Yeni doğulmuş uşaqla bağlı bəzi sünnətlər

Tez-tez qarşılaşdığımız suallardan biri də yeni dünyaya gəlmiş uşaqlarla bağlı sünnətlər haqqındadır. Sözsüz ki, yeni doğulmuş  uşağın mübarək sünnətlə həyata qədəm qoyması uşaq üçün xeyirli və bərəkətlidir. Bu barədə müsəlmanların maariflənməkləri  və bu sünnətləri canlandırmaqları çox əhəmiyyətlidir. Bu səbəbdən mövzu haqqında kiçik bir yazı hazırladıq. Bu sünnətləri bir-bir  tərtiblə qeyd edirik.

Uşağın qulağına azan və iqamə oxumaq

Bu barədə bəzi xəbərlər varid olub. ət-Tirmizi “əl-Cəmi” kitabında Asim bin Ubeydilləh bin Əbi Rafi vasitəsilə Asimin atası Ubeydullah’dan, o da atası Əbu Rafi’dən belə dediyini rəvayət edir: “Fatimə əl-Həsən bin Əlini doğarkən Allahın elçisini – salləllahu aleyhi va səlləm – onun qulağına namazın azanı ilə azan verərkən gördüm.[1] ət-Tirmizi hədisi rəvayət etdikdən sonra deyir: “Bu, həsən, səhih bir hədisdir.” Həmçinin əl-Həkim bu hədisi “əl-Müstədrək” kitabında rəvayət etdikdən sonra deyir: “Bu, isnadı səhih olan bir hədisdir, lakin (əl-Buxari və Muslim) bunu (kitablarında) rəvayət etməyiblər.” Lakin həqiqətdə hədisin sənədi zəifdir. əz-Zəhəbi “əl-Müstədrək” kitabına yazdığı təlxisdə əl-Həkimin sözündən sonra deyir: “Asim zəif sayılıb.” Bəli, sənədin zəifliyi Asim bin Ubeydilləh ilə bağlıdır, beləki elm əhlinin əksəriyyəti onun zəif olduğunu deyiblər. İbn Uyeynə deyir: “Şeyxlər Asim bin Ubeydilləhin hədisindən çəkinirdilər.” Əli bin əl-Mədini deyir: “Abdur-Rahmən bin Mehdi’ni Asim bin Ubeydilləhin hədisini çox şiddətlə inkar edərkən eşitdim.” Əbu Hətim deyir: “Hədisi münkərdir, hədisləri qarma-qarışıqdır, onun etimada layiq heç bir hədisi yoxdur.” ən-Nəsəi deyir: “Malikin Asim bin Ubeydilləhdən savayı zəifliyi məşhur olan zəif bir insandan rəvayət etdiyini bilmirik, beləki Asimdən bir hədis rəvayət edib.

Həmçinin ət-Tabərani Həmməd bin Şueyb vasitəsilə, Asim bin Ubeydilləh’dən, o da Əli bin əl-Həsən’dən, o da Əbu Rafi’dən rəvayət edir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm - əl-Həsən və əl-Hüseyn – Allah hər ikisindən də razı olsun! – doğularkən onların qulaqlarına azan oxudu.[2] Bu isnad çox zəifdir, çünki isnadında Asim’dən başqa Həmməd bin Şueyb vardır və o, alimlərin ittifaqı ilə zəifdir.

Bu hədisin şahidi vardır. İbn Abbas rəvayət edir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm - əl-Həsən bin Əli doğulduğu gün onun qulağına azan oxudu; sağ qulağına azan, sol qulağına isə iqamə oxudu.[3] Bu sənəd əvvəlkilərdən daha zəifdir. Sənədində əl-Həsən bin Amr bin Seyf əs-Sədusi adlı bir ravi vardır və o, tərk olunmuşdur, hətta Əli ibn əl-Mədini və əl-Buxari onu yalanda ittiham ediblər.

