Namaz əhlinə zahirə görə hökm vermək

Başı bəlalı müsəlmanların ən çox əziyyəti cahillərin öz başlarından böyük danışmaqları olmuşdur. Onların cahillikləri üzündən camaatlara parçalandıqlarını, hər camaatın da özünə xas məsələləri olduğunu görərsən. Cahillikləri ilə az qala rafizilərlə yarışa girmiş camaatlardan biri də təkfirdə həddini aşan müsəlmanların camaatıdır. Öz batil məzhəblərini dəstəkləmək üçün bəzi alim sözlərinə zəli kimi yapışarlar, lakin o sözlərin nə məqsəd ilə söyləndiyini dərk etmədən, o sözləri dərk etməyə çalışmadan o sözləri əllərində bayraq edərlər. Nəsə kəşf etdiklərini zənn edərək fərəhlənərlər, digərlərinin onlara tabe olmaqlarını gözləyərək cahil müsəlmanların canına düşərlər, onlara şübhə salarlar və dinlərində fitnəyə düşərlər və başqalarını da fitnəyə salarlar.

Onların özlərini və başqalarını aldatdıqları mövzulardan biri də alimlərin namazın bir kimsənin İslama girməsi üçün kifayət edib etməməsi haqqında açdıqları müzakirədir, çünki onlar şəhadət kəlimələrini söyləyən birinin İslama daxil olması üzərində ittifaq etdikdən sonra şəhadət kəlimələrini demədən yalnız namaz qılmaqla İslama daxil olub olmamaq üzərində ixtilaf etdilər.

Hənəfi alimlərindən Aləud-Din əl-Kəsəni deyir: “Dəlalət yoluyla hansı şeylərlə insanın mömin olduğuna hökm ediləcəyinin bəyanına gəlincə ki, bunlar məsələn kitab əhlindən və ya müşriklərdən birinin camaatla namaz qılması kimi şeylərdir, bizə görə bu əməllər səbəbilə insanın İslamına hökm olunar. İmam Şafiyə - rahiməhullah - görə təkdə qılsa İslamına hökm olunmaz.[1] Beləliklə buradan anlayırıq ki, hənəfi alimlərinə görə bir kafir tək namaz qılarsa onun İslama daxil olduğuna hökm edilməz, lakin əgər camaatla namaz qılarsa onun İslama daxil olduğuna hökm edilər. Bunun səbəbini əl-Kəsəni belə izah edir: “Bizim dəlilimiz budur ki, bizim bu gün qıldığımız bu şəkil camaatla namaz bizdən öncəkilərin şəriətində olmayıb. Bizim peyğəmbərimiz Muhəmmədin – sallallahu aleyhi və səlləm – şəriətinə xas bir şeydir və buna əsasən - tək qılma halından fərqli olaraq - İslam dininə girməyə dəlildir, çünki, tək namaz qılmaq bizim şəriətimizə xas deyildir.” Onu da qeyd edək ki, İmam Əbu Hənifə’nin tələbəsi Muhəmməd bin əl-Həsən əş-Şeybəni’yə görə kafirin İslama girməsinə hökm etmək üçün qıldığı namazın camaat namazı olması şərt deyildir, tək də namaz qılarsa bununla müsəlman olar, çünki müsəlmanların qibləsinə namaz qılmaq yalnız İslama xas bir şüardır. Həmçinin hənəfilər ümumilikdə kafir birinin azan verməklə İslama daxil olmasına hökm veriblər. əl-Kəsəni deyir: “İmam Muhəmməddən – rahiməhullah – belə dediyi rəvayət edilmişdir: “Qibləyə yönəlib tək namaz qılarsa müsəlman olduğuna hökm edilər, çünki qibləyə yönəlib namaz qılmaq İslamın dəlilidir. Bunun dəlili Peyğəmbərin – aleyhissalətu vəssəlam – bu hədisidir: "Kim cənazələrimizi müşayət edər, qibləmizə doğru namaz qılar, kəsdiyimizi yeyərsə onun imanına şəhadət edin." Bu ixtilafa əsasən camaat namazı qılınan məsciddə azan verərsə İmam Şafinin - rahiməhullah – görüşündən fərqli olaraq bizə görə İslamına hökm edilər. Bizim dəlilimiz budur ki, azan İslamın şüarlarındandır və onu vermək İslamı qəbul etməyin dəlili olur.”

Malikilərə gəldikdə isə onlarda bu barədə ixtilaf vardır. Şeyx Əhməd əd-Dərdir deyir: “Onun müsəlman olduğuna hökm edilməz, yalnız şəhadət kəliməsini söylədiyinin bilinməsi halı istisnadır.[2] İmam Malikə görə bir kafir namaz qılmaqla müsəlman olur. Əbul-Valid Muhəmməd ibn Rüşd əl-Qurtubi əl-Cədd (vəfatı hicri 520) “əl-Bəyən vat-Təhsil” kitabında deyir: “İbnul-Qasim dedi: “Malikdən bir əcəmi haqqında soruşuldu ki, ona “namaz qıl” deyirlər və o, namaz qılır, sonra ölür. Ona cənazə namazı qılınmalıdır?” (Malik) dedi: “Bəli.” Muhəmməd bin Rüşd dedi: Bu, onun dediyi kimidir, çünki namaz qılan müsəlman olmuşdur.[3] Malikilərdən bəzi alimlər bu ixtilafın zəif olduğunu, namaz qılmağının kafirin İslama daxil olmasına güclü bir dəlil olduğunu deyiblər. Muhəmməd ibn Arafə əd-Dusuqi haşiyəsində deyir: “İbn Nəci bu ixtilafı zikr etdikdə dedi: “Mənə görə bu ixtilaf zəifdir, çünki İshaq bin Rahəveyh bir kəsi namaz qılarkən gördüyümüzdə bunun onun imanına dəlil olmasına dair icma nəql etmişdir.[4] İbn Nəci isə “əl-Mudəvvanə” və “ər-Risələ” kimi məşhur maliki mətnlərini şərh etmiş məşhur maliki alimidir, hicri 837-ci ildə vəfat edib.

