Ölənlərin və yaralıların şəkillərini paylaşmaq

Müsəlmanların gündəmi ölmüş və ya yaralanmış müsəlman uşaqların, yaşlıların və qadınların şəkillərini bəzən görmək, bəzən də ürək ağrısı ilə göz ardı etməklə keçir. Bizdən “uzaq” yerlərdə görülən bu mənzərələr artıq bu şəkillər vasitəsilə bizim də günümüzə çevrilib və bu, hər birimizə fərqli təsir edir. Bu şəkilləri paylaşmağın məşruiyyəti də müzakirə obyektinə çevrilib.

 

Sosial şəbəkələrdə sələfi qardaşlarımızdan bəziləri israrla bu barədə bir fətva paylaşırlar. Fətvada Şeyx Saleh əl-Fəvzan bu cür şəkilləri paylamağı qadağan edir. Fəvzanın bu barədə dediklərinə qulaq asanlar qadağanı iki şeyə əsaslandığını görəcəklər: 1) foto şəkilləri haram sayır və 2) bu cür yaralı və ölü müsəlmanların şəkillərinin paylaşılmasının müsəlmanları qorxutduğu, onların ruhunu və əzmini zəiflətdiyini iddia edir. Bu kiçik yazımızda bununla bağlı faydalı gördüyümüz bəzi xatırlatmalar etmək istəyirik.

İlk öncə qeyd etməliyik ki, bu qardaşlarımızın israrla bir şeyxin fətvası üzərində durmaqları illərlə davam edən “şeyxbazlıq” trendinin təzahürüdür. Bizim məmləkətdə “yerlibazlıq” nə səviyyədədirsə “şeyxbazlıq” da o səviyyədədir. Sanki bu barədə Saleh əl-Fəvzan’ın sözlərini qəbul etmək müsəlmanlara vacibdir, sanki onun sözləri qəti bir dəlildir. Qəbul etmədikdə isə “klub üzvlüyündən” kənarlaşdırırlar. Bu cür qeyri-sağlam bağlılıq müsəlmanlar arasında da mənfi təsirlərini göstərir. Lakin yazımız bu mövzu ilə bağlı olmadığı üçün bu qədəri ilə kifayətlənirik.

Bunu fotoşəkilə verilən hökmə görə qadağan etmək barədə çox danışmağa ehtiyac yoxdur. Məlumunuzdur ki, fotoşəkillərin hökmü üzərində son əsrin alimləri ixtilaf ediblər. Zamanımızda buna icazə verənlər çoxdur və getdikdə böyük əksəriyyətə çevrilir. Bəziləri isə bunun icmaya doğru getdiyinə inanırlar. Bu şəkillərin müsəlmanlara mənfi təsirinə gəldikdə isə artıq bu mövzu şəriət mövzusu deyildir, bu mövzu artıq sosiologiya və psixologiya ilə daha çox bağlıdır. Çünki bu dərəcədə sosial şəbəkələrdə paylaşılan şəkillərin müsəlmanlara təsirini analiz edə biləcək biliklərə və alətlərə sahib olanlar sosioloqlardır. Ola bilsin ki, Saleh əl-Fəvzan bu barədə danışmadan öncə sosioloqlar ilə bununla bağlı məsləhətləşib. Bu barədə heç bir məlumatımız yoxdur. Lakin bir şey məlumdur ki, bu barədə mütəxəssislərin deyə biləcəkləri şəriət məsələsində qəti bir dəlil sayılmaz, amma nəzərə alınması gərəkən bir rəy sayılmalıdır. Bu da məsləhət ilə məfsədə arasında müqayisə etdikdə lazım olacaq biliklərdir. Bu məsələdə başqalarının rəyi fərqlənə bilər. Saleh əl-Münəccid, Abdurrahmən əl-Fəqih və başqaları bu mövzuda fərqli düşünür. Onlar şəkillərin yayılmasındakı məsləhətin daha böyük olduğunu deyirlər. Buna toxunmadan öncə məsələ ilə bağlı bəzi şəri nöqtələrə toxunmaq istəyirəm.

