Müasir corablara məsh çəkməyin hökmü

Rəhimli və Mərhəmətli Allahın adı ilə! Müsəlmanın namazı və dəstəmazı ilə bağlı bütün məsələlər çox böyük əhəmiyyət daşıyır. Dəstəmaz və namazla bir-başa bağlı olan məsələlərdən biri də məstlərə məsh çəkmək məsələsidir; daha dəqiq desək nazik corablara məsh çəkməklə bağlıdır. Son zamanlar məsələnin müsəlmanlar arasında müzakirə edilməsi gözəl bir əlamətdir. Müsəlmanların gündəlik ibadətlərində ehtiyac duyduqları məsələlər barəsində öyrənməkləri zəruridir.

Müasir corablar məsh üçün yararlıdırmı? Biz bildiklərimizə əsaslanaraq bu cür corablara məsh çəkməyin caiz olmadığına etiqad edirik. Sünnətə tabe olmağa çalışan səmimi qardaşlarımız məsələni səylə öyrənməyə çalışırlar. Bu barədə bizimlə razılaşmayan qardaşlarımız nazik corablara məsh çəkmək barədə bəzi dəlillər zikr edirlər və bizim dəlillərimizlə razılaşmırlar. Allahın izni ilə bu kiçik məqaləmizdə bu barədə gətirilən dəlillərə cavab verməyə çalışacağıq və  gəlib keçmiş məzhəblərin, fəqihlərin görüşləri ilə tanış olacağıq.

Mövzu haqqında azərbaycan dilli müsəlman qardaş və bacılarımız arasında Şeyx Cəməlud-Din əl-Qasimi'nin risaləsi tanınır. Kitab Şeyx Əhməd Şakir'in müqəddiməsi və Şeyx əl-Albani'nin təhqiqi ilə çap edilib. Azərbaycan məkanında demək olar ki, mövzu haqqında bundan başqa bir əsər tanınmır. Mövzu haqqında gedən müzakirələrdə bizimlə razılaşmayan tərəfin çoxca əsaslandıqları kitab məhz bu kitabdır. Ona görə də bu yazımızda kitabın içərisində gətirilmiş dəlillərə və təqdim edilmiş əsas məsələlərə cavab verməyə çalışacağıq. Müvəffəqiyyət Allahdandır. Qarşıya qoyulan dəlillər bunlardır:

Birinci: ət-Tirmizi deyir: “Hənnəd və Məhmud bin Ğeylən rəvayət etdilər: dedilər: Vaki’ bizə Sufyan’dan, o da Əbu Qeys’dən, o isə Hüzeyl bin Şurahbil’dən, o da əl-Muğira bin Şu’bə’dən belə dediyini rəvayət edir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – dəstəmaz aldı və corablarına və səndəllərinə məsh çəkdi.[1]

Bu hədisi əvvəlki alimlərdən ət-Tirmizi və İbn Hibban səhih sayıb. Hicri səkkizinci əsrdə yaşamış mühəddis alim İbnut-Türkməni də hədisin səhih olduğunu deyib. Müasirlərdən isə Əhməd Şakir, Nəsirud-Din əl-Albani, Əhməd əl-Ğuməri hədisi səhih görüblər.

Bunların qarşısında isə hədisi zəif və münkər görənlər ümmətin ən böyük imamları və alimləridir. Bu hədisi Sufyan əs-Səvri, İbnul-Mübərak, İmam Əhməd, Abdur-Rahmən bin Mehdi, İbn Main, ən-Nəsəi, İbnul-Mədini, Muslim bin əl-Həccəc, əl-Buxari, Əbu Davud, əl-Uqeyli, əd-Dəraqutni, əl-Beyhəqi, Əbu Hətim ər-Razi, Əbu Zura ər-Razi, İbn Əbi Hətim və daha bir çox imam bu hədisin münkər olduğunu deyiblər. İmam ən-Nəvəvi və Hafiz İbnul-Qayyim hədisin münkər olmasını dəstəkləyiblər. Münkər olmasının səbəbi isə budur ki, bu hədisi əl-Muğira’dan otuzdan çox tabii rəvayət edib, lakin Hüzeyl’dən başqa heç kəs bu hədisdə “corab” sözünü zikr etməyib, hamısı xoflara məsh çəkdiyini zikr ediblər. Üstəlik Hüzeyl’dən bunu rəvayət edən Əbu Qeys saduqdur, alimlər xəta etdiyini deyiblər və sözsüz ki, Əbu Qeys kimi bir ravinin özündən güclü və siqa olan bu qədər raviyə müxalif olması onun xəta etdiyinin açıq-aşkar dəlilidir.

Daha sonra burada iki məqama diqqət çəkmək istəyirəm, çünki bu hədisi səhih sayıb onunla əməl edənlər bu iki məqama fikir vermirlər. Birinci məqam budur ki, əl-Muğira bin Şubə’nin bu hədisini hamı Sufyan əs-Səvri vasitəsilə rəvayət edir. Sufyan əs-Səvri isə özü rəvayət etdiyi bu hədisin xəta olduğuna şahidlik edib. əl-Beyhəqi rəvayət edir: “Abdur-Rahmən bin Mehdi dedi: “Sufyan əs-Səvri’yə dedim: “Əgər mənə Əbu Qeys’in Hüzeyl’dən rəvayət etdiyi hədisi rəvayət etsəydin səndən qəbul etməzdim. Bunun üzərində Sufyan dedi: “Hədis zəifdir” və ya “xətadır” və ya buna yaxın bir söz dedi.[2] O zaman ravinin özünün zəif saydığı hədisi necə səhih saymaq olar?! İkinci məqam isə budur ki, bu hədisi səhih sayan alimlər bunu zəif sayan imamların bilməkləri yeni bir şeyi zikr etməyiblər. Lakin onların da çox gözəl şəkildə bildikləri bir şeyə əsaslanaraq hədisi səhih sayıblar.

Daha sonra Şeyx əl-Qasimi’nin bu hədisi gücləndirmək üçün istifadə etdiyi sözlər bir çox elm əhlini təəccübləndirib. əl-Qasimi deyir: “Zikr olunanlar ilə hədisi zəif çıxarmağın qarşısında ət-Tirmizi’nin onun səhih sayması durur.[3] əl-Qasimi’nin bu sözləri xətalıdir, belə ki, ət-Tirmizi’nin səhihləşdirməsi bu qədər imamın zəifləşdirməsi qarşısında heçnədir. ət-Tirmizi xüsusilə hədisləri səhih saymaqda yumşaq davrandığı üçün tənqid olunub. Bu işin ustalarından olan Hafiz əz-Zəhəbi deyir: “Buna görə də alimlər ət-Tirmizi’nin (hədisi) səhih saymasına etimad etmirlər.[4] əs-Səxavi “Fəthul-Muğis”də[5] ət-Tirmizi ilə əl-Həkim’i səhih saymaqda güzəşt edən, yumşaq davranan alimlər arasında saymışdır. Cələlud-Din əs-Suyuti deyir: “ər-Rafi’inin kitabının təxricində əz-Zərkəşi deyir: “(əd-Diya əl-Məqdisi’nin hədisi) səhihləşdirməsi əl-Həkim’in (hədisləri) səhihləşdirməsindən daha üstün məziyyətə sahibdir və o, ət-Tirmizi ilə İbn Hibban’ın (hədisləri) səhihləşdirmələrinə yaxındır.[6] Məhz buna görə də İmam ən-Nəvəvi deyir: “Hətta ət-Tirmizi "hədis həsəndir" söyləsə də, bu alimlərin sözü onun sözündən üstündür, hətta elm əhlinin ittifaqına görə bu alimlərdən istənilən biri təklikdə hədisi zəif saysaydı, onun sözü ət-Tirmizinin sözündən üstün sayılacaqdı.[7]

əl-Qasimi kitabında ət-Tirmizi’nin hədisi səhih saymasına üstünlük verməsinin səbəbini belə izah edir: “çünki ət-Tirmizi bu nəsil alimlərdən sonra yaşamış alimdir və hədis haqqında deyilmiş hər bir şeydən xəbəri var idi və (bununla belə) hədisin səhih olmasını haqlı görmüşdür.” Sözsüz ki, belə bir səbəb əsassızdır, əgər əl-Qasimi’nin dediyi tutarlı olsaydı o zaman ət-Tirmizi’dən sonra yaşamış əl-Beyhəqi, əd-Dəraqutni, ən-Nəvəvi, İbnul-Qayyim kimi alimlərin bu hədisi zəif saymaqlarına üstünlük vermək daha münasib olardı, çünki onlar da ət-Tirmizi və İbn Hibban’ın sözlərindən xəbərdar idilər.

Üstəlik əlavə etməliyik ki, ət-Tirmizi və İbn Hibban bu hədisi səhih saysalar da hədisdən bizim müasirlərin başa düşdükləri mənanı başa düşməyiblər. Belə ki, ət-Tirmizi bu hədisdən sonra coraba məsh çəkməyi caiz saymış alimlərin adlarını zikr edir və corabın qalın olmasını şərt kimi qeyd edir və onun sözləri qarşıda zikr olunacaq. Eynilə İbn Hibban “əs-Sahih” kitabında[8] bu hədisi yerləşdirdiyi babı “corablar səndəllər ilə birlikdə olarsa insana onlara məsh çəkməyin mübah olmasının zikri” adlandırmışdır. Beləliklə İbn Hibbana görə ayrılıqda coraba məsh çəkmək caiz deyildir, yalnız səndəl ilə birlikdə olduqda məsh çəkilə bilər. Bu isə müasirlərin anlayışına tamamilə ziddir. İbn Hibban’ın bu görüşü həm də sələfdən əl-Həsən əl-Bəsri’nin görüşüdür, belə ki, İbn Əbi Şeybə “əl-Musannəf”də deyir: “Həfs bizə Amr’dan, o da əl-Həsən’dən rəvayət edir. (Amr) dedi: “(əl-Həsən) deyərdi: “Corablar və səndəllər xuflar kimidir”. (Amr dedi) “və biri olmadan o birinə məsh çəkməyin doğru olmaması görüşündə idi.[9] Yəni corabsız səndəllərə, səndəlsiz də corablara məsh çəkməyi caiz görməzdi.

İkinci: İbn Məcə deyir: “Muhamməd bin Yəhya bizə rəvayət etdi; dedi: Muallə bin Mənsur və Bişr bin Ədəm bizə rəvayət etdilər; dedilər: İsa bin Yunus bizə İsa bin Sinan’dan, o da əd-Dahhək bin Abdir-Rahmən bin Arzəb’dən, o isə Əbu Musa əl-Əşari’dən rəvayət edir ki, “Allahın elçisi – salləllahu aleyhi va səlləm – dəstəmaz aldı və corabları və səndəllərinə məsh çəkdi.[10]

Bu hədis də zəifdir. Əbu Davud bunu zikr edir və deyir:”Sənədi tam deyil və güclü də deyildir.[11] ət-Tabərani “əl-Mucəm əl-Əvsət” kitabında hədisi zikr etdikdən sonra deyir: “Bu hədis Əbu Musa’dan yalnız bu isnad ilə rəvayət edilir. Bunu yalnız İsa rəvayət edib.[12] İsa bin Sinan isə zəif ravidir. Hədisin zəif olduğunu həmçinin əl-Beyhəqi və ən-Nəvəvi söyləmişdir.

Hətta bu iki hədisin səhih olduğunu qəbul etsək belə yenə dəlil sayılmaz. Bu, yalnız corablara məsh çəkməyin caiz olmasına dəlil olar, yoxsa hər növ coraba məsh çəkməyin caizliyinə dair dəlil olmaz. Çünki hədis peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözü deyil, onun felidir. Məlum olduğu kimi fel ümumilik ifadə etməz. Üstəlik məlumdur ki, ləfzlər örfdə məlum olduğu mənalarına həml edilməlidir.

Bu dediklərimizin təsdiqini ət-Tirmizi’nin sözlərində tapırıq, belə ki, ət-Tirmizi birinci hədisi zikr etdikdən və onu səhih saydıqdan sonra deyir: “Bu, birdən çox elm əhlinin görüşüdür; bu görüşü Sufyan əs-Səvri, İbnul-Mubərak, əş-Şəfi’i, Əhməd və İshaq qəbul ediblər və deyiblər: “Səndəllər olmasa belə əgər corablar sıxdırsa/qalındırsa onlara məsh çəkə bilər.” Beləliklə ət-Tirmizi coraba məsh çəkməyə icazə verən alimlərin görüşlərini səsləndirərək corabın qalın olmasını qeyd edir, çünki səhabə zamanında corablar xuflar kimi dözümlü və qalın corablar idi. Bizim müasir corablar o zaman mövcud deyildi.

