Cəməlud-Din İbn əl-Həcib əd-Duvini

Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

 

İbnul-Həcib’in ailəsi İraqdan şimalda tarixi Azərbaycan torpaqlarında yerləşmiş Dəvin adlı şəhərdə məskun olublar. Yaqut əl-Həməvi “Mucəmul-Buldən” kitabında deyir: “Dəvin... Azərbaycan hüdudlarının axırında Tiflisə yaxın yerdə yerləşən Aran bölgəsinin şəhərlərindən biridir və Şamın sultanları olmuş Əyyub oğulları buradandır...” əl-Həməvi kitabında bu adı “Dəvin” olaraq təsbit edir, əs-Səm’ani isə “əl-Ənsəb” kitabında Duvin, əz-Zəhəbi isə “əs-Siyər” kitabında Duveyn olaraq təsbit edir. Buna görə də alim əd-Dəvini/əd-Duvini nisbəti ilə də tanınıb. Tarixi qaynaqlarda adı keçən Dəvin şəhərinin Gürcüstanla sərhəddə yerləşdiyi görünür.  Şihəbuddin Əhməd bin Yəhya əl-Quraşi “Məsəlik əl-Əbsar fi Məməlik əl-Əmsar” kitabında 557-ci ilin hadisələri haqqında danışarkən deyir: “Bu il gürcülər böyük qoşun topladılar və İslam torpaqlarına daxil oldular. Azərbaycan əyalətlərindən olan Dəvin şəhərini ələ keçirdilər və qarət etdilər. Sonra Azərbaycanın sahibi Eldəgiz böyük qoşun topladı, gürcülərlə döyüşdü, onlara qalib gəldi və onlardan çox sayda adam öldürdü.” Buradan anlayırıq ki, Dəvin şəhəri Gürcüstana yaxın bölgədə yerləşib.  İbn Xallikən qeyd edir ki, Duvin şəhəri yaşayanlar “Ravadiyyə kürdləridir və onlar Həzəbəniyyə kürdlərinin əsas qoludur və Həzəbənilər kürdlərdən olan böyük bir qəbilədir. Fəqih, nə dediyini bilən və Duvin əhlindən olan bir nəfər mənə dedi ki, Duvinin ağzında Əcdənəqan deyilən bir kənd var və əhalisinin hamısı Ravadiyyə kürdləridir və Salahuddinin atası Əyyub orada doğulub.” Bu şəhərdə yaşayanların kürdlər olduğunu həmçinin əz-Zəhəbi təsdiqləyir. Dəvin şəhəri hal-hazırda indiki Ermənistan ərazisinə düşür və erməni qaynaqlarına görə onların Dvin adlandırdıqları bu şəhır əvvəllər erməni kilsəsinin paytaxtı olub. Erməni tarixçilərinin özlərinin də etiraf etdikləri kimi “dvin” fars dilində təpə deməkdir. Ərəblər oranı ələ keçirdikdə adını Dəbil qoyurlar.

Daha sonra əyyubilər ailəsi İraqa, bir hissəsi Şam torpaqlarına köçüb, sonra bir hissəsi Misirə köçüb və oradakı İsnə şəhərinə yerləşiblər. Əbu Amr İbnul-Həcib də orada dünyaya gəlib və buna görə də əl-İsnəi nisbəti ilə də tanınıb.

Onun doğum ilində tarixçilər kiçik bir ixtilafa düşüblər. Onların bir hissəsi doğumunun hicri 570-ci ildə, digərləri isə 571-ci ildə olduğunu deyiblər. İbnul-Xallikən isə onun yetmişinci illərin sonunda doğulduğunu deyir, bəlkə də bu daha doğrudur, çünki İbnul-Xallikən onun müasiri olub və onunla görüşüb. Yuxarıda dediyimiz kimi İsnə şəhərində doğulub. Saləhud-Din əs-Safədi “əl-Vafi” kitabında deyir ki, İsna şəhərinin “əksəriyyəti rafizilər idi. (İbnul-Həcib) dedi: “Atam mənə dedi ki, sənin adını İsna əhlinə acıq olsun deyə Osman qoydum.

