Qeyri-islami bayramlarda hazırlanan yeməklər

Qeyri-islami bayramlarda bişirilmiş, hazırlanmış xüsusi yeməklər haqqında bir müsəlmanın münasibəti nə olmalıdır? Bu sual Azərbaycanın müsəlmanlarını maraqlandıran suallardan biridir. Xüsusilə də bunun nəticəsində ailələrdə söz-söhbətin ortaya çıxdığını nəzərə alsaq məsələnin əhəmiyyəti daha qabarıq şəkildə görüləcəkdir. Həmçinin Azərbaycanda qeyri-müsəlmanların batil bayramlar münasibəti ilə müsəlmanlara verdikləri hədiyyələri qəbul etməyin hökmü nədir? Qonşuluq, qohumluq əlaqələrində ara-sıra ortaya çıxan belə bir vəziyyətdə müsəlman necə davranmalıdır? Bu suallar bir-biriləri ilə sıx bağlıdır və bunlardan birini anlamaq digərini də anlamaqda kömək edir.

İlk öncə kafirlərin öz bayramları münasibəti ilə bişirdikləri yeməklərin hökmünü öyrənməyimiz lazımdır. Batil bayram münasibəti ilə bişirilmiş əsli halal olan bir şey bu səbəblə öz əsli hökmündən çıxırmı? Təqdim edəcəyimiz yazıda ilk öncə bu nöqtəni dərk etməyimiz önəmlidir. Bu yazımızda qarşımıza qoyduğumuz məqsəd məsələni köklü surətdə həll etmək deyildir, lakin məsələnin ölçülərini işıqlandırmaqdır, ayaq basa biləcəyimiz yerlərin sərhədlərini təyin etməkdir. Bunun üçün fəqihlərin görüşləri ilə tanış olmaq gərəkdir. Yazımızı da onların sözləri üzərində qurduq və faydalı olacağını təmənni edirik.

Maliki alimi əl-Vanşərisi’nin topladığı fətvalar arasındakı bəzi fətvalarda qeyri-müsəlmanların bayramları münasibəti ilə verdikləri hədiyyələri qəbul etmək haqqında söz açılır. Fətvada deyilir: “əl-Qadi Əbu Abdilləh bin əl-Əzraq’dan yəhudilərin “Fitr bayramı” olaraq adlandırdıqları bir bayramlarında xəmir məmulatları bişirərək onlardan müsəlman qonşularına verməkləri haqqında soruşdular; bunu onlardan qəbul etmək və yemək icazəlidir ya yox? Belə cavab verdi: Kafirin hədiyyəsini qəbul etmək məkruh hökmündə olaraq qeydsiz-şərtsiz qadağandır. İbn Rüşd dedi: “... çünki hədiyyələr ilə qəsd olunan sevilməyə nail olmaqdır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiz və (aradakı) nifrət aradan qalxsın!”.” Onlarla dostlaşmağın və onlara sevgi bəsləməyin bizə qadağan edildiyini qəsd edir, çünki Allahu Təalə deyir: “Ey iman gətirənlər! Mənim düşmənimi və sizin düşməninizi dostlar edinməyin!” Əgər (verdikləri hədiyyələr xüsusilə) bayramlarında düzəltdiklərindəndirsə qadağa haramlıq həddinə çatırmı? Aşkar olan budur ki, (bu halda) hökm ağır məkruhluq dərəcəsinə çatır. Şeyx Əbul-Həsən əl-Qabisi’nin əcəmilərin bayramlarında onlara bənzəyərək müsəlmanların düzəltdikləri bir şeydən ibarət olan hədiyyəni qəbul etməyin qadağan olması barəsində dediyi sözlərdən daha bir hökm çıxararaq Şeyx Əbu Abdilləh bin Arafə deyir: “Buna əsasən nəsranilərin bayramlarında müsəlmanlara verdikləri hədiyyələri qəbul etmək halal deyildir, yəhudilərdə də eyni hökm keçərlidir.” (İbn Arafə) dedi: “Müsəlmanların cahillərinin çoxu onlardan əl-Fətira bayramında hədiyyələri qəbul edirlər.” “əl-Mədxal” kitabının sahibi İbnul-Həcc’in bu barədə ağır və şiddətli sözləri vardır, onlardan hədiyyə qəbul etməyi - xüsusilə də əgər (hədiyyəni qəbul edən) müsəlmanlar arasında barmaqla göstərilən biridirsə və onların arasında avtoriteti ilə seçilən biridirsə - inkar etməkdə ağır sözlər işlətmişdir. Heç bir şəkk yoxdur ki, kim irzini və dinini qoruyan, şübhəli yerlərə tələsərək dalmaqdan çəkinən, cəhalətə nisbət edilmək rəzalətinə və belə bir məqamda dinin düşmənindən hədiyyə qəbul etmək alçaqlığına düşməmək üçün öz dəyərini saxlayan biridirsə onun üçün ən yaxşısı bu iki mübarək şeyxin razı qaldıqları görüşün tələbi ilə əməl etməkdir. Doğrusunu Allah bilir və müvəffəqiyyət Ondandır.[1] İki şeyx dedikdə əl-Vanşərisi bununla İbnul-Əzraq[2] və İbnul-Həcc’i qəsd edir. Fətvada adı keçən digər bir alim isə Əbul-Həsən Əli bin Muhəmməd bin Xaləf əl-Məafiri əl-Qaravi əl-Qabisidir. Məşhur maliki alimidir, mühəddisdir, fəqihdir. Hicri 324-cü ildə Tunisdə anadan olub və orada hicri 403-cü ildə vəfat etmişdir. Onun sözləri bir başa bizim mövzumuzla əlaqədadır, çünki əcəmilərə bənzəyərək onların bayramlarını keçirmək və o bayramlara xas olan yeməklər bişirmək mövzumuzun obyektidir. əl-Qabisi’yə görə bu yeməkləri yemək hər kəsə qadağandır. əl-Vanşərisi’nin qeyd etdiyi bu fətvadan anladığımız budur ki, maliki alimləri ümumən kafirlərin hədiyyələrini qəbul etməyi qadağan edirlər. Qadağa ilə bunun haram yox, lakin məkruh olduğunu qəsd edirlər. Buradan həm də anlayırıq ki, xüsusilə öz bayramlarında hazırlanmış yeməkləri qəbul etmək harama yaxın olan məkruh hökmündədir. Maliki alimlərindən Əbu Abdilləh Muhəmməd bin Əhməd ibn Uleyş deyir: “Nəsranilərin bayramlarında müsəlmanlara verdikləri hədiyyələri qəbul etmək halal deyildir, yəhudilərdə də hökm eynidir.[3] Malikilərdə ümumən bunun hökmü məkruhdur. Həmçinin yeni il bayramı haqqında maliki alimi Əbul-Əsbəğ’ə verilmiş suala cavabında bu məsələləri toxunur. əl-Vanşərisi qeyd edir ki, “Əbul-Əsbəğ İsa bin Muhəmməd ət-Təmili’dən insanların “milad” adlandırdıqları yanvar gecəsi haqqında soruşdular; ona hazırlaşmaq üçün xüsusi səy göstərirlər, onu bayramlardan biri halına gətiriblər, öz aralarındakı bağları gücləndirmək üçün bir-birilərinə cürbəcür yeməklər, müxtəlif növdə hədiyyələr, sovqatlar verirlər və həmin günün sabahında kişilər, qadınlar həmin günə ehtiram əlaməti olaraq işlərini tərk edirlər və onu ilin başlanğıcı hesab edirlər. Allah sənə xeyir nəsib etsin, sən, bunu etməyin və özünün və ya zövcəsinin qohumlarından birinin o bayram üçün hazırlanmış yeməyə göndərdiyi dəvətini qəbul etməyin müsəlmana halal olmayan, haram olan bidət bir əməl sayırsanmı?... “ Məktub olaraq göndərilmiş bu sualın cavabında Əbul-Əsbəğ deyir: “Məktubunuzda yazdığınızın hamısı elm əhlinə görə haramdır. Sənin zikr etdiyin kimi bunu şiddətlə qınayan hədislər rəvayət olunub. Həmçinin rəvayət olunub ki, Yəhyə bin Yəhyə əl-Leysi demişdir: “Miladda nə bir nəsranidən, nə də bir müsəlmandan hədiyyələr (qəbul etmək), nə də (o gün ilə bağlı) ziyafət dəvətini qəbul etmək, nə də onun üçün hazırlaşmaq caiz deyildir. Digər günlər kimi keçirilməsi lazımdır... ”[4] Əbul-Əsbəğ’in sözlərinə əsasən bu əməl məkruh deyil, haramdır. Yəhyə bin Yəhyə əl-Leysi isə məşhur maliki alimidir, əndəlüs fəqihlərindəndir, İmam Malik’dən “əl-Muvatta” kitabını rəvayət edən məşhur alimdir. Onun bu sözlərinin eynisini digər maliki alimi Səhnun demişdir. Ümumən malikilərdə bu əməl məkruh sayılır. Əhməd əd-Dərdir adı ilə tanınmış maliki fəqihi Əhməd bin Əhməd bin Əbi Həmid əl-Adəvi əl-Əzhəri “əş-Şərh əl-Kəbir” kitabında deyir: “Bizə onların onun üçün, yəni xaç üçün və ya İsa üçün sədəqə verdiklərini qəbul etmək məkruhdur, həmçinin piroq və yumurta kimi bayramlarında hədiyyə verdiklərini də qəbul etmək eyni hökmdədir.[5]Yəni məkruhdur.