Şafi’i məzhəbinə gəldikdə isə onlara görə kafirin namaz qılması onun İslama daxil olmasına dəlil deyildir. İmam ən-Nəvəvi deyir: “Əsli kafir imam və ya məmum və ya  tək olaraq və ya məsciddə və ya başqa yerdə namaz qılarsa – istər darul-hərbdə olsun, istərsə də darul-islamda olsun - bununla müsəlman olmaz. əş-Şafi bunu (özünün) “əl-Umm” və (əl-Muzəni’nin) “əl-Muxtəsar” kitabında bir mənalı olaraq demişdir və əksəriyyət də bunu aşkar şəkildə deyib. əl-Qadi Əbut-Tayyib dedi ki, əgər darul-hərbdə namaz qılarsa müsəlman olar. Ona bu görüşündə müəllif (Əbu İshaq əş-Şirazi) və Şeyx Əbu İshaq (əl-İsfərayini) tabe oldu. əl-Məhəmili dedi: “Zahirdə müsəlman olduğuna hökm edilər, lakin İslam hökmü (həqiqətdə) onun üzərində davamlı deyildir.” Yenə bundan sonra deyir: “Məzhəbimizdə məşhur görüş budur ki, mücərrəd namaz ilə (kafirin) müsəlman olduğuna hökm edilməz.[5] ən-Nəvəvi’nin sözlərindən anlaşılan budur ki, darul-hərbdə namaz qılmaqla əsli kafirin müsəlman olacağına dair bəzi şafi’i alimlərinin bildirdiyi görüş məzhəbin görüşü deyildir.

Hənbəli məzhəbinə gəldikdə isə Şeyx İbn Qudəmə deyir: “Əgər kafir namaz qılarsa –darul-hərbdə yoxsa darul-islamda olması və ya camaatla qılması yoxsa tək qılması arasında fərq yoxdur – müsəlman olduğuna hökm olunar.[6] Şeyx Mənsur bin Yunus əl-Buhuti deyir: “(Mumeyyiz bir uşaq kimi) İslamı səhih ola biləcək bir kafir azan verərsə hökmü müsəlman olar, çünki azanın tərkibində iki şəhadət kəliməsi vardır və ya mumeyyiz uşaq kimi İslamı səhih ola biləcək bir kafr istənilən halda və ya istənilən yerdə namaz qılarsa müsəlman olduğuna hökm olunar.[7]

Bu görüşləri ümumi olaraq qeyd etdik ki, fərqli məzhəblərin bu barədəki görüşləri ilə tanış olaq. İndi təsəvvür edin ki, təkfirdə həddini aşmış avaralar şafi’i alimlərinin o sözləri ilə tanış olduqda necə seviniblər?! Elə düşünüblər ki, bir xəzinə tapıblar. Zatən şəhvətlərinə uyaraq müsəlmanları təkfir edən bu cüvəllağılar bu görüşlərlə tanış olmadan öncə də namaz qılanları təkfir edirdilər. Lakin alimlərin bu sözləri ilə rastlaşmaqları onlara sanki qol-qanad verdilər. Bu avaralar elə düşünürlər ki, Azərbaycan kimi cəmiyyətdə məscidlərdə müsəlmanların namaz qılmaqları onların müsəlman olmaqlarına dəlalət etmir, elə düşünürlər ki, onlar kafirdir.

Biz qeyd etməliyik və xüsusilə vurğulamalıyıq ki, şafi’i alimləri o sözlərini dedikdə heç bir halda məscidlərdə namaz qılmaq üçün toplaşan müsəlmanları qəsd etmirlər. Əgər İmam əş-Şəfi onu qəsd etmiş olsaydı İraq, Hicaz, Misir kimi torpaqlarda yaşadığı müddətdə gərək tanımadığı heç bir müsəlmanın arxasında namaz qılmamış olsun, gərək tanımadığı heç bir kəsin kəsdiyi əti yeməmiş olsun. Belə bir iddianın batilliyi çox aşkardır. Bu alimlərin qəsdi kafir olduğu bilinən bir kimsənin namaz qılmaq ilə müsəlman olub olmaması məsələsidir və xüsusi xətt ilə bunun altını cızaraq bildirmək istəyirik ki, bu söz ümumilikdə məscid əhli haqqında deyilməyib, lakin kafir olduğu və ya mürtəd olduğu bilinən müəyyən bir şəxsi namaz qılarkən gördükdə onun İslama girib girməməsinə dair hökm vermək sualı ilə bağlı deyilmişdir. Bu dediyimizin dəlilini İmam əş-Şafi’nin öz sözlərində oxumaq olar, belə ki, bu mübarək imam “əl-Umm” kitabında deyir: “Əgər kafir bir nəfər müsəlman bir qövmə imamlıq edərsə və onlar onun küfrünü bilməyiblərsə və ya biliblərsə namazları keçərli deyildir. Əgər namazdan öncə (o kafir) müsəlman olduğunu dildə deməyibsə onun namazı onun müsəlman olması üçün kifayət etmir. Kafir (bu halda) cəzalandırılar və onun kafir olduğunu bilərək arxasında namaz qılan pis iş görmüşdür. Əgər qərib bir adam bir qrupa namaz qıldırarsa, sonra (o insanlar) öz namazlarında şəkk edərlərsə; onun kafir yoxsa müsəlman olduğunu bilməzlərsə, onun kafir olduğunu bilənə qədər namazlarını yenidən qılmaqları onlara vacib deyildir, çünki zahir olan budur ki, onun namazı müsəlmanların namazındandır; yalnız bir müsəlman belə namaz qılar...[8] Gördüyümüz kimi İmam əş-Şəfi tanınmayan bir imamın arxasındakı namazı səhih saymışdır və zahirə görə əməl edərək qeyd etmişdir ki, müsəlmanların qıldıqları namaz yalnız bir müsəlmandan sadir ola bilər. Bu isə sözsüz ki, ümmətin üzərində ittifaq etdiyi bir məsələlərdəndir ki, halı qapalı olan birinin arxasında qılınan namaz səhihdir, müsəlmanların boynunda həmin insanın müsəlman və ya kafir olduğunu araşdırmaq məsuliyyəti yoxdur. Şeyxul-İslam İbn Teymiyyə deyir: “Halı qapalı olanın arxasında namaz qılmaq müsəlmanların alimlərinin ittifaqı ilə caizdir və kim halı bilinməyən birinin arxasında namazın haram olduğunu və ya batil olduğunu deyərsə sünnət və camaat əhlinin icmasına müxalif olmuş olur... Səhabələr və tabiilər İbn Əbi Ubeyd’in arxasında namaz qılırdılar və o, ilhadda ittiham olunurdu və zəlalətə dəvət edirdi.[9] Bu barədə İbn Həzm’in sözləri də məşhurdur və o, bu cür batil fikirlərin xavariclərdən qaynaqlandığını deyir.

