İslam alimləri

Əbu Əhməd əl-Kəraci əl-Qassab (?-360)

Əbu Əhməd Muhamməd bin Əli bin Muhamməd əl-Fəqih əl-Kəraci, daha çox əl-Qassab ləqəbi ilə tanınır. Döyüşlərdə çoxlu kafir əskəri qətl etdiyinə görə qəssab ləqəbini qazanmışdır. əl-Kəraci adlanması Kərac şəhərinə nisbət edilməsi səbəbilədir. Kərac isə Həmədan ilə İsfəhan arasında yerləşən kiçik bir şəhərdir. Tarixi əsərlər onun doğum tarixi haqqında məlumat vermir. Lakin bilirik ki, şeyxi Cafər bin Əhməd bin Fəris hicri 289-cu ildə, digər şeyxi Abdullah bin əs-Sabbəh əl-Əsbəhəni hicri 294-cü ildə vəfat edib. Bu isə onun təxminən hicri 280-ci illərə yaxın bir zamanda doğulduğunu göstərir. Tarixi məsdərlər həmçinin onun yetkinlik dövrü haqqında da geniş məlumat vermir, lakin bilirik ki, Kərac şəhərində yaşayıb və ailəsi bir elm ailəsi olmuşdur, çünki onun atası mühəddislərdən biri idi və Əli bin Hərb ət-Tai’nin tələbələrindən idi. Haqqında yazanların sözlərindən anlaşılır ki, ömrünün gəncliyində tez-tez Allah uğrunda döyüşlərdə iştirak etmişdir, belə ki, tərcümeyi-halını yazan bir çox elm əhli onu “mücahid” olaraq vəsf ediblər. Şeyxləri arasında Cafər bin Əhməd bin Fəris, əl-Həsən bin Yezid əd-Dəqqaq, Həməveyh bin Muhamməd Əbu Cafər əl-Əsbəhəni, Abdullah bin əs-Sabbəh əl-Bəzzər əl-Əsbəhəni, Abdur-Rahmən bin Muhammə bin Sələm ər-Razi, atası Əli bin Muhamməd əl-Kəraci, Muhamməd bin İbrahim bin Ziyad bin Abdilləh ət-Tayəlisi ər-Razi, Əbu Abdilləh Muhamməd bin Əhməd bin əl-Valid əs-Səqafi əl-Mədini, Muhamməd bin əl-Hüseyn bin Muhamməd əl-Əsbəhəni, Əbu Cafər Muhamməd bin Zəkəriyyə əl-Quraşi, Muhamməd bin əl-Abbas bin Əyyub bin əl-Əxram əl-Fəqih, Muhamməd bin Abdil-Ğaffər əl-Varaqani kimi alimlər vardır. Tələbələri içindən yalnız oğlu Əbul-Həsən Əli bin Muhamməd əl-Kəraci, digər oğlu Əbul-Fərac Ammər bin Muhamməd əl-Kəraci və Əbu Mənsur əl-Muzaffər bin Muhamməd əl-Bərucərdi adları ilə qeyd olunublar. Digər tələbələri haqqında məlumat yoxdur. Bu böyük alim özündən sonra çoxlu əsər tərk etmişdir, lakin onun “Nukətul-Quran” kitabından başqa digər əsərləri ya itmişdir, ya da üzə çıxmamışdır. Onun əqidə barəsində yazdığı “əs-Sünnə” adlı kitabından əz-Zəhəbi “Siyər Əaləm ən-Nubələ” və “Təzkiratul-Huffəz” kitabında nəql edir. Həmçinin əl-Hafiz İbn Abdil-Hədi “Tabəqatul-Muhəddisin” kitabında nəql edib. Bu kitabın İbn Teymiyyə, əz-Zəhəbi və İbnul-Qayyimin işarə etdikləri “Aqidətu Əbu Əhməd əl-Kəraci” adlı kitab olması da möhtəməldir. əl-Qassab hafiz bir alim olub və onu hafiz olaraq əs-Safədi, əz-Zəhəbi, İbn Həcər, İbn Abdil-Hədi, əs-Suyuti kimi alimlər vəsf ediblər. Əbul-Həsən əl-Kəraci və əs-Səm’ani onu həmçinin fəqih olaraq vəsf ediblər. əs-Safədi onun haqqında deyir: “Hafizdir və imamlardan biridir.” İbn Həcər deyir: “Hafiz idi və çox şücaətli idi.” əs-Suyuti deyir: “Hafizdir, imamdır və mücahiddir.” Həm əqidədə, həm də fiqhdə hədis əhlinin məzhəbi üzərində olmuşdur və hər hansı bir məzhəbi təqlid etməmişdir. İmam əş-Şafi’nin “ər-Risələ” kitabına sahib idi və zamanının bir çox imamının kitabından faydalanmışdı. Tarix əsərləri onun dəqiq ölüm tarixini qeyd etmir, lakin qeyd olunanlardan anlaşılır ki, hicri 360-cı il və ya daha əvvəl vəfat etmişdir. Beləliklə onun təxminən səksən il yaşadığını demək olar. Allah ona rəhmət etsin!

