Əbu Sa'd İbn Əbi Asrun əl-Məvsili (492-585)

Əbu Sa’d Şərəfud-Din Abdullah bin Muhəmməd bin Hibətilləh bin əl-Mutahhir bin Əli bin Əbi Asrun bin Əbi Səriy ət-Təmimi əl-Məvsili böyük imam, alləmə, seçkin qari və böyük şafi’i fəqihidir. Qazilər qazisi olmuşdur. Hicri 492-ci ildə anadan olub, doğum tarixini əz-Zəhəbi və İbn Kəsir bu şəkildə zikr edir. Lakin İbnus-Subki onun 493-cü ildə doğulduğunu deyir.

 

əl-Qadi Kəməlud-Din’in atası əl-Murtəda əş-Şəhruzuri’nin və Əbu Abdilləh əl-Hüseyn bin Xamis əl-Məvsili’nin yanında fiqh elmini öyrənmişdir. Əbu Abdilləh əl-Hüseyn bin Muhəmməd əl-Bəri yanında yeddi qiraəti, Əbu Bəkr əl-Mərzuqi, Davan bin Əli və Sibt əl-Xayyat yanında on qiraəti oxumuşdur. Vasit şəhərində bir müddət Qadi Əbu Əli əl-Fəriqi yanında fiqh öyrənmişdir və yenə orada Əbul-İzz əl-Qalənisi yanında Quranı rəvayətləri ilə tilavət etmişdir. Bağdad şəhərində Əs’ad əl-Mihənidən rəvayət edib. Üsul elmini Əbul-Fəth Əhməd bin Bərhən’dən öyrənmişdir. Əbul-Qasim bin Huseyn, Əbul-Bərəkət ibn əl-Buxari, İsmail bin Əbi Saleh və hicri 508-ci ildə Əbul-Həsən bin Tavq’dan hədis rəvayət etmiş və geniş elmə nail olmuşdur.

Öz ölkəsinə qayıdır və hicri 523-cü ildə orada dərs verməyə başlayır. Sonra bir müddət Sincar’da yaşayır və 540-cı ildə Hələb şəhərinə köçür. Hələb şəhərinin əmiri, böyük mücahid sərkərdə Nurud-Din Mahmud bin Zənki onu qəbul edir və sonra Nurud-Din Dəməşq şəhərini ələ keçirdikdə onunla birlikdə Dəməşqə köçür. Orada əl-Ğazəliyyə mədrəsəsində dərs verir və vəqflərə nəzarət vəzifəsini üstələnir. Sonra Hələb şəhərinə geri qayıdır. Sonra Hərran, Sincar və Diyar-Rabia bölgələrinin qazisi olur. O müddətdə onun yanında bir çox imam fiqh öyrənmişdir. Sonra 570-ci ildə Dəməşq şəhərinə qayıdır. 573-cü ildə oranın qazisi olur. O zaman bir çox kitabları qələmə alır, Quran qiraətləri və fiqhi öyrədir. Adı məşhurlaşır və dəyəri ucalır.

İbnus-Subki onun haqqında deyir: “Ümmətin seçkinlərindən və bariz şəxsiyyətlərindən biri idi. Məzhəbi, üsulu və ixtilaf elmini gözəl bilirdi. Fiqhi təhqiqatlarda barmaqla göstərilən biri idi. Dindar, xeyirxah, təvazökar, üzündə səadətin görüldü sakit təbiətli bir insan idi. Kitabları və tələbələri ölkələri sarımışdır. Şeyxul-İslam Fəxrud-Din İbn Asəkir və qeyriləri fiqhi ondan öyrənmişdir.[1]

İbnus-Subki deyir: “Şeyximiz əz-Zəhəbi dedi: “Onun barəsində Şeyx əl-Muvaffəq (İbn Qudəmə)dən soruşdular və dedi: “Əsrində şafi’ilərin imamı idi.[2]

 

 

Kitabları

 

