İslam alimləri

Əbu Həmid əl-İsfərayini (344-406)

Əbu Həmid Əhməd bin Əbi Tahir Muhəmməd bin Əhməd əl-İsfərayini – rahiməhullah – zamanının imamı, şafi’ilərin fəqihi, Şeyxul-İslamdır. əl-İsfərayini nisbəti hal-hazırda İranın Şimali Xorasan ostanında yerləşən İsfərayen şəhəri ilə bağlıdır. Neysəbur şəhərinin yaxınlığındadır. Hicri 344-cü ildə anadan olub.

İyirmi yaşında, yəni hicri 364-cü ildə Bağdada gəlir. Orada Əbul-Həsən əl-Mərzubən və Əbul-Qasim əd-Dəraki kimi alimlərdən fiqh və digər elmləri öyrənir. Həmçinin Əbu Bəkr əl-İsməili, Əbul-Həsən əd-Dəraqutni, İbrahim bin Muhəmməd bin Abdək əl-İsfərayini və Abdullah bin Adiy kimi hədis imamlarından hədis eşitmiş və hədis öyrənmişdir. Şafi’i məzhəbində fəqih oldu, fiqhdə, təfsirdə, üsulda bir mütəxəssis, görkəmli alim oldu, barmaqla işarə olunan nadir şəxsiyyətlərdən idi.

 

 

Tələbələri

Tələbələri arasında çox sayda alim və imam vardır. Onların arasında ən məşhurlarından Əbut-Tayyib ət-Tabəri, Əbul-Həsən əl-Məvardi, əl-Fəqih Suleym bin Əyyub ər-Razi, Əbu Əli əs-Sinci, Əbul-Həsən əl-Məhəmili kimi böyük alimlər vardır. Məşhur “Şərh Usul İtiqad Əhlis-Sunnə val-Cəməa” kitabının sahibi İmam Əbul-Qasim Hibətullah əl-Lələkəi onun tələbəsi olmuşdur.

 

 

Şəxsiyyəti

Şeyx Əbu Həmid Allahdan çox qorxan, təqvalı və zahid bir şəxs olub. Vaxtını dərs verməklə və elmi münazirələr ilə keçirib. Həmçinin heybətə və hörmətə sahib biri idi. əs-Subki deyir: “Şeyx Əbu Həmid dünyavi işlərdə cahı uca bir şəxs idi. (Bir gün) möminlərin əmiri xəlifə ilə (arasında) bir şey baş verir ki, bu, Şeyx Əbu Həmidi ona (bu sözləri) yazmağa vadar etdi: “Bil ki, sən məni öz vilayətimdən endirməyə qadir deyilsən, məni bu məqama Allah vali edib. Mən isə bir kağız parçasında iki və ya üç kəlimə Xorasana yazıb səni xəlifəlik məqamından endirə bilərəm.[1] Allahın dini uğrunda və bidətlərə və bidət əhlinə qarşı mübarizədə gördüyü işlər əvəzsizdir. əs-Subki “ət-Tabəqat” kitabında zikr edir ki, onun zamanında şiələr guya İbn Məsud’un mushafını tapıb çıxarırlar. Bunun nəticəsində hicri 398-ci ildə böyük bir fitnə baş verir, əhlus-sünnət ayağa qalxır, həmçinin şiələr də ayağa qalxırlar. Sonunda bu məsələ qazilərə və alimlərə götürülür. Şeyx Əbu Həmid şiələrin hüzurunda mushafın təhrif edilmiş bir mushaf olduğunu deyir. Şiələrin gənclərindən bir qrup buna görə Şeyx Əbu Həmidin evinə tərəf yönəlirlər ki, ona əziyyət versinlər. Buna görə Əbu Həmid evindən köçür, lakin xəlifə ona dəstək verərək fitnəni yatızdırır və Şeyx evinə geri dönür.

 

 

Elmi məqamı

Əbu İshaq əş-Şirazi “ət-Tabəqat” kitabında deyir: “Bağdadda din və dünya rəisliyi ona gəlib çatdı. əl-Muzəni’nin kitablarını şərh edərkən onun dərslərində qeydlər yazılmışdır. Yer üzünə onun tələbələri yayıldı. Məclisində üç yüz fəqih toplanardı.[2] əş-Şeyx Muhyid-Din ən-Nəvəvi deyir: “Şeyx Əbu Həmidin qeydləri əlli cildə yaxın bir həcmdədir, orada alimlərin məzhəblərini zikr edir, onların dəlillərini geniş izah edir və onlara cavab verir. Onun yanında bir qrup alim fiqh öyrənib. Onların arasında Əbu Əli əs-Sinci vardır. Əbu Əli əs-Sinci həm də əl-Qaffəl’in yanında fəqih olmuşdur və onların hər ikisi də İraq və Xorasan məktəbinin iki şeyxidir və məzhəb bu ikisindən yayılıb.[3] əl-Xatib əl-Bəğdədi deyir: “Bizə Əbu Həmid’dən rəvayət etdilər və siqa biri idi. İbnul-Mubərak məscidində onun dərslərində iştirak etdim. Birinin belə dediyini eşitdim ki, onun məclisinə yeddi yüz fəqih gələrdi. İnsanlar deyərdilər: “Əgər əş-Şafi onu görsəydi onunla çox fərəhlənərdi.[4] Yenə buyurur: “Əbu İshaq əş-Şirazi bizə rəvayət etdi: “əl-Qadi Əbu Abdilləh əs-Sayməri’dən soruşdum:Fəqihlərdən gördüklərin içində münazirədə ən güclü olan kimdir?” Dedi: “Əbu Həmid əl-İsfərayini.” əl-Qadi Əbu Abdilləh əs-Sayməri isə zamanında hənəfilərin şeyxi və imamı idi. İbnus-Saləh əş-Şəhrazuri deyir: “Həqiqətən Allah hər yüz ilin başında bu ümmət üçün onlara dinini təzələyən birini göndərər” hədisini bəzi alimlər Şeyx Əbu Həmid haqqında təvil ediblər. əş-Şafi ikinci yüzilliyin başında idi və İbn Sureyc üçüncü yüzilliyin başında idi və Əbu Həmid dördüncü yüzilliyin başında idi.[5] Əbu İshaq əş-Şirazi “ət-Tabəqat” kitabında həmçinin qeyd edir ki, hənəfi fəqihi Əbul-Həsən əl-Qaduri ona xüsusi hörmət göstərərdi və zamanının digər fəqihlərindən üstün tutardı. əl-Hafiz İbn Kəsir deyir: “Hətta ona ikinci əş-Şafi deyərdilər.[6] Tarixçilər qeyd edirlər ki, on yeddi yaşında fətva verməyə başlamışdır. Ölənə qədər fətva vermiş və ölüm ayağında olarkən demişdir: “Fəqih olduq və öldük.” əz-Zəhəbi onun tərcümeyi-halını başlayarkən onu “əl-Ustaz, əl-Alləmə, Şeyxul-İslam” ləqəbləri ilə zikr edir. İbn Kəsir qeyd edir ki, onunla həm razılaşanlar, həm də ona müxalif olanlar onun şanının, məqamının ucalığında ittifaq ediblər. Elmə olan marağı əvəzsiz idi. Rəvayət olunur ki, Misirə adam göndərib yüz dinara İmam əş-Şafi’nin imlalarını ehtiva edən kitablar almışdır.

Şeyx Əbu Həmid özü bir çox kitabın müəllifidir. Kitabları içərisində ən məşhuru İmam əl-Muzəni’dən gələn müxtəsər və digər kitabların üzərinə yazdığı qeydlərdir. Həmçinin fiqh üsulunda bir çox kitab yazmışdır. “əl-Muxtəsar” adı ilə tanınan bir kitabı vardır ki, əs-Subki “ət-Tabəqat” kitabında o kitabı gördüyünü deyir, lakin qeyd edir ki, “ər-Ravnəq” adı ilə tanınan bu kitab Əbu Həmidə nisbət olunur, lakin atası Təqiyyud-Din əs-Subki o kitabın Əbu Həmidə nisbətində şəkk etmişdir. Bunun səbəbini isə qeyd etmir.

 

 

Vəfatı

Bu böyük zat hicri 406-cı ildə Bağdad şəhərində vəfat edib. əl-Xatib deyir: “Əbu Həmid dörd yüz altıncı ildə şəvval ayı vəfat etdi. Həmin gün (cənazəsində) çoxlu adam iştirak etmişdi, evində dəfn olundu. Dörd il sonra ordan götürülərək Bəbu Hərb deyilən yerdə dəfn olundu.[7]

 

 

