Şafi'ilərdən cizyə alardım

Əbu Abdilləh Muhəmməd bin Musa bin Abdilləh əl-Bələsəğuni tarixdə xoşa gəlməz bir ifadə ilə yadda qalmış bir alimdir. Hənəfi məzhəbindəndir. ”ət-Turki” və ”əl-Ləmişi” nisbətləri ilə də tanınır. Əslən Kaşğar şəhəri yaxınlığında yerləşən Bələsəğun kəndindəndir. Şəriət elmlərini Bağdadda böyük hənəfi alimi əd-Dəmiğani’dən öyrənib.

 

Hənəfi məzhəbinin təəssübkeşi olaraq tanınıb. İlk öncə Qüdsdə qazilik etmiş, amma insanların şikayəti üzərinə məqamından endirilib. Daha sonra Dəməşq şəhərinə qazi təyin olunur. Orada Dəməşqin camisində şafi’ilərə aid olan mehrabı hənəfi imamına verir və insanların etirazı ilə qarşılaşır. Bu alimin haqqında məlumatları oxuduqda anlaşılır ki, hənəfi məzhəbinin təəssübkeşi olub və digər məzhəblərə qarşı düşmənçilik edib. Hətta İbn Asəkir deyir: “Fəqih Əbul-Həsən bin Qubeys’i eşitdim ki, onu pisləyir və onun – “əgər hakimiyyət əlimdə olsaydı əş-Şafi’nin əshabından cizyə alardım” dediyini zikr edir.[1] Daha sonra İbn Asəkir onun malikilərə də nifrət bəslədiyini qeyd edir.

Bu hənəfi alimin insanı heyrətə gətirən bu sözlərini müasir zamanımızda məzhəb düşmənləri məzhəblərə qarşı istifadə edirlər. Onun bu sözlərini göstərərək məzhəbləri qınamağa çalışırlar. Ancaq bu şəkildə məzhəbləri tənqid etmək çox əsassız və absurd bir metoddur. “Nə üçün?” sualını versəniz deyərik:

Hər şeydən əvvəl anlamaq lazımdır ki, İslam tarixi ərzində minlərlə hənəfi alimi gəlib keçib və onların içindən bir və ya iki nəfərin ağla sığmaz sözlər işlətməkləri heç bir şəkildə hənəfi məzhəbinə və yaxud da digər məzhəblərə ləkə gətirməz. Hansısa bir universitetin müəllim heyətindən bir nəfərin universitetin adını qorumaq namına etdiyi cinayətə görə bütün universiteti qınamaq doğru olmadığı kimi hansısa bir alimin sözünə görə minlərlə alimin xidmət etdiyi bir məzhəbi ittiham etmək də doğru deyildir.

Üstəlik bilmək lazımdır ki, hər kəsdən öncə məzhəbin alimləri onun bu təəssübkeşliyini qınayıblar. Onun bu sözlərini cavabsız qoymayıblar. Hənəfi alimi Əbul-Fidə Zeynuddin Qasim bin Qutlubuğa əs-Suduni (vəfatı hicri 879) deyir: “Belə deyərdi: “Əgər mənim əmrim olsaydı şafi’ilərdən cizyə alardım.” Allah onu biyabır etsin!” Şeyximizin sözü burda bitir. Deyirəm: Onun sözünün ağla batan bir izahı yoxdur, əgər mən şeyximizin yazdıqlarının hamısını saxlamağı öz üzərimə götürməsəydim onun üçün bir tərcümeyi-hal yazmazdım.[2] Burada şeyxi dedikdə Təqiyyuddin əl-Məqrizi’ni qəsd edir. O, əl-Məqrizi’nin “ət-Təzkira fit-Tərix” kitabından hənəfi alimlərinin tərcümeyi-hallarını çıxarmağı və onlara əlavə məlumatlar artırmağı qəsd edərək “Təcut-Təracim” kitabını yazıb. Gördüyümüz kimi hənəfi alimlərindən olan İbn Qutlubuğa burada onun sözlərinə şiddətli şəkildə reaksiya verir və qeyd edir ki, əslində onun adını hənəfi alimləri arasında qeyd etmək istəmir. əz-Zəhəbi də bu hənəfi alimini bu sözlərinə görə bidətçi adlandırır.[3]

Əlavə edək ki, bu sözləri əl-Bələsəğuni’nin deməmiş olması da mümkündür. Ola bilsin ki, ona nifrət edən siravi insanlar ədavət zəminində bu sözləri onun adına yazıblar. Əbul-Həsən bin Qubeys də bunu insanların ağzından eşidərək təsdiqləmiş və İbn Asəkir’ə demişdir. Sibt İbnil-Cəvzi deyir: “Əgər bu ondan sabitdirsə şübhəsiz ki, xəta edib, amma ola bilsin ki, adını qaralayıblar.[4] Bu bir ehtimal olaraq qalır. Həqiqətən də ağlı başında olan bir kimsənin belə bir söz deyəcəyini dərk etmək olmur.



[1] “Tərixu Dəməşq”, 56/76;

[2] “Təcut-Təracim”, səh: 250;

[3] Bax: “Mizənul-İtidəl”, 4/52;

[4] “Miratuz-Zəmən fi Təvarix əl-Ayən”, 20/61;