İslam alimləri

Əbu Şəmə Abdur-Rahmən əl-Məqdisi (599-665)

Adı və nəsəbi:

 

Abdur-Rahmən bin İsmail bin İbrahim ibn Osman bin Əbi Bəkr ibn Abbas, əslən Qüds şəhərindən olduğu üçün əl-Məqdisi, Dəməşqdə doğulduğu üçün əd-Diməşqi olaraq tanınır. Məzhəbdə bir şafi’idir, böyük hafizdir, mühəddisdir, alimdir, fəqihdir, Quran qiraətləri, ərəb dilinin qrammatikası üzrə mütəxəssisdir, böyük bir üsul alimidir. Əbu Şəmə adı ilə tanınmışdır. Şəmə ərəb dilində xal deməkdir və sol qaşının yuxarısında böyük bir xal olduğu üçün Əbu Şəmə deyilib. Əbu Muhamməd və Əbul-Qasim kunyəsi ilə çağırılardı.

 

 

Doğum tarixi:

 

Alimlər onun doğum tarixi barəsində ixtilaf ediblər. Çox alimə görə hicri 599-cu ildə doğulub və bu cür düşünən alimlərin arasında İbn Kəsir, əz-Zəhəbi, Cələlud-Din əs-Suyuti, Muhamməd bin əl-Cəzəri və əd-Dəvudi yer alır. Muhamməd bin Şəkir əl-Kətəbi’yə görə hicri 567-cı ildə doğulub.  Təcud-Din əs-Subki isə onun hicri 589-cu ildə doğulduğunu deyir.

 

 

Şeyxləri:

 

əl-Buxari’nin “əs-Sahih” kitabını Davud bin Mulə’ib və Əhməd bin Abdilləh əl-Attar’dan eşidib. İmam əş-Şafi’nin müsnədini Muvaffəqud-Din bin Qudəmə’dən eşidib. Şeyxul-İslam İzzud-Din bin Abdis-Sələm, əl-Fəxr İbn Asəkir və əs-Seyf əl-Əmidi kimi böyük alimlərdən dərs alıb. Qiraətlərin hamısını Şeyx İlmud-Din əs-Səxavi’nin yanında cəm etmişdir.

Elm tələbi üçün yola düşmüş və İskəndəriyyə şəhərinə səfər edərək Şeyx Əbul-Qasim İsa bin Abdil-Aziz və başqalarından elm öyrənmişdir.

 

 

Tələbələri:

 

Şeyx Şihəbud-Din Hüseyn əl-Kəfri, Şeyx Əhməd əl-Ləbbən, Zeynud-Din Əbu Bəkr İbn Yusuf əl-Mizzi və bir qrup alim ondan Quranın qiraətlərini öyrəniblər.

əl-Xatib bin Burhənud-Din əl-İskəndərani, Şeyx Şərəfud-Din əl-Fizəri əl-Xatib və başqaları onun yanında “əş-Şatibiyyə”nin şərhini öyrəniblər.

 

 

Elmi dərəcəsi və kitabları:

 

Əbu Şəmə’nin bariz bir elmi statusu olmuşdur, onun bu statusu əl-Məlik əl-Əşraf Musa bin əl-Məlik əl-Adil’in türbəsində qiraətdə şeyxlik etmişdir. Həmçinin Darul-Hədis əl-Əşrafiyyə’də şeyxlik etmişdir. Çox dəqiq zəkaya, zəngin elmə malik idi, bununla belə təvazökar bir kimliyə sahib idi.

İbn Kəsir deyir: “İlmud-Din əl-Bərzəli əl-Hafiz mənə Şeyx Təcud-Din əl-Fizəri’dən onun belə dediyini nəql etdi: “Şeyx Şihəbud-Din Əbu Şəmə ictihad rütbəsinə çatmışdı və onun zamanında şəxsiyyətində, dindarlığında, iffətində və əmanətində özü kimi biri yox idi.”