Əqidəsi

Şeyxul-İslam İbn Teymiyyə deyir: “əş-Şeyx Əbul-Həsən Muhəmməd bin Abdil-Məlik əl-Kərxi əş-Şəfi’i “əl-Fusul fil-Usul anil-Əimmətil-Fuhul İlzəmən li Zəvil-Bidəi val-Fudul” adlandırdığı kitabında deyir: ... İmam Əbu Mənsur Muhəmməd bin Əhmədi belə deyərkən eşitdim: İmam Əbu Bəkr Abdullah bin Əhmədi belə deyərkən eşitdim: Şeyx Əbu Həmid əl-İsfərayini’ni belə deyərkən eşitdim: “Məzhəbim, əş-Şafi’nin və bütün ölkələrin fəqihlərinin məzhəbi budur ki, Allahın Kəlamı məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Quranı Cibril – aleyhissələm – Allahu Təalədən eşitmiş olaraq daşımışdır və peyğəmbər – salləllahu aleyhi va səlləm – onu Cibrildən eşidib və səhabələr onu Allahın elçisindən – salləllahu aleyhi va səlləm – eşidiblər və bizim dillərimiz ilə dediyimiz, (kitabın) iki üz arasında olan, eşidilmiş, yazılmış, hifz edilmiş və nəqş olunmuş olaraq sinələrimizdə olan Odur. “Bə” və “tə” kimi hər bir hərfi Allahın Kəlamıdır, məxluq deyildir və məxluq olduğunu deyən kafirdir. Üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun.” Şeyx Əbul-Həsən deyir: “Şeyx Əbu Həmid (əl-İsfərayini) əl-Bəqilləni və kəlam əhlini şiddətlə inkar edərdi.” Əbul-Həsən deyir: “Bir çox imam və şeyxlərdən eşitdiyimə görə şafi’i imamları əl-Əşariyə nisbət edilməyə hər zaman nifrət etməyə və bunu çirkin bir iş saymağa, əl-Əşari’nin öz məzhəbini üzərində qurduğu (prinsiplərdən) bəraət etməyə və bu (prinsiplərin) həndəvərinə yaxın getməyi tələbələrinə qadağan etməyə davam ediblər. Bunu eşitdiyim şeyxlərdən biri əl-Hafiz əl-Mu’təmin bin Əhməd bin Əli əs-Səci’dir. Onlar deyirlər: Bir qrup etibarlı şeyxlərdən belə dediklərini eşitdik; dedilər: Elmi və tələbələri ilə Yer üzünü bürümüş imamların imamı Şeyx Əbu Həmid Əhməd bin Tahir əl-İsfərayini Kərxin bölgəsindən əl-Mənsur camisinə cüməyə tələsərkən caminin böyründəki ər-Ravzi adı ilə tanınan bağa daxil olardı və orada olanlara yaxınlaşaraq deyərdi: “Mənim adıma şahidlik edin ki, əl-Bəqilləni’nin dediyi kimi yox, Əhməd bin Hənbəl’in dediyi kimi Quran Allahın Kəlamıdır, məxluq deyildir.” Bunu insan qrupları arasında təkrarlayardı. Ondan bunun səbəbini soruşduqda belə cavab vermişdi: “Mənim onlardan – yəni əşarilərdən – uzaq olmağım, əl-Bəqilləni’nin məzhəbindən uzaq olmağım haqqındakı xəbər ölkədə salehlərin və insanların arasında yayılması üçün (belə edirəm), çünki qəribdə olan fəqihlərdən bir qrup gizlicə əl-Bəqilləni’nin yanına daxil olurlar, onun yanında kitablar oxuyurlar və onun məzhəbi ilə fitnəyə düşürlər və öz ölkələrinə qayıtdıqda heç şübhəsiz ki, bidətlərini aşkarda yayırlar. Camaat da elə zənn edir ki, onu məndən öyrəniblər, guya mən demişəm, halbuki mən əl-Bəqilləni’nin məzhəbindən və əqidəsindən uzağam.” Şeyx Əbul-Həsən deyir: “Şeyxim İmam Əbul-Mənsur əl-Fəqih əl-Əsbəhəni’ni belə deyərkən eşitdim: Şeyximiz İmam Əbu Bəkr əz-Zəzəqani’ni belə deyərkən eşitdim: Əbu Həmid əl-İsfərayini’nin dərsində idim və öz tələbələrini “Kəlam” elmindən və əl-Bəqilləni’nin yanına daxil olmaqdan çəkindirərdi. Bir qrup tələbəsinin “Kəlam” elmini öyrənmək üçün gizlicə əl-Bəqilləni’nin yanına daxil olması xəbəri çatdı və mənim də onlarla birlikdə onlardan olduğumu zənn etdi.” Davamında bir hekayəni nəql edir və axırında deyir ki, “Şeyx Əbu Həmid mənə dedi: Ey oğlum! Sənin bu adamın – yəni əl-Bəqilləni’nin – yanına daxil olmağın xəbəri mənə çatdı. Ondan uzaq ol, çünki o, bidətçidir və insanları zəlalətə çağırır. Əks halda mənim məclisimdə iştirak etmə!” Dedim: “Mən onların dediyində Allaha sığınıram və Allaha dönürəm. Sizi şahid tuturam ki, mən onun yanına getmirəm.” (Şeyx Əbul-Həsən) dedi: “əl-Fəqih İmam Əbu Mənsur Səd bin Əli əl-İcli’ni belə deyərkən eşitdim: Bağdaddakı bir neçə şeyx və imamdan eşitdim və güman edirəm ki, Şeyx Əbu İshaq əş-Şirazi onlardan biri idi, dedilər: “Əbu Bəkr əl-Bəqilləni Şeyx Əbu Həmid əl-İsfərayini’dən qorxduğu üçün hamama üzü örtülü gedərmiş.” (Şeyx Əbul-Həsən) dedi: Etibarlı bir qrup alim - onlardan biri də əl-Qadi Əbu Mənsur əl-Yəqubidir – mənə İmam Abdullah bin Muhəmməd bin Əli’dən – və o, Şeyxul-İslam əl-Ənsari’dir – belə dediyini xəbər verdi: Abdur-Rahmən bin Muhəmməd bin əl-Hüseyni – və o, əs-Suləmi’dir – belə deyərkən eşitdim: Əbu Həmid əl-İsfərayini, Əbut-Tayyib əs-Su’luki, Əbu Bəkr əl-Qaffəl əl-Mərvazi və Əbu Mənsur əl-Həkim’i “Kəlam” elmini və onun əhlini inkar edərkən gördüm.” Dedi: “Əhməd bin Əbi Rafi və bir qrup alimdən eşitdim ki, Əbu İshaq əl-İsfərayini’nin əl-Bəqilləni’yə qarşı şiddətini zikr edirdilər.” Şeyx Əbul-Həsən əl-Kərxi dedi: “Şeyx Əbu Həmidin kəlam əhlinə qarşı şiddəti məşhurdur, hətta əş-Şafi’nin fiqh üsulunu əl-Əşari’nin üsulundan ayırmışdır və ondan bunları Əbu Bəkr əz-Zəzəqani qeydə almışdır. O qeydləri məndə mövcuddur. Şeyx Əbu İshaq əş-Şirazi də “əl-Lumə” və “ət-Təbsira” kitablarında onu özünə nümunə götürmüşdür, hətta əl-Əşari’nin görüşü əshabımızın bir görüşünə müvafiq olduqda ikisini ayırardı və deyərdi: “Bu, əshabımızdan bəzisinin görüşüdür və əşarilər də bu görüşdə olublar və onları əş-Şafi’nin əshabından saymamışdır. Üsulud-Din hələ bir yana qalsın, heç fiqh üsulunda onlara və məzhəblərinə yaxşı baxmamışdır.”[8]

Allah ona rəhmət etsin!

 


[1] “Tabəqat əş-Şəfiiyyə əl-Kubra”, 4/64

[2] “Təhzibul-Əsmə val-Luğat”, 2/209; “Tabəqat əs-Subki”, 4/62; “Siyər Əaləmin-Nubələ”, 17/194

[3] “Təhzibul-Əsmə val-Luğat”, 2/210; “Siyər Əaləmin-Nubələ”, 17/194

[4] “Tərix Bəğdəd”, 4/369

[5] “Təhzibul-Əsmə val-Luğat”, 2/209-210; “Siyər Əaləmin-Nubələ”, 17/195

[6] “Tabəqat əş-Şəfiiyyin”, 1/345

[7] “Tərix Bəğdəd”, 4/370

[8] “əl-Fətəva əl-Kubra”, 6/599-601

 

 

əl-Fəqih Əbul-Fəth Nəsr əl-Məqdisi (?-490)

Əbul-Fəth Nəsr bin İbrahim bin Nəsr bin İbrahim bin Davud bin Əhməd ən-Nəblusi əl-Məqdisi – rahiməhullah – zamanının böyük fəqihlərindən və imamlarındandır. Gördüyümüz kimi kunyəsi Əbul-Fəth’dir, lakin tarix kitablarında onun evlənib evlənməməsi, övladının olub olmaması haqqında hər hansı bir məlumat verilmir. İbn Əbil-Həfiz ləqəbi ilə məşhurlaşıb. əz-Zəhəbi isə “əs-Siyər” kitabında ləqəbini İbn Əbil-Həit olaraq qeyd edir, lakin məşhur olan birincidir.

əz-Zəhəbi’nin də qeyd etdiyi kimi hicri 410-cu ildən öncə doğulub. Digər tarix kitablarında dəqiq doğum tarixi qeyd olunmur. Müasirlərdən Rida Kəhələ “Mucəmul-Muəllifin” kitabında onun doğum tarixinin hicri 407-ci il olduğunu qeyd edir, lakin bunu hansı mənbədən götürdüyünü söyləmir. əz-Zirikli isə onun doğum tarixinin hicri 373-cü il olduğunu deyir, lakin bunun xəta olması lazımdır, çünki əl-İsnəvi və əl-Yəfii onun səksən ildən bir qədər uzun ömür sürdüyünü deyirlər.

ən-Nəblusi adlanması Fələstinin Nəblus şəhərinə, əl-Məqdisi adlanması isə Qüds şəhərinə nisbət edildiyinə görədir. Nəblus şəhərinə nisbət edilməsi orada doğulmasına görədir. Atası Qüds şəhərində məskən saldığı üçün, ailəsini də ora götürdüyü üçün, özü də orada böyüdüyü üçün həmin şəhərə nisbət edilərək əl-Məqdisi adlanmışdır. Bu mübarək zat həm də əd-Diməşqi nisbəti ilə də tanınır, çünki ömrünün sonrakı hissəsində Dəməşqə köçmüş, orada qalaraq tədris və təliflə məşğul olmuşdur və dərs, fətva üzərində ömrünün axır günlərini də Dəməşqdə keçirmiş, orada vəfat etmiş və orada dəfn edilmişdir. Buna görə də İbn Asəkir və ən-Nəvəvi onu əd-Diməşqi olaraq bu şəhərə nisbət ediblər.

