Abdul-Məlik bin Həbib əs-Suləmi (174-238)

Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

Yaqut əl-Həməvi onun Əndəlüsdəki İlbira şəhərində doğulduğunu demişdir, Qurtuba şəhərində isə məskunlaşmışdır. Elm tələbinə ilk olaraq Tuleytulə şəhərində başlamışdır, çünki atası orada fəqih idi. Oğlunu elmə yönləndirən də atası olmuşdur və onu Qurtuba şəhərinə elm halqalarında iştirak etməyə göndərmişdir.

Hicri 208-ci ildə səyahət etmişdir. Misirin Fustat şəhərində və həmçinin Mədinə şəhərində olmuşdur. Abdul-Məlik bin əl-Məcişun, Mutarrif bin Abdilləh, İbrahim bin Munzir əl-Cuzəmi, Əsbəğ bin əl-Fərac, Əsəd bin Musa və bunlardan savayı çox sayda kəsdən rəvayət etmişdir, İmam Malik və İmam Leys’in tələbələrindən bir çoxundan elm almışdır. Daha sonra 211-cu ildə Əndəlüsə geri qayıtmışdır. Qayıtdıqdan sonra şöhrəti yayılmış və məşhurlaşmışdır. Əmir Abdur-Rahmən bin əl-Həkəm onu Qurtuba şəhərinə köçürmüş və orada müfti məqamına qaldırmışdır, beləki müftilər təbəqəsində digər müftilər ilə bir yerdə oturmuşdur. İbn Said “əl-Muğrib” kitabında qeyd edir ki, ona qazilik təklif edilmiş, lakin bundan imtina etmişdir.

Öz dövründə Əndəlüsün ən tanınmış maliki alimi Yəhyə bin Yəhyə ilə arasında xoşa gəlməz münasibətlər olmuşdur. Hələ İbn Həbib İlbira şəhərində olarkən Qurtubanın qazisi Yəhyə bin Mə’mər əl-Əlhəni (vəfatı hicri 226) olmuşdur və bu qazi özünə söz verir ki, bir daha Qurtubadakı ən böyük alim olan, baş mufti olan Yəhyə bin Yəhya’dan fətva soruşmayacaq, onunla müşavirə etməyəcək. Ona görə də əmirdən xahiş edir ki, İbn Həbib’i İlbira şəhərindən Qurtuba şəhərinə gətirsin ki, Yəhyə bin Yəhyə’dən fətva soruşmağa bir ehtiyac olmasın. Əmir də onun xahiş etdiyi kimi edir və İbn Həbib’i Qurtuba şəhərinə gətirir. İbn Həbib’in gəlişini böyük alim Yəhyə bin Yəhyə xoş qarşılamır. Yəhya’nın bunu xoş qarşılamamasının səbəbini isə bizə Əhməd bin Abdil-Bərr ən-Nəranci tarix kitabında zikr etmişdir. əz-Zəhəbi deyir: “Əhməd bin Muhəmməd bin Abdil-Bərr dedi: Onunla Yəhyə bin Yəhya arasında soyuq münasibətlər var idi, (İbn Həbib) ona qarşı çox çıxardı. (İbn Həbib) Misirdə Əsbəğ ilə qarşılaşmış və ondan çoxlu rəvayətlər etmişdir. Fətvalarında Yəhya’ya çox etirazlar edərdi və onun görüşünü rədd edərdi və Yəhya buna çox üzülərdi.[1]

 

Elmi və fiqhi

İbn Həbib’in geniş elmi və güclü fiqhi haqqında alimlərin sözləri çoxdur. O, maliki məzhəbinin ən böyük müctəhid alimlərindən biridir ki, özünün seçdiyi və ictihad üzərində qurduğu bir çox görüşləri vardır. Öz ictihadına əsaslanaraq bəzən öz şeyxlərinə müxalif olmasının misalının namazın tərki məsələsindəki görüşündə görə bilərik, belə ki, İbn Həbib namazı tənbəllik səbəbi ilə tərk edəni kafir saymışdır. Bu görüş həm də onun şeyxi Abdullah ibn Məcişun’a da nisbət edilir.

İmam Malik’in görüşlərini gözəl bilərdi və onun məzhəbini müdafiə etmişdir. İbrahim bin əl-Qasim bin Hiləl demişdir: “O, Malikin görüşünü müdafiə edərdi...” Həmçinin demişdir: “O, Malik’in məzhəbində bir avtoritet olmuşdur.” Əbu Abdilləh Muhəmməd bin Əbi Nəsr əl-Humeydi (vəfatı 488) deyir: “Məşhur bir fəqihdir, ədəb və digər mövzulardakı elmlərdə söz sahibidir, çoxlu hədisləri və şeyxləri vardır...[2] Yuxarıda zikr etdiyimiz kimi Əndəlüsdə hədis rəvayətini məşhurlaşdıran məhz İbn Həbib olmuşdur. əl-Hafiz Əbu Abdilləh Muhəmməd bin əl-Həris əl-Xuşəni əl-Qayravani (vəfatı hicri 366) deyir: “Muhəmməd dedi: “Ondan öncə Əndəlüsə ondan daha çox rəvayət edən biri daxil olmamışdı.[3] Böyük maliki fəqihi İbn Əbi Zeyd əl-Qayravani deyir: “Onun üçün əshabımızdan sonra gələn təndiqçi alimlərimizin görüşlərində qane edəcək qədər elm vardır; Səhnun, Əsbəğ, İsa bin Dinar və onlardan sonra gəlmiş İbnul-Məvvaz, İbn Abdus və İbn Səhnun kimi alimlər bunun misalıdır və İbnul-Məvvaz onların arasında görüşləri zikr etməkdə daha çox əmək sahibidir. Lakin bu zikr etdiklərimiz belə görüşləri qeyd etməkdə, rəvayətlərin güclülüyündə İbn Həbib’ə çata bilməz.[4] Onun haqqında İsa bin Dinar özü belə söyləmişdir: “O, elm almaq istədiyi hər kəsdən daha fəqihdir.[5]