Digər tərəfdən isə hədis fərqli alimlər tərəfindən fərqli cür anlaşılmışdır. Misal üçün İmam əl-Beyhəqi deyir: “Ustaz Əbul-Valid – rahiməhullahu təalə - corablara və səndəllərə məsh hədisini altı dəri qatla örtülmüş corablara məsh olaraq təvil etmişdir, yoxsa ayrılıqda bir corab və ayrılıqda bir səndəl deyildir. Bizə bunu ondan Əbu Abdilləh əl-Həfiz xəbər verdi və mən Ənəs bin Malik’dən bunu dəstəkləyəcək bir əsər tapdım.[13]

Üçüncü: İmam Əhməd deyir: “Yəhya bin Said əl-Qattan bizə Səvr bin Yezid əl-Kiləi’dən, o da Raşid bin Sad’dan, o da Səvbən’dən belə dediyini rəvayət edir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – bir əskər dəstəsi göndərdi. Onlara soyuq dəydi. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəldikdə soyuğa tutulmaqları barədə ona şikayət etdilər. Onlara asaib’ə və təsəxin’ə məsh çəkməyi buyurdu.[14]

“Asaib” əmmamələrdir. Bu hədisi dəlil gətirənlər hədisdəki “təsəxin” sözünü şahid qismində istifadə etmişdir. Onlar deyirlər ki, “təsəxin” ayağı isti saxlayan istənilən xuf və corabdır. Şeyx əl-Qasimi deyir: “Alləmə İbnul-Əsir “ən-Nihəyə” kitabında söyləyir: “...Təsəxin xuf, corab və bənzəri geyimlər kimi ayağı istiləşdirən hər bir şeydir...[15] Beləliklə buna əsaslanaraq nazik corablara da məsh çəkməyi caiz görüblər. Buna biz belə cavab veririk. Hər şeydən əvvəl diqqətə çatdırmalıyıq ki, Şeyx əl-Qasimi bu sitatda xəta etmişdir, çünki İbnul-Əsir “ən-Nihəyə” kitabında belə bir söz söyləməmişdir. Kitabı təhqiq edən Şeyx əl-Albani’nin də nəzərindən bu xətası yayınmışdır.   Əslində İbnul-Əsir’in “ən-Nihəyə” kitabına baxdıqda görürük ki, orada “təsəxin” haqqında deyir: “Onlar xuflardır.[16] Kitabın bir başqa yerində yenə eyni hədisin təfsirində deyir ki, “xuflardır.” Bunun ardınca çox maraqlı sözlər nəql edir: “Həmzə əl-İsfəhani “əl-Muvazənə” kitabında deyir: “Təsxən (farsca) “təşkən” sözünün ərəbləşmiş şəklidir və bu, başa qoyulan papaqlardan bir papağın adıdır. Bunu alimlər və məcusi hakimlər taxardılar, başqaları taxmazdı. “Təsəxin” sözü bir hədisdə keçib və bunun təfsirinə toxunanlar bunun xuf olduğunu söyləyiblər, çünki fars dilini bilməyiblər.[17] Həmzə əl-İsfəhani’nin bu sözünün nə qədər dəqiq olduğunu söyləyə bilmərik, lakin nəzər saldığımız bütün lüğətlərdə, bütün “ğaribul-hədis” kitablarında “təsəxin” sözünün xuflar anlamında olduğu deyilir. Onlar sözün ərəb mənşəli olduğunu deyirlər. Ərəb dili elminin atası sayılan Xalil bin Əhməd (vəfatı h. 170) “əl-Ayn” kitabında deyir: “Təsəxin xuflardır.[18] Eyni sözü İmam Əbu Ubeyd əl-Qasim bin Səlləm (vəfatı h. 224) “Ğaribul-Hədis”də və İmam İbrahim bin İshaq əl-Hərbi (vəfatı h. 285) eyni adlı kitabında zikr edir.[19] Həmçinin əl-Əzhəri “Təhzibul-Luğa”da, Əbu Nəsr İsmail əl-Cəvhəri əl-Fərabi (vəf. h. 393) “əs-Sihah”da, İbn Fəris (vəf. h. 395) “Mucməlul-Luğa” və “Məqayisul-Luğa” adlı kitablarında, İbn Sidə əl-Mursi (vəf. h. 458) “əl-Muhkəm val-Muhit əl-Azəm”də, İbnul-Mənzur “Lisənul-Arab”da, Əbu Həfs Nəcmud-Din ən-Nəsəfi “Taləbətut-Taləbə”də, əz-Zəməxşəri “Əsəsul-Bələğa” və “əl-Fəiq” kitablarında, Burhənud-Din əl-Xavarazmi “əl-Muğrib”də, Zeynud-Din ər-Razi “Muxtərus-Sihəh”də, Əhməd əl-Fəyumi “əl-Misbəh əl-Munir”də, əl-Feyruzabadi “əl-Qamus əl-Muhit”də, Murtəda əz-Zəbidi “Təcul-Arus”da bunun xuflar olduğunu deyir. Həmçinin Əbu Bəkr İbn Dureyd əl-Əzdi (vəf. h. 321) deyir: “Bu hədisdə xuflar deməkdir.[20] Bunlardan heç biri “təsəxin” sözünün corab anlamına gəldiyini söyləməyib. Həmzə əl-İsfəhani də qeyd edir ki, bu sözü təfsir etmiş bütün alimlər bunu xuflar kimi təfsir ediblər.

Lakin əl-Qasimi’nin nəql etdiyi sözləri biz əl-Xattabi’nin “Ğaribul-Hədis” kitabında tapdıq. əl-Xattabi deyir: “Ərəblərin bir hissəsi xuflara “təsəxin” deyir...Bəziləri deyiblər: “Təsəxin xuf, corab və bənzəri geyimlər kimi ayağı istiləşdirən hər bir şeydir.[21] Gördüyümüz kimi əl-Xattabi bu sözlərin kimə aid olduğunu söyləmir, lakin bəzi kəslərin belə bir fikir səsləndirdiyini zikr edir. Bu fikir sahiblərinin kim olduğu bilinmir. Daha əvvəl təqdim etdiyimiz dil alimlərinin sözlərindən aşkar şəkildə anlaşıldı ki, “təsəxin” xuflardır, başqa bir şey deyildir. Şeyx Abdur-Rahmən əl-Mubərakfuri deyir: “Dil və ğarib alimlərinə görə “təsəxin”in xuflar olduğu aydınlaşdıqdan sonra bu hədisi mütləq olaraq corablara – istər qalın olsun, istərsə də nazik – məsh çəkməyin icazəli olmasına dair dəlil gətirmək doğru deyildir.[22]

Üstəlik hədisin səhih olub olmaması ixtilaflıdır. əl-Həkim, ən-Nəvəvi, İbn Abdil-Hədi və əz-Zəhəbi hədisi səhih sayıblar. Lakin Hafiz İbn Həcər “ət-Təlxis əl-Həbir” kitabında hədisin sənədinin tam olmadığını, qopuq olduğunu deyir.[23] Bir başqa kitabında deyir: “İsnadı qopuqdur, əl-Beyhəqi zəif sayıb və əl-Buxari deyib: “Səhih olmayan bir hədisdir.”[24] Həmçinin Hafiz Saləhud-Din əl-Aləi deyir: “Raşid bin Sad əl-Himsi; Əhməd bin Hənbəl dedi: “Səvbən’dən (hədis) eşitməyib.[25] Şeyx əl-Həsən bin Əhməd ər-Rubəi əs-San’ani hədisi zikr etdikdən sonra deyir: “İsnadında məqal vardır.[26] Yəni isnadı tənqid olunub. Beləliklə İmam Əhməd qeyd edib ki, Raşid bin Sad Səvbən’dən hədis eşitməyib. Bu, yalnız İmam Əhmədin görüşü deyildir. Bu, həm də əl-Hərbi və İbn Əbi Hətim’in görüşüdür.

Lakin İmam əl-Buxari “ət-Tərix əl-Kəbir”də[27] onun Səvbən’dən eşitməsini isbat edir. İbn Abdil-Hədi, əl-Muğlətay, əz-Zeyləi və digərləri bu məsələdə əl-Buxari’ni haqlı sayıblar. İstənilən halda hədisin səhih olması ixtilaflıdır.

Bu üç dəlil Şeyx Cəmalud-Din əl-Qasimi’nin risaləsinin əsasını təşkil edir. Kitaba müqəddimə yazmış Şeyx Əhməd Şakir isə burada dördüncü bir dəlil də zikr etmişdir. Biz burada həmin dördüncü dəlili də zikr edirik:

Dördüncü: Hafiz Əbu Bişr əd-Dəvləbi deyir: “Əhməd bin Şueyb mənə Amr bin Əli’dən onun belə dediyini xəbər verdi: Səhl bin Ziyad Əbu Ziyad ət-Tahhan mənə xəbər verdi; dedi: əl-Əzraq bin Qeys bizə rəvayət etdi; Ənəs bin Malik’i dəstəmazını pozarkən gördüm, sonra üzünü və iki qolunu yudu və başına məsh çəkdi və yundan olan corablarına məsh çəkdi. Beləliklə ona dedim: “Onların üstünə məsh çəkirsən?” Dedi: “Onlar xuflardır, lakin sadəcə olaraq yundandırlar.[28]

Şeyx Əhməd Şakir burada Ənəsin corabları da xuf adlandırmasını dəlil gətirərək istənilən coraba məsh çəkməyin caiz olduğunu göstərməyə çalışmışdır. Lakin heç bir alim tarix boyu məsələni bu şəkildə anlamamışdır. Ərəb dilində də “xuf” və “corab” deyildikdə iki ayrı şey anlaşılır, əks təqdirdə ərəb dilini ən gözəl şəkildə bilən imamlarımız xuflara məsh çəkməyi caiz gördükləri halda corablar üzərində ixtilaf etməzdilər.

Üstəlik ərəb dili alimləri nəzdində hədislər ərəb dili üçün dəlil təşkil etməz, çünki hədislər peyğəmbərin – salləllahu aleyhi va səlləm – və səhabələrinin sözləri olsa da onların çoxu məna ilə rəvayət edilib və rəvayət edənlərin arasında əcəmilər də çoxdur. Buna görə də ərəb dili alimləri hədisləri dəlil kimi qəbul etməyiblər və İbn Məlik kimi hədisləri ərəb dili qaydaları üçün dəlil kimi qəbul edənləri şiddətlə inkar ediblər. Bu barədə əs-Suyuti “əl-İqtirah” kitabında[29] gözəl izahat verib.

Əksinə bu rəvayət corabların qalın olmasını şərt görənlər üçün iki tərəfdən dəlildir:

Birinci: Bu rəvayət açıq şəkildə göstərir ki, səhabə zamanında corablara məsh çəkmək məşhur deyildi, çünki xufların üzərinə məsh çəkilirdi və xufların üzərinə məsh çəkmək bir çox alimin isbat etdiyi kimi mütəvatir dərəcəsindədir. Lakin bu rəvayətdə gördüyümüz kimi Ənəsin corablarına məsh çəkməsi əl-Əzraq bin Qeysi təəccübləndirir və onu belə bir sual verməyə vadar edir. Ənəsin də cavabından anlaşılır ki, Ənəs burada əl-Əzraqın nə üçün təəccübləndiyini anlayırdı, məhz buna görə də cavabında corabları xuflara bənzətmişdir.