Tarixi mənbələr onun ailəsi və ilk yetkinlik dövrü haqqında bizə məlumat vermir, yalnız ailəsinin imkanlı və zəngin bir ailə olduğunu qeyd edir. Atası elm əhli olmamışdır, lakin satıcı olub.

 

 

Şəxsiyyəti

Qüds o zaman alimləri ilə və mədrəsələri ilə tanınmış bir şəhər idi. Sözsüz ki, gənc yaşlarında oranın alimlərindən faydalanmışdır. İyirmi yaşına çatdıqda elm tələbi üçün oranı tərk edir və ilk öncə Dəməşqə, sonra Sura səfər edir. Zamanın məşhur şafi’i fəqihlərindən biri olan Səlim bin Əyyub ər-Razi’nin yanında tələbəlik edir. Ğeys bin Əli əl-Ərmənəzi deyir: “Fəqih Nəsr’i belə deyərkən eşitdim: Dörd yüz otuz yeddinci ildən qırxıncı ilə qədər Fəqih Səlim ər-Razi’nin dərs aldım, heç bir dərsini ötürmədim, yalnız bir gün ağrıdım və sonra sağaldım.[1] Sonra digər şəhərlərə də səfər edir və oranın şeyxlərindən elm öyrənir. Axırda Qüdsə geri dönür və əl-Əqsa məscidinin qərb küncündə yer götürərək dərs verməyə başlayır.

Çox zahid bir şəxsiyyət olmuşdur, şübhələrdən uzaq durarmış. Hafiz İbn Asəkir deyir: “Nəsir bin Abdir-Rahmən ən-Nəccər ona xidmət edərdi və bizə onun zahidliyi, azla kifayətlənməsi və şübhəli şeyləri yeməkdən uzaq olması haqqında çox təəccüb doğurucu şeylər zikr etdi.”[2] İmam ən-Nəvəvi deyir: “Onun Allahdan qorxması haqqında o qədər hekayələr var ki, onları zikr etsək kitab çox uzanar.”[3] “Bir gün Səlcuq dövlətinin hökmdarı Alp Arslanın oğlu Əbu Said Tutuş Tacud-Dövlə onun yanına gəlir. Şeyx Nəsr onun üçün ayağa qalxmır və Tutuş ondan Sultanın sərf etdiyi ən halal malın hansı olması haqqında soruşur. Fəqih Nəsr ona deyir: “Onların ən halalı cizyə mallarıdır.” Şahzadə onun yanından çıxır və müəyyən məbləğdə malı onun yanına göndərərək deyir: “Bu, cizyə malındandır, onu tələbələrə payla!” Lakin Fəqih onu qəbul etmir və deyir: “Bizim buna ehtiyacımız yoxdur.” Elçi oranı tərk etdikdə digər fəqih alim Əbul-Fəth Nəsrullah bin Muhəmməd əl-Məsisi onu qınayaraq deyir: “Sən bizim ona olan ehtiyacımızı bilirdin, kaş ki, götürüb bizə paylasaydın.” Fəqih Nəsr cavabına dedi: “Əldən qaçırdığın şeyə görə şikayət etmə! Sonra dünyadan sənə axıra qədər kifayət edəcək miqdar veriləcək.” Həqiqətən də fərasət ilə dediyi doğru oldu.”[4]

Bu şəkildə ömrünü xeyir işlərdə keçirmişdir. Saleh əməllər, faydalı elm tədrisi ilə məşğul olmuşdur. Bu halı üzərində hicri 490-cı ildə vəfat edənə qədər qalmışdır.

əz-Zəhəbi onun haqqında deyir: “Əbul-Fəth, zahid, Şamda şafi’ilərin şeyxi, kitablar sahibi; imam, alləmə, müfti, mühəddis, hafiz, zahid, dünyanı Allah üçün tərk etmiş, Allahdan qorxan, qədəri böyük olan və bənzəri olmayan biri idi.”[5] əl-Yəfi’i deyir: “İmam, məqamı ali, məşhur saleh, insanların müftisi, zahid fəqih, Allahdan qorxan qul, çox sayda gözəl fəzilətlər sahibi, nümunəvi həyatı olan Əbul-Fəth Şamda şafi’ilərin şeyxidir...”[6]

Sələfin yolu ilə getməkdə çox həris idi, onların yolunu diqqətlə izləyərdi, onların əxlaqı ilə əxlaqlanmışdı. Hafiz İbn Asəkir deyir: “Fəqih Əbul-Fəth əgər sələfin zamanında olsaydı dərəcəsi onların heç birindən aşağı olmazdı, lakin onlar daha əvvəl yaşamaqla ondan üstün oldular.”[7] Daha əvvəl də zikr etdiyimiz kimi bu nümunəvi şəxsiyyət şübhəli şeylərdən çəkinərdi. İbn Asəkir onun həyatının bu özəlliyi barədə deyir: “O – Allah ona rəhm etsin! – fəzilətli bir fəqih idi, əməl edən zahid idi. Uzun müddət Dəməşqdə qaldı və Dəməşqin əhalisinin heç birindən hədiyyə qəbul etmədi. Nəblus şəhərində sahibi olduğu bir torpaq ərazisindən yığılan məhsuldan ona gətiriləni özündən yığıb saxlayardı və hər gecə onun üçün ocağın yanında bir kükə çörək bişirilərdi.” ən-Nəvəvi deyir: “Onun böyüklüyü və fəziləti haqqında icma ediblər.”

Bununla belə əli açıq və səxavətli bir şəxs olub. Elm tələbələrini sevərmiş və onlarla çoxlu kömək göstərərmiş. İbn Asəkir deyir: “Qüdsdə tələbələrinə çoxlu qonaqlıqlar verərdi və onlara çoxlu mal verərdi.”

Daha əvvəl zikr etdiyimiz kimi bu böyük zat hicri 490-cı ildə Dəməşq şəhərində vəfat edib. Onun məhərrəm ayının doqquzunda öldüyü deyilir. Tələbəsi Nəsrullah bin Muhəmməd bin Abdil-Qavi əl-Məsisi deyir: “Ölümündən bir an öncə onu belə deyərkən eşitdim: “Ay ağam, mənə möhlət verin, mən (namaz qılmaqla) əmr olunmuşam, siz də (ruhumu almaqla) əmr olunmusuz.” Sonra müəzzinin əsr namazının azanını verdiyini eşitdim və dedim: “Ağam, müəzzin azan verir.” Dedi: “Məni otuzdur!”Mən də onu otuzdurdum və namaza başladı, bir əlini o biri əlinin üzərinə qoydu və namaz qıldı. Sonra o anda vəfat etdi. Allah ona rəhm etsin!”[8] Həmçinin deyir: “Çərşənbə günü zöhr namazından sonra onun cənazəsini çıxardıq və məğrib namazına az bir müddət qalana qədər onu dəfn etmək imkanımız olmadı, çünki insanlar bizimlə onun arasına girdilər və çox sayda adam var idi.” Hafiz İbn Asəkir deyir: “Dəməşqlilər deyirdilər ki, belə bir cənazə görməyiblər.” ən-Nəvəvi zikr edir ki, o, Dəməşqin “Bəbus-Sağir” adlanan rayonunda dəfn olunub və qəbri Müaviyə ilə Əbud-Dərdə’nin qəbirlərinin yanındadır.”

 

 

Səfərləri və şeyxləri

Qeyd etdiyimiz kimi Şey Nəsr əl-Fəqih iyirmi yaşına qədər Qüdsdə qalıb və oranın alimlərinə elm öyrənib. Sonra hicri 430-cu ildən əvvəl Dəməşqə səfər edir. Dörd ildən sonra Qüdsə qayıdır və orada hicri 470-ci ilə qədər qalır. Bu dövr haqqında çox məlumat verilmir. Yalnız Əbul-Ğanəim Muhəmməd bin Əli bin Meymun bin Muhəmməd ən-Nərsi əl-Kufi’dən faydalandığı zikr olunur. Ola bilsin ki, bu müddətdə inzivaya çəkilmiş və “əl-İntixab” kitabını yazmışdır. Qüdsə gedib gəldiyi və orada uzun müddət qaldığı dövrdə elm aldığı şeyxlərinin adlarını kitablarında belə zikr edir: Əbul-Qasim Ömər bin Əhməd əl-Vasiti, Əbul-Azəim Muhəmməd bin Muhəmməd ibn əl-Fərra əl-Bəsri, Əbul-Fərəc Ubeydullah bin Muhəmməd əl-Məraği ən-Nəhvi, Əbu Bəkr Muhəmməd bin əl-Həsən əl-Bəşnəvi əs-Sufi, Əbul-Fəth Asim bin Muhəmməd bin Əbi Muslim əd-Dinəvari, Əbul-Fətəyən Ömər bin Abdil-Kərim Sə’adəveyh əd-Dəhistən ər-Ravasi və başqaları...