İmam Əhmədin məzhəbinə görə heyvanın batil bayramlar üçün kəsilmiş olmasının heyvanın hökmünə təsiri yoxdur. Buna əsasən demək olar ki, yeməyin də batil bayramlar üçün bişirilməsinin yeməyin əsli hökmünə təsiri olmamalıdır. əl-Kəvsəc bu barədə İmam Əhməd’ə deyir: “Dedi: Sufyan (əs-Səvri)dən soruşdum: ilahları üçün kəsməsi üçün məcusi müsəlmana qoyun verir və müsəlman onu kəsir, (kəsərkən) Allahın adını çəkir. Müsəlman ondan yeyə bilərmi? (Sufyan) dedi: “Bunda hər hansı bir problem görmürəm.” Əhməd dedi: “Doğru söylədi.[6] Bunu əl-Xalləl “əl-Cəmi” kitabında Əhməd bin Muhəmməd bin Həzim vasitəsi ilə İshaq bin Mənsur əl-Kəvsəc’dən rəvayət etmişdir. Buna əsasən kəsilən heyvan əgər şəriət yolu ilə kəsilirsə və müsəlman onu Allahın adı ilə kəsirsə, məcusinin heyvanı hazırlama qəsdinin hökmə təsiri olmamalıdır. Ümumən hənbəli fəqihləri bu görüşdədirlər. Muvaffəqud-Din İbn Qudəmə deyir: “Onların kilsələri və bayramları üçün kəsdiklərinə gəldikdə isə, baxırıq: əgər onu onlar üçün bir müsəlman kəsibsə o, mübahdır. (İmam Əhməd) bunu aşkar sözlərlə bildirib. Əhməd və Sufyan əs-Səvri öz ilahı üçün kəsən məcusinin qoyunu kəsməsi üçün müsəlmana verməsi, beləliklə də müsəlmanın (kəsərkən) Allahın adını çəkməsi haqqında dedilər ki, ondan yemək icazəlidir. İsmail bin Said dedi: Əhməddən ilahları üçün kəsilən qurban haqqında soruşdum; onu bir müsəlman kişi kəsirsə, dedi: “Bunda bir problem yoxdur.” Əgər onu kitab əhlindən biri kəsərsə və tək Allahın adını çəkərsə o da həmçinin halal olar, çünki halallığın şərti mövcuddur. Əgər bilinsə ki, (kəsərkən) Allahdan qeyrisinin adını çəkibsə və ya qəsdən Allahın adını çəkməyibsə halal olmaz. Hənbəl dedi: Əbu Abdilləhi belə deyərkən eşitdim: “Yeyilməz; yəni bayramları və kilsələri üçün kəsilənlər (yeyilməz), çünki o, Allahdan qeyrisi üçün kəsilmişdir.” Bir başqa yerdə deyir: “Qəsdən Allahın adını çəkmirlər, onu yalnızca Məsih üçün kəsirlər.” Bundan başqalarına gəldikdə isə mütləq olaraq kilsələri və bayramları üçün kəsilmiş heyvanların məkruh olması Əhməddən rəvayət olunub və bu, Meymun bin Mihran’ın görüşüdür, çünki Allahdan qeyrisi üçün kəsilmişdir. (İmam) Əhməddən bunun mübah olması (görüşü də) rəvayət olunub. Bu barədə əl-İrbad bin Səriyə’dən soruşublar və deyib: “Yeyin və məni də yedizdirin!” Bunun eynisi Əbu Uməmə əl-Bəhili’dən və Əbu Muslim əl-Xavləni’dən də rəvayət olunub. Bunu Əbud-Dərdə və Cubeyr bin Nufeyr yemişdir. Amr bin əl-Əsvad, Məkhul və Damra bin Həbib bunda rüxsət olduğunu deyiblər, çünki Allahu Təalə deyir: “Kitab verilənlərin yeməkləri sizə halaldır.” Bu da onların yeməklərindəndir. əl-Qadi (Əbu Yalə) deyir: “Kitab əhlindən birinin bayramı üçün və ya bir ulduz üçün və ya bir büt üçün və ya bir peyğəmbər üçün kəsdiyi və üzərində onların adını çəkdiyi heyvan haramdır. “Allahdan başqasının adı ilə kəsilmiş...” (əl-Maidə, 3) Lakin əgər tək Allahın adını çəkərsə halal olar, çünki Allah Təalə deyir: “Üzərində Allahın adı çəkilənlərdən yeyin!” (əl-Ənam, 118) Lakin qəlbində Allahdan başqası üçün kəsməyi qəsd etdiyi üçün məkruhdur.[7] Bu izahdan anlaşılan budur ki, qəsd heyvanı haram və ya halal etmir. Əsas etibara alınan heyvanın kimin tərəfindən kəsilməsi və üzərində Allahın adının çəkilməsidir. Buna əsaslanaraq demək olar ki, müsəlmanın kafirlərə bənzəyərək qeyd etdiyi bayramlarda kəsdiyi heyvanlar halal hökmündən kənara çıxmır. O heyvanlardan yemək olar. Bu mənanı biz həm də Əbul-Bərakət Məcdud-Din İbn Teymiyyənin sözlərindən də anlaya bilirik: “Əgər kitab əhlindən biri öz bayramı üçün və ya təzim etdikləri şeydən birinə yaxınlaşmaq üçün kəsərsə haram olmaz. (Kəsərkən) üzərində Allahdan başqasının adını çəkməsi halı isə istisnadır; bu barədə (Əhməddən) aşkar sözlərlə gəlmiş iki rəvayət vardır ki, mənə görə bu ikisindən ən səhihi bunun haram olmasıdır.[8] Bu görüş məzhəbin görüşüdür, hənbəli fəqihlərində etibar olunan görüş budur. İmam Əhməddən gələn digər rəvayətə əsasən bu məqsədlər üçün kəsilmiş heyvanlar kəsənin kimliyindən asılı olmayaraq, kəsilərkən Allahın adının çəkilməsindən asılı olmayaraq haramdır. Bu rəvayətə Şeyxul-İslam İbn Teymiyyə üstünlük vermişdir. İbn Muflih “əl-Furu” kitabında deyir: “Əgər öz bayramı üçün və ya təzim etdikləri şeydən birinə yaxınlaşmaq məqsədi ilə kəsərsə haram olmaz. Ondan (gələn ikinci rəvayətə görə isə) əksinə (haramdır). Bunu şeyximiz seçmişdir.[9] Şeyximiz dedikdə İbn Teymiyyə’ni qəsd edir. Həmçinin İbn Qudəmə’nin “əl-Muqni” kitabında – “əgər öz bayramı üçün və ya təzim etdikləri şeydən birinə yaxınlaşmaq üçün kəsərsə haram olmaz.” – şəklində söylədiyi sözlərə toxunan Aləud-Din əl-Mərdəvi deyir: “(Əhməd) bunu aşkar sözlərlə bildirib. Məzhəbin görüşü budur. “əl-Muhərrar”, “ən-Nəzm”, “ər-Riayə əs-Suğra”, iki “əl-Həvi” kitabı, “əl-Vaciz” və digər kitablarda yalnız bu görüşü zikr etmişlər və “ər-Riayə əl-Kubra”, “əl-Furu”, İbn Munəccə’nin şərhi və digər kitablarda isə bu görüş birinci olaraq qeyd olunur. əz-Zərkəşi deyir: “Bu, məzhəbimizdir.” Ondan (gələn ikinci görüşə görə): haramdır. Bunu Şeyx Təqiyyud-Din – rahiməhullah – seçmişdir. İbn Munəccə şərhində deyir: “İbn Aqil “əl-Fusul” kitabında deyir: “Mənə görə bu, leş olur, (çünki Allah deyir): “Allahdan başqasının adı ilə kəsilmiş...” (əl-Maidə, 3)” əl-Mərdəvi bu şəkildə görüşləri təsbit etmişdir. Lakin əl-Mərdəvi daha sonra önəmli nöqtəyə diqqəti çəkərək deyir: “Diqqət: Bu dediklərimiz üzərində Allahın adı çəkilmiş heyvanlara aiddir. Amma üzərində Allahdan başqasının adı çəkilənlərə gəldikdə isə “əl-Muhərrar” və “əl-Həvi əl-Kəbir” kitablarında (Məcdud-Din İbn Teymiyyə) deyir: “Bu barədə (Əhməddən) aşkar sözlərlə gəlmiş iki rəvayət vardır ki, mənə görə bu ikisindən ən səhihi bunun haram olmasıdır.” (İbn Muflih) “əl-Furu”da deyir: “Allahu Təalədən başqasının adı çəkilmiş heyvan ən səhih görüşə görə haramdır. Müəllif (İbn Qudəmə) və başqaları bu görüş üzərində qərar tutublar. İki “ər-Riayə” və “əl-Həvi əs-Sağir” kitabında birinci olaraq bu görüş qeyd olunub.[10] əl-Mərdəvi bununla da iki məsələ arasında ayırım etmişdir. Yəni məqsədin batil olmasının həqiqətdə hökmə təsiri yoxdur, lakin üzərində Allahın adının çəkilib çəkilməməsinin və ya Allahla bərabər başqasının adının çəkilməsinin hökmə təsiri vardır. Lakin əgər Allahın adının çəkilib çəkilmədiyini bilmiriksə məkruh sayılır. Şərafud-Din Musa bin Əhməd əl-Həccəvi “əl-İqna” kitabında deyir: “Əgər (nəsrani) bayramı üçün və kilsəsi üçün və ya məcusi öz ilahları üçün və ya Venera üçün və ya ulduzlar üçün kəsmək (istər)sə; əgər onu bir müsəlman (Allahın) adını çəkərək kəsibsə mübahdır, əgər kitab əhlindən biri kəsibsə və Allahın adını çəkibsə, Ondan başqasının adını çəkməyibsə halaldır və məkruhdur. Ondan gələn ikinci rəvayətə görə haramdır; bu görüşü Şeyx seçmişdir.[11] əl-Həccəvi kitabında Şeyx dedikdə İbn Teymiyyə’ni qəsd edir. əl-Həccəvi bunun məkruh olduğunu demişdir və bu, tənzihi məkruhluqdur, yəni halala daha yaxındır. Təqiyyud-Din İbnun-Nəccər əl-Fətuhi “Muntəhə əl-İradət” kitabında deyir: “Əgər kitab əhlindən biri... bayramı üçün və təzim etdiyi bir şeyə yaxınlaşmaq üçün kəsərsə, əgər üzərində yalnız Allahın adını çəkərsə bizə haram olmaz.[12] Məkruh olduğunu zikr etməmişdir. Lakin əl-Kərmi “əl-Ğayə” kitabında məkruh olduğunu demişdir. Mustafa ər-Ruheybəi “Mətalibu Ulin-Nuhə” adlı şərhində məkruh olmasının səbəbini belə izah edir: “Bunun məkruh olması bu məsələdə ixtilafın olmasına görədir.[13] Çünki digər alimlər bunun haram olduğunu deyiblər.

