İslam alimləri

Hafiz Əbu Bəkr əl-İsməyili (277-371)

İmam əl-Həfiz Şeyxul-İslam Əbu Bəkr Əhməd bin İbrahim bin İsmayıl bin əl-Abbas əl-Curcəni əl-İsməyili zamanının böyük imamlarından biridir, hüccətdir, şafi’i fəqihidir. “əs-Sahih” kitabının müəllifidir. Hicri 277-ci ildə anadan olub. İsmayili nisbəti babası İsmayıla olan nisbətidir, əl-Curcəni isə Curcən torpaqlarına olan nisbətidir.

Hicri 283-cü ildə hələ uşaq ikən öz xətti ilə hədis yazmışdır. əz-Zəhəbi’nin qeyd etdiyi kimi bu, onun ailəsinin onu kiçik yaşlarından elmə təşviq etməklərinə dəlalətdir, yoxsa altı yaşı olan uşağın öz ixtiyarı ilə imla məclislərində olması qəribədir. Hicri 289-cu ildə artıq hədis tələb etməyə başlamışdır. Curcən’dən Xorasana səfər etmişdir. Sonra Bağdad, Kufə, Basra, Rəy, Həmədan, əl-Ənbər, Məkkə və digər şəhərlərə səfər etmişdir. Bir çox kitab qələmə almışdır və bu kitabları onun fiqhdə və hədisdə bir imam olmasına dəlalət edir.

əl-Həkim deyir: “əl-İsməyili əsrinin nadir adamı idi, mühəddislərin və fəqihlərin şeyxi idi, rəhbərlikdə, alicənablıqda, səxavətdə onların ən üstünü idi. Hər iki tərəfdən olan alimlər və ağıl sahibləri arasında Əbu Bəkr (əl-İsməyili) haqqıında heç bir ixtilaf yoxdur.” əs-Səm’ani onun haqqında deyir: “Curcən əhlinin imamıdır, hədisdə və fiqhdə ona müraciət edilir... o, zikrə ehtiyac duyulmayacaq qədər məşhurdur.” əz-Zəhəbi onu, imam, hafiz, fəqih və şeyxul-islam adları ilə zikr edir. İbn Abdil-Hədi onun haqqında deyir: “İmam, böyük hafiz, nəhəng imamlardan biridir... yaşadığı ərazidə şafi’ilərin böyüyü idi.” Həmzə bin Yusuf deyir: “əd-Dəraqutni’ni belə deyərkən eşitdim: “Bir neçə dəfə Əbu Bəkr əl-İsmayili’nin yanına səfər etməyə qərar verdim, lakin Allah mənə bu ruzini vermədi.” əz-Zəhəbi qeyd edir ki, əd-Dəraqutni’nin onun yanına səfər etməsi sadəcə olaraq ali isnad əldə etmək məqsədi ilə deyildi, lakin əl-İsməyili’nin elminə görə idi. Hafiz Əbu Bəkr əl-İsməyili – rahiməhullah - əl-Buxari’nin “əs-Sahih” kitabına xüsusi bir xidmət göstərmiş bir alimdir, lakin alimlər qeyd edirlər ki, o özü əl-Buxari kimi bir kitab yaza biləcək qədər bu sahədə elmə sahib idi.

Onun gözəl oxuma üslubu var idi. Tələbəsi Həmzə deyir: “Bir qrup alimdən – və onların arasında əl-Həfiz İbnul-Muzaffər də var idi – Əbu Bəkrin gözəl qiraətinin olduğunu eşitdim, dedilər ki, bütün məclislərdə onu önə keçirərdilər, əgər bir məclisə gəlsəydi ondan başqası oxumazdı.

 

 

Şeyxləri və tələbələri

Şeyxləri çoxdur.  Onların arasında ən məşhurları İbrahim bin Zuheyr əl-Hulvani, Əhməd bin Əli bin əl-Musənnə əl-Məvsili, Əhməd bin Muhəmməd bin Məsruq, əl-Həsən bin Sufyan əş-Şeybəni, Həsən bin Alləveyh əl-Qattan, Həmzə bin Muhəmməd əl-Kətib, Cəfər bin Muhəmməd əl-Firyəbi, əl-Fədl bin Hubəb əl-Cuməhi, İmran bin Musa əs-Səxtiyəni, Abdən bin Əhməd əl-Askəri, Muhəmməd bin Abdilləh əl-Hədrami, Muhəmməd bin İshaq bin Xuzeymə, Muhəmməd bin Osman bin Əbi Şeybə, Muhəmməd bin Yəhyə əl-Mərvazi və daha bir çox alim vardır.

Ən məşhur tələbələri arasında Əbu Bəkr Əhməd bin Muhəmməd bin Ğalib əl-Bəlqani əl-Xavarazmi, Əhməd bin Abdir-Rahmən əş-Şirazi, Həmzə bin Yusuf əs-Səhmi, əl-Hüseyn bin Muhəmməd əl-Bəşəni, Abdur-Rahmən bin Muhəmməd əl-Fərisi, Abdul-Vahid bin Munir əl-Muaddəl, İsa bin Abədir əd-Dinəvari, Muhəmməd bin Abdilləh əl-Həkim, Əbu Bəkr Muhəmməd bin İdris əl-Cərcərai, Muhəmməd bin Əli ət-Tabəri, Yəhyə əl-Əbhuri, Muhəmməd bin Muhəmməd əl-Həccəci və başqaları yer alır.

 

 

Kitabları

Onun “Mucəmuş-Şuyux”, “əl-Mustəxrac alə Sahih əl-Buxari”, “əl-Mədxal ilə Sahih əl-Buxari”, “əl-Musnəd əl-Kəbir”, “Musnəd Ömər”, “Musnəd Əli”, “Musnəd Yəhyə əl-Ənsari”, “Hədis Yəhyə bin Əbi Bəkr”, “əl-Fəvaid”, “əl-Avali”, “Əhədisul-Əaməş”, “Suələtus-Səhmi”, “Mucəmus-Sahəbə”, “Suələtul-Bərqani” adlı kitabları vardır. “əl-Mədxal ilə Sahih əl-Buxari” kitabında əl-Buxari’nin “əs-Sahih” kitabına qarşı edilmiş etirazları zikr edir və onlara cavab verir. Üstəlik fiqh barəsində də bir kitabı vardır. Şeyx Əbu Osman əs-Sabuni və İbn Teymiyyə onun əqidə barəsində bir risaləsi olduğunu da zikr edirlər. Onun hədis imamlarının etiqadı haqqında yazdığı bir kitabı halhazırda çap edilmiş şəkildə mövcuddur. Həmin kitab həm “İtiqadu Əhlis-Sunnə”, həm də “İtiqadu Əimmətil-Hədis” adları ilə çap olunub. İbn Rəcəb onun kitabları arasında həm də “Cəm’u Hədis Mis’ar” kitabını da zikr edir.

 

 

Əqidəsi

əl-Həfiz Əbu Bəkr əl-İsməyili həm fiqhdə, həm də əqidədə İmam əş-Şafi’nin məzhəbi üzərində olmuşdur, yəni hədis əhlinin etiqadına və sələfdən gələn əsərlərə tabe olmuşdur. Buna görə də İbn Kəsir deyir: “Kitablar yazmış, kitabları faydalı və gözəldir, tənqidində və etiqadında gözəldir.” Onun etiqadda sələfin məzhəbi üzərində olduğunu “İtiqadu Əimmətil-Hədis” kitabından anlamaq olar. Bu kitabında əl-İsməyili deyir: “Adəmi əli ilə yaratdı və hər iki əli də - necəliyinə etiqad etmədən – açıqdır və dilədiyi kimi infaq edir...(Hədis əhli) deyir: Quran Allahın kəlamıdır, məxluq deyildir və o, necə təsarruf olunsa da, istər qarinin qiraəti və ləfzi ilə olsun, istər sinələrdə hifz olunmuş olsun, istər dillərdə oxunulmuş olsun və mushaflarda yazılmış olsun, məxluq deyildir. Hər kim Quranı qəsd edərək Quranın dildə tələffüzünün yaradılmış olduğunu deyərsə Quranın yaradıldığını demişdir.... və Allahın elçisindən – salləllahu aleyhi va səlləm – gəlmiş xəbərdə səhih olduğu kimi O – azzə va cəllə - səmaya enir və bunda keyfiyyətinə etiqad edilmir.”

 

 

Vəfatı

Həmzə bin Yusuf deyir: “Əbu Bəkr rəcəb ayında, hicri 371-ci ildə 94 yaşında vəfat etdi.” əl-Qadi Əbut-Tayyib ət-Tabəri deyir: “Əbu Bəkr əl-İsmayili sağ ikən onun yanına getmək məqsədi ilə Curcənə daxil oldum, lakin onu görmədən öncə öldü.”

 

Əbul-Qasim Sad bin Əli əz-Zəncəni (380-471)

əl-Həfiz Əbul-Qasim Sad bin Əli bin Muhəmməd bin Əli bin əl-Hüseyn əz-Zəncəni şafi’i fəqihi, sufi və mühəddis alimdir. Şeyxul-Həramiş-Şərif ləqəbi ilə tanınmışdır. Əslən Cənubi Azərbaycanın Zəncan şəhərindəndir. Təqribən hicri 380-ci ildə anadan olub. əz-Zəhəbi’nin sözlərindən anlaşılan budur ki, əz-Zəncəni bir qədər gec hədis dinləməyə başlamışdır, beləki o, deyir: “Əgər yetkinlik çağında hədis dinləsəydi ən ali isnada nail olacaqdı, lakin gənclik yaşlarında dinləməyə başladı.” əz-Zəncəni elm tələbinə başladıqda ilk öncə Zəncanda başlayır. Daha sonra İraq, Şam, Misirə səfərlər edir. Sonra Məkkədə yerləşir və qırx ildən çox orada qalır və oranı tərk etmir. Məkkədə olarkən öz evində dərs verərdi, çünki Ubeydilər dövlətinin əziyyətindən ehtiyat edərdi.