Dəməşqi isə bir neçə dəfə ziyarət etmişdir. İlk ziyarətində Fəqih Əbu Zeyd əl-Mərvazi’nin və Əbul-Həsən əd-Dəraqutni’nin şagirdi Əbul-Həsən Əli bin Musa bin əl-Hüseyn əs-Simsər ilə qarşılaşır və ondan ən ali isnad ilə əl-Buxari’nin “əs-Sahih” kitabını dinləyir. Həmçinin bu ziyarətində Əbul-Həsən Muhəmməd bin Auf bin Əhməd bin Muhəmməd əl-Muzəni əd-Diməşqi ilə qarşılaşır və ondan İbn Əbi Hətim ər-Razi’nin elmini öyrənir. Əbul-Qasim Abdur-Rahmən bin Abdil-Aziz bin Əhməd, Əbu Əli əl-Həsən bin Əli bin İbrahim bin Yəzdəd əl-Əhvazi, Əbu Abdilləh Muhəmməd bin Abdis-Sələm bin Abdir-Rahmən əl-Cuzəmi, Əbu Abdilləh Muhəmməd bin Əli bin Yəhya bin Səlvan əl-Məzini, Abdul-Aziz bin Əhməd bin Muhəmməd bin Əli bin Süleyman əd-Diməşqi, Əbul-Fərəc Muhəmməd bin Abdil-Vahid bin Muhəmməd bin Ömər bin Meymun əd-Dərimi əl-Bəğdədi, Əbul-Hüseyn Muhəmməd bin Məkki bin Osman əl-Misri əl-Əzdi, Əbu Zəkəriyyə Abdur-Rahim bin Əhməd bin Nəsr bin İshaq ət-Təmimi əl-Buxari və Əbul-Qasim Abdur-Rahmən bin Abdil-Aziz əs-Sərrac əl-Hələbi ilə görüşür. Hicri 471-ci ildə səfər ayında ikinci dəfə ziyarət edərkən iki bariz şeyx ilə görüşür: Əbu Muhəmməd əl-Həsən bin Əli bin Abdil-Vahid bin əl-Muvahhid əs-Suləmi və Əbul-Qasim Əli bin Muhəmməd bin Əhməd bin Əbil-Alə əl-Məsisi əd-Diməşqi əl-Fəradi. Üçüncü və axırıncı ziyarəti isə bundan on il sonra olub, İbn Asəkirin dediyi kimi Sur şəhərindən çıxaraq 480-ci ildə Dəməşqə gəlir və orada ölənə qədər qalır. Bu zaman əl-Əməvi camisində dərslər verir.

Dəməşqə ilk ziyarətindən qayıtdıqdan sonra Ğazzə şəhərini ziyarət edir. Orada Əbu Bəkr Muhəmməd ibn Cəfər əl-Miməsi ilə görüşür, ondan İmam Malikin “əl-Muvatta” kitabını ali isnad ilə dinləyir.

Ziyarət etdiyi şəhərlərdən biri də Sayda şəhəridir. Orada Əbul-Həsən Əli bin əl-Həsən bin Muhəmməd ibn Əhməd ibn Cəmi əl-Ğasəni ilə qarşılaşır və ondan icazə ilə rəvayət edir, eləcə də Hibətullah bin Süleymandan rəvayət edir.

Sur şəhərinə də dəfələrlə səfər etmişdir. İlk dəfə hicri 437-ci ildə ora gəlib. Orada dörd qalır və Fəqih Səlim bin Əyyub ər-Razi’yə tələbəlik edir. Fəqih Səlim ər-Razinin onun üzərində xüsusi bir təsiri olmuşdur, belə ki, Nəsr əl-Fəqih “əl-Kəfi” kitabını onun üslubuna uyğun olaraq yazıb, həmçinin Səlim ər-Razi’nin “əl-İşərə” kitabını şərh edib. Bu ziyarətində həm də Abdul-Vahhəb bin əl-Hüseyn bin Ömər bin Burhan əl-Ğazəl əl-Bəğdədi ilə qarşılaşır və ondan rəvayət edir. Həmçinin Əbul-Həsən Əli bin İbrahim bin Nasraveyh əs-Səmərqandi ilə görüşür.

Ziyarət etdiyi şəhərlərdən biri də Diyərbəkir şəhəridir. Digər adı ilə Amid şəhəri olaraq tanınır. Hicri 440-cı ildə Sur şəhərindən çıxdıqdan sonra bura gəlir və orada Amid əhlinin fəqihi Əbu Abdilləh Muhəmməd bin Bəyən bin Muhəmməd əl-Kəzruni ilə bir araya gəlir və ondan elm alır. Orada həmçinin Əbu Bəkr Hibətullah bin Süleyman əl-Amidi ilə qarşılaşır və ondan rəvayət edir.

Diyarbəkirdən sonra şimal şərqində yerləşən Meyyəfərqin, indiki Silvan şəhərinə gedir. Orada Əbut-Tayyib Sələmə bin İshaq əl-Amidi və Əbul-Qasim əl-Xidir bin Əli əl-Fəruqi’dən elm alır. əl-Fəruqi’dən İmam Əbu Bəkr Muhəmməd bin İshaq bin Xuzeymə’nin əsərlərinin çoxunu öyrənir.

“Təhrim Nikəh əl-Muta” kitabından anlaşıldığı kimi Fələstinin Asqalan şəhərində bir şeyxdən hədis rəvayət etmişdir. Həmçinin Harran şəhərində də olmuş və əş-Şərif Əbu Talib Abdullah bin Əli əl-Abbas’dan rəvayət etmişdir. Onun Əbut-Tayyib Tahir bin Abdilləh ət-Tabəri, Əbul-Məali Sabit bin Bəndər bin İbrahim əd-Dinəvari və Əbu Nəsr Əli bin Hibətilləh bin Əli bin Cəfər bin Əli bin Məkulə əl-Bəğdədi’dən rəvayət etməsi onun Bağdad şəhərini ziyarət etdiyini də göstərir. əz-Zirikli də onun Bağdadı ziyarət etdiyini zikr edir. Bağdadın fəqihi Əbut-Tayyib ət-Tabəri onun fiqhi tədrisində xüsusi rol oynayıb, əl-Fəqh Nəsrin ondan təsirləndiyi gizli deyildir, belə ki, “əl-İntixab” kitabını da onun üslubuna uyğun yazmışdır. Beləliklə tarix kitablarında onun şeyxləri arasından əllidən çox şeyxinin adı çəkilir.

 

 

Tələbələri

əl-Fəqih Əbul-Fəth əl-Məqdisinin tələbələri arasında böyük hafizlər, fəqihlər və imamlar vardır. Ən məşhur tələbələri arasında əl-Xatib əl-Bəğdədi adı ilə tanınmış Əbu Bəkr Əhməd bin Əli bin Səbit, Əbul-Qasim Məkki bin Abdis-Sələm bin əl-Hüseyn ər-Ramili, Zeynud-Din Əbu Həmid ət-Tusi əl-Ğazəli, əş-Şərif Əbul-Qasim Əli bin İbrahim bin əl-Abbas bin əl-Həsən əl-Ələvi əl-Hüseyni, Əbul-Fərəc Ğeys bin Əli bin Abdis-Sələm əl-Əzmənəvi əs-Suri, İbn Sidə adı ilə tanınmış Əbu Muhəmməd Abdur-Rahmən bin Əhməd bin Əli bin Sabir əs-Suləmi əd-Diməşqi, Cəməlul-İsləm Əbul-Həsən Əli bin Muslim bin Muhəmməd bin Muhəmməd bin Əli bin əl-Fəth əs-Suləmi, Qadi Əbu Bəkr ibn əl-Arabi, Əbul-Fəth Nəsrullah bin Muhəmməd bin Abdil-Qavi əl-Məsisi kimi alimləri göstərmək olar.

 

 

Kitabları

Ən əhəmiyyətli və tanınmış kitabları “əl-İntixab”, “ət-Təhzib”, “ət-Təqrib”, “əl-Kəfi”, “əl-Məqsud”, “əl-Fusul”, “Şərhul-İşərə” kitablarıdır. Hamısı fiqh haqqındadır. “əl-Huccə alə Tərikil-Məhəccə”, “Kitəbul-Misbəh əd-Dəi iləl-Fələh”, “əl-Arbəin”, “Təhrim Nikəh əl-Mut’a” kimi əqidə və hədis elmində kitabların müəllifidir. “əl-Həssu alə Qadai-Həvaic”, “Mənəqaibul-İməm əş-Şəfi” və “Cuzun fi Fədail Məlik” adlı kitabların da sahibidir. Hədisləri cəm edən bir çox məclisləri, imlaları və cüzləri vardır.

Allah ona rəhmət etsin!

 


[1] “Tərix Diməşq”, 17/2/269; “Siyər Əaləmin-Nubələ”, 19/139

[2] Eyni mənbə,

[3] “Təhzibul-Əsmə val-Luğat”, 2/126

[4] “Təri Diməşq”, 17/2/269; “Siyər Əaləmin-Nubələ”, 19/139; əs-Subki, “Tabəqat əş-Şəfiiyyə əl-Kubra”, 4/28

[5] “əl-İbər fi Xabəri Mən Ğabər”, 2/362

[6] “Mirətul-Cənən”, 3/152

[7] “Təbyin Kəzib əl-Muftəri”, səh: 287

[8] “Siyər Əaləmin-Nubələ”, 19/142

 

 

Yəhya bin Əbil-Xeyr əl-İmrani (489-558)

Yəhya bin Əbil-Xeyr bin Səlim bin Əs’ad bin Abdilləh bin Muhəmməd bin Musa bin İmran əl-İmrani – rahiməhullah – zamanının böyük imamlarından və şafi’i fəqihlərindən olmuşdur. Onun adını bu şəkildə əl-Cə’di “ət-Tabəqat” kitabında[1] qeyd edir və o, bu böyük alimə ən yaxın olan kəslərdəndir, çünki oğlu Tahir bin Yəhya bin Əbil-Xeyr’in tələbəsi olmuşdur. Bu alimi həmçinin ən-Nəvəvi “Təhzibul-Əsməi val-Luğat” kitabında zikr edir və adını “ Yəhyə bin Əbil-Xeyr Səlim bin Əs’ad bin Yəhyə əl-İmrani bin İmran” olaraq zikr edir. əs-Subki “ət-Tabəqat” kitabında və İbn Qadi Şuhbə də öz “ət-Tabəqat” kitabında onun adını bir qədər fərqli şəkildə təsbit edirlər. Beləliklə də onun atasının, birinci və ikinci babasının adında ixtilaf ediblər, lakin İbn Səmura əl-Cə’dinin zikr etdiyi ad daha doğru olmalıdır, çünki vaxt etibarı ilə və həmçinin əlaqə etibarı ilə ona ən yaxındır.

