şafi öz fəqirliyini anladaraq deyir: "Quranı hifz etdikdən sonra Haram məscidinə getdim. Alimlərin məclisində otururdum. Hədisləri və (fiqhi) məsələləri dinləyərək əzbərləyirdim. Anamın kağız almam üçün mənə verəcəyi pulu olmadığından sümük üzərinə yazırdım. Oradan oxuyub əzbərliyirdim."[5] Göründüyü kimi anasının oğluna elmi yöndən yardımı böyük olub.

 

İmam əş-Şafinin həyatı


İmam əş-Şafinin həyatını sizlərə Allahın izni ilə səkkiz mərhələdə təqdim edəcəyik. Bu mərhələlər aşağıdakılardır:
1. Doğuluşu və Məkkədə yetişməsi. Eləcə də onun Məkkədə ilkin elm tələbindən olduqca müxtəsər bəhs edəcəyik.

2. İmam Malik ilə bir arada olduğu dönəm və Məkkə ilə Mədinə arasında səfərləri.
3. Yəmənə işləmək məqsədi ilə etdiyi səfər dönəmi, bunu Yəmən dönəmi də adlandırmaq olar.
4. Bağdad - Allah əsirlikdən qurtarsın - dönəmi; bu dönəmdə Bağdaddakı münazərələri, Əbu Hənifənin tələbəsi Muhəmməd bin əl-Həsən əş-Şeybani ilə görüşməsi, Bağdaddakı şeyxləri və digər mühim hadisələr barədə Allahın izni ilə məlumat verəcəyik.
5. Məkkədə ilk məzhəbinin üzə çıxdığı dönəm və oradakı tələbələri.
6. Bağdada dönərək orada məzhəbini yayması, İraqdakı tələbələri və s.
7. Məkkə ilə Bağdad arasında səfərlər etdiyi dönəm.
8. Misir dönəmi; Misirə gedişi, orada ikinci məzhəbinin izharı və Misirdəki ən məşhur tələbələri haqqında məlumat verəcəyik.



İmam əş-Şafinin təvəllüdü və ilkin Məkkə dövrü

 

Tarixçilər ittifaq ediblər ki İmam Əş-Şafi Əbu Hənifənin vəfat etdiyi ildə yəni hicri 150-ci ildə dünyaya gəlmişdir. Doğulduğu yer barədə ixtilaf var. Bəzi tarixçilər Qazzada, bəziləri Asqaləndə, başqaları da Yəməndə doğulduğunu deyirlər. Yəmən versiyası zəif bir versiyadır. Ən səhih olanı Qazzada doğulmasıdır. İbn Hacər əl-Asqaləni Hakimdən sənədi ilə İmam Əş-Şafidən belə dediyini rəvayət etmişdir: "Qəzzada doğuldum, anam məni Asqalən’ə apardı"[6]. Məkkə imamımıza ilkin elmi dayanacaq oldu. Belə ki, kiçik yaşda Qurani kərimi, İmam Malikin Muvattasını, yazıb oxumağı, fəsih ərəbcəni məhz bu mübarək torpaqlarda öyrəndi. İbnu Hacər əl-Xatib əl-Bəğdədidən onun sənədilə İmam əş-Şafidən belə dediyini nəql etmişdir: "Yeddi yaşımda Quranı, on yaşımda əl-Muvatta kitabını əzbərlədim"[7].

İmam əş-Şafinin Məkkədə şeyxlərindən bəziləri bunlardır:


Ismail bin Abdilləh əl-Qustantin:Bu dönəmdə onun ən böyük şeyxlərindən biri Quranı yanında əzbərlədiyi İsmail bnu Abdillah bin əl-Qustantin əl-Muqri idi. O, dönəminin Məkkədəki ən məhşur qarilərindən biri idi. İbn Əbi Hatim və əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi sənədləri ilə İmam əş-Şafidən belə dediyini rəvayət etmişlər: "İsmail bin Qustantin belə dedi: Mən Quranı Şiblə oxudum. Şibl xəbər verdi ki, o, Quranı Abdullah bin Kəsirə oxuyub. Abdullah bin Kəsir xəbər verdi ki, o da Quranı Mücahidə oxuyub. Mücahid xəbər verdi ki, o da Quranı İbnu Abbasa oxuyub. İbnu Abbas da xəbər verdi ki, Ubeyyə oxuyub, Ubey isə peygəmbərə - sallallahu aleyhi va səlləm - oxuyub."[8] Bu rəvayətdən aydın olur ki İmamımız əş-Şafi Quranı sənəd vasitəsi ilə Allah Rəsulundan – salləllahu aleyhi va səlləm almışdır.

Quran hifzindən başqa İmam əş-Şafi Məkkə ətrafında olan ərəb qəbilələrinə gedir, onların arasında qalır və onlardan fəsih ərəbcənin incəliklərini öyrənirdi. Bu qəbilələr arasında ən çox getdiyi qəbilə o zamanın ən fəsih qəbiləsi olan Bəni Hüzeyl qəbiləsi idi. Onlardan ərəblərin əsil nəsəbini, ərəb şerlərini və ərəb dili ilə bağlı lazımı şeyləri öyrənirdi. Bu elmi səfərləri onu ərəb dilində sözünün höccət olacağı bir şəxsiyyət etdi. Bütün bunlar uca Allahın ona verdiyi bərəkət sayəsində idi. İbn Əbi Hatim və əl-Hafiz İbn Abdil-Bərr sənədləri ilə Abdulməlik bin Hişam ən-Nəhvi’dən onun belə dediyini rəvayət etmişlər: "əş-Şafi ondan dil alınacaq birisidir.[9]" Yenə əl-Hafiz Əbu Bəkr əl Beyhəqi sənədi ilə imamımızın tələbəsi Ər-Rabi bin Süleymanın belə dediyini rəvayət edir: "İmam əş-Şafini, onun bəyanının gözəlliyini və fəsahətini görsəydin təəccüb edərdin. Əgər o yazdığı bu kitabları danışdığı ərəbcədə yazsaydı kitablarını oxumaq mümkün olmazdı"[10]. Yəni fəsahətinin şiddətindən oxumaq çətin olardı. Yenə əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi sənədi ilə Əsmaidən belə dediyini rəvayət edir: "Hüzeyllilərin şerlərini Məkkədə Muhəmməd bin İdris deyilən bir gənc ilə düzəldirdim.[11]" Bununla yanaşı imamımız ərəblərin tarixini və nəsəblərini də bu qəbilələrdən öyrənirdi. Zamanında onun qədər əsil nəsəb və tarix bilən birisi az idi. əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi sənədi ilə Musab bin Abdillah əz-Zubeyrinin belə dediyini rəvayət edib: "İnsanların tarixini, əsil nəsəbini əş-Şafidən daha yaxşı bilən birini görmədim"[12]. Yenə də sənədi ilə əş-Şafinin nəvəsi Muhəmməddən belə dediyini rəvayət edir: "əş-Şafi ərəbcəni və insanların əsl nəsəbini iyirmi il oxuyub öyrəndi və dedi: "Bunu fiqhdə mənə yardım etməsi üçün etdim"[13].

Sufyan bin Uyeynə:o, Sufyan bin Uyeynə bin Məymun əl-Kufi əl-Məkkidir. Hicri 107-ci ildə Kufədə doğulub. Hicri 198-ci ildə Məkkədə vəfat edib. Hədis elmində böyük bir hafizdir, imamdır, siqadır. İmam əş-Şafi İbn Uyeynədən hədis elmini öyrənmiş, onun əlində tərbiyə görmüşdür. Ondan çox təsirlənib. İbn Əbi Hatim sənədi ilə İmam əş-Şafidən belə dediyini rəvayət edir: "Elm alətlərini özündə daşıyan Sufyan bin Uyeynə kimi başqa birisini görmədim. Fətvanı tərk edən onun qədər birisini görmədim. Hədisi ondan daha gözəl təfsir edən birini də görmədim.[14]" Yenə İbn Əbi Hatim sənədi ilə İmam əş-Şafinin belə dediyini rəvayət edir: "Sufyan ibn Uyeynə və İmam Malik olmasaydı Hicazın elmi yox olardı.[15]" Beləliklə Sufyan ibn Uyeynənin yanında hədis elminə vaqif olur. Sufyan ibnu Uyeynə onu sevir və yoldaşları yanında onu tərifləyərdi. Onunla fəxr edərdi. əl-Hafiz İbn Abdil-Bərr sənədi ilə Sufyan ibn Uyeynədən belə dediyini nəql edir: "Sufyan ibnu Uyeynəyə deyildi: "Bir gənc var[16] ki, deyir: “Hədisi alın, rəyə yönəlməyin.” İbnu Uyeynə dedi :"Allah o gənci xeyirlə mükafatlandırsın"[17]. İmam əş-Şafinin “ər-Risalə” kitabını oxuyan hiss edər ki Sufyandan xeyli hədis dinləmişdir, çünki bu kitabda Sufyandan qırxdan çox hədis rəvayət edir.
İmam əş-Şafinin hədisdə siqa, avtoritet, güvənilən biri olmasında heç kəs şübhə edə bilməz. Hətta bəziləri əl-Buxarinin qızıl sənəd adlandırdığı[18] sənədə İmam əş-Şafini də daxil ediblər.

