Təqiyyud-Din İbn Dəqiq əl-İd (625-702)

Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

İbn Dəqiqil-İd adı ilə çağırılmasının səbəbi budur ki, atasının babası bayram günündə düm ağ rəngdə bir şalı çiyninə atarmış və şalın ağlığına görə bəziləri ona “Dəqiqul-İd” ləqəbini veriblər, yəni bayram unu kimi ağ olmuşdur. Ona görə də həm atası Məcdud-Din, həm də özü “İbn Dəqiqil-İd” adı ilə çağırılıblar.

Atası Məcdud-Din əl-Quşeyri həcc etmək üçün ailəsi ilə birlikdə yolda olarkən anası Ərəb yarımadasının Qırmızı dəniz sahilindəki Yənbu şəhərində hicri 625-ci ildə onu dünyaya gətirmişdir. İbn Həcər’in nəql etdiyinə əsasən atası onu qucağında tutub Kəbəni tavaf edib və Allahın ona elm və əməl verməsi üçün dua etmişdir.

İbn Dəqiqil-İd Misirdə Qus şəhərində böyümüşdür və ilk təhsilini atasından almışdır. Atasından Quran və hədis öyrənmişdir. Elm tələbi üçün yalnız Qus şəhərindəki alimlər ilə kifayətlənməmiş, daha sonra Dəməşq, İskəndəriyyə və Hicaza səfər etmişdir.

Şeyxləri

İbn Dəqiqil-İd’in şeyxləri çoxdur və aralarında dövrünün ən böyük alimləri olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi ilk müəllimi atası Məcdud-Din Əbul-Həsən Əli bin Vahb əl-Quşeyri olub və atası Əsyut və Mənfəlut şəhərlərində qazi kimi çalışıb, həm maliki məzhəbini, həm də şafi’i məzhəbini bilirmiş. Şeyx Əbul-Qasim Bəhəud-Din Hibətullah bin Abdilləh əl-Qifti əş-Şafi’i də onun müəllimləri arasında olmuşdur və İbn Dəqiqil-İd fəxr ilə - “əl-Bəhə mənim müəllimimdir” – deyərmiş. Müəllimi olmuş digər böyük alim Alləmə Əbu Muhəmməd İzzud-Din bin Abdis-Sələm əs-Suləmi olmuşdur və İbn Dəqiqil-İd onu “sultanul-uləmə” adlandırardı, çünki yaxşılıqları əmr edib, pisliklərdən çəkindirdiyi üçün əməl edən bir alim olaraq onu alimlər arasında bir sultan görmüşdür. Hənbəlilərin şeyxi İbn Qudəmə’nin tələbələrindən olmuş hənbəli alimi Əbul-Abbas Əhməd bin Abdid-Dəim əl-Məqdisi də onun müəllimlərindən olub. İbnul-Cummeyzi adı ilə tanınmış şafi’i alimi Əbul-Həsən Əli bin Hibətullah bin Sələmə əl-Ləxmi, İmam Alləmə Zəkiyyud-Din Əbu Muhəmməd Abdul-Azim əl-Munziri kimi böyük imamlar da onun müəllimləri olub. Əbul-Fədl Yəhyə bin Əbul-Məali əl-Quraşi, Şəmsud-Din Muhəmməd bin Mahmud əl-İsfəhani, Raşidud-Din Əbul-Huseyn Yəhyə bin Əli əl-Attar əl-Məliki, Əbul-Bəqa əz-Zeyn Xalid bin Yusuf əd-Diməşqi, Əhməd bin Muhəmməd bin əl-Həbbəb, Əbul-Həsən Əli bin əl-Hüseyn əl-Bəğdədi əl-Hənbəli və başqalarını onun şeyxləri arasında saymaq olar.

 

Təqvası və ibadəti

Şərəfud-Din Muhəmməd bin əs-Sahib deyir: “İbn Dəqiqil-İd Misirdə çox zaman bizim evdə qalardı və biz onu gecələr ya namaz qılarkən, ya da evin ətrafında dolaşaraq sübhün vaxtı girənə qədər fikirləşən halda görərdik. Sübh girdikdə sübhü qılar və duha vaxtına qədər uzanardı.[1]

Zamanının müsnidi sayılan İbnul-Muqir (545-643) kimi hafiz bir alimdən hədis dinləmişdir, lakin ondan hədisi necə dinləməsində tərəddüd etmişdir, yəni ona oxumaqla, yoxsa başqaları oxuduqda dinləməklə, yoxsa kitabından almaqla ondan rəvayət etməsində şəkk etmişdir. Buna görə də peyğəmbərə - salləllahu aleyhi va səlləm – demədiyi bir sözü nisbət etməkdən ehtiyat etdiyi üçün İbnul-Muqir’dən heç bir şey rəvayət etməmişdir. Bu da alimin təqvasını bizlərə sərgiləyən aşkar bir nümunədir.