 

 

Şəxsiyyəti

Sad əz-Zəncəni zamanının böyük imamlarından, alimlərindən biri olmuşdur. Zühdü, təqvası, elmi və fəziləti ilə seçilmişdir. Bir çox kəraməti bizə nəql edilib. Əbu Sa’d əs-Səm’ani dedi: “Şeyxlərimdən biri mənə dedi: Baban Əbul-Muzaffər böyük imam Sad’ın (Məkkədə olarkən) yanında qalmağa qərar verir. Lakin yuxuda anasını görür ki, sanki başını açıb deyir: “Ey oğlum! Sənin üzərində olan haqqım xatirinə mənim yanıma geri dön, çünki səndən ayrı olmağıma dözə bilmirəm.” Dedi: Kədərli halda oyandım və düşündüm ki, Şeyx (Sad) ilə məsləhətləşim. Sadın yanına gəldim və insanların sıxlığı səbəbi ilə onunla danışa bilmədim. (Məclisindən) durub getdikdə onun arxası ilə getdim. Bu zaman mənə tərəf döndü və dedi: “Ey Əbul-Muzaffər! Yaşlı qadın səni gözləyir.” Anladım ki, mənim içimdəkiləri oxuya bilib. Həmin il (anamın yanına) geri döndüm.” Həmçinin İbn Tahir deyir: “Onun yanına gəldim və qəlbimdə şirazlı birinə qarşı can sıxıntısı var idi. Bunu ona xəbər vermədən öncə mənə dedi: “Canını sıxma! Bizim ölkəmizdə belə deyirlər: “Əhvazlının paxıllığı, şirazlının axmaqlığı və Rəy şəhərindən olanların çox danışması (vardır).” Bir gün İraqa səfər etmək qərarına gəldim və onun yanına getdim və mənə dedi: “Səfər edib bizi gözü yaşlı qoyursuz yoxsa bizimlə qalırsız?” Dedim: “Şeyx, siz nə buyurursuz?” Dedi: “Xorasana daxil olsan Misiri əldən qaçıracaqsan, buna görə də qəlbində peşmanlıq qalacaq. İlk öncə Misirə get, sonra ordan İraqa və Xorasana get, o zaman heç bir şeyi qaçırmazsan.” İbn Tahir bunu zikr etdikdən sonra deyir: “Onun rəyində bərəkət var idi.”

Əbu Sa’d əs-Səm’ani deyir: “Sad (əz-Zəncəni) hafiz, elmində dəqiq, siqa, təqvalı, çoxlu ibadət edən, kəramətlər və ayətlər sahibi idi, Haram məscidinə gəldikdə tavaf yerində adam qalmazdı, qara daşı öpdüklərindən çox onun əlini öpərdilər.”

Əbul-Həsən əl-Kəraci deyir: “İbn Tahir’dən gördükləri alimlər arasında ən üstün kim olduğunu soruşdum. Dedi: “Sad əz-Zəncəni və Abdullah bin Muhəmməd əl-Ənsari.” Soruşdum: “Onlardan hansı hədisi daha yaxşı bilirdi?” Dedi: “əl-Ənsari çox fənnə yiyələnmiş biri idi. əz-Zəncəni’yə gəldikdə isə hədisi ondan daha yaxşı bilirdi. əl-Ənsari üçün bir şeylər oxuyardım və onu yoxlamaq üçün qəsdən arada bəzi sözləri tərk edərdim, bəzilərində düzəliş edərdi, digərlərində isə susardı. Lakin əz-Zəncəni’də isə bir ravinin adını tərk etdikdə deyərdi: “Fılankəsin adını düşürdün.” Əbu Sad əs-Səm’ani bu qıssanı zikr etdikdən sonra deyir: “Sad (əz-Zəncəni) hədislərinin sayı az olduğu üçün öz hədislərini daha yaxşı bilirdi, lakin Abdullah (əl-Ənsari) çoxlu hədis rəvayət edən idi.” Məşhur hafiz İsmail bin Muhəmməd ət-Teymi’dən Sad əz-Zəncəni haqqında soruşdular və dedi: “Böyük bir imamdır, sünnəti biləndir.”

İbn Tahir deyir: “Onun kimi birini görmədim. Əbu İshaq əl-Həbbəl’i belə deyərkən eşitdim: “Fəzilətdə dünyada Sad bin Əli kimisi olmayıb. Bizimlə birlikdə məclisdə iştirak edərdi. Qarşında bir kəs bir şeyi xətalı oxuyardı və o, bunu rədd etməzdi. Yalnız ondan soruşduqda cavab verərdi.” İbn Tahir yenə buyurur: əl-Haram’ın imamı və müftisi, məşhur fəqih Həyyəc bin Ubeyd’i belə deyərkən eşitdim: “Sad’ı görmədiyim gün bir xeyir etdiyimi sanmıram.” Düşün ki, Həyyac bin Ubeyd əsrinin fəzilətlilərindən, Allahın övliyalarından bir zat olmuşdur, Məkkədə yaşadığı üçün bəzən bir gündə üç dəfə ümrə edərmiş.

əz-Zəncəni həmçinin cərh və tədil elmində bir imam olmuşdur. İbn Tahir və digər hafizlər ondan onun ravilər haqqındakı görüşlərini nəql ediblər ki, bu da öz növbəsində onun bu sahədəki elminə göstərilən əhəmiyyətə işarə edir. Muhəmməd bin Tahir əl-Məqdisi deyir: “Hafiz Sad bin Əli əz-Zəncəni’dən Məkkədə olarkən soruşdum: “Eyni əsrdə yaşamış dörd hafizdən hansı daha hafizdir?” Dedi: “Kim?” Dedim: “Bağdadda əd-Dəraqutni, Misirdə Abdul-Ğani (əl-Əzdi), İsfəhanda İbn Məndəh və Neysəburda əl-Həkim.” Susdu və cavab verməsi üçün israr etdim. Dedi: “əd-Dəraqutni’yə gəldikdə illət elmini hamısından yaxşı bilir, Abdul-Ğani isə nəsəbləri ən yaxşı biləndir. İbn Məndəhə gəldikdə tam mərifət ilə birlikdə ən çox hədis biləndir, əl-Həkim isə onların arasında kitab yazmaqda ən yaxşılarıdır.”

 

 

Şeyxləri və tələbələri

Əbu Abdilləh bin Nəzif, əl-Hüseyn bin Meymun əs-Sadəfi və daha bir çox alimdən Misirdə elm almışdır, Ğazzə şəhərində isə Əli bin Sələmə’dən, Zəncan şəhərində Muhəmməd bin Əbi Ubeyd’dən, Dəməşqdə isə Abdur-Rahmən bin Yasir əl-Cəvbəri, Abdur-Rahmən bin ət-Tubeyz əl-Hələbi və onların təbəqəsindəki alimlərdən elm almışdır.

Ondan isə yaşca ondan böyük olmasına baxmayaraq Əbu Bəkr əl-Xatib hədis rəvayət edib, həmçinin Əbul-Muzaffər Mənsur bin Abdil-Cəbbər əs-Səm’ani, Məkki ər-Rumeyli, Hibətullah bin Fəxir, Muhəmməd bin Tahir əl-Həfiz, Abdul-Munim bin əl-Quşeyri, Muxtar bin Əli əl-Əhvazi və başqaları ondan hədis rəvayət ediblər.

 

 

Kitabları

əz-Zəncəni’nin sələfin etiqadına uyğun bir qəsidəsi vardır ki, onun üsulud-dində sələfdən gələn əsərlərə tabe olduğunu göstərir. Elm əhlindən bəziləri bunu “Mənzumətus-Sunnə” adlandırıb. əz-Zəhəbi isə deyir: “Sad’ın sünnətin qaydaları haqqında bir qəsidəsi vardır.” Sonra əz-Zəncəni bu qəsidəsini ayrıca bir kitab olaraq şərh edib. Bu şərhi Şeyxul-İslam İbn Teymiyyə və tələbəsi İbnul-Qayyim zikr edir. Bu şərhin bir hissəsi bizim zamanımıza qədər gəlib çatıb, lakin çox təəssüf ki, tam deyildir, əvvəlindən təxminən on doqquz beytin şərhi çatışmır. əl-Qazvini “Əxbəru Qazvin” kitabında həmçinin onun “əl-Fəvaid” kitabının da olduğunu deyir. Kitabları arasında “əl-Fərqu Beynə əd-Dad va əz-Za” adlı kitabı vardır, kitab günümüzə qədər gəlib çatıb və çap olunub.