Tarix onun uşaqlıq və yetkinlik dövrü haqqında susur və bu barədə bizə az məlumat verir. Lakin atasının o dövrün əmirləri yanında gözətçi qurumunu işlədənlərdən olduğunu nəzərə alsaq İbnul-Həcibin imkanlı ailədə böyüdüyünü təxmin etmək çətin olmaz. Onun həmçinin nüfuz sahibi ailələrin uşaqları ilə əlaqələrinin olduğunu demək də mümkündür. Lakin bilirik ki, Əbu Amr kiçik yaşlarında atası tərəfindən Qahirə şəhərinə göndərilmiş və oradakı elmi institutlara yazılmışdır. İlk öncə Quranı öyrənmiş, sonra İmam Malik’in məzhəbi üzərində fiqhi öyrənməyə başlamışdır. İbnul-Həcibin dövründə Salahuddin Əyyubi’dən başlayaraq əyyubi əmirləri və sultanları elmi himayə edirdilər və elmin yayılması üçün mədrəsələr açırdılar. İbnul-Həcib də belə bir dövrdə yetişdiyi üçün o dövrün elmi mühütündən təsirlənmişdir.

İbnul-Həcib’in ailəsi haqqında da dolğun bir bilgi yoxdur. Amr adında həqiqətən bir oğlunun olub olmadığını bilmirik. Lakin bilirik ki, qızı olub, çünki müasirlərindən olan İbn Əbi Şəmə kitabında onun harada dəfn olunmasını kürəkənindən nəql edir. Əgər İbnul-Həcibin bu qızından başqa övladları da olubsa onlar məşhurlaşmayıblar və atalarının yoluna davam etməyiblər.

Qahirədə yaşadığı müddətdə Dəməşqə səfərlər edirdi. Lakin hicri 617-ci ildə Dəməşqə köçür. Dəməşqdə maliki fiqhini öyrədən müəllimlərdən birinə çevrilir, həmçinin ərəb dilini mükəmməl səviyyədə bildiyi üçün o sahədə önəmli bir şəxsiyyət kimi tanınır. Dəməşqdə Əməvi camisində malikilər üçün ayrılmış zaviyədə dərs verməyə başladı.

Hicri 633-cü ildə Kirk şəhərinə Məlik ən-Nasir’ə müəllimlik etmək üçün gedir. Lakin Dəməşqin o dövrdəki əmiri əs-Saleh İsmayıl bin Əbil-Ceyş’in cinayətlərini, xaçlılara qarşı vuruşmaq əvəzinə onlarla ittifaqa girməsini inkar edən Şeyx İzzuddin bin Abdissələmi müdafiə edir və onunla birlikdə əs-Saleh İsmayılı şiddətlə qınayır və buna görə də əs-Saleh İsmayıl hər ikisinin də idarəsi altındakı torpaqlardan çıxmasını əmr edir və hicri 636-cı ildə Misirə köçürlər.

İbnul-Həcib ilə İzzuddin bin Abdissələm arasında xüsusi dostluq və məhəbbət bağları olub. Sultan əs-Saleh İsmayıl İzzuddini tənqidlərinə görə həbs etdikdə İbnul-Həcib də ona yoldaşlıq etmək üçün həbsxanaya gedir. Daha sonra adı keçən sultan onların hər ikisini də həbsdən çıxarır, evlərində həbs elətdirir və sonra sərbəst buraxır, lakin ölkəni tərk etməklərini tələb edir. İbnul-Həcib bundan sonra Qahirəyə geri dönür və orada əl-Fədiliyyə mədrəsəsində şeyxi əş-Şatibi’nin yerinə dərs verməyə başlayır.

İbnul-Həcib’in şeyxləri öz dövründə müxtəlif fənlərdə bariz imamlar sayılan alimlər olub. Qiraətlər elminin böyük dahisi əl-Qasim bir Firru əş-Şatibi ər-Rueyni qiraətlər elmində onun şeyxi olmuşdur. Qiraətləri həmçinin Əbul-Fədl əl-Ğaznəvi, Əbul-Cud Ğiyəs bin Fəris’dən öyrənib. Hədis elmini Hibətullah bin Əli əl-Busiri, Şamın mühəddisi əl-Qasim İbn Asəkir’dən öyrənib. Fiqh və üsul elmlərini Əli bin İsmail əl-Əbyəri, əs-Saleh bin əl-Həsən əş-Şazili və Seyfuddin Əli bin Muhəmməd əl-Əmidi’dən öyrənib. əş-Şəzili’yə əl-Qadi İyad’ın “əş-Şifə bi Tərifi Huquqil-Mustafə” kitabını oxuyub. əl-Əmidi’dən üsul və məntiq elmlərini öyrənib. Şeyxləri arasında İbnul-Bənnə adı ilə tanınan Əbu Abdilləh Muhəmməd bin Abdilləh, qazilər qazisi Əbul-Abbas Əhməd bin Xalil əl-Bərməki, Əbul-Həsən Təqiyyuddin Əli bin Abdilləh əş-Şəzili kimi alimlər olub. əl-Bərməki kəlam elmini bir başa Fəxruddin ər-Razi’dən, fiqhi isə ər-Rafii’dən öyrənmiş bir zatdır.