Çox kitab yazmış alimlərdən biridir. Yazdığı kitabların içində ən məşhuru “Safvatul-Məzhəb fi Nihəyətil-Mətləb” kitabıdır. Digər məşhur kitabı “əl-İntisar li Məzhəbiş-Şəfi” kitabıdır və orada şafi’i məzhəbinin görüşlərini dəlillərlə müdafiə etmişdir. Digər kitabları arasında “əl-Murşid”, “əz-Zəria fi Mə’rifətiş-Şəria”, “ət-Təysir fil-Xiləf”, “Məəxizun-Nəzar”, “əl-Fəraid”, “əl-İrşad” və digər kitabları vardır. “əl-İrşad” kitabında da şafi’i məzhəbini müdafiə etmişdir, lakin onu tamamlaya bilməmişdir. Onun ”Safvatul-Məzhəb” kitabı İməmul-Harameyn əl-Cuveyni’nin “Nihəyətul-Mətləb” adlı böyük kitabının müxtəsəridir. Digər kitabları arasında “ət-Tənbih fi Mə’rifətil-Əhkəm” və “Fəvaidul-Muhəzzəb” kitabları da vardır. Həmçinin kor birinin qaziliyinin səhihliyini isbat edən kiçik bir cüz yazmışdır və bu məsələdə məzhəbin görüşünə müxalif ictihad etmişdir. əz-Zəhəbi deyir: “Bu, görüşündə güclü bir əsas vardır.[3]

 

 

Elmi fəaliyyəti

 

Əmir Nurud-Din onun üçün Hələb, Həmə, Hims və Bə’ləbək şəhərlərində mədrəsələr açmışdır. Özü üçün isə Hələb şəhərində bir mədrəsə və Dəməşq şəhərində bir mədrəsə açmışdır.

Ondan bir çox imam rəvayət etmişdir və onların arasında Şeyx Muvaffəqud-Din İbn Qudəmə, Əbul-Qasim bin Sasra, Qadi Əbu Nəsr bin əş-Şirazi, Abdullətif bin Siyyəmə, Mahmud bin Əli bin Qarqin, Siddiq bin Ramadan, əl-İməd Əbu Bəkr Abdullah bin ən-Nəhhəs və İmam Bəhəud-Din İbn əl-Cummeyzi kimi alimlər vardır.

 

 

Etiqadı

 