 

 

Əqidəsi

əz-Zəncəni sünni etiqadında olan, sələfin əsərlərinə tabe olan bir alim və imam idi. əz-Zəhəbi deyir: “Sünnət dəvətçilərindən və bidət düşmənlərindən idi.” İbnul-Qayyim deyir: “O, sünnətdə bir imamdır, onun bu barədə tanınmış bir qəsidəsi vardır.” Onun qəsidəsi etiqadının saflığına, sələfin mənhəci üzərində olmasına dəlalət edir. Kəlam elminin çürüklüklərindən uzaq biri olmuşdur. Həm fiqhdə, həm də etiqadda İmam əş-Şafi’nin məzhəbi üzərində olub. Məkkədə olarkən ona sifətlər barəsində verilən suala cavabında məşhur fəqih İbn Sureyc’in cavabına uyğun cavab vermiş və orada demişdir: “Allahın yuxarıda olması, Nəfs, iki əl, eşitmə, görmə, kəlam, göz, baxma, iradə, razılıq və qəzəb kimi Quranda nitq olunmuş bütün sifətlərə... iman etmək və onun işini Allaha təslim etmək vacibdir... mötəzililər, əşarilər, cəhmilər, mülhidlər, mücəssimlər, müşəbbihlər, kərramilər və keyfiyyət verənlərin təvili ilə təvil etmirik, əksinə təvil etmədən qəbul edirik və təmsil etmədən onlara iman edirik...”[1] Həmçinin Allahın Zatı ilə ərşinin yuxarısında olduğunu söyləmişdir. Allahın Ğafir surəsindəki “Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim, Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm. Doğrusu, mən onu yalançı sayıram!” sözlərini təfsir edərək deyir: “Firon Musanın sözündən onun səmada bir ilahın olduğunu isbat etdiyini anlamışdı, hətta Onu görmək üçün bir qəsr tikilməsini istəmişdi. Musanı bundan yalan danışmaqda ittiham etdi. Müxaliflərimiz isə Allahın Zatının mövcudluğu ilə onun yuxarısında olmasını bilmirlər və onlar fəhmdə Firondan acizdirlər.” əz-Zəhəbi deyir ki, “bu, Hafiz Sad bin Əli əhlus-sünnətin öndərlərindən və əsər imamlarından biri idi, kəlam elminə və onun əhlinə düşmən kəsilmiş biri idi."

 

 

Vəfatı

əz-Zəncəni hicri 471-ci ilin əvvəlində vəfat etdi. Ölərkən doxsan yaşı var idi.

 

əz-Zəncəni’nin gözəl beytlərindən də biri onun bu sözləridir:

 

فَفِي الأَخْذِ بِالإِجْمَاعِ - فَاعْلَمْ - سَعَادَةٌ ... كَمَا فِي شُذُوْذِ القَوْلِ نَوْعٌ مِنَ الخَطَرْ

İcmayla əməl etməkdə bil ki, səadət var,

necə ki, təhlükənin bir növüdür görüşlərdən şazz olanlar.”

 


[1] “İctiməul-Cuyuşil-İsləmiyyə”, 1/170-174

 

Əbu Muhəmməd əl-Hüseyn əl-Bəğavi (433-516)

İmam, Hafiz, Şeyxul-İslam, Muhyis-Sunnə Əbu Muhəmməd əl-Hüseyn bin Məsud bin Muhəmməd əl-Fərra əl-Bəğavi – rahiməhullah – Əziz Kitaba, peyğəmbərin sünnətinə xidmət etmiş alimlərdən biridir, şafi'i məzhəbinin böyük fəqihlərindən biridir. “Muhyis-Sunnə” ləqəbindən savayı “Ruknud-Din” ləqəbi ilə tanınır. əl-Fərra, xəzi düzəldib onu satmaq sənətinə nisbətdir. əl-Bəğavi adı isə Mərv ilə Herat arasında yerləşən bir bölgənin adıdır, ora “Bağ” və ya “Bəğşur” deyirlər.

Onun həyatı haqqında yazan tarixçilərin çoxu onun doğum tarixini zikr etmirlər. Lakin Yaqut əl-Həməvi “Mucəmul-Buldən” kitabında onun hicri 433-cü ildə doğulduğunu deyir. əz-Zirikli isə onun 436-cı ildə anadan olduğuna işarə etmişdir. Ailəsi haqqında tarixi mənbələrdə məlumat verilmir. Bəziləri “əl-Fərra” adını ona, bəziləri isə atasına aid edirlər, ikinci ehtimala əsasən deyə bilərik ki, kasıb bir ailədə böyümüşdür. Görünür ki, həyatının ilk dövrünü doğulduğu Bəğşur şəhərində keçirib, lakin 460-cı ildən sonra Mərvarruz şəhərinə köçür və orada əl-Qadi Hüseynin yanında fiqh elmini tələb etməyə başlayır. Bu şəhəri özü üçün ikinci vətən etmiş və ölənə qədər orada qalmış və İbnus-Subki’nin sözlərindən anlaşıldığı qədər ordan çıxmamışdır. Amma İbn Təğri Bərdi isə “ən-Nucum əz-Zəhira” kitabında “ölkələrə səfər etdi və çoxlu (elm) dinlədi” deyir.

 

 

Şeyxləri və tələbələri

İmam əl-Bəğavi təfsir, hədis, fiqh elmində çox sayda alimdən elm alıb. Onların arasında Xorasanın fəqihi, şafi’i alimi əl-Qadi Hüseyn bin Muhəmməd əl-Mərvazi, “əs-Sahih” kitabını ən-Nueymi’dən rəvayət edən Abdul-Vahid bin Əhməd bin Əbil-Qasim əl-Məlihi əl-Həravi, Hicazın şeyxi adı ilə tanınmış fəqih Əbul-Həsən Əli bin Yusuf əl-Cuveyni kimi alimlər vardır. Həmçinin Əbu Əli Həssən bin Said əl-Məni’i, Əbu Bəkr Muhəmməd bin Abdis-Saməd ət-Turabi əl-Mərvazi, Əbul-Qasim Abdul-Kərim bin Həvazin bin Abdil-Məlik bin Talha ən-Nisəburi əl-Quşeyri, Əbu Bəkr Yaqub bin Əhməd əs-Sayrafi, Əbu Salih Əhməd bin Abdil-Məlik bin Əli bin Əhməd bin Abdis-Saməd ən-Nisəburi əs-Sufi əl-Muəzzin, Neysəbur’un müftisi, şafi’i fəqihi Əbu Turab Abdul-Bəqi bin Yusuf bin Əli əl-Məraği ən-Nərizi, Əbul-Həsən Abdur-Rahmən bin Muhəmməd bin əl-Muzaffər əd-Dəvudi əl-Buşənci, Ömər bin Abdil-Aziz əl-Fəşəni və digərlərindən elm almışdır.

Elmi və fəziləti ilə tanındığı üçün bir çox alim, imam ondan elm almaq üçün səfərlər ediblər. Bu alimlərin arasında Şeyx Əbu Mənsur Muhəmməd bin Əs’ad əl-Attari, Əbul-Fətuh Muhəmməd bin Əbi Cafər Muhəmməd ət-Tai əl-Həmədəni, Əbul-Məkərim Fədlullah bin Əbi Said ən-Nuqani, öz qardaşı Əbu Əli əl-Həsən bin Məsud əl-Bəğavi, Abdur-Rahmən bin Abdilləh bin Abdir-Rahmən əl-Leysi, Muhəmməd bin əl-Hüseyn əz-Zəğuli və digər böyük alimlər və imamlar vardır.

 

Şəxsiyyəti

İmam əl-Bəğavi çox zahid bir alim idi. Elmi ilə əməl edən və ona dəvət edən bir zat olmuşdur. Azla kifayətlənərdi və çoxa tamahı yox idi. Yavan çörəklə dolandığı deyilir. Həmçinin qeyd olunur ki, zövcəsi vəfat etdikdə zövcəsinin mirasından heç bir şey götürməmişdir. əs-Suyuti’nin sözləri ilə söyləsək “rabbani alimlərdən biri olmuşdur, ibadət sahibi biri idi, azla qane olardı.” İbn Kəsir onun “zamanının alləməsi, təqva sahibi, zahid, abid və saleh” olduğunu deyir. İbn Xallikan onun “elmlərdə bir dərya” olduğunu deyir. İbadət sahibi olmasına dəlalət edən hallarından biri də budur ki, heç bir zaman dəstəmazsız dərs verməzdi. İbnus-Subki deyir: “Bağdad şəhərinə daxil olmamışdır, əgər daxil olsaydı onun tərcümeyi-halı genişlənərdi.

 

 

Əqidəsi

əl-Bəğavi – rahiməhullah - əqidədə ümmətin sələfinin əqidəsi üzərində olmuşdur. İsim və sifətləri təvil etməzdi, onları zahiri üzərində qəbul edər, onlara iman edərdi. Əşari’lər kimi bu sifətlərin sayını məhdudlaşdırmazdı. O, “Şərhus-Sünnə” kitabında deyir: “Hədisdə zikr olunan barmaq Allahın – azzə va cəllə - sifətlərindən bir sifətdir. Eləcə də nəfs, üz, göz, əl, ayaq, gəliş, dünya səmasına enmə, Ərşin üzərinə yüksəlmə, gülüş və fərəh kimi bu qəbildən olan Allahu Təalə’nin Kitab və sünnətdə gəlmiş bütün sifətləri də bunun kimidir.” Daha sonra bu barədə gələn ayə və hədislərdən bir çoxunu zikr edir və davamında buyurur: “Bunlar və bənzərləri Allahu Təalənin sifətləridir, (bunlar) şəri mətnlərdə gəlib. Bunlara iman etmək, bunlarda təvildən üz döndərərək, bənzətmədən uzaq duraraq, Zatı yaratdıqlarının zatına bənzəmədiyi kimi Allahın – Subhənəhu va Təalə - heç bir sifətinin yaratdıqlarının sifətinə bənzəmədiyinə etiqad edərək onları zahirinə uyğun olaraq ötürmək vacibdir.[1] Həmçinin Ra’d surəsi ikinci ayədə “Sonra Ərşin üzərinə istiva etdi” ayəsini təfsir edərkən deyir: “Üzərinə qalxdı.[2] əz-Zəhəbi deyir: “Hal və əqidədə sələfin minhəci üzərində idi.[3] Həmçinin İbn Kəsir deyir: “Sələfin yolu və mənhəci üzərində olan təqvalı, alim və əməl edən biri idi.[4]

 

 