Əbu Muhamməd əl-Həsən əl-Bərbəhəri (252-329)

Əbu Muhamməd əl-Həsən bin Ali bin Xaləf əl-Bərbəhəri öz zamanında hənbəlilərin şeyxi olub. əl-Bərbəhəri adı “bərbəhər” sözünə nisbət olaraq verilib və bu, Hindistandan gətirilən ədviyyat adıdır. Bu cür ədviyyatları gətirənlərə “bərbəhəri” deyərdilər.[1]

 

Tarixi qaynaqlar onun doğum tarixi barədə bir məlumat vermir, lakin onun hicri 329-cu ildə vəfat etməsi barədə qaynaqlar arasında razılıq vardır. Onun 76 və ya 77 il yaşadığı qeyd olunub və buna əsaslanaraq onun ya 252-ci ildə, ya da 253-cü ildə doğulduğunu demək olar. Lakin Mucirud-Din əl-Uleymi onun 96 il yaşadığını deyir və buna əsaslansaq onun 233-cü ildə doğulduğunu söyləməliyik. Lakin əvvəlki tarix daha möhtəməldir.

 

əl-Bərbəhəri elm təhsilində İmam Əhmədin əshabından bir çox zatdan elm öyrənmişdir. Onlardan ikisini burada qeyd edirik:

 

  1. Əhməd bin Muhamməd bin əl-Həccəc bin Abdil-Aziz Əbu Bəkr əl-Mərruzi; İmam Əhmədin ən öncül tələbələrindən biridir, çünki təqvası və fəzilətinə görə seçilirdi. İmam Əhməd onunla yoldaşlıq edərdi. İmam Əhməd öldükdə onun gözünü bağlayan və onu yuyan da məhz əl-Mərruzi olmuşdur. Hicri 275-ci ildə vəfat edib.
  2. Əbu Muhamməd Səhl bin Abdilləh bin Yunus bin İsa bin Abdilləh ər-Rafi ət-Tustəri; məşhur bir salehdir, çoxlu moizələr və kəramətlər sahibidir. Hicri 283-cü ildə vəfat edib.

 

əl-Bərbəhəri’nin çoxlu tələbələri olub və bir çox böyük alim onun əlindən elm almışdır. Onun tələbələri arasında böyük imamlar vardır. Onlardan bəzilərini burada zikr edək:

 

  1. Ubeydullah bin Muhamməd bin Muhamməd bin Həmdən bin Bəttah əl-Ukbəri Əbu Abdilləh əl-Bətti; böyük imam, fəqih və mühəddis olmuşdur. Hənəfi fəqihlərindən biridir. Məşhur “əl-İbənə əl-Kubra” kitabı ona aiddir. Hicri 387-ci ildə vəfat edib.
  2. Əhməd bin Kəmil bin Xaləf bin Şəcərah əl-Qadi Əbu Bəkr; hicri 260-cı ildə doğulub və hicri 350-ci ildə vəfat edib. Əhkam, Quran elmləri, nəhv, şer və tarix alimi olub və bu fənlərdə kitablar yazıb.
  3. Muhamməd bin Əhməd bin İsmayıl əl-Bəğdədi Əbul-Hüseyn bin Səm’un; böyük imam və vaiz sahibi idi. Hicri 387-ci ildə vəfat edib.