İkinci: Ənəs bin Malik burada ayağındakı yundan olan corabların da xuflarla eyni hökmdə olduğunu qəsd edir. Onun xufların bir başa corab olduğunu söyləməsi ərəb dilində istifadə olunan ifadə tərzidir ki, bəlağət elmində buna “istiarə” deyilir. Ya da bu, “təşbih bəliğ” da adlana bilər ki, burada bənzətmə ədatı düşürülərək bənzətmə edilmişdir. Ənəs bin Malik corabların da hökmdə xuflar kimi olduğunu deyir, lakin xuffun dəridən, corabların isə başqa materialdan olmasına işarə edir. Bu dediyimiz təsdiqləyən rəvayəti Abdur-Razzəq “əl-Musannəf” kitabında rəvayət edib: “Mə’mər bizə Qatədə’dən, o da Ənəs bin Malik’dən xəbər verdi ki, o, corablarına məsh çəkərdi və dedi: “Bəli, xuflar kimi onun üstünə məsh çəkə bilər.[30] Gördüyümüz kimi burada xufların corablar olduğunu yox, lakin onlar kimi olduğunu demişdir. Bizim bu dediklərimizi bir daha dəstəkləyən başqa bir rəvayət Ənəsin geyindiyi corabları bizim üçün vəsf edib. əl-Beyhəqi “əs-Sünən əl-Kubra” kitabında Raşid bin Nəcih’in belə dediyini rəvayət edir: “Ənəs bin Məlik’i ayaqyoluna daxil olarkən gördüm və ayaqlarında corab var idi ki, corabların altı dəri, üstü xəz idi, sonra onların üstünə məsh çəkdi.[31]

Hətta Şeyx Əhməd Şakir’in dediyinin doğru olduğunu qəbul etsək belə bizə öz sözünün dəlil olmayacağını isbat edən elə Şeyx Əhməd Şakir özüdür, belə ki, bu əsəri dəlil gətirərkən deyir: “Bu (əsər) bəyan edir ki, xuffun mənası dəri olmasından daha genişdir və ayağı örtən və suyun daxil olmasına mane olan hər bir şeydir.[32] Beləliklə də əgər xuff Şeyx Əhməd Şakirə görə suyun daxil olmasına mane olar və ayağı örtən hər bir şeydirsə müasir corablar heç bir vəch ilə bu tərifə daxil olmaz, çünki suyun nüfuz etməsinə heç cür əngəl təşkil etməz.

 

 

***

 

 

Bu rəvayətlərin səhih və ya zəif olmasından asılı olmayaraq heç biri nazik coraba məsh çəkməyin icazəli olmasına dəlalət etmir. Üçüncü hədisin ümumiyyətlə corablara aidiyyatı yoxdur. Digər rəvayətlərə gəldikdə isə onların dəlil sayıla bilməyəcəyini bir neçə yolla isbat etmək olar:

Birinci: Bu kimi rəvayətlərə üsul alimlərinin təbiri ilə “hikəyətul-həl” deyilir, yəni bu xəbərlər sadəcə olaraq bir halın, bir durumun haqqında verilən xəbərdir. Üsulul-fiqh elminə görə isə bu cür müəyyən bir halı bizlərə xəbər verən rəvayətlər ümumilik ifadə etməz, yəni bunu hər bir coraba aid etmək olmaz. Alləmə əl-Kəməl İbn Huməm bu hədisin corablara məsh çəkilməsinə dair dəlil gətirilməsinə etiraz edərək deyir: “(əl-Mərğinəni’nin “əl-Hidəyə” kitabındakı “Əbu Hənifəyə görə corablar cildlə örtülmüş olmadıqda onlara) məsh çəkmək olmaz” sözləri (əl-Muğira’nın) hədisinə müxalif deyildir, çünki (o hədis) bir halın hekayəsidir və ümumilik ifadə etməz.... beləliklə ona görə (yəni Əbi Hənifə’yə görə) bu məna yalnız altı dəri qatla örtülmüş corablarda reallaşır, buna görə də hədisin həml edildiyi məna bu olmalıdır, çünki (hədis) bir halın vaqiəsidir və onda ümumilik yoxdur.[33] Həmçinin İmam ən-Nəvəvi bu hədisə cavab verərkən deyir: “Hətta əgər səhihdirsə, o zaman dəlillərin arasını birləşdirərək (hədisdəki corabı) davamlı yeriməyə imkan verən növə həml edirik və üstəlik ləfzdə heç bir ümumi məna yoxdur ki, onun əsaslanılsın.[34] Aləud-Din əl-Kəsəni idə deyir: “Hədisə gəldikdə isə onların cildlə örtülmüş olması və ya altı dəri qabıqlı olması ehtimalı vardır və biz də bu görüşdəyik. Hədisdə ümumilik yoxdur, çünki bir halın hekayəsidir. Məgər görmürsən ki, nazik corablara aid deyildir?[35] Bu dediyimizi daha dəqiq anlamaq üçün başqa bir misal verək. Bilalın xəbər verdiyi kimi Allahın elçisi – salləllahu aleyhi va səlləm – Kəbənin içində namaz qılmışdır. Məlumdur ki, namaz sözü həm nafilələrə, həm də fərzlərə aiddir. Lakin alimlər fərzin Kəbədə qılınmasına icazə vermirlər, çünki fel ümumilik ifadə etməz. Bir daha qeyd edirik ki, rəvayətlərdə bizə xəbər verilən sadəcə olaraq feldir, söz deyildir. Əgər söz olsaydı, yəni peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – “corablarınıza məsh çəkin!” buyursaydı bunun bütün corablara aid olduğunu deməyin bir əsası olardı, çünki məlum olduğu kimi bu cür əmrlər ümumilik ifadə edir. Lakin fellər üsulul-fiqh elmindən öyrəndiyimiz kimi özlüyündə ümumilik ifadə etmir. Məhz buna görə də Şeyx Muhəmməd Əşrəf əl-Azimabadi deyir: “Bəli, əgər hədis qövli (ləfzi) olsaydı, yəni ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – “corablara məsh çəkin!” desəydi bunun ümumiliyini corabın bütün növləri üçün dəlil göstərmək olardı və əgər belə deyilsə olmaz.[36] Yəni hədis qövli hədis olmadığı üçün, beləliklə də ondan bir ümumilik olmadığı üçün onu hər növ coraba dəlil gətirmək olmaz. Eynilə məşhur üsulçu alim Əbu Bəkr əl-Cəssas deyir: “Əgər desələr ki, əl-Muğira bin Şubə və Əbu Musa (əl-Əşari) rəvayət ediblər ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – corablara və səndəllərə məsh çəkib, o zaman (buna cavab olaraq) deyərik ki, o corabların dəri ilə örtülü olması ehtimalı da vardır. Beləliklə də onun ixtilaf etdiyimiz mövzuya heç bir dəlaləti yoxdur, çünki ləfzin ümumiliyi ilə gəlməyib, sadəcə olaraq bir felin hekayəsidir və (məsh çəkdiyi corabların necəliyini) bilmirik.[37]

İkinci: Şəriət mətnlərindəki hər bir söz şəriətin nazil olduğu dövrdə mövcud olan həqiqətə aid edilməlidir. Daha sonrakı dövrlərdə ortaya çıxan yeni həqiqətlər o sözün əhatə dairəsinə daxil olmaz. Şeyx Muhamməd bin Muhamməd əl-Muxtər əş-Şənqiti corabın qalın olmasını şərt qoşanların görüşlərini izah edərkən deyir: “Çünki nazik və şəffaf corablar peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında mövcud deyildi, onlar yalnız qalın corablar geyinərdilər və onlarda gəzərdilər.[38]

 

 

***

 

 

Əziz müsəlman! Bil ki, ümmətin alimləri, müctəhidləri xuflara və məshlərə şərtlər qoyublar. Biz bu məqaləmizdə mövzumuzla əlaqədar olan şərtləri zikr edəcəyik. Beləliklə bu şərtlərdən hansının üzərində ittifaq olduğunu və hansı şərt haqqında ixtilaf edildiyini bəyan edəcəyik və bunu edərkən mötəbər qaynaqlara əsaslanacağıq. İlk öncə bu şərtləri sadalayaq: fərz olan hissəni örtməsi, suyun ayağa çatmasının qarşısını alması, heç bir bağa, ipə ehtiyac olmadan ayaqda durması və onlarla davamlı yürüməyin mümkün olması. Sözsüz ki, şərtlər bununla qurtarmır, lakin bizim mövzumuzla bağlı olan, daha doğrusu corabın keyfiyyəti ilə bağlı olan şərtlərdən ən əhəmiyyətlisi bunlardır.

Ayağın fərz olan hissəsinin örtülməsini dörd məzhəbin alimləri şərt görüblər, lakin onlar deşiyi olan, yırtılmış məstlər haqqında ixtilaf ediblər. Beləliklə bu şərtdə ixtilafın olduğunu bilirik. Corabların heç bir kənar dəstək olmadan ayaqda durması şərti üzərində də ixtilaf edilib. Gəzməyə yararlı olması və qalın olması şərti isə bütün məzhəblərin və alimlərin üzərində ittifaq etdikləri bir şərtdir. Məzhəblərin bu barədə görüşləri ilə tanış olaq:

Hənəfi alimlərindən Əbul-Həsən əs-Suğdi (vəf. h. 461) deyir: “Corablara məsh çəkməyə gəldikdə isə, əş-Şafi’yə görə onlar məsh yerinə qədər dəri ilə örtülü olmadığı təqdirdə onlara məsh çəkmək caiz deyildir. Əbu Hənifəyə görə isə altı dəri qat ilə örtülü olmadığı təqdirdə məsh çəkmək caiz deyildir. Əbu Yusuf, Muhamməd və Əbu Abdilləhə görə isə (corab) sıxdırsa/qalındırsa çəkmək olar.[39] Məşhur hənəfi alimi Alləmə əs-Səraxsi deyir: “(əl-Həkim) dedi: “Corablara məsh çəkməyə gəldikdə isə, əgər qalındırsa və altında dəri qat varsa onlara məsh çəkmək caizdir,” çünki səfərdə onlarla davamlı yürümək mümkündür, lakin nazikdirsə onlara məsh çəkmək olmaz...Əgər qalındırsa, lakin altında dəri qat yoxdursa Əbu Hənifə’yə - rahiməhullah təalə - görə məsh çəkmək olmaz, çünki səfərdə onlarla davamlı yerimək mümkün deyildir, beləliklə nazik corab kimi olur. Əbu Yusuf və Muhammədin – rahiməhuməllahu təalə - görüşünə görə isə onlara məsh çəkmək olar.[40] Hənəfi alimlərindən Burhənud-Din Əbul-Həsən əl-Mərğinəni deyir: “(Əbu Yusuf və Muhamməd əş-Şeybəni) deyir: (corablar) əgər qalındırsa və (dərini) göstərmirsə (onlara məsh çəkmək) caizdir, çünki rəvayət edildiyi kimi peyğəmbər – salləllahu aleyhi va səlləm – corablara məsh çəkib və çünki qalın olduqda onlarla gəzmək mümkündür..,[41] Məcdud-Din Əbul-Fədl əl-Məusili deyir: “Əgər qalındırsa və ya dəri ilə örtülüdürsə və ya dəri altlığı varsa corablara (məsh çəkmək) icazəlidir.[42] Alləmə Əbul-Həsən Əhməd əl-Quduri deyir: “Əbu Hənifəyə görə - rahiməhullah – corablar cildlə örtülmüş və ya dəri altığa sahib olmadıqda məsh çəkmək olmaz. Əbu Yusuf və Muhamməd isə - rahiməhuməllah – dedilər ki, əgər qalındırsa və (dərini) göstərmirsə məsh çəkmək olar.[43]

Qeyd: Hənəfilərdə bu məsələdə fətva Əbu Yusuf və Muhamməd əş-Şeybəni’nin görüşü üzərindədir.