Muslim bin Xalid əz-Zənci:o, Muslim bin Xalid bin Muslim əl-Quraşi əl-Məxzumidir. Əslən şamlıdır. O dövrdə Məkkənin ən böyük fəqihlərindən biri idi. Eləcə də hədislə məşğul olurdu. Lakin fiqhə daha çox meyl etmişdi. Bu alimin elmi sənədi, yəni fiqh aldığı alimlərin,  tabiinlərin sənədi İbn Abbas kimi Məkkədə sakin olmuş səhabələrə gedib çıxır. Beləliklə imam əş-Şafi fiqh elmini sənəd vasitəsilə peyğəmbərin – salləllahu aleyhi va səlləm - "Allahım onu dində fəqihlərdən et və ona təvili öyrət" deyə dua etdiyi İbn Abbasdan, onun vasitəsilə də peyğəmbərdən – salləllahu aleyhi va səlləm - almış sayılır. İmam əş-Şafi İmam Muslim ibnu Xalidin yanında uzun müddət qalır və ondan fiqhi öyrənir. Hətta Məkkədə ən çox bu şeyxin yanında qalır. İmam əş-Şafi kiçik olmasına baxmayaraq İmam əz-Zənci ona elmdə etibar edirdi, belə ki, on beş yaşlı əş-Şafiyə fətva verməsi üçün izn vermişdi. İbn Abdil-Bərr sənədi ilə Hümeydidən belə dediyini rəvayət edir: "Muslim bin Xalid əz-Zənci on beş yaşında ikən əş-Şafiyə dedi: "Fətva ver ey Əbə Abdillah! Fətva verəcəyin vaxt gəldi.[19]" Bu da onu göstərir ki, bundan öncə İmam Malikin yanına getsə də uzun müddət onun yanında qalmır. Əksinə İmam Malikin yanında Malikin həyatının son dönəmində qalmışdır ki, bunun zikri qar. Bundan öncə isə Məkkə ilə Mədinə arasında səfər edirdi. Çünki İmam Malikin yanına on üç yaşında Muvattanı əzbərlədikdən üç il sonra hicri 163-cü ildə gedir. Necə ki, Hafiz əl-Beyhəqi sənədi ilə İmam əş-Şafinin belə dediyini rəvayət etmişdir: "On üç yaşımda Malik ibn Ənəsin yanına getdim[20]".
Beləliklə İmam Əş-Şafi elm dənizində üzmək üçün Quran, fiqh və hədis elmlərini ilkin dönəmdə Məkkədə zamanının ən güclü imamlarından mükəmməl şəkildə öyrənir. Bu üç şeyxdən başqa şeyxlərdən də dərs alıb. əl-Hafiz Əbu Bəkr bu dönəmdə Məkkədə iyirmiyə yaxın şeyxinin adını çəkir. Biz isə yalnız ən əsas üç şeyxin adını qeyd etdik.

 

İmam Malik ilə bir arada olduğu dönəm


İmam əş-Şafi Məkkəni tərk edərək Mədinəyə İmam Malikin yanına səfər edir. Bu səfərin zamanı tarixçilər arasında ixtilaflı olsa da imamımız əş-Şafinin Malik ibn Ənəsin yanında uzun müddət qalmasında ittifaq vardır. Bu uzun müddətli yoldaşlıq imamımızın fiqh, hədis və digər yöndən şəxsiyyətinin müsbət formalaşmasına səbəb olmuşdur.

İlk öncə o dönəmki Mədinə ilə tanış olaq. Mədinə peyğəmbərin – salləllahu aleyhi va səlləm - zamanında həm İslam dövlətinin, həm də elmin paytaxtı idi. Əli bin Əbi Talibin -kərraməllahu vachəh - zamanında paytaxtın Kufəyə, Əməvi xəlifələrinin vaxtında Dəməşqə, sonradan isə Bağdada köçürülməsinə baxmayaraq Mədinə əvəzedilməz elmi mövqeyini qoruyub saxlayırdı. Kufə rəy əhlinin məskəni olduğu bir vaxtda Mədinə də hədis əhlinin və elminin beşiyi bir yer idi. Eləcə də fiqhi yöndən Mədinə liderliyini qoruyub saxlayırdı. Belə ki, "əl-Füqəhau-s-səbə’a" deyə tanınan məhşur yeddi fəqih tabii alimlər bu şəhərdə məskunlaşmışdılar. Onlar Səid bin Müseyyib, Urvə bin Zubeyr, Əbu Bəkr bin Əbdürrəhman bin əl-Haris, Ubeydullah bin Abdillah bin Utbə bin Məsud, Xaricə bin Zeyd bin Sabit, Qasim bin Muhəmməd bin Əbi Bəkr əs-Siddiq, Süleyman bin Yəsardır. Bunlardan sonra ətbəut-tabiin’in böyük fəqihləri bu şəhərin sakinləri idilər. Onlardan biri də Rabiatur-Ray kimi tanınan, Rabiə bin Əbi Əbdirrahmən idi. Bu zat İmam Malikin şeyxidir. Beləliklə Mədinə alim halqalarından ibarət zəncirlərlə sarılmış bir yer idi. Bu zəncirin halqalarından biri də Malik ibn Ənəs idi.

İmam Malik bin Ənəs

O, Malik bin Ənəs bin Malik bin Əbi Amir əl-Əsbahidir. Künyəsi Əbu Abdilləhdir. Ləqəbi İmamu Dari-l-Hicrə, yəni hicrət diyarının imamıdır. Dörd fiqhi məzhəbdən ikincisinin qurucusu odur. Hicri 93 cü ildə Mədinədə doğulub. Həcdən başqa hallarda Mədinəni tərk etməmişdir. Elə orada hicri 179 cu ildə fani dünyaya gözünü yumub. Allahın bədbəxt etdiyi kəslər müstəsna olmaqla qiblə əhlinin alimindən tutmuş avamına qədər hamı onun mütləq bir imam olmasında ittifaq edib. Hətta "Malik mədinədə olduğu müddətdə kimsə fətva verməzdi" şəklində səslənən bir deyim o zaman məşhur idi. Heybəti zahir, ağırbaşlı, təqvalı birisi idi. Mədinədə peyğəmbər – salləllahu aleyhi va səlləm - dəfn olunduğu üçün miniyə minməzdi. Şeyxləri arasında Cəfər bin Muhəmməd, İbnu Şihab əz-Zuhri, Rabiətur-Ray və başqaları var. Tələbələri arasında İmamımız Əş-Şafi, Abdur-Rahmən ibnu-l-Qasim, Əşhəb bin Abdil-Aziz, Əsəd ibn əl-Fərrat və başqaları var. Kitabları arasında ən məşhuru "əl-Muvatta" kitabıdır. İmam Malikin həyatına nəzər salan görər ki, İmam Əbu Hənifənin vəfatından sonra yəni hicri 150-179 cu illər arasında nəinki Mədinədə, bütün İslam aləmində ondan daha fəzilətli birisi yox idi. Beləliklə imamımız əş-Şafi bu cür zatdan elm almaq üçün Mədinəyə gəlir. Onlar arasında keçən, əl-Hafiz Əbu Bəkr əl-Beyhəqinin sənədi ilə İmam əş-Şafidən rəvayət etdiyi olayı ixtisarla sizlərə təqdim edək: "Hüzeyl oğulları qəbiləsinə gedər, onlardan şerlərini və (ərəb) dilini öyrənərdim. Ən fəsih ərəblər idilər. Məkkəyə gəlib şerlərini oxuyardım. Zübeyrlilərdən bir nəfər mənə belə dedi:"Ey Əbu Abdillah” fiqhdə və elmdə bu cür fəsahətli olmaman mənə ağırdır". Ondan soruşdum: "Elm üçün yanına gedilən kəslərdən kim qalıb?" O da: - “Mədinədə Malik ibn Ənəs” - dedi. Bu söz qəlbimə yatdı. Məkkədə birindən borca "əl-Muvatta"nı alıb əzbərlədim. Məkkə valisinin yanına gedib Mədinə valisinə və Malikə verəcəyim bir kağız aldım. Mədinəyə çatdım, vali ilə Malikin evinə getdik. Vali qapını döydü. Qara bir kiçik qız qapını açdı. Vali dedi: "Mövlava de ki, vali qapıdadır". Qız içəri daxil oldu yenidən çıxaraq dedi: "Mövlam deyir ki, əgər fiqhi bir məsələdirsə kağıza yazıb ver və cavab çıxana kimi gözlə! Yox elə belə söhbət üçündürsə çıx get. Vali dedi: "Ona de ki, Məkkə valisindən mühim bir məktub var". Qız girib içəridən bir oturacaq gətirib qapı önünə qoydu. Az sonra Malik çıxdı. Uzun boylu heybətli birisi idi. Vali kağızı ona verdi. Malik oxudu. Kağızda belə yazılmışdı: "Bu adam şərəfli, halı gözəl birisidir. Onunla danış və onu yetişdir". İmam Malik qəzəblə kağızı atdı və dedi: "Subhənallah, peyğəmbərin – salləllahu aleyhi va səlləm - elmi vəsilələr iləmi öyrəniləcək?!” Gördüm ki, vali qorxudan heç nə demir. Kağızı yerdən alıb dedim: "Allah səni islah etsin! Mən əl-Muttalibi birisiyəm". Bir müddət üzümə baxdı. Onda fərasət var idi və dedi: "Adın nədir?" “Muhəmməddir” deyə cavab verdim. Mənə dedi: "Ey Muhəmməd, Allahdan qorx, günahlardan çəkin! Sənin böyük şanın olacaq! Sabah gəl! "əl-Muvattanı" sənə oxudan biri gəlib oxutsun". Mən əzbərləmişəm dedim. Oxutdu. Hər dəfə bitirmək istəyəndə "Durma oxu, ey Muhəmməd" deyirdi. Oxuyuşumun gözəlliyi onun xoşuna gəlmişdi.[21]" Beləliklə İmam əş-Şafinin İmam Maliklə elmi yoldaşlığı bu cür başlayır. Uzun müddətli bu yoldaşlıq İmam Maliki onun birinci şeyxi edir. İmam Əş-Şafi deyərdi: "Malik bin Ənəs müəllimimdir. Elmi ondan almışam[22]". İmam əş-Şafinin Maliklə bir arada qalması dönəminə baxdıqda bunları görürük:
Fiqh və hədis elmində İmam Malikin yanında ayağı daha çox bərkiyir. Bundan öncə Məkkədəki şeyxlərindən aldığı elm, onu İmam Malik kimi zatın məclisinə hazır vəziyyətə gətirmişdi.
İmam əş-Şafi İmam Malikin yanında həyatının sonuna qədər qaldığı üçün onun son görüşlərini bilirdi. Eləcə də Əbu Hənifənin fiqhini Muhəmməd bin əl-Həsən əş-Şeybanıdən almışdı. Bestrong O da: - “Mədinədə Malik ibn Ənəs” - dedi. Bu söz qəlbimə yatdı. Məkkədə birindən borca ləliklə hədis və rəy əhlinin üsulunu və fiqhini mükəmməl şəkildə öyrənmişdi. Bu da onun məzhəbinin hədis əhli ilə rəy əhli arasında ortaq bir yol olmasına gətirən səbəblərdən idi.
İmam Malikin yanında ikən İmamımız onun fikirlərini daşıyan birisi idi.Müstəqil məzhəbi yox idi.Təbiri caizsə maliki idi. "Malik və əş-Şafinin ixtilafları" kitabını isə bu dönəmdən təqribən iyirmi il sonra Misirdə ikən yazmışdır.
İmam Malikdən başqa İmamımız Mədinənin bir çox alimindən dərs almışdır. İmam əl-Beyhəqi on üçə yaxın şeyxin adını qeyd edib.