Ondan Bəqi bin Məxləd, İbn Vaddah kimi böyük əndəlüslü hədis imamları hədis rəvayət ediblər. Bəziləri rəvayət edirlər ki, İbn Həbib məsciddən çıxdıqda arxasında üç yüzə yaxın tələbə çıxırdı. Onun tələbələrindən olan Yusuf əl-Muğami deyir: “Əgər İbn Həbib’in qapısı qarşısında olub bitənləri görsəydi başqalarını lağa qoyardı.[6]

əl-Qadi İyad deyir: “əz-Zubeydi zikr etdi ki, Səhnuna onun ölüm xəbəri verildikdə “innə lilləhi va innə ileyhi raciun” dedi və buyurdu: “Əndəlüsün alimi öldü, hətta Allaha and olsun ki, dünyanın alimi öldü.[7]

İbn Xaləf Əbul-Qasim əl-Ğafəqi deyir: “Ğarnata şəhəri yaxınlarında Bira kəndində onun torpağı və zeytun bağı var idi və onun hamısını Qurtuba məscidinə vəqf etdi və onun Bira kəndində bir məscidi vardır ki, özünə nisbət edilir.[8]

 

 

İbn Həbib’in rəvayət elmindəki yeri

Lakin İbn Həbib hədis rəvayətində tənqid olunmuşdur. İbnul-Fəradi deyir: “Abdul-Məlik bin Həbib’in hədis elmi olmayıb, onun səhihini zəifindən ayıra bilməzdi. Onun haqqında zikr olunur ki, (hədis rəvayətində) səhlənkarlıq edirdi və rəvayətlərinin əksəriyyətini icazə şəklində həml edərdi.[9] əz-Zəhəbi deyir: “Fiqhdə dərin elm ilə, şanının böyüklüyü ilə, sorağının məşhurluğu ilə, kitablarının çoxluğu ilə vəsf olunmuşdur, lakin rəvayət babında dəqiq deyildir, necə gəldi rəvayəti ötürmüş, onu ya vəcadə və ya icazə olaraq nəql etmişdir və hədis əhlinin əməyi qədər əmək sərgiləməmişdir.[10] İcazə şeyxin öz tələbəsinə ondan hədis rəvayət etməyinə icazə verməsinə deyilir. Tələbə öz şeyxindən hədisləri eşidir və sonra şeyxi ona ondan rəvayət etməyə icazə verir. Bəzən də şeyx öz kitabını verərək kitabından hədis rəvayət etməsinə icazə vermişdir və bu cür rəvayətin caiz olub olmamasında hədis əhli ixtilaf etmişdir. “Vacədə” isə şeyx ilə şəxsən qarşılaşma olmadan onun kitabını əldə edərək ondan rəvayət etməyə deyilir. Mühəddislər hər bir hal üçün xüsusi terminləri işlətməyi vacib görürlər. Lakin bəzi fəqihlər buna o qədər də önəm verməmişlər və bəzən “vacədə” olaraq əldə etdiyi rəvayəti bir-başa rəvayət etmişlər. əz-Zəhəbi nəql edir: “Əbu Ömər əs-Sadəfi “tarix” kitabında dedi: “Çoxlu rəvayət edən biri idi, çox rəvayət toplayan idi, hədislə əməl etmək görüşündə idi və hədisləri ayırd edə bilmirdi, raviləri yaxşı tanımırdı və (lakin) məsələlərdə fəqih idi.[11] Qəsd olunan budur ki, fətvalarında hədislərə güclü etimad edirdi, lakin isnad elmində zəif olduğu üçün hədislərin səhihlərini zəiflərindən ayırmaq mərifətinə sahib deyildi. Qeyd etmək lazımdır ki, malikilərdə alimlər özləri də məsələlərə yanaşma tərzində bir-birilərindən fərqlənirlər, ona görə də onlarda bir çox məktəb formalaşmışdır. Ümumilikdə maliki məzhəbində İraq məktəbi, Mədinə məktəbi, Misir məktəbi və Məğrib məktəbi kimi ayrı-ayrı məktəblər vardır. İbn Həbib Mədinə məktəbini təmsil edənlərdən olmuşdur; digərlərindən fərqli olaraq bu məktəbin nümayəndələri digərlərindən fərqli olaraq mədinə əhlinin əməli və səhabələrin, tabiinlərin fətvaları qarşısında hədislərə daha çox üstünlük veriblər. Misirdə İbn Vəhb, Əndəlüsdə isə İbn Həbib bu məktəbi dəstəkləmiş və məşhurlaşdırmışlar. Lakin bu, heç də o anlama gəlmir ki, İbn Həbib rəvayət sahəsində bir tənqidçi olub, xeyr, onun haqqında oxuduqlarımızdan anlayırıq ki, İbn Həbib rəvayətlərdə səhlənkar olub, işini ciddi tutmayıb, cərh və tədil elmində xüsusi biliklərə sahib olmamışdır. Qeyd etdiyimiz bu səbəblərə görə İbn Həzm, əd-Dəraqutni və başqaları onu zəif ravi hesab ediblər.