Kunyəsi Əbul-Hüseyn’dir. ən-Nəvəvi və İbn Qadi Şuhbə isə onun kunyəsini Əbul-Xeyr olaraq zikr ediblər. Hicri 489-cu ildə San’a şəhərinin cənubunda Sir deyilən bir yerdə anadan olub. Bu alim Yəməndə doğulmuş, orada böyümüş və orada da vəfat etmişdir. Məkkə və Mədinəyə ziyarət üçün getməsi istisna olmaqla Yəməndən kənara çıxmamışdır. Şeyx əl-İmrani’nin zamanında Yəməndə fitnələr, batil firqələr çoxalmışdı. Zeydi və İsmaili şiələri ölkənin bir çox yerində hakimiyyəti ələ almışdılar. Zəbid və Tihəmə bölgələrində isə xavaric fikirli tayfalar hökm sürürdü. Bu fərqli firqələr özlərinin dövlətlərini qurmuşdular və hakimiyyət uğrunda müharibələr adi bir hal idi. Hicri 569-cu ildə Əyyubilər hakimiyyəti ələ keçirənə qədər vəziyyət bu şəkildə davam etdi.

Şeyxin Tahir adında bir oğlu və iki qızı olub. Qızlarından biri ilə fəqih Amr ibn Abdilləh bin Süleyman ailə həyatı qurub, lakin o qız öldükdən sonra digər bacısı ilə evlənib.

 

 

Şeyx əl-İmrani elm tələb etmək üçün Yəmənin fərqli yerlərinə səfərlər edib. Şafi’i fiqhində, ərəb dili və əqidədə mütəxəssis bir alim olmuşdur. İlk şeyxlərindən biri sayılan dayısı Əbul-Fətuh bin Osman bin Əs’ad’ın yanında əs-Sardəfi’nin “Kəfiul-Fəraid fil-Məvaris” kitabını öyrənib. Zul-Həfr’a səfər edir və orada əş-Şirazi’nin “ət-Tənbih” kitabını öyrənir. Şeyx Fəqih Abdullah bin Əhməd bin Muhəmməd bin Əbi Abdilləh əl-Həmədəni’dən “əl-Muhəzzəb” kitabını öyrənir və “əl-Lumə” kitabını əzbərləyir. Hər iki kitab da Əbu İshaq əş-Şirazi’nin kitabıdır. Həmçinin “əl-Muləxxas”, İbn Abdəveyh’in “əl-İrşad”, əs-Sardəfi’nin “Kəfi əl-Fəraid” kitabını öyrənir. Sonra Əhazəh adlı bölgəyə səfər edir, orada Şeyx Zeyd bin əl-Həsən əl-Fəyişi’nin yanında “əl-Muhəzzəb” kitabını təkrarlayır. Ondan həmçinin Əbu İshaq əş-Şirazi’nin üsulul-fiqhdə qeydlərini öyrənir. Ərəb dili elmində Əbu Ubeyd’in “Ğaribul-Hədis” kitabını, əl-Xavafi’nin “Muxtəsarul-Ayn” kitabını, ər-Rab’i’nin “Nizamul-Ğarib” kitablarını öyrənir. Həmçinin Əbul-Fətuhun sələfin məzhəbinə uyğun olaraq “ət-Təbsira fi Usulid-Din” adlı əqidə barəsində kitabını öyrənir. Fəqih Zeyd bin Abdilləh əl-Yəfəi hicri 512-ci ildə Məkkədən əl-Cund şəhərinə gəldikdə aralarında Şeyx əl-İmrani’nin də olduğu bir qrup fəqih onun yanına elm almaq üçün gəlirlər. Onun yanında İmam əş-Şafi’nin və İmam Əbu Hənifənin arasındakı ixtilaflı məsələlər haqqında Əbu İshaq əş-Şirazi’nin yazdığı “ən-Nukət” kitabını oxuyur. Həmçinin Qadi Əbut-Tayyib ət-Tabəri’nin “əl-Minhəc” kitabını dinləyir. Əbu İshaq əş-Şirazi’nin “ət-Təliq aləl-Xiləf”, Əbu Fətuhun “ət-Təbsira” kitabını bir daha onun yanında təkrarlayır. əl-Yəfəi hicri 514-cü ildə vəfat edənə qədər onun yanında qalır. Sonra Səhfənə’yə köçərək Şeyx Hüseyn bin Cafər əl-Məraği’nin mötəzilə və digər bidət firqələrinə qarşı yazdığı “əl-Huruf əs-Səb’a” kitabını Qadi Muslim bin Əbi Bəkr bin Əhməd əs-Sa’bi’nin yanında öyrənir. Hicri 517-ci ildə Zu Əşrəf deyilən yerə köçür və ət-Tirmizi’nin “əl-Cami” kitabını Şeyx Səlim bin Abdilləh bin Muhəmməd bin Səlim bin Abdilləhdən eşidir.

Şeyx – rahiməhullah – hicri 521-ci ildə Məkkəyə həcc edir və Mədinədə peyğəmbərin – salləllahu aleyhi va səlləm – qəbrini ziyarət edir. Məkkədə fəqih və vaiz Muhəmməd bin Əhməd əl-Usməni əd-Dibəci ilə qarşılaşır və onunla fiqh və üsul elmlərində münazirə edir. əd-Dibəci əşari idi və ona qiraətin elə qiraət edilən olması barəsində Allahu Təalənin “Həqiqətən bu Quran ən doğru yola yönəldir” (əl-İsra, 9) ayəsini dəlil göstərir.

Sonra öz vətəninə geri dönür və orada qalaraq kitab yazmağa və dərslər verməyə davam edir. Hicri 549-cu ildə müharibələr və fitnələr səbəbilə Sirdə yaşamaq mümkün olmadığı üçün oradan Zus-Səfələ, ordan da Zu Əşrəfə köçür və orada yeddi il qalır. Bu müddətdə yenə tədris və kitab yazmaqla məşğul olur. Hicri 555-ci ildə Şeyx Hafiz Əli bin Əbi Bəkr əl-Həmədəni’dən “Sahih əl-Buxari” və “Sünən Əbi Davud” kitablarını dinləyir.

Sonra xarici İbn Mehdi’nin fitnəsi ortaya çıxdı, Zəbid və Tihəmə bölgəsini ələ keçirir. Öldükdən sonra isə oğlu Mehdi bin Əli’ni öz yerində tərk edir. İbn Mehdi’nin fitnəsi Şeyxi Zu Əşrəfdən çıxmağa məcbur edir. Oranın fəqihləri ilə Zəbidin fəqihləri arasındakı qarşılıqlı nifrət, fitnə və təkfir Şeyxi oraları tərk etməyə vadar edir. Hicri 557-ci ildə Daras, sonra isə Zus-Səfələ köçür və vəfat edənə qədər orada qalır.

Şeyx əl-İmrani hicri 558-ci ildə, Rabiul-Axir ayının 26-sı, bazar günü Zus-Səfəl adlı yerdə xəstələnərək 69 yaşında vəfat etmişdir. Xəstə olsa da namazını tərk etmədi. Dili tutulduğu üçün işarə ilə namazın girib girmədiyini soruşardı.

 

 

Kitabları arasında üsulud-din mövzusunda “əl-İntisar fir-Raddi aləl-Mutəzilətil-Qadəriyyətil-Əşrar” adlı kitabını yazıb və bu kitabında sələfin əqidəsini çox gözəl şəkildə bəyan edib. Mötəzili alimi əl-Mutəvakkil Əli bin Əhməd bin Süleymanın məsləhəti ilə İraqdan mötəzili kitablarını Yəmənə gətirmiş və sonra San’a şəhərində qazilik məqamına keçmiş zeydi və mötəzili alimi Qadi Cəfər bin Abdis-Sələmə rəddiyə olaraq Şeyx əl-İmrani bu kitabını yazıb. Belə ki, Şeyx əl-İmrani daha öncə hədis əhlinin və sələfin qədər məsələsindəki etiqadını izah edən bir risalə yazmışdır və bu mötəzili alimi “əd-Dəbiğ lil-Bətil min Məzhəbil-Hənəbil” adlı bir kitab yazaraq Şeyxin risaləsini rədd edir. Cavabında Şeyx əl-İmrani bu kitabını yazaraq həm mötəzililəri, həm də digər bidət firqələrini rədd etmişdir. Kitabında həmçinin əşariləri də rədd edir. əl-Cə’di kitabında zikr edir ki, Şeyx – rahiməhullah – elm və fiqh tələb edənləri, onların bir arada toplanmaqlarını sevərdi, lakin onların “Kəlam” elminə dalmaqlarını sevməzdi. Həmçinin Allahın danışmaq sifəti haqqında əşarilərə və qədərilərə qarşı bir risaləsi vardır.