Tələbələri arasında isə məşhur dil alimi Cəməluddin İbn Məlik, maliki alimi, qazilər qazisi Əbul-Abbas İbnul-Muneyyir, digər qazilər qazisi, “Səhih əl-Buxari”ni şərh edənlərdən biri Zeynuddin Əbul-Həsən İbnul-Muneyyir, məşhur üsul alimi Şihəbuddin əl-Qarafi, Əbu Muhəmməd Zəkiyyud-Din əl-Munziri, əl-Hafiz Əbu Əhməd Abdulmumin əd-Dimyəti, Əbu İshaq İbrahim bin Davud əl-Fadili, Əbu Muhəmməd Abdussələm əz-Zəvavi, Kəməluddin Abdulvahid əz-Zəmlikəni, Qazi Nəsiruddin Əbul-Həsən Əli bin İsmail əs-Sinhəci əl-Əbyəri və başqaları olub.

İbnul-Həcibin fiqhi biliklərinə gəldikdə isə daha əvvəl söylədiyimiz kimi fiqhdə maliki olub və maliki fiqhini tədris edib. Hətta onun öz zamanında malikilərin şeyxi olduğunu desək haqdan uzaq düşmədiyimizi güman edirəm. Bunu İbnus-Subki “ət-Tabəqat” kitabında “malikilərin öz zamanındakı şeyxi” sözləri ilə ifadə edir. Maliki fiqhində yazdığı “Cəmiul-Ummuhət” kitabı öz dövrünün ən məşhur fiqh kitabı idi və şafi’ilərdəki Əbu İshaq’ın “əl-Muhəzzəb” kitabı ilə müqayisə etmək olar. Hətta “əl-Muhəzzəb” kitabından daha fərqli, daha özəl bir kitab olduğunu desək yenə bir başqa şafi’i alimi bizim bu sözümüzü təsdiqləyəcəkdir. Budur şafi’ilərin böyük alimlərindən Kəməlud-Din əz-Zəmlikəni deyir: “Malikilərdəki İbnul-Həcib’in müxtəsəri mislində bir kitab şafi’ilərdə yoxdur.” Ibn Dəqiq əl-İd onun bu kitabı haqqında deyir: “Bu kitabda həddindən artıq təəccüb edici şeylər yazıb.” İbn Dəqiq əl-İd burada xoş təəccübü qəsd edir. Maliki məzhəbinin üsulu haqqında “Muxtəsar əl-Muntəhə əl-Usuli” kitabını yazıb. Bu kitabı şərh edən Azudud-Din əl-İyci kitabı çox tərifləmiş, eləcə də onun şərhinə haşiyə yazmış Sadud-Din ət-Təftəzani kitab haqqında çox gözəl sözlər işlətmişdir. Bu kitab yeddinci əsrdə malikilərin ən əhəmiyyətli üsul kitablarından sayılıb.