 

Yalanda ittiham olunması

Məhz bu izah etdiyimiz səbəblərə görə zamanında bəzi kəslər İbn Həbib’i yalanda ittiham etmişdir. əz-Zəhəbi yenə Əbu Ömər əs-Sadəfi’dən nəql edir: “Dedi: “Ona yalanda işarə olunmuşdur. Əhməd bin Xalidi bu səbəblə ona tənə edərkən eşitdim, onu bir neçə dəfə tənqid etmişdir. Dedi: Onun “əl-Vadihə” kitabındakı yalanı bir neçə yerdə aşkara çıxmışdır. Muhəmməd bin Vaddah’ı belə deyərkən eşitdim: “İbn Əbi Məryəm mənə xəbər verdi; dedi: İbn Həbib Misirdə idi və masa qoyardı və bütün gün boyu kitab köçürərdi. Ona dedim: “Nə vaxta qədər köçürəcəksən? Bəs nə zaman onu Şeyx üçün oxuyacaqsan?” Dedi: “Mənə özü – Əsəd bin Musa’nı qəsd edir - kitablarında icazə verib.” Əsədin yanına gəldim və ona dedim: “Sənə kitab oxumağa bizi qoymursan, amma başqasına icazə verirsən?” Dedi: “Mən oxumaqla rəvayət etməyi doğru saymıram, necə ola bilər ki, icazə verim?” Ona (söhbəti) xəbər verdim və dedi: “Məndən sadəcə kitablarımı götürdü, deməli ondan götürüb köçürür, mənlik burda bir şey yoxdur.” Əhməd bin Muhəmməd bin Abdil-Bərr “tarix” kitabında deyir: “Əndəlüsdə ilk dəfə hədis rəvayətini məşhurlaşdıran İbn Həbib olmuşdur, hədis kanallarından çox bir şey anlamazdı, adlarda xəta edərdi, münkər rəvayətlərə dəlil kimi əsaslanardı, öz zamanının insanları onu yalana nisbət edərdilər, ondan razı deyildilər.” əz-Zəhəbi davamında buyurur: “İbn Həbibi zəif sayanlar arasında həmçinin Əbu Muhəmməd İbn Həzm də vardır.” Bunu qeyd etdikdən sonra əz-Zəhəbi deyir: “Heç şəkk yoxdur ki, o, yazısında xəta edən biri olmuşdur, lakin qəsdən yalan danışmasına gəldikdə isə əsla belə şey doğru ola bilməz.[12] Beləliklə də İmam əz-Zəhəbi burada İbn Həbib’i müdafiə etmiş və olub bitənlər arasında onun yalan danışmasına dəlalət edəcək heç bir şeyin olmadığını söyləmişdir, çünki çoxlu kitab köçürənlər təbii ki, çoxlu xətalar edə bilirlər və özlərinin xətalı nüsxələrindən rəvayət etdikdə bu cür xoşa gəlməz hallar ilə üzləşilir. Bu dediyimizi həmçinin Alləmə İbn Həcər əl-Asqaləni də söyləyir: “Bu, onun haqqında deyilmiş ən adil sözdür. Ola bilsin ki, başqalarının kitablarından rəvayət etmiş və xəta etmişdir. İbnul-Fəradi deyir ki, “o, rəvayətdə səhlənkarlıq edərdi və rəvayətlərinin çoxunu icazə yolu ilə nəql edərdi. Əsəd bin Musa’dan Abdul-Məlik bin Həbib’in ondan rəvayəti haqqında soruşulduqda demişdi: “O, sadəcə olaraq mənim kitablarımdan götürmüşdür.” İmamlar deyirlər: “Əsədin bunu təsdiqləməsi elə icazənin özüdür; əgər kitablarını ona veribsə, o zaman sələfdən olan bir qrup alimin məzhəbinə əsasən oradan rəvayət etməsi üçün bu, kifayət edir. Vahb bin Meysərə’dən İbn Vaddahın Abdul-Məlik bin Həbib haqqındakı rəyi haqqında soruşuldu və dedi: “Onun haqqında nə xeyir, nə də şər söyləmişdir. Sadəcə demişdir ki, Əsəd bin Musa’dan eşitməmişdir.” İbn Lubəbə deyərdi: “Abdul-Məlik Əndəlüs’ün alimidir. Ondan İbn Vaddah və Bəqi bin Məxləd rəvayət ediblər və bu ikisi yalnız siqa olandan rəvayət edirlər. Yuxarıdakı rəvayətdə gördüyümüz kimi Əsəd bin Musa’nın ona icazə vermədiyi halda əksini iddia etməsi zikr olunur. (Əhməd bin Said) ibn Həzm (əs-Sadəfi) onun haqqında həddini aşmış və onu yalan danışmağa nisbət etmişdir. Bir qrup alim buna görə onu tənqid ediblər ki, ondan qabaq heç kim onu yalanda ittiham etməmişdir.[13]