Bir başqa şahid isə Hüseyn bin Əlinin sözləridir. Əbu Yələ’nin rəvayət etdiyinə görə Hüseyn bin Əli demişdir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Kimin uşağı olarsa və sağ qulağına azan, sol qulağına isə iqamə oxuyarsa Ummus-Sibyən ona zərər verməz.[4] Bu xəbərin isnadı isə əvvəlkilərdən də daha zəifdir. İsnadında Yəhyə bin əl-Alə və Mərvan bin Səlim adlı iki ravi vardır və hər ikisi də hədis uydurmaqda ittiham olunublar. Hərfi mənada “oğlan uşaqlarının anası” mənasına gələn “Ummus-Sibyən” haqqında Alləmə Abdur-Rauf əl-Munəvi deyir: “Uşaqların məruz qaldığı bir yeldir, ola bilər ki, buna görə ürəkdən getsin. Bu şəkildə deyilib. Lakin bundan da yaxşı izahı əl-Həfiz İbn Həcər verib: “Ummus-Sibyən” cinlərdən olan rəiyyədir.[5]

Bütün bunları söylədikdən sonra qeyd etməliyik ki, bununla belə ümmətin ilk imamlarının əksəriyyəti bununla əməl edib. Əbu İsa ət-Tirmizi bu hədisi rəvayət etdikdən sonra deyir: “Əməl bunun üzərindədir.[6] İmam İbnul-Qayyim “Tuhfətul-Məvdud” kitabında bunu müstəhəb əməllər arasında zikr etmişdir. Şafi’i, hənbəli, hənəfi alimləri və bəzi maliki alimləri bu əməlin müstəhəb olduğunu deyiblər. Yalnız İmam Malik bu əməli inkar edərək onu məkruh saymışdır. Həttab ər-Ruini deyir: “Şeyx Əbu Muhamməd bin Əbi Zeyd “əl-Cəmi min Muxtəsar əl-Mudəvvanə” adlı kitabında deyir: “Yeni doğulmuş uşağın qulağına azan oxunulmasını Malik məkruh görüb.” Bu sözlərindən sonra Şeyx Həttab deyir: “əl-Cuzuli “ər-Risələ” kitabının şərhində deyir: “Bəzi elm əhli uşaq doğularkən qulağına azan və iqamənin oxunulmasını müstəhəb sayıblar.” Daha sonra İmam ən-Nəvəvi’nin sözlərini zikr edir və ardınca deyir: “İnsanların həmişə bu hədislə əməl ediblər və bununla əməl etməkdə heç bir problem yoxdur.[7]

Şeyx Aliyyul-Qari deyir: “Bu, yeni uşağın qulağına azan oxumağın sünnət olmasına dəlalət edir. (əl-Bəğavi) “Şərhus-Sunnə”də deyir: “Rəvayət olunur ki, Ömər bin Abdil-Aziz – radiyəllahu anhu – oğlan uşağı doğulduqda sağ qulağına azan, sol qulağına iqamə oxuyardı.[8]

Şeyx Muhamməd bin Yusuf əl-Ğarnəti deyir: “İbnul-Arabi (dedi): “Beləliklə bu, bir sünnət olmuşdur.” Dedi: “Bunu övladlarıma etmişəm.[9]

Beləliklə şafi’i, hənbəli məzhəblərinə görə bu əməl sünnətdir. ət-Tirmizi’nin sözündən anlaşıldığı kimi sələfin zamanında yaşamış imamlar bu hədis ilə əməl ediblər. Həmçinin məşhur hədis alimi İbnul-Arabi öz zamanında bu əməlin bir sünnət kimi qəbul edildiyini söyləmişdir. Onu da qeyd edək ki, bu, xüsusilə uşağın qulağına azan oxumaqla bağlıdır.

 

 

 

Təhnik



əl-Buxari və Muslim “əs-Sahih” kitablarında Əbu Musa’nın belə dediyini rəvayət edirlər: “Mənim bir oğlan uşağım oldu və onu peyğəmbərə - salləllahu aleyhi va səlləm – gətirdim. Ona İbrahim adını verdi və ona bir xurma ilə təhnik etdi.[10]

Ənəs bin Malik rəvayət edir: “...(Əbu Talhə’nin zövcəsi) oğlan uşağı doğdu və Əbu Talhə mənə dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına çatana qədər onu daşı!” Onunla birlikdə mənimlə xurmalar göndərdi. Peyğəmbər – salləllahu aleyhi va səlləm – uşağı götürdü və dedi: “Onun yanında nəsə var?” Dedilər: “Bəli, xurmalar.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – ondan götürdü və ağzında çeynədi, sonra ağzından çıxarıb uşağın ağzına qoydu. Sonra təhnik etdi və onun adını Abdullah qoydu.[11]

