Səhifə Haqqında

بسم الله الرحمن الرحيم

Əziz müsəlmanlar!

Artıq dörd ildir ki, “İslami Faydalar Məkanı” səhifəsi Allahın razılığını qazanmaq üçün müsəlmanların xidmətindədir. 2009-cu ildən bəri bir çox mövzuda maarifləndirici məqalələr yazmağa, bəzi kitabları tərcümə etməyə nail olmuşuq. Səhifəmizin adı qısaca olaraq “favaid” adlanır və dilimizə tərcümədə “faydalar” deməkdir.

 

Səhifəmizin təməl prinsipləri

Səhifəmiz dini doğru anlamağı Allahın endirdiyi Kitaba, peyğəmbərinin sünnətinə və səhabələrin anlayışına bağlı qalmaqda görür. “Favaid” səhifəsi bir “əhlus-sunnət” səhifəsidir.

Dinimizin üsulunda, etiqadi mövzularında Kitaba, sünnətə, saleh sələfin inancına sarılmağı vacib görürük. Onların zamanında rədd olunan inanclar bu gün də rədd edilməlidir. İslama daha sonra əcəmilərin təsiri ilə daxil edilmiş kəlami inancları şiddətlə rədd edirik və kəlam elminin batil olduğuna inanırıq.

Dinimizin fər’i məsələlərində, yəni əməli məsələlərdə ümmətin qəbul etdiyi dörd fiqh məktəbinin və ona mənsub alimlərin bizlərə verdiyi mirasa xüsusi önəm verir və bu görüşdədir ki, bu cür ictihadi məsələlərdə haqq bu dörd məktəbdən kənara çıxmır.

Bu kimi ictihadi məsələlərdə alimlərimizin ixtilaf etməsinə münasibətimizin ölçülü olmasına çalışırıq və inanırıq ki, alimlərin öz aralarında ixtilaf etməsi ümumilikdə Allahın müsəlman ümmətinə göstərdiyi rəhmətinin bir parçasıdır. İnanırıq ki, ümmətin ittifaqı hüccətdir, ixtilafı isə rəhmətdir.

 

Səhifəmizin məqsədləri

Bu gün müsəlman ümməti həm fiziki olaraq, həm də mənəvi olaraq güclü hücumlara məruz qalmışdır. Buna qarşı müsəlmanların reaksiyası müxtəlifdir. Bu cür fiziki və mənəvi təcavüzlərin qarşısında bəzi müsəlmanlar güzəşt edici bir mövqe tutub. Dinin dəyişilməz prinsiplərində də güzəştə getməyə hazır hala düşüblər, onları qərbin dəyərləri qarşısında əyilərək “modernist” fikirlər səsləndirərkən görmək olur.

Biz səhifəmizdə bu cür dini üçün üzrxahlıq gətirən müsəlmanları doğru maarifləndirməyi, onlara dinlərini ətraflı öyrətməyi, onları bu güzəşt və üzrxahlıq xəstəliyindən müalicə etməyi əzm etmişik. İslam mədəniyyətinin universal olduğunu və bütün bəşəriyyət üçün gəldiyini göstərmək istəyirik. Başqa bir sözlə müsəlman kimliyin formalaşmaq üçün bir çalışmanı tamamlamaq istəyirik.

Eləcə də səhifəmizdə Quran və sünnət elmləri üçün tədricən elmi bir bazanı formalaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Qəsdimiz müsəlman kütləni öz ana dilində başa düşüləcək şəkildə dolğun məlumatlarla təmin etməkdir. Müsəlmanların bu gün necə islami ədəbiyyatdan məhrum olduqlarını gördüyümüz üçün gələcəyə elektron bir kitabxananı tədricən qurmağı planlaşdırırıq.

Müsəlmanların problemlərinin səsləndirilməsi üçün, onların müzakirə edilməsi üçün lazım olan platformanın qurulmasını istəyirik və çalışırıq ki, müsəlmanlar sosial həyatda aktivləşsinlər, problemlərini çəkinmədən həll etməyə çalışsınlar, mübariz bir ruh üçün səy göstərsinlər.

Bütün bunların birdən əldə edilməyəcəyini, Allahın izni və bərəkəti ilə tədricən əmələ gələccəyini də çox gözəl başa düşürük və inanırıq. Bu işdə yalnız Allahdan kömək diləyirik və yalnız Ona sığınırıq!