 

İmam İshaq bin Rahaveyh isə İmam Əhmədə verilmiş eyni sualın cavabında deyir: “Bu halda müsəlmanın onu kəsməsi doğru deyildir və onun yeyilməsini məkruh sayıram.[14] Yəni əgər məcusi müsəlmandan onun üçün heyvan kəsməsini xahiş edərsə və müsəlman məcusinin bu heyvanı öz bayramları üçün və ya ibadətgahları üçün kəsdiyini bilirsə onu kəsməsi halal deyildir və əgər kəsərsə ondan yemək olmaz. İshaq bin Rahaveyhin görüşü budur. İmam Əbu Bəkr İbnul-Munzir ən-Nisəburi deyir: “Onların öz kilsələri üçün kəsdiklərində ixtilaf etdilər. Bir qrup onun yeyilməsini məkruh görmüşdür. Bunu məkruh görənlər arasında Meymun bin Mihran, Həmməd, ən-Nəxai, Malik, əs-Səvri, rəy əhli və əş-Şafi vardır. Aişə dedi: “Onu yemə!” Bir qrup alim isə bunun yeyilməsinə rüxsət vermişdir. Buna rüxsət verənlər arasında Əbud-Dərdə, Əbu İməmə əl-Bəhili, əl-İrbəd bin Səriyə, əl-Qasim bin Muxeyməra, Həmzə bin Həbib, Əbu Muslim əl-Xavləni, Amr bin əl-Əsvad, Məkhul, Cubeyr bin Nufeyr və əl-Leys bin Sad vardır.[15] əs-Səvri’ni bunu məkruh sayanlar arasında zikr etmişdir, lakin onun sözləri daha əvvəl qeyd olundu və o, bu məsələdə İmam Əhməd ilə eyni görüşdədir. İbnul-Munzir deyir: “Bir məcusinin öz atəşi üçün bir qoyunu saxlayıb kökəltməsi və bir müsəlmanın onu kəsməsi haqqında ixtilaf etdilər; əl-Həsən əl-Bəsri və İkrimə bunu məkruh görmüşdür. Lakin İbn Sirin buna rüxsət vermişdir. Əbu Bəkr (İbnul-Munzir) dedi: Əgər onu bir müsəlman kəsibsə və üzərində Allahın adını çəkibsə müsəlman ondan yeyə bilər.[16]

İmam Əhmədin və onun məzhəbinə tabe olmuş hənbəli fəqihlərinin bayramlarda kəsilmiş heyvanlar haqqındakı sözünə əsaslanaraq bişirdikləri digər yeməklərə də aid etmək olar, lakin yeməyin özlüyündə əslən mübah olması şərtdir. Bunu dəstəkləyən məqam budur ki, İmam Əhməd kitab əhlinin öz bayramlarında bazarlarında satdıqları yeməkləri almağı caiz görmüşdür. Qadağan olunan bayramlara müvafiq olmaq, onlara bənzəməkdir.