Aişə - radiyallahu anhə - deyir: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına uşaqları gətirərdilər və o, onlara bərəkət duası edərdi və təhnik edərdi.[12]

Təhnik, sağlam bir adamın şirin bir şeyi çeynəyib uşağın ağzına qoymaq və onu damağına sürtməkdir. İmam ən-Nəvəvi’nin qeyd etdiyi kimi bu, alimlərin icması ilə bir sünnətdir. Bəziləri bunun peyğəmbərə - salləllahu aleyhi va səlləm – xas olduğunu söyləyiblər, lakin belə deyildir. Əksinə əməl edilən sünnətdir və sünnət imamlarının əməl etdiyi bir sünnətdir.

əl-Xalləl deyir: “Muhamməd bin Əli mənə xəbər verdi; dedi: Əhməd bin Hənbəl’in ummu-valədini[13] belə deyərkən eşitdim: “Doğum sancıları məni tutduqda ağam (Əhməd bin Hənbəl) yatırdı. Beləliklə (oyadaraq) ona dedim: “Ey ağam! Bax indi ölürəm.” Dedi: “Allah yüngülləşdirsin!” O, elə bu sözləri demişdi ki, Səid’i doğdum. Onu doğanda dedi: “O, xurmanı gətirin!” Çünki bizdəki xurma Məkkə xurması idi. Mən də Ummu Əli’yə dedim: “Bu xurmanı çeynə və ona təhnik et!” O da etdi.[14]

İbn Kəsir deyir: “əl-Həsən (əl-Bəsri) Ömər bin əl-Xattab’ın xilafətində dünyaya gəldi və onun yanına gətirdilər. O isə ona dua etdi və ona təhnik etdi.[15]

Təhnikin xurma ilə edilməsi şərt deyildir. Digər şirin şeylərlə təhnik edilərsə sünnətə əməl edilmiş olur, lakin şirin şeylər içində bal daha uyğundur.

Təhnikin saleh insanlar tərəfindən edilməsi daha gözəldir, beləliklə uşaq üçün əməli saleh insanların bərəkətindən nəsib olar. Abdullah bin Əbi Talhaya peyğəmbərin təhnik etməsi haqqında Muslimdə keçən hədisin şərhində İmam ən-Nəvəvi deyir: “Bu hədisdə faydalar vardır. Bunlardan biri budur ki, uşaq doğularkən onun təhnik edilməsidir və bu, daha əvvəl deyildiyi kimi icma ilə sünnətdir. Bunlardan biri də saleh bir kişinin və ya qadının uşağa təhnik etməsidir. Buradakı digər bir fayda isə salehlərin əsərləri, tüpürcəyi və onlara aid hər bir şey ilə təbərrrük etmək haqqındadır. Bir başqa fayda isə budur ki, təhnik xurma ilə edilir və bu, müstəhəbdir. Lakin bir başqa şeylə edirsə təhnik hasil olmuş olur, lakin xurma daha əfzəldir.[16]

Alimlər bunun hikməti haqqında fərqli izahlar veriblər. əl-Hafiz İbn Həcər deyir: “Bu, uşağa ona görə edilir ki, yeməyə alışsın və buna güc gətirsin.[17]Lakin əl-Hafiz Bədrud-Din əl-Ayni buna etiraz edərək deyir: “Ya subhənəllah! Bu, necə də mənasız bir sözdür! Tənhik vaxtı hara, uşağın yemək yediyi vaxt hara?! Təhnik uşaq doğulduqda edilir, yemək isə iki il, ya da daha az və ya daha çox bir müddətdən sonradır. Buradakı hikmət, onun üçün imanlı bir gələcək ümid etməkdir, çünki xurma, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – möminə bənzətdiyi bir ağacın meyvəsidir və həmçinin imanın şirinliyi də ümid edilir. Bu, xüsusilə də təhnik edənin fəzilət əhli, alimlər və salehlərdən olması halında daha münasibdir, çünki yeni doğulan uşağın mədəsinə onların tüpürcəyindən gedir. Məgər görmürsən ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – Abdullah bin Zubeyrə təhnik etdiyi üçün necə fəzilətlər və kamilliklər əldə etdi?! Quran alimi idi, İslamda iffətli idi. Abdullah bin Əbi Talhə də onun kimidir, elm və fəzilət əhli oldu, mübarək zatın tüpürcəyinin bərəkəti ilə xeyirlərdə nəaliyyətlər əldə etdi.[18]