İbn Həbib’ə qarşı vaqe olmuş ittihamlardan biri də onun Əsbəğ’dən etdiyi rəvayətlərindədir. Bunu da bizə əz-Zəhəbi’nin nəql etdiyi kimi Əhməd ibn Abdil-Bərr rəvayət edir: “Bir dəfə qazi onları camidə bir araya gətirdi və onlardan bir məsələ haqqında soruşdu. Yəhyə bin Yəhyə və Said bin Həssən həmin məsələdə bir rəvayətə əsasən fətva verdilər, Abdul-Məlik isə hər ikisinə də müxalif oldu və onların əksinə Əsbəğ’dən bir rəvayət zikr etdi. (O zamanda) Abdul-Alə bin Vahb bir gənc idi, həcc etmişdi və Əsbəğ ilə qarşılaşmışdı. Beləliklə Əhməd bin Xalid bizə İbn Vaddah’dan, o da Abdul-Alə’dən rəvayət etdi; dedi: “Said bin Həssən’in yanına daxil oldum və məndən soruşdu: “Sözü gedən məsələ haqqında deyilmiş bu söz haqqında nə deyirsən? əl-Əsbəğ bu barədə bir şey deyirmi?” Dedim: “Bəli. Bu barədə belə və belə deyir.” Beləliklə də Said və Yəhya ilə razılaşdığını göstərən sözünü zikr etdim. Bunun üzərinə Said mənə dedi: “Sən nə danışırsan? Sən bu dediyindən əminsənmi?” Dedim: “Bəli.” Dedi: “O zaman kitabını mənə gətir.” Tələsərək (onun yanından) çıxdım, sonra (rəvayətimdə şəkk edərək) peşman oldum, (lakin evə gəldikdə) onu dəftərimin arasından çıxardım, (gördükdə) sevindim və onun yanında kitab ilə gəldim.” Mənə dedi: “Bunu apar Əbu Muhəmməd’in yanına.” Mən də onu Yəhyə bin Yəhyə’nin yanına apardım, ona bildirdim.” Onlar ikisi də qazinin yanında bir araya gəldilər və hər ikisi də dedi: “Bu insan yalan söz ilə bizə qarşı çıxır, onu uzaqlaşdır!” Bu zaman qazi onları ikinci dəfə bir araya gətirdi, hamısı yenə danışdı. Abdul-Məlik dedi: “Sənə Əsbəğin görüşü barədə xəbər verdim.” Bu zaman Abdul-Alə sıçrayaraq dedi: “Əsbəğ’in adından yalan danışırsan, mən bu məsələni ondan bu ikisinin dediyinə müvafiq olaraq rəvayət etmişəm. Bu da mənim kitabımdır.” Qazi oxudu və Abdul-Məlikə dedi: “Bu, nə pis bir əməldir!” Onun üzərinə gələrək dedi: “Bizə yalan və xəta ilə fətva verirsən, öz yoldaşlarına qarşı şəxsi istəyinlə qarşı çıxırsan?! Əgər üzərində qoruma olmasaydı səni cəzalandırardım.” Abdul-Alə dedi: “Ordan çıxdıqda İbn Rustum əl-Həcib’in yanına getmək ağlıma gəldi. Abdul-Məlik’i onun yanından çıxarkən gördüm və üzündə şər var idi.” Öz-özümə dedim: “Mütləq İbn Rustum’un yanına daxil olmalıyam və daxil oldum. Mənim heç oturmağımı gözləmədən mənə dedi: “Ay miskin, səni kim bu işə saldı? İbn Həbib kimi birinə qarşı çıxır və onu yalançı sayırsan?” Dedim: “Allah səni islah etsin, sadəcə qazi məndən soruşdu və mən də özümdə olan ilə ona cavab verdim.” Bundan sonra əmir qazi’yə xəbər göndərdi ki, “Sənə kim Abdul-Alə ilə müşavirə etməyi əmr etdi?” (Qazi) buna görə onun yanına adam göndərdi və məni təriflədi və dedi: “Onun kimi biri ilə müşavirə etməyi buraxmağı özümə rəva bilmədim.” Bundan sonra əmir öz vəzirlərindən Abdul-Alə haqqında soruşmuş və onlar da onun elmini və vəliliyini təriflədilər.[14] Burada əz-Zəhəbi’nin nəqli qurtarır. Bu hekayədə biz İbn Həbib’in yalanda ittiham olunduğunu görürük, lakin bu, dəlil deyildir. Çünki İbn Həbib’in xəta etməsi mümkündür, öz şeyxi Əsbəğ’i doğru anlamaması mümkündür, həm də Əsbəğ’in görüşünün dəyişməsi də mümkündür. İbn Həbib’in sözündə sadiq olmasına dəlalət edən dəlillər çoxdur. Buna dəlalət edən maraqlı məqamlardan birini burada zikr edirik. Bunu əl-Qadi İyad öz kitabında zikr etmişdir: “Bir gün əmir Abdur-Rahmən bin əl-Həkəm’ə xəbər verirlər ki, onun qazisi İbrahim bin əl-Abbas əl-Mərvani və Yəhyə bin Yəhyə bir qrup ilə birlikdə onun vəzifədən endirilməsi və qazi İbrahimin onun yerinə keçirilməsi üçün çalışırlar. Beləki qazi Qurtuba əhlindən yalnız Yəhyə bin Yəhyə’nin qəbul etməsi üçün işarə etdiklərindən başqa heç kimi qəbul etməzdi və onun özünü də qazi təyin edilməsi və Zəvnan’ın onun katibi olması üçün əmirə işarə edən Yəhya olmuşdu. Əmir İbn Həbib ilə görüşür və ona deyir: “Sənə etibar edirəm və səndən bir şey haqqında soruşmaq istəyirəm ki, mənim sözüm haqqında doğru olanı söyləyəsən.” Dedi: “Bəli, mənə nə desən sənə onda doğru olanı söyləyəcəm.” Dedi: “Mənə xəbər veriblər ki, Yəhya və qazi bu işdə bizim ayağımızın altını qazırlar.” İbn Həbib dedi: “Əmir özü mənimlə Yəhya arasında olub bitənlərdən xəbərdardır, lakin mən onun haqqında yalnız haqq olanı söyləyəcəm. Yəhyə bin Yəhyə yalnız və yalnız haqqı dirçəldən kəslərdən biridir, onun haqqında deyilənlərin hamısı batildir. Qaziyə gəldikdə isə...[15] Beləliklə bu, bizə göstərir ki, İbn Həbib sözündə dürüst bir insan olmuşdur. Yəhya bin Yəhya da eyni dürüstlük ilə cavab vermişdir. əl-Qadi İyad həmçinin rəvayət edir ki, “İbn Həbib’in qonşularından biri şikayət edir ki, vəzirlərdən birinin təyin etdiyi əyanlardan biri ona əziyyət verir və ona qarşı vəzifəsindən sui-istifadə edir. Abdul-Malik onun göz altına alınmasını buyurur və onu yanına gətirirlər. (Şikayət edənin) qarşısında ona şiddətli şəkildə döyülür. O da öz ağasına şikayət edir. O da Yəhya bin Yəhya’ya yazaraq İbn Həbib’in onun adamı ilə nə etdiyini xəbər verdi və ondan xahiş etdi ki, əmirin yanında onu dəstəkləsin. Buna görə Yəhya ona belə bir məktub yazdı: “Biz heç zaman elmə və onun əhlinə qarşı sənə kömək etmərik, Allaha and olsun ki, bizim qələmlərimiz sizin oxlarınızdan daha çox təsirə malikdir. Düşüncəndən daşın! Salam.[16] Beləliklə də bu iki hekayədən başa düşürük ki, aralarında olan soyuqluğa baxmayaraq bir-birilərinə qarşı dürüst davranıblar.