Malikilərin bu nöqtədə zikr etdikləri fərq çox önəmlidir. Belə ki, onlara görə kitab əhlinin kəsdiklərini bir baxımından iki qismə ayırmaq olar. Yemək üçün yox, lakin xaç üçün və ya kilsə üçün kəsilən heyvanlar, bayram günlərində kəsilən, lakin özlərinin yeməkləri üçün nəzərdə tutulan kəsimlər. Bunlardan birincisi malikilərə görə haramdır, lakin ikinci qisim isə haram deyildir, amma məkruhdur. Maliki alimi Əbul-Valid İbn Rüşd deyir: “Malik dedi: Kitab əhlinin bayramlarına və kilsələrinə görə kəsdikləri və hazırladıqlarını yeməyi xoş qarşılamıram, onu haram da görmürəm. İbnul-Qasim dedi: Onu yemək mənim üçün xoş deyildir. İsa dedi: Onda heç bir problem görmürəm. İbn Vəhb də bunun eynisini dedi. Səhnun dedi: “Bayramları üçün kəsdikləri heç bir şeyi yeməyi halal görmürəm, lakin özləri üçün kəsdiklərində bir problem yoxdur. Malik öz bayramları və kilsələri üçün kəsdiklərini məkruh gördü, çünki bu halı Allahın – azzə va cəllə - bu sözlərinə bənzətmişdir: “Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa...” (əl-Ənam, 145) Haram görməmişdir, çünki ayənin onu da öz əhatə dairəsinə aldığını düşünmür, sadəcə olaraq bənzədiyini görür, çünki ona görə ayənin mənası özlərinin yemədiyi heyvanlardan ilahları üçün kəsdikləridir. Səhnun isə (Malikdən fərqli olaraq) ayənin onu da əhatə dairəsinə aldığını düşündüyü üçün onu haram saymışdır. Buna icazə verənlər isə bunun onların yeməklərindən olması səbəbilə icazə vermişdir. Allah – azzə va cəllə - demişdir: “Sizə kitab verilənlərin yeməkləri sizlərə halaldır.[17] Bir başqa yerdə deyir: “Ondan (yəni Əşhəbdən) kilsələr üçün kəsilənlər haqqında soruşdum, dedi: “Onu yeməkdə heç bir problem yoxdur.” Malik “əl-Mudəvvanə” kitabında bayramları və kilsələri üçün kəsdiklərinin yeyilməsini məkruh görmüşdür və bu barədə Allahın – azzə va cəllə - “Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlar...” sözünü təvil etmişdir. Əşhəb’in sözündəki baxış açısı isə budur ki, kilsələri üçün kəsdiklərindən yeyirlərsə onun bizim üçün halal olması lazımdır, çünki Allahu Təalə deyir: “Kitab verilənlərin yeməyi sizin üçün halaldır.[18] Bu, ümumən maliki məzhəbində bilinən görüşdür. Bu görüş ümumən onların bayramları üçün hazırladıqları yeməklərə aid edilə bilər. Maliki fəqihi, Məğribin hafizi Əbu Ömər İbn Abdil-Bərr ən-Nəmiri deyir: “Malik kafirlərin bayramları üçün hazırladıqları yeməkləri məkruh görmüşdür və onun Allahdan başqasının adı ilə kəsilmiş heyvandan olmasından qorxmuşdur.[19] Əbul-Valid İbn Rüşd əl-Cədd’in nəvəsi, İbn Rüşd əl-Həfid adı ilə tanınmış Əbul-Valid Muhəmməd bin Əhməd əl-Qurtubi “Bidəyətul-Muctəhid” kitabında deyir: “Əgər onların (heyvanı) bayramları və kilsələri üçün kəsdikləri bilinirsə alimlərdən kimisi bunu məkruh görmüşdür və bu, Malikin görüşüdür. Onlardan eləsi də var ki, bunu mübah görmüşdür və bu, Əşhəb’in görüşüdür. Onlardan bəziləri isə bunu haram görüblər və (bunu haram sayan) əş-Şafi’dir.” İbn Rüşd bunu dedikdən sonra onların ixtilaf etməklərinin səbəbini belə izah edir: “Onların ixtilaf etməklərinin səbəbi Quranın iki ümumunun bu mövzuda bir-birinə qarşı olmasıdır. Belə ki, Allahu Təalə’nin “Kitab verilənlərin yeməkləri sizə halaldır” (əl-Maidə, 5) sözünün Onun “Allahdan başqasının adı ilə kəsilmiş...” (əl-Maidə, 3) sözünü xüsusiləşdirmiş olması möhtəməldir. (Həmçinin) Onun “Allahdan başqasının adı ilə kəsilmiş...” sözünün Onun “Kitab verilənlərin yeməkləri sizə halaldır” sözünü xüsusiləşdirmiş olması da möhtəməldir. (Alimlərdən) Allahın “Allahdan başqasının adı ilə kəsilmiş...” sözünün Onun “Kitab verilənlərin yeməkləri sizə halaldır” sözünü xüsusiləşdirdiyini hesab edənlər deyir: “Kilsələr və bayramların adına kəsdikləri (heyvan) caiz deyildir.” Bunun əksinə olduğunu hesab edənlər isə caiz olduğunu deyirlər.[20] Maliki alimlərindən Şeyx Əhməd əs-Savi deyir: “Yekun budur ki, yemək qəsdi ilə - hətta bayramlarında və ya şad günlərində olsa belə - özləri üçün kəsərlərsə kitab əhlinin kəsdiyi yeyilə bilər, lakin məkruhdur.[21]

Beləliklə bütün bunlardan anlayırıq ki, maliki və hənbəli alimlərinə görə əgər heyvanın üzərində Allahın adı çəkilərsə, lakin heyvan kitab əhlinin bayramı üçün, yəni bayramda yeyilməsi üçün kəsilirsə belə heyvan haram deyildir, lakin məkruhdur. İmam Əhməd’dən gəlmiş məşhur rəvayətə görə əgər bir müsəlman bunu onlar üçün kəsibsə onun ətindən yemək mübahdır, məkruh deyildir və bu, həm də Sufyan əs-Səvri’nin görüşüdür. İmam əş-Şəfi və İshaq bin Rahaveyh’ə görə haramdır.