Maliki alimlərinə gəldikdə isə onların məzhəbinə görə coraba ümumiyyətlə məsh çəkmək olmaz, yalnız altı da, üstü də dəri ilə örtülmüş corablara məsh çəkməyə icazə verirlər. Lakin onlar da gəzməyə yararlı olmasını şərt qoşurlar. Şeyx Xalil müxtəsərində malikilərin tələb etdikləri şərtləri sayır: “... o şərtlə ki, dəri olmalı, təmiz olmalı, tikilmiş olmalı, (ayağın) fərz yerini örtməli və onunla davamlı gəzməyə imkan verməlidir.[44]

Şafi’i alimlərinin bir qismi corabın dəri altlığının olmasını şərt görür, bir qismi isə bunu şərt görmür, lakin qalın və möhkəm olmasını şərt görür. Əbu İshaq əş-Şirazi deyir: “Əgər corab geyinərsə iki şərtlə məsh çəkməsi caizdir: birinci: qalın və sıx olmalı, dərini göstərməməlidir. İkinci: altı dəri qatla örtülməlidir.[45] İmam ən-Nəvəvi bu sözlərin izahında deyir: “əş-Şafi - Allah ondan razı olsun - müəllifin qeyd etdiyi kimi "əl-Umm" əsərində bu barədə demişdir ki, corablara məsh çəkmək o şərtlə caizdir ki, corablar qalın, sıx və altı sərt qabıqla örtülü olsun. Bu görüşü bir qrup alim mənimsəmişdir, onların arasında əş-Şeyx Əbu Həmid, əl-Məhamili, İbn Sabbağ, əl-Mutəvalli və başqaları vardır. əl-Muzəni isə (əş-Şafidən) nəql edir ki, corablara məsh çəkmək yalnız ayaqları tam örtəcək şəkildə dəridən hazırlandığı halda caizdir. əl-Qadi Əbu Tayyib dedi: Corablara məsh çəkmək yalnız o vaxt caizdir ki, corablar ayağın fərz olan hissəsini tam şəkildə örtsün və onlar (çöldə) gəzmək üçün yararlı olsun. Dedi: əl-Muzəni'nin ondan (əş-Şafidən) nəql etdiyi "yalnız ayaqları örtəcək şəkildə dəridən hazırlandığı halda" sözü əslində bir şərt deyildir, lakin əş-Şafi - Allah ondan razı olsun - bunu qeyd etməsinin səbəbi budur ki, əksər hallarda corab yalnız ayaqları örtəcək şəkildə dəridən hazırlandığı halda (çöldə) gəzmək üçün yararlı olur. Bu, əl-Qadi Əbu Tayyibin sözləridir və muhaqqiqlərdən bir çox alimlər bunun bənzərini söyləmişdir. "əl-Havi" və "əl-Bəhr" əsərlərinin sahibləri və bu ikisindən başqaları isə başqa bir görüş nəql edirlər və onlara görə corablar (çöldə) gəzməyə yararlı olacaq şəkildə qalın olsa belə, bütün ayaq boyu dəri ilə örtülmədiyi halda ona məsh çəkmək caiz deyildir. Lakin səhih və doğru olan əl-Qadi Əbu Tayyibin, əl-Qaffalın və mühəqqiqlərdən bir çox alimin qeyd etdiyi görüşdür, yəni necə olmasından asılı olmayaraq (çöldə) gəzməyə yararlı olduğu halda, məsh çəkmək caizdir, əks təqdirdə caiz deyildir. Bunu bu şəkildə əl-Furabi "əl-İbanə" kitabında bütün əshabımızdan nəql etmişdir və demişdir: "Əshabımız dedi: Əgər corablar (çöldə) gəzmək üçün yararlıdırsa, onların üzərinə məsh çəkmək olar, əks təqdirdə olmaz.... Bizim məzhəbimizə görə səhih olan budur ki, əgər corab gəzməyə yararlı olacaq şəkildə qalındırsa, ona məsh çəkmək caizdir, əks halda caiz deyildir... Bizim əshabımız dəlil gətirir ki, ayağa geyinilən corab ayağın fərz olan hissəsini örtərək gəzmək üçün yararlı ola bilər və bunda xufa bənzəyir. Corabın dəridən və ya başqa materialdan hazırlanmasında bir problem yoxdur.[46] ən-Nəvəvi başqa yerdə deyir: “Əshabımız və əş-Şafi’nin – radiyəllahu anhu - sözləri ittifaq edir ki, xuffun möhkəm olması və onlarla davamlı gəzməyin mümkün olması şərtdir.[47] Xufların möhkəm olması və gəzməyə yararlı olması şərt olduğu kimi corablarda da şərtdir və aydın olduğu kimi şafi’ilərdə bu barədə heç bir ixtilaf yoxdur. Digər şafi’i alimi Əbul-Hüseyn Yəhya əl-İmrani əl-Yəməni deyir: “Əgər corabla gəzmək mümkün deyilsə, misal üçün altı dəri qatla örtülməyibsə və ya örtülüb, lakin nazik parçalardan hazırlanıb, o mənada ki, gəzəndə yırtılır, beləsinə məsh çəkmək olmaz. Bu, bizim məzhəbimizdir və həm də Malik və Əbu Hənifənin görüşüdür.[48] ən-Nəvəvi “ər-Ravda” kitabında deyir: “Yun və libd’dən hazırlanmış lifəfə’lər və corablara məsh çəkmək olmaz, həmçinin cilddən hazırlanmış və çarıqla birlikdə geyinilən corablara da – və bunlar sufilərin corablarıdır -  gəzməyə yararlı olmayana qədər və suyu keçirməyənə - əgər bunu şərt görürüksə -  qədər məsh çəkmək caiz deyildir.[49] Libd yun materialdır; bunu hazırlamaq üçün yunu toplayıb isladırlar, sonra yastılanıb bərkiyənə qədər ayaqlar altında tapdalanır, necə ki, bunu İbn Battal ər-Rukəbi “ən-Nəzm əl-Mustə’zəb” kitabında[50] deyir. Lifəfə isə ayağa corab əvəzi sarılan parçalardır.

Qeyd: Şafi’i məzhəbində xufların və corabların su keçirməməsi də etibara alınan bir şərtdir.

Hənbəli alimlərinə gəldikdə isə İbn Qudəmə deyir: “Əhməd bir yerdə deyib: Corab sıx və qalın olmadığı təqdirdə ona məsh çəkmək keçərli deyildir və xuflar kimi ayağında durmalı və cırılmamalıdır. Onlar (yəni səhabələr) yalnız ona görə corablara məsh çəkirdilər ki, çünki corablar onlara görə xuflarla eyni idi, ayaqda xuffun yerini verirdi, insan onunla gedib gələrdi.[51] Yəni corablar xufların daşıdığı vəzifəni daşımalıdır və xuflar kimi corablar da dözümlü və qalın olmalıdır. Bu şərt bütün hənbəli alimlərinin üzərində razılaşdıqları bir şərtdir. Corabların qalın və sıx olmasını və onlarda yeriməyin mümkün olmasını söyləyirlər. əl-Xiraqi deyir: “Həmçinin yeridikdə (ayaqdan) düşməyən qalın və sıx corab da; əgər səndəl ilə ayaqda durursa ona məsh çəkə bilər, lakin səndəllərini çıxarsa dəstəmazı pozulacaq...[52] əl-Xiraqi’nin burada və həmçinin əksər fəqihlərin kitablarında corabı vəsf etmək üçün istifadə etdikləri söz “safiq” sözüdür ki, Cəməlud-Din Əbul-Məhəsin Yusuf ibn Abdil-Hədi bu barədə deyir: “Safiq ilə qəsd olunan arxasındakını göstərməyəndir və bədənin dərisini vəsf etməyəndir.[53] Şəmsud-Din əz-Zərkəşi bu şərt haqqında danışarkən deyir: “Üçüncü şərt: onda yeriməyin mümkün olması; əgər çox dar olması və ya dəri altlığının yeni olması və ya incə şüşə kimi sınması səbəbilə (onlarla gəzmək) mümkün olmazsa məsh çəkmək də olmaz, çünki (şəri mətnlərdə) bu qeyd olunmur və qeyd olunmuşlarla da eyni mənada deyildir.” Yəni bu cür məstlər haqqında şəriət mətnlərindən heç bir şey gəlməyib və xuf kimi haqqında dəlil gələn məstlərlə eyni mənada deyildir, tamamilə fərqlidir. Daha sonra əz-Zərkəşi yuxarıda əl-Xiraqi’dən sitat gətirdiyimiz sözlərin şərhində deyir: “Adətən geyinilən xuflar qalın olduğu üçün və yeridikdə ayaqdan düşmədiyi üçün (əl-Xiraqi) bu iki şərti orada açıq şəkildə zikr etmədi. Corab da – və o, isti saxlamaq üçün geyinilən yun örtüdür – bəzən istifadə edildiyi üçün bu şəkildə bunu şərt olaraq açıq şəkildə bildirmişdir.[54] Həmçinin Nurud-Din Əbu Talib əd-Darir deyir: “Coraba məsh çəkmək yalnız xufda zikr etdiyimiz iki şərtlə icazəlidir. Birincisi, sıx və qalın olmalıdır, ayaqdan heç bir şeyi göstərməməlidir. İkinci isə onlarda davamlı yerimək mümkün olmalıdır.[55] İmam əş-Şərif İbn Əbu Musa əl-Həşimi deyir: “Curmuqlara və dəri ilə örtülmüş və ya örtülməmiş corablara - əgər qalın və sıxdırlarsa – və əmmamələrə və baş örtülərinə məsh çəkmək caizdir.” Daha sonra deyir: “Əgər xuflarda cırıq varsa və oradan ayaq görünürsə onlara məsh çəkmək olmaz, lakin xufların içində ayağına qalın və sıx corab geyinmiş olması istisnadır, o zaman məsh çəkmək keçərlidir.[56] Curmuq isə adi xufların üstündən geyinilən boğazı qısa xufdur. Nəsirud-Din əs-Səmuri deyir: “Əgər corab nazikdirsə, dərini vəsf edirsə  və ya ayaqdan düşəcək qədər genişdirsə, onlara məsh çəkmək olmaz.[57] Alləmə İbn Qudəmə deyir: “Coraba məsh çəkmək yalnız xufda zikr etdiyimiz iki şərtlə icazəlidir. Birincisi, sıx və qalın olmalıdır, ayaqdan heç bir şeyi göstərməməlidir. İkinci isə onlarda davamlı yerimək mümkün olmalıdır.[58] Şərəfud-Din əl-Həccəvi deyir: “Onlarda örfdə qəbul olunduğu qədər yeriməyin mümkün olması şərtdir.[59] əl-Mərdəvi “əl-İnsaf” kitabında deyir: “Qeyd: onun “corab nazik olarsa, ayağı vəsf edirsə və ya gəzdikdə ayaqdan düşürsə” sözünə gəldikdə, heç bir ixtilaf yoxdur ki, belə corablara məsh çəkmək olmaz.[60]

Qeyd: Hənbəli məzhəbindəki səhih görüşə görə corabların suyu keçirməməsi şərt deyildir. əl-Buhuti deyir: “Üçüncü şərt: Örfə qəbul edildiyi qədər onlarda gəzməyin mümkün olması, suyun keçməsinin qarşısını alması (şərt) deyildir.[61] Bu sözün eynisini ər-Ruheybəni “əl-Ğayə” kitabının şərhində zikr edir.

 

 

***

 

 

Corabların gəzməyə yararlı olması deyildikdə nə qəsd olunur? Fəqihlər bu şərti zikr etdikdə ilk olaraq corabların və ya xufların gəzməyə mane olacaq qədər geniş olmamasını qəsd edirlər. Çünki corab geniş olduqda gəzdikdən ayaqdan çıxır. İkinci olaraq gəzməyi çətinləşdirməyən corablar olmasını qəsd edirlər, yəni əgər ayağa geyinilən şüşədən və ya taxtadan və ya metaldandırsa və gəzdikdə çox əziyyət verirsə belələri də şərti ödəmiş sayılmaz, çünki ayağa geyilən xufların və corabların məqsədini ödəmir. Üçüncü isə müəyyən məsafə və ya müəyyən müddət ərzində gəzdikdə ayaqdakı corabların və ya xufların şərtləri ödəyəcək qədər salamat qalmasını qəsd edirlər. Əbul-Fərac əl-Məqdisi deyir: “Əgər özlüyündə ayaqda qalmırsa, beləki yeridikdə ayaqdan düşürsə onlara məsh çəkmək olmaz, çünki ehtiyacın geyinməyi tələb etdiyi (ayaq geyimləri) gəzməyə imkan verənlərdir.[62]

Gəzməyə yararlı olması üçün tələb olunan məsafə və ya vaxt nə qədərdir? Bu barədə də məzhəblər ixtilaf ediblər. İbn Nuceym “əl-Bəhrur-Raiq” kitabında deyir: “Qadi Xan fətvalarında deyir: “sonra üzərinə məsh çəkməyin caiz olduğu xuff məsafəni qət etmək üçün və adətə uyğun olaraq davamlı gəzmək üçün yararlı olandır.” Bu kitaba haşiyə yazmış İbn Abidin deyir: “Baxaq bununla qəsd olunan nədir? Etibara alınan xuffun özü ilə məsafəni qət etməkdirmi, yəni (üstündən) çarıq geyinmədən buna yararlı olmasıdırmı yoxsa bizim zamanımızda adət etdiyimiz kimi üstündən çarıq geyinərək buna yararlı olmasıdır? Çoxdan bu məsələ üzərində görüş bildirməkdən çəkindik və çoxlu araşdırmağımıza və səy göstərməyimizə baxmayaraq bu barədə heç bir nəql tapa bilmədik. Lakin şeyximiz dedi: “Alimlərin izahlarında və dəlillərində işlətdikləri sözlərindən ilk ağla gələn budur ki, etibara alınan özü ilə məsafəni qət etməyə yararlı olanlardır. Buna əsasən insana öz xuffunun halını yoxlaması vacibdir, çünki ola bilsin ki, altı nazikdir və o, çarıqla birlikdə onda günlərlə gəzir və deşilmir. Əgər fərz etsək ki, çarıq olmadan təkcə onunla gəzsə yırtılarsa, o zaman ona məsh çəkmək olmaz. İnsanlar isə bundan qafildirlər, belə ki, onlar üç barmaq böyüklüyündə cırılmayana qədər məsh çəkməyə davam edirlər, halbuki bundan əvvəl etibara alınan müddətdə onunla gəzmək mümkün deyildir. Həmin kəsə cırılmadan öncə və sonra bunu nəzərə alması lazımdır ki, təharətsiz namaz qılmasın.[63] Əgər hal İbn Abidin’in zamanında belə idisə bizim zamanımızda diqqətsizlik inanılmaz həddə çatıb. əl-Həskəfi “əd-Durrul-Muxtər” kitabında ət-Timurtəşi’nin “Tənvirul-Əbsar” kitabındakı “qalın (corablar)” sözünü izah edərək deyir: “belə ki, bir fərsəx gedə bilsin və ayağında özlüyündə qalsın...[64] Həmçinin İbn Abidin yenə “Minhətul-Xaliq” haşiyəsində bir başqa hənəfi alimi İbrahim əl-Hələbi’dən nəql edərək deyir: “əgər qalın olarsa; o qədər qalın ki, nə altı, nə də başqa yeri dəri qatla örtülmədən onunla bir fərsəx getmək mümkün olsun.[65] Bir fərsəx isə üç mildir və bu, təxminən altı kilometrdən bir az azdır.