 

İbn Əbi Yalə - rahiməhullah – İbn Bəttah’dan belə dediyini nəql edir: “Həcc zəvvarları tutulduqda əl-Bərbəhərini belə deyərkən eşitdim: “Ey insanlar! Əgər yüz min dinar kömək lazımdırsa – və yüz min dinarı beş dəfə dedi – ona kömək edərəm.” İbn Bəttah deyir: “Əgər maddi dəstək istəsəydi onu insanlardan əldə edərdi.”

 

İbn Əbi Yalə onun haqqında deyir: “Tayfanın[2] öz zamanındakı şeyxidir və bidəti inkar etməkdə, bidət əhlinə qarşı əl və dil ilə çıxmaqda onların içində ən öndəri idi. Onun sultan yanında hörməti var idi və əshabımız yanında da yeri var idi. Arif imamlardan, üsul elmini gözəl bilənlərdən, mötəbər möminlərdən biri idi.”

 

İbn Kəsir deyir: “Alim, zahid, hənbəli fəqihi və vaiz olmuşdur...bidət və günah əhlinə qarşı sərt idi. Yüksək hörmətə sahib idi, ona hər adlı-sanlı insanlar, həm də adi insanlar təzim göstərərdi.”

 

əz-Zəhəbi deyir: “Hənbəlilərin şeyxi, nümunə, imam... fəqih idi. Hər zaman haqqı söyləyərdi və sünnətə çağırardı. Allah uğrunda heç kəsin qınağından qorxmurdu.”

 

İbn Əbi Yalə “ət-Tabəqat”da deyir: “əl-Bərbəhəri’nin din uğrunda çoxlu çalışmaları və məqamları var idi. Müxaliflər sultanın qəlbini ona qarşı sərtləşdirirdilər. 321-ci ildə, əl-Qahir’in xilafətində vəziri İbn Muqlə onu həbs etməyə çalışdı, beləliklə o, gizləndi. Onun ən böyük tələbələrindən bir qrup kəs tutuldu və Basra şəhərinə aparıldı. Allah da İbn Muqlə’ni bu əməlinə görə cəzalandırdı, belə ki, əl-Qahiri ona qarşı qəzəbləndirdi və İbn Muqlə qaçdı və əl-Qahir onu vəzirlikdən çıxardı və evi yandırıldı. 322-ci ilin cumədəl-axira ayının altısı çərşənbə günü əl-Qahir  Billəh tutuldu, həbs olundu və vəzifəsindən endirildi. Həmin gün hər iki gözü də çıxarıldı, hətta hər ikisi də töküldü və kor oldu. Sonra Allahu Təalə lütfünü göstərdi və əl-Bərbəhəri bir daha öz hörmət və şərəf məqamına geri döndü. Üstəlik bu hörməti o qədər artdı ki, Niftaveyh adı ilə tanınan Əbu Abdilləh bin Arafə[3] öldükdə onun cənazəsində din və dünya adamlarının ən görkəmliləri iştirak edirdi və onların camaatlarında imamlıq üçün önə keçirilmiş kəs əl-Bərbəhəri idi. Bu, 323-cü ildə ər-Radi’nin xilafəti zamanında səfər ayında olmuşdu. Bu ildə əl-Bərbəhərinin hörməti daha da artdı, sözü yüksəklərə qalxdı və tələbələri üzə çıxdılar, çoxaldılar və bidətçiləri inkar etmək üçün ətrafa yayıldılar. Bizə çatan xəbərə görə əl-Bərbəhəri bir dəfə (Bağdad şəhərinin) qərb tərəfindən keçirdi. Birdən asqırdı və tələbələri “Allah sənə rəhm etsin!” dedilər. Səsləri o qədər ucadan çıxdı ki, xəlifə balkonunda durarkən eşitdi və nə baş verdiyini soruşdu. Ona xəbər verdilər və bu, onu qorxutdu. Bidətçilər hər zaman ər-Radi’nin qəlbində əl-Bərbəhəriyə qarşı nifrət oyatmağa çalışırdılar. ər-Radi polislərin böyüyü Bədr əl-Xarşəni’yə əmr edərək Bağdadın hər yerində belə elan edilməsini tələb etdi ki, əl-Bərbəhəri’nin tələbələrindən iki nəfər belə bir arada toplaşa bilməz. Bundan sonra əl-Bərbəhəri gizləndi, əvvəl qərb tərəfdə “Bəb Muhavval”da yaşayardı, sonra gizlənərək şərq tərəfə köçdü. 329-cu ilin rəcəb ayında gizli yaşadığı vəziyyətdə vəfat etdi.