Kitabları

əl-Bəğavi – rahiməhullah – çox yazan alimlərdən olmuşdur. Onun təfsir mövzusunda “Məalimut-Tənzil”, hədis şərhində “Şərhus-Sünnə”, hədislər barəsində “əl-Məsabih”, “əl-Cəm’u beynəs-Sahiheyn”, fiqhdə “ət-Təhzib” adlı kitabı vardır. İbn Qadi Şuhbə’nin də dediyi kimi “ət-Təhzib” kitabını şeyxi əl-Qadi Hüseyn’nin “ət-Tə’liqa” kitabından qısaltmışdır. İbn Qadi Şuhbə deyir: “O, güclü bir kitabdır, tam təhrir olunub, çox hissəsində dəlilləri zikr etmir.” ən-Nəvəvi “Ravdatut-Talibin” kitabında ondan çox sitat gətirir. İbn Qadi Şuhbə onun kitabları arasında “Şərhul-Muxtəsar” kitabını da zikr edir və deyir: “O, nəfis bir kitabdır, əl-Əzrai ondan çoxlu nəqllər edir, lakin əl-İsnəvi onunla qarşılaşmayıb.” Həmçinin Şeyxi əl-Qadi Hüseyn’nin fətvalarını topladığı “Məcmua minəl-Fətəva” kitabı vardır. Təcud-Din əs-Subki’nin dediyinə əsasən onun öz fətvalarını toplayan bir kitabı da vardır. Kitabları məşhurlaşmış və alimlər tərəfindən qəbul edilmişdir. əz-Zəhəbi deyir: “Qəsdinin gözəlliyi və niyyətinin səmimiliyinə görə kitablarına bərəkət verilmiş və tam bir məqbulluq görmüşdür, alimlər o kitabları əldə etməkdə bir-biriləri ilə yarışıblar.[5] Onun həmçinin içində qırx hədis topladığı bir kitabı da vardır. Şeyx Muhəmməd bin Cafər əl-Kəttəni onun həm də “əl-Ənvar fi Şəməilin-Nəbiyyil-Muxtar” adlı daha bir kitabını da zikr edir. Onun “Məsabih əs-Sunnə” kitabını məşhur azərbaycanlı alim Şeyx Vəliyyullah Əbu Abdilləh Muhəmməd bin Abdilləh əl-Xatib ət-Təbrizi ələ almış və ora hədislər əlavə etmiş, bablara ayırmış, səhabələrin adlarını qeyd etmiş, hədislərə çox yerdə hökm vermiş və hədislərin hansı kitablarda keçdiyini zikr etmişdir, beləliklə də tam bir kitab halına salmışdır və bu kitab “Mişkətul-Məsabih” adı ilə məşhurdur.

Hicri 516-cı ildə şəvval ayında Xorasanın Mərvarruz şəhərində vəfat edib və şeyxi əl-Qadi Hüseyn’in yanında dəfn olunmuşdur. Vəfat edərkən yetmişdən çox yaşı var idi. Allah rəhmət etsin!

 


[1] “Şərhus-Sünnə”, 1/169-170; əl-Məktəb əl-İsləmi, birinci nəşr, Beyrut

[2] “Məalimut-Tənzil”, 4/293; Dar Taybə, hicri 1409

[3] “Siyər Əaləmin-Nubələ”, 14/329;

[4] “Tabəqat əş-Şəfi’iyyin”, 1/549;

[5] “Siyər Əaləmin-Nubələ”, 14/329;

 

Hafiz Əbul-Həsən əd-Dəraqutni (306-385)

İmam, Hafiz, Şeyxul-İslam Əbul-Həsən Əli bin Ömər bin Əhməd bin Mehdi bin Məsud bin ən-Nu’mən bin Dinar bin Abdilləh əl-Bəğdədi məşhur mühəddis və Quran alimidir. Şafi’i fəqihlərindəndir. Bağdadda yerləşən Daru’l-Qutn məhəlləsindəndir və buna görə də əd-Dəraqutni nisbəti ilə məşhurlaşmışdır. Hicri 306-cı ildə anadan olub.

 

 

Şəxsiyyəti

əd-Dəraqutni əsasən hədis elminin mütəxəssis və nadir şəxsiyyətlərindən biri kimi tanınmışdır. Öz zamanının imamlarından biridir. Çox alimdən hədis eşitmiş, hədis elmində kitablar yazmışdır. Ravilərin hallarını, hədislərin illətlərini, cərh və tədil elmini bilməkdə zamanında özü kimi bir alim olmamışdır. əd-Dəraqutni elm ailəsində böyümüşdür, atası siqa bir mühəddis idi. Kiçik yaşlarından elmə həvəs göstərmiş və bu yolunda dəstək almışdır. Özünün də dediyi kimi ilk dəfə hicri 315-ci ildə hədis yazmağa başlamışdı və o vaxt onun hələ doqquz yaşı var idi. Əbul-Fəth bin Əbil-Fəvaris deyir: “əl-Bəğavi’nin yanına gedərdik və əd-Dəraqutni (o zaman) uşaq idi, bizim arxamızda yürüyərdi, əlində də üstündə “kəmix” (ədviyyatı) olan yuxa çörək var idi. İbn Məni’in yanına daxil olduq və onu (daxil olmağa) qoymadıq, qapının yanında oturdu və ağladı.[1]

əd-Dəraqutni çox güclü zəkası və hafizəsi ilə seçilmişdir. əl-Xatib deyir: “əl-Əzhəri bizə rəvayət etdi; dedi: Mənə çatmışdır ki, əd-Dəraqutni gənclik illərində bir dəfə İsmayıl əs-Saffər’in məclisində iştirak etdi və İsmayıl imla söyləyərkən əd-Dəraqutni yanında olan bir cüzün üzünü köçürməklə məşğul idi. Məclisdə iştirak edənlərdən biri ona dedi: “Sən yazı köçürdüyün halda hədis eşitməyin səhih deyildir.” əd-Dəraqutni ona dedi: “Mənim imla anlayışım sənin anlayışından fərqlidir.” Sonra dedi: “Sən şeyxin indiyə qədər neçə hədisi imla etdiyini xatırlayırsan?” Dedi: “Xeyr!” əd-Dəraqutni dedi: “On səkkiz hədisi imla etdi.” Bütün hədisləri saydı  və doğurdanda elə olduğunu gördüm. Bundan sonra hər hədisin mətnini və sənədini zikr etdi.[2]

Quranın qiraətləri haqqında ilk olaraq kitab yazanın o olduğu deyilmişdir. Əbu Bəkr əl-Xatib deyir: “Hədis elmindən başqa elmlərdə də dərinləşmişdi, bu elmlərdən biri qiraət elmi idi, belə ki, onun bu elmdə müxtəsər bir kitabı vardır. Kitabın əvvəlində açdığı bablarda üsulu toplamışdır. Qiraətlərə xüsusi əhəmiyyət verən birindən belə dediyini eşitdim: “Əbul-Həsəndən öncə onun bu metodunda onu heç kəs qabaqlamayıb və ondan sonra gələn qiraət alimləri bu yolunu izləməyə başladılar.

Bu elmlərdən biri də fiqh elmidir və fəqihlərin məzhəblərini gözəl bilirdi. əl-Xatib deyir: “Onun “əs-Sünən” kitabı buna dəlalət edir, mənə çatan xəbərə görə o, əş-Şafi’nin fiqhini Əbu Said əs-İstaxari’nin yanında öyrənmişdir.[3] Onun ədəb və şerdə də bilikləri seçilirdi. əs-Seyyid əl-Himyəri’nin divanını əzbər bilirdi, hətta buna görə bəziləri onu şiəlikdə ittiham edib, çünki həmin divanın sahibi əl-Himyəri şiə olub. əl-Xatib əl-Bəğdədi deyir: “Əbul-Valid Süleyman bin Xaləf əl-Əndəlusi mənə rəvayət etdi; dedi: Əbu Zər əl-Həravi’ni belə deyərkən eşitdim: əl-Həkim Əbu Abdilləh Muhəmməd bin Abdulləh əl-Həfiz’dən də-Dəraqutni haqqında soruşuldu və belə cavab verdiyini eşitdim: “Özü kimi birini görməmişdir.”... əl-Qadi Əbut-Tayyib Tahir bin Abdilləh ət-Tabəri’ni belə deyərkən eşitdim: “əd-Dəraqutni hədisdə möminlərin əmiri idi. Bağdada gəlmiş elə bir hafiz görmədim ki, onu ziyarət etməsin və onun hifzdə və elmdə mənzilinin ucalığına şahidlik etməsin.