Şafi’i alimlərindən İmam Mücahid Əbu Zəkəriyyə İbnun-Nəhhəs əd-Diməşqi deyir: “Bil ki, bidətlərin ən murdarı və ən çirkini yeməklərində, əməllərində onlara bənzəməklə, onlara hədiyyə verməklə və bayramlarında hədiyyə olaraq verdikləri yeməkləri qəbul etməklə müsəlmanların nəsranilərə bayramlarında müvafiq olmasıdır. Misir xalqı bu bidətdən çox əziyyət çəkib və bunda dində zəiflik, xristianların sayını çoxaltmaq və onlara bənzəmək kimi hallar vardır ki, bunların heç biri gizli deyildir. Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Kim bir qövmün çoxluğunu artırarsa o da onlardandır və kim bir qövmə özünü bənzədərsə o da onlardandır.” Bayramlarda tərəflərin bir-birilərinə hədiyyə verməsi onlarla hədiyyənin verildiyi müsəlmanın arasını yaxınlaşdırır və ona (digər din əhlini) sevməyi və bəyənməyi öyrədir. Allah – təalə - deyir: “Allaha və axirət gününə iman gətirən elə bir qövm görməzsən ki, Allah və Onun peyğəmbərinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə - dostluq etsinlər.” (əl-Mucədələ, 22) Üstəlik onlara müvafiq olmaqda onların dinlərini təzim etməyə, dinlərində və çıxardıqları qayda-qanunlarında onlara qibtə etməyə güclü bir işarə vardır. Müsəlmanlar onları inkar etmək əvəzinə susmaq ilə və onlara xoş üz göstərmək ilə kifayətlənmədilər, daha da irəli gedərək onların hədiyyələrini qəbul etdilər, üstəlik özləri də onlara onların (həmin bayramlarda) adət olaraq yedikləri şeyləri hədiyyə verdilər. Bununla da kifayətlənməyib yaltaqlıqda irəli gedərək onların yediklərində və etdiklərində özlərini onlara bənzətdilər və bir-birilərini onlara bənzəməkdən çəkindirmədilər. Şübhəsiz ki, biz Allaha aidik və Ona geri dönəcəyik! İbnul-Həcc dedi: “İbnul-Qasim müsəlmanın xristiana bayramında hədiyyə verməsini sevmədi. Bunu onun bayramını təzim etmək və küfrünün məsləhətində ona yardım etmək hesab etdi. Görmürsənmi ki, xristianların bayramlarının məsləhəti üçün onlara bir şey satmaq, nə ət, nə çörək ədvası, nə də paltar satmaq müsəlmanlara halal deyildir?! Bayramlarında onlara heç bir şeydə kömək etmək olmaz, çünki bu, onların şirkini təzim etmək və onlara küfrlərində kömək etmək sayılır. Müsəlmanları bu işlərdən uzaq tutmaq sultanların məsuliyyətidir. Bu, Malikin və digər alimlərin görüşüdür və bunda ixtilaf edildiyini bilmirəm.” Onların bunda etdiyi əməlləri çirkindir, hər kəs tərəfindən bilinir və hər kəs tərəfindən müşahidə olunur, heç kəsdən gizli deyildir. Novruz bayramında hərisə[22] və zələbiyə[23] kimi novruzda yeyilən yeməklərə müsəlmanların maraq göstərməsi bunun misalıdır... Həmçinin o günü uşaqlar üçün, hətta böyüklər üçün də yumurtalar rəngləyirlər və cahil kişilər bu işdə onlarla razılaşırlar. Bunun çirkin olduğunu bilənlər də dini ciddiyə almamaq, bidəti küçümsəmək və inkar edilməsi vacib olan işlərdən üz döndərmək yolu ilə buna razılaşırlar, hətta sən rənglənmiş yumurtaların satılmadığı, qumar oynanılmadığı və ya qumarda qazanılmış şeyləri almayan birinin olmadığı bir bazar və ya bir məkanı çox az tapa bilərsən və heç kim bunu inkar etməz, heç kəs qadağan etməz və heç kəs Allah üçün onları biabır etməz. Həqiqətən Allaha aidik və Ona geri dönəcəyik... Bunların hamısı çirkin bidətdir, murdar adətlərdir. Nə Allahın, nə Onun elçisinin və nə də dini üçün qeyrət çəkən hər hansı bir kəsin razı olmadığı sonradan uydurulmuş işlərdir. Bunda kitab əhlinin bayram mövsümlərini təzim etmək, onlara batil dinlərində qibtə etmək və həm şəriətdə, həm də örfdə çirkin sayılan əməllərində onlara bənzəmək halları vardır ki, bunların çirkinliyinin isbatı üçün heç bir dəlilə ehtiyac yoxdur. Doğru yoldan sapmış kəsdən başqa heç kimsə bunda tərəddüd etməz.  Bu, ən fahiş bidət və çirkin münkərdir. “Allahın sapdırdığına hidayət edən tapılmaz.[24] İbnun-Nəhhəs’in bu sözlərinin zahirindən bu əməllərin haram yoxsa məkruh olduğunu demək çətindir, lakin şafi’ilərdəki məşhur görüşə əsasən kafirlərə bayramlarında bənzəmək ümumən məkruh hökmünə daxildir. Bu barədə şafi’i fəqihi Alləmə İbn Həcər əl-Heytəmi əl-Məkki’yə belə bir sual verirlər: “Kafirlərin bəzi bayramlarında əhəmiyyət verməklərindən çıxış edərək bir faydası olmayan, şikarı öldürməyən, sadəcə olaraq kafirlərin oyunu üçün hazırlanmış kiçik yaylar ilə oynamaq, şəkərdə bişirilmiş çoxlu banan yemək, sarı rəngə boyanmış paltarları uşaqlara geyindirmək, birinin o biri yanında muzdlu işçi olması səbəbilə onlarla onun arasında bir bağlılıq varsa novruza və bənzəri bayramlara hörmət baxımından onlara əlbisələr, cib xərci vermək halaldırmı? Belə ki, kafirlərin uşaqları, böyükləri, zəifləri, aristokratları, hətta kralları belə bu kiçik yaylara, onlarla oynamağa, şəkərdə bişirilmiş çoxlu banan yeməyə çox böyük əhəmiyyət verirlər, həmçinin uşaqlara sarıya boyanmış paltarlar geyindirmək, onlarla əlaqəsi olan kəslərə paltarlar və cib xərci verməyə əhəmiyyət verirlər. Onlar o günü hər hansı bir bütə və ya başqa bir şeyə ibadət etmirlər. Bu bayram ay, Şir bürcündə Dabih ulduzu tərəfdə olduqda olur və müsəlmanlardan bir qrup onların bu fellərini gördükdə onlar kimi edirlər. Onların bayramlarına hörmət etmək etiqadı olmadan və ya onları nümunə götürmədən bir müsəlman onların etdiklərinin eynisini edərsə küfr edirmi və ya günah qazanırmı ya yox?” Bu sualın cavabında əl-Heytəmi deyir: “Bunlardan bir şeyi etməklə küfr etmir. Əshabımız (yəni şafi’i alimləri) açıq şəkildə bildiriblər ki, “əgər belinə zünnar bağlayarsa və ya başına məcusilərin papağını qoyarsa tək bu əməlinə görə kafir olmaz.” O zaman sualda zikr olunan əməllərə görə küfr etməmiş olması daha münasibdir. Bu, aşkardır. Hətta kafirlərə bənzəməyi qəsd edərək bu adı keçən əməlləri edərsə haram etmiş sayılmaz, lakin küfrlərinə bənzəmək qəsdi olmamaq şərti ilə; əks təqdirdə qəti şəkildə küfr etmiş olar. Yekun budur ki, əgər küfrün şüarlarında onlara bənzəmək qəsdi ilə bunu edərsə küfr etmiş olur. Amma əgər küfrə nəzər yetirmədən sadəcə olaraq bayramın şüarlarında bənzəyərsə küfr etmiş sayılmaz, lakin günah qazanmış olur. Əgər heç bir baxımdan onlara bənzəməyi qəsd etməzsə üzərinə heç bir günah düşməz. Sonra son dönəmdə yaşamış imamlarımızdan birinin mənim dediklərimə uyğun gələn sözləri ilə qarşılaşdım, belə ki, o deyir: “Bidətlərin ən çirkini yeməklərində onlara bənzəməklə, onlara hədiyyə verməklə və o gündə hədiyyələrini qəbul etməklə müsəlmanların nəsranilərə bayramlarında müvafiq olmasıdır. İnsanlar arasında buna ən çox etina göstərənlər misirlilərdir. Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Kim bir qövmün çoxluğunu artırarsa o da onlardandır və kim bir qövmə özünü bənzədərsə o da onlardandır.” Hətta İbnul-Həcc deyir: “Müsəlmanın xristiana onun bayramının məsləhəti üçün bir şey satması, nə ət, nə çörəklə yeyilən bir şey, nə də paltar satmaq halal deyildir. Onlara heç bir şeyi – bu şey heyvan belə olsa – borca vermək olmaz, çünki bu, onlara küfrlərində kömək etmək sayılır. Müsəlmanları bu işlərdən uzaq tutmaq sultanların məsuliyyətidir.” Həmçinin (müsəlmanların) Novruz bayramında hərisə yeməyə maraq göstərməkləri, zəifliyi, xəstəliyi dəf etdiyini iddia edərək “Xamisul-İydeyn”də xüsusi qoxu tüstülərindən yeddi dəfə istifadə etməkləri, yumurtaları sarı, qırmızı rəngə boyamaqları ... və bundan başqa çıxardıqları bidətlər buna misaldır. Onlara (yəni nəsranilərə) bayramlarını aşkarda nümayiş etdirməyi qadağan etmək vacibdir.[25] İbn Həcər əl-Heytəmi “son zamanda yaşamış imamlarımızdan biri” dedikdə bununla İbnun-Nəhhəs’i qəsd edir. əl-Heytəmi’nin sözlərindən anlaşılan budur ki, əgər müsəlmanlardan kimsə kafirlərin bayramını qeyd edirsə və bununla onların küfr şüarlarına təmiz göstərməyi qəsd edirsə kafir olur, əgər küfr şüarlarına yox, lakin kafirlərin bayramlarını bəyənmək baxımından onlara bənzəməyə çalışaraq o bayramı keçirirsə bu, məkruhdur, lakin bununla qəsdi kafirlərə bənzəmək deyilsə, o zaman bu, hə haramdır, nə də məkruhdur. Bəzi imamlar isə bu nöqtədə niyyəti etibara almayıblar. Misal üçün əl-Hafiz əz-Zəhəbi deyir: “Əgər kimsə desə ki, biz onlara bənzəməyi qəsd etmirik ona belə cavab vermək olar: Onlara müvafiq olmaq və bayramlarında, mövsümlərində iştirak etməyin özü haramdır və dəlili Allahın elçisindən – salləllahu aleyhi va səlləm -  gəlmiş səhih hədisdir ki, o, “günəşin çıxdığı vaxtda və batdığı vaxtda namaz qılmağı qadağan etmişdir.” Dedi: “O, şeytanın iki buynuzu arasında çıxır və o anda kafirlər ona səcdə edirlər.” (O zaman) namaz qılan (müsəlman) onu qəsd etmir, əgər qəsd etsəydi küfr etmiş olardı, lakin onlara bunda müvafiq olmaq və onlara şərik olmaq özlüyündə haramdır.[26] Bu sözlərdən anlayırıq ki, əz-Zəhəbi burada niyyəti etibara almır, lakin bir başqa kitabında məsələyə bir qədər fərqli yanaşaraq deyir: “Zimmə əhlinə milad, xamis və novruz bayramında bənzəməyə çalışmaq isə iyrənc bir bidətdir. Əgər müsəlman bunu ibadət baxımından edərsə cahildir, cəzalandırılar və öyrədilər. Əgər zimmə əhlinə olan məhəbbəti və bayramlarına sevinməsi sə”/abəbi ilə edərsə bu da məzəmmətə layiqdir. Əgər bunu bir adət, bir əyləncə olaraq, ailəsini razı salmaq, uşaqlarının könlünü almaq məqsədi ilə edərsə bu, araşdırma tələb edən məsələdir. Əməllər niyyətə görədir. Cahil isə üzrlüdür, ona yumşaq tərzdə izah etmək lazımdır. Doğrusunu Allah bilir.[27]Gördüyümüz kimi burada bir qədər güzəşt etmiş və qəti bir hökm bildirməmişdir, əksinə niyyəti etibara almışdır.