İşləmək üçün Yəmənə səfəri



İmamımız əş-Şafi yetim, yoxsul bir həyat sürmüşdür. Həyatı bu yöndən müttəqilərin imamı peyğəmbərin – salləllahu aleyhi va səlləm - həyatına bənzəyir. Mədinədə şeyxi İmam Malikin, Məkkədə şeyxi Müslim bin Xalid əz-Zəncinin eyni ildə, hicri 179 cu ildə vəfatından sonra bir müddət dolanış üçün, qazanc əldə etmək üçün iş axtarmağı qərara alır. Yəmənə gedərək orada idari işlərlə məşğul olur. Bu da onun praktiki inkişafına səbəb olur. Belə ki, insanlar arasına qarışır, onların şikayətlərini, dərdlərini qəbul edir, ədalətlə hökm edirdi .İnsanları sünnətə sarılmağa, gözəl işlərə yönəldirdi, tədricən xalqın gözündə ucalırdı. Bu da düşmənlərinin qəlblərini kin və nifrətlə doldururdu. Bu səbəblə xəlifə Harun ər-Rəşidə məktub yazmaqla, imamımızı Abbasi xanədanına qarşı baş qaldırmaq istəyi ilə ittiham etməklə Bağdada çağırılmasına səbəb olurlar. Bu iftira olduqca yerində fikirləşilmiş usta bir fitnəkarın iftirası idi. Abbası xilafətinə nəzər salan hər kəs görər ki, abbasi xəlifələri dövlətə qarşı ən az baş qaldırılma hiss etdirən hər addımı izi ilə birgə silirdilər. İmamımız əş-Şafinin də Muttalibi olması baş qaldırma iftirasına dəstək verirdi. Bu səbəblə öldürülə bilər və nəticədə həsəd sahibləri boş qalmış meydana sahib çıxa bilərdilər. Amma Allah istədiyini hikmətlə edəndir. Ölüm ayağına çağırılan imamımız yenidən elmin mərkəzinə, bu səfər Bağdada - Allah əsirlikdən qurtarsın - gedir. İnsanlar arasında hörməti artır. Həmən iftiraçılar isə tarixin zibilliyinə düşürlər. Adları günümüzə qədər yad edilmir.

Yəməndə işlədiyi dönəmdə də elmi tam şəkildə tərk etmir, o dövrün Yəməndəki alimlərindən faydalanır. Onlardan biri də Hişam bin Yusuf olmuşdur.

 

Bağdad şəhərində Muhamməd bin Həsən əş-Şeybəni ilə görüşməsi

 


İmamımız əş-Şafi hicri 184-cü ildə Yəməndən məcburi olaraq xilafətin paytaxtı Bağdad şəhərinə gətirilir. Harun ər-Rəşidin yanına aparılaraq sorğu-suala çəkilir. O dövrün İraqdakı imamı, rəy əhlinin, hənəfilərin imamı, Əbu Hənifənin tələbəsi Muhəmməd bin Həsən əş-Şeybəni də sarayda olur, çünki Harun ər-Rəşid hər məsələdə alimlərdən, xüsusən İmam Muhəmməddən məsləhət alardı. İmam Muhəmməd isə imamımız əş-Şafi ilə Mədinədən, İmam Malikin məclisindən tanış idi. Bu da imamımızın qurtulması üçün səbəb oldu. Hafiz İbn Abdil-Bərr sənədi ilə İmam əş-Şafidən həmən anları bu cür rəvayət edir: "Sonra xəlifə, Muhəmməd bin Həsən əş-Şeybanidən soruşdu: -Ey Muhəmməd, nə deyirsən? Bu gəncin dedikləri doğrudurmu?” İmam Muhəmməd belə dedi: “Bəli, onun elmdəki yeri də böyükdür. Onun haqqında söylənilənlər onun işi deyil.” Xəlifə dedi: “Onu özünlə götür. Haqqında fikirləşərəm.” Məni özüylə götürdü, xilasıma səbəb oldu[23]”.



Muhamməd bin Həsən əş-Şeybəni və İmam əş-Şafinin onunla bir arada olduğu dönəm



O, Muhəmməd bin Həsən bin Fərqad bin əş-Şeybənidir. Künyəsi Əbu Abdilləhdir. İmam Əbu Hənifənin tələbəsidir. Hicri 132 ci ildə Vasitdə anadan olub, Kufədə böyüyüb. Süfyan əs-Səvridən hədis dinləmiş, Əbu Hənifədən və Əbu Yusifdən fiqh öyrənmişdir. İmam Malikdən də hədis və fiqh elmini alıb. Şam fəqihi İmam əl-Əvzaidən də elm almışdır. İyirmi yaşında Kufə məscidində dərs verməyə başlayır. Hicri 189-cu ildə Rəy yaxınlığında vəfat edib.
Hənəfi məzhəbini rəvayət edən imamdır. Bir çox əsərləri var. Onlardan bəziləri “əl-Cəmius-Sağir”, “əl-Cəmiul-Kəbir”, “əs-Siyərus-Sağir”, “əs-Siyərul-Kəbir”, “əz-Ziyadət” və başqa əsərlərdir.

Beləliklə imamımız İmam Muhəmməd ilə bir arada qalır, ondan rəy əhlinin fiqhini öyrənir. O dönəmin ən böyük mühəddisindən, İmam Malikdən hədis elmini, ən böyük rəy alimindən də rəy elmini mükəmməl şəkildə öyrənir. Bu da onun məzhəbinin hədis və rəy arasında ən ortaq və haqqa ən yaxın məzhəb olmasına səbəb olur.

İmam əş-Şafinin İraqdakı şeyxləri

İmamımız əş-Şafi İraqda bir çox alimdən dərs alır. Onlardan bir neçəsini zikr edək: Bunlardan ən birincisi İmam Muhəmməd bin Həsən əş-Şeybanidir ki, haqqında bir qədər məlumat verdik.
İkinci: Vaki bin əl-Cərrah; O, Vaki bin əl-Cərrah bin Müleyh bin Adiyy əl-Kufidir. Künyəsi Əbu Sufyandır. Tabiinin tələbələrindəndir, hədis elmində bir imamdır. Zamanında İraqın mühəddisi hesab olunurdu. Hicri 129-cu ildə Kufədə doğulub. Zühd və təqva əhli idi. Siqa (rəvayətdə etibarlı) biri idi. Hicri 197-ci ildə həcdən dönərkən vəfat edir. İmamımız əş-Şafi ondan hədis və fiqh öyrənir.

Üçüncü: Abdul-Vahhəb bin Abdil-Məcis əs-Səqafi; O, Abdul-Vahhəb bin Abdil-Məciddir. Babasının babası Həkəm bin Əbil-As səhabədir. Onun İmam əş-Şafinin iraqlı şeyxlərindən biri olduğunu əl-Beyhəqi, əl-Fəxr ər-Razi və başqaları qeyd ediblər.