Təhnik edən çeynədiyi şirin qidanı maye halına gələcək qədər çeynəməlidir ki, uşaq uda bilsin. İmam ən-Nəvəvi deyir: “Təhnik edən xurmanı maye halına çevrilənə qədər çeynəməlidir ki, uşaq uda bilsin. Sonra uşağın ağzını açır və ora qoyur ki, ondan bir şey mədəsinə getsin.[19] Buradan anlayırıq ki, uşağın hamısını udması şərt deyildir, ondan azca bir şey mədəsinə gedərsə kifayət edir. Xurmadan başqa şirin şeylərlə təhnik etmədən öncə həkimlə məsləhətləşmək məsləhətdir.

 

 

 

Aqiqa (əqiqə qurbanı)



“Aqqa” ərəbcə yarmaq, kəsmək anlamına gəlir. Aqiqa (əqiqə) isə ərəb dilində yeni doğulan uşaqdakı tükün adıdır, çünki dərini yarıb çıxır. Uşaq üçün kəsilən heyvanın da əqiqə adlanmasının səbəbinə gəldikdə isə əl-Əsməi va digər ərəb dili alimləri bunu belə izah ediblər: “Bu halda uşaq üçün kəsilən qoyunun əqiqə adlanmasının səbəbi budur ki, heyvan kəsilərkən həmin tüklər qırxılır.[20] əl-Əzhəri isə deyir: “Əsl etibarı ilə “əl-Aqqu” sözü yarmaq, kəsmək deməkdir. Anasının qarnından çıxarkən uşağın üzərində olan tükə əqiqə deyirlər, çünki əgər insan uşağının başındadırsa qırxılır və kəsilir...kəsilən heyvana əqiqə deyilib, çünki o, kəsilir və hulqumu, qida borusu və boyun damarları kəsilir.[21]