Soruşa bilərlər ki, bəs nə üçün bu qədər alim bir kafirin mücərrəd namaz ilə müsəlman olub olmamasını müzakirə etmişdir? Məgər o kafirdən sadəcə şəhadət kəlimələrini soruşmaq kifayət etmirmi? Bunun cavabında deyirik ki, bu kimi məsələləri fəqihlərin kitablarında zikr etməklərinin xüsusi səbəbləri vardır, beləki fəqihlər xüsusi halları nəzərə alıblar. Misal üçün miras bölgüsündə əgər bir kafirin ölmədən öncə namaz qıldığı isbat olunarsa onun müsəlman varislərinə miras düşürmü ya yox? Bu və bunun kimi məsələlər mücərrəd namaz ilə kafirin İslamının sabit olub olmaması məsələsi ilə bağlıdır. Beləliklə də şafi’i alimlərinə görə bununla miras varisə keçməz, hənbəlilərə görə isə keçər. Şeyx Mənsur əl-Buhuti deyir: “Əgər bir mürtəd ölərsə və müsəlman varisi onun mürtəd olduqdan sonra namaz qıldığına dair ortaya aşkar bir dəlil qoyarsa, onun müsəlman olduğuna hökm olunar və mirası ona verilər...[10]

Təkfirdə hədlərini aşanlar bəzən də cahillərin gözlərindən pərdə asmaq üçün bəzi qaydalar zikr edirlər və bununla da görüşlərinin “üsulul-fiqh” qaydaları üzərində qurulduğunu göstərmək istəyirlər. Deyirlər ki, Azərbaycan darul-küfrdür[11] və darul-küfrdə əsli hökm insanların kafir olmasıdır, əgər bir kimsənin müsəlman olduğu qəti dəlillər ilə sabit deyildirsə o zaman əslə qayıtmaq lazımdır. Bununla demək istəyirlər ki, namaz müsəlman olmaq üçün kifayət etmir, o zaman darul-küfrdə namaz qılanlar da əslən kafir sayılırlar. Heç bir şəkk ola bilməz ki, bu sözləri onların ağzına şeytan qoymuşdur. Bunun cavabında bir neçə məsələni qeyd edə bilərik.

Birinci: Əsl ilə əməl etmək heç də hər dəfə işlək bir qayda deyildir, bir çox halda əslə müxalif gedərək zahir ilə əməl olunur. Bu barədə Zeynud-Din İbn Rəcəb “əl-Qavaid” kitabında yüz əlli doqquzuncu qaydada deyir: “Əgər əsl və zahir ziddiyət təşkil edərsə, əgər zahir şəhadət, rəvayət və xəbər vermə (hallarında olduğu) kimi qəbul edilməsi şəriətə görə vacib olan bir hüccətdirsə heç bir ixtilaf yoxdur ki, o, əsldən önə keçirilməlidir. Əgər (zahir) belə deyilsə, lakin dayandığı əsas örfdürsə və ya çox zaman keçərli olan adətdirsə və ya qarinalardırsa və ya üstün gələn zəndirsə və ya buna bənzər bir şeydirsə, o zaman bəzən əsl ilə əməl olunar və bu zahirə əhəmiyyət verilməz, bəzən də zahir ilə əməl olunar və əslə əhəmiyyət verilməz və bəzən də məsələdən ixtilaf hasil olur.[12] Bu sözlərin eynisini şafi’i alimi Bədrud-Din əz-Zərkəşi “əl-Mənsur” kitabında deyir. Buradan anlayırıq ki, heç də hər bir halda əsl ilə əməl olunmur, hər bir şeyin qaydası vardır. Bu məsələ həm də malikilərdə də ixtilaflıdır. Əbu Abdilləh Muhəmməd əl-Məqqiri əl-Məliki (vəfatı hicri 758) deyir: “Əgər bir əsl ilə bir zahir ziddiyətdə olarsa onlardan hansının önə keçirilməsi haqqında malikilərdə iki görüş vardır. Misal üçün qədim qəbiristanlıqda əsli hökm onun təmiz olmasıdır, lakin zahir olan (ölünün) hissələrinin qarışmasıdır.[13]