Bilmək lazımdır ki, əsrlər boyunca müzakirəsi aparılmış bəzi müzakirələrin bizim bu mövzumuzla da əlaqəsi vardır. Ölmüş və ya öldürülmüş müsəlmanların cüssələrinin fotoşəkillərini yaymaq həqiqətən də şəriət alimlərinin sözü gedən müzakirəsi çərçivəsində ixtilaflı sayıla bilər. Fayda üçün bu müzakirədən bəzi qaydaları və ölçüləri, həm də diqqətə alınması gərəkən bəzi görüşləri zikr edəcəyik.

Allah – cəllə cələluhu – Kitabında Habil ilə Qabilin heyakəsini bizə xatırladaraq deyir: “Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. Allah yeri eşələyən bir qarğa göndərdi ki, ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə o, peşmançılıq çəkənlərdən oldu.” [əl-Maidə, 30-31] Burada Qabilin qardaşı Habili öldürdükdən sonrakı halı vəsf olunur. Ayədə keçən “ona qardaşının cəsədini necə basdırmağı göstərsin” cümləsindəki “cəsəd” sözü Allahın kəlamında “səu’ə” sözü olaraq keçir, həmçinin “basdırmaq” sözü isə Allahın kəlamında “yuvari” feli ilə ifadə olunur. Allah – azzə va cəllə - başqa ayədə buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik.” [əl-Araf, 26] Bu ayədə də “ayıb yer” sözü üçün “səu’ə” kəliməsi, “örtmək” üçün isə “yuvari” feli zikr olunur. Həqiqətən də ərəb dilində “vara- yuvari” feli örtmək, gizlətmək mənasını daşıyır. “Səu’ətun” sözü məna baxımından ayıb olan bir şeyə deyilir, ona görə də övrət yeri üçün də bu söz sinonim olaraq işlədilir. Buna görə də ayəni hərfi mənada tərcümə etməli olsaq ayə bu cür oxunmalıdır: “Allah yeri eşələyən bir qarğa göndərdi ki, ona qardaşının övrətini necə örtməyi göstərsin.” Fərqli tərcümələr isə təbii ki, alimlərin fərqli təfsirlərindən irəli gəlir. Bir görüşə görə buradakı “səu’ə” sözü ilə qəsd olunan övrət yeridir. İkinci və daha məşhur görüşə görə isə qəsd olunan ölünün cəsədidir. İbn Cərir ət-Tabəri deyir: “Deyir ki, “ona qardaşının ölü cüssəsini necə basdırmağı göstərsin. Burada “səu’ə” sözü ilə övrət yerinin qəsd olunması da möhtəməldir, lakin mənasında daha üstün olan “ölünün cüssəsi” olaraq zikr etdiyimdir və təfsir alimlərinin təfsiri də bu cür gəlmişdir.[1] Bəzi alimlər bu ayədən belə bir hökm çıxarıblar ki, insan öldükdə bütün bədəni övrət olur. Əbu İshaq əs-Sə’ləbi (vəfatı hicri 427) bu ayənin təfsirində deyir: “Burada meyitin tamamının övrət olmasına dair dəlil vardır.[2] Ona görə də Əbu Həyyən əl-Əndəlusi (hicri 745) bu ayənin təfsirində ət-Tabəri’nin zikr etdiyi iki görüşü qeyd edir və sonra deyir: “(Həmçinin) deyilib ki, meyitin tamamı övrətdir və ona görə də kəfən ilə kəfənlənir.[3] Malikilərdən əl-Qadi Əbu Bəkr İbnul-Arabi əl-İşbili (vəfatı hicri 543) “əl-Muvatta” kitabının şərhində buyurur: “Bilin ki, Allahu təalə sizi müvəffəq etsin, meyitin tamamı övrətdir, ona görə də paltarın altından yuyulması müstəhəbdir.[4] Şafi’ilərdən Əbul-Məhəsin ər-Ruyəni (vəfatı hicri 502) kitabında ölünün kəfəni oğurlandıqda onun ikinci dəfə kəfənlənməsinin hökmünü müzakirə edərkən deyir: “Əgər kəfəni qəbirdən oğurlanarsa varislərinə onu ikinci dəfə kəfənləmək müstəhəbdir, lakin vacib deyildir, çünki (əks təqdirdə) sonu olmayan bir şeyə götürür. Bunu “əl-Həvi” kitabında zikr edir. Əshabımızdan bəziləri dedi: Məzhəbimizin qiyasına görə birincidəki kimi kəfənlənməlidir, çünki meyit övrətdir və örtülməsi labüddür.[5] Hənbəli üləmasından isə bu görüşü Əbul-Vafə İbn Aqil müdafiə edib və qarşıda bunun zikri keçəcək.