Hənəfilərin “əl-Fətəva əl-Hindiyyə” kitabında deyilir: “Novruz və Mihrəcan bayramları adına (bir şey) vermək caiz deyildir. “əl-Cəmi əl-Əsğar” kitabının müəllifi dedi: “Əgər Novruz günü başqa bir müsəlmana bir şey verərsə və (bununla) həmin günə hörmət etməyi qəsd etməzsə, lakin bəzi insanların adət etdikləri kimi edərsə küfr etmiş sayılmaz, lakin ona bunu xüsusi bir gündə etməməsi lazımdır. Qoy bunu ondan öncə və ya sonra etsin ki, onlara bənzəmək kimi alınmasın.[28] Şeyx Aliyyul-Qari əl-Həravi əl-Hənəfi  bu sözləri bir qədər fərqli nəql edərək deyir: “əl-Qadi Əbul-Məhəsin əl-Həsən bin Mənsur əl-Hənəfi dedi: “Kim başqa gün almadığı bir şeyi o gün alarsa və ya başqasına bir hədiyyə verərsə və əgər bununla kafirlərin təzim etdikləri kimi həmin günü təzim etməyi qəsd edərsə bununla küfr etmiş olur. Lakin almaqla yaxşı vaxt keçirməyi, əylənməyi qəsd edərsə, hədiyyə verməklə isə adətə müvafiq olaraq aradakı sevgini artırmağı qəsd edərsə küfr olmaz, lakin kafirlərə bənzəməkdəki məkruhluq hökmü ilə məkruh sayılır və bu zaman bundan çəkinmək lazımdır.[29] Aliyyul-Qari’nin sözlərindən anlaşılan budur ki, hətta qəsdi kafirlərə bənzəmək olmasa da əməldə onlara müvafiq olmaqla kafirlərə bənzəmiş olur. Bu onu göstərir ki, Aliyyul-Qari və onunla eyni məzhəbdə olan fəqihlərə görə kafirlərə bənzəmə məsələsində hətta onlara bənzəməyi qəsd etmədən əməldə onlara müvafiq olmaq özlüyündə məkruhdur. Buna görə də İbn Abidin haşiyəsində əl-Həskəfi’nin sözlərini şərh edərkən deyir: “Burada həmçinin (qadağan olunmuş) “bənzəmə” ilə nəzərdə tutulanın felin əsli olmasına, yəni (bənzəməyi) qəsd etməsə belə bənzərliyin zahiri görünüşü olmasına işarə etmişdir.[30] Sözsüz ki, bənzəməyi qəsd etməsi hökmü daha da ağırlaşdırır və daha da şiddətləndirir.

Kafirlərin bayramlarında kafirlərdən hədiyyə almaq barəsində Şeyxul-İslam İbn Teymiyyə deyir: “Lakin bayram günündə onlardan hədiyyə almağa gəldikdə isə daha öncə Əlidən – radiyallahu anhu – rəvayət zikr etdik ki, ona novruz hədiyyəsi gətirildi və o, bunu qəbul etdi. İbn Əbi Şeybə “əl-Musannəf” kitabında rəvayət edir: “Cərir bizə Qabus’dan, o da atasından rəvayət etdi ki, bir qadın Aişə’dən soruşdu: “Bizim məcusilərdən olan süd qohumlarımız var ki, onların bayramları olur və bizə hədiyyə verirlər.” Dedi: “O gün üçün kəsilənlərə gəldikdə onları yeməyin, lakin onların ağaclarından yeyin!” Dedi: Vaki bizə əl-Həsən bin Həkim’dən, o da anasından, o isə Əbu Bərzə’dən rəvayət edir ki, onun məcusi sakinləri var idi və Novruzda, Mehircanda ona hədiyyə verirdilər və öz ailəsinə deyirdi: “Verdikləri arasında nə meyvədirsə onu yeyin, bundan başqa şeyləri isə qaytarın.” Bunların hamısı ona dəlalət edir ki, onların hədiyyələrini qəbul etməyi qadağan etməkdə bayramın təsiri yoxdur, əksinə bayramda da, digər günlərdə də hökm eynidir, çünki bunda küfrlərinin şüarlarında onlara kömək etmək yoxdur. Lakin hərb əhlindən və zimmət əhlindən olan kafirlərin hədiyyələrini qəbul etmək özlüyündə müstəqil bir məsələdir, bunda ixtilaf və təfsilat vardır ki, bunun müzakirəsinin yeri bura deyildir. Kitab əhlinin bayramlarında yalnız bayram üçün kəsilməmiş yeməklərdən - ya (bazardan) almaq yolu ilə, ya hədiyyə almaq yolu ilə, ya da başqa yolla  - yemək olar. Amma məcusilərin kəsdiklərinə gəldikdə isə onun hökmü məlumdur və o, bütün alimlərə görə haramdır.[31] Şeyxul-İslamın bu görüşündən anlayırıq ki, bayramın özünün ətdən savayı mübah olan yeməklərə heç bir təsiri yoxdur, yəni yemək mübah olaraq qalır. Bu görüşü həm də Hafiz Şəmsud-Din əz-Zəhəbi səsləndirir. O, “Təşəbbuh əl-Xasis” kitabında deyir: “Xristian qonşunun bayramında verdiyi yumurta və buna bənzər hədiyyəni qəbul etmək mübahdır.[32]

Aişənin əsərinə gəldikdə onu İbn Əbi Şeybə “əl-Musannəf” kitabında rəvayət edir. sənədində Qabus bin Əbi Zabyən adlı ravi vardır ki, Cərir bin Abdil-Həmid, İmam Əhməd, Yəhyə bin Main, Əbu Hətim, əl-Uqeyli, əd-Dəraqutni və digərləri zəif sayıblar. Beləliklə də bu əsərin zəif olduğu anlaşılır. Həmçinin Əbu Bərzə’nin rəvayətini də İbn Əbi Şeybə “əl-Musannəf” kitabında[33] rəvayət edir. Şeyx Mustafa əl-Adəvi “İqtida əs-Sirat əl-Mustəqim” kitabının təhqiqində, həmçinin Doktor Şihətə Muhəmməd Saqr eyni kitabın təhzibində hədisin zəif olduğunu deyir.