İbn Rəcəb verdiyi misallar arasında bunu da zikr edir: “Əgər darul-islamda dini bilinməyən bir ölü tapılarsa; əgər üzərində nə İslam, nə də küfrün əlaməti yoxdursa və ya həm İslamın, həm də küfrün əlaməti varsa cənazəsi qılınar. (İmam Əhməd) bunu bir mənalı olaraq söyləmişdir. Lakin əgər üzərində xüsusi ilə küfr əlaməti varsa; əshabımızdan bəziləri dedi ki, cənazəsi qılınar, lakin Əhməddən gələn nassa görə cənazəsi qılınmadan dəfn olunar və bu məsələ əsl ilə zahirin ziddiyətə düşdüyü hala qayıdır, çünki darul-islam əhlində əsl olan müsəlman olmaqlarıdır, bu ölüdə zahir olan isə küfrdür. Lakin əgər ölü darul-küfrdə tapılarsa, əgər üzərində İslam əlamətləri varsa cənazəsi qılınar, əks təqdirdə isə qılınmaz. (İmam Əhməd) bunu Əli bin Said’in rəvayətində bir mənalı olaraq söyləmişdir. Birinci variantda zahiri üstün saydıqları kimi burada da zahir əsldən üstün tutulur, lakin əshabımızdan bəziləri orada əsli üstün tutsa da burada heç biri əsli üstün tutmamışdır, çünki bu əslin qarşısında digər bir əsl durur və bu, odur ki, hər doğulmuş uşaqda əsl budur ki, o, fitrət üzərində doğulur.[14] Gördüyümüz kimi darul-islamda tapılan bir meyitin zahiri əlamətlərini əsas götürərək onun müsəlman olduğuna hökm edilir, əgər bu meyitdə belədirsə o zaman əlamətləri şəkk qoymayacaq qədər aşkar olan məscid əhlində necə olmalıdır?! Məşhur hənəfi fəqihi Şəmsul-Əimmə Muhəmməd bin Əhməd əs-Səraxsi (vəfatı hicri 483) deyir: “Geyim-görkəmi etibara alan rəvayətdəki vəch; dedi: qarışıqlıq olduqda geyim-görkəmi və əlamətləri etibara almaq əsli qaydadır, necə ki, əgər müsəlmanların ölüləri ilə kafirlərin ölüləri qarışarsa ayırmaq üçün geyim-görkəm və əlamətlər nəzərə alınır. Həmçinin əgər müsəlmanlar Konstantinopolu fəth etsələr və orada üzərində müsəlmanların siması olan, ətrafındakı uşaqlara Quran öyrədən və müsəlman olduğunu iddia edən yaşlı bir kişi tapsalar o zaman onun sözünü əsas götürmək vacibdir və geyimi, əlaməti nəzərə alaraq onu qul etmək caiz deyildir. Bunda əsl olan Allahu Təalənin bu sözləridir: “Sən isə onları üzlərindən tanıyırsan.” (əl-Bəqara, 273) Əgər bu uşağın üzərində müsəlmanların geyim-görkəmi varsa onun da müsəlman olduğuna hökm edilər. Əgər (tapılan uşağın) üzərində, boynunda xaçın olması və ya əynində (xüsusi) qalın ipək paltarın olması və ya başının ortası qırxılı olması kimi kafirlərin geyim-görkəmi olarsa hər bir kəsin ilk olaraq ağlına gələn budur ki, bu uşaq kafirlərin uşaqlarındandır, ona görə də kafir olduğuna hökm olunar. Əgər bir müsəlman onu içində həm müsəlmanların, həm də kafirlərin yaşadığı bir kənddə taparsa əgər ölərsə istihsana əsaslanaraq ona cənazə namazı qılaram...[15] əs-Səraxsi həmin yaşlı kişinin qul edilməsinin caiz olmadığını dedikdə onun “mən müsəlmanam” deməsi ilə İslama daxil olduğunu qəsd etmir, lakin ora fəth olunmadan öncə də həmin kişinin müsəlman olduğunu qəsd edir.

Fəqihlərin bu kimi məqamlarda əslə yox, lakin zahirə tabe olmaqlarınının səbəbi isə budur ki, “istishabul-həl” adlanan əslə tabe olmaq qaydası onlara görə güclü bir dəlil deyildir. Buna görə də Şeyxul-İslam İbn Teymiyyə deyir: “Buradan bilindi ki, zahir istishabdan önə keçirilir və şəriət məsələlərinin hamısında bu keçərlidir... Bunun öyrətdiyi bir digər şey budur ki, “yoxluq halı üzərində qalma” (istishəbu həlil-adəm) qaydasına tutunmaq mütləq olaraq ən zəif dəlillərdəndir və ən kiçik dəlil belə ondan önə keçirilir...[16] İbn Teymiyyənin zikr etdiyi “yoxluq halı üzərində qalma” prinsipi elə bizim bu təkfirdə həddini aşanların izlədikləri bir prinsipdir, onlar darul-küfrdə əslən İslamın olmamasını, İslamın yox olmasını əsas götürürlər. Şeyxul-İslamın da söylədiyi kimi bu dəlil ən zəif dəlillərdəndir, sözsüz ki, belə məqamda zahir önə keçirilməlidir.