Yuxarıda biz İmam əz-Zəhəbi ilə İmam İbn Həcər’in İbn Həbibi yalandan təmizləməkləri haqqındakı sözlərini oxuduq. Həmçinin Bəqi bin Məxləd və İbn Vaddah da onu siqa sayıblar. İbn Həbib’i bu ittihamlardan xüsusi ilə müdafiə etmiş alimlərdən biri də Əndəlüsdə zamanında qazilər qazisi olmuş Munzir bin Said əl-Bəlluti (vəfatı hicri 355) olub, belə ki, o, demişdir: “... birinin “Abdul-Məlik yalan danışdı” və ya “xəta etdi” deyərkən çox eşidirik, lakin dediyinə hər hansı bir dəlil zikr etmir.[17] Həmçinin əl-Hafiz Əbu Bəkr ibn Seyyidin-Nəs deyir: “Adam yalan danışmayacaq qədər üstün mərtəbə sahibidir, lakin (rəvayətində) xəta edir.[18] Həmçinin İbn Həbibi müdafiə etmiş və onu yalanlardan təmizləmiş alimlərdən biri də böyük maliki alimi əl-Qadi İyad olub. O, “Tərtibul-Mədərik” kitabında deyir: “İbn Vəhb’in xəbərləri arasında bundan sonra onun hekayəsini zikr etdik ki, bunun səbəbi ilə ona hücumlar edilmişdir və bu hekayədə onun yalançı çıxarılması üçün bir dəlil yoxdur və başqasının sözünü onun sözündən üstün saymaq üçün bir dəlil yoxdur. Həm də Əhməd bin Xalid onun haqqında mənfi bir fikir sahibi olmuşdur.[19] əl-Qadi İyad burada sözünü etdiyi hekayə ilə İbn Həbib ilə Yəhyə bin Yəhyə arasında Əsbəğ’dən gələn rəvayət üzərində baş vermiş ixtilafı qəsd edir və işarə edir ki, həmin hekayədə Abdul-Alə’nin Əsbəğdən rəvayətinin İbn Həbib’in Əsbəğdən rəvayətindən üstün olmasına dair heç bir dəlil yoxdur və həmçinin İbn Həbib’in yalan danışmasına dair də bir dəlil yoxdur, üstəlik əl-Qadi İyad bu hekayəni bizə rəvayət edən Əhməd bin Xalid’in İbn Həbibə qarşı mənfi bir rəydə olmasına da işarə edərək baş vermiş hadisənin qərəzsiz şəkildə bizlərə rəvayət edilməsində şəkk etdiyinə işarə etmiş olur.