Dördüncü: İsmail bin İbrahim əl-Bəsri; O, İsmail bin İbrahim bin Miqsəm əl-Bəsridir. İbnu Üleyyə[24] adı ilə məşhurdur. Əsl nəsəbi kufəlidir. Hədis və fiqh elmində imam, müfti biri idi. Hicri 110-cu ildə anadan olmuş, hicri 197-ci ildə vəfat etmişdir. Onun İmam əş-Şafinin iraqlı şeyxlərindən biri olduğunu İbn Həcər əl-Asqaləni, əl-Beyhəqi, ər-Razi və başqaları qeyd etiblər.
İmam əş-Şafi elmin mərkəzi Bağdadda uzun müddət qalır və alimlərdən faydalanır. İmam Muhəmməd bin Həsən əş-Şeybaninin vəfatı ilində hicri 189 cu ildə Bağdaddan çıxır.

 

Məkkədə ilk məzhəbinin üzə çıxdığı dönəm

 

İmam əş-Şafi - radiyallahu anhu - şeyxi Muhəmməd bin əl-Həsən əş-Şeybaninin vəfatından sonra, hicri 189-cu ildə Bağdadı -Allah əsirlikdən qurtarsın- tərk edərək Məkkəyə dönür. Haram məscidində elm halqası quraraq dərs və fətvalar verməyə başlayır. Bu dəfə o, yeni fiqhi görüşlərini insanlara təqdim edir, müstəqil şəkildə fətvalar verirdi. Bir sözlə ilk məzhəbinin əsasını qoymağa başlayırdı. Elə məhz bu dönəmdə ilk olaraq açıq şəkildə başda Əbu Hənifə - radiyallahu anhu - olmaqla bütün rəy əhlinin və şeyxi İmam Malikin fiqhi məsələlərinə müxalif öz müstəqil fətvalarını verir, qarşı tərəfə səlist və dəqiq şəkildə cavablar verirdi.

Ayaq basdığı yerə müsbət təsir edən imamımızın şöhrəti getdikcə daha da artırdı. Bağdadda şeyxi Muhəmməd bin əl-Həsən əş-Şeybani və rəy əhl ilə münazərələri zamanı sadəcə İmam Malikin fikirlərini müdafiə edən bir gənc kimi tanınsa da bu dövrdə artıq müstəqil görüşləri, fətvaları və rəddiyyələri olan elmi bir qaynağa çevrilmişdi. İlkin məzhəbinin əsasını qoymağa Məkkədən başlaması görüşlərinin yayılmasına imkan yaradırdı. Beləki həcc ziyarətinə gələn zəvvarlar, Kəbə ətrafında elm nuru saçan bu gənci maraqla dinləyir, hədis ilə rəyi cəm edərək, dəlillərə, özündən əvvəl olmayan tam yeni bir üslubla yanaşması hər kəsin xoşuna gəlirdi. Məhz bu dönəmdə bu elm nuru, həcc ziyarətinə gəldikləri zaman, o zamanın iki böyük aliminin, İmam Əhməd bin Muhəmməd bin Hənbəl və İshaq bin Rahəveyhin diqqətini cəlb edir. Bundan öncə İmamımızı Bağdadda görən Əhməd ibn Hənbəl onun fəzilətinə vaqif idi.



İmam Əhməd ibn Hənbəl

O, Əhməd bin Muhəmməd bin Hənbəl bin Hilaldır. Künyəsi Əbu Abdullah, ləqəbi Nasirus-Sunnədir. Hənbəli məzhəbinin qurucusu, hədisdə, təfsirdə və fiqhdə imamlığı insanlar arasında mübahisə obyekti olmayacaq birisidir. Xəstə və axmaq insanlar müstəsnadır. Əslən mərvlidir, yəni Mərv bölgəsindəndir. Hicri 164-cü ildə Bağdadda anadan olmuş, orada böyümüşdür. Öz dövrünün alimlərindən elm almış, bu yolda səfərlər etmiş, hədislər toplamışdır. Əsərləri arasında, otuz min hədis olan "əl-Müsnəd", "ət-Təfsir", "əz-Zühd" və başqa qiymətli əsərləri var. əl-Buxari və Müslim kimi hədis nəhəngləri ondan hədis rəvayət ediblər. Quranın məxluq olması bidəti ortaya çıxdıqda imtahan olunmuş, səbr etmiş və Allah üçün qınayanın qınamasından qorxmamışdır. Hicri 241- ci ildə Bağdadda vəfat edib. Allah rəhmət etsin.İmamımız əş-Şafinin çox sevdiyi tələbələrindəndir. Hətta İmam əş-Şafi Misirə getdikdən sonar imkan tapdıqca İmam Əhmədlə məktublaşmış, şeyx və tələbə münasibətindən əlavə sadiq dostluq əlaqələrini də sürdürmüşdür. İmam Əhməd də bu sadiqliyə özünə xas bir şəkildə qarşılıq vermiş, İmamımız əş-Şafi haqqında söylənilən bəzi haqsız sözləri şiddətlə rədd etmişdir. İmamımız əş-Şafi şerlərinin birində İmam Əhmədlə olan dostluğunu bu cür ifadə edir:

 

قالوا يزورك أحمد وتزوره

قلت الفضائل لا تفارق منزله


إن زارني فبفضله أو زرته

فلفضله فالفضل في الحالين له


"Dedilər: Əhməd səni ziyarət edir, sən də onu,

Dedim: Fəzilətlər onun mənzilindən uzaq olmur
Məni ziyarət edirsə bu onun fəzilətli olmasındandır

Mən də onu fəzilətli olduğu üçün ziyarət edirəm,

Hər iki halda fəzilət ona (Əhmədə) aiddir."


Yenə başqa bir yerdə İmam Əhməd haqqında belə deyir: "Bağdadda Əhməddən daha fəzilətli birisini tərk etmədim"
İbnu Əbi Hatim sənədi ilə Humeydidən onun belə dediyini rəvayət edir: İmam Əhməd Məkkədə Sufyan bin Uyeynənin məclislərində olurdu. Bir gün mənə belə dedi: "Orada qureyşli bir kişi var, onda bəyan və elm var." Mən - "O kimdir?" – deyərək soruşdum. Mənə - "Muhəmməd bin İdris əş-Şafidir" - dedi. İmam Əhməd İraqda ikən artıq onunla görüşmüşdü. Mənə o qədər İmam əş-Şafidən danışdı ki, axırda onun yanına apardı. İmam əş-Şafi Kəbənin önündə idi. Məclisində oturduq və elmi məsələlər başladı. Onun kəlamı qəlbimə yatırdı. Bundan sonra digərlərindən daha çox onun məclisində oturdum. O qədər onun məclisinə üstünlük verirdik ki, artıq (insanların çoxluğu və fəziləti ilə) Sufyanın məclisinə bənzəyirdi."[25]
Yenə İbn Əbi Hatim sənədi ilə Fadl bin İshaq əl-Bəzzar əl-Bağdadinin belə dediyini rəvayət edir: "Əhməd bin Hənbəl ilə birlikdə həcc etdim. Məkkədə onunla bir yerdə qaldım. Bir gün Əbu Abdillah (İmam Əhməd) erkən çıxdı. Mən də ondan sonra çıxdım. Sübhü qıldıqdan sonra Əhmədi axtarmaq üçün məscidi dolaşırdım. İlk öncə Sufyan bin Uyeynənin məclisinə gəldim. Məclisləri bir-bir gəzərək Əhmədi axtarırdım. Birdən Əbu Abdillahı (İmam Əhmədi) boyalı paltarlı bir gəncin məclisində gördüm. İnsanları yararaq Əhməd ibn Hənbəlin yanına gəlib oturdum. Ona sakitcə belə dedim: "Ey Əbu Abdillah, məclisində o qədər fəzilətli alimlər olan Sufyan bin Uyeynənin məclisini tərk etdinmi?" Mənə belə dedi: "Sus, əgər sənədi ali hədisi eşitməyib başqa vaxt daha aşağı sənədlə eşitsən, sənin nə dininə, nə də ağlına zərər verməz. Amma bu gəncin dediklərindən məhrum olsan qorxuram ki, qiyamətə qədər bir də belə bir şey tapmayasan. Mən bu qureyşlı gəncdən daha çox Allahın kitabına vaqif birisini görmədim." Soruşdum: "O kimdir ki?" Dedi: "Muhəmməd bin İdris əş-Şafi"[26]
İbn Abdil-Bərr sənədi ilə Abdullah bin Əhməd ibn Hənbəldən onun belə dediyini rəvayət edir: "Atama (İmam Əhmədə) dedim: "Ey ata! əş-Şafi necə bir adam idi ki, sən ona həmişə dua edirsən?” Dedi: "Ey oğul, əş-Şafi dünyaya günəş, insanlara sağlamlıq kimi idi. Gör bu ikisini əvəz edəcək bir şey varmı?![27]"
İmam Əhməd imamımız əş-Şafinin ilk məzhəbini yayanlardan birisi sayılır. Sonradan isə özünün müstəqil şəkildə görüşləri olmuşdur.