əz-Zəhəbi deyir: “Şeyx əl-Muvaffəq’in öz əl yazısından oxudum: Qardaşım Əbu Ömər ilə birlikdə onun dərsini dinlədik və (sonra) dinləməyi dayandırdıq. Qardaşımı sonra belə deyərkən eşitdim: “Mən daha sonra onun yanına getdim və soruşdu: “Nə üçün dərslərimə artıq gəlmirsiz?” Dedim: “Bəzi insanlar deyirlər ki, sən əşarisən.” Dedi: “Allaha and olsun ki, mən əşari deyiləm.” Bu, hekayənin məna ilə nəqlidir.[4] Bu hekayə səhih olaraq sabitdir, çünki əz-Zəhəbi bunu bir başa İbn Qudəmə’nin əl yazısından almışdır. Lakin əşarilər üçün təəssüb edən İbnus-Subki – Allah ona rəhmət etsin! – adəti üzərinə buna etiraz edərək deyir: “Qorxuram ki, bu hekayə uydurmadır, çünki İbn Əbi Asrun’un əqidədə əşari olması qətidir. Çox ehtimal ki, Əbu Ömər bu sözü deməyə cürət etməmişdir, nə də heç bir kimsə o zaman əl-Əşari’nin məzhəbini inkar etməyə cürət etməmişdir, çünki o, ana yoldur. Güman etmirəm ki, İbn Əbi Asrun o zaman bu ikisi ilə fəxr etmiş olsun və onları dərsə gəlmədiklərinə görə qınamış olsun. Hekayədəki onun “qardaşımı eşitdim...” sözünün axırına qədər olan hissəsindən heç bir şey mənə görə səhihliyə yaxın bir şey deyildir, lakin onların onun dərsinə getməməklərinin səbəbi əqidədə onlara müxalif olması olmuşdur. Dərsə getməyi dayandırmaqlarının həqiqi səbəbini isə Allah daha doğru bilir.[5] Bu sözlərdən Allaha sığınırıq! Bunun uydurma olması ya İbn Qudəmə’nin yalan danışmağını gərəkdir, ya da əz-Zəhəbi’nin uydurduğunu göstərir. Üstəlik əşariliyi inkar etməyə cürət etməməklərini söyləməsi həqiqətdən tamamilə uzaq bir iddiadır. İbn Qudəmə’nin əşariliyi necə sərt şəkildə inkar etməsi məşhurdur. Bir də nə üçün İbn Əbi Asrun bu iki tələbəsi ilə fəxr etməyəcəkmiş?! Sözsüz ki, bu sözlər təəssübkeşlikdən qaynaqlanır. Əslində əşariliyinin qəti bilindiyini dedikdə qəsd olunan bu alimlərin əşarilər üçün vəqf olunmuş mədrəsələrdə dərs deməkləri nəzərdə tutulur, çünki bu mədrəsələrdə dərs demək üçün əşari alimləri təyin olunmuşdur. Bu minvalla əl-Mizzi də əşari çıxarılmışdır və daha bir çox şafi’i alimi bu səbəblə əşari adlanmışdır. Lakin müəllimlərinin əşari olması şərti ilə açılmış vəqf mədrəsələrində şeyxlik edənlərin əşari olması qəti bir şey deyildir, çünki əl-Mizzi və İbn Kəsir kimi şafi’i alimləri də bu mədrəsələrdə şeyxlik etmişdir. əl-İməd İbn Kəsir deyir: “(718-ci ildə) zül-hiccə ayının iyirmi üçündə, cümə axşamında Şeyx, İmam, Alləmə, Hafiz, Hüccət, şeyximiz və bizə faydalar öyrətmiş Əbul-Həccəc Yusuf bin əz-Zəki Abdur-Rahmən bin Yusuf əl-Mizzi “əş-Əşrəfiyyə” hədis mədrəsəsinin şeyxliyinə, Kəməlud-Din bin əş-Şərişi’nin yerinə keçdi və onun o məktəbin valiliyinə keçməsini bir çoxları nəfslərində xoş qarşılamadığı üçün o günü (onu təbrik etmək üçün) onun yanına çox adam gəlmədi, halbuki ondan öncə o vəzifəyə ondan daha layiqli, daha hafiz biri keçməmişdi...[6] Daha öncə hər hansı bir hafiz alim o məktəbin şeyxi olduqda adətdə qəbul olunduğu kimi o gün gəlib şənlik edərdilər və onu bu münasibətlə təbrik edərdilər. Lakin əl-Mizzi’ni onun İbn Teymiyyə ilə olan dostluğuna görə, onun görüşlərinə görə sevmirdilər və buna görə də bir çoxları onun mədrəsənin şeyxliyinə keçməsinə etiraz etmişdi. Hətta bu şərəfli şeyxlik məqamının son illərində belə onun o vəzifədən alınmasına nail olmaq istəyənlər də var idi. Qadi Təqiyyud-Din əs-Subki – rahiməhullah – qazi olaraq təyin edilərək