əl-Cə’di qeyd edir ki, Yəməndə hicri üçüncü əsrin sonlarına qədər İmam Malik və İmam Əbu Hənifə’nin məzhəbi olub. İmam əş-Şafi’nin məzhəbini Yəməndə ilk olaraq öyrədən Fəqih Musa bin İmran əl-Məafiri olub. Məzhəbi Yəmin bir çox bölgəsinə yayan Şeyx əl-Qasim bin Muhəmməd əl-Cəmhi əl-Quraşi (vəfatı hicri 437) olub və bundan sonra əl-Cund, San’a və Adn bölgələrində şafi’ilik bərqərar olur. Şeyx əl-Qasim’in mədrəsəsi Səhfənədə yerləşirdi və orada dərs alanlar məzhəbi Yəmənin digər bölgələrinə də yayırlar. Şeyx əl-Qasimin tələbələrindən yayılan məzhəb Şeyx Əbul-Hüseyn Yəhyə bin Əbil-Xeyr ilə daha da güclənir və yayılır. Şeyx əl-İmrani fiqhdə bir çox kitabın sahibidir və bu kitablar içində “əl-Bəyən” kitabı ən məşhurudur. əs-Subki “ət-Tabəqat” kitabında bir çox yerdə Şeyx əl-İmrani’nin bu kitabında tərcih etdiyi görüşləri zikr edir ki, bu da kitabın qiymətinə işarə edir. Şeyx bu kitabını hicri 528-ci ildə başlamış və hicri 533-cü ildə bitirmişdir. Məzhəbin fiqhi haqqında yazdığı digər kitabları arasında “əz-Zəvaid aləl-Muhəzzəb” kitabı da vardır və bu, əş-Şirazi’nin “əl-Muhəzzəb” kitabına əlavə etdiyi məsələləri toplayan gözəl bir kitabdır. Şeyxi Zeyd bin Abdilləh ilə məsləhətləşdikdən sonra hicri 517-ci ildə başlayaraq hicri 520-ci ildə bitirmişdir. Digər bir kitabı isə əş-Şirazi’nin “əl-Muhəzzəb” kitabında yer almış müşkil məsələləri bir arada topladığı və “əl-Muşkil” adlandırdığı kitabdır və bu kitabı tələbəsi və dostu Muhəmməd bin Muflih əl-Hədrami’nin xahişi ilə yazıb. əl-Ğazəli’nin “əl-Vasit” kitabı üzərində “Ğaraibul-Vasit” adlı kitabını yazıb. Həmçinin əl-Ğazəli’nin “İhyə Ulumid-Din” kitabının müxtəsərini yazıb. Həmçinin fətvalar toplusu vardır ki, bunu İbn Qadi Şuhbə “ət-Tabəqat” kitabında zikr edir. əz-Zirikli əlavə olaraq “əl-Əhdəs”, “Mənaqibuş-Şəfi” və “Məqasidul-Lumə” adlı üç kitabın adını çəkir.

 

 

əs-Subki onun haqqında deyir: “Yəmən ölkəsində şafi’ilərin şeyxi və “əl-Bəyən” və digər məşhur kitabların sahibi...” və sonra buyurur: “Adı məşhur olan, sorağı uzaqlara çatan bir imam, zahid və xeyir sahibi idi, fiqh, üsul, kəlam və nəhv elmlərini yaxşı bilirdi. Əbu İshaq əş-Şirazi’nin fiqhdə, üsulda və ixtilaf elmində kitablarını Yer üzündə ən yaxşı biləndir və “əl-Muhəzzəb” kitabını əzbərdən bilirdi. Deyilənə görə onu bir gecəyə oxuyardı.[2] ən-Nəvəvi deyir: “O, “əl-Muhəzzəb” kitabını əzbərdən bilirdi və onu “əl-Bəyən” adlı kitabı ilə şərh edib. Yəmən torpaqlarında elmi yaydı və onun yanına səfər edərdilər.[3] İmam İbn Kəsir deyir: “Görkəmli bir imam idi və onun kitabı bol fəzilətlərinə, mühim faydalarına, zəngin elminə, çox elm sahəsinə yiyələnməsinə dəlalət edir.[4]

Allah ona rəhmət etsin!

 


[1] “Tabəqat əl-Cə’di”, səh: 174

[2] “Tabəqat əş-Şəfiiyyə əl-Kubra”, 7/336

[3] “Təhzibul-Əsmə val-Luğat”, 2/278

[4] “Tabəqat əş-Şəfiiyyə”, səh: 654; Məktəbətus-Səqafətid-Diniyyə, 1413/1993,

 

Qivamus-Sunnə İsmail ət-Teymi (457-535)

Əbul-Qasim İsmail bin Muhəmməd bin əl-Fədl bin Əli bin Əhməd bin Tahir ət-Teymi əl-ət-Talhi Əsfəhəni böyük imam və öndər bir şəxsiyyətdir. “Şeyxul-İslam”, “Qivamus-Sunnə” ləqəbləri ilə tanınır. Həmçinin isfəhanlıların dilində “kiçik quş” mənasına gələn “Cuzi” ləqəbi ilə də tanınmışdır və İsfəhan əhli onu bu adla çağırardılar, yəni İsmail Cuzi deyərdilər. Əbu Sad əs-Səm’ani deyir: “Eşitdim ki, o, bu ada nisbət edilməsini xoşlamazdı... İsfəhan əhli “Şeyx İsmail Cuzi” deyərdilər və bu adla tanınardı. Əgər öz vətəninin əhalisi arasında bu adla məşhur olmasaydı onu burda zikr etməzdim.[1] Ana tərəfdən nəsəbi məşhur səhabə Talha bin Ubeydilləh ət-Teymi’yə çatır.

Hafiz İsmail tarixçilərin ittifaqı ilə hicri 457-ci ildə anadan olub. əl-İsnəvi onun şəvval ayının doqquzu doğulduğunu deyir. İsfəhan şəhərində anadan olub və orada böyüyüb. Onun atası Əbu Cəfər də elm əhlindən olmuşdur və əz-Zəhəbi onu alimlər arasında qeyd edir, saleh və təqvalı biri olduğunu zikr edir.

Hafiz İsmail’in Əbu Abdilləh Muhəmməd adlı bir oğlu olmuşdur, hicri 500-cü ilin civarında anadan olub. Bariz alimlərdən biri olub, lakin cavan yaşında vəfat etmişdir. Yaşının az olmasına baxmayaraq yüksək elmi səviyyəyə çatmışdı, ərəb dilində fəsahətli bir dili var idi. İki “əs-Sahih” kitabını şərh etməyə başlamış, lakin tamamlaya bilməmişdi, ölümündən sonra atası Hafiz İsmail o şərhi tamamlamışdır. əz-Zəhəbi deyir ki, atası ərəb dilində onu özündən üstün sayardı.” Hicri 526-cı ildə vəfat edib.

Hafiz İsmail özü atasının himayəsində böyümüşdür. Hələ çox kiçik yaşlarından hədis dinləməyə başlamışdır. Daha sonra yetkin yaşlarında elm almaq üçün Bağdada səfər edir və orada Əbu Nəsr əz-Zeynəbi kimi bir qrup alimdən dərs alır. Həmçinin Neysəbur şəhərinə səfər edir və orada Əbu Bəkr bin Xaləf əş-Şirazi’dən, Əbu Nəsr bin Səhl əs-Sərrac’dan, Abdur-Rahmən bin Əhməd əl-Vahidi’dən və digərlərindən elm öyrənmişdir. Məkkəyə səfər edərək orada bir il qalır və oranın alimlərindən də faydalanır.

 

 

Şəxsiyyəti

Allahu Təalə bu böyük hafizə faydalı elm, sağlam dindarlıq, doğru əqidə nəsib etmişdir. Öz zamanında müasirləri və sonra gəlmiş alimlər tərəfindən çoxca təriflənmişdir. Onun haqqında danışanlardan biri tələbəsi, böyük alim Əbu Musa əl-Mədini Muhəmməd bin Əbi Bəkr əl-Əsfəhəni deyir: “Hafiz Əbul-Qasim öz vaxtının imamlarının imamıdır, öz əsrinin alimlərinin ustazıdır, zamanında sünnət əhlinin öndəridir. Sağ olarkən bir qrup alimdən bizə ondan rəvayət etdilər və kiminsə onun hər hansı bir sözünü, hər hansı bir əməlini qınadığını görmədim... Özünü dünya şəhvətlərindən uzaq tutdu, sultanların yanına daxil olmadı, nə də sultanlarla yaxınlıq edənlərlə yaxınlıq etmədi. Əli aşağı olsa da öz mülkündən bir evi elm əhlinə ayırdı və əgər bir kimsə dünyanın tamamına ona versəydi onun gözündə qalxmazdı. Üç min beş yüz məclis qurub dərs verdi və bədahətən imla deyərdi.[2] Əbu Musa əl-Mədini öz şeyxinin gözəl xüsusiyyətləri haqqında ayrıca bir kitab yazmışdır. Yəhya bin Abdil-Vahhəb bin Məndəh deyir: “Gözəl etiqada, gözəl təriqətə sahib idi, az danışardı. Öz vaxtında onun kimisi yox idi.[3] Kutə ləqəbi ilə tanınmış İmam Abdul-Cəlil bin Muhəmməd əl-Əsfəhəni deyir: “Bağdadın imamlarını belə deyərkən eşitdim: “Əhməddən sonra Bağdada İmam İsmail’dən daha çox hifz etmiş, daha əfzəl biri səfər etmədi.[4] Əbu Abdilləh Muhəmməd bin Abdil-Vahid əl-Əsfəhəni əd-Dəqqaq deyir: “Bənzəri yox idi, öz vaxtında onun kimisi yox idi. Əməli salehlikdə, düzgünlükdə misal çəkilən biri idi[5] Bağdadda məskən salmış əndəlüslü alim Əbu Amir Muhəmməd bin Sədun əl-Abdəri deyir: “İsmail kimi birini görmədim. Onunla müzakirə etdim və onun hədisləri hifz etdiyini, hər elmi bildiyini, çox sahəli biri olduğunu gördüm.” əz-Zəhəbi onun haqqında danışarkən “əl-Hafiz əl-Kəbir”, “Şeyxul-İslam”, “Qavvamus-Sunnə” adlarını sadalayır. Əbu Musa əl-Mədini onu altıncı əsrin mücəddidi saymışdır, həmçinin Hafiz Muhəmməd bin Əbi Nəsr əl-Fətəvani onu “altıncı əsrin imamı” adlandırmışdır.[6]

Çoxlu ibadət edən bir zat olmuşdur. Yenə Əbu Musa əl-Mədini hekayət edir ki, təziyə vermək üçün ziyarət etdiyi şəxs onun bir gündə otuz dəfə dəstəmaz aldığını və hər dəfə iki rükət namaz qıldığını görmüşdür. Onu vəsf edənlər onun çox zahid bir kimliyə sahib olduğunu xüsusilə vurğulayırlar.