İshaq bin Rahaveyh

O, İshaq bin İbrahim bn Muxəlləddir. Künyəsi Əbu Yaqubdur. Xorasan alimlərindəndir. Hicri 161-ci ildə Mərvdə doğulub. Hədis toplamaq üçün səfərlər etmişdir. əl-Buxari və Müslimin şeyxidir. İmam Əhmədin əshabındandır. İmam əş-Şafidən eşitmiş və onun kitablarını cəm etmişdir. Hədisdə və fiqhdə imamdır. Hicri 238-ci ildə Neysəburda vəfat etmişdir. Allah rəhmət etsin!
Hafiz İbn Abdil-Bərr sənədi ilə ondan belə rəvayət edir: "Bir gün Əhməd belə dedi: "Gəl sənə gözlərinin indiyə qədər onun kimi birini görmədiyi adamı sənə göstərim." Mənə əş-Şafini göstərdi.[28]
İbn Əbi Hatim sənədi ilə İshaq bin Rahaveyh’dən belə dediyini rəvayət edir: "İmam Əhməd dedi: "Ey Əbu Yaqub, bu gəncin məclisində çox otur!" Ona dedim: "Ne edəcəm orda? Onun yaşı bizim yaşımıza yaxındır. Sufyan bin Uyeynəni və əl-Məqburini tərk edim?" İmam Əhməd dedi: "Vay sənin halına! O[29] ötüb keçəcək, amma bu[30] hər zaman vardır." Bundan sonra əş-Şafinin məclisində oturmağa başladım.”[31]
Yenə İbnu Əbi Hatim sənədi ilə İshaqın belə dediyini rəvayət edir: "Əbu Hənifə, Malik, əl-Əvzai, əs-Səvri kimi alimlərdən, ictihad baxımından əş-Şafi daha çox (sünnətə) tabe olan və daha az xəta edən biri idi."[32]
Beləliklə İshaq bin Rahiveyh imamımız əş-Şafidən çox təsirlənmişdi. Amma İmam Əhmədin təsirlənməsi İbnu Rahaveyhin təsirlənməsidən daha çox idi. Ümumi rəvayətlər buna şahidlik edir.  İmam İshaqın əş-Şafi ilə bir çox münazərələri olub və bunları İbn Əbi Hatim sənədləri ilə birlikdə rəvayət edib. Lakin İshaq bin Rahaveyh İmam əş-Şafidən digər tələbələrə nisbətdə qısa bir müddət faydalanıb və onun fiqhini tam şəkildə öyrənməyib. İmam əş-Şafinin Misirə səfərindən sonar onun yeni xəbərlərini eşitməsi üzərinə ondan faydalanmamasına təəssüf etməsi bunu göstərir.

Hafiz İbn Həcər əl-Asqaləni sənədli şəkildə zahiri məzhəbinin qurucusu, İmam əş-Şafinin tələbəsi olan Davud əz-Zahiridən belə dediyini rəvayət edir: "İshaq deyirdi: "Ondan (əş-Şafidən) ayrıldıqdan sonra Quranın mənasını anlayan bir qrup mənə bildirdi ki, əş-Şafi Quranın fəhmində zamanının ən elmlisi idi. Quran elmində güclü anlama qabiliyyəti və fəhm verilmiş biridir. Bunu əvvəldən bilsəydim ondan heç ayrılmazdım.".Davud dedi: "İshaqı hər dəfə - "Onun (əş-Şafinin) bu dərəcədə biri olduğunu bilsəydim ondan heç ayrılmazdım" - deyərək təssüflənən görürdüm."[33]
Bütün bu rəvayətlər və bunlardan başqa daha bir çox səhih rəvayətlər bu iki alimin imamımızdan nə qədər faydalandığını göstərir. Beləliklə İmam əş-Şafi hicri 195-ci ilə qədər Məkkədə qalır. Bundan sonra yenidən Bağdada dönərək orada öz ilk məzhəbini yaymağa başlayır.

 

 

İkinci dəfə Bağdada gələrək ilk məzhəbini yayması və rəy əhlinə cavab verərək hədis əhlinə yardım etməsi

 


İmamımız əş-Şafi - radiyallahu anhu va ardah - hicri 195-ci ildə Məkkəni tərk edərək ikinci dəfə xilafətin o zamankı paytaxtı Bağdada gəlir. Bu yeni gəlişində İmam əş-Şafi artıq İmam Malikin fikirlərini daşıyan birisi kimi deyil, özünün şəxsi görüşləri olan müstəqil bir imam kimi gəlirdi. İlk məzhəbinin təməlini Məkkədə atan imamımız beş ildən çox müddət ərzində artıq öz məzhəbini tanıda bilmişdi. İndi isə növbə o vaxtı rəy əhlinin beşiyi olan paytaxt Bağdada gəlmişdi. Allah rəsulunun sünnəsi yanında rəyi tərcih edib, hədis əhlinə kəc baxan bəzi təəssübkeşləri susudurmaq vaxtı gəlmişdi. Məhz bu dönəmdə İmam əş-Şafi "Nasirus-Sunnə", yəni “Sünnətin-Dəstəkçisi” adını qazanmışdır.
Bununla bərabər fəqihlərin o zamankı diyarı olan Bağdad yeni məzhəbin yayılması üçün çox əlverişli bir yer idi. İmam Malikin - radiyallahu anhu - vəfatından sonra Hicazın nisbətən zəifləməsi, bunun nəticəsi olaraq Bağdadın hədis və rəy əhlini cəm edən bir diyar olması, hər iki tərəfdən füqəhanın cəm olduğu bir yer olması imamımız əş-Şafinin məzhəbinin bu yerdə məşhurlaşmasına şərait yaradırdı. Məhz belə bir şəraitdə özünün müstəqil görüşlərini hər iki tərəfə təqdim etmək lazımlı bir şey idi. İmamımızın yeni, qeyri-adi bir üslubu, o vaxta qədər bir-biri ilə düşmən olan hədis və rəy əhlini bir yerdə cəm edəcək, sonradan İmam Əhməd - "İmam əş-Şafi hədislə rəyi cəm edərək bizi bir-birimizə qarışdırana kimi biz rəy əhlini, onlar da bizi lənətləyirdi" - deyəcəkdi. Həqiqətən də bu cür oldu. Bağdada gəliş səbəbinin məzhəbinin yayılması olması qənaətində olmamız çox səbəbə bağlıdır. Ən barizi isə iki səbəbdir:

1. Bağdadın alimlər arasında münazərə və münaqəşə mərkəzi olması, alimlərin, şairlərin və ziyarətçilərin Bağdadda daha çox olması;  belə ki, münazərə və münaqəşə məkanı olan Bağdad imamımıza öz fikirlərini irəli sürərək, qarşı tərəflə münazərəyə girib onların dəlillərini çürüdərək onları çox böyük bir məharətlə susdurmasına şərait yaradırdı. Bu da ziyarəti çox olan Bağdadda söz və fiqh bazarının daha qazanclı olacağı demək idi.
2. İmamımız əş-Şafinin - radiyallahu anhu - Bağdadda gördüyü işlərdən ən barizi "ər-Risalə” adlı ilk üsul kitabını[34], əhkam sahəsində isə "əl-Hüccə" kitabını yazması oldu. Digər üç imamdan fərqli olaraq öz məzhəbinin həm üsulunu, həm də furu məsələlərini yazan İmam əş-Şafi bununla öz görüşlərini müstəqil yazılı halda elm savaşı meydanına təqdim edirdi. Rəqib tanımayan yeni bir üslubu, ona bu meydandan Uca və Mərhəmətli Allahın izni ilə qalib çıxmasına izin verirdi. Beləliklə Bağdada İmam əş-Şafi qayıdır!
Abbasi xəlifəsi Əbu Cafər əl-Mənsurun tikdiyi "Böyük Cami"də özünə elmi halqa quran imamımız əş-Şafi yeni elmi atmosfer qurmuşdu. O zaman rəy əhlinin elm halqaları ilə dolu olan "Böyük Cami"də özünə elm halqası quran İmam əş-Şafi başqa məzhəblərin nümayəndələrinin suallarına cavab verir, yeni və heyrətamiz görüşləri ilə diqqətləri cəm edirdi. Bu məclisdə sual yağışı Məkkədə Haram məscidində olduğundan daha gur idi. Həm rəyi, həm də hədisi cəm edən imamımız hər iki tərəfin diqqətini cəlb edirdi. Az bir zamanda elmi münazərələri ilə rəy əhlinin halqalarını azaldan İmam əş-Şafi, hədis əhlinə nəfəs almalarına izin vermişdi. Artıq rəy əhlinə olan meyl azalmış, rəhbərimiz peyğəmbərin hədislərini öyrənən alimlərin fiqhi, İmam əş-Şafinin fiqhi yayılmağa başlamışdı. Hafiz əl-Beyhəqi sənədi ilə İbrahim əl-Hərbi’dən belə dediyini rəvayət edir: "İmam əş-Şafi Bağdada gələndə "Böyük Cami"də rəy əhlinin iyirmi elmi halqası var idi. İkinci cümə günü gəldikdə isə bu halqalar arasından üç və ya dörd halqadan başqası qalmamışdı."[35]
Beləliklə İmam Əhməd - radiyallahu anhu va ardah - şeyxi əş-Şafi ilə ikinci dəfə bir arada ola bildi. Daima İmam əş-Şafinin yanından ayrılmırdı. İmam Əhməd - radiyallahu anhu - buyurur: " əş-Şafi gələnə kimi bizim, hədis əhlinin hökmü Əbu Hənifənin əshabının əlində idi. Allahın kitabını və rəsulunun sünnətini ən çox bilən birisi idi"[36]
Beləliklə rəylə hədisi birləşdirəm əş-Şafi, rəy əshabının yoxsul qaldığı hədislər üzərində qiyas və rəy işlədərək onları hədisdən, qiyasdan və rəydən yoxsul qalan hədis əhlini də bu yöndən vaqif edirdi. Aralarındakı düşmənçiliyi və anlaşılmazlığı bu cür həll edirdi. Bu üç məzhəbin, hənəfi, maliki və hənbəli məzhəbinin nümayəndələri və bütün müsəlmanlar bu xidmətinə görə imamımız əş-Şafiyə borcludurlar.
Beləliklə iki ilə yaxın öz məzhəbini rəy əhlini beşiyində yaymağa başlayır. Burada da bir çox fəqih tələbələri oldu. Onlardan bəzilərini zikr edək. İmam Əhməd sözsüz ki, imamımız əş-Şafinin ən yaxın tələbəsi idi. Onun haqqında məlumat verdiyimiz üçün Allahın izni ilə digər böyük tələbələri haqqında məlumat verəcəyik. Beləliklə imamımızın iraqlı tələbələrindən bəziləri bunlardır:

Əbu Səvr əl-Kəlbi; O, İbrahim bin Xalid əl-Kəlbi əl-Bağdadidir. Künyəsi Əbu Abdilləhdır. Ləqəbi Əbu Səvrdir. Hicri 170-ci ildə Bağdadda anadan olub. İmamımız əş-Şafi Bağdada qayıdana kimi, bu alim rəy əhlinin sıralarında idi. əş-Şafi Bağdada gələndən sonra isə onun tələbəsinə çevrildi. əş-Şafidən onun keçmiş məzhəbini nəql edir. Lakin əgər İmam əş-Şafidən başqalarının rəvayət etmədiyi bir görüşü nəql edərsə etibara alınmaz, bu baxımdan avtoritet sayılmır. Hədis rəvayətində isə etibarlıdır. İmam Muslim və başqaları ondan hədis rəvayət ediblər. Hicri 240-cı ildə Bağdadda vəfat edib. Allah rəhmət etsin!
İbn Əbi Hatim və Hafiz əl-Beyhəqi sənədləri ilə (ləfz Beyhəqinindir) ondan belə dediyini rəvayət edirlər: "İmam əş-Şafi İraqa gəldikdə Hüseyn əl-Kərabisi[37] yanıma gələrək dedi: "Hədis əhlindən bir kişi gəlib, gəl onu (elmlə susduraraq) məsxərəyə qoyaq. "Getdik və İmam əş-Şafinin yanına daxil olduq. Hüseyn ondan bir məsələ haqqında soruşdu. İmam əş-Şafi o qədər "Allah dedi, rəsulu dedi" dedi ki, ev başımıza zülmətə döndü. Bundan sonra bidətimizi tərk edərək ona tabe olduq"[38] İmam Əbu Səvr bidət dedikdə Əbu Hənifənin məzhəbini deyil, həddən çox rəyə meyl etməyi nəzərdə tutur.
İmamımızdan həddən çox təsirlənən Əbu Səvr, İmam əş-Şafini tabiinin fəqihlərindən daha üstün tuturdu. Hafiz əl-Beyhəqi sənədiylə Davud əz-Zahiridən belə dediyini rəvayət edir:
"Əbu Səvrin yanında idim. Yanına bir nəfər gələrək belə dedi: "Ey Əbu Səvr! İnsanlara enən bu müsibəti görmürsəmi?! (Əbu Səvr) dedi: “O nədir ki?" (O adam) dedi: "Deyirlər əs-Səvri əş-Şafidən daha çox fəqihdir." (Əbu Səvr) dedi: "Ya Subhanallah! Bu cür deyirlər eləmi?" (o adam) dedi: "Bəli" (Əbu Səvr) dedi: "Biz isə deyirik ki, İmam əş-Şafi İbrahim ən-Nəxaidən də daha çox fəqihdir"[39]


Hüseyn əl-Kərabisi;O, Hüseyn bin Əli əl-Kərabisi əl-Bağdadidir. İlk əvvəl rəy əhlindən idi. Sonradan isə İmam əş-Şafinin tələbələrindən biri oldu. Onun ilk məzhəbini yayanlardan biri odur. Güclü münazərə və münaqəşəsi ilə məşhurdur, fəqihdir, müctəhiddir, hədis elminə vaqif birisidir. Məzhəbin kitablarında adı çox hallanır. Hicri 248-ci ildə Bağdadda vəfat etmişdir. İbn Əbu Hatim sənədi ilə onun belə dediyini rəvayət edir: "Biz və əvvəlkilər əş-Şafidən kitab, sünnət və icma eşidənə qədər Kitab və sünnətin nə olduğunu bilmirdik."[40]
Hafiz əl-Beyhəqi sənədi ilə onun belə dediyini rəvayət edir: "əş-Şafinin məclisindən daha bəhrəli məclis görmədim. O məclisə hədis, fiqh, şer əhlinin hamısı gəlirdi. Fiqhin və şerin nəhəngləri o məclisə gəlirdi. Hər kəs ondan özünə aid olanı öyrənir və faydalanırdı"[41]. Yenə eyni qaynaqda belə deyir: "Allah əş-Şafiyə rəhmət etsin. Sünnətin bir çoxundan istinbatı Əbu Abdillah əş-Şafinin bizə öyrətməsindən öncə bilmirdik."[42]

əl-Həsən əz-Zəfərani; O, əl-Həsən bin Muhəmməd bin əs-Sabbah əz-Zəfərani əl-Bağdadidir. Hicri 173-cü ildə Bağdadda anadan olub. İmamımız ikinci dəfə Bağdada gəldikdən sonra ondan ayrılmır. Keçmiş məzhəbini ən dəqiq bilənlərdən birisidir. İmam əl-Buxari ondan hədis dinləmişdir. Ərəb olmamasına baxmayaraq çox fəsih və bəlağətli birisi idi. Hətta imamımızın məclisində İmam Əhməd, Əbu Səvr və əl-Kərabisi olduğu halda İmam əş-Şafi bəzən ona oxudardı. Hicri 260-cı ildə Bağdadda vəfat edir. İmam əl-Beyhəqi sənədi ilə əz-Zəfəranidən onun belə dediyini rəvayət edir: "əş-Şafi gəlib onları oyadana kimi hədis əhli yatırdı"[43].
Başqa bir rəvayətdə deyir: "Mən əlli ildir ki, İmam əş-Şafinin kitablarını oxuyuram və o kitabları mənə oxuyurlar"[44]


Həyatının hər saniyəsində sünnətə sarılı olan və onu müdafiə edən əş-Şafi məhz bu dövrdə sünnətin yardımçısı adını qazanır. İbn Abdil-Bərr və Hafiz əl-Beyhəqi sənədləri ilə (ləfz Beyhəqinindir) Musa bin Abdir-Rahman bin əl-Mehdinin belə dediyini rəvayət edirlər: "Bəsrədə İmam Malikin rəyini ilk olaraq atam (Abdurrahman bin Mehdi) çıxardı. Hicamə[45] etdikdən sonra dəstəmaz almadan məsciddə namaz qıldı. Bu işi insanlar arasında çox şiddətlə qarşılandı, atamsa öz dediyində sabit idi. Bağdaddakı əş-Şafinin xəbəri atama çatdı. Məktub yazaraq düşdüyü durumu şikayət etdi. (əş-Şafi) ona "ər-Risalə" kitabını yazaraq göndərdi. Atam bu kitabı görüb çox sevindi."[46]
Sonda Fəxruddin ər-Razinin – rahimahullah - sözünü zikr etmək yerinə düşər. O, deyir:
"Bil ki, alimlərin əş-Şafiyə olan tərifi olduqca çoxdur. Biz bu sevginin və tərifin səbəbini zikr edirik və deyirik ki, insanlar əş-Şafidən öncə iki firqə idi: hədis əhli və rəy əhli. əş-Şafi isə həm Allah rəsulunun - salləllahu aleyhi və səlləm - hədislərində, həm də mübahisə və münaqəşədə güclü idi. Fəsahətli və bəlağətli idi, qarşısındakını susdurmağa qadir birisi idi. Allah elçisinin - salləllahu aleyhi və səlləm - hədislərinin müdafiəsinə qalxışır, ona verilən hər suala, yönləndirilən hər problemli məsələyə çox rahatlıqla və rahatladıcı cavablar verirdi. Bunun səbəbi olaraq rəy əhlinin hədis əhli üzərində olan ağalığı sona yetdi, məzhəbləri zəiflədi. Hədis əhli də rəy əhlinin şübhələrindən xilas oldu. Buna görə tərif və mədhlər ona yönəldi, sələfdən bir çoxu ona tabe oldu."[47]
Deyirəm ki, rəy əhlini bu dərəcədə çürüdən İmam əş-Şafiyə qarşı rəy əhlinin düşmənçiliyi bəlkə də ən çox bu səbəbdən idi. Hətta utanmadan ona qarşı uydurma hədislər də çıxardılar. Allah onlara layiq olduqlarını versin.