Biz burada zahirin əsldən önə keçirdiyi misallardan birini zikr etdik və bu, ölünün tapılması misalı oldu. Fəqihlərin kitablarında mövcud olan daha bir məsələni də misal kimi göstərmək olar, belə ki, fiqh kitablarında “ləqit” babı kimi zikr olunan babda tapılan uşaqların hökmü müzakirə olunur. Çox şaxəli bir məsələ olan bu mövzuda uşaqların tapıldıqları yerə görə hökmünün verilməsi məsələsi də müzakirə olunur. Misal üçün İmam ən-Nəvəvi məhz bunu müzakirə edərkən deyir: “(Uşağın hökmdə) ölkəyə tabe olması; ləqit həm darul-islamda, həm də darul-küfrdə tapıla bilər. Birinci hal darul-islamdır və bu, üç növdür: Birinci: müsəlmanların yaşadıqları ölkə; orada zimmət əhli olsa belə orada tapılan uşaq müsəlmandır, çünki üstünlük İslama verilir. İkinci: müsəlmanların fəth etdikləri və cizyə qarşılığında kafirlərin əlində buraxdıqları ölkə; ola bilər ki, müsəlmanların mülkünə keçmişdir, ya da onlarla sülh bağlanılmışdır, lakin müsəlmanların mülkünə keçməmişdir; (bu halda) əgər o ölkədə bir və ya daha çox müsəlman varsa orda tapılan uşaq müsəlmandır, əks təqdirdə isə səhih görüşə görə kafirdir. Müsəlman olduğu da deyilmişdir, çünki onların arasında müsəlman olduğunu gizlədən birinin uşağıdır. Üçüncü: o ölkə ki, orada müsəlmanlar yaşayırdılar, sonra oradan köçürülürlər və kafirlər oranı ələ keçirirlər; əgər orada müsəlman olması ilə tanınan biri yaşamırsa o zaman (orada tapılan uşaq) səhih görüşə görə kafirdir. Əbu İshaq (əl-Mərvazi) isə dedi ki, “müsəlmandır, çünki orada müsəlmanlığını gizlədən birinin olması mümkündür.” Lakin orada müsəlman olduğu bilinən biri yaşayırsa (tapılan uşaq) müsəlman sayılır və burada İmamın bir ehtimalı vardır.[17] Əgər diqqət etdinizsə ən-Nəvəvi qeyd edir ki, kafirlərin əlinə keçmiş müsəlman torpaqlarında əgər müsəlmanlar yaşayırsa – sayları az olsa belə - orada tapılan uşağa müsəlman hökmü verilir. Baxmayaraq ki, əsli qayda orada tapılan uşağın kafir olmasını tələb edir, lakin xüsusi məsləhətin ağırlığı şafiilərə görə daha güclü dəlil olduğu üçün uşağa müsəlman hökmü verilmişdir və əslin tələbi ilə əməl edilməmişdir. ən-Nəvəvi’nin bu sözləri həqiqətdə digər böyük şafi’i alimi İmam Əbul-Qasim Abdul-Kərim bin Muhəmməd ər-Rafi’i əl-Qazvini’nin “Şərhul-Vaciz” kitabındakı sözləridir, çünki ən-Nəvəvi “Ravdatut-Talibin” kitabını onun üzərində qurmuşdur və onu ixtisar etmiş, faydalı əlavələr etmişdir.

Bu sözlərdə diqqəti çəkən daha bir məqam budur ki, şafi’i üləması üçüncü qismə də darul-islam deyirlər. Beləliklə torpaqların kafirlər tərəfindən işğal olunmasına baxmayaraq, üstünlüyün kafirlərdə olmasına baxmayaraq o torpaqları şafi’i fəqihləri darul-islam hökmü verirlər. Bu barədə ər-Rafi’i deyir: “Onların üçüncü növü darul-islam saymaqlarına gəldikdə isə, əshabın (yəni şafi’i üləmasının) kəlamında (darul-islam) hökmünün davam etməsi üçün qədimdə müsəlmanların o torpaqları ələ keçirməsinin kifayət etdiyini bildirən sözlər vardır. Bu deyilənləri müsəlmanların o ölkədən qarşılarının alınmaması halına aid edən mənası son dönəm alimlərdən bəzilərinin sözlərində gördüm, yoxsa əgər qarşıları alınarsa artıq ora darul-küfrdür.[18] Onun bu dediklərini ən-Nəvəvi “ər-Ravda” kitabında olduğu kimi saxlamışdır və ona heç bir etiraz etməmişdir. Maraqlıdır ki, namazı bir nəfərin islamı üçün kifayət edəcək bir dəlil saymamaqda şafi’i üləmasının sözlərinə əsaslananlar nə əcəb “darul-islam” haqqında eyni alimlərin sözlərini niyə qəbul etmirlər?! Məgər bu, onların öz nəfsi istəklərinə tabe olduqlarını göstərən ən güclü göstərici deyilmi?!

Bil ki, bu şəkildə insanların hökmünü “darul-islam” və ya “darul-küfrə” görə vermək ən zəif dəlillər arasında sayılır. Buna görə də Əbu Həmid əl-Ğazəli eyni mövzuda deyir: “... çünki (hökmdə) dara tabe etdirmə zəifdir.[19] Məhz buna görə də darul-islamda tapılan uşağı müsəlman sayan şafi’i alimləri deyiblər ki, əgər uşaq böyüdükdə özünün kafir olduğunu deyərsə, o zaman həmin uşaq mürtəd deyil, əsli kafir sayılmalıdır, çünki onu tapıldığı yerə görə İslama nisbət etmək çox zəif bir dəlildir və buna əsaslanaraq mürtəd elan edib qanını axıtmaq doğru deyildir. Buna görə də əl-Ğazəli eyni yerdə deyir: “Beləliklə bu, ona müsəlman hökmü verməyin zəifliyinə dəlalət edir.” Eyni şey darul-küfrdə tapılan uşağın küfrə nisbət edilməsi haqqında da keçərlidir, çünki dara görə hökm vermək əslən zəif bir dəlildir. Ona görə də zahiri əlamətlər bu baxımdan daha güclüdür. Bu və digər səbəblərə görə Muhəmməd bin Əli əş-Şəvkəni deyir: “Bil ki, daha öncə darul-hərb haqqında dediklərimizə əsasən “darul-islam” və “darul-küfr” terminlərinə toxunmağın faydası çox azdır; hərbi bir kafirin malı və qanı – müsəlmanların ona aman verməkləri müstəsna – hər bir halda mübahdır, müsəlmanın malı və qanı isə həm darul-hərbdə, həm də başqa yerdə İslamın qoruması ilə qorunulmuşdur.[20]