Bir çox elmdə kitablar yazmış, fiqhdə ustalığını qələmi ilə göstərmiş, dərs vermiş və fətva vermişdir. Ərəb dilində zirvələr fəth edərək və “əş-Şətibiyyə” kitabına nəfis bir şərh yazmışdır. “Tərixu Diməşq” kitabını iki dəfə ixtisar edib; birinci dəfə iyirmi cilddə, ikinci dəfə on cilddə ixtisar edib. əs-Səxavi’nin “əl-Qasaid ən-Nəbəviyyə”sini bir cilddə şərh edib. Nurud-Din Mahmud və Salahud-Din Əyyubinin qurduğu dövlətlər haqqında “ər-Ravdateyn fi Əxbəri-d-Dəuləteyn ən-Nuriyyə va-s-Salahiyyə” adlı bir kitab yazıb, sonra ona əlavələr yazıb. “Şərhu-l-Hədisi-l-Muqtəda fi Məb’asi-l-Mustafa”, “Dau’u-s-Səri ilə Mə’rifəti Ru’yəti-l-Bəri”, “əl-Muhaqqaq fi İlmi-l-Usul fimə Yətə’alləqu bi Əf’ali-r-Rasul” adlı kitabları vardır. Sonra “əl-Bəsmələ” haqqında bir cildlik kitab yazıb və onu ixtisar edib. Bidətləri inkar edən “əl-Bə’is alə İnkəri-l-Bidə’i va-l-Havadis” adlı gözəl bir kitabın müəllifidir. Üstəlik misvak haqqında “əs-Sivak”, fatimilərin halını ifşa edən “Kəşfu Həli Bəni Ubeyd”, üsul elmi haqqında “əl-Usul fil-Usul”, qiraətlər haqqında “Mufradətul-Qurra”, Quran elmi ilə bağlı “əl-Vaciz fi Əşyəi minə-l-Kitəbi-l-Aziz”, nəhv elmində “Muqaddimətun-Nəhv”, əz-Zəməxşərinin nəhv elmində yazdığı “əl-Mufassal” kitabına nəzm olaraq yazdığı “Nəzmu-l-Mufəssal” adlı kitabları vardır. İsra və Merac haqqında “Nuru-l-Məsra fi Təfsiri Əyəti-l-İsra” adında bir kitab yazıb. Həmin kitabda gəldiyi nəticə budur ki, İsra hadisəsi bir dəfə yox, bir neçə dəfə baş verib; onların bəziləri yuxuda, bəziləri isə oyaq halda olub və bu görüş həmçinin Əbu Nəsr bin Əbil-Qasim əl-Quşeyri, Əbul-Qasim əs-Suheyli və Əbu Bəkr ibn əl-Arabi kimi alimlərin görüşüdür.

 

 

Vəfatı:

 

Əbu Şəmə bir sınaq nəticəsində məzlum olaraq öldürülmüşdür, beləki bir görüşdə ittiham olunub, lakin o, ittiham olunan görüşdən uzaq olub. Hədis əhlindən bir qrup alim onun məzlum olduğunu deyiblər. İki nəfər fətva soruşmaq adı ilə onun yanına daxil olublar və onu öldürmək məqsədi ilə ağır şəkildə döyüblər. Bundan sonra ölməsə də ağır xəstələnir və hicri 665-ci ildə vəfat edir. Həmin adamları kimlərin göndərdiyi bilinmir. Onun hansı görüşdə ittiham olunduğunu araşdırsaq da bu barədə bir nəticəyə vara bilmədik. Dəməşqdə Bəbul-Fəradis deyilən bir yerdə dəfn olunub, onun dəfn olunduğu yerin Bəbul-Keysən olduğu da deyilib.

 

Əbu Nəsr Bişr bin əl-Haris əl-Hafi (152-227)

Əbu Nəsr Bişr bin əl-Haris bin Abdir-Rahmən əl-Mərvazi – rahiməhullah - əl-Hafi ləqəbi ilə tanınır. Təsavvuf əhlinin hicri üçüncü ildə yaşamış imamlarından biridir. Hicri 152-ci ildə Bağdadda doğulmuş və orada yaşamışdır. əl-Fudeyl bin İyada yoldaşlıq etmişdir. əl-Hafi (ayaqyalın) adlanmasının səbəbi ayaqqabı geyinməməsi səbəbilədir. Bir gün bir qapıya gəlir və qapını döyür. Kim olduğunu soruşurlar və deyir: “Bişr əl-Hafi.” Bunu eşidən kiçik qız uşağı deyir ki, “əgər ayaqqabı alsa “hafi” adı ondan əl çəkər.” Dedilər ki, ayaqqabı geyinməməsinin səbəbi vardır. Bir gün ayaqqabıçının yanına gəlib və ondan ayaqqabısı üçün bağ istəyib. Bunun üzərinə ayaqqabıçı deyib: “İnsanlara nə ağır yük oldunuz, ey fəqirlər!” Bunu eşitdikdə ayaqqabısını əlindən düşürür və digərini də çıxarır və bir daha ayaqqabı geyinməməyə and içir. Ömrünün əvvəlində Bişr adi bir insan idi, yəni adi insanların məşğul olduqları ilə məşğul idi. Tövbə etməsinin səbəbi olaraq deyilmişdir ki, bir gün hamam sobasında üstündə Allahın – azzə va cəllə - adı olan bir parça tapır və onun bir ucunu göyə qaldırıb deyir: “Ağam! Adın burda yerə atılıb, ayaqlar altında əzilir.” Daha sonra onu ətir dükanına götürür və ətirləyir və özündə saxlayır. Bundan sonra Allah onun qəlbini dirildir. İbrahim əl-Hərbi deyir: “Bağdad onun kimi ağıllı birini, onun kimi dilini qoruyan birini çıxarmadı. Onu hər hansı bir müsəlmanın qeybətini edərkən görmədim.” Bişr əl-Hafi Bağdad şəhərində hicri 227-ci ildə, muharrəm ayının onunda vəfat etdi. Cənazəsi üçün o qədər insan toplaşmışdı ki, cənazəsi evindən sübh namazından sonra çıxarılmışdı, lakin yalnız işə namazından sonra qəbrinə qoyula bildi. Allah ona rəhmət etsin!