Məkkə və Bağdad şəhərləri arasında etdiyi səfərlər



İmam əş-Şafi Bağdadı hicri 197-ci ildə tərk edərək Məkkəyə gəlir. Hicri 198-ci ilə qədər orada qalır. Budan sonra Bağdada gələrək hicri 199-cu ilə qədər orada qalır. Bu tarixi onun tələbələrindən olan əl-Həsən əz-Zəfərani qeyd etmişdir.

İmam əş-Şafinin Bağdadda bu dəfəki səfərində bu qədər az müddətdə qalması səbəbləri kimi bunları göstərmək olar.

Birinci: İmam əş-Şafi məzhəbini qoruyub nəql edəcək elimdə dərinləşmiş tələbələr axtarırdı, çünki məzhəbin yayılmasında əsas rolu İmamla birbaşa ünsiyyətdə olmuş alimlər aparır. Belə tələbələrin olmaması və ya olub da məzhəbi nəql etməməsi məzhəbin itməsinə yol açır. Necə ki, İmam əş-Şafi Leys bin Səd haqqında belə deyir: "Leys Malikdən daha fəqih birisidir. Lakin onun tələbələri (məzhəbini) yaymadılar[48].

İkinci: İraqda məzhəbi yayacaq İmam Əhməd, əl-Kəlbi, əz-Zəfərani və digərləri kimi kifayət qədər təcrübəli tələbələrinin olmasına baxmayaraq Xəlifə Məmunun zamanında Bağdadda çıxan fitnələr İmam əş-Şafinin uzaqlaşması üçün böyük səbəblərdən birisi idi.

Üçüncü: İmam əş-Şafi Hicazın, Yəmənin və İraqın elmini cəm etmişdi. Eləcədə Hicazın fiqhini İmam Malikdən, İraqın fiqhini İmam Həsəndən, Yəmənin də fiqhini Hişam bin Yusif və digər fəqihlərdən almışdı. Leys bin Sadın fiqhi və onun əshabı isə Misirdə idi. İmam əş-Şafi Misiri seçməklə ümumilikdə Misirin, xüsusən də İmam Leysin fiqhinə vaqif olmağı hədəf etmişdi, necə ki, İbn Əbi Hatim və əl-Beyhəqi sənədləri ilə İmam əş-Şafidən belə dediyini rəvayət edirlər: "Alimlərdən İbnu Əbi Zib və Leys bin Sad ilə görüşə bilmədiyimdən daha çox mənim üçün daha şiddətli bir üzüntü yoxdur."[49]

 

Həyatının son mərhələsi: Misirə səfəri və orada vəfat etməsi



Beləliklə yuxarıda zikr etdiyimiz səbəblər üçün və rahat  elmi əsərlər yazmaq üçün hicri 199-cu ildə İmam əş-Şafi o zamanın əlverişli məkanı olan Misirə gəlir. İmam Hafiz əl-Beyhəqi sənədi ilə ər-Rabi bin Süleyman əl-Muradidən belə rəvayət edir: "Nəsibeyndə (İraq və Şam arasında bir şəhər) İmam əş-Şafi ilə Misirə girməsindən öncə qarşılaşdım. Bir gün mənə belə dedi: "Misir əhlini hansı hal üzərə tərk etdin?" Dedim: "Onların bir qrupu İmam Malikin sözünə yönəlir, onu alaraq ona etimad edir, onu müdafiə edir, digər bir qrupu isə Əbu Hənifənin sözünə yönələrək ona etimad edir, onu müdafiə edirlər." əş-Şafi belə dedi: "Ümid edirəm ki, Misirə gedib onlara elə bir şey təqdim edim ki, hər iki sözdən (Malikin və Əbu Hənifənin məzhəbindən) daha çox onları məşğul etsin." ər-Rabi bin Süleyman deyir: "Allaha and olsun ki, Misirə girdiyində dediyi kimi etdi."[50]

Beləliklə İmam əş-Şafi Misirdə yazı yazma işinə başlayır, köhnə "ər-Risalə" kitabının təkmilləşdirilmiş forması olan günümüzdəki "ər-Risalə" əsərini və bir də yeni məzhəbi olaraq "əl-Umm" kitabını yazır. Hafiz əl-Beyhəqi sənədi ilə ər-Rabi bin Süleyman əl-Muradidən belə nəql edir:

"İmam əş-Şafi Misirdə dörd il qaldı. Min beş yüz vərəq yazdı[51]. (Bundan başqa) iki min vərəqdə də əl-Umm kitabını yazdı. Şiddətli şəkildə xəstələnməsinə baxmayaraq “əs-Sünən” kitabını və başqa bir çox şeyi də bu dörd ildə yazdı."[52]

İmam Əş-Şafinin Misirdəki ən məşhur tələbələrindən bəziləri bunlardır:

əl-Buveyti;O, Yusuf bin Yəhya əl-Buveytidir. Künyəsi Əbu Yaqubdur. İmam əş-Şafinin misirli tələbələrindən ən məşhuru, ən elmlisi və məzhəbin yayılmasında rolu ən çox olan bir zatdır. İmamın yeni məzhəbini yayan imamlardan biridir. əş-Şafi külliyyatında adı tez tez zikr olunur. Müctəhid dərəcəsinə çatmış bir imamdır. Bir çox əsərləri var. "Muxtəsaru-l-Buveyti", "əl-Fəraid" və başqa kitablarının adını çəkmək olar. Quranın məxluq olması barədə çıxan fitnədə əziyyət görən elm əhlindən biri o oldu. Buna görə tutularaq zindana salınmış, hicri 231-ci ildə əlləri və ayaqları qandallı halda zindanda vəfat etmişdir. İmam zindanda olarkən cümə azanını eşitdikdə qüsl alar, paltarını geyinərək cüməyə getmək üçün zindanın qapısına kimi gələrdi. Qapıdan çıxmaq istərkən zindanın işçiləri ona əngəl olardı. O da - "Allahım, mən Sənin carçının nidasına cavab verdim, mənə əngəl oldular" - deyərdi. Zühd əhli olması ilə tanınmışdı. İmam əş-Şafinin ən çox sevdiyi tələbəsi idi. Ər-Rabi bin Süleymanın da dediyi kimi İmam əş-Şafidən soruşulan bəzi məsələləri - "Əbu Yaqubdan soruşun, o, mənim dilimdir" - deyərək ona yönəldərdi. Cavab verdikdə isə cavabını İmam əş-Şafiyə bildirərdilər. İmam da - "Onun dediyi kimidir" - deyərdi. İmam əş-Şafi xəstələndikdə elm məclisindəki yerini əl-Buveyti tutardı.

Burada bir şeyə diqqət etmək lazımdır. İmam əl-Buveyti daha çox fəqih olmasına baxmayaraq məzhəbin yayılmasında İmam əş-Şafinin Misirli tələbələrindən olan əl-Muzəni və əl-Muradinin rolu əl-Buveytidən daha çox olmuşdur. Buna səbəb kimi onu göstərə bilərik ki, İmam əl-Buveytinin zindana düşməsi insanların ondan daha çox faydalanmasına əngəl oldu. Üstəlik digər iki imam onun vəfatından sonra otuz ildən çox yaşayıblar. Bu zaman fərqi də daha çox əmək sahibi olmağa şərait yaradırdı.

əl-Muzəni;O, İsmayıl bin Yəhya bin İsmayıl əl-Muzənidir. Künyəsi Əbu İbrahimdir. Məşhur hənəfi alimi ət-Tahavinin dayısıdır. əş-Şafinin yaxın tələbələrindən və məzhəbini müdafiə edib yayan alimlərdən biridir. Güclü münazərə qabiliyyəti ilə məşhurdur. Həmçinin zühdü və təqvası dillər əzbəri idi. Hicri 264-cü ildə vəfat edib. İbn Həcər əl-Asqaləni onun haqqında deyir: "Münazərədə və höccət gətirməkdə nümunə birisi idi. Həmçinin çox ibadət edən, elmiylə əməl edən, təvazökar, dərin mənaları bilən bir alim idi"[53]

Bir çox kitablar yazıb. Onlardan misal olaraq "əl-Muxtəsarul-Kəbir", "əl-Muxtəsarus-Sağir" kitablarını göstərmək olar. Lakin məşhur olanı "Muxtəsarul-Müzəni" kimi tanınan "əl-Muxtəsarus-Sağir" kitabıdir. Bu zat da mütləq ictihad dərəcəsinə çatmış bir alim olmuşdur.

ər-Rabi bin Suleyman əl-Muradi;O, ər-Rabi bin Suleyman bin Abdil-Cəbbar əl-Muradi’dir. Künyəsi Əbu Muhəmməddir. İmam əş-Şafinin yeni məzhəbini, eləcə də kitablarını rəvayət edən alimlərdən biridir. İmam əş-Şafinin öydüyü və Fustatda, böyük camidə müəzzin etdiyi zat odur. Gözəl səsi və zahirən gözəlliyi ilə məşhurdur. İmam əş-Şafi ilə birlikdə ribatda olmuş biridir. Zühd və təqvası ilə məşhurdur.