 

Digər xüsusiyyətləri

İbn Dəqiqil-İd xüsusi səxavəti ilə seçilmiş bir kəs olmuşdur, belə ki, ondan bir şey istəyənin əlini geri çevirməzmiş və bu cür deməsi məşhurdur: ”Məndən bir şey almağın qaydası istənilən şeyin şəriətə uyğun olmasıdır.” Hətta bəzi hallarda özünü ehtiyacda buraxacaq qədər verərmiş. Şeyx Təcud-Din Muhəmməd bin Əhməd əd-Dəşnəvi hekayət edir: “Bir gecə onun evində idim və şama ehtiyacı var idi, lakin almağa pulu yox idi. Övladlarına dedi: “Sizdən birinizdə bir dirhəm varmı?” Ödladları susdu və istədim – “məndə bir dirhəm var” – deyim, lakin qorxdum ki, bunu inkar etsin, çünki o zaman o, qazilər qazisi idi. Sonra təkrar-təkrar soruşdu və mən dedim ki, məndə dirhəm var. Bunun üzərinə dedi: “Bəs niyə susursan?””[2]

İbn Dəqiqil-İd şərəfli biri, başqaları qarşısında əyilməyən, yaltaqlıq etməyən biri olmuşdur. İki kəsdən başqa hər kəsə “ey insan” deyərək müraciət edərdi, hətta sultana da bu sözlə xitab edərdi, yalnız Aləud-Din əl-Bəci “ey imam” və şafi’i fəqihi İbnur-Rif’ə’yə “ey fəqih” deyərək müraciət edərdi. Şeyx Şərəfud-Din əl-Mursi Qus şəhərinə gəldikdə onun yanında nəhv elmlərindən bəzi şeylər öyrənməyə başladılar və İbn Dəqiqil-İd də onlardan biri idi. Bir dəfə onlara bir sual soruşdu və onlar susdular, cavab vermədilər. Buna görə dedi: “Görürəm ki, mən uzunqulaqlarla danışıram?” Bu sözündən sonra İbn Dəqiqil-İd bir daha onun yanına qayıtmadı.

Bununla bərabər həlim və yumşaq biri olmuşdur. Zamanında bəzi alimlər və şairlər şer yazaraq onun şəxsiyyətinə hücum ediblər, lakin İbn Dəqiqil-İd onlarla qarşılaşdıqda yazdığı şeri ona oxumasını istəyərmiş və oxuduqda şeri tərifləyərmiş, hətta qarşılığında həmin şəxsə xeyirxahlıq da edərmiş. Bu barədə müasirləri baş vermiş bəzi hadisələri bizlərə nəql ediblər.

İbn Dəqiqil-İd çoxca kitab oxumağı sevən biri olmuşdu və mütaliəsində bənzəri az görülmüş biri idi. Bəzən bir gecədə tam bir mücəllədi və ya iki mücəllədi oxuyub qurtarardı. əl-Ədfəvi deyir: “İbnul-Kəttəni olaraq tanınan Şeyx Zeynud-Din Ömər əd-Diməşqi mənə dedi: “Bir günün səhərsi onun yanına gəldim və mənə bir cildlik kitab verdi və dedi: “Bunu bu keçən gecə mütaliə etdim”.” Həmçinin əd-Ədfəvi söyləyir: “Şeyx, fəqih Siracud-Din əd-Dəndəri mənə xəbər verdi ki, ər-Rafi’inin “əş-Şərh əl-Kəbir” kitabı çıxdıqda (İbn Dəqiqil-İd) onu min dirhəmə aldı, bundan sonra yalnız fərz namazlarını qılmağa başladı və kitabı oxuyub bitirənə qədər mütaliə etdi.