Şafi’i alimlərindən Əbu Bəkr əl-Hisni deyir: “Şeyx Əbu Muhamməd dedi: “Davamlı gəzməyin həddi dəqiq ölçü ilə yox, lakin təqribən namazı qısaltmağa imkan verən məsafədir. Şeyx Əbu Həmid isə dedi: “Üç mil ilə hesablanır.” Birinci görüş mötəməddir.[66] Digər Şafi’i alimi İbn Həcər əl-Heytəmi deyir: “Sonra müsafir və muqim üçün vacib olan geydiyi müddətdə ehtiyacları üçün (xuff və ya corab ilə) səndəlsiz gedib gəlməyin mümkün olmasıdır və bu müddət müsafir üçün üç gün, üç gecədir və muqim üçün bir gün, bir gecədir. Beləliklə yaxın məsafədə yeridikdə yırtılıb cırılan naziklərə (məsh çəkmək) keçərli deyildir.[67] Digər şafi’i alimi Şihəbud-Din ər-Ramli deyir: “Xufda möhkəm olması şərtdir, belə ki, adətdə cərəyan etdiyi kimi bir yerdə dayandıqda və sonra yoluna davam etdikdə müsafirin ehtiyaclarında gedib gəlməsi üçün möhkəmliyinə görə onlarda (yəni xuflarda) davamlı gəzməsi mümkün olmalıdır, hətta onu geyinən oturaq halda olsa belə əgər namazı qısaltmağa imkan verəcək bir səfərdə müsafirdirsə üç gün, üç gecə müddətində, muqimdirsə ehtiyacı üçün bir gün, bir gecə müddətində (xufları gəzmək üçün yararlı olmalıdır). Burada göründüyü kimi çətinlik və asanlıqda yerdəki torpaq qatının orta ölçülü olması nəzərə alınmalıdır. Möhkəmlik ilə qəsd olunan bütün bu qeyd olunanların başmaqsız tək xuflarla baş verməsidir, çünki əgər başmaq ilə birlikdə etibara alınsaydı xufların əksəriyyəti ilə tələb olunan hasil olardı. Yaxın məsafədən yırtılan naziklər(ə məsh çəkmək) keçərli deyildir.[68] əl-Xatib əş-Şirbini məsh üçün yararlı olması müddətini təyin edərkən deyir: “Möhkəm olmalıdır ki, möhkəmliyinə görə müsafir (səfərdə) adətdə görüldüyü kimi durduqda və yenidən yola düşdükdə ehtiyaclarını qarşılamağa görə gedib gəlməsi üçün gəzməyə yararlı olmalıdır, hətta oturaq halda olsa belə (xufların möhkəm olması şərtdir). Xuflarda gəzməyə tələb olunan müddət barəsində ixtilaf ediblər; əl-Məhəmili bunu üç də daha çox gecə olaraq müəyyənləşdirib və əl-İsnəvi “ət-Tənqih”də onunla razılaşıb. (əl-İsnəvi) “əl-Muhimmət” kitabında deyir: “Mötəməd olan Şeyx Əbu Həmid’in təqribən namazı qısaltmaq məsafəsi olaraq təyin etdiyidir. İbnun-Nəqib dedi: “Əgər üç gün, üç gecə durduğu mənzillər olaraq müəyyən etsəydi uzaq bir görüş olmazdı.[69] Fəqihlərin sözlərin adətdə cərəyan etdiyi kim qeyd etməklərin faydası budur ki, tələb olunan bütün səfər məsafəsini piyada qət etmək deyildir, çünki adətən insanlar səfər məsafəsini piyada qət etmirlər. Lakin qəsd olunan budur ki, miniklə səfər yolunda olduqda durduğu, minikdən düşdüyü yerlərdə ehtiyacını qarşılamaq üçün ehtiyac duyduğu qədər ayaqla gəzmək məsafəsidir. Bu isə sözsüz ki, səfər məsafəsindən çox azdır, lakin təqribidir və dəqiq bir ölçü qeyd olunmayıb. Hənəfi alimləri bu məsələdə işi daha da asanlaşdıraraq yuxarıda zikr olunduğu kimi bu məsafəni bir fərsəx olaraq təyin ediblər. Sözsüz ki, burada qəsd olunan ayaqqabısız gəzməkdir, yoxsa ayaqqabı ilə gəzməyə demək olar ki, bütün corablar yararlıdır. Buna görə də əl-Fəqih İbn Həcər əl-Heytəmi İmam ən-Nəvəvi’nin “əl-Minhəc”dəki “onda davamlı gəzmək mümkün olmalıdır” sözlərini şərh edərək deyir: “Çox zaman ehtiyac duyduğu hacətləri üçün məsh çəkmək istədiyi müddətdə ayaqqabısız (gəzmək mümkün olsun) və bu, muqim üçün bir gün, bir gecədir və müsafir üçün üç gündür.[70] əş-Şirvani isə bu sözləri haşiyəsində belə şərh edir: “Tibə’ sözü burada adətə uyğun olaraq insanların çoxca gəzdiyi yerlərdə (gəzməkdəki) davamlılıqdır. Daşlı, kəsəkli yol fərqlidir, çünki daşlarının çox olması səbəbi ilə (gəzmək) çətindir.” Yəni davamlı gəzməyə yararlı olması deyildikdə burada mötədil yollar qəsd olunur, yoxsa asfalt yollarda xuflarla da gəzdikdə onlar tez cırılacaq. Buna diqqət etmək lazımdır.

Hənbəli alimlərindən Şeyxul-İslam İbn Teymiyyə deyir: “Əgər nazikdirsə, iki və ya üç gündə yırtılırsa və ya özü ayaqda durmursa ona məsh çəkmək olmaz, çünki belə birində adətən gəzilmir və buna görə də üzərinə məshin çəkilməsinə ehtiyac yoxdur. Əgər corablar səndəllər ilə ayaqda dura bilirsə onlara məsh çəkmək olar.[71] Bir başqa yerdə buyurur: “Lakin nazik parçalarda və ya libd’də olduğu kimi ya darlığı, ya ağırlığı və ya yeriyərkən büzülməsi və ya imkansız olması səbəbi ilə davamlı gəzməyə yararlı olmayanlara gəldikdə isə onlara məsh çəkmək olmaz, çünki bu, nə şəriət mətnlərində qeyd olunub, nə də qeyd olunanlarla eyni mənadadır.[72] Aləud-Din əl-Mərdəvi deyir: “Qeyd: Mənim “onun gəzməyə yararlı olması” sözümə gəldikdə (İbn Həmdən) “ər-Riayə əl-Kubra” kitabında (bu barədə) deyir: “Bir görüşə görə səfərdə olanın ehtiyacları üçün gedib gəldiyi qədər gəzmək üçün yararlı olmalıdır. Bunun üç gün və ya daha az bir müddət olduğu da deyilib.[73]

 

 

***

 

 

Bil ki, əziz müsəlman, ümmətin ilk nəsil imamlarından corablara məsh çəkməyə icazə verənlər bunu səhabələrin əməli və qiyasa[74] əsaslanaraq ediblər. Həmçinin İmam Əhməd də bu məsələdə səhabələrin görüşlərinə və qiyasa əsaslanmışdır. Hafiz İbnul-Qayyim deyir: “Onun (yəni İmam Əhmədin) əsaslandığı dəlil bu səhabələr və aşkar qiyasdır, çünki xufla corab arasında təsir edici elə bir fərq görünmür ki, hökmün coraba da tətbiq edilməsinə mane olsun.[75] Beləliklə corabları xuflara qiyas edərək üzərilərinə məshin çəkilməsinə icazə verənlər də corablarda xuflarda olan özəllikləri şərt qoşublar. Həmçinin Şeyxul-İslam İbn Teymiyyə deyir: “Bəli! Alimlərin görüşləri içində ən səhih görüşə görə əgər corablarda gəzirsə - bunda corabın dəri ilə örtülmüş olması ilə örtülü olmaması arasında fərq yoxdur - onlara məsh çəkmək icazəlidir. “əs-Sünən” kitabında gəlir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – corablarına və səndəllərinə məsh çəkdi.” Bu hədis əgər sabit deyilsə də qiyas bunu tələb edir, çünki xuflar ilə corablar arasındakı yeganə fərq bunların yundan, onların isə dəridən olmasıdır.[76] Əlbəttə ki, burada nazik corablardan söz gedə bilməz, çünki onların xuflara qiyas edilməsi mümkün deyildir. İlk dövr imamlar da bu şəkildə corabları xuflara qiyas edərək onlara məsh çəkiblər. Bu barədə gəlmiş rəvayətlərin müsəlmanların diqqətinə çatdırırıq. İbn Əbi Şeybə deyir: “Əbu Bəkr bizə rəvayət etdi: dedi: Yəhyə bin Said bizə İbn Cureyc’dən, o da Ata’dan belə dediyini rəvayət etdi: “Corablara məsh çəkmək xuflara məsh çəkməklə eyni dərəcədədir.” Əbu Davud bizə Abbad bin Raşid’dən belə dediyini rəvayət etdi: “Nafi’dən corablara məsh barəsində soruşdum və dedi: “Onlar xuflarla eynidir.”... Vaki bizə rəvayət etdi; dedi: Əbu Cəfər ər-Razi bizə Yəhyə əl-Bəkkə’dən belə dediyini rəvayət etdi: İbn Öməri belə deyərkən eşitdim: “Corablara məsh xuflara məsh kimidir.[77] Abdur-Razzaq əs-San’ani deyir: “Mə’mər bizə Qatədə’dən, o da Ənəs bin Malik’dən xəbər verdi ki, o, corablarına məsh çəkərdi və dedi: “Bəli, xuflar kim onun üstünə məsh çəkə bilər.[78] Beləliklə qiyasa əsaslanaraq corablara məsh çəkdikləri üçün corablarda da xuflarda olan xüsusiyyətləri şərt görüblər. İbn Əbi Şeybə “əl-Musannəf”də deyir: “Hüşeym bizə rəvayət etdi; dedi: Yunus bizə əl-Həsən’dən, o da Şubə’dən, o da Qatədə’dən, o isə Səid bin əl-Museyyəb və əl-Həsən’dən hər ikisinin belə dediyini rəvayət etdi: “Corablar qalın və sıxdırsa onlara məsh çəkmək olar.[79] Heç bir müctəhid nazik corablara, yeriməyə yararlı olmayan corablara məshi icazəli görməyib. Əksinə kitablara nəzər saldıqda görürük ki, corabların qalın olması hamı tərəfindən tələb edilmiş bir vəsfdir. İbnul-Munzir “əl-Əvsət” kitabında deyir: “Bu görüşü Ata bin Əbi Rabəh, əl-Həsən və Said bin əl-Museyyəb qəbul ediblər və bu ikisi belə deyib: “Əgər qalındırsa.”...Əbu Səvr dedi: “Əgər onlarla yeriyirsə üzərinə məsh çəkə bilər.” Yaqub və Muhamməd də bu cür deyiblər: “Əgər qalındırsa və (dərini) göstərmirsə.[80]