Bizim zamanımızda bəzi müasir şeyxlər bu nəqllərə əsaslanaraq ölmüş müsəlmanların şəkillərinin yayılmasını haram edirlər. Bu yazdıqlarımızdan da belə bir təsəvvür formalaşa bilər ki, bu görüş məzhəblərin hamısı tərəfindən qəbul görmüş görüşdür, lakin belə deyildir, çünki ixtilaf sabitdir. Əbul-Valid əl-Bəci (hicri 474) ölünü paltarlı yumaq görüşündə olan şafi’ilərə qarşı malikilərin dəlilini zikr edərək deyir: “Malikin görüşünün dəlili budur ki, diridə övrət olmayan ölüdə də övrət deyildir. Üz buna misaldır. Əgər ölünün bədəni övrət deyilsə onu köynəklə örtməyin mənası yoxdur...[6] Əksər alimlərin görüşü budur. Onlara görə ölünün övrəti dirinin övrəti kimidir. Ona görə də bu baxımdan şəkillərin yayılmasını qadağan etmək cumhurun görüşünə əsaslanmır.

Hənbəli məzhəbində də cumhura müvafiq olaraq ölünün övrəti diri olarkən övrət olan hissələri sayılır. Lakin əlavə etməliyik ki, məzhəbin görüşünə görə ölünün başından başqa bədənin qalan hissəsinə baxmaq məkruhdur. Alləmə Mustafa ər-Ruheybəni deyir: “Heç bir ehtiyac olmadan bədəninin qalan hissəsinə baxmaq – ölünü yuyan olsa belə - məkruhdur, beləliklə də (baxılması) labüd olan istisna olmaqla baxmamalıdır. İbn Aqil dedi: “Çünki bütün bədəni övrət olmuşdur, hörmət olaraq, buna görə də bütün bədənini kəfənlə örtmək məşru edilmişdir.” Sitatın sonu. Dedi: “Beləliklə də ona baxmaq haramdır.[7] Burada məzhəbin mötəbər görüşünə görə ehtiyac olmadan ölünün başından başqa hissəsinə baxmağın məkruh olduğu zikr olunur. İbn Aqilə görə isə bu, haramdır, çünki ona görə ölünün bütün bədəni övrətdir. Deyə bilərik ki, İbn Aqil’in görüşünə əsasən zərurət olmadan ölmüş müsəlmanların şəkillərini paylaşmaq olmaz, hənbəli məzhəbinin görüşünə görə isə ölmüş müsəlmanın bədənindən bir yeri görünürsə onun şəklini yayaraq başqalarına göstərmək məkruh olmalıdır.

Hər bir halda qeyd etməliyik ki, bu gün ölmüş və yaralanmış müsəlmanların, zülmə məruz qalmış məzlumların, acımasız hücumların qurbanlarının şəkillərini paylaşmaq müəyyən məsləhətlərə görə edilir. Bu məsləhətlərdən biri ümumi ictimai rəyi məzlum müsəlmanların xeyrinə dəyişməkdir, ümmətə zülmü və müharibəni dayandırmaq üçün güclü stimul vermək üçündür. Çünki müsəlmanların başına gələn zülm və qətliamı ən çılpaq şəkildə gördükdə insanların çoxunda hərəkət etməyə güclü istək yaranmış olur. Həmçinin məsləhətlərdən biri də İslamın və müsəlmanların düşmənlərini susdurmaq, onların yalanlarını ifşa etməkdir. Çünki şəkillər əyani sübutlar hesab edilir. Həmçinin şəkillərlə cinayəti edənlərin ciyanətləri sənədləşdirilir və insanlara cinayətkarların cinayəti ən aşkar sübutlarla göstərilir. Bu yolla məzlumların imdadına sədəqələrin və zəkat mallarının toplanması asanlaşır. Müsəlmanların qisasını almaq üçün ümmətin cihada olan əzmini gücləndirir. Bu şəkillərin mənfi təsirinə gəldikdə isə bunun olduğunu inkar etmirik, xüsusilə də bu təsirlər insandan insana, cəmiyyətdən cəmiyyətə dəyişə bilər. Lakin ümumən bu cür şəkillər insanlarda qorxu və hüzndən çox qəzəb və qisas istəyi doğurur. Məhz bu səbəbdən müasirlərimizdən bir çox şeyx bu şəkillərin yayılmasındakı məsləhətin daha böyük olduğunu deyiblər.

