Muhəmməd bin əl-Hüseyn əl-Əcurri (?-360)

Muhəmməd bin əl-Hüseyn bin Abdilləh əl-Əcurri əl-Bəğdədi məşhur alimdir. Kunyəsi Əbu Bəkr’dir. əl-Əcurri adı Bağdad şəhərinin Dərb əl-Əcurr məhəlləsinə nisbətdir. Tarix kitabları onun doğum tarixini zikr etmir. Lakin onun ölüm tarixi və neçə yaşında ölməsi qeyd olunur. Bütün tarixi qaynaqlar onun ölümünün hicri 360-cı ildə baş verdiyini qeyd edir. Lakin neçə yaşında ölməsinə gəldikdə isə bu barədə iki fərqli məlumat gəlib. əz-Zəhəbi onun ölərkən səksən yaşının olduğunu deyir. Buna əsasən onun 280-ci ildə doğulmuş olması lazımdır. Təqiyyud-Din əl-Fəsi əl-Məkki isə “əl-İqdus-Səmin” kitabında deyir: “İbn Raşid “ər-Rihlə” kitabında deyir: Şeyximin əl-Xatib əs-Saleh Əbu Abdilləh bin Saleh’in əl yazısından bu sözləri oxudum: Əbu Cafər Əhməd bin Muhəmməd bin Meymun ət-Tuleytili’nin əl yazısında bu sözlərin yazıldığı görülüb: Əbul-Fədl Muhəmməd bin Əhməd əl-Bəzzər’dən soruşuldu: “əl-Əcurri nə zaman öldü?” Dedi: “O – Allah ona rəhmət etsin! – Məkkədə üç yüz altmışıncı ildə, muharrəm ayının ilk günü, cümə günü vəfat etdi və orada dəfn olundu. Ömrünün doxsan altı yaşına çatmışdı.[1] Buna əsasən əl-Əcurri hicri 264-cü ildə doğulub.

 

Bağdad şəhərində böyümüş və orada yetişmişdir. Tarixi mənbələrə əsasən orada hicri 330-cu ilə qədər qalmışdır. Sonra isə Məkkə şəhərinə köçmüş və vəfat edənə qədər Məkkədə qalmışdır. Onun müasirlərindən olan hədis əhlinin elm tələbi üçün müxtəlif ölkələrə səfər etməsi o zamanın adəti olsa da əl-Əcurri’nin bu məqsədlə fərqli ölkələrə səfər etməsi haqqında heç bir məlumat gəlməyib. Lakin əl-Əcurri özü qeyd edir ki, şeyxi Əbu Cafər Əhməd bin Xalid əl-Bərdə’idən hicri 299-cu ildə Məkkədə hədis eşitmişdir. Bu isə onu göstərir ki, daha əvvəllər də Bağdad şəhərindən çıxmışdır. Lakin o dövrdə Bağdad şəhəri elə bir şəhər idi ki, bütün alimlər ora axışırdı və elm axtarışında olanlar da ora gəlirdirlər. İbn Kəsirin dediyi kimi “O zaman Bağdadın alimləri bütün dünya idi.”

 

 

Şeyxləri və tələbələri

əl-Əcurri’nin şeyxləri çoxdur. Onların arasında Hafiz Əbu Bəkr Cafər bin Muhəmməd əl-Firyəbi, Hafiz Əbu Bəkr Abdullah bin Əbi Davud əs-Sicistəni, Əbu Bəkr Abdullah bin Muhəmməd bin Abdil-Həmid əl-Vasiti, Qadi Əbu Cafər Əhməd bin İshaq bin əl-Bəhlul ət-Tənuxi, məşhur azərbaycanlı alim Əbu Cəfər Əhməd bin Xalid əl-Bərdəi, Əbu Abdilləh Əhməd bin Muhəmməd bin Şəhin əş-Şeybəni, Əbu Yaqub İshaq bin İbrahim əl-Ənməti, Əbu Abdilləh Cafər bin İdris əl-Qazvini, məşhur hənbəli alimi əl-Xiraqi’nin atası Əbu Əli əl-Hüseyn bin Abdilləh bin Əhməd əl-Xiraqi, Əbu Muhəmməd Abdullah bin əl-Abbas ət-Tayəlisi, Əbu Bəkr Abdullah bin Muhəmməd bin Ziyəd ən-Nisəburi və daha başqa alimlər, imamlar, hafizlər vardır.

əl-Əcurri’nin tələbələri də çoxdur. Bağdad və Məkkə kimi şəhərdə yaşamış bir alimin tələbələrinin çox olması təbiidir. Onun tələbələri arasında Əbu Nueym əl-Əsbəhəni, Əhməd bin Muhəmməd əl-Məkki əl-Bəzzər, Ubeydullah bin Muhəmməd bin Bəttah əl-Ukbəri, Əbu Abdilləh Muhəmməd bin Xalifə əl-Bələvi, Əbul-Hüseyn Muhəmməd bin əl-Hüseyn bin əl-Fədl əl-Qattan əl-Əzraq, Muhəmməd bin Əbi Əli Əhməd bin Abdir-Rahmən əl-Həmədəni əz-Zəkvani əl-Əsbəhəni kimi alimlər yer alır.

 

 

Kitabları

əl-Əcurri çoxlu əsər yazmış alimlər arasında sayılır. Onun yazdığı kitablardan bir çoxu zamanımızda çap olunmuşdur. Bu çap olunmuş kitablar arasında “Kitəbuş-Şəriah”, “Kitəbul-Ərbəin hədisən”, “Əxləqu Həmələtil-Quran”, “Əxləqul-Uləmə”, “Təhrimun-Nərd vaş-Şətranc val-Mələhi”, “Əxbəru Ömər bin Abdil-Aziz”, “Sifətul-Ğurabəi minəl-Muminin”, “ət-Təsdiqu bin-Nəzari iləllahi Təalə fil-Əxira” kimi kitabları zikr etmək olar. Onun bundan başqa “Əhkəmun-Nisə”, “Əxləqu Əhlil-Birri vat-Tuqa”, “Ədəbun-Nufus”, “əl-Əmru bi Luzumil-Cəməa va Tərkil-İbtidə”, “Təhrimul-Livati vaz-Zinə”, “ət-Təfərrudu val-Uzlə”, “Kitəbut-Tövbə”, “Kitəbut-Təhəccud”, “Fədlul-İlm” və daha bir çox kitabları vardır.

 

 

Şəxsiyyəti

əl-Əcurri böyük bir imam olmuşdur. Onu zikr edən alimlər onu mədh etmək, şanını ucaltmaq, elminə və imamlığına şahidlik etmək üzərində ittifaq ediblər. Onu fəqih, mühəddis, siqa, hafiz, dindar, saleh, dürüst, sünnət və tabeçilik sahibi, əsərlərə tabe olan biri kimi adlarla vəsf ediblər. İbnul-Bənnə deyir: “Səmimi bir imam idi, Allahdan qorxan saleh biri idi.” İbnul-Əsir onu mühəddislərin hafizləri arasında zikr edir. İbnul-Qayyim onun “hədisdə və fiqhdə əsrinin imamı” olduğunu deyir.

 

 

Fiqhi məzhəbi

əl-Xatib əl-Bəğdədi, əz-Zəhəbi, İbn Kəsir kimi alimlər onun haqqında yazarkən fiqhdəki məzhəbi haqqında heç bir şey demir. Lakin İbnun-Nədim, Yəqut əl-Həməvi, İbn Xallikən, əs-Safədi, əs-Subki onun şafii alimi olduğunu deyiblər. Lakin onun şafii olması mübahisəli bir məsələyə çevrilmişdir, İbnul-Cəvzi, əl-Uleymi, İbnul-İməd kimi hənbəli alimləri onun hənbəli olduğunu deyiblər. əl-İsnəvi onun haqqında İbn Xallikən’in onun şafii olması yönündə söylədiyi sözləri zikr etdikdən sonra deyir: “Bəziləri onun şafii olmasında müxalif olublar və hənbəli olduğunu iddia edib.” Təqiyyud-Din əl-Fəsi isə kitabında İbn Xallikən’in sözlərini zikr etdikdən sonra deyir: “İbn Xallikən’in əl-Əcurri’nin şafii olduğunu zikr etməsi zəifdir, çünki o, hənbəlidir.” əl-Uleymi onun hənbəli olmasına dair dəlil olaraq zikr edir ki, İbn Muflih “əl-Furu” kitabında əl-Əcurri’nin “ən-Nəsihə” kitabından nəqllər edərək onun üstünlük verdiyi görüşləri zikr edir və İbn Muflih adətən o kitabında yalnız hənbəli alimlərinin görüşlərini zikr edir. Lakin bu, onun hənbəli olması üçün tutarlı bir dəlil deyildir.

 

 

Əqidəsi

Əqidədə hədis əhlinin etiqadı üzərində olmuşdur, sələfdən gələn əsərlərə şiddətlə tabe olmuşdur. Kəlam elmindən çox uzaq biri idi. Onun “əş-Şəriah” kitabı etiqadda izlədiyi məzhəbin hədis əhlinin məzhəbi, sünnət əhlinin məzhəbi olduğunu aşkar şəkildə göstərir. Ona görə də əz-Zəhəbi onu “sünnət və ittiba sahibi” olaraq vəsf etmişdir.

 

 

Vəfatı

İmam əl-Əcurri ilk əvvəldə deyildiyi kimi hicri 360-cı ildə Məkkədə vəfat etmişdir. Allah rəhmət etsin!

 


[1] “əl-İqdus-Səmin fi Tərixil-Bələdil-Əmin”, 2/3-4; Muəssəsətur-Risələ, ikinci nəşr: 1406/1986, Beyrut

 

Çox Oxunan

  • 12 Nov , 2013 / İslam alimləri

    Abdul-Məlik bin Həbib bin Rabi bin Süleyman bin Hərun bin Cəhəmə bin Abbas bin Mirdəs əs-Suləmi; böyük maliki alimlərindən biridir. Kunyəsi Əbu Mərvandır.

  • 03 Apr , 2013 / İslam alimləri

    Əhməd bin Abdilləh bin Əli bin Abdilləh əl-Ənbusi şafi’i fəqihidir. Əbul-Həsən ibn əl-Ənbusi əl-Bəğdədi əl-Vəkil adı ilə tanınır. Hicri 466-cı ildə anadan olub. Böyük alim, mühəddis İmam Əbu Muhəmməd Abdullah bin Əli bin əl-Ənbusi’nin oğludur. Ənbus dəniz bitkilərindən birinin taxtasıdır ki, ondan müxtəlif əşyalar düzəldirlər. Bunun ticarəti və ya dülgərliyi ilə məşğul olanlara əl-Ənbusi və ya əl-Ənəbusi deyirlər. Bu ləqəblə bir çox alim tanınmışdır.

  • 17 Mar , 2014 / İslam alimləri

    Əbul-Fəth Təqiyyud-Din Muhəmməd bin Əbil-Həsən Məcdud-Din Əli bin Əbil-Atayə Vahb bin Əbis-Səm’ Muti bin Əbit-Ta’ə əl-Quşeyri əl-Bəhzi əl-Qusi əl-Mənfəluti əs-Sa’idi hicri yeddinci əsrin imamlarından biridir, islam tarixinin gördüyü ən bariz alimlərindən biridir. İbn Dəqiqil-İd adı ilə məşhurdur.

  • 04 Apr , 2013 / İslam alimləri

    Əbu Abdilləh əl-Həsən bin İbrahim bin Hüseyn bin Cafər əl-Həməzəni əl-Cuvzəqani böyük hafizdir. “əl-Məvduat” kitabının müəllifidir. Cuvzəqan isə Həməzan tərəfdə bir yerdir.

  • 06 Dec , 2014 / İslam alimləri

    Osman bin Ömər bin Əbi Bəkr bin Yunus əl-Kurdi əd-Dəvini əl-İsnəi tanınmış maliki fəqihlərindən və bariz üsulçu alimlərdəndir. Cəməlud-Din ləqəbidir, Əbu Amr isə kunyəsidir və İbnul-Həcib adı ilə tanınmış və məşhurlaşmışdır, çünki atası Salahuddin əl-Əyyubi’nin dayısı Əmir İzzud-Din Muisk’in həcib’i, yəni qapı gözətçisi kimi çalışıb.