 

 

Fiqhdəki məzhəbi

Fiqhdəki məzhəbinə gəldikdə isə İmam əş-Şafi’nin məzhəbində olmuşdur. Cəməlud-Din əl-İsnəvi onu “ət-Tabəqat” kitabında şafi’i alimləri arasında zikr edir. İbnul-Qayyim onun haqqında deyir: “Vaxtında şafi’ilərin imamı...[7] Həmçinin əs-Subki də onu “ət-Tabəqat” kitabında zikr edir. İbn Kəsir deyir: “... şafi’ilərin imamlarından biri, hədis elminin və hədis tənqidinin nəhənglərindən biridir.[8]

 

 

Əqidəsi

Əqidədə sələfin və onlardan isnad ilə əqidəni nəql etmiş hədis əhlinin əqidəsi üzərində olmuşdur. Onun “əl-Huccə fi Bəyənil-Məhəccə” kitabı bunu ən açıq şəkildə sərgiləyir. Əşarilər kimi sünni mütəkəllimlərə və mötəzili, cəhmi və onlar kimi bidət firqələrinə qarşı rəddiyələri vardır. Əbu Musa əl-Mədini deyir: “Onu ( yəni əl-Hafiz İsmaili) belə deyərkən eşitdim: “İbn Xuzeymə surət hədisində xəta etmişdir və buna görə ona tənə etmək olmaz, əksinə bu görüş sadəcə olaraq ondan götürülməz.” Əbu Musa deyir: “Bununla ona işarə etmişdir ki, xətası olmayan imam azdır və əgər həmin imam xətasına görə tərk olunacaq olsa o zaman çox sayda imam gərək tərk olunsun, bu isə edilməsi münasib olmayan bir şeydir.[9] Hafiz Əbul-Qasim ət-Teymi burada İbn Xuzeymə’nin hədisdəki “surət” sözünü Allaha yox, Adəm övladına izafə etməkdə xəta etməsini qəsd edir, çünki ondan öncəki imamlar bu görüşü cəhmiyyənin görüşü olaraq tanıyıblar. Şeyxin bu mövqeyi də onun əqidədə hədis əhlinin əqidəsi üzərində olduğunu aşkar şəkildə göstərir.

 

 

Şeyxləri

İsfəhan şəhərində Aişə bint əl-Həsən bin İbrahim əl-Varkəniyyə, Əbu Amr Abdul-Vahhəb bin Məndəh, Əbu Mənsur bin Şəkraveyhən, Bağdadda Əbu Nəsr Muhəmməd bin Muhəmməd bin Əli əz-Zeynəbi və Əbul-Həsən Asim bin əl-Həsən əl-Asimi’dən, Neysəburda Əbu Nəsr Muhəmməd bin Səhl əs-Sərrac və Əbu Bəkr Əhməd bin Əli əş-Şirazi və digərlərindən, Qəzvində Əbu Mənsur əl-Məqumi və Muhəmməd bin İbrahim əl-Kərci’dən,  Rəy şəhərində Əbu Bəkr İsmail bin Əli əl-Xatib və çox sayda digər alimlərdən dərs almışdır. Şeyx Əbu Mənsur əl-Məqumi’dən camidə İbn Məcə’nin “əs-Sünən” kitabını dinləmişdir.

 

 

Tələbələri

Onun tələbələri arasında nəvəsi Əbul-Fərəc Yəhya bin Mahmud əs-Səqafi, Əbu Musa əl-Mədini, Əbu Sad əs-Səm’ani, böyük alim, İmam Əbu Tahir əs-Siləfi, Əbul-Alə əl-Həməzəni və böyük hafiz Əbul-Qasim ibn Asəkir kimi alimlər vardır.

 

 

Kitabları

Təfsir sahəsində “əl-Cəmi əl-Kəbir fi Məalimit-Təfsir”, “əl-İydah fit-Təfsir”, “əl-Muvaddah fit-Təfsir”, “əl-Mutəməd fit-Təfsir”, Quranın irabında “İrabul-Quran” adlı kitabları vardır. “Onun “ət-Tərğib vat-Tərhib” adlı bir kitabı vardır ki, əl-Hafiz əl-Munziri özünün eyni adlı kitabında müqəddiməsində etiraf etdiyi kimi ondan çoxca istifadə etmişdir. Üsulud-Din sahəsində “əl-Huccə fi Bəyənil-Məhəccə va Şərh Aqidəti Əhlis-Sunnə”, “Kitəbus-Sunnə”, “Dələilun-Nubuvva” adlı kitabların müəllifidir. Bundan əvvəl daha əvvəl zikr etdiyimiz kimi oğlunun başladığı əl-Buxari və Muslimin “əs-Sahih” kitablarının şərhlərini tamamlamışdır. “Siyərus-Sələf”, “əl-Məğazi” kimi kitabları da vardır.

 

 

Vəfatı

Hicri 535-ci ildə, qurban bayramı günü İsfəhan şəhərində vəfat edib. Əbu Musa əl-Mədini deyir: “Cənazəsini qardaşı Əbul-Mərdi qıldı və cənazəsində heç zaman görmədiyim qədər adam toplanmışdı.

Allah ona rəhmət etsin!

 


[1] “əl-Ənsəb”, 2/120

[2] “ət-Təzkira”, 1278-1279; “Siyər Əaləmin-Nubələ”, 12/164

[3] “əz-Təzkira”, 1281;

[4] Eyni mənbə

[5] Eyni mənbə

[6] Bax: ər-Rafii, “ət-Tədvin fi Əxbər Qazvin”, 2/302-303

[7] “İctiməul-Cuyuşil-İsləmiyyə”, səh: 116

[8] “Tabəqat əl-Fuqahə əş-Şəfiiyyə”, 2/591

[9] “Tərix İsləm”, 36/371; “Siyər Əaləmin-Nubələ”, 20/86

 

əl-Hafiz Şəmsud-Din İbn Abdil-Hədi (705-744)

Hafiz İbn Abdil-Hədi adı ilə tanınan bu mübarək alim məşhur Qudəmə ailəsində doğulub. Tam adı Əbu Abdilləh Şəmsud-Din Muhəmməd bin Əhməd bin Abdil-Hədi bin Abdil-Həmid bin Abdil-Hədi bin Yusuf bin Muhəmməd bin Qudəmə əl-Cəməili əl-Məqdisi əs-Salihi əd-Diməşqi əl-Hənbəli’dir. Ən məşhur görüşə görə hicri 705-ci ildə Salihiyyə’də doğulub. Bu, onun müasirlərindən olan İbn Kəsir, əs-Safədi və əl-Hüseyni’nin görüşüdür. əz-Zəhəbi isə “Təzkiratul-Huffəz” kitabında “yeddiyüz beşinci və ya altıncı ildə doğulub” deyir. İbn Rəcəb isə onun hicri 704-cü ildə doğulduğunu deyir və İbnul-İməd “Şəzəratuz-Zəhəb”də onun bu sözünə tabe olmuşdur. Beləliklə İbn Rəcəbə görə İbn Abdil-Hədi 40 yaşına çatıb. Lakin müasirlərinin çoxuna görə İbn Abdil-Hədi qırx yaşı tamamlanmamış, otuz doqquz yaşında vəfat etmişdir.

 

Atası Quran və hədis alimi olub və hər alim atada olduğu kimi o da öz oğlunun elm təhsilində maraqlı olub və ən ali isnada sahib olmaq üçün zamanının ən böyük hədis alimlərinin yanına göndərmişdir. Şeyx Kəməlud-Din’in qızı Zeynəb əs-Salihiyyə’dən hədis dinləmişdir və onun icazələrinin əksəriyyətinə nail olmaqla digərlərindən seçilmişdir və Zeynəb məşhur Sibtus-Siləfi’dən[1] dünyada ən axırında rəvayət edən bir qadın mühəddisdir. Həmçinin İsa əl-Muta’im’dən – hicri 717-ci ildə 91 yaşında vəfat edib - eşidib. Əbu Bəkr Əhməd bin Abdid-Dəim’dən – və o, həm də Şeyxul-İslam İbn Teymiyyə’nin şeyxidir, 93 yaşında hicri 718-ci ildə vəfat edib - , həmçinin Sadud-Din Yəhyə bin Muhəmməd bin Sad’dan – hicri 721-ci ildə 90-dan böyük bir yaşda vəfat edib – hədis eşidib. Onların hamısı da ali sənədlərlə seçilən hədis cüzlərinə malik idilər. Həmçinin Əhməd bin Əbi Talib əs-Salihi əl-Həccər’dən – və o, uzun ömürlülərdən olub, hicri 730-cu ildə vəfat edib – hədis eşidib. Daha çox İbnuz-Zərrad adı ilə tanınan Muhəmməd bin Əhməd bin Əbil-Hicə’dən eşidib və tək başına “Sahih Muslim”i Qadi Şərəfud-Din Abdullah bin əl-Həsən’ə - və o, məşhur mühəddis Abdul-Ğani əl-Məqdisi’nin nəvələrindəndir, hicri 732-ci ildə vəfat edib – oxuyub.

 

Fiqhə gəldikdə isə İbn Qudəmə’nin “əl-Muqni” kitabını Qadi Süleyman bin Həmzə’nin yanında əzbərləmişdir. Daha sonra fiqh dərslərini hənbəli məzhəbində seçilmiş iki böyük alim yanında tamamlamışdır; Qadi Muhəmməd bin Muslim bin Məlik və İsmail bin Muhəmməd əl-Hərrani.

Quran qiraətlərini öz zamanında qarilərin şeyxi İbn Bəsxan’dan öyrənib. Nəhv elmini Əbul-Abbas əl-Əndərişi yanında öyrənib və o, İbn Malik’in “ət-Təshil” kitabını şərh edənlərdən biridir.