Əqiqə kəsmək cahilliyyə dövründə ərəblərdə mövcud olan bir adət idi. Lakin cahiliyyə zamanında əqiqə mərasimi ilə bağlı digər əməllər də edilirdi. İslam şəriəti əqiqədəki mənfəət və məsləhətləri dəyərləndirərək onu müsəlmanlar üçün də bir sünnət etmişdir, lakin əqiqə ilə bağlı olaraq keçirilən bir çox əməli qadağan etmişdir. Bunu Bureydə’nin hədisində görə bilirik, belə ki, Abdullah bin Bureydə deyir: “Atamı belə deyərkən eşitdim: “Cahillikdə bizdən birimizin oğlu olduqda bir qoyun kəsərdi, onun qanını uşağın başına sürtərdi. Allah İslamı göndərdikdən sonra bir qoyun kəsərdik, uşağın başını qırxardıq və ona zəfəran sürtərdik.[22] Bu hədis səhihdir. əl-Həkim, əz-Zəhəbi, İbnul-Muləqqin, İbn Həcər və digərləri hədisin səhih olduğunu deyiblər.[23] Həmçinin Aişə deyir: “Cahiliyyə əhli pambığı əqiqənin qanına batırıb onu oğlan uşağının başına sürtürdülər. Allahın elçisi – salləllahu aleyhi va səlləm – qanın yerinə ətir vurmağı əmr etdi.[24] İbn Səkən, ən-Nəvəvi, İbn Həcər və digərləri sənədinin səhih olduğunu deyiblər.[25] Gördüyümüz kimi qan sürtmək adəti zəfəran sürtməklə əvəz edilmişdir. Lakin bəzi alimlər qan sürtməyin də şəriətdə təsdiq edilmiş bir adət olduğunu deyiblər. Bu görüşü Qatədə söyləyib. İbnul-Munzir bu görüşü həm də əl-Həsən əl-Bəsri’yə nisbət etsə də ondan səhih olaraq nəql edilmiş görüş budur ki, qan sürtmək məkruhdur. əl-Həfiz İbn Abdil-Bərr deyir: “əl-Həsən və Qatədə’dən başqa elm əhlindən kiminsə “uşağın başına qan sürməyi” dediyini bilmirəm, belə ki, onların hər ikisi də deyib: “Uşağın başı əqiqənin qanı ilə örtülər.” Digər elm əhli bunu inkar edib və bunu məkruh sayıblar. Bunun məkruh olmasına dəlilləri Süleyman bin Amir əd-Dabi’nin hədisində Allahın elçisinin – salləllahu aleyhi va səlləm – bu sözləridir: “Ondan əziyyəti kənarlaşdırın!” Necə ola bilər ki, ondan əziyyətin kənarlaşdırılmasını və başına bir (başqa) əziyyətin qoyulmasını əmr edir?![26] Yəni necə olur ki, başdakı əziyyəti, yəni tükləri kənarlaşdırmağı əmr edir və əvəzinə başqa bir əziyyətin qoyulmasını əmr edir?! əl-Həfiz İbn Həcər – rahiməhullah – Bureydə’nin hədisini və Aişədən gələn bənzər bir hədisi zikr etdikdən sonra deyir: “Buna görə də əksəriyyət qan sürməyi məkruh görüblər. İbn Həzm qan sürməyin müstəhəbliyini İbn Ömər və Ata’dan nəql edib. Amma İbnul-Munzir bunun müstəhəb olmasını yalnız əl-Həsən və Qatədə’dən nəql edib. Əksinə İbn Əbi Şeybə’nin kitabında səhih bir sənəd ilə əl-Həsən’dən rəvayət gəlir ki, o, qan sürməyi məkruh saymışdır.[27] Qan sürməyi məşru sayanlar Səmura’nın rəvayət etdiyi hədisə əsaslanırlar. Əbu Davud “əs-Sünən” əsərində deyir: “Həfs bin Ömər ən-Nəməri bizə rəvayət etdi: Həmməm bizə rəvayət etdi: Qatədə bizə əl-Həsən’dən, o da Səmura’dan, o isə Allahın elçisindən – salləllahu aleyhi va səlləm – belə dediyini rəvayət etdi: “Hər uşaq öz əqiqəsinin əsiridir. Onun üçün yeddinci gün (heyvan) kəsilir, başı qırxılır və qana batırılır.” Qatədə’dən qan barəsində “necə edilir?” soruşulduqda deyərdi: “Əqiqəni kəsdikdə onun yunundan götürürsən, uşağı onun boyun damarlarına yaxınlaşdırırsan, sonra onu uşağın əmgəyi üstünə qoyursan ki, ip kimi başına axsın. Sonra başı yuyulur və saçı qırxılır.[28] Hədisdə keçən və “qana bulaşdırılar” anlamına gələn “yudəmmə” sözünü Həmməm, Qatədə’dən rəvayət edir. Lakin hədis imamları bunun bir xəta olduğunu söyləyiblər. Yalnız İbn Həzm bunun xəta olmadığını, əksinə sabit bir sünnət olduğunu söyləyərək hədisdəki “yudəmmə” sözünün səhihliyini müdafiə etmişdir. Ümmətin qalan alimləri bu nöqtədə onunla razılaşmayıblar. Bu hədisi rəvayət etdikdən sonra Əbu Davud deyir: “Bu sözdə Həmməm’ə müxalif olublar və bu, Həmməm’dən qaynaqlanan bir xətadır. Burada həqiqətdə “yusəmmə” (ad verilir) sözüdür, lakin Həmməm “yudəmmə” demişdir. Buna əsaslanmaq olmaz.” Gördüyümüz kimi Əbu Davud bu xətanı Həmməm’ə nisbət etmişdir, lakin hədisdən anlaya bilirik ki, Qatədə özü bunu qana bulaşdırmaq şəklində izah etmişdir. Buna görə də İbn Həcər kimi mühəddislər Əbu Davud ilə bu nöqtədə razılaşmırlar və xətanın Həmməm’dən deyil, Qatədə’dən qaynaqlandığını söyləyirlər. İbn Həcər deyir: “Əbu Davudun dediyi sözlər onun öz rəvayətində Həmməm’in sözlərinə görə problemli qarşılanıb, çünki Həmməm deyir: “Qatədə’dən qan barəsində “necə edilir?” soruşulduqda deyərdi: “Əqiqəni kəsdikdə onun yunundan götürürsən, uşağı onun boyun damarlarına yaxınlaşdırırsan, sonra onu uşağın əmgəyi üstünə qoyursan ki, ip kimi başına axsın. Sonra başı yuyulur və saçı qırxılır.” Belə dəqiq bir sitatdan sonra Həmməm’in Qatədə’dən “va yudəmmə” sözünü rəvayət etməkdə xəta etdiyini söyləyəmək heç inandırıcı deyildir. Yalnız onu demək olar ki, hədisin əslində “va yusəmmə” sözləridir və Qatədə cahiliyyə insanlarının nə etdiyini nəql etmək üçün qanı zikr etmişdir.[29] Beləliklə anlayırıq ki, imamlar bu rəvayətin doğru olmadığını deyiblər və yaxud da doğru olsa da mənsux olduğunu söyləyiblər. Yalnız İbn Həzm bu rəvayətə üstünlük vermiş və onu müdafiə etmişdir. Lakin hədislər qan sürməyin İslamda qadağan edildiyini göstərir. Yezid bin Abd əl-Müzəni öz atasından rəvayət edir ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – demişdir: “Uşaq üçün əqiqə kəsilməlidir və başına qan sürülməməlidir.[30] İbn Məcə’nin rəvayətində Yezid bin Abd bunu atasından yox, bir başa peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edir. Buna görə də İbn Məcə’nin rəvayəti mürsəldir. Lakin əl-Bəzzər bunu Yezidin atası vasitəsilə ilə rəvayət etmişdir. Lakin əl-Buxari, Əbu Hətim ər-Razi və başqaları bunun da mürsəl olduğunu söyləyiblər. İbn Həcər bu sənəddə atası vasitəsi ilə gəldiyini qeyd etdikdən sonra deyir: “Bununla belə deyiblər ki, bu, mürsəldir.” Lakin bu barədə gələn digər xəbərlər isbat edir ki, bu əməlin İslamda yeri yoxdur. Gördüyümüz kimi alimlər bu əməli məkruh sayıblar və bu, hənbəli, şafi’i, maliki və hədis əhlinin görüşüdür. Qatədə və İbn Həzm isə bunu müstəhəb sayıblar. əl-Həsən əl-Bəsri’yə isə iki görüş nisbət edilib, səhih olan bunun məkruh olmasıdır. Bəzi şafi’i alimləri məkruh hökmünə etiraz edərək bunun haram olduğunu deyiblər. əl-İraqi deyir: “Şeyximiz İmam Cəməlud-Din Abdur-Rahim əl-İsnəvi əshabımızın yeni doğan uşağın başına əqiqə qanından sürməyin yalnız məkruh olması hökmü ilə kifayətlənmələrini qınayaraq demişdir: “Məşhur olan nəcasətə bulaşmağın haram olmasıdır...[31]