İmam əş-Şafinin digər üç imamdan fərqli olaraq məzhəbini üsul və fürusunu yazdığı kimi əl-Muradi də digər tələbələrdən fərqli olaraq İmam əş-Şafinin kitablarını birbaşa onun öz dilindən rəvayət etmişdir. Hafiz əl-Beyhəqi sənədi ilə əl-Muradinin belə dediyini zikr edir:

"Muhəmməd bin İdris əş-Şafi ilə Fustatdan İskəndəriyyəyə ribata getdim. Beş namazın beşini də böyük camidə qılırdı. Sonra posta dönərək üzü dənizə oturub gecə gündüz quran oxuyurdu. Ramazanda altımış dəfə Quranı xətm etdiyini saydım.[54]

İmam əş-Şafinin tələbələrinin bir çoxunun mütləq müctəhid səviyyəsinə çatmaları müəllimlərinin nə qədər geniş üfüqlü birisi olduğuna dəlildir, çünki o daima ictihada sahib olan tələbələrini ictihad etməyə sövq edərdi. Tələbələrinin ikisinin, Əhməd bin Hənbəl və Davud əz-Zahiri müstəqil məzhəb sahibi olması və digər tələbələrinin də mütləq ictihad dərəcəsinə çatması buna dəlildir.

 

Elm günəşinin batması: İmamın xəstələnərək vəfat etməsi

 

İmam əş-Şafi - radiyallahu anhu - Misirdə ağır xəstələnir. İbn Əbi Hatim və əl-Beyhəqi sənədləri ilə Yunus bin Abdil-Alədən belə dediyini rəvayət edirlər: "İmam əş-Şafinin tutulduğu xəstəlik kimi ağır bir xəstəliyə tutulan birisini görmədik. Yanına girdim və mənə dedi: "Ey Əbu Musa! Ali-İmran surəsindən yüz iyirminci ayədən sonrakı hissəni oxu! Qiraəti yüngül et!" Oxuyub getmək istərkən belə dedi: "Məndən çox aralı gəzmə, mən xəstəyəm."[55]

ər-Rabi bin Süleyman imamın xəstəliyini belə vəsf edir: "Çox ağır xəstə idi. Bəzən minikdə ikən ondan o qədər qan gəlirdi ki, şalvarı, miniyi və xufları qanla dolurdu."[56]

İmam əş-Şafi Allahın qədərindən razı bir qul idi. Heç bir zaman şikayət etməzdi. Hicri 204-cü ildə dünya daha bir müsibətini yaşadı, imamımız, günəşimiz, hədis, fiqh, təfsir, ədəb və digər elmlərin ustası, nəhəngi olan, təqva və zühd ilə dolu həyatını eşidənlərin qəlblərini nurla dolduran təqva çiçəyi İmam əş-Şafi 54 yaşında vəfat etdi.

Allah sənə rəhmət etsin ey İmam! Səni peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərlə birlikdə həşr etsin. Bizə də bu müsibətimizdə səbr versin! Səndən sonra sənin kimisi gəlmədi və gəlməyəcək! Rahiməkallahu va radiya anka. Amin!

 

Hazırladı:

Əşyab əl-Qubavi əş-Şafi

 


[1] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/81; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[2] “Təhzibul-Əsmə val-Luğat”, 1/44; İdəratut-Tibəatil-Muniriyyə, Qahirə, təsvir: Darul-Kutubil-İlmiyyə,

[3] İbn Abdil-Bərr, “əl-İntiqa fi Fədailil-Əimmətis-Sələsətil-Fuqaha”, səh: 117, Hələbdəki İslamı nəşrlər ofisi və Darul-Bəşəir əl-İsləmiyyə, Beyrut, birinci nəşr: 1417/1997; əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/86; Məktəbətu Darit-Turastrong Misir əhlini hansı hal üzərə tərk etdin?Allahım, mən Sənin carçının nidasına cavab verdim, mənə əngəl oldularps, Qahirə, birinci nəşr: 1390/1970

[4] “Şaz” deyildikdə anormal olduğu qəsd olunur.

[5] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/92; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[6] İbn Həcər, "Təvali ət-Təsis li Məali Muhamməd bin İdris", səh: 51; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1406/1986

[7] Eyni məsdər: səh: 54

[8] İbn Əbi Hatim, "Ədəbuş-Şafi va Mənaqibuhu”, səh: 106; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[9] Eyni məsdər: səh: 101

[10] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/49; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[11] Eyni məsdər: 2/44

[12] Eyni məsdər: 1/488; Cəməlud-Din əl-İsnəvi – rahiməhullah – İmam əş-Şafinin tərcümeyi-halında deyir: “Ərəblərin nəsəbi, onların tarixi və halları haqqında elmdə bir fenomen idi...” (“Tabəqatuş-Şafiiyyə”, 1/13; əl-İsnəvi)

[13] Eyni məsdər: 2/42

[14] İbn Əbi Hatim, "Ədəbuş-Şafi va Mənaqibuhu”, səh: 158; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[15] Eyni məsdər: səh: 157

[16] Qəsd olunan İmam əş-Şafidir.

[17] İbn Abdil-Bərr, “əl-İntiqa fi Fədailil-Əimmətis-Sələsətil-Fuqaha”, səh: 121, Hələbdəki İslamı nəşrlər ofisi və Darul-Bəşəir əl-İsləmiyyə, Beyrut, birinci nəşr: 1417/1997

[18] Bu sənəd İmam Malikin Nafidən, Nafinin Səlimdən və onun İbnu Ömərdən rəvayət etdiyi sənəddir

[19] İbn Abdil-Bərr, “əl-İntiqa fi Fədailil-Əimmətis-Sələsətil-Fuqaha”, səh: 121, Hələbdəki İslamı nəşrlər ofisi və Darul-Bəşəir əl-İsləmiyyə, Beyrut, birinci nəşr: 1417/1997

[20] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/101; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[21] Eyni məsdər: 1/102-103

[22] İbn Abdil-Bərr, “əl-İntiqa fi Fədailil-Əimmətis-Sələsətil-Fuqaha”, səh: 55, Hələbdəki İslamı nəşrlər ofisi və Darul-Bəşəir əl-İsləmiyyə, Beyrut, birinci nəşr: 1417/1997

[23] Eyni məsdər: səh: 155

[24] Anasının adı Üleyyə’dir.

[25] İbn Əbi Hatim, "Ədəbuş-Şafi va Mənaqibuhu”, səh: 34; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[26] Eyni məsdər: səh: 44-45

[27] İbn Abdil-Bərr, “əl-İntiqa fi Fədailil-Əimmətis-Sələsətil-Fuqaha”, səh: 125, Hələbdəki İslamı nəşrlər ofisi və Darul-Bəşəir əl-İsləmiyyə, Beyrut, birinci nəşr: 1417/1997

[28] Eyni məsdər, eyni səhifə

[29] İmam əş-Şafinin elmi

[30] Sufyan bin Uyeynənin hədis rəvayəti

[31] İbn Əbi Hatim, "Ədəbuş-Şafi va Mənaqibuhu”, səh: 33; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[32] Eyni məsdər: səh: 67

[33] İbn Həcər, "Təvali ət-Təsis li Məali Muhamməd bin İdris", səh: 90; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1406/1986

[34] Müasir zamanda İmam əş-Şafinin “ər-Risalə” kitabı onun Misirdə təkmilləşdirdiyi və tamamladığı şəklidir, yoxsa Bağdadda başladığı “ər-Risalə” kitabı onun ilk görüşlərini təmsil edirdi.

[35] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/225; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[36] Eyni məsdər: 1/224

[37] əş-Şafinin tələbələrindən biridir

[38] Eyni məsdər: 1/221

[39] Eyni məsdər: 2/277

[40] İbn Əbi Hatim, "Ədəbuş-Şafi va Mənaqibuhu”, səh: 43; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[41] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/226; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[42] Eyni məsdər: 1/301

[43] Eyni məsdər: 1/225

[44] Eyni məsdər: 1/226

[45] Qan aldırma

[46] Eyni məsdər: 1/231

[47] əl-Fəxr ər-Razi, “Mənaqibul-İməm əş-Şafi”, səh: 66; Məktəbətul-Kulliyətil-Əzhariyyə, Misir, birinci nəşr: 1406/1986

[48] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/524; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[49] Eyni məsdər: eyni səhifə; İbn Əbi Hatim, "Ədəbuş-Şafi va Mənaqibuhu”, səh: 23; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[50] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 1/238; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[51] Vərəq sayları oxucularımızı çaşdırmasın, beləki, o zamanın vərəqləri günümüzdəki vərəqlərdən daha çox şey əhatə edirdi. Yəni o zamankı bir vərəq günümüzdəki dörd-beş vərəqi və ya daha çox miqdarı əhatə edirdi.

[52] Eyni məsdər: 2/291

[53] İbn Həcər, "Təvali ət-Təsis li Məali Muhamməd bin İdris", səh: 255; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1406/1986

[54] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 2/158; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

[55] Eyni məsdər: 2/292; İbn Əbi Hatim, "Ədəbuş-Şafi va Mənaqibuhu”, səh: 57; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 2003/1424

[56] əl-Beyhəqi, “Mənaqibuş-Şəfi”, 2/291; Məktəbətu Darit-Turas, Qahirə, birinci nəşr: 1390/1970

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.