İbn Əbi Zeyd əl-Qayravani əl-Məliki (310-389)

Əbu Muhamməd Abdullah bin Abdir-Rahmən ibn Əbi Zeyd əl-Qayravani əl-Məliki bir imam, alləmə və nümunə olmuşdur. Məğrib əhlinin alimidir. Hicri 310-cu ildə Tunisdəki Qayravan şəhərində doğulub. İmam Malik bin Ənəsin fiqhini gözəl bildiyi üçün ona “kiçik Malik” ləqəbini veriblər. Zamanında məşhurlaşdı və malikilərin imamı halına gəldi. Uzaq ölkələrdən ondan elm almaq üçün yanına səfərlər edilirdi. Qayravan şəhərinin fəqihlərindən elm alır. Onların arasında Əbu Bəkr bin əl-Ləbbəd, Muhamməd bin Məsrur əl-Həccəm kimi alimlərdən fiqh öyrənir, sonra həcc edir və orada Əbu Said bin əl-Arabi, Muhamməd bin əl-Fəth, əl-Həsən bin Nəsr əs-Susi, Dərras bin İsmail və digər alimlərdən öyrənir. Ondan isə daha çox alim elm öyrənmişdir və onların arasında fəqih Abdur-Rahim bin əl-Acuz əs-Səbti, fəqih Abdullah bin Ğalib əs-Səbti, Abdullah bin əl-Valid bin Sad əl-Ənsari, Əbu Bəkr Əhməd əl-Xauləni. Təxminən yüz cüzdən ibarət “ən-Nəvadir vaz-Ziyədət” adlı kitab yazıb. Həmçinin “əl-Mudəvvanə” kitabını müxtəsər hala salıb. Orta əsrlərdə məğrib torpaqlarında məhz bu iki kitaba əsasən fətva verilərdi. “əl-Utəbiyyə” kitabını bölmələrə görə tərtib edib. O, həmçinin “əl-İqtidə bi Məzhəbi Məlik”, “ər-Risələ”, “əs-Siqa Billəhi vat-Təvakkul Aləllah”, “əl-Mərifə vat-Təfsir”, “İcəzul-Quran” adlı kitabların müəllifidir. Bu böyük imam elminin genişliyi, şanının böyüklüyü ilə birlikdə kəlam elmindən uzaq biri idi. Etiqadda saleh sələfin etiqadı üzərində olmuş və qınanmış təvilə bulaşmazdı. İmam İbn Əbi Zeyd hicri 389-cu ildə vəfat edib. Əbul-Qasim bin Məndə onun ölüm tarixini belə təsbit edib. əl-Qadi İyad və digərləri isə onun 386-cı ildə vəfat etdiyini deyiblər. Allah rəhmət etsin!

Əbu Said Osman bin Said əd-Dərimi (?-280)