Bu zikr etdiyimiz məsələ tapılan uşaqlarda heç zahirdə belə İslam əlamətinin görülmədiyi hallara aiddir. Bununla belə bir çox halda o uşaqların müsəlman olduqlarına hökm olunur. Biz isə aşkarda müsəlman əlamətləri görülən namaz əhli, məscid əhli haqqında danışırıq. Namazı müsəlman olmaqlarına dəlil kimi qəbul etməyib, yaşadıqları yerin darul-küfr olması səbəbi ilə onlara kafir münasibəti göstərən insanların bidət əhli, xarici zümrəsinin qalıqları olmasında heç bir şəkk ola bilməz. Bu, gün kimi aşkar bir məsələdir, şeytan onların dini inancları ilə çox pis bir şəkildə oynamışdır.

Üstəlik məscid əhlindəki əsli hökm onların müsəlman olmaqlarıdır. O məscid əhlinin darul-küfrdə yaşamaqları bu əsli pozmaz. Əgər məscid əhli arasından biri mürtəd olarsa və sonra tövbə edərsə və onun arxasında namaz qılan biri həmin adamın imam durarkən müsəlman yoxsa mürtəd olması arasında tərəddüd edərsə, o zaman əslə qayıtmaq lazımdır və əsl onun müsəlman olmasıdır. Bu barədə Bədrud-Din əz-Zərkəşi deyir: “Əgər onun həm mürtəd olduğu, həm də müsəlman olduğu iki halı varsa və onun arxasında namaz qılan bu iki haldan hansında onun arxasında namaz qıldığını bilmirsə İmam əş-Şəfi (bu hal üçün) dedi: “Namazını yenidən qılması mənim üçün daha sevimlidir, əgər etməzsə etməsi vacib deyildir, çünki əsl olan müsəlman olmasıdır.[21]

Bundan sonra bir daha İbn Rəcəbin dediyi sözlərə qayıdaq: “...çünki bu əslin qarşısında digər bir əsl durur və bu, odur ki, hər doğulmuş uşaqda əsl budur ki, o, fitrət üzərində doğulur.” İbn Rəcəb’in bu söylədiyi əsl dara tabe olmaq əsli kimi bir başqa əsldir. Cələlud-Din əs-Suyuti “əl-İklil” kitabında deyir: “(Allah buyurur) “İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər.” (Yunus, 19) İnsanlarda küfr edənə qədər əsli hökmün iman olduğunu deyənlər bu ayəni dəlil gətirirlər.[22] Bu əslin tələbi budur ki, bir insanın kafir olduğu isbat olunana qədər o, müsəlman sayılmalıdır. Lakin bu əsl də dara tabe olmaq əsli kimi zəif olduğu üçün digər zahir olan dəlillər önə keçirilmişdir.

Bu insanlara vacib olan Allah elçisinin – salləllahu aleyhi va səlləm – sözünə tabe olmaq idi. Ənəs’in rəvayət etdiyi hədisdə peyğəmbər – aleyhissələm – buyurur: “Kim bizim namazımız kimi namaz qılarsa, bizim qibləmizə yönələrsə, kəsdiyimizi yeyərsə, o, Allahın və rasulunun qorumasına sahib olmuş bir müsəlmandır.[23] Axı namaz qılan, qibləyə yönələn məscid əhlinə bu sözlərdən sonra hansı haqla kafir müamələsi etmək olar?! Məşhur hədis alimi, hənəfi fəqihi Bədrud-Din əl-Ayni bu hədisin şərhində deyir: “İnsanların halı onların zahirinə görədir, batinlərinə görə deyildir, kim dinin şüarlarını üzdə göstərərsə bunun əksi ondan görünməyənə qədər o dinin əhlinin hökmləri onun üzərində keçərlidir. Əgər müsəlmanların ölkələrindən bir ölkəyə daxilində bir din və ya bir məzhəb saxlayan qərib bir insan daxil olarsa, lakin əynində müsəlmanların paltarı olarsa, ondan bunun əksi görünməyənə qədər onun halı zahirinə aid edilərək müsəlman olduğuna hökm olunar.[24] əl-Ayni burada mücərrəd olaraq zahiri görkəmi həmin adam ilə müsəlman kimi davranmağa kifayət edəcək bir dəlil saymışdır. Digər böyük hənəfi alimi əs-Səraxsi deyir: “Əgər bir ölü tapılarsa və onun müsəlman yoxsa kafir olduğu bilinməzsə; əgər İslam əhlinin kəndlərindən bir kənddədirsə zahir olan onun müsəlman olmasıdır, buna görə də yuyular və cənazəsi qılınar. Əgər şirk əhlinin kəndlərindən bir kənddədirsə zahir olan onun da onlardan olmasıdır, buna görə də cənazəsi qılınmaz. Lakin üzərində müsəlmanların simasının olması müstəsna haldır,  bu zaman yuyular və cənazəsi qılınar. Müsəlmanların siması isə xitən və xidabdır, qara rəng sayılmır. Həqiqətini bilmək imkansız olan hallarda əlamət və sima nəzərə alınır.[25] Xitən bizlərdə “sünnət” olaraq bilinən adətdir, xidab isə saqqala və saça rəng qoymaqdır. Beləliklə qara rəngdən başqa rənglərlə saqqalı boyamaq əs-Səraxsi’yə görə müsəlman olduğunu göstərən əlamətlərdən sayılır və ölünü yumaq, cənazəsini qılmaq kimi İslam əhkamlarını məhz bu əlamətin üzərinə qurmuşdur. Hənəfi üləması bu məsələdə əsas olaraq Allahın bu sözlərini dəlil gətirirlər: “Sən onları simalarından tanıyarsan.” (əl-Bəqara, 273) Sima isə ərəb dilində seçici xüsusiyyətlərə, əlamətlərə deyilir. Digər hənəfi alimi Əbu Bəkr Əhməd bin Əli ər-Razi əl-Cəssas (vəfatı hicri 370) bu ayənin izahında deyir: “Əshabımız (yəni hənəfi alimləri) darul-islamda və ya darul-hərbdə (tapılan) meyitdə bunu etibara alırlar; əgər bundan öncə onun müsəlman yoxsa kafir olduğu bilinmirsə onun simasına baxırlar; əgər üzərində zünnar bağlamaq və ya xitən etdirməmək və ya xristian rahiblərin etdikləri kimi saçı olduğu kimi tərk etmək kimi küfr əhlinin siması varsa ona kafirlərin hökmü ilə hökm edilər, müsəlmanların məqbərəsində dəfn olunmaz, cənazəsi qılınmaz. Əgər üzərində müsəlmanların siması varsa cənazə və dəfn kimi hökmlərdə ona müsəlman hökmü ilə hökm edilər. Əgər üzərində bunlardan heç bir şey görünmürsə; əgər müsəlmanlara aid bir ölkədədirsə o zaman müsəlmandır, əgər darul-hərbdədirsə kafir hökmünə tabe tutular. Beləliklə də (hənəfi üləması) simanın özünü nəzərə almağı onun tapıldığı yeri nəzərə almaqdan daha üstün sayıblar. Əgər heç bir siması yoxdursa ona tapıldığın yerin əhlinin hökmü ilə hökm edilər.[26]