 

Nəğmə dinləməyə icazə verməsi ilə ittiham edilməsi

İbn Həbib’ə qarşı irəli sürülmüş ittihamlardan biri də budur ki, guya İbn Həbib çalğı alətlərinin müşaiyətində cariyələrin oxuduğu mahnılara qulaq asmağa icazə vermişdir. Deyilənə görə özünün də belə cariyələri olub və onlara qulaq asarmış. Görünür ki, bu ittiham əndəlüslü “əl-Ğazzəl” adı ilə tanınmış şair Yəhyə bin Həkəm əl-Qurtubi’dən (vəfatı hicri 250) qaynaqlanır və ondan sonra gələn bəzi tarixçilər bunu təhqiq etmədən sadəcə nəql ediblər. Lakin bunun batil olmasını göstərən aşkar bir dəlil vardır, çünki İbn Həbib özü bunun qadağan olması haqqında ayrıca bir risalə yazmışdır. Ona görə də bir çox alim bunun ona qarşı atılmış bir iftira olduğunu söyləyiblər. əl-Qadi İyad deyir: “Ən doğru olan budur ki, bu hekayə batildir, çünki İbn Həbib’in nəğmənin məkruhluğuna dair kitabı vardır.[20]

 

Kitabları

İbn Həbib çox kitab yazmış alimlərdəndir, kitablarının sayı dəqiq bilinmir. Lakin kitabları arasında bir çoxu məşhurlaşmışdır. İbn Azəri deyir: “Onun fiqh, ədəb və tarix mövzusunda çoxlu gözəl kitabları vardır.[21] “Ədəbun-Nisə”, “İrabul-Quran”,”əl-Bəh van-Nisə”, “Təfsirul-Quran”, “Şərh Ğaribil-Muvatta”, “Hurubul-İsləm”, “əl-Hisbətu fil-Əmrad”, “əl-Hukm val-Aməli bil-Cəvarih”, “əs-Sultan”, “Siratul-İməmi fil-Mulhidin”, “Tabəqat əl-Fuqahə vat-Təbiin”, “Ğaribul-Hədis”, “Fədailus-Sahəbə”, “Fədail Ömər bin Abdil-Aziz”, “Fədail Məlik bin Ənəs”, “Kərahiyyətul-Ğinə”, “Məsabih əl-Hudə”, “Kitəbul-Məscideyn”, “Məkərimul-Əxləq”, “ən-Nəsix val-Mənsux”, “Vasful-Firdəvs”, “əl-Varau fil-İlm” və digər adını zikr etmədiyimiz kitablar İbn Həbib’in ümmətə tərk etdiyi mirasındandır. Bu kitablardan bir çoxu günümüzdə çap edilib. Lakin onun bütün kitabları arasında ən məşhuru “əl-Vadihə fis-Sünən val-Fiqh” adlı kitabıdır.

 

“əl-Vadihə” kitabı

İbn Həbib’in “əl-Vadihə” kitabı Məğribin, xüsusilə Əndəlüs’ün mirasının ən məşhur kitablarından biridir və maliki məzhəbindəki ana qaynaqlardan biri sayılır, malikilərdə bu kitab bir ümdə’dir. Zamanında elm tələbələri tərəfindən xüsusi maraq görmüşdür. Xalid bin Sad deyir: “Mən Muhəmməd bin Futeys əl-İlbiri’nin yanına etdiyim ikinci səfərimdən qayıdarkən Muhəmməd bin Ömər bin Lubəbə ilə bir araya gəldim və mənə İbn Futeys’in yanında eşitdiyim rəvayətlər haqqında soruşmağa başladı, mən də (eşitdiklərimi) xəbər verdim. Ona dediklərim arasında İbn Həbib’in “əl-Vadihə” kitabı da var idi və bu, onun çox xoşuna gəldi və mənə dedi: “Əndəlüsdə Abdul-Məlik bin Həbib’dən daha fəqih biri və daha elmli biri olmamışdır.[22]

İbnul-Fəradi onun “əl-Vadihə” kitabı haqqında deyir: “Kitablarından biri “əl-Vadihə” kitabıdır, özü mislində bir kitab yazılmamışdır...” əl-Qadi İyad deyir: “əl-Utbi’nin yanında “əl-Vadihə” kitabı zikr olundu və dedi: “Allah Abdul-Məlikə rəhm etsin! Mədinə əhlinin məzhəbi üzərində onun kimi bir kitab yazan, nə də tələbələr üçün onun kimi faydalı kitab yazan birini görmədim.