Əbu Said Osman bin Said bin Xalid bin Said əd-Dərimi ət-Təmimi əs-Sicistəni məşhur imam və alimdir. Böyük “əl-Müsnəd” kitabının və bir çox digər kitabların sahibidir. Tarixi əsərlər onun dəqiq doğum tarixi barəsində hər hansı bir məlumat vermir, lakin onun hicri 200-cü ildən bir az öncə dünyaya gəldiyi qeyd olunur. əd-Dərimi ölkələri gəzərək hədis toplamış, həmin ölkələrdəki şeyxlərdən elm öyrənmiş bir zat idi. Əbul-Yəmən, Said bin Əbi Məryəm, Muslim bin İbrahim, Süleyman bin Hərb, Nueym bin Həmməd, Abdullah bin Saleh, İmam əl-Leysinin katibi, Əhməd bin Hənbəl, Yəhya bin Main, Əli bin əl-Mədini, İshaq bin Rahəveyh, Əbu Bəkr bin Əbi Şeybə və sayları çox olan Harameyn, Şam, Misir, İraq, Cəzirə və başqa əcəm ölkələrinin alimlərindən hədis eşitmişdir. Zamanında bidət əhlinin imamlarından biri olan Bişr əl-Mərisi’yə qarşı onun və əs-Səlci’nin davamçıları ilə münazirə etdikdən sonra “ər-Raddu alə Bişr əl-Mərisi” adlı bir rəddiyə yazmışdır, həmçinin onun “ər-Raddu aləl-Cəhmiyyə” adlı kitabı da vardır. Hədis elmini və hədis illətləri elmini Əli bin əl-Mədini, Yəhya bin Main və Əhməd bin Hənbəldən öyrənmişdi. əl-Hakim deyir: “Muhamməd bin əl-Abbas əd-Dabi’ni eşitdim: Əbul-Fədl Yaqub bin İshaq əl-Qarrab’ı belə deyərkən eşitdim: “Osman bin Said kimi birisini görmədik və nə də Osman özü kimi birini görməmişdir. Ədəb elmini İbn əl-Arabi’dən, fiqh elmini Əbu Yaqub əl-Buveyti’dən, hədis elmini İbn Main və İbn əl-Mədini’dən öyrəndi və bu elmlərdə önə keçdi. Allah ona rəhm etsin!” əd-Dərimi Herat şəhərinin şeyxi olaraq bilinir. Zamanında Herat şəhərində kərramilərin başçısı İbn Kərramı şəhərdən qovanın əd-Dərimi olduğu deyilir. əl-Həsən bin Sahib əş-Şəşi deyir: “Əbu Davud əs-Sicistəni’dən Osman bin Said haqqında soruşdum və dedi: “Biz hədis elmini ondan öyrənmişik.” Əbu İshaq Əhməd bin Muhamməd bin Yunus deyir: Osman əd-Dərimi 280-ci ildə zul-hiccə ayında vəfat etdi. Əbu Abdilləh əd-Dabi’nin öz şeyxlərindən onun hicri 282-ci ildə vəfat etməsi barədə nəql etdikləri isə əz-Zəhəbi’nin dediyi kimi xətadır. Doğru olan onun hicri 280-ci ildə vəfat etməsidir. Allah ona rəhmət etsin!

İmam Abdullah bin əz-Zubeyr əl-Humeydi (?-219)

Abdullah bin əz-Zubeyr bin İsa bin Ubeydilləh bin Usəmə əl-Quraşi əl-Əsədi əl-Humeydi əl-Məkki zamanının məşhur imamı, Haramın şeyxi və “əl-Müsnəd” kitabının sahibidir. Kunyəsi Əbu Bəkrdir. əl-Humeydi cəddi Humeyd bin Zuheyr bin əl-Harisə nisbətdir. Tarixi mənbələr onun doğum tarixi haqqında bir məlumat vermir. Lakin bilinən budur ki, Məkkədə dünyaya gəlib. Məkkədə yaşamış və oranın elm əhli yanında tərbiyə görmüşdü. Fudeyl bin İyad, Sufyan bin Uyeynə, Vaki və əş-Şafi kimi imamlar əl-Humeydi’nin şeyxləri olublar. Əsasən Sufyan bin Uyeynə’nin yanında Məkkədə yetişmiş və onun ən seçilmiş tələbələrindən biri olmuşdur. Şeyxi Sufyandan on minlərlə hədis rəvayət edib. Sufyandan sonra isə İmam əş-Şafinin yanında tələbə olur və kölgə kimi ondan ayrılmır. İmamı səfərlərində müşaiyət edir və onun yanında fiqh öyrənir. əş-Şafi ilə birlikdə Misirə səfər etdi və İmam əş-Şafi hicri 204-cü ildə ölənə qədər onun yanında qaldı. Daha sonra Məkkəyə geri dönərək ömrünün sonuna qədər orada qaldı. İmam əl-Humeydi’nin şeyxləri çoxdur. əl-Mizzi “Təhzibul-Kəməl” kitabında onun iyirmi üç şeyxinin adını çəkir. Onun ən məşhur tələbələri əl-Buxari, Əbu Zura, Əbu Hatim, Muhamməd bin Yəhya əz-Zuhli və Yaqub bin Şeybə kimi alimlərdir. İmam Əhməd onun haqqında deyir: “əl-Humeydi bizə görə bir imamdır.” Yaqub əl-Fəsəvi deyir: “Mən İslama və müsəlmanlara ondan çox ürək yandıran birini görmədim.” Muhamməd bin İshaq əl-Mərvazi deyir: “İshaq bin Rahaveyhi belə deyərkən eşitdim: “Bizim zamanımızdakı imamlar əş-Şafi, əl-Humeydi və Əbu Ubeyd’dir.” Əbu Muhamməd Hərb əl-Kirməni, əl-Lələkai və İbn Teymiyyə onu sünnət imamı olmaqla vəsf ediblər. İmam əl-Humeydi hicri 219-cu ildə rabiul-əvval ayında Məkkədə vəfat etdi. əl-Buxari və İbn Sad onun ölüm tarixini bu cür qeyd ediblər. Bəziləri 220-ci ildə öldüyünü deyiblər.

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.