 

Muhamməd bin Həsən əl-Muqri mənə rəvayət edərək dedi: babam və nənəm mənə rəvayət edərək dedilər: Əbu Muhamməd əl-Bərbəhəri şərq tərəfdə “Dərb əl-Həmməm”də, “Dərbus-Silsilə” küçəsində Tuzun’un bacısının evində gizlənmişdi. Orada təqribən bir ay qaldı. Sonra qan xəstəliyinə tutuldu. əl-Bərbəhəri onun yanında gizli yaşadığı halda ölərkən Tuzun’un[4] bacısı xidmətçisinə dedi: “Onu yuyacaq birini tap!” Yuyan biri gəldi və onu yudu və qapını bağladı ki, heç kəs bilməsin. Duraraq onun üçün tək cənazə namazı qıldı. Evin sahibi (Tuzunun bacısı) boylandı və evin üzərində ağ və yaşıl paltarlar olan kişilərlə dolu olduğunu gördü. (əl-Bərbəhərini yuyan şəxs) salamları verdikdə (Tuzunun bacısı evdə) heç kəsin olmadığını gördü və xidmətçisini çağırdı və dedi: “Ay Həccəm! Məni qardaşımın yanında həlak etdin!” Dedi: “Ey xanımım, mənim gördüyümü sən də gördünmü?” (Xanım) dedi: “Bəli!” Dedi: “Budur qapının açarları və qapı bağlıdır.” (Xanım) dedi: “Onu mənim evimdə dəfn edin və əgər mən ölsəm məni də onun yanında qübbə evində basdırın! Onu qadının evində basdırdılar və qadın ondan bir müddət sonra öldü və həmin yerdə basdırıldı. Üstündən zaman keçdi və türbəyə çevrildi və ora “əl-Məxarram”da “Darul-Məmləkə”nin yanındadır.[5][6]

 

İmam əl-Bərbəhəri hicri 329-cu ildə vəfat etmişdir.

 


[1] Bunu Əbu Sad əs-Səm’ani “əl-Ənsəb” kitabında (1/307) və İbnul-Əsir “əl-Lubəb fi Təhzib əl-Ənsəb” kitabında (1/133) zikr edir.

[2] Yəni hənbəlilərin

[3] O, İbrahim bin Muhamməd bin Arafə əl-Atəki’dir. Məşhur dil alimi və mühəddisdir. Zahiri məzhəbindən olub və Davud əz-Zahirinin özündən elm almışdır. əl-Hafiz əz-Zəhəbi’nin dediyinə əsasən zahirilərin rəyində avtoritet idi.

[4] Tuzun zamanındakı abbasi xəlifəsinin vəziri idi. Hicri 334-cü ildə vəfat edib.

[5] Bu hekayənin həqiqətini yalnız Allah bilir. Lakin belə bir imamın ölüsünü yumaq üçün heç bir kimsənin tapılmaması və ölüsü üzərində yalnız bir nəfərin cənazə qılması çox qəribədir. İşin həqiqətini Allah bilir.