Lakin İbnul-Həcib maliki fiqhi və üsulul-fiqh elmindən də çox ərəb dili elmində məşhurlaşmışdır. Onu bəzən də İbnul-Həcib ən-Nəhvi adlandırırlar. Ərəb dilində Basra məktəbinə meyl etmiş və Basra məktəbinin nümayəndələri sayılan Sibəveyh, Əbu Əli əl-Fərisi, əz-Zəməxşəri kimi dil alimlərinin irsinə etina vermişdir. Deyilənə görə Sibəveyh’in məşhur kitabına şərh yazıb. əz-Zəməxşəri’nin “əl-Mufəssal” kitabını “əl-İydah fi Şərh əl-Mufəssal” adlı kitabında şərh edib. Nəhv və sərf elmində iki məşhur kitabını, “əl-Kəfiyyə” və “əş-Şəfiyyə” kitablarını qələmə alıb və daha sonrakı əsrlərdə alimlər bu iki kitabı şərh etməklə onlarla əsər meydana gətiriblər. İbnul-Həcib nəhv sahəsində bir parlaq ulduzdur və onun nəhv bilikləri haqqında məşhur “Əlfiyyə” kitabının sahibi, İbnul-Həcibin öz tələbəsi İbn Məlik’dən başqa heç kim naqis bir söz söyləməyib. İbn Məlik isə deyir: “O, nəhv biliklərini “əl-Mufəssal” kitabının müəllifi (əz-Zəməxşəri)dən götürüb, “əl-Mufəssal” kitabının müəllifi isə kiçik bir nəhvçidir.”  İbn Məlik’in bu sözü hamıdan təəccüb doğurur, lakin bu, İbnul-Həcib’in və ya əz-Zəməxşəri’nin nəhv elmində dərya olmadıqlarını göstərməz, İbn Məlik’in nəhv sahəsindəki böyüklüyünü göstərir. İbn Məlik ilə İbnul-Həcib haqqında diqqətə çatan digər bir tərəf də budur ki, İbn Məlik məğribli olduğu halda şafi’i məzhəbindən olub, İbnul-Həcib isə kürd olmağına baxmayaraq maliki olub, hətta onun kitabını şərh etmiş bəziləri maliki olduğu üçün onun məğribli olduğunu güman ediblər, çünki kürdlər arasında malikilərin olması nadirdir.

İbnul-Həcib həmçinin Əbu Əli əl-Fərisi’nin “əl-İydah” kitabını “əl-Muktəfi lil-Mubtədi” adlı kitabında şərh edib. Həmçinin “əl-Muqaddimə əl-Cəzuliyyə” kitabını şərh edib. “əl-Məsəil əd-Diməşqiyyə”, “Muxtəsar Luğat əl-Arab”, “əl-Məqsad əl-Cəlil fi İlmil-Xalil”, “Cəməlul-Arab fi İlmil-Ədəb”, “Mucəm əş-Şuyux”, “Zeylun alə Tərix Diməşq” adlı başqa kitabları da vardır. “Muntəhə əs-Su’l val-Əməl fi İlmeyyil-Usul val-Cədəl” adındakı kitabını isə üsulul-fiqh sahəsində yazıb.

İbnul-Həcib’in etiqadına gəldikdə isə etiqadda əşari olub və əşari etiqadında kiçik bir risaləsi vardır. Misirdə əşari etiqadını öyrədən mədrəsələrdə elm aldığını nəzərə almaq lazımdır. Əşari etiqadına güclü bir şəkildə bağlı olduğunu göstərən tarixi hadisələrdən biri də Dəməşqin əmiri əl-Məlik əl-Əşrəf ilə İzzud-Din bin Abdissələm arasında baş vermiş xüsumət olub. əl-Məlik əl-Əşrəf hənbəlilərin etiqad etdiyi kimi Allahın kəlamının hərf və səslə olduğuna etiqad edirdi və İbn Abdissələm’in dövrünün ən böyük elmi şəxsiyyətlərindən olması və hənbəlilər ilə arasında ədavətin olması məsələni böyük bir münaqişəyə gətirib çıxardı. əl-Məlik əl-Əşrəf İbn Abdissələm’in Allahın kəlamını sadəcə Onun Nəfsində olan bir məna kimi izah etməsini, onun hərf və səs olduğunu inkar etməsini qəbul etməmiş və ona şiddətlə etiraz etmişdi, hətta hüzurunda olan əşari qazilər və alimlər belə sultanın qəzəbindən qorxaraq İbn Abdissələmi müdafiə etməyə cəhd göstərməmişdilər. Bunu eşidən İbnul-Həcib həmin bu qaziləri və alimləri şiddətlə qınamış və onların bu hərəkətini ayıblamışdır. İbnul-Həcib əşari mövqeyinin haqq olduğunu müdafiə etdikdən sonra həmin qaziləri və alimləri İbn Abdissələm’i müdafiə etməyə çağırmış və bu işində uğurlu olmuşdur. Bu, bizə İbnul-Həcib’in sözü keçən bir alim olmasını, həm də etiqadda güzəşt etməyən əşari olduğunu göstərir.

İbnul-Həcib ömrünün sonunda Misirin İskəndəriyyə şəhərinə yerləşir. Qısa müddət sonra hicri 646-cı ildə orada vəfat edir. 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.