Əqiqə qurbanı sünnətdir. Bu barədə peyğəmbərimizdən – salləllahu aleyhi va səlləm – hədislər gəlib. Səlmən bin Amir əd-Dabiy deyir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Uşaq ilə əqiqəsi vardır. Onun üçün qan axıdın və ondan əziyyəti kənarlaşdırın![32] Alimlər bu hədisdəki “əqiqə” sözü ilə nəyin qəsd olunduğunda ixtilaf ediblər. Bəzilərinə görə qəsd olunan uşaqdakı saçdır və hədisin axırında “əziyyət” sözü ilə qəsd olunan da başdakı tüklərdir. Digər alimlər isə əqiqə sözü ilə qəsd olunanın kəsilən heyvan olduğunu deyiblər.

Ummu Kurz əl-Kə’biyyə deyir: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Oğlan uşağı üçün eyni bərabərdə iki qoyun, qız uşağı üçün isə bir qoyun vardır.[33] Digər rəvayətdə gəlir ki, Ummu Kurz peyğəmbərdən – salləllahu aleyhi va səlləm - əqiqə haqqında soruşdu və o, dedi: “Bəli, oğlan uşağı üçün iki qoyun, qız üçün bir; (kəsilən heyvanın) erkək və ya dişi olmasının sizə zərəri yoxdur.[34] ət-Tirmizi, əl-Həkim, ən-Nəvəvi, əz-Zəhəbi və digərləri səhih olduğunu deyiblər.

Yusuf bin Məhək deyir: “Həfsa bint Abdir-Rahmənin yanına gəldik və ondan əqiqə barəsində soruşduq; dedi