Tələbəsi Şəmsud-Din əz-Zəhəbi’nin xəbər verdiyinə görə təmizlikdə və sularda çoxlu vəsvəsəyə düşən bir zat olmuşdur. əz-Zəhəbi deyir: “Təharət və sular məsələsində son dərəcə vəsvəsəli biri idi, Allah ondan razı olsun![3] Tarixdə bir çox alimdə bu problem olmuşdur və bu, bizə göstərir ki, bu məsələ nəfsi bir məsələdir və sadəcə avam insanların mübtəla olduğu bir şey deyildir.

Elmi mərtəbəsi

İbn Dəqiqil-İd mütləq müctəhid sayılmış alimlərdən biridir. Hələ zamanında onun elminə və elmi mərtəbəsinə şahidlik ediblər. əl-Ədfəvi deyir: “Şeyximiz fəzilət və ədalət sahibi fəqih İlmud-Din Əhməd əl-Əsfuni bizə heyakət etdi: Şeyximiz Alləmə Aləud-Din Əli bin İsmail əl-Qunəvi onun adını zikr etdi və mən ona dedi: “Lakin o, ictihad iddia edir.” Bir müddət susdu və fikirləşərək dedi: “Allaha and olsun ki, o, bundan uzaq deyildir.”  əs-Subki onu vəsf edərkən deyir: “Şeyx, İmam, Şeyxul-İslam, Hafiz, Zahid, çoxlu həcc edən, mütləq müctəhid, şəriət elmləri barəsində tam biliyə sahib...” Beləliklə də əs-Subki onu mütləq müctəhid olaraq vəsf etmişdir. Cələlud-Din əs-Suyuti “Tuhfətul-Muhtədin bi Əxbəril-Mucəddidin” adlı şerində İbn Dəqiqil-İd’i yeddinci əsrin mücəddid alimi olaraq zikr etmişdir. əs-Suyuti’dən əvvəl Saləhud-Din əs-Safədi və başqaları bunu deyiblər. İbnus-Subki “ət-Tabəqat” kitabında deyir: “İbn Dəqiqil-İd’in yeddinci yüz ilin başında göndərilmiş alim olmasında şeyxlərimdən kiminsə ixtilaf etdiyini görmədim.[4] Bu alimin şanının ucalığına sübut kimi müəllimi, əsrinin mütləq müctəhidlərindən biri sayılan Alləmə İzzud-Din bin Abdis-Sələm’in onun haqqında şahidliyi kifayət edir, belə ki, Misir haqqında buyurmuşdur: “Misir torpaqları ölkənin iki tərəfində yaşayan iki kişi ilə fəxr edir: İskəndəriyyədə İbn Munir ilə, Qus’da İbn Dəqiqil-İd ilə...[5]

Təbii ki, belə bir elmə sahib olmuş biri yüksək elmi məqamları və vəzifələri tutmuş olmalıdır. “əl-Kəmiliyyə” və “əs-Salihiyyə” kimi “darul-hədis” mədrəsələrinə rəhbərlik etmişdir. Həmçinin Qus şəhərindəki “darul-hədis” mədrəsəsində dərs demişdir. Ömrünün sonunda Misirdə şafi’ilərin qazilər qazisi vəsifəsinə gətirilmişdir. Lakin bu vəzifə ona təklif edildikdə xeyli imtina etmiş, boyun qaçırmış, lakin təzyiqlər nəticəsində vəzifəyə üstlənmişdir. Bir neçə dəfə vəsifəsindən özünü azad etsə də yenə ora qaytarılmışdır. Qazi işləməyin məsuliyyətini hər zaman hiss etmiş və buna görə dərd etdiyini gizlətməmişdir.

Tələbələri

İbn Dəqiqil-İd’in tələbələri çoxdur, saymaqla hamısını burada qeyd etmək mümkün olmayacaq. Onlardan bəzilərinin adlarını burada zikr edirik; Cələlud-Din Əhməd bin Abdir-Rahmən Muhəmməd əl-Kindi əd-Dəşnəvi, məşhur nəhv alimi Əsirud-Din Əbu Həyyən Muhəmməd bin Yusuf əl-Ğarnəti, Təcud-Din Muhəmməd bin Əhməd əl-Kindi, Fəthud-Din Əbul-Fəth Muhəmməd bin Muhəmməd bin Seyyidin-Nəs əl-Yəmuri, Cəməlud-Din Əbul-Həccəc Yusuf bin əz-Zəki Abdir-Rahmən əl-Mizzi, qazilər qazisi Əli bin İsmail bin Yusuf əl-Qunəvi, Şəmsud-Din Muhəmməd bin Əbil-Qasim ət-Tunisi, Cəməlud-Din Əbul-Alə Rafi bin Muhəmməd əs-Suləmi, Qutbud-Din Abdul-Kərim bin Munir əl-Hələbi əl-Hənəfi, Kəməlud-Din Cəfər bin Sələb əl-Ədfəvi və başqaları.