Əbu Muhəmməd İbn Həzm əl-Əndəlusi – rahiməhullah – Əndəlüs torpaqlarının fəziləti və oranın alimləri haqqında yazdığı bir risaləsində oranın alimlərinin yazdığı ən məşhur və ən gözəl kitabların adlarını zikr edərkən bunu da deyir: “... və bu kitablardan biri də fiqh mövzusunda yazılmış “əl-Vadihə” kitabıdır, malikilər bu kitabın fəziləti barəsində və onu gözəl bir kitab saymaq barəsində bir-birilərinə etiraz etməzlər.[23] Beləliklə də İbn Həzm bu kitabın fəziləti barəsində malikilər arasında bir ixtilafın olmadığını söyləmişdir. Bu da onu göstərir ki, bu kitab heç şübhəsiz ki, malikilər arasında bir ana qaynaq sayılır və bu, bir daha sübut edir ki, maliki alimləri İbn Həbibi etibarlı bir alim hesab ediblər. Böyük tarixçi İbn Xaldun əl-İşbili tarix kitabında deyir: “Əndəlüsün əhli “əl-Vadihə” və “əl-Utbiyyə” kitablarına əsaslanırlar. Sonra İbn Əbi Zeyd “əl-Mudəvvanə” və “əl-Muxtəlita” kitablarını özünün “əl-Muxtəsar” adlı kitabında ixtisar etdi, onu həmçinin Qayravanın fəqihlərindən Əbu Said əl-Bəradəi özünün “ət-Təhzib” adlı kitabında təlxis etdi və ona Afrika alimləri etimad etdilər, ona əsaslandılar və qalanlarını tərk etdilər. Eləcə də Əndəlüs əhli (daha sonra) “əl-Utbiyyə” kitabı üzərində durdular və “əl-Vadihə” və digər kitabları tərk etdilər. (Lakin) məzhəbin alimləri heç bir zaman bir-birilərini izləyərək bu ana qaynaqlara şərhlər yazmağı və ona izahatlar verməyi durdurmayıblar.[24] Beləliklə İbn Xaldun da “əl-Vadihə” kitabını “ummuhət” arasında zikr etmişdir və bunun tarixən belə olduğuna işarə etmişdir. ər-Racraci adı ilə məşhur olan Əhməd əs-Sibəi “Mənərus-Səlik” kitabında deyir: “Üzərinə etimad edilən kitablar çoxdur... və onlardan biri də “əl-Vadihə” kitabıdır.[25] Muhəmməd bin Məhməz Fəl ət-Təndəği maliki məzhəbində mötəməd sayılan kitablar haqqında yazdığı mənzuməsində deyir: “Əgər məzhəbin mötəməd kitablarını bilmək istəyirsənsə, onlardan dördü “ummuhətul-kutub” (kitabların anaları) sayılır və bunlar “əl-Mudəvvanə”, “əl-Utbiyyə”, “əl-Vadihə”, həmçinin “əl-Məvvaziyyə”dir.” Həmçinin son dönəmin məşhur maliki alimlərindən olan  Əbul-Həsən Əli bin Əhməd əs-Saidi əl-Adəvi “Müxtəsər Xalil” kitabının əl-Xaraşi tərəfindən yazılmış şərhinə yazdığı haşiyəsinin müqəddiməsində zikr etdiyi faydalar arasında bunu da qeyd edir: “Ummuhət (ana qaynaqlar) dörd kitabdır: “əl-Mudəvvanə”, “əl-Məvvaziyyə”, “əl-Utbiyyə” və “əl-Vadihə”; “əl-Mudəvvanə” Səhnun’ə aiddir, “əl-Utbiyyə” əl-Utbi’yə aiddir, “əl-Məvvaziyyə” Muhəmməd bin əl-Məvvaza aiddir və “əl-Vadihə” İbn Həbib’ə aiddir.”[26]

Onun “əl-Vadihə” kitabını Fədl bin Sələmə bin Cərir əl-Cuhəni (vəfatı hicri 317) ixtisar etmişdir. əl-Qadi İyad bu kitabı zikr edir və qeyd edir ki, müəllifi orada İbn Həbib’in kitabını ixtisar etməklə yanaşı ora bəzi əlavələr etmiş, lazım gördüyü yerlərdə İbn Həbib’ə etirazlar etmişdir. əl-Qadi İyad kitabın maliki məzhəbindəki ən gözəl kitablar olduğunu söyləyir və qeyd edir ki, müəllifin atası İbn Həbib’in tələbəsi olmuşdur.

Lakin hələ Fədl bin Sələmə’dən öncə onun şeyxi Abdul-Məlik bin Səih “əl-Vadihə” və İbnul-Məvvaz’ın “əl-Məvvaziyyə” adı ilə tanınmış kitabından “əl-Mudəvvanə” kitabında olmayan rəvayətləri ayrıca kitabda toplamışdır. Bu da bir növ “əl-Vadihə” kitabına olan iltifatı, əhəmiyyəti göstərir.

Həmçinin Fədl bin Sələmə ilə yanaşı onun müasiri Əbu Muhəmməd Abdullah bin Muhəmməd bin Huneyn əl-Qurtubi (vəfatı hicri 318) “Muxtəsar əl-Vadihə” adı altında ixtisar etmişdir.

Üstəlik maliki məzhəbinin böyük alimi İbn Əbi Zeyd əl-Qayravani “ən-Nəvadir vaz-Ziyədət” kitabına “əl-Vadihə”nin müxtəsərini əlavə etmişdir.