 

 

Şeyxləri və tələbələri

Əbul-Qasim əl-Bəğavi’dən – hələ uşaq ikən – elm almışdır, həmçinin Yəhyə bin Muhəmməd bin Said, Əbu Bəkr bin Əbi Davud, Muhəmməd bin Neyruz əl-Ənməti, Əbu Həmid Muhəmməd bin Harun əl-Hədrami, Əli bin Abdilləh bin Mubəşşir əl-Vasiti, Əbu Əli Muhəmməd bin Süleyman əl-Məliki, Muhəmməd bin əl-Qasim bin Zəkəriyyə əl-Muhəribi, Əbu Ömər Muhəmməd bin Yusuf bin Yaqub əl-Qadi, Əbu Bəkr bin Ziyəd ən-Neysəburi, əl-Həsən bin Əli əl-Adəvi əl-Bəsri, Yusuf bin Yaqub ən-Neysəburi, Əbu Bəkr Əhməd bin Muhəmməd bin İsmayıl əl-Ədəmi, Ömər bin Əhməd bin Əli əd-Deyrabi, İshaq bin Muhəmməd əz-Zeyyət, Cəfər bin Əbi Bəkr, İsmayıl bin əl-Abbas əl-Varraq, əl-Hüseyn bin İsmayıl əl-Məhəmili, onun qardaşı Əbu Ubeyd əl-Qasim, Əbul-Abbas bin Aqadə, Əbu Abdilləh Muhəmməd əl-Attar, Əbu Saleh Abdur-Rahmən bin Said əs-Əsbəhəni, Muhəmməd bin İbrahim bin Hafs, Cəfər bin Muhəmməd bin Yaqub əs-Saydəli, Əbu Talib Əhməd bin Nasr əl-Həfiz, əl-Hüseyn bin Yəhyə əl-Ayyəş, Muhəmməd bin Səhl bin əl-Fudeyl, Əhməd bin Abdilləh Vakil Əbi Saxra, Əhməd bin Muhəmməd bin Əbi Bəkr əl-Vasiti, əl-Hüseyn bin Muhəmməd əl-Mutbiqi, Əbu Cəfər bin əl-Bəxtəri, İsmayıl əs-Saffər və daha bir çox kəsdən elm almışdır. Əbu Bəkr əş-Şafi və İbnul-Muzaffər’in yanında yerləşir. Yetkinlik yaşlarında Şama və Misirə səfərlər edir, İbn Heyyuveyh ən-Neysəburi, Əbu Tahir əz-Zuhli, Əbu Əhməd bin ən-Nəsih və daha bir çox alimdən elm öyrənir. Elm dəryalarından, dünya imamlarından biri idi, qiraətlər və onların rəvayət yollarında yüksək məqama yiyələnməklə, fiqhdə, ixtilaf elmində, məğazi elmində, insanların tarixlərində və digər elmlərdə güclü paya sahib olmaqla birlikdə hifz, hədis illətləri və ravilər haqqında biliklərdəki ən yüksək məqam ona çatmışdı.[4]

Ondan isə əl-Həfiz Əbu Abdilləh əl-Həkim, əl-Həfiz Abdul-Ğani, Təmməm bin Muhəmməd ər-Razi, əl-Fəqih Əbu Həmid əl-İsfəraini, Əbu Nəsr bin əl-Cundi, Əhməd bin əl-Həsən ət-Tayyən, Əbu Abdir-Rahmən əs-Suləmi, Əbu Məsud əd-Diməşqi, Əbu Nueym əl-Əsbəhəni, Əbu Bəkr əl-Bərqani, Əbul-Həsən əl-Atiqi, Əhməd bin Muhəmməd bin əl-Həris əl-Əsbəhəni ən-Nəhvi, əl-Qadi Əbut-Tayyib ət-Tabəri, Abdul-Aziz bin Əli əl-Əzci, Əbu Bəkr Muhəmməd bin Abdil-Məlik bin Bişran, Əbul-Həsən bin əs-Simsər əd-Diməşqi, əl-Qadi Əbu Yalə’nin qardaşı Əbu Həzim bin əl-Fərra, Əbun-Nu’mən Turab bin Ömər əl-Misri, Əbul-Ğanəim Abdus-Saməd bin əl-Mumin, Əbul-Hüseyn bin əl-Muhtədi Billəh, Əbul-Hüseyn bin əl-Əbənusi və daha bir çox kəs hədis dinləmişdir.

 

 

Kitabları

“əs-Sünən”, “əl-İləl əl-Varidə fil-Əhədisin-Nəbəviyyə”, “əl-Muctəbə minəs-Sunənil-Məsura”, “əl-Muxtələf val-Mu’tələf fi Əsməir-Ricəl”, “əl-İltizəmət aləs-Sahiheyn”, “əd-Duafə”, “əl-İstidrakət”, “ət-Tətəbbu” və daha bir çox kitabı vardır. Allahın isim və sifətləri haqqında “əs-Sifət” adlı kitabını yazmışdır, həmçinin Allahın dünya səmasına enməsi haqqında gələn hədisləri topladığı “Əhədisun-Nuzul” adlı kitabın da müəllifidir. Həmçinin Allahın Axirətdə gözlə görünməsi haqqında “ər-Ruyə” adlı kitabı da vardır.

 

 

Əqidəsi

İmam əd-Dəraqutni etiqadda sələfin məzhəbi üzərində olmuşdur, bəzilərinin iddia etdiyi kimi əşari olmamışdır. Onun əşari olduğunu isbat etmək üçün bu hekayəni nəql edirlər. “Əbul-Valid əl-Bəci “İxtisar Firaqil-Fuqahə” kitabında əl-Qadi İbnul-Bəqilləni haqqında danışarkən deyir: Şeyx Əbu Zər əl-Həravi mənə rəvayət etdi: O, əl-Bəqilləni’nin məzhəbinə meyl edirdi və ondan soruşdum: “Sən bunu hardan götürmüsən?” Dedi: “Bağdadda Hafiz əd-Dəraqutni ilə yürüyürdüm və Əbu Bəkr bin ət-Tayyib ilə qarşılaşdıq. Şeyx Əbul-Həsən ona qoşuldu və onun üzündən və gözlərindən öpdü. Ondan ayrıldıqda ondan soruşdum: “Vaxtının imamı olduğun halda edəyini düşünmədiyim o hərəkəti etdiyin şəxs kim idi?” Dedi: “Bu, müsəlmanların imamı, Dini müdafiə edəndir, bu, əl-Qadi Əbu Bəkr Muhəmməd bin ət-Tayyib’dir.” Əbu Zərr dedi: “O vaxtdan atam ilə birlikdə onun yanına gedib gəldim.[5] Lakin burada onun əşariliyinə dəlalət edən heç bir dəlil yoxdur, əd-Dəraqutni sadəcə olaraq əl-Bəqilləni’yə mötəzilə və digər bidət firqələrinə qarşı mübarizəsinə görə, sünnəti müdafiə etməyə sərf etdiyi əməyinə görə ehtiram etmişdir. əz-Zəhəbi bu hekayəni nəql etdikdən sonra deyir: “Bağdadda mötəzililərin, rafizilərin və qədərilərin öndərlərinin və digər cürbəcür bidət sahiblərindən olan avtoritetlərin hüzurunda sünnəti və hədis yolunu cədəl və aşkar dəlillərlə münazirə edib müdafiə edən odur, halbuki əl-Buveyhiyyə dövlətinin sayəsində dövlət və üstünlük onların əlində idi. Kərramilərə rəddiyə verirdi və onlara qarşı hənbəlilərə dəstək verirdi, dəqiq məsələlərdə ixtilaf etməklərinə baxmayaraq onunla hədis əhli arasında bir amir var idi, buna görə də əd-Dəraqutni onunla ehtiram ilə davrandı. (əl-Bəqilləni) “əl-İbənə” adlı bir kitab yazmış və orada belə deyir: “Allahın üzünün və əlinin olmasına dəlil nədir?” Dedi: “Allahın “Rəbbinin üzü qalacaqdır” və Onun “İki əlimlə yaratdığımı səcdə etməyə sənə nə mane oldu” sözləri (dəlildir), Allahu Təalə Özü üçün üz və əli isbat etmişdir.” Sözünü davam edir və deyir: “Əgər soruşsalar ki, “O, hər məkandadırmı?”, deyərik ki, “Allah qorusun, əksinə O, Kitabında xəbər verdiyi kimi Ərşinin üzərinə yüksəlmişdir...[6] Hətta əl-Bəqilləni bir çox kitabında adının arxasında “əl-Hənbəli” nisbətini qeyd edərdi və bununla özünü sünnətə nisbət etdiyini əks etdirərdi. Ona görə də əd-Dəraqutni’nin ona ehtiram ilə yanaşması qəribə bir hal deyildir, çünki aşkarda münazirələrində onun sünnətdən başqa bir şey müdafiə etdiyini görməmişdir. Öz məclislərində və dərslərində isə kəlam elmini öyrətməsi fərqli bir haldır. Axı əd-Dəraqutni necə əşari ola bilər?! Məgər kəlam elminə nifrət edən bir kimsə əşari ola bilərmi? əz-Zəhəbi deyir: “əd-Dəraqutnidən onun belə dediyi səhih olaraq sabit olmuşdur: “Kəlam elminə nifrət etdiyim qədər başqa heç bir şeyə nifrət etmirəm.” əz-Zəhəbi bu sözündən sonra deyir: “Bu adam heç zaman kəlam elminə və cədələ qarışmamışdır, belə şeylərə dalmamışdır, əksinə sələfi idi və ondan bu sözünü Əbu Abdir-Rahmən əs-Suləmi eşitmişdir.[7] Əksinə biz deyərdik ki, əd-Dəraqutni kəlam elminə nifrət etdiyi kimi kəlam elmini dinin üsulu edənlərə də pis baxmışdır. Hətta İbnul-Mibrad kitabında Hafiz əd-Dəraqutni’ni əşariləri qınamış alimlər arasında saymışdır.[8] “əs-Sifət” kitabında Allahın iki əli, ayağı, barmaqları olduğunu, Allahın güldüyünü, ər-Rahmənin surəti haqqında gələnləri və bənzəri sifətləri isbat etmişdir. İbnus-Subki əşari alimi olaraq bu sifətləri bir arada toplayanları təcsimdə ittiham edir, o zaman əd-Dəraqutni’nin əşari olduğunu necə iddia etmək olar. Heç şəkk yoxdur ki, əd-Dəraqutni əşari olmayıb, əksinə əşarilərin əleyhinə olub.