 

Kitabları

İbn Dəqiqil-İd’in hər bir kitabı ayrılıqda bir xəzinə sayılır, çünki ehtiva etdiyi qaydalarına və istinbatın dəqiqliyinə görə əvəzsizdir. Hədis şərhində və fiqhdə xüsusilə kitabları çoxdur. “əl-İlməm bi Əhədis əl-Əhkəm” adı altında əhkam hədislərini toplayan bir kitab yazmışdır ki, Şeyxul-İslam İbn Teymiyyə bu kitab haqqında demişdir: “Bu, İslam kitabıdır ki, onun mislini heç kim yaza bilməmişdir, nə əl-Hafiz əd-Diya, nə də babam Əbul-Bərakət yaza bilməmişdir.” Əhkam hədisləri haqqında “əl-İməm” adlı başqa bir kitabı da vardır ki, alimlər onun haqqında ixtilaf ediblər. Bəziləri deyiblər ki, bu kitab “əl-İlməm” kitabının şərhidir, digərləri isə deyiblər ki, bu, əhkam hədisləri haqqında ayrıca bir kitabdır. Lakin çox təəssüf ki, bu kitabını tamamlaya bilməmişdir. İbn Həcər bu kitab haqqında deyir: “Orada müxtəlif elmlərdəki, xüsusilə də istinbatda biliyinin genişliyini göstərən möhtəşəm məsələlər zikr etmişdir.” əl-İsnəvi iddia edir ki, İbn Dəqiqil-İd kitabını tamamlamışdır, lakin bəzi həsəd əhli kitabın çox hissəsini məhv ediblər. İbn Dəqiqil-İd həmçinin maliki fiqhində yazılmış maliki alimi İbnul-Həcib’in müxtəsərini də şərh etmişdir. Şafi’i fiqhində şafi’i alimi ət-Təbrizi’nin müxtəsərini şərh edib. Hədis elmində “əl-İqtirah fi Bəyənil-İstiləh” adlı gözəl bir kitabı vardır. Abdul-Ğani əl-Məqdisi’nin “Umdətul-Əhkəm” kitabını şərh edən “İhkəmul-Əhkəm” adlı məşhur kitabın da müəllifi İbn Dəqiqil-İd’dir. “Usulul-fiqh” və “usulud-din” mövzularında da kitabların müəllifidir.

Üsulud-din haqqında yazdığı kitabından görmək olur ki, İbn Dəqiqil-İd əşari alimi olmuşdur və müasirləri, tələbələri də onun əşari olmasına şahidlik ediblər. Lakin onu əşarilərdən təfvidə üstünlük verənlərin sırasına aid etmək lazımdır. Fiqhi məzhəbinə gəldikdə isə İbn Dəqiqil-İd daha öncə maliki olub, lakin sonra şafi’i məzhəbinə keçmişdir. Lakin hər iki məzhəbi də mükəmməl şəkildə bilmişdir.

Vəfatı

İmam Təqiyyud-Din İbn Dəqiqil-İd elm, cihad və dəvət ilə seçilən bir həyat yaşadıqdan sonra hicri 702-ci ildə, səfər ayının on biri cümə günü vəfat etmişdir. Cənazəsində çox sayda insan iştirak etmişdir və insanların çoxluğuna dəlalət edən bir fakt bu olmuşdur ki, cənazə namazında asayişi qorumaq üçün ordu nəzarət etməli olmuşdur və cənazəsində əmirlər və sultanın naibləri də iştirak ediblər.



[1] “əd-Durar əl-Kəminə”, 5/351;

[2] “ət-Tali əs-Səid”, səh: 576;

[3] “Təzkiratul-Huffəz”,4/182

[4] “Tabəqat əş-Şəfiiyyə əl-Kubra”, 9/209

[5] “Şəzəratuz-Zəhəb”, 5/60;

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.