 

 

***

 

 

Allahın İslamla şərəfləndirdiyi ey müsəlman! Allah sənə rəhm etsin! Buraya qədər tanış olduğumuz görüşlər və nəqllərdən sənə günəş kimi aydın oldu ki,  heç bir alim nazik corablara məsh çəkməyə icazə verməmişdir. Məhz buna görə də bir çox alim bu məsələdə icma olduğunu söyləyib. Əbu Bəkr əl-Cəssas deyir: “Nəzəri tərəfdən isə dəlil budur ki, hamı lifəfə’yə məsh çəkməyin caiz olmamasında ittifaq etmişdir, çünki adətdə onlarla gəzilmir.[81] Bu sözlər gəzməyə yararlı olmayan xuflar və corabların üzərinə məsh çəkməyin icma ilə caiz olmamasını aşkar şəkildə göstərir. Həmçinin Aləud-Din əl-Kəsəni deyir: “Corablara məsh çəkməyə gəldikdə isə, əgər hər tərəfi dəri ilə örtülüdürsə və ya altına dəri/sərt qabıq vurulubsa, məsh çəkmək caizdir və əshabımız arasında bu barədə ixtilaf yoxdur, hətta (altından savayı digər yerləri) dəri ilə örtülü olmasa belə! Lakin nazikdirsə, (məsh çəkdikdə) su keçirirsə icma ilə onlara məsh çəkmək olmaz.."[82] İbn Abidin haşiyəsində su keçirməyi “məsh çəkərkən” qeydi ilə zikr etdiyi üçün biz də bu qeydi mötərizə daxilində təqdim etdik. Həmçinin böyük alim İbnul-Qattan əl-Fəsi[83] deyir: “Hamı icma edib ki, corablar əgər sıx və qalın deyilsə onlara məsh çəkmək caiz deyildir.[84] Bəziləri icma nəqlinə etiraz ediblər. Onlar İbn Abdil-Bərr, ən-Nəvəvi kimi alimlərin icma hekayələrində bir qədər gevşək davrandıqlarını göstərərək hər icma hekayəsinin səhih olmadığını söyləyirlər. Lakin icmanı bu şəkildə rədd etmək əsassızdır. İbnul-Qatan icmada gevşək davranmaqla tanınmayıb, əksinə özü İbn Abdil-Bərri asanlıqla icma iddia etməkdə tənqid edib. O, deyir: “Məlumdur ki, Əbu Ömər bin Abdil-Bərr icma hekayət etdikdə onu icmanı isbat edən edən qaynağa çatan nəql ilə hekayət etmir, sadəcə olaraq (kitabları) vərəqləməklə bunu edir. Kitabları vərəqləməklə isə bu mövzuda ixtilafın olmaması barəsində elm yox, sadəcə olaraq ixtilafın olması barədə elmsizlik əldə edilir. Bir şeydə ixtilafın olduğunu bilməmək icma sayılmaz, icma yalnız ixtilafın olmadığını bilməkdir.[85] Bu da İbnul-Qattan’ın icma iddia edərkən necə sağlam davranmasının açıq-aydın sübutudur. Bu sözlərdən sonra necə demək olar ki, İbnul-Qattan da İbn Abdil-Bərr və ən-Nəvəvi kimi icma hekayəsində gevşək davranır?! Üstəlik məlumdur ki, İbnul-Qattan bu kitabını Xəlifə Əbu Yusuf Yaqub əl-Mənsur bin Yusuf bin Abdil-Mu’min’in tələbi ilə yazmışdır ki, dövlətin rəiyəsi olan insanlar və fəqihlər bu icmalardan kənara çıxmasınlar. Bir də İbnul-Qattan’ın icmaları zikr etdiyi “əl-İqna” adlı kitabının özəlliyi bundadır ki, orada itirilmiş bir çox qaynaqdan nəql etmişdir. Ümumilikdə müəllifin istifadə etdiyi mənbələr arasında İmam Malikin “əl-Muvatta”, İmam əş-Şafi’nin “ər-Risələ” və “Muxtəliful-Hədis”, Əbu Muhəmməd Qasim İbn Səyyər əl-Qurtubi’nin “əl-İydah”[86], əl-Mərvazi’in “İxtiləful-Uləmə”, Əbu Bəkr Muhamməd bin Davud əz-Zahiri’nin”əl-İycəz” və “əl-İntisar”, İbnul-Munzir’in “əl-İşraf”, ət-Tahəvi’nin “Şərh Məanil-Əsər”, Əbul-Həsən Abdullah ibn əl-Muğalləs əz-Zahiri’nin “əl-Muvaddah”, Əbul-Həkəm Munzir bin Said əl-Bəluti’nin “əl-İnbə alə İstinbətil-Əhkəm fi Kitəbilləh”, əs-Sabği’nin “əl-Əsməu vas-Sifət”, Qadi Əbul-Abbas Əhməd əl-Mənsuri əz-Zahiri’nin “ən-Neyyir”, Muhamməd bin əl-Həsən ət-Təmimi əl-Cəvhəri’nin “Nəvadirul-İcmə”, İbnul-Qassar əl-Bəğdədi’nin “Nukətul-Uyun”, Əbu Ömər ət-Taləmənki’nin “əl-Vusul ilə Mərifətil-Usul”, İbnul-Battal’ın “Sahih əl-Buxari” şərhi, İbn Həzm əz-Zahiri’nin “Məratibul-İcmə”, “əl-Muhəllə”, “əl-İhkəm fi Usulil-Əhkəm”, İbn Abdil-Bərr’in “əl-İstizkər” və “ət-Təmhid” və əl-Əbhəri’nin kitabları yer alır. İyirmi dörd kitabdan doqquzu bizim zamanımızda mövcud olmayan kitablardır ki, bizim nəzər sala bilmədiyimiz qaynaqlara İbnul-Qattan nəzər salmışdır. Həmçinin Şeyx Muhamməd əl-Əmin əş-Şənqiti “Ədvaul-Bəyən” kitabında corab məsələsindəki ixtilafı zikr edərkən corabın qalın olması qeydini zikr edir və sözlərindən anlaşıldığı kimi nazik corablarda hər hansı bir ixtilafın olduğunu qeyd etmir. Şeyx deyir: “Alimlər dəridən olan xufların üzərinə məsh çəkməyin icazəli olmasında icma ediblər və dəridən olmayanlarda isə - əgər qalın olarsa, ayağın fərz olan hissəsini örtərsə - ixilaf ediblər.[87] Əgər nazik corablarda ixtilaf olsaydı o zaman qalınlığı qeyd etməyə ehtiyac olmazdı və sadəcə olaraq dəridən olmayan digər ayaq geyimlərinə məsh çəkməyin ixtilaflı olmasını zikr edərdi. Şeyxin bu sözləri məsələdə icmanın olmasını açıq şəkildə qeyd etməsə də sözlərindəki məfhum icmanın olmasını dəstəkləyir.

Onu da qeyd edək ki, Şeyx əl-Qasimi’nin risaləsində əl-Kəsəni’nin icma iddiasına etiraz edilmişdir. Kitabın təhqiqində deyilir: “Əgər (əl-Kəsəni) sələfin və xələfin imamlarının icmasını qəsd edirsə batildir, çünki İmam ən-Nəvəvi “Şərhul-Muhəzzəb”də corablar nazik olsa da onlara məsh çəkməyin icazəli olması görüşünü möminlərin iki əmiri Ömər və Əlidən – radiyallahu anhumə - , İshaqdan və Davuddan nəql etmişdir, hətta bunun həmçinin Əbu Yusuf və Muhəmməd’dən hekayəsini də nəql etmişdir. Üstəlik bu, qarşıda zikr olunacağı kimi İbn Həzm’in də məzhəbidir, o zaman icma iddiası necə səhih ola bilər?! Əgər (əl-Kəsəni) hənəfilərin icmasını qəsd edirsə belə bir şeyi qəbul etmək olar. Lakin ən-Nəvəvi’nin (bunu ) həm də (Əbu Hənifənin) iki tələbəsindən hekayət etməsi belə bir icmanı da dəf edir. Beləliklə də icmanın olmadığı aydın olur.[88] Buna cavab vermədən öncə burada ən-Nəvəvi’nin sözlərini zikr edək. ən-Nəvəvi deyir: “Əshabımız Ömərdən və Əlidən – radiyallahu anhumə - corablar nazik olsalar belə onlara məsh çəkməyin icazəli olmasını hekayət ediblər və bunu Əbu Yusuf, Muhamməd, İshaq və Davuddan da hekayət ediblər.[89] Buna əsaslanaraq icmanın olmadığını deyiblər. Belə bir şeyə təəccüblənməmək mümkün deyildir. Bəs bu barədə Ömərin və Əlinin sözləri hardadır? Gecə-gündüz “səhih isnad olmadan heç bir şey qəbul etmirik” deyərək hər yerə səslənənlər nə əcəb bunu belə rahatlıqla qəbul etdilər. O zaman göstərin Əlinin, Ömərin, İshaq bin Rahaveyh, Davud əz-Zahiri və Əbu Hənifə’nin iki tələbəsinin sözlərini! Haqq budur ki, bu barədə nə Ömərdən, nə Əlidən, nə də qeyrilərindən bizə nə səhih, nə zəif, nə də uydurma sənədlə heç bir şey gəlməyib. İcmanın olmadığını söyləyənlər ən-Nəvəvi’nin bu sözləri ilə kifayətləniblər, halbuki ən-Nəvəvi nəql olunduğunu demir, sadəcə olaraq şafi’i alimlərinin bunu adı çəkilənlərdən hekayət etdiyini deyir. Hekayət ilə nəql arasındakı fərqi bilənlər çox gözəl anlayırlar ki, hekayət sadəcə olaraq hər hansı bir sözü müəyyən bir kəsə nisbət etməkdən savayı bir şey deyildir və bunun dəlil-sübut kimi heç bir qüvvəsi yoxdur. Lakin aşkar olan budur ki, burada xəta edən ümumilikdə şafi’i alimləri deyildir, lakin İmam ən-Nəvəvi’nin özüdür. Bunu isə iki cür isbat etmək olar. Hər şeydən əvvəl adı çəkilən şəxslərin bu görüşdə olmaqları səhih deyildir, əksinə Əbu Yusuf, Muhamməd əş-Şeybəni və İshaq bin Rahaveyhin görüşləri səhih olaraq sabitdir ki, onlar yalnız qalın corablara məsh çəkməyi icazəli görüblər. Bu da onların görüşlərinin bəyanıdır:

Əbu Yusuf və Muhamməd əş-Şeybəni’yə gəldikdə onların görüşləri hənəfi alimlərinin kitablarında mövcuddur. Hətta Muhamməd əş-Şeybəni’nin sözü hənəfilərdə üsul kitablardan sayılan “əl-Məbsut” kitabında keçir. Muhammədin tələbəsi Əbu Süleymən əl-Cəvzəcəni öz şeyxi Muhammədin və Əbu Yusufun görüşünü şeyxi Muhammədin dilindən nəql edərək deyir: “Əgər coraba məsh çəkərsə - və əgər corablar sıx, qalındırsa, (dərini) göstərmirsə - məshi keçərlidir, necəki xuffa çəkilən məsh keçərlidir.[90] ət-Tahavi deyir: “Çünki biz corablar sıx/qalın olduqda onlara məsh çəkməkdə bir problem görmürük. Bunu Əbu Yusuf və Muhamməd deyib.[91] əs-Səraxsi deyir: “(əl-Həkim) dedi: “Corablara məsh çəkməyə gəldikdə isə, əgər qalındırsa və altında dəri qat varsa onlara məsh çəkmək caizdir,” çünki səfərdə onlarla davamlı yürümək mümkündür, lakin nazikdirsə onlara məsh çəkmək olmaz...Əgər qalındırsa, lakin altında dəri qat yoxdursa Əbu Hənifə’yə - rahiməhullah təalə - görə məsh çəkmək olmaz, çünki səfərdə onlarla davamlı yerimək mümkün deyildir, beləliklə nazik corab kimi olur. Əbu Yusuf və Muhammədin – rahiməhuməllahu təalə - görüşünə görə isə onlara məsh çəkmək olar.[92] Yəni qalın olan, lakin altı dəri qat ilə örtülməmiş corablara məsh çəkmək Əbu Hənifə’yə görə olmaz, lakin Əbu Yusuf ilə Muhamməd əş-Şeybəni’yə görə olar. əl-Həkim isə əş-Şəhid Əbul-Fədl Muhamməd bin Muhamməd əl-Mərvazi’dir, hənəfilərdə üsul sayılan Muhamməd əş-Şeybəni’nin yazdığı kitabları bir arada toplamışdır, daha sonra onu ixtisar etmişdir. əs-Səraxsi isə “əl-Məbsut” kitabını həmin müxtəsərə şərh olaraq yazıb. Heç şübhəsiz ki, hənəfi imamlarının şahidliyi ilə Əbu Yusuf və Muhamməd yalnız qalın corablara məsh çəkməyi icazəli sayıblar, onlara görə də nazik corablara məsh çəkmək keçərli deyildir. Həmçinin Əbu Bəkr əs-Səmərqəndi “Tuhfətul-Fuqahə” kitabında yalnız bu görüşü iki imama nisbət etmişdir. Beləliklə aydın olur ki, bunun əksini onlara nisbət etməyin xəta olmasında şəkk ola bilməz.