 

 

Vəfatı

Hafiz əd-Dəraqutni hicri 385-ci ildə vəfat etmişdir. Əbu Abdir-Rahmən əs-Suləmi deyir: “Allahı şahid gətirirəm ki, şeyximiz əd-Dəraqutni özündən sonra Yer üzündə Allahın elçisinin – salləllahu aleyhi va səlləm – hədislərində, həmçinin səhabələrin, tabiilərin və onlara tabe olanların sözlərində özü kimi bilikli birini tərk etməmişdir.” Əbu Nəsr Əli bin Hibətilləh bin Məkulə dedi: “Yuxuda gördüm ki, sanki Axirətdəyəm və əd-Dəraqutni’nin halı haqqında soruşuram və mənə deyirlər: “O, Cənnətdə əl-İmam adı ilə çağırılır.”

 


[1] “Tərix Diməşq”, 43/98; Darul-Fikr, 1415/1995,

[2] “Tərix Bəğdəd”, 12/36;

[3] “Siyər Əaləmin-Nubələ”, 16/452; “Tərix Bəğdəd”, 12/34; Darul-Kutubil-İlmiyyə

[4] əz-Zəhəbi, “Siyər Əaləmin-Nubələ”, 16/449-450; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1405/1985, Beyrut

[5] “Siyər Əaləmin-Nubələ”, 17/558;

[6] Eyni mənbə, 17/558-559

[7] Eyni mənbə, 16/457

[8] “Cəm’ul-Cuyuş vad-Dəsəkir alə İbn Asəkir”, səh: 208

 

Əbul-Həsən Muhəmməd əl-Kəraci (458-532)

Əbul-Həsən Muhəmməd bin Əbi Talib Abdil-Məlik bin Muhəmməd bin Ömər bin Muhəmməd əl-Kəraci zamanının böyük şafi’i alimlərindəndir. əl-Kəraci adı əl-Kərac şəhərinə nisbəti ilə bağlıdır, belə ki, orada doğulmuş və böyümüşdür. Hicri 458-ci ildə zul-hiccə ayında doğulub. əl-Kərac isə əl-Cəbəl bölgəsində, indiki İranda Əlburz ostanasında, Elburus dağlarının ətəyində  yerləşən bir şəhərdir.

 

 

Şeyxləri və tələbələri

əl-Kərac şəhərində Məkki bin Mənsur əs-Səllər, babası Əbu Mənsur əl-Kəraci’dən elm alıb. Həmədan şəhərində Əbu Bəkr bin Fəncuveyh əd-Dinəvari və başqalarında dərs alıb. İsfəhan şəhərində Əhməd bin Abdir-Rahmən əz-Zəkəvani, Bağdad şəhərində isə Əbul-Həsən bin əl-Alləf, Əbu Əli ibn Nəbəhən və başqalarından, Məkkədə isə Əbul-Vafə İsmail bin Abdil-Aziz əl-Akki’dən elm alıb. Həmçinin Əbul-Qasim Əli bin Əhməd ibnur-Razzəz’dən və digərlərindən hədis eşitmişdir.

əl-İsnəvi “ət-Tabəqat” kitabında onun Əbu İshaq əş-Şirazi’dən elm öyrəndiyini deyir. Bunu həmçinin İbnus-Saləh öz tabəqatında, həm də İbn Kəsir “əl-Bidəyə van-Nihəyə” kitabında, həm də “ət-Tabəqat” kitabında deyir. Lakin İbnus-Subki buna etiraz edərək bunun xəta olduğunu deyir.

Ondan isə İbnus-Səm’ani, Hafiz Əbu Musa əl-Mədini və digər alimlər elm alıblar.

 

 

Kitabları

“əz-Zərai fi İlmiş-Şərai”, “əl-Fusul fi İtiqadil-Əimmətil-Fuhul” adlı kitabları vardır. İbn Teymiyyə onun “əl-Fusul” kitabının adını “əl-Fusul fil-Usul anil-Əimmətil-Fuhul İlzəmən li Zəvil-Bidəi val-Fudul” olaraq zikr edir və bu ikisinin də eyni kitab olması aşkardır. Yenə həmçinin fiqhdə və təfsirdə yazdığı başqa kitablarının olmasına alimlər işarə ediblər.

 

 

Şəxsiyyəti

İbnus-Saləh əş-Şəhrazuri deyir: “Öz zamanının fəzilət sahibi şəxslərindən, müftilərindən idi... Onu Şiraveyh zikr etmiş və demişdir: “Siqa və fəzilətli biri idi.”... Ondan Əbu Sad əs-Səm’ani çoxca yazmışdır və oturub-durmaq üçün gözəl, birlikdə yaşamaq üçün maraqlı bir şəxs idi.[1] əl-İsnəvi deyir: “Bir imam, fəqih, mühəddis, ədib, şair və Allahdan qorxan bir zat idi. Ömrünü elm və onun yayılması üçün keçirib. Onun fiqh və təfsirdə kitabları vardır. əş-Şeyx Əbu İshaq’ın yanında fiqh öyrənmişdir və hədis tələb etmək üçün çox ölkələrə səfər etmişdir.”[2] İbn Təğri Bərdi deyir: “Mühəddis, fəqih, şair idi, məzhəbdə şafi’i idi və öz məzhəbində kitablar yazıb. Ürəyi açıq və səxavətli biri idi.[3] İbul-İməd əl-Hənbəli onu “şafi’i fəqihi, əl-Kərac şəhərinin şeyxi, alimi və muftisi” olaraq vəsf edir.[4]

Sübh namazında qunut tutmayaraq bu məsələdə İmam əş-Şafi’nin görüşünü tərk etmişdir. İbnul-Cəvzi – rahiməhullah – deyir: “Şafi’nin məzhəbi üzərində olan bir ... fəqih idi, lakin fəcrdə qunut tutmazdı və deyərdi: “İmamımız əş-Şafi deyərdi: “Əgər sizdə hər hansı bir hədis səhihdirsə, mənim görüşümü tərk edin və hədisi götürün!” Mənə görə də peyğəmbərin – salləllahu aleyhi va səlləm – sübhdə qunutu tərk etməsi səhihdir.[5]

 

 

Əqidəsi

əz-Zəhəbi “əl-Uluvv” kitabında deyir: “...Eynilə bu şəkildə Əbul-Həsən əl-Kəraci əş-Şəfi’i o qəsidəsində deyir: “Əqidələri budur ki, Allah Zatı ilə ... Ərşin üzərindədir, elmi ilə qeybləri bilir.” Bu qəsidənin üzərində əl-Alləmə Təqiyyud-Din İbnus-Saləh’in əlyazısı ilə yazılıb: “Bu, əhlus-sünnət və hədis əhlinin əqidəsidir.[6] əz-Zəhəbi yenə kitabın digər yerində deyir: “Bu qəsidə uzundur, iki yüz beytdən çoxdur. Qəsidəni nəzm edən əl-Kəraci şafi’ilərin böyük fəqihlərindən idi, hicri 532-ci ildə vəfat edib.[7] Şeyxul-İslam İbn Teymiyyə də əl-Kəraci’nin “İtiqadu Əhlis-Sunnə” kitabını zikr edir və deyir: “Bu, Şeyx Əbu Amr bin əs-Saləh’in əl yazısı ilə nəql olunub...[8] İbn Kəsir deyir: “Onun “əl-Fusul fi İtiqadil-Əimmətil-Fuhul” adlı kitabı vardır və orada sələfdən on imamdan, Malik, Əbu Hənifə, əl-Leys, əl-Əvzai, Sufyan əs-Səvri, İbnul-Mubərak, əş-Şafi, Əhməd bin Hənbəl və İshaq bin Rahaveyh’dən əqidənin üsulu haqqında görüşlərini hekayət etmişdir. Orada əshabımızdan olan imamlardan isnadları ilə birlikdə maraqlı sözlər, nadir və qəribə məsələlər zikr edir. Allah ona rəhm etsin![9] İbn Kəsir “əl-Bidəyə” kitabında deyir: “Onun çoxlu kitabları var və onlardan biri “əl-Fusul fi İtiqadil-Əimmətil-Fuhul” kitabıdır. Orada etiqad mövzusunda sələfin məzhəblərini zikr edir və orada nadir və gözəl şeylər hekayət edir.[10] Zikr etdiyi bu maraqlı məsələlərdən biri də onun bu sözləridir: “Bir çox imam və şeyxlərdən eşitdiyimə görə şafi’i imamları əl-Əşariyə nisbət edilməyə hər zaman nifrət etməyə və bunu çirkin bir iş saymağa, əl-Əşari’nin öz məzhəbini üzərində qurduğu (prinsiplərdən) bəraət etməyə və bu (prinsiplərin) həndəvərinə yaxın getməyi tələbələrinə qadağan etməyə davam ediblər. Bunu eşitdiyim şeyxlərdən biri əl-Hafiz əl-Mu’təmin bin Əhməd bin Əli əs-Səci’dir.” Bu sözləri onun kitabında Şeyxul-İslam İbn Teymiyyə fətvasında gətirir.