Məşhur şafi’i alimi İmam Əbu Süleyman əl-Xattabi (vəfatı hicri 388) “Məalimus-Sünən” kitabında deyir: “Əgər bizim yanımıza küfr və ya iman halını bilmədiyimiz biri gələrsə və “mən müsəlmanam” deyərsə qəbul edərik. Həmçinin üzərində geyim-görkəm və fərqləndirmə işarələri və bu ikisi kimi müsəlmanlara aid əlamətləri görsək, bizə bunun əksi görünənə qədər onun müsəlman olduğuna hökm edilər.[27] Həmçinin digər şafi’i alimi İbnul-Əsir adı ilə tanınmış Məcdud-Din Əbus-Səadət əl-Mubərak bin Muhəmməd əl-Cəzəri (vəfatı hicri 606) bu sözlərin bənzərini “ən-Nihəyə” kitabında deyir: “Əgər bizim yanımıza küfr və ya iman halını bilmədiyimiz biri gələrsə və “mən müsəlmanam” deyərsə qəbul edərik. Əgər üzərində geyim-görkəm, fərqləndirmə işarələri, yəni gözəl xüsusiyyət və yaşayış yeri kimi İslam əlamətləri olarsa onun bu sözünü qəbul etmək daha münasibdir. Hətta heç bir şey deməsə belə müsəlman olduğuna hökm etməliyik.[28] Həmçinin İbn Mənzur əl-Ənsari (vəfatı hicri 711) bu sözlərin eynisini “Lisənul-Arab” kitabında zikr edir.[29]

Bu cür zahiri əlamətlərə görə müsəlman hökm vermək hətta hənbəli alimlərinə görə belə dara görə hökm verməkdən üstündür. əl-Muvaffəq İbn Qudəmə deyir: “Əgər bir meyit tapılarsa və onun müsəlman yoxsa kafir olduğu bilinməzsə xitən, geyim və saça-saqqala rəng qoyma kimi əlamətlərə baxmaq lazımdır...[30] Bu görüş bir başa İmam Əhməd’dən rəvayət olunub. İbn Muflih deyir: “Əli bin Said (Əhməddən belə dediyini) nəql etdi: “xitən və geyimi dəlil götürmək lazımdır.[31]

Hətta Aləud-Din əl-Kəsəni bu kimi məsələlərdə əlamətlərlə hökm etməyin icma olduğunu demişdir. O, deyir: “Yekun budur ki, sima ilə məkanın dəlilini birləşdirmək şərt deyildir, əksinə icmaya əsasən tək sima ilə əməl olunar.[32]

Bəli, biz tapılmış ölülərə və uşaqlara əlamətlərinə görə hökm verməklə məscid əhlinə, namaz əhlinə, yolda bizə İslam salamı ilə salam verənlərə, zahirində saqqal, geyim kimi sünnətin aşkar əlamətləri görünən kəslərə zahirdə müsəlman hökmü vermək arasında fərqin olduğunu çox gözəl bilirik. Bilirik ki, tapılan ölülərə və uşaqlara əlamətlərə əsasən müsəlman hökmü vermək daha ağır bir məsələdir, çünki kafirə cənazə namazı qılmaq, ona Allahdan bağışlanma diləmək, onun ölüsünü yumaq haramdır, lakin saqqalındakı xına kimi mücərrəd əlamətlərə əsaslanaraq ölüyə müsəlman hökmü veririk. O zaman yolda saqqalının şəklinə görə, geyiminə görə, alnındakı səcdə izinə görə müsəlman olduğunu anladığımız kəslərə İslam salamı ilə salam vermək nə üçün olmaz?! Yoxsa onlara görə salam vermək müsəlman olduğuna hökm etdiyimiz bir ölünün cənazəsini qılmaq, onu yumaq, ona Allahdan bağışlanma diləməkdən daha ağırdır?! Belə halda salam verməkdən çəkinən kəslərin qəlbinə bidət əhlinin şübhələrinin daxil olduğunu əminliklə söyləyə bilərik. Alləmə əl-Ayni’nin sözləri bizim bu dediklərimizi təsdiqləyir. Bu cür hökmlər onsuz da zənn və gümana əsasən verilir, istənilən halda insanların batinini bilmək imkansızdır. Ona görə də İmam Əbu Abdilləh Şəmsud-Din əl-Qurtubi deyir: “Hökmlər güman və zahirə əsasən verilir, qətiyyət və sirləri öyrənməklə verilmir.[33]