 

Hicri 721-ci il İbn Abdil-Hədi’nin zamanının iki böyük alimindən çoxca faydalanmağa başladığı il oldu. Onlar Hafiz əl-Mizi və İbn Teymiyyə idi. İbn Teymiyyənin yanında qısa müddət tələbəlik etməsinə baxmayaraq bu iki mübarək zat arasında dərin əlaqələr formalaşdı. İbn Abdil-Hədi’nin zəkası İbn Teymiyyə ilə qane oldu. İbn Teymiyyə də bu gənc alimə xüsusi bir sevgi və hörmət bəsləyirdi. Şeyxi əl-Mizzi’yə gəldikdə isə öz müasirləri arasında hədis elmi və ərəb dili elmi ilə seçilirdi, bəziləri hədisdə onu əd-Dəraqutni’dən də üstün sayıblar. Onun ravilərin adları, hədis illətləri, hədis müşkilləri və hədis sənədləri haqqındakı elmi öz zamanında onu bu elmin imamı halına gətirmişdi. Ərəb dili ilə əlaqədar olaraq onun haqqında belə deyiblər: “Ərəb dilində Əbu Həyyan ən-Nəhvi’dən sonra onun kimisi görülməyib.” İbn Abdil-Hədi onun yanında on il elm öyrənmiş, hətta bu sahədə böyük bir alim olmuşdur. Bununla belə öz şeyxinin əməyini unutmayaraq onun haqqında deyərdi: “O, bu elmdə ondan çoxlu faydalandığım şeyximdir.

 

Həmçinin İmam əz-Zəhəbi’dən də elm öyrənmişdir, lakin əz-Zəhəbi’nin yanında tələbəlik etməsi daha çox iki müasirin bir-birindən elm öyrənməsinə bənzəyir. İbn Abdil-Hadi ondan nə qədər faydalanıbsa, əz-Zəhəbi də İbn Abdil-Hədi’dən bir o qədər faydalanmışdı. Tarixə düşmüş məlumatlardan birinə əsasən əz-Zəhəbi “əs-Sadriyyə” mədrəsəsində İbn Abdil-Hədi’nin dərsində iştirak edib, hətta “Təzkiratul-Huffəz” kitabında hədis dinlədiyi şeyxlərinin adları ilə yanaşı onun da adını zikr etmişdir.

 

Bu böyük şəxsiyyət qısa bir ömür yaşamasına baxmayaraq yetmişdən çox kitab yazmışır və onlardan bəziləri səkkiz cilddən ibarətdir. əl-Uməriyyə, əd-Diyaiyyə kimi öz əsrinin ən böyük məktəblərində dərs vermişdir. İbn Kəsir tarix kitabında qeyd edir ki, hicri 741-ci ildə əl-Uməriyyə məktəbində dərs verməyə başlamışdır. Artıq otuz altı yaşında adı İslam aləmində tanınırdı. İbn Kəsirin dediyi kimi Qüds əhli, zamanının böyük hənbəli alimləri onun yanına elm almağa gəlirdilər. Görünür ki, İbn Abdil-Hədi ömrünün axırlarında məktəbdəki vəzilərini təkr etmiş və daha çox kitab yazmağa üstünlük vermiş və bir çox kitablar yazmaq istəmişdir. İsnadlı əsərlər üzərində qurulmuş təfsir, həmçinin böyük əhkam hədisləri kitabı yazmaq istəmişdir. Əhkəm hədisləri kitabını tamamlaya bilməmişdir. Bu arzusuna çatmadan öncə vəfat edib. Otuz doqquz il ömür sürmüş bu şəxsiyyət qısa bir müddətdə elm sahəsində çox böyük işlər görüb. Saləhud-Din əs-Safədi onun haqqında deyir: “Əgər yaşasaydı öz zamanının nadir şəxsiyyətlərindən olardı.” Yenə buyurur: “Ondan ədəblə və nəhv ilə bağlı sual soruşardım və yaddaşından verdiyi cavabına görə elə düşünərdim ki, sanki həmin məsələ ilə bağlı bir gün əvvəl araşdırma edib.[2] İbn Nəsirid-Din əd-Diməşqi deyir: “Təfsir, qiraət, hədis, üsul, fiqh, ərəb dili kimi elmlərdə bir imam idi.[3]

 

İbn Abdil-Hədi hicri 744-cü ildə 39 yaşında, üç ay xəstə yatdıqdan sonra vəfat edib. Cumədəl-Ulə ayının onu, çərşənbə günü, əsr namazının azanından öncə vəfat edib və axırıncı sözləri bu olub: “Əşhədu ən lə iləhə illəllah va əşhədu ənnə muhəmmədən rasulullah. Allahım məni tövbə edənlərdən et və məni təmizlənmişlərdən et!” Cümə axşamı günü əl-Muzaffəri camisində cənazəsi qılındı və cənazəsində ölkənin qaziləri, alimlərin, əmirlərin, tacirlərin və adi insanların seçkin zatları iştirak etdi. Cənazəsində iştirak edənlərdən biri də İmam əz-Zəhəbi olmuşdur. Əbul-Məhəsin əl-Hüseyni əş-Şafi’i deyir: “Şeyximiz əz-Zəhəbi’ni o gün ağlayaraq belə deyərkən eşitdim: “Onunla toplaşdığım elə bir gün olmadı ki, ondan faydalanmayım.[4] ər-Ravda qəbiristanlığında İbn Qudəmə’nin nəvəsi Seyfud-Din bin İsa’nın yanında dəfn etdilər. Əmisi qızı Aişə[5] ilə evliliyindən Ömər adlı bir oğlu olmuşdur və o, Hafiz İbn Həcər’in şeyxlərindən olub.

 

Belə gənc ömür ilə bu qədər elm əldə etməsi çox inanılmaz bir haldır. Alimlərin onun zəkasının parlaqlığına, hafizəsinin güclülüyünə şahidlik edirlər. Ona görə də İbn Kəsir deyir: “Böyük şeyxlərin əldə edə bilmədiyi elmlərə nail oldu, hədis, nəhv, sarf, fiqh, təfsir, mənqul və məqul, tarix, qiraətlər kimi elmlərdə çox yönlü marifətə sahib idi. Onun çox faydalı kitab topluları və qeydləri var, ravilərin adlarını və hədisin rəvayət kanallarını çox gözəl xatırlayırdı, cərh və tədili bilərdi, hədisin illətləri elmində bəsirət sahibi idi və bu barədə gözəl anlayışı var idi. Çox gözəl hafizəsi, sağlam zehni, sələfin yolu, Kitab və sünnətə tabe olma üzərində doğru yollu idi və xeyir işlər görməkdə səbirli idi.[6] İbnul-Bərdi deyir: “Elmdə aşıb-daşan bir dərya idi.[7] əs-Safədi onun hifz etdiyi kitablar arasında “əş-Şatibiyyə”, “ər-Raiyyə” mənzumələrini, “əl-Muqni” və İbnul-Həcib müxtəsərini sayır. Ərəb dilində İbn Malik’in “ət-Təshil” və “əl-Əlfiyyə” kitablarına şərh yazıb. Onun “əl-İ’ləm fi Zikri Məşəyix əl-Əimmətil-Ə’aləm”, “İqamətul-Burhən alə Adəmi Vucubi Saumi Yəumil-İsneyn min Şəbən”, “əl-Əmr bil-Məruf van-Nəhyu anil-Munkər”, “Tabəqat Uləmə əl-Hədis”, “əl-Uqud əd-Durriyyə”, “Tənqihut-Təhqiq”, “Qavaidu Usulil-Fiqh” adlı kitabların sahibidir. əl-Məcd İbn Teymiyyənin “əl-Əhkəm” kitabına, əl-Beyhəqi’nin “əs-Sünən əl-Kubra” kitabına, İbn Əbi Hətim’in “əl-İləl” kitabına qeydlər yazıb, İbn Dəqiqil-İd’in “əl-İlməm” kitabına haşiyə yazıb. İbn Dəhiyyə, Əbu Həyyən ən-Nəhvi, İbn Tahir, İlkiyə əl-Hərrasi, Təqiyyud-Din əs-Subki’yə rəddiyələr yazıb. əs-Subkiyə yazdığı rəddiyəsi “əs-Sarim əl-Munki” adı ilə tanınır. əl-Kəşmiri deyir: “Sonra əs-Subki’yə rəddiyə olaraq İbn Abdil-Hədi bir kitab yazdı və onu “əs-Sarim əl-Munki alə Nəhris-Subki” adlandırdı və bu kitabını gözəl yazmışdır.[8] Bundan əlavə digər kitabların sahibidir.

Allahın rəhməti üzərinə olsun!

 


[1] Sibtus-Siləfi, İbn Tahir əs-Siləfi’nin nəvəsi; Cəməlud-Din Əbul-Qasim Abdur-Rahmən bin Məkki əl-İskəndərani, hicri 651-ci ildə vəfat edib.

[2] “əl-Vafi bil-Vafəyət”, 2/114; Dar İhyə ət-Turas, 1420/2000, Beyrut

[3] “ər-Radd  əl-Vafir”, səh: 30; əl-Məktəb əl-İsləmi, birinci nəşr: hicri 1393, Beyrut

[4] “Zeylu Təzkiratil-Huffəz”, səh: 32; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1419/1998, Beyrut

[5] Muhəmməd bin Abdil-Hədi’nin qızı Aişə, öz zamanında dünyanın isnadda ən bariz şəxsiyyəti idi. Şeyxlərinin əksəriyyətindən tək başına hədis eşitmə və icazə almaqla seçilmişdir. Ondan böyük imamlar hədis eşidiblər və ondan İbn Həcər çoxlu hədis eşitmişdir. Hicri 816-cı ildə 93 yaşında vəfat etmişdir.

[6] “əl-Bidəyə van-Nihəyə”, 14/244; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr, 1408/1988

[7] “Tətimmətul-Muxtəsar”, 2/480

[8] ”əl-Arfuş-Şəzi”, 1/327; Dar ət-Turas əl-Arabi, birinci nəşr: 1425/2004, Beyrut

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.