Qeyd edək ki, Təcud-Din İbnus-Subki – rahiməhullah – bu şafi’i aliminə qarşı bəzi haqsız etirazlar etmişdir. Birinci olaraq onun bəzi məsələlərdə İmam əş-Şafi’nin məzhəbini tərk etməsinə etiraz etmişdir, belə ki, sübhdə qunut tutmaması haqqında ondan gələn xəbərləri zikr etdikdən sonra deyir: “Onu “əz-Zərai” kitabında eynilə bu şəkildə deyərkən gördüm: “Sübhdə qunut hədis baxımından sabit deyildir, əksinə qadağandır.” Mən ondan bu əməli ilə razı qalmadım, belə ki, o, əş-Şafi’nin məzhəbi üzərinə kitab yazır və sonra orada hədisin səhih olmasını zənn edərək onun məzhəbinin əksinə fətva verir. Onun qarşısında (keçilməsi) çox çətin olan iki maneə durur: (birinci) hədisin səhihliyi; heyhat! Bu məqama çatmaq onun üçün çətindir, ağırdır. (İkinci isə) onun getdiyi məzhəbi əş-Şafi’yə aid etməsidir, bu da çətindir. Bu məsələdə atam Şeyx İmam (Təqiyyud-Din əs-Subki) ilə razılaşdım. Bu, onun “Mə’nə Qavlil-İməm əl-Mutalləbi izə Sahhəl-Hədisu fəhuva Məzhəbi” adlı kitabını yazmasının səbəbi idi. Bu Muhəmməd bin Abdil-Məlik’in sözünü və onun buna görə sübhdə qunutu tərk etdiyini zikr etdi. Lakin sonra ona bunun doğru olmaması və peyğəmbərin – salləllahu aleyhi va səlləm – sübh namazının qunutunu tərk etməməsi aydın oldu. Yalnızca (bənu Suleym oğullardından) Ri’l və Zəkvan’a qarşı (bəd-dua etdiyi) qunutu tərk etmişdir. Şeyx İmam (əs-Subki) bu barədə geniş danışmışdır, diləyən ora baxa bilər. İbnus-Səm’ani deyir: “əl-Kəraci mənə hekayət edərək dedi: “Bir gecə Şeyx Əbu İshaq’ı yuxuda gördüm, ona salam verdim və əlini öpmək istədim və məndən üzünü döndərdi, (əlini öpməyimə) mane oldu. Dedim: “Ey ağam! Mən də sənin yetirmələrindənəm. Dərsdə sənin kitablarından “əl-Muhəzzəb” kitabını zikr edirəm.” Mənə dedi: “Nə üçün sübh namazında qunutu tərk etdin?” Ona dedim ki, əş-Şafi’ deyib ki, əgər hədis səhihdirsə o, mənim məzhəbimdir. Onunla hədisin şərhini etməyə başladım və o, mənə qulaq asırdı, axırda üzümə təbəssüm etdi.” Deyirəm: əl-Həfiz Əbu Muhəmməd əd-Dimyəti bu hekayəni hekayət edib və bu əl-Kərci’nin Şeyx Əbu İshaq’ın böyük tələbələrindən biri olduğunu deyib. Ola bilsin ki, bu mənanı onun “mən də sənin yetirmələrindənəm” sözündən çıxarıb. Adı keçən bu adam Əbu İshaqa tələbəlik etməyib, nə də onu görməyib, sadəcə olaraq onun kitabını dərsində öyrətdiyi üçün özünü ona aid etmişdir.[11] Şeyx İbnus-Subki haqlı olaraq bu görüşü İmam əş-Şafi’nin məzhəbi olaraq ona aid etməyə etiraz edir. Lakin hədisi araşdırıb onun səhih və ya zəif olması barədə qərar verməsinə etiraz etməsi haqsızlıqdır. Şeyx Təqiyyud-Din əs-Subki – rahiməhullah – bu məsələdə daha öncə sübhdə qunutu tərk etməsi necə qınaq götürməyəcək bir əməl olmadığı kimi, əl-Kəraci’nin də mühəddis və fəqih olaraq məsələdə öz imamına müxalif olması qınanılmaz.

İbnus-Subki’nin əsas etirazı Şeyx əl-Kəraci’dən sabit olan etiqada qarşıdır. O, “ət-Tabəqat” kitabında deyir: “Sonra İbnus-Səm’ani dedi: “Onun sünnət haqqında (beytlərinin sonu) “bə” hərfi ilə qurtaran bir qəsidəsi vardır ki, orada öz etiqadını və sələfin etiqadını şərh etmişdir; iki yüz beytdən çoxdur. Onu əl-Kərac şəhərində evində özünə oxudum.” Deyirəm: Əgər İbnus-Səm’ani’nin bu dediyi sabitdirsə bu söz ilə bizim üçün sabit olur ki, bu adamın sünnəyə müvafiq olaraq sələfin məzhəbinə uyğun etiqad barəsində bir qəsidəsi vardır. İbnus-Səm’ani isə əqidədə əşari idi. Yalnız bizim etiqad etdiyimizə - və bu, əl-Əşari’nin görüşləridir – müvafiq olması halı istisna olmaqla o qəsidənin sünnət və sələfin etiqadı üzərində olduğunu qəbul etmirik. Bu bilindikdən sonra bil ki, bu şeyxə nisbət olunan bir qəsidə ilə rastlaşmışıq və “Urus əl-Qasaid va Şumus əl-Aqaid” adlanır; orada sünnət əhlini təhqir edir, təcsim etiqadını üzə vurur. Kim olursa olsun, buna etiqad edəni Allah yaşatmasın, bunu deyəni Allah yaşatmasın! Orada əl-Əşari haqqında ən çirkin sözləri söyləyib və ona inanılmaz iftiralar atıb. Sonra şeyximiz əz-Zəhəbi’nin İbus-Səm’ani’dən mənim hekayət etdiyim sözləri hekayət etdiyini gördüm. Sonra dedi: “Deyirəm: Onun əvvəli belədir: “Cismimin gözəllikləri eyiblərlə dəyişdi, sevimli (qara saç)larıma çatacaq qədər başımın kənarları ağ saçlara qarışdı.” O beytlərdən biri də budur: “Onların əqidəsi budur ki, Allah Zatı ilə, qeyblər haqqındakı elmi ilə Ərşin üzərindədir.” Bu beytlərdən biri də budur: “Kəracda, Allaha and olsun ki, onun əhlinin qorxusundan, bidətçi ən pis şəkildə əriyib gedir. Başının hər tərəfdən param-parça olmasından qorxaraq, ölür və bidətini üzə çıxarmağa güc tapa bilmir.” əz-Zəhəbi’nin (qəsidədən) nəql etdikləri burada bitir. Ondan bildiyim qədər ilə içində böyük müsibətlər daşıyan digər beytləri də - hansıları ki, mən sənə zikr edəcəm – nəql etməyi təmənni etmişdir, lakin şafi’ilərin hücumundan və muhəmməd sünnətinin qılıncından qorxurdu. İlk öncə deməliyəm ki, mən bu qəsidənin halında və onun bu adama nisbətində şəkk edirəm. Zənnimdə üstün gələn fikir budur ki, bu, ya tamamilə, ya da bir hissəsi onun adından olan bir yalandır. Bunun hamısının onun adından uydurulmuş yalan olmasını gücləndirən tərəf budur ki, İbnus-Saləh bu adamın tərcümeyi-halını yazıb, orada İbnus-Səm’ani’nin sözlərini hekayət edir, yalnız bu qəsidə ilə bağlı sözlərini istisna edir və onu zikr etmir. Ola bilsin ki, qəsidənin əl-Kəraci’yə nisbətinin səhih görünməsi üçün bu sözlər əs-Səm’ani’nin kitabına saxtakarlıqla salınmışdır. Belə şeylər çox baş verib. Bu dəstəkləyən tərəf həm də budur ki, İbnus-Səm’ani onun çox şerini gətirir və qəsidədən bir beyt olsun belə gətirmir. Əgər bu qəsidəni onun özünə oxumuş olsaydı heç olmasa onun bir hissəsini zikr edərdi. Ola bilsin ki, qəsidənin bir hissəsi (həqiqətən də) ona aiddir, lakin təcsimi gərəkdirən və əşarilər haqqında olan sözləri (sonradan) əlavə edilib. Bunu dəstəkləyən tərəf budur ki, bu qəsidə iki yüz qırx beytdən çoxdur, İbnus-Səm’ani isə “iki yüzdən çoxdur” deyir. Bu sözünün zahiri (qəsidənin) iki yüzdən bir onluq miqdarında artıq deyildir. Əgər ikiyüz beyt və daha qırx beyt artıq olsaydı deyərdi ki, “iki yüz qırx beytdən çoxdur.” Bunu dəstəkləyən digər tərəf isə budur ki, qəsidənin beytləri bir-birinə uyğun gəlmir, belə ki, onun bir hissəsi məqbul olan şerdir – və bunun onun şeri olduğunu zənn edirəm – və içində çirkin şeylər olan hissəsi isə çox pis haldadır, yaxşı şer yazan insan beləsindən razı qalmaz. Bax mən sənə burada onlardan bəzilərini nəql edirəm:

“Cismimin gözəllikləri eyiblərlə dəyişdi, sevimli (qara saç)larıma çatacaq qədər başımın kənarları ağ saçlara qarışdı.

Qocalığım gəlib çatdı, cavanlığım dönüb getdi, kədərlərimizdən uzaq düşən hər bir şey yaxınlaşdırıld.”

Bu beytlərdən biri də budur:

“Ah çəkərək dediklərim ömrü geri qaytarmaz, kədərim də gəncliyin uzaq düşən anlarını yaxınlaşdırmaz.”

Bunların hamısı məqbul olan şerdir, gözəllik dərəcəsinə çatmaz, rədd olunacaq dərəcəyə də düşməz, necə ki, ədəbiyyat zövqü olan bunu bilir. Bu beytlərdən biri də həmçinin budur:

“Əqidələri budur ki, Allah Zatı ilə, qeyblər haqqındakı bilikləri ilə Ərşin üzərindədir.”