İshaq bin Rahəveyh’ə gəldikdə isə yuxarıda onun tələbəsi ət-Tirmizi’nin sözlərini sitat gətirdik. ət-Tirmizi aşkar şəkildə qeyd edir ki, İshaq da bəzi digər alimlər kimi yalnız qalın corablara məsh çəkməyi icazəli görür. ət-Tirmizi deyir: “Bu, birdən çox elm əhlinin görüşüdür; bu görüşü Sufyan əs-Səvri, İbnul-Mubərak, əş-Şəfi’i, Əhməd və İshaq qəbul ediblər və deyiblər: “Səndəllər olmasa belə əgər corablar sıxdırsa/qalındırsa onlara məsh çəkə bilər.” Şəkk yoxdur ki, ən-Nəvəvi’nin nəqlində İmam İshaqa nisbət edilən xətadır. ət-Tirmizi’nin şeyxi İshaqdan nəql etdiyi görüşü həmçinin İbnul-Munzir “əl-Əvsət”də və İbn Qudəmə “əl-Muğni”də nəql edir.

Davud əz-Zahiri’nin görüşünə gəldikdə isə bunu ən-Nəvəvi’nin xəta etdiyini ikinci tərəfdən isbatımızda təqdim edəcəyik. Beləliklə xətanın ikinci tərəfdən isbatı budur ki, ən-Nəvəvi’dən əvvəlki şafi’i alimlərinin bu barədə sözlərini axtardıqda onların “nazik” corablara məsh çəkmək görüşünü yox, qalın corablara məsh çəkmək görüşünü bu şəxslərə nisbət etdiklərinin şahidi olduq. Bu da o alimlərdən bəzilərinin görüşləridir:

Əbu Bəşr əş-Şəşi əl-Qaffəl deyir: “Əgər dərini göstərməyən qalın, sıx və altı dəri ilə örtülmüş və davamlı gəzməyə yararlı olan corab geyinərsə ona məsh çəkmək olar. Bu, həm də Əbu Hənifə’nin görüşüdür. Əhməd, Əbu Yusuf, Muhamməd və Davud isə bu görüşdədirlər ki, corabın altı dəri ilə örtülü olmasa da ona məsh çəkmək olar.[93] Digər şafi’i alimi İmam Əbul-Həsən əl-İmrani deyir: “Əhməd dedi: “Qalın coraba – hətta altında dəri qatı olmasa da – məsh çəkmək olar.” Bu, Ömərdən və Əlidən rəvayət olunub və bu görüşü Əbu Yusuf, Muhamməd və Davud götürüb.[94]Hər iki alim İmam ən-Nəvəvi’dən öncə yaşayıb və bu iki nəql ən-Nəvəvi’nin xəta etdiyini göstərir və bu cür xətaların böyük alimlər tərəfindən edilməsi qəribə bir hal deyildir. Gördüyümüz kimi bu alimlər Davud əz-Zahirinin görüşünü İmam Əhmədin, İshaq bin Rahaveyh’in, Muhamməd və Əbu Yusufun görüşü ilə bir zikr edirlər. İbn Həzmə gəldikdə isə bilmək lazımdır ki, əgər biz İbn Həzmin fərqli görüşdə olduğunu qəbul etsək belə bu, icmanı pozmaz, çünki icma ondan əvvəl sabit olmuşdur, çünki alimlərin cumhuruna görə İbn Həzmin müxalif olması icmaya təsir etmir. Lakin qeyd edək ki, onun bu barədə aşkar bir sözü yoxdur. İstifadə etdiyi sözlərdə nazik corablara məsh çəkməyin caiz olması haqqında açıq-aşkar heç bir söz yoxdur, lakin ehtimal vardır. Yuxarıda bu barədə icmanın olduğunu deyən İbnul-Qattan əl-Fəsi isə zahirilərin elmi irsinə ən gözəl şəkildə vaqif olmuş alimlərdən biridir və bir çox kitabında zahirilərə nisbət edilmiş xətalı görüşləri inkar etmiş, zahiriləri müdafiə etmişdir. İcmalar haqqında yazdığı “əl-İqna” kitabında istifadə etdiyi mənbələr arasında İbn Həzmin kitablarının da olduğunu nəzərə alsaq anlayacayıq ki, əgər İbn Həzm’dən aşkar bir söz olsaydı bunu ilk növbədə İbnul-Qattan qeyd edərdi.

 

 

***

 

 

Bura qədər zikr etdiklərimiz bir daha göstərir ki, məsələdə ixtilaf yoxdur və sələfdən kiminsə nazik corablara məsh çəkməyə izn verməsi kitablarda zikr olunmur, əksinə bu barədə bəzi alimlərin icma olması barədəki sözləri ilə yuxarıda tanış oldunuz. Biz sözsüz ki, tənqidlərə və etirazlara açıq düşüncə ilə yanaşırıq. Əgər kimsə bu barədə ilk dövr alimlər arasında ixtilafın olduğunu isbat edə bilərsə mütləq bizi bu barədə agah etməsini xahiş edirik. Əgər qarşımıza tutarlı bir dəlil qoyulsa biz bu nöqtədə xəta etdiyimizi bəyan edəcəyik. Biz çox gözəl bilirik ki, bəzi müsəlmanlar bu qədər dəlil və burhana rağmən bu yazımızla qane olmayacaqlar. Onlara müraciət edərək deyirik ki, əgər icmanın olması ilə razılaşmırsızsa heç olmasa nazik corablara məsh çəkməyə icazə verməyən bu qədər imamın heybəti qarşısında nazik corablara məsh çəkməyin! Bəziləri elə zənn edir ki, istənilən növ coraba məsh çəkmək sabit bir sünnətdir və bu yalnış anlayışda kimlərin günahı olduğunu biz çox gözəl bilirik. Bu yazımızda məsələnin heç də elə olmadığını isbat etdik. Ən yaxşı halda məsələdə güclü bir şübhənin olduğunu gördünüz, o zaman şübhəli olanlardan əl çəkin və şübhəli olmayanlara yönəldin. Allahın elçisi – salləllahu aleyhi va səlləm – səhih hədisdə buyurur: “Səni şəkkə salanı tərk edib şəkkə salmayanı et![95] Bir başqa hədisdə buyurur: “Kim şübhələrdən çəkinərsə dinini və irzini qorumuşdur.[96]

 

 

***

 

 

Tənbih: Burada bir məsələyə diqqət çəkmək istəyirik. Məlumdur ki, alimlər ayaqları yumaq ilə məstlərə məsh çəkməkdən hansının daha fəzilətli olması barəsində ixtilaf ediblər. İmam Əbu Hənif, İmam Malik və İmam əş-Şafi’yə görə yumaq daha əfzəldir. İmam Əhmədə görə və əş-Şəbi, əl-Həkəm və Həmməd’ə görə isə ayağa məsh çəkmək daha əfzəldir. Lakin bizim zamanımızda müsəlmanlardan yalnış bir anlayış formalaşın. Onlar heç bir ehtiyac olmadan məhz məsh çəkmək xatirinə ayaqlarına corab geyinirlər. Bu isə sünnətə müvafiq deyildir. İbnul-Bəhə əl-Bəğdədi deyir: “əl-Muhərrar” kitabının sahibi “Şərhul-Hidəyə”də dedi: “Kimin ayağında xuff yoxdursa və məsh məqsədi ilə geyinmək istərsə və bundan başqa məqsədi olmazsa, o zaman hər iki rəvayətə görə məsh çəkməsi müstəhəb deyildir.[97] Həmçinin Mustafa ər-Ruheybəni deyir: “Xuffu və ona bənzər ayaq geyimlərini onların üzərilərinə [məsh çəkmək məqsədi ilə geyinmək sünnət deyildir.[98] Şeyxul-İslam İbn Teymiyyə deyir: “Məsh çəkmək məqsədi ilə xuflar geyinməsi məşru deyildir, əksinə məsələnin mahiyyəti ehtiyac üçün geyindikdədir.[99] Yəni heç bir ehtiyac olmadan ayaqları yumaqdan qurtulmaq məqsədi ilə xufları və ya corabları geyinib onlara məsh çəkmək doğru deyildir. Alimlər xüsusilə buna diqqət çəkiblər.

Bizə bu məqaləni yazmağa müvəffəq edən Allaha həmd olsun! Peyğəmbərlərin sonuncusu, bəşəriyyətin ən xeyirlisi olan Muhammədə, onun pak ailəsinə, səhabələrinə salam və salavat olsun!

 


[1] Bunu İbn Əbi Şeybə (1/188), Əbu Davud (159), ət-Tirmizi (99), İbn Məcə (559), ən-Nəsai “əl-Kubra”da (130) rəvayət edib.

[2] “əs-Sünən əl-Kubra”, səh: 1/425

[3] “əl-Məshu aləl-Cəurabeyn”, səh: 29; ; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1399/1979, Beyrut

[4] “Mizənul-İtidəl”, 3/407; Darul-Mərifə, birinci nəşr: 1382/1963, Beyrut

[5] Bax: “Fəthul-Muğis bi Şərhi Əlfiyyətil-Hədis”, 4/360; Məktəbətus-Sünnə, birinci nəşr: 1424/2003, Misir

[6] “əl-Ləəli əl-Məsnua”, 1/30; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1417/1996, Beyrut

[7] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/500

[8] “əl-İhsən fi Təqribi Sahih İbn Hibbən”, 4/167; Muəssəsətur-Risələ, birinci nəşr: 1408/1988, Beyrut

[9] “əl-Musannəf”, 1/173; Məktəbətur-Ruşd, birinci nəşr: hicri 1409, Riyad

[10] İbn Məcə (560); ət-Tahavi, “Şərh Məanil-Əsər”, 1/97

[11] “Sünən Əbi Davud”, (159)

[12] “əl-Mucəm əl-Əvsət”, 2/24; Dar əl-Hərameyn, Qahirə

[13] “əs-Sünən əl-Kubra”, 1/427; Dar əl-Kutub əl-İlmiyyə, üçüncü nəşr: 1424/2003, Beyrut

[14] Əhməd (5/277); Əbu Davud (146)

[15] “əl-Məshu aləl-Cəurabeyn”, səh: 23; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1399/1979, Beyrut

[16] “ən-Nihəyə fi Ğaribil-Hədis”, 1/189; əl-Məktəbə əl-İlmiyyə, 1399/1979, Beyrut

[17] Eyni mənbə: 2/352

[18] “əl-Ayn”, 4/332;

[19] əl-Qasim bin Səlləm, “Ğaribul-Hədis”, 1/187; Mətbəətu Dairatul-Məarif əl-Usməniyyə, birinci nəşr: 1384/1964, Heydərabad; İbrahim əl-Hərbi, “Ğaribul-Hədis”, 3/1034; Ummul-Qura, birinci nəşr: 1405, Məkkə

[20] “Cəmhəratul-Luğa”, 1/600; Darul-İlmi lil-Mələyin, birinci nəşr: 1987, Beyrut

[21] “Ğaribul-Hədis”, 2/61; Darul-Fikr, 1402/1982

[22] “Tuhfətul-Əhvazi”, 1/287; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut

[23] Bax: “ət-Təlxis əl-Həbir”, 1/156; Muəssəsə Qurtubə, birinci nəşr: 1416/1995, Misir

[24] “əd-Dirayə fi Təxrici Əhədisil-Hidəyə”, 1/72; Darul-Mərifə, Beyrut

[25] “Cəmi ət-Təhsil fi Əhkəmil-Mərasil”, səh: 174; Dar Aləmil-Kutub, ikinci nəşr: 1407/1986, Beyrut

[26] “Fəthul-Ğaffər əl-Cəmi”, 1/97; Dar Aləmil-Fəvaid, birinci nəşr: hicri 1427

[27] “ət-Tərix əl-Kəbir”, 3/292; Dairatul-Məariful-Usməniyyə, Heydərabad

[28] əd-Dəvləbi, “əl-Kunə val-Əsmə”, 2/561; Dar İbn Həmz, birinci nəşr: 1421/2000, Beyrut

[29] Bax: “əl-İqtirah fi İlmi Usulin-Nəhv”, səh: 89-99; Dar əl-Mərifətul-Cəmiiyyə, 1426/2006, Misir;

[30] Abdur-Razzəq, “əl-Musannəf”, 1/200

[31] “əs-Sünən əl-Kubra”, 1/428; Dar əl-Kutub əl-İlmiyyə, ikinci nəşr: 1424/2003, Beyrut

[32] “əl-Məsh aləl-Cəurabeyn”, səh: 13

[33] “Fəthul-Qadir”, 1/156-157; Darul-Fikr

[34] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/500

[35] “Bədəius-Sanəi fi Tərtibiş-Şərai”, 1/10; Dar əl-Kutub əl-İlmiyyə, ikinci nəşr: 1406/1986, Beyrut

[36] “Avnul-Məbud”, 1/187-188; Dar əl-Kutubil-İlmiyyə, ikinci nəşr: 1415, Beyrut

[37] əl-Cəssas, ”Əhkəmul-Quran”, 2/440; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut

[38] “Şərh Zadil-Mustəqni”, səh: 214;

[39] “ən-Nutəfu fil-Fətəva”, 1/19; Muəssəsətur-Risələ/Darul-Furqan, ikinci nəşr: 1404/1984, Beyrut/Amman

[40] “əl-Məbsut”, 1/101-102; Darul-Mərifə, Beyrut

[41] “əl-Hidəyə”, 1/32; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[42] “əl-İxtiyər li Tə’lilil-Muxtər”, 1/25; Mətbəətul-Hələbi, 1356/1937, Qahirə

[43] “Muxtəsar əl-Quduri”, səh: 17-18; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1997, Beyrut

[44] “Muxtəsar Xalil”, səh: 24-25; Dar əl-Hədis, birinci nəşr: 1426/2005, Qahirə

[45] “əl-Muhəzzəb”, 1/46; Dar əl-Kutub əl-İlmiyyə,

[46] “əl-Məcmu”, 1/499-500;

[47] Eyni mənbə: 1/496

[48] “əl-Bəyən”, 1/157; Darul-Minhəc, birinci nəşr: 1421/2000, Cuddə

[49] “Ravdatut-Talibin”, 1/126; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1412/1991, Beyrut

[50] Bax: “əl-Muhəzzəb”, 1/46; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1416/1995, Beyrut; “əl-Muhəzzəb” kitabının bu çapı Şeyx İbn Battal ər-Rukəbi’nin “ən-Nəzmul-Mustə’zəb fi Şərhi Ğaribil-Muhəzzəb” kitabı ilə birlikdə çap edilib.

[51] “əl-Muğni”, 1/216; Məktəbətul-Qahira, 1388/1968

[52] “Mətnul-Xiraqi”, səh: 16; Darus-Sahəbə, birinci nəşr: 1413/1993, Misir

[53] “əd-Durun-Nəqi fi Şərhi Əlfəzil-Xiraqi”, səh: 134; Dar əl-Muctəmə, birinci nəşr: 1411/1911, Cuddə

[54] ”Şərhuz-Zərkəşi alə Mətnil-Xiraqi”, 1/205-206; Məktəbə əl-Əsədi, üçüncü nəşr: 1430/2009, Məkkə

[55] “əl-Vadih fi Şərhi Muxtəsar əl-Xiraqi”, 1/138; Dar Xidir, birinci nəşr: 1421/2001, Beyrut

[56] ”Kitəbul-İrşəd ilə Səbilir-Raşəd”, səh: 40-41; Muəssəsətur-Risələ, birinci nəşr: 1419/1998, Beyrut

[57] “əl-Mustəv’ib”, səh: 72; Doktor Abdullah ibn Dəhiş təhqiqi, ikinci nəşr: 1424/2003, Məkkə

[58] “əl-Muğni”, 1/216; Məktəbətul-Qahira, 1388/1968

[59] ”əl-İqna”, 1/34; Darul-Mərifə, Beyrut

[60] “əl-İnsaf”, 1/182

[61] “Buluğ əl-Qasidi Culləl-Məqasid”, səh: 35; Dar əl-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1421/2000, Beyrut

[62] “əş-Şərh əl-Kəbir alə Mətnil-Muqni”, 1/161; Dar əl-Kitəb əl-Arabi, Muhamməd Rəşid Rida təbəəsi

[63] “əl-Bəhrur-Raiq Şərh Kənzid-Dəqaiq va Minhətul-Xaliq va Təkmilətur-Turi”, 1/189; Dar əl-Kitəb əl-İsləmi, ikinci nəşr; “əl-Bəhrur-Raiq” kitabı İbn Nuceym’in ən-Nəsəfi’nin “Kənzud-Dəqaiq” kitabına yazdığı şərhdir. Kitab İbn Abidin’in “Minhətul-Xaliq” adlı haşiyəsi ilə və axırında da Şeyx Muhamməd bin Hüseyn ət-Turi’nin təkmiləsi ilə birlikdə çap olunub.

[64] “əd-Durrul-Muxtər”, səh: 41; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1423/2002, Beyrut

[65] “əl-Bəhrur-Raiq Şərh Kənzid Dəqaiq va Minhətul-Xaliq”, 1/192

[66] “Kifəyətul-Əxyər fi Həlli Ğayətil-İxtisar”, səh: 50; Darul-Xeyr, birinci nəşr: 1994, Dəməşq

[67] “əl-Minhəc əl-Qavim Şərh əl-Muqaddimətil-Hədramiyyə”, səh: 35; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1420/2000, Beyrut

[68] “Nihəyətul-Muhtəc ilə Şərhil-Minhəc”, 1/204; Darul-Fikr, axırıncı nəşr: 1404/1984, Beyrut

[69] “Muğnil-Muhtəc ilə Mərifəti Məani Əlfəzil-Minhəc”, 1/206; Darul-Kutubil-İmliyyə, birinci nəşr: 1415/1994, Beyrut

[70] “Tuhfətul-Muhtəc fi Şərhil-Minhəc va Həvəşi əş-Şirvani val-Abbədi”, 1/251; əl-Məktəbə ət-Ticəriyyə əl-Kubra, 1357/1983, Misir

[71] “Şərhul-Umdə”, 1/251; Məktəbətul-Ubeykən, birinci nəşr: 1413, Riyad

[72] Eyni mənbə: 1/253

[73] “əl-İnsaf”, 1/181

[74] Hənəfi üləması bu məqamda buna qiyas yox, lakin “dələlətun-nass” deyirlər. Başqa adla desək “məfhumul-muvafəqa” və ya “fəhval-xitab” deyirlər. Onlarda bu növ qəti nasdan bir başa anlaşılan mənadan çıxarılan hökmə deyildir, lakin cumhura görə bu da qiyasın növlərindəndir və onlar buna “əl-qiyəsul-cəli” və ya “sarihul-qiyas” deyirlər. Bəziləri deyiblər ki, bu ikisi arasındakı fərq budur ki, qiyas ilə hökm çıxarmaqda illəti və iki hökmün eyniliyini anlamaq üçün ictihad şərtdir, lakin “dələlətun-nass”ı anlamaq üçün ictihad şərt deyildir, ərəb dilini bilmək kifayət edir.

[75] “Avnul-Məbud Şərh Sünən Əbi Davud məa Şərhil-Həfiz İbnil-Qayyim”, 1/273; əl-Məktəbə əs-Sələfiyyə, ikinci nəşr: 1388/1968, Mədinə

[76] “Məcmu əl-Fətəva”, 21/214

[77] İbn Əbi Şeybə, “əl-Musannəf”, 1/173

[78] Abdur-Razzəq, “əl-Musannəf”, 1/200

[79] İbn Əbi Şeybə, “əl-Musannəf”, 1/171

[80] “əl-Əvsət fis-Sünən val-İcmə val-İxtiləf”, 1/463-465;  Dar Taybə, birinci nəşr: 1405/1985, Riyad

[81] əl-Cəssas, ”Əhkəmul-Quran”, 2/440

[82] “Bədəius-Sanəi”, 1/10

[83] Əli bin Muhamməd bin Abdil-Məlik bin Yəhyə bin Muhamməd bin İbrahim bin Xaslə bin Səməhə əl-Humeyri əl-Fəsi; kunyəsi Əbul-Həsən, ləqəbi isə İbnul-Qattan’dır. Fas şəhərində hicri 562-ci ildə anadan olub. İlk elm tələbini Tunisin Qayravan şəhərində alıb, sonra Mərakeşə köçərək orada davam edib. əz-Zəhəbi deyib: “Hafizdir, alləmədir və tənqidçidir.” İbn Nəsir deyir: “O, hafizdir, alləmədir. Çox fənlərə vaqifdir, etibarlıdır.” İbnul-Əbər onun haqqında deyir: “Hədis elmində insanların ən bəsirətlisi idi, ravilərin adlarını ən yaxşı bilən idi.” İbnul-Qattan qazi olaraq çalışmış. Həmçinin tələbələr və onların rəhbərlikləri üzərində nəzarətçi idi. Xəlifənin və alimlərin hüzurunda imla məclisləri qurardı və bu cür işləri yalnız zamanının ən böyük alimləri edərdi. Hədis elmindəki məşhur “Bəyənul-Vəhm val-İyhəmi əl-Vaqieyn fi Kitəbil-Əhkəm” kitabının müəllifidir. Hicri 628-ci ildə vəfat edib.

[84] “əl-İqna fi Məsəilil-İcmə”, 1/90; əl-Fəruq əl-Xadəsiyyə, birinci nəşr: 1424/2004,

[85] “ən-Nəzar fi Əhkəmin-Nəzar bi Həssətil-Bəsar”, səh: 69; Darus-Sahabə, 1414/1994, Misir

[86] “əl-İqna” kitabını təhqiq etmiş Doktor Fəruq Həmmədə bunun hansı “əl-İydah” kitabı olmasında iki variant zikr edir. Birinci ehtimal bunun Davud əz-Zahirinin kitabı olmasıdır, ikinci ehtimal isə Əbu Muhamməd İbn Səyyər’in kitabı olmasıdır. Fəruq Həmmədə özü ikinci ehtimala üstünlük verib.

[87] “Ədvaul-Bəyən”, 1/337; Darul-Fikr, 1415/1995, Beyrut

[88] “əl-Məshu aləl-Cəurabeyn”, səh: 67

[89] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/500

[90] “Kitəbul-Əsl əl-Məruf bil-Məbsut”, 1/100; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Beyrut

[91] “Şərh Məanil-Əsər”, 1/97; Dar Aləmil-Kutub, birinci nəşr: 1414/1994,

[92] “əl-Məbsut”, 1/101-102; Darul-Mərifə, Beyrut

[93] “Hilyətul-Uləmə fi Mərifəti Məzəhibil-Fuqahə”, 1/134; Muəssəsətur-Risələ/Dar əl-Ərqam, birinci nəşr: 1980, Beyrut/Amman

[94] “əl-Bəyən fi Məzhəbil-İməm əş-Şəfi”, 1/157; Darul-Minhəc, birinci nəşr: 1421/2000, Cuddə

[95] ət-Tirmizi (2518)

[96] “Sahih Muslim”, (1599)

[97] “Fəthul-Məlikil-Aziz bi Şərhil-Vaciz”, 1/236; Dar əl-Xidir, birinci nəşr: 1423/2002, Beyrut

[98] “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 1/125; əl-Məktəb əl-İsləmi, Beyrut, birinci nəşr: 1381/1961

[99] “Məcmu əl-Fətəva”, 26/94