[6] “Tabəqat əl-Hənəbilə”, 3/77-80

 

İmamul-Harameyn əl-Cuveyni (419-478)

O,  Abdulməlik bin Əbi Muhəmməd Abdillah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafidir. Əbu-l-Məali, İmamu-l-Hərameyn, zamanının nadiri, imamı, fəqihi və üsulçusudur. Şafi üləmasındandır. Şafi məzhəbinə dair fiqh kitablarında “İmam” zikr olunduqda o qəsd olunur. Hicri 419-cu ildə dünyaya gəlib. Atası Əbu Muhəmməd əl-Cuveyni də dövrünün fəqihlərindən və fəzilət sahiblərindən idi.

Elmi atası Əbu Muhəmməd əl-Cuveyni, İskaf əl-İsfəraini, Əbu Abdillah əl-Xabbazi, Əbu Nəim əl-İsfahani, Xorasanda şafilərin şeyxi olan Qazi Hüseyn əl-Mərvəzidən və bir çox üləmadan almışdır.

Tələbələri arasında Hüccətul İslam Əbul-Həmid əl-Ğazali, İbnul-Muzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnul-Quşeyri və başqa bir çox fəzilətli zatlar yer alır.

Əsərləri arasında şafi məzhəbinin üsulu barəsində yazılmış “əl-Burhan”, “ət-Təlxis”,”əl-Varaqat”, məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan “Nihayətu-l-Mətləb” kitabı, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur.

Əbu İshaq əş-Şirazi buyurur: “Bu imamdan faydalanın, o zamanın bəzəyidir”.

Əbu Osman əs-Sabuni demişdir: “Allah pislikləri bu imamdan uzaqlaşdırmışdır”

İmam Zəhəbi buyurur: “Böyük imam, şafilərin şeyxidir.”

Əbu-l-Həsən əl-Bəxarzi buyurur: “Fiqhi əş-Şafinin fiqhi, ədəbiyyatı əl-Əsmainin ədəbiyyatı, gözəl vəzi əl-Həsənu-l-Bəsrinin vəzidir.”

İmam hicri 478-ci ildə vəfat etmişdir. Allah rəhmət etsin! Amin!

 

Abdul-Qadir ibn Bədran

Böyük təfsir, fiqh və üsul alimi Alləmə Abdul-Qadir bin Əhməd bin Mustafə bin Abdir-Rahim bin Muhamməd bin Abdir-Rahim bin Bədran əs-Sədi əd-Dumi əd-Diməşqi öz zamanında Şamda hənbəlilərin şeyxi olmuşdur. Özünü həmçinin hənbəli və əsəri olaraq tanıtdırmışdır. əs-Sədi onun Bənu Səd qəbiləsinə nisbəti ilə bağlıdır. “Təhzib Tərix İbn Asəkir” kitabının çox hissəsində əslinin o qəbilədən olduğunu və əsdadlarının Məkkədən gəldiyini söyləyir. əd-Dumi isə doğulduğu Dumə şəhərinə nisbətidir. Dumə şəhəri Suriyada Rifq Diməşq əyalətinin mərkəzi şəhəridir. əd-Diməşqi isə daha ümumi nisbətdir və həyatının çox hissəsini Dəməşq şəhərində keçirmişdir. Öz ataları kimi o da İbn Bədran adı ilə tanınmışdır. Hicri 1265-ci ildə (miladi 1848) Dumə şəhərində doğulub.

 

Erkən yaşlarından elm təhsil etmişdir. Öz əsrinin ən məşhur şeyxlərindən elm öyrənmişdir. Onların arasında babası Mustafa, sonra Şamın şeyxi və alimlərinin başçısı Şeyx Səlim bin Yəsin əl-Attar əş-Şafii və məşhur haşiyənin sahibi İbn Abidin’in oğlu Aləud-Din Abidin də vardır. Müəllimləri arasında həmçinin Alləmə Muhamməd bin Mustafə əl-Əzhəri, Şeyx Əhməd bin Həsən əş-Şəti, Muhamməd bin Yəsin əl-Attar, hədis alimi Muhamməd Bədrud-Din əl-Həsəni və Əzharın şeyxi Muhamməd əl-Ənbəbi kimi elm əhli olmuşdur. Çox arxalandığı ən məşhur şeyxlərindən biri Dumə xatibi olaraq tanınan Şeyx Muhamməd bin Osman əl-Hənbəli olmuşdur. İbn Osman əl-Hənbəli hicri 1308-ci ildə Mədinədə vəfat edir.