Bütün bunları səmimi müsəlmanlara aydınlıq gəlməsi üçün yazmışıq və bizdən nəsihət olaraq bunu qəbul edin. Təkfirdə həddi aşanlar cahillər zümrəsidir və onların şübhələrinə aldanmaq, onların işlətdikləri sözlərin qarşısında narahat olmaq üçün heç bir üzrünüz yoxdur. Müsəlmanın ən gözəl xüsusiyyətlərindən biri də ona aid olmayan işlərə qarışmamasıdır.

Peyğəmbərlərin sonuncusu, bəşəriyyətin ağası Muhəmmədə salam və salavat olsun!

 


[1] ”Bədə’ius-Sanəi fi Tərtibiş-Şərai”, 7/103; Dar əl-Kutub əl-İlmiyyə, ikinci nəşr: 1406/1986, Beyrut

[2] “Haşiyətud-Dusuqi aləş-Şərhil-Kəbir”, 1/326; Darul-Fikr

[3] “əl-Bəyən vat-Təhsil”, 2/226; Darul-Ğarbil-İsləmi, ikinci nəşr: 1408/1988, Beyrut

[4] “Haşiyətud-Dusuqi aləş-Şərhil-Kəbir”, 1/326; Darul-Fikr

[5] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 4/251-252; Darul-Fikr

[6] “əl-Muğni”, 9/22; Məktəbətul-Qahira, 1388/1968, Misir

[7] “Kəşşəful-Qina an Mətnil-İqna”, 1/224; Darul-Kutubil-İlmiyyə

[8] “əl-Umm”,

[9] “Məcmu əl-Fətəva”, 3/281

[10] “Dəqaiqu Ulin-Nuhə”, 3/402; Dar Aləmil-Kutub, birinci nəşr: 1414/1993, Riyad

[11] Azərbaycanın darul-küfr və ya darul-islam olması fəqihlərin darul-islam və darul-küfr kimi terminlərin tərifində düşdükləri ixtilafla sıx bağlıdır. Hənəfilərin qaydalarına əsasən Azərbaycan darul-islam sayılmalıdır. Üstəlik bir çox şafii aliminə görə bir kərə İslam torpağı olan yerlər hər zaman İslam torpağı olaraq qalır. Həmçinin onlardan bir çoxu darul-küfrdə ayrı-ayrı məntəqələrdə müsəlmanların toplu yaşadıqları yerləri darul-islam adlandırırlar. İstənilən halda əksər alimlərin qoyduğu qaydaya əsasən bir ölkədə hökmranlıq İslamın yox, küfrün əlindədirsə o ölkə darul-küfr sayılmalıdır.

[12] “Təqrirul-Qavaid va Təhrirul-Fəvaid”, 3/162; Dar İbn Affən, Məşhur bin Həsən təhqiqi

[13] “əl-Qavaid”, 1/264; Ummul-Qura, Məkkə

[14] “Təqrirul-Qavaid”, 3/185-186

[15] ”əl-Məbsut”, 10/215; Darul-Mərifə, 1414/1993, Beyrut

[16] “Məcmu əl-Fətəva”, 23/15

[17] “Ravdatut-Talibin”, 5/433

[18] ”əl-Aziz Şərhul-Vaciz”, 6/404; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1417/1997, Beyrut

[19] “əl-Vaciz”, 1/438; Darul-Ərqam, birinci nəşr: 1418/1997, Beyrut

[20] “əs-Seylul-Cərrar əl-Mutədəffiqu alə Hədəiqil-Əzhər”, səh: 976; Dar İbn Həzm, birinci nəşr: 1425/2004, Beyrut

[21] “əl-Mənsur”, 1/323

[22] “əl-İklil fi İstinbatit-Tənzil”, səh: 124; Darul-Kitəbil-Arabi

[23] “Sahih əl-Buxari”, 391

[24] “Umdətul-Qari”, 4/125-126; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[25] “əl-Məbsut”, 2/54

[26] “Əhkəmul-Quran”, 1/561; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut

[27] “Məalimus-Sünən”, 1/223; əl-Mətbəə əl-İlmiyyə, birinci nəşr: 1351/1932, Hələb

[28] “ən-Nihəyətu fi Ğaribil-Hədisi val-Əsər”, 1/70; əl-Məktəbə əl-İlmiyyə, 1399/1979, Beyrut

[29] Bax: “Lisənul-Arab”, 13/25; Dar Sadir, üçüncü nəşr: hicri 1414, Beyrut

[30] “əl-Muğni”, 2/400; Məktəbətul-Qahirə, 1388/1968, Misir

[31] “əl-Furu va Təshihul-Furu”, 3/303; Muəssəsətur-Risələ, birinci nəşr: 1424/2003, Beyrut

[32] “Bədəi’us-Sanəi”, 1/304

[33] “Təfsirul-Qurtubi”, 5/339; Darul-Kutubil-Misriyyə, ikinci nəşr: 1384/1964, Qahirə

 

 

a href=