Əli’nin – radiyallahu anhu – rəvayətini isə əl-Beyhəqi “əs-Sunən əl-Kubra” kitabında rəvayət edir və deyir: “Əbu Abdilləh əl-Həfiz bizə xəbər verdi: Əbul-Abbas Muhəmməd bin Yaqub bizə rəvayət etdi: əl-Həsən bin Əli bin Affən bizə rəvayət etdi: Əbu Usəmə bizə Həmməd bin Zeyd’dən, o da Hişam’dan, o isə Muhəmməd bin Sirin’dən belə dediyini rəvayət etdi: “Əliyə - radiyallahu anhu – novruz hədiyyəsi gətirildi və dedi: “Bu nədir?” Dedilər: “Ey möminlərin əmiri, bu, novruz günüdür.” Dedi: “Bütün günü feyruz edin!” (Bu əsərin ravisi) Əbu Usəmə dedi: “Novruz deməyi xoşlamadı.” Şeyx dedi: “Burada şəriətin bir şeylə xüsusiləşdirmədiyi bir günü  onunla həmin günü xüsusiləşdirməyin məkruh olması mənası vardır.[34] Əbu Usəmə rəvayətin ravilərindən biridir. Bu rəvayətdə Əlinin hədiyyəni qəbul etdiyi qeyd olunmur. əl-Beyhəqi və digər fəqihlər bu hədisdən Əlinin novruz adını zikr etməyi məkruh görməsi hökmünü çıxarmışdır. Bu da növruzu bir bayram kimi məkruh görməyi tələb edir. əl-Həkim ət-Tirmizi adı ilə tanınan Əbu Abdilləh Muhəmməd bin Əli bin əl-Həsən bin Bişr (vəfatı hicri 285) deyir: “Sanki o, (yəni Əli) bu günə bir əhəmiyyət verilməməsini istəmişdir.[35]

Lakin İbn Teymiyyə bu rəvayəti dəlil kimi istifadə etmişdir. Əlinin novruzda hədiyyə qəbul etməsini digər alimlər də zikr edirlər, lakin bunu isbat edən səhih dəlillərlə qarşılaşmamışam. Hafiz İbn Abdil-Bərr deyir: “Bu, - əgər səhihdirsə - ondan – radiyallahu anhu – Kufəyə daxil olmadan və xəlifə olmadan öncə idi, çünki siqa ravilərin rəvayətlərində ondan səhih olaraq gələn budur ki, o, nə Novruz, nə də Mihrəcan bayramlarının hədiyyələrini qəbul etmirdi və onun işçilərinin ona verdiyi hədiyyələri götürüb beytul-mal’a, müsəlmanların malları arasına yerləşdirərdi.[36]

Bura qədər qeyd etdiklərimiz onu göstərir ki, kafirlərin bayramlarında onların verdikləri hədiyyələri qəbul etmək haqqında alimlərimiz ixtilaf ediblər. İmam Əhmədə, Sufyan əs-Səvri’yə görə bayramları üçün hazırladıqları yeməklər - əgər yeməklər əslən mübahdırsa – halaldır. Malikilər və İmam Əhməddən gələn bir rəvayətə əsaslanaraq hənbəlilər bunu məkruh sayıblar. İbn Teymiyyə burada ət məhsulları ilə digər yeməklər arasında fərq qoymuşdur. Daha əvvəl də zikr olunduğu kimi hənbəli fəqihləri arasında İbn Aqil və İbn Teymiyyə kafirlərə aid bayram məqsədi ilə kəsilmiş heyvanların haram olduğunu deyirlər. Digər yeməklər isə İbn Teymiyyə’yə görə əsli hökm üzərində qalır. əz-Zəhəbi’nin sözlərinin zahirindən anlaşılan budur ki, o da bu məsələdə Şeyxul-İslam ilə razılaşır.

 

Lakin kafirlərin bayramlarında hazırladıqları yeməklərdən müsəlmanlara hədiyyə olaraq verdiklərini qəbul etmək məsələsi ilə onları bu işdə təqlid edən müsəlmanların o bayramlar münasibəti ilə bişirdikləri yeməkləri hədiyyə olaraq qəbul etmək və ya onlarla eyni süfrədə oturaraq o yeməklərdən yemək eyni hökmdə deyildir. Bu iki hal arasında aşkar bir fərq vardır. Birinci halda bəzi fəqihlərə görə kafirlərin hədiyyələrini qəbul etmək onların bayramlarına müvafiq olmaq, bayramlarında iştirak etmək mənasında olmasa da ikinci halda onları təqlid edən müsəlmanların hədiyyələrini qəbul etmək sözsüz ki, onlara bu işlərində kömək etmək sayılır, onların bu işlərini təqdir etmək sayılır. Aradakı fərq budur ki, əslən qeyri-müsəlmanların öz bayramların qeyd etməklərini inkar etmək vacib deyildir, əksinə zimmilərə öz bayramlarını aşkarda nümayiş etdirmədən keçirməklərinə şəriətimiz icazə verir. Lakin müsəlmanların onlara bu kimi adətlərdə bənzəməyə çalışmaqları aşkar bir münkərdir və hər bir halda inkar olunmalıdır. Yuxarıda təqdim etdiyimiz nəqllərdə bu nöqtəyə toxunan bəzi sözlər də zikr olundu. Maliki alimlərindən Qadi Əbul-Həsən əl-Qabisi fətvalarının birində müsəlmanların əcəmilərə bənzəyərək, onları təqlid edərək bişirdikləri yeməkləri hədiyyə olaraq qəbul etməyi qadağan etmişdir. Fəqihlər kitablarında bu münasibətlə müsəlmanların verdikləri qonaqlığa cavab verməyi qadağan edirlər. Şeyxul-İslam İbn Teymiyyə deyir: “Bayramlarda onlara bənzəmədiyimiz kimi onlara bənzəmək istəyən müsəlmana da bu işində kömək edilməz, əksinə bu əməlindən çəkindirilər. Hər kim adətən etdiyindən fərqli olaraq onların bayramlarında qonaqlıq verərsə onun dəvətinə cavab verilməz. Müsəlmanlardan kimsə digər vaxtlardakı adətindən fərqli olaraq bu bayramlarda bir hədiyyə verərsə - xüsusilə də milad bayramında şam vermək və ya oruclarının axırıncı günündəki kiçik cümə axşamı bayramında yumurta, süd, qoyun vermək misalında olduğu kimi hədiyyəsi onlara bənzəməkdə yararlı ola biləcək bir hədiyyədirsə - hədiyyəsi qəbul olunmaz. Həmçinin eynilə bu bayramlarda heç bir müsəlmana bayram xatirinə hədiyyə vermək olmaz, xüsusiə də əgər hədiyyə onlara bənzəmək üçün yararlı olan bir şeydirsə, necə ki, bunu bir az əvvəl zikr etdik.[37]

Bütün bu yazdıqlarımıza əsasən yekun olaraq deyirik ki, qadağan olan kafirlərin bayramlarında onlara müvafiq olmaqdır, onlara bənzəməkdir, onların bayramlarını təsdiqləməkdir. Lakin Sufyan əs-Səvri’nin, İmam Əhmədin, İbn Teymiyyənin, əz-Zəhəbinin və digər alimlərin sözlərindən anlaşıldığı kimi əgər yeməklər əslən mübahdırsa bayramda bişirildiyinə görə o yemək haramlaşmaz. Həmçinin müsəlmanın onlara təqlid edərək qeyri-islamı bayramlar münasibəti ilə hazırladığı yeməklər də özlüyündə haram sayılmaz. Tələb olunan bu münkər işi görən müsəlmanların əməlinə müvafiq olmamaqdır, ziyafətlərində iştirak etməməkdir, o münasibətlə verdiyi hədiyyələri qəbul etməməkdir. Lakin əgər – xüsusilə də ehtiyac varsa – bu əməllər olmadan müsəlman biri o yeməkdən yeyərsə buna görə onun haram iş gördüyünü və ya məkruh iş gördüyünü demək doğru deyildir. Doğrusunu Allah bilir!

Bütün həmdlər Allaha aiddir, peyğəmbərlərin sonuncusuna, pak əhli-beytinə və səhabələrinə salam olsun!