Dəməşq şəhərinə gətiriklikdə bəzi əşari alimləri bundan istifadə edərək onu bu vəzifəsindən çıxarmağa çalışmışdır. Qoyun bu qıssanı əs-Subki’nin öz oğlu bizə danışsın: “(Atam əs-Subki) Dəməşqə daxil olduqdan bir gecə sonra onun yanına Şeyx Sadrud-Din Süleyman bin Abdil-Həkəm əl-Məliki gəldi və (atam) əş-Şeyx əl-İməm onu sevərdi. (Atam) dedi: “İşənin son zamanında yanıma daxil oldu və Dəməşq əhlini tanımam üçün bəzi məsələləri söylədi. əl-Birzəli’nin və onun mənimlə oturub durmasını zikr etdi və sonra əl-Mizzi’yə gəlib çıxdı və dedi: “Onu “əl-Əşrəfiyyə hədis mədrəsəsinin şeyxliyindən çıxarman lazımdır.” (Atam) əş-Şeyx əl-İməm dedi: “Tüklərim biz-biz oldu və fikrə daldım və öz-özümdə dedim: “Bu adam mühəddislərin imamıdır. Allaha and olsun ki, əd-Dəraqutni belə (indi) sağ olsaydı onun yerində dərs verməyə həya edərdi.” Dedi: “Susdum və sonra insanların gecə yanıma daxil olmasını qadağan etdim. Dedim ki, bu şəhər fitnələrlə doludur.” Mən (atam) əş-Şeyx əl-İmam’a dedim ki, Sadrud-Din əl-Məliki əl-Mizzi’nin hədisdəki rütbəsini inkar etmir, lakin sanki onun diqqətini çəkən budur ki, (o məktəbi) vəqf olaraq təsis edən məktəbin şeyxinin əqidədə əşari olmasını şərt qoşmuşdur və baxayaraq ki, əl-Mizzi o vəzifəyə keçəndə öz əli ilə əşari olduğunu yazsa da insanlar (yəni əşari alimləri) bunda ona inanmırlar. (Atam) dedi: “Bilirim ki, Sadrud-Din’in diqqətini çəkən budur, lakin əl-Mizzi’nin hədis məktəbinə uyğun olmadığını kim cəsarət edib deyə bilər?! Allaha and olsun ki, etibarım bu sözü daşıya bilməz.[7] Sözsüz ki, bu mədrəsəyə şeyxlik etmiş kəslər arasında həqiqətdə qeyri-əşari alimlər olmuşdur və onların yazıda özlərinin əşari olduqlarını yazmaqları bir şey ifadə etməz, çünki İbn Kəsir, əz-Zəhəbi və digərlərinə görə Əbul-Həsən əl-Əşari ən son kitabında hədis əhlinin və onların imamı Əhməd bin Hənbəlin məzhəbinə yönəlmişdir. Bu baxımdan onların özlərini əşari’yə nisbət etməkləri mümkündür. İbn Əbi Asrun’un zamanı ilə əl-Mizzi’nin zamanı arasında böyük fərq vardır, çünki İbn Əbi Asrun’un zamanında əşarilər əl-Mizzi’nin zamanındakı qədər güclü deyildilər. İstənilən halda əlimizdə İbn Əbi Asrun’un əşari olmadığını isbat edən vəsiqə vardır. İbn əs-Subki kitabında İbn Əbi Asrun’dan nəql olunmuş o sözləri yalan və uydurma adlandırdıqdan sonra deyir: “əl-Muvaffəq (İbn Qudəmə) və Əbu Ömər elm və din əhlindən idilər, biz bunu inkar etmirik və dəf etmirik. Biz sadəcə olaraq şeyximiz (əz-Zəhəbi)nin hər zaman əqidə məsələlərinə toxunmasını, qıfıllı qapıları açmasını və bilmədiyi şeyləri danışmasını inkar edirik və dəf edirik. Onun belə bir şey haqqında susması qəbrində və axirətində onun üçün daha xeyirli olardı. Lakin Allah bir işin olmasını istəyərsə olar.[8] əz-Zəhəbi’nin bilmədiyi şeylər haqqında danışdığını söyləməsi çox böyük cürətdir, bu sözlərlə öz şeyxinin haqqında girməməsi lazım idi.

 

 

Vəfatı

 

Bu böyük alim hicri 585-ci ildə, ramazan ayının on biri 93 yaşında vəfat etmişdir.

 


[1] “Tabəqatuş-Şəfi’iyyətil-Kubra”, 7/133

[2] “Tabəqatuş-Şəfi’iyyətil-Kubra”, 7/134

[3] “Siyər Əaləmin-Nubələ”, 12/127

[4] “Siyər Əaləmin-Nubələ”, 12/129

[5] “Tabəqatuş-Şəfi’iyyətil-Kubra”, 7/134

[6] “əl-Bidəyə van-Nihəyə”, 18/181

[7] “Tabəqat əş-Şəfi’iyyə əl-Kubra”, 10/397-398

[8] “Tabəqat əş-Şəfi’iyyə əl-Kubra”, 7/134

 

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.