Şeyxul-İslam İbn Teymiyyə kitablarında İbn Həbib’in görüşlərinə bir çox yerdə etimad edir və onun İmam Malik’dən “əl-Vadihə” kitabında rəvayət etdiyi xəbərlərinə əsaslanır. Bunu təvəssül haqqında yazdığı kitabında, “əl-İxnəiyyə” kitabında, “İqtida əs-Sirat əl-Mustəqim” kitabında, “əl-Hisbə” kitabında, “əs-Sarim əl-Məslul” kitabında, “Şərh Umdətul-Fiqh” və digər kitablarında görmək olar. Bunlardan bir çoxunda İmam Malikin görüşünü təhrir edərkən “əl-Vadihə” kitabına əsaslanmışdır. İbn Teymiyyə alimlərin arasında əşariliyin yayılması haqqında danışarkən şafi’iləri zikr etdikdən sonra malikilər haqqında bunları deyir: “... Malikin əshabından son dönəmdə yaşamış  alimlər də bunun kimidir; Əbul-Valid əl-Bəci və əl-Qadi Əbu Bəkr İbn əl-Arabi kimi ona (yəni Əbul-Həsən əl-Əşari’yə) müvafiq olan alimləri yalnız sünnətə və hədisə müvafiq olmaqlarında təzim olunarlar, lakin İbn Həbib və İbn Səhnun kimi böyük alimlərə gəldikdə isə onlar artıq başqa bir rəngdir.[27] İbn Həbib və İbn Səhnun kimi maliki alimlərinin malikilərin böyüklərindən saymaqla yanaşı onları digər əşari alimləri ilə bir ölçüyə qoymamışdır. İbn Teymiyyə’nin sözlərindən başa düşülən budur ki, İbn Həbib və İbn Səhnun kimi alimlərin etimadı tam olaraq sünnətin üzərində olduğu üçün hər bir halda təzim olunurlar.

 

Vəfatı

İbn Həbib – rahiməhullah - hicri 238-ci ildə, ramazan ayından dörd gecə keçdikdən sonra şənbə günü vəfat etmişdir. Bunu İbnul-Fəradi tarix kitabında qeyd edir və deyir ki, ona bunu Əbu Muhəmməd əl-Bəci və başqaları xəbər ediblər. əl-Fəradi onun ölərkən altmış dörd yaşının olduğunu deyir. əl-Qadi İyad isə onun ramazan ayında yox, zül-hiccə ayında öldüyünü və ölərkən əlli altı yaşının olduğunu deyib. əş-Şirazi isə ölərkən əlli üç yaşının olduğunu söyləmişdir. İbnul-Fəradi qeyd edir ki, cənazəsini Əhməd bin Ziyad qılmışdır, başqaları isə cənazəsini oğlu Yəhya’nın qıldığını söyləyirlər. Qəbri Qurtuba şəhərində “əd-Diyafə” məscidinin qibləsində yerləşən Ummu Sələmə məqbərəsindədir. Muhəmməd bin Həris isə onun ölüm tarixinin hicri 237-ci il olduğunu söyləmişdir.

Lakin İbnul-Fəradi’nin zikr etdiyi daha məşhurdur və əz-Zəhəbi tarixində ona əsaslanmışdır. Ölümü ilə bağlı olaraq Əbu Ubədə ər-Raşşəş və Əhməd bin Həni kimi dövrünün alim şairləri şer yazıblar.



[1] “Siyər Əaləmin-Nubələ”, 12/106;

[2] “Cədvatul-Muqtəbis fi Zikr Vulətil-Əndəlus”, səh: 282 (rəq: 628); əd-Dər əl-Misriyyə, 1966, Misir

[3] “Əxbərul-Fuqahə val-Muhəddisin”, səh: 246;

[4] “ən-Nəvadir vaz-Ziyədət”, 1/12; Darul-Ğarbil-İsləmi, birinci nəşr: 1999, Beyrut

[5] “Tərtibul-Mədərik”, 4/124

[6] “əd-Dibəc əl-Muzhəb”, 2/10; Darut-Turas, Qahirə

[7] “Tərtibul-Mədərik”, 4/126; Mətbəətu Fədalə, 1966-1970, Mərakeş

[8] “əl-İhətə fi Əxbəri Ğarnəta”, 3/420; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1424, Beyrut

[9] “Tərix Uləmə əl-Əndəlüs”, 1/313; Məktəbətul-Xanəci, ikinci nəşr: 1408/1988, Qahirə

[10] “Siyər Əaləmin-Nubələ”, 12/103;

[11] Eyni mənbə: 12/105

[12] Eyni mənbə: 12/105-106

[13] “Təhzib ət-Təhzib”, 6/391;

[14] Eyni mənbə: 12/106-107;

[15] “Tərtibul-Mədərik”, 4/131;

[16] Eyni mənbə

[17] Eyni mənbə

[18] “Lisənul-Mizən”, 4/59; Muəssəsətul-Əaləmi, ikinci nəşr: 1390/1971, Beyrut,

[19] “Tərtibul-Mədərik”, 4/130-131;

[20] Eyni mənbə: 4/131

[21] “əl-Bəyən əl-Muğrib”, səh: 165;

[22] “Əxbərul-Fuqahə val-Muhəddisin”, səh: 248

[23] “Rasəil İbn Həzm əl-Əndəlusi”, 2/181; əl-Muəssəsə əl-Arabiyyə, 1987

[24] “Divanul-Mubtədə val-Xabər fi Tərixil-Arab val-Bərbər va mən Asərahum min Zəviş-Şənil-Əkbər”, səh: 569; Darul-Fikr, ikinci nəşr: 1408/1988, Beyrut

[25] “Mənərus-Səlik”, səh: 52-53;

[26] “Şərh Muxtəsar Xalil lil-Xaraşi”, 1/38;

[27] “Məcmu əl-Fətəva”, 4/18; 

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.