 

Öz zamanında Nəcd və Küveytdəki hənbəli alimləri ilə çox sıx bağları olmuşdur. İbn Qudamə’nin “Raudatun-Nəzir” kitabını nəcdlilərin tələbi ilə şərh etmiş və yenə onlar üçün miras elmində “əl-Bədarniyyə Şərhul-Mənzumətil-Fəridiyyə” kitabını yazmışdır. Həmçinin Küveytin məşhur alimi, “Mənarus-Səbil” kitabının müəllifi Şeyx Abdullah bin Xaləf bin Duheyyən ilə çox sıx əlaqəsi olmuşdur. Bir-biriləri ilə yazışardılar və fiqhi məsələlərdə yazışma yolu ilə müzakirə edərdilər. Hətta Şeyx İbn Bədran ona İbn Duheyyən tərəfindən göndərilmiş sualların cavabı olaraq ayrıca bir kitab yazmışdır.

 

İbn Bədran üsul, ədəb, tarix, hədis sahəsində çox bariz bir alim idi. Müxtəlif elm növlərində alim idi, Kitab və sünnəti gözəl bilirdi. Usulud-Din və Usulul-Fiqh elmində xüsusilə seçilirdi. Ailəsi əsasən şafii alimlərindən ibarət olduğu üçün ömrünün ilk əvvəlində şafii olmuşdur, lakin daha sonra hənbəli məzhəbinə keçərək öz zamanının ən böyük hənbəli alimlərindən biri olur. Şeyx İbn Bədran digər məzhəblərin fiqhini də gözəl bildiyi üçün fətvalarında müxtəlif məzhəblərin görüşünə də asanlıqla toxuna bilirdi. Əmir Abdul-Qadir əl-Cəzəiri onu gözəl tanıyırdı və Dəməşq vilayətində mətbəədə redaktor olaraq təyin olundu, daha sonra müəllim oldu. Daha sonra isə hənbəlilər üçün mufti məqamına gətirildi. Dəməşqin qəzetlərində yazardı. əz-Zirikli qeyd edir ki, orta yaşlarında görmə qabiliyyəti zəifləmişdi və son illərində iflic olmuşdu. “Tərixus-Sahafətil-Arabiyyə”də isə zikr olunur ki, hicri 1327-ci ildə “Məvaridul-Hikmə” adlı qəzet nəşr etdirirdi.

 

Avam camaata elm çatdırmaq üçün və şəhərə gələ bilməyən tələbələrə öyrətmək üçün Dəməşqin kəndləri arasında gəzərdi. Bu kəndlərin əhalisinin çoxu hənbəli idi. O zaman Rusiya ərazisində yerləşən Kazandan elm tələbələri onun yanına gələrdi və yaşadıqları problemlər haqqında soruşardılar. Bir müddət öz ölkəsi Dumədə dərs verdi, daha sonra 1314-cü ildə Dəməşqə köçür. Orada “əl-Cami əl-Əməvi”də “ən-Nəsr” qübbəsi altında təfsir, hədis və fiqh dərsi verməyə başladı. Daha sonra Abdullah Paşa məktəbinə köçür.

 