 


[1] “əl-Miyər əl-Murib val-Cəmi əl-Muğrib”, 11/111-112; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, 1401/1881, Mərakeş

[2] Muhəmməd bin Əli bin Muhəmməd bin Əli bin Qasim bin əl-Əzraq əl-Əsbəhi – rahiməhullah – hicri 832-ci ildə Əndəlüs torpaqlarındakı Malaqa şəhərində doğulmuşdur. Ömrünün ilk çağlarından Quran və onun təfsiri ilə maraqlanmışdır. Xüsusilə İbn Kəsir’in təfsirinə xüsusi əhəmiyyət vermişdir və əs-Səxavi’nin “əl-Da’ul-Ləmi” kitabında qeyd etdiyi kimi bu təfsiri İbn İshaq İbrahim bin Əhməd əl-Bədri’nin yanında öyrənmişdir. Həmçinin ondan ərəb şerlərini, nəhv, məntiq və fiqh elmlərini öyrənmişdir. Maliki fiqhini öz zamanında ən yaxşı bilənlərdən sayılan Muhəmməd bin Muhəmməd əs-Sərqasti’dən öyrənmişdir. 37 yaşına çatdıqda Malaqa şəhərində qazi təyin olunur və bu vəzifəsində çalışaraq axırda Ğarnata şəhərində qazilər qazisi olur. Ğarnata çətin vaxtlarını yaşadığı dövrdə bu mübarək alim şərq torpaqlarına səfər edərək oranın müsəlman əmirlərindən kömək tələb edir. Məkkəni ziyarət edir və hicri 896-cı ildə Misirə gəlir və səfərinə davam etmək üçün üzərində heç bir mal qalmır. Ona görə də qazanc üçün iş axtarır və elminə görə onu Qüdsdə malikilərin qazisi təyin edirlər. Bu məqamında bir ay çalışır və sonra xəstələnir. Hicri 896-cı ildə zül-hiccə ayının on yeddisi cümə günü namazı bitirdikdən sonra vəfat edir. Cənazəsini əl-Əqsa məscidində qılırlar və insanlar belə bir alimi itirdiklərinə görə çox təəssüflənirlər. “Bədəi’us-Silk fi Tabəi’il-Mulk” kitabı məşhurdur və bu kitabında İbn Xaldun’un elmini ixtisar etmiş və əlavələr artırmışdır. Kitab şəriət siyasəti haqqındadır. Eyni mövzuda yazdığı bir digər kitab isə “əl-İbriz əl-Məsbuk fi Keyfiyyəti Ədəb Siyəril-Muluk” adlı kitabdır, lakin bəzi araşdırmacılar bu iki kitabın həqiqətdə bir kitab olduğunu deyir. Həmçinin maliki fiqhinə dair “Şifəul-Ğalil Şərh Muxtəsar Xalil” adlı kitabını yazmışdır.

[3] “Minəhul-Cəlil Şərh Muxtəsar Xalil”, 7/478; Darul-Fikr, 1409/1989, Beyrut

[4] “əl-Miyər əl-Murib val-Cəmi əl-Muğrib”, 11/150-151;

[5] “Haşiyətud-Dusuqi aləş-Şərhil-Kəbir”, 2/102; Darul-Fikr

[6] əl-Xalləl, “Əhlul-Miləli var-Riddəti vaz-Zənədiqa va Tərikis-Saləti val-Fəraidi min Kitəbil-Cəmi”, 2/450; Məktəbətul-Məarif, birinci nəşr: 1416/1996, Riyad

[7] “əl-Muğni”, 13/294-295; Dar Aləmil-Kutub, üçüncü nəşr: 1417/1997, Riyad

[8] “əl-Muhərrar va məahu ən-Nukət val-Fəvaid əs-Sunniyyə alə Muşkilil-Muhərrar”, 3/11; Muəssəsətur-Risələ, birinci nəşr: 1428/2007, Beyrut

[9] “əl-Furu va Təshihul-Furu”, 10/403; Muəssəsətur-Risələ, birinci nəşr: 1424/2003, Beyrut

[10] “əl-İnsaf fi Mərifətir-Racihi minəl-Xiləf”, 10/408-409; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr, Beyrut

[11] “əl-İqna”, 4/320; Darul-Mərifə,

[12] “Muntəhə əl-İradət fi Cəm’il-Muqni məat-Tənqih va Zəyədət”, 5/190-191; Muəssəsətur-Risələ, birinci nəşr: 1419/1999, Beyrut

[13] “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 6/337; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1415/1994, Beyrut

[14] “Məsəilul-İməm Əhməd va İshəq bin Rahaveyh”, 8/4032; əl-Cəmiatul-İsləmiyyə, birinci nəşr: 1425/2002, Mədinə;

[15] “əl-İşraf alə Məzəhibil-Uləmə”, 3/440; Məktəbətu Məkkə əs-Səqafiyyə, birinci nəşr: 1425/2004, Rasul-Xeymə, Birləşmiş Ərəb Əmirlikləri

[16] Eyni mənbə: 3/443;

[17] ”əl-Bəyən vat-Təhsil”, 3/272; Darul-Ğarbil-İsləmi, ikinci nəşr: 1408/1988, Beyrut

[18] Eyni mənbə: 3/378

[19] “əl-Kəfi fi Fiqhi Əhlil-Mədinə”, 1/438; Məktəbətur-Riyəd əl-Hədisiyyə, ikinci nəşr: 1400/1980; Riyad

[20] “Bidəyətul-Muctəhid va Nihəyətul-Muqtəsid”, 2/213; Darul-Hədis, 1425/2004, Qahirə

[21] “Bulğatus-Səlik li Əqrabil-Məsəlik”, 2/101; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1415/1995, Beyrut

[22] Ərəblərdə paxlavanı əvəz edən şirniyyat növüdür.

[23] Daha çox şimali afrika ölkələrində yeyilən şirniyyatdır. Yağda qızardılan halva növüdür.

[24] “Tənbihul-Ğafilin an Əaməlil-Cəhilin”, səh: 500-502; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1407/1984, Beyrut

[25] “əl-Fətəva əl-Fiqhiyyə əl-Kubra”, 4/238-239;

[26] “Təşəbbuhul-Xasis bi Əhlil-Xamis”, səh: 30; Dar Ammar, birinci nəşr: 1408/1988, Amman

[27] “ət-Təməssuk bis-Sünən vat-Təhzir minəl-Bidəi”, səh: 130; əl-Cəmia əl-İsləmiyyə, 1417/1997, Mədinə

[28] “əl-Fətəva əl-Hindiyyə”, 6/446; Darul-Fikr, ikinci nəşr: hicri 1310

[29] “Mirqatul-Məfətih Şərh Mişkətil-Məsabih”, 3/1069; Darul-Fikr, birinci nəşr: 1422/2002, Beyrut

[30] “Raddul-Muhtər alə Durril-Muxtər”, 1/624; Darul-Fikr, ikinci nəşr: 1412/1992, Beyrut

[31] “İqtidaus-Siratil-Mustəqim”, 2/554-555; Məktəbətur-Ruşd, Riyad

[32] “Təşəbbuh əl-Xasis bi Əhlil-Xamis”, səh: 46; Dar Ammar, birinci nəşr: 1408/1988, Amman

[33] Həm Aişənin, həm də Əbu Bərzənin rəvayəti üçün bax: “əl-Musannəf”, 5/126; Məktəbətur-Rüşd, birinci nəşr: hicri 1409, Riyad

[34] “əs-Sunən əl-Kubra”, 9/392; Darul-Kutubil-İlmiyyə, üçüncü nəşr: 1424/2003, Beyrut;
Muhəmməd bin Sirin’in Əlidən bir şey eşitmədiyi deyilmişdir. Lakin Nəcmud-Din Muhəmməd bin Muhəmməd əl-Ğazzi “Husnut-Tənəbbuh limə Varadə minət-Təşəbbuh” kitabında isnadının səhih olduğunu deyir.

[35] “Nəvadirul-Usul fi Mərifəti Əhədisir-Rasul”, 1/251; Darun-Nəvadir, birinci nəşr: 1431/2010,

[36] “Bəhcətul-Məcəlis va Unsul-Mucəlis”, 1/281; Darul-Kutubil-İlmiyyə, ikinci nəşr, Beyrut

[37] “İqtidaus-Siratil-Mustəqim”, 2/519-520;