Bu, qəsidədəki (eybi) ən yüngül olan beytlərdəndir və burada onun “Zatı ilə” sözü istisna olmaqla mənası inkar olunan bir şey yoxdur, bu sözü (yəni “Zatı ilə” sözünü) isə ondan öncə İbn Əbi Zeyd əl-Məliki “ər-Risalə”sində deyib. Lakin bu, kobud və rədd olunan bir beytdir, çünki onun “alə arşihi mə’a ’ilmihi bi’l-ğavaib” (qeyblər haqqında elmi ilə Ərşinin üzərindədir) cümləsi bir-biri ilə bağlı olmayan bir cümlədir, çünki qeyb elminin istiva məsələsi ilə heç bir bağlılığı yoxdur. “əl-Ğavaib” sözünə gəldikdə isə, əgər bununla “qeyb” sözünün cəmini qəsd edirsə o zaman bu, dildə xətadır, çünki “qeyb” sözü cins bildirən isimdir, nə cütlənər, nə də cəm forması alar. Cəm olsa da belə onun cəmi “ğuyub” olmalıdır. Əgər “ğaibə” (qeybdə olan, itmiş bir şey) sözünün cəmini qəsd edirsə bu daha da xətadır.

Sonra isə iki əl, kəf (və ya keyf), səs, gülüş, ayaq qoyma, barmaqlar, surət, qeyrət, həya və bunun bənzərləri haqqında beytlər deyir. Bunda böyük bir şey yoxdur, lakin bunları toplaması təcsimə cəhd etməsinə dəlalət edir, çünki şəriətdə bunlar bir yerdə gəlməyib, lakin ayrı-ayrılıqda gəliblər və hər bir yerində qəsd olunan mənaya yol göstərən qarina (işarə) vardır. Kimsə bunları bir arada toplayarsa açıq-aşkar zəlalətlə yolunu azmış olar. Sonra mücəssimə, cəhmiyyə, mötəzilə, rafizilik və irca əqidələrini zikr etdi və bunların hamısını iki beytdə topladı və dedi:

“Təcsim yolları və cəhmiyyəlik yolları, mötəzilə yolları, bunların hamısı hörümçəyin toxuduğu tordur,

Qədərilik və rafizilik də kor-koranə yollardır, irca yönündə deyilənlərsə qışqıranın qara qışqırığıdır.”

Sonra dedi:

“əl-Əşarinin sözlərinin çirkinliyi (qadın kimi) əzib-büzməsidir, fırlatması kələk gəlib ayaq ilişdirənlərin fırlatmasına bənzər,

Bu Əşari sözünü bəzəyib düzər, (batində isə) ona ən pis şəkildə zəhər qatar.

Təfsilatını rədd edir, lakin ümumən isbat edir, hörüklərini bağladıqdan sonra açan qadın kimi,

Sifət ayələrini öz rəyi ilə təvil edir, dindəki cürəti (hər şeyi) xaraba edənin cürətidir,

Hidayətin sünnətlərini təvil etmək görüşündədir, təcrübəsiz insanları caynağına keçirir, necə də şərli caynaqlardır!”

Bu, Allahdan utanmayan birinin sözləridir. Məqsədi də elə sözlərinin özündə açıq-aşkar görünür, çünki həqiqi bidət əhli olmaqlarına dair mühəddislər və fəqihlər arasında heç bir ixtilafın olmadığı bidət əhli mücəssimə, mötəzilə, qadəriyyədir və o mücəssimlər, cəhmilər, rafizilər və mürciələrlə yalnız iki beytdə məşğul olmuşdur. Əşarilər haqqında isə uzun yazıb. Heç kəsdən gizli deyil ki, əşarilər elə əhlus-sünnətin özüdür, ya da insanlar arasında əhlus-sünnətə ən yaxın olanlar onlardır. Sonra üstəlik onun “əl-Əşari’nin sözü (qadın kimi) əzib-büzməkdir” sözü ən çirkin sözlərdəndir və ən böyük iftiralardandır. Şeyx Kəməlud-Din bin əz-Zəmləkəni İbn Teymiyyə’yə rədd edərkən dediyi bu sözlər çox xoşuma gəlir: “Aralarında əl-Qadi Əbu Bəkr əl-Bəqilləni, Ustaz Əbu İshaq əl-İsfərayini, İməmul-Harameyn (əl-Cuveyni) və əl-Gazəli’dən tutmuş İmam Fəxrud-Din (ər-Razi’y)ə qədər hamısı arvaddırsa o zaman peyğəmbərlər və səhabələrdən sonra kişi yoxdur.” Deyirəm: Əgər bunlar təcrübəsiz adamlardırsa və əl-Əşari onları caynaqlarına keçirirsə, deməli peyğəmbərlər və səhabələrdən sonra ağıllı, zəkalı heç kəs yoxdur! Allahım, sən bu müsəlmanları qoru! Sonra əl-Əşarini qəsd edərək deyir:

“Elm və din sahibi olmayıb, sadəcə olaraq bacardığı oyun oynamaqdır.”

Bu beytdə ağıllı insandan gizli qalmayacaq bir yalan vardır, çünki heç bir tayfa əl-Əşari’nin elmini inkar etməyib, əksinə onun əsrinin nadir adamı olmasında ittifaq ediblər. Onu sünnətə aid edənlər də, bidətə aid edənlər də bunda ixtilaf etməyiblər. Dininə gəldikdə isə onun zahid və təqva əhli olmasında ittifaq ediblər...

əs-Subki daha bir iki beyti zikr edir və deyir: “Bu qəsidədən zikr etmək istədiklərim bunlar idi. Əgər bunu mövcudluqdan çıxarıb yox etmək mümkün olsaydı daha yaxşı olardı. Zənnimdə ağır gələn düşüncə budur ki, bu qəsidə saxtalaşdırılmış, uydurulmuşdur. Ağlında xurafatlar daşıyan, həya etməyən biri uydurub bunu. Sonra deyirəm: Kim olmasından asılı olmayaraq – hətta bu əl-Kəraci olsa belə - Allah bu sözü deyəni zəlil etsin! Biz ondan Allaha sığınırıq. Lakin mən əminəm ki, İbnus-Səm’ani bu beytləri oxumaz və bunu rəvayət etməyi halal görməz. Sənə mən bunun uydurma olmasına dəlalət edən kifayət qədər işarələr göstərdim.[12]

Heç şəkk yoxdur ki, Əbul-Həsən əl-Əşari’yə bu şəkildə tənə etmək, onu təhqir etmək, onun dinini və elmini şübhə altına almaq qəbul edilməzdir və bu, sözsüz ki, əl-Kəraci’nin eybidir. Lakin tək buna görə bu alimə bəd-dua etmək, onun əl-Əşari haqqında dediklərindən də çirkin sözlər demək doğru deyildir. Bu, insafdan deyildir. Tarix İmam Əbul-Həsən əl-Əşari’yə - rahmətullahi aleyhi – qarşı təhqir edici sözlər söyləmiş çox sayda elm əhlini səhifələrinə qeyd edib və onların arasında nəinki hədis əhli, hənbəli, hətta əşarilərin kəlam elmində sələfi olan kullabilərdən olan alimlər də vardır və məhz onlardan birinə qarşı Hafiz İbn Asəkir “ət-Təbyin” kitabını yazıb. Bir şəxsiyyəti sevdiyi üçün digər elm əhlini təhqir etmək özü də təəssübkeşlikdir, hətta buna görə öz şeyxi əz-Zəhəbi’yə tənə etməsi tamamilə qəbul olunmazdır.

Üstəlik belə zəif dəlillərlə bu qəsidənin əl-Kəraci’yə aid olmasını və İbnus-Səm’ani’nin sözlərini şübhə altına almaq da insafdan deyildir. Heç şəkk yoxdur ki, qəsidə əl-Kəraci’nindir və heç şəkk yoxdur ki, İbnus-Səm’ani – özünün də dediyi kimi - bu qəsidəni şeyxi əl-Kəraci’nin evində onun üçün oxuyub. Əgər bu cür işarələrlə sabit olmuş nasları düşürmək mümkündürsə o zaman hər bir müxalif dilədiyi qədərini səhifələrdən silə bilər. İbnus-Saləh’in bu qəsidəni onun tərcümeyi halında zikr etməməsi dəlil deyildir, əksinə iki siqa imamın, əz-Zəhəbi və İbn Teymiyyə’nin şahidliyi ilə bu qəsidəni öz əli ilə yazan elə İbnus-Saləh özü olub.

Şeyx Əbul-Həsən əl-Kəraci – rahiməhullah - hicri 532-ci ilin şaban ayında vəfat edib.

 

 


[1] “Tabəqat əl-Fuqahə əş-Şəfi’iyyə”, 1/215-216; Darul-Bəşəir əl-İsləmiyyə, birinci nəşr; 1992, Beyrut

[2] əl-İsnəvi, “Tabəqat əş-Şəfi’iyyə”, 2/181; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1407/1987, Beyrut

[3] “ən-Nucum əz-Zəhira fi Muluki Misr val-Qahira”, 5/255; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1413/1992, Beyrut

[4] “Şəzərat əz-Zəhəb”, 6/165; Dar İbn Kəsir, birinci nəşr: 1406/1986, Dəməşq

[5] “əl-Muntəzam fi Tərixil-Muluk val-Uməm”, 17/331-332; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1412/1992, Beyrut

[6] “əl-Uluvv lil-Aliyyil-Ğaffər”, səh: 236; Məktəbətu Ədvais-Sələf, birinci nəşr: 1416/1995, Riyad

[7] Eyni mənbə, səh: 262-263

[8] “Məcmu əl-Fətəva”, 3/265

[9] “Tabəqat əş-Şəfi’iyyin”, Məktəbətus-Səqafətid-Diniyyə, 1413/1993

[10] “əl-Bidəyə van-Nihəyə”, 16/317; Dar Həcər, birinci nəşr: 1419/1998

[11] “Tabəqat əş-Şəfi’iyyə əl-Kubra”, 6/138-140; Dar Həcər, ikinci nəşr: hicri 1413

[12] “Tabəqat əş-Şəfi’iyyə əl-Kubra”, 6/140-146

 

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.