Bir çox əsərlərin və kitabların müəllifidir. Lakin onlardan bəzilərini tamamlaya bilməmişdir və bunun müxtəlif səbəbi var idi. Kitablarından bəziləri dəsrləri ilə bağlı olduğu üçün dərslərinin qurtarması səbəbilə kitabları tamamlanmamışdır. Ömrünün son illərində sağ tərəfi iflic olduğu üçün sol əlindən istifadə edərək kitablarını tamamlamağa çalışmışdır. Təfsir sahəsində “Cəvahirul-Əfkər va Məadinul-Əsrar” kitabını yazmış, lakin tamamlaya bilməmişdir. Hədis sahəsində ən-Nəsai’nin “əs-Sunən” kitabına şərh yazmış və tamamlaya bilməyib. İmam Əhmədin üç ravidən ibarət sənədli hədislərini “Şərh Sələsiyyət Musnədil-İməm Əhməd” adı ilə, Hafiz Abdul-Ğani əl-Maqdisi’nin “Umdətul-Əhkəm” kitabını “Məvaridul-Əfhəm min Səlsəbil Umdətil-Əhkəm” adı ilə, Hafiz Abdul-Azim əl-Munziri’nin qırx hədisini “Şərhul-Arbəin Hədisən əl-Munziriyyə” adı ilə, əl-Qadai’nin ədəb hədislərini topladığı “əş-Şihəb” kitabını şərh etmişdir. Təvhid sahəsində İbnul-Qayyimin “ən-Nuniyyə” qəsidəsini şərh edib. Usulul-Fiqh sahəsində İbn Qudamənin “Ravdatun-Nazir va Cunnətul-Munazir” kitabını şərh edib və hənbəli məzhəbi haqqında “əl-Mədxal ilə Məzhəb Əhməd bin Hənbəl” kitabını yazıb. Fiqhdə əl-Buhuti’nin “Muntəhə əl-İradət” kitabına yazdığı şərhə haşiyə yazıb. Həmçinin “Şərh Zadil-Mustəqni”  və “Əxsarul-Muxtəsarat” kitablarına haşiyə yazıb. Şeyx Muhamməd əl-Bəlbəni’nin “Muxtəsar əl-İfədət” kitabına qeydlər yazıb. “Durratul-Ğavas fi Hukmiz-Zəkəti bir-Rasas”, “əl-Bədraniyyə Şərhul-Mənzumətil-Fəridiyyə”,”Kifəyətul-Murtəqi ilə Fəraidil-Xiraqi”, “əl-Uqud əl-Mərcəniyyə fi Cidil-Əsilətil-Qazəniyyə”, “əl-Uqud əl-Yəqutiyyə fi Cidil-Əsilətil-Kuveytiyyə”, “əl-Fəridə əl-Lu’lu’iyyə fil-Uqudil-Yəqutiyyə” kitablarının da müəllifidir. Ədəb və əxlaq sahəsində İbn Qudamənin vəsvəsə əhli haqqında yazdığı risaləsini şərh edib, Əhməd əl-Mənini’nin “əl-Fəraid əs-Sunniyyə fil-Fəvaidin-Nəhviyyə” kitabını “əl-Ədəb əl-Mutaləə” adı altında qısaltmış və bəzi şeylər əlavə etmişdir. Bu mövzuda həmçinin “Səbilur-Rəşad ilə Həqiqatil-Vaz val-İrşəd”, “Divan Xutab Minbəriyyə” kitablarını yazıb. Tarixdə “Zeyl alə Tabəqat əl-Hənəbilə”, “Təhzib Tərix Diməşq”, “Təlxisud-Dəris fil-Mədəris”, “Munədəmətul-Ətləl” və “əl-Əsərud-Diməşqiyyə val-Məahidul-İlmiyyə” adlı kitabların müəllifidir. Ərəb dili elmində “İydahul-Məalim fi Şərhil-Əlfiyyəti Libnin-Nəzim” kitabını yazıb və buradakı əlfiyyə ilə İbn Məlikin “Əlfiyyə”si qəsd olunur. “Təsliyətul-Kəib an Zikral-Həbib” adlı şer divanı vardır.

 

Bir çox alim Şeyx İbn Bədranın əli altında böyümüş və ondan elm almışdır. Onların arasında ən barizlərindən bəziləri bunlardır: “əl-Əaləm” kitabının sahibi, məşhur tarixçi Xayrud-Din əz-Zirikli, məşhur ədib Muhamməd Səlim əl-Cundi, Şeyx Muhamməd Saleh əl-Aqqad əş-Şafii, tarixçi Muhamməd Əhməd Dəhəmən, Şeyx Abdul-Həlim bin Əli əl-Məğribi əl-Cəzəiri.

 

Alləmə Şeyx Abdullah bin Xaləf bin Duheyyən əl-Hənbəli onun haqqında deyir: “Alləmə Şeyx Abdul-Qadir bin Əhməd Bədran, əl-Əməvi camisinin müəllimi, Suriya torpaqlarında hənbəlilərin şeyxi, Şamın mühəddisi, Dəməşqdə “ər-Riyasə əl-İlmiyyə”nin üzvlərindən biri...

Muhibbud-Din əl-Xatib onun vəfatını “əl-Fəth” jurnalında zikr edərkən deyir: “O, fəzilətli alimlərdəndir...

 

Şeyx İbn Bədran hicri 1346-cı ildə (miladi 1927/9/25) rabius-səni ayında “əl-Ğurabə” adlanan xəstəxanada vəfat etmiş və Dəməşqdə “əl-Bəb əs-Sağir” məqbərəsində dəfn olunmuşdur. Allah ona rəhmət etsin!

 

Şəmsud-Din əs-Səffərini (1114-1188)

O, Şəmsud-Din Əbul-Aun Muhamməd bin Əhməd bin Səlim bin Süleyman əs-Səffərini ən-Nəblusi əl-Hənbəli’dir. Kunyəsinin Əbu Abdilləh də olduğu deyilmişdir.

Fələstindəki Nəblus bölgəsindəki kəndlərdən biri olan Səffərin kəndində hicri 1114-cü ildə doğulub və orada böyüyüb. On yeddi yaşında elm tələbinə başlayır. Quranı öyrənməyə başlayır və onu əzbərləyir. Sonra digər elmləri öyrənməyə qədər qoyur və uzun zaman bu elmlərlə məşğul olur.

On doqquz yaşı olanda elm tələbi üçün Dəməşq şəhərinə səfər edir. Orada yerləşir və beş il qalır. Oranın ən böyük alimlərindən dərs alır və onlardan faydalanır. Orada Abdul-Qadir ət-Təğləbi’dən “Dəlilut-Talib” kitabını, Şeyx Musa əl-Hicəzi’dən “əl-İqna” kitabını öyrənir. Abdul-Ğani ən-Nəblusi, Muhamməd bin Abdir-Rahmən əl-Ğazzi, Abdus-Sələm bin Muhamməd əl-Kəmili, Mulla İlyas əl-Kurani, Şeyx İsmayıl bin Muhamməd əl-Acluni, Şeyx Əhməd bin Əli əl-Mənnini və digər zatlardan elm alır.

Daha sonra həcc edir. Mədinədə Muhamməd Həyat əs-Sindi’dən hədis alır. Məzhəbin şeyxlərindən Mustafa bin Abdil-Həqq əl-Lubədi, Taha bin Əhməd əl-Lubədi, Mustafa bin Yusuf əl-Kərmi, Abdur-Rahim əl-Kərmi, Şeyx əl-Muammər əs-Seyyid Həşim əl-Hənbəli, Şeyx Muhamməd əs-Səlqini və başqalarından elm alır.

Bu böyük alim öz zamanında kitab yazan alimlərdən olur və elmin yayılmasında xüsusi xidmətə sahib idi. Onun əli altında çox sayda alim yetişmişdir. Çoxlu ibadət edən, hörmət və izzətə sahib bir elm əhli olub. İnsanlar onu çox sevərmiş.

Yazdığı kitablar arasında ən məşhurlarını belə saymaq olar: “Ğizəul-Əlbəb fi Şərhi Mənzumətil-Ədəb”, “Şərhu Sələsiyət Əhməd”, “Məaricul-Ənvar fi Siratin-Nəbiyyil-Muxtar”, “əl-Buhur əz-Zəxira fi Ulumil-Axira”, “Kəşful-Lisəm fi Şərh Umdətil-Əhkəm”, “Nətəicul-Əfkər fi Şərh Hədis Seyyidil-İstiğfər”, “Ləvaqi əl-Əfkər əs-Sunniyyə fi Şərh Mənzumətil-İməm Əbi Bəkr bin Əbi Davud əl-Həiyyə” və digər kitabları mövcuddur.

əs-Səffərini hicri 1188-ci ildə şəvval ayının səkkizi, bazar ertəsi günü yetmiş dörd yaşında öz vətənində vəfat etdi.

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.