Ancaq əlavə etməliyik ki, bu şəkilləri paylaşdıqda müsəlmanlar bəzi önəmli məsələlərə diqqət yetirməlidirlər. Biz burada həmin məsələlərdən bəzilərini zikr etməliyik.

-          Müsəlmanlar qadınların şəkillərini paylaşmamalıdırlar, çünki burada qadına və onun yaxınlarına qarşı ihanət vardır.

-          Həmçinin şəkillərdə əgər ölünün övrəti görsənirsə onu paylaşmadan öncə örtmək, bir yolla gizlətmək lazımdır, çünki övrətə baxmaq qadağandır.

-          Həmçinin əgər cəsəd eybəcər hala düşübsə, cəsədlər yarılıbsa və çox qorxunc hala salınıbsa belə şəkilləri yalnız güclü ehtiyac olduqda paylaşmaq olar, əks təqdirdə məkruhdur, çünki sosial şəbəkədə bu şəkilləri qadınlar da görə bilir. Allahın elçisi – salləllahu aleyhi va səlləm – qadınların ölüləri bu halda görməklərini məkruh görmüşdür. İmam Əhməd “əl-Müsnəd” kitabında isnadı ilə Zubeyr’dən belə dediyini rəvayət edir: “Uhud günü bir qadın sürətlə yaxınlaşırdı, hətta ölülərin başı üstündə durmasına az qalmışdı və peyğəmbər – salləllahu aleyhi va səlləm – onları görməsini istəmədi, ona görə də dedi: “Qadın, qadın!” əz-Zubeyr deyir: “Onun Ummu Safiyyə olduğunu gördüm, çıxaraq ona tərəf yüngülcə qaçdım və o, ölülərə çatmamış ona yetişdim. (Onu dayandırdığım üçün) sinəmə vurdu və o, güclü bir qadın idi. Dedi: “Nəbadə, səni didərgin düşəsən!” Dedim: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – səndən bunu tələb edir.” Bundan sonra dayandı, özü ilə gətirdiyi iki köynəyi çıxardı və dedi: “Bu iki köynəyi qardaşım Həmzə üçün gətirdim, onun öldürülməsi xəbəri mənə çatdı, onu bunlarda kəfənləyin!” (Zubeyr) dedi: “O iki köynəyi götürüb gəldik ki, onlarla Həmzəni kəfənləyək və bir də gördük ki, yanında ənsarlardan bir nəfər də öldürülüb və Həmzəyə edilənlər ona da edilmişdi. Ənsarinin heç bir kəfəni olmadığı halda Həmzəni iki köynəkdə kəfənləməkdən həya və ar hiss etdik. Dedik ki, Həmzəyə bir köynək, ənsariyə də bir köynək. Sonra onları ölçdük, biri o birindən böyük idi, aralarında püşk atdıq və hər birini payına düşən köynəklə kəfənlədik.[8] Bu yöndə həssas olmaq lazımdır. Xüsusilə də körpə uşaqlarla bağlı paylaşılan şəkillərdə buna diqqət etmək lazımdır. Çünki eybəcər hala salınmış, yarılmış cüssələri hər insan nəfsi daşıya bilmir.

Bu qədəri ilə kifayətlənirik. Allahın salamı və salavatı sonuncu peyğəmbərimiz Muhəmmədə, onun pak ailəsinə və şərəfli səhabələrinin üzərinə olsun!



[1] “Təfsir ət-Tabəri”, 10/229;

[2] “əl-Kəşf val-Bəyən”, 4/51;

[3] “əl-Bəhr əl-Muhit”, 4/234;

[4] “əl-Qabəs fi Şərh Muvatta Malik bin Ənəs”, 1/438;

[5] “Bəhrul-Məzhəb”, 2/557-558;

[6] “əl-Muntəqa Şərh əl-Muvatta”, 2/2;

[7] “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 1/854;

[8] “Müsnəd Əhməd” (1418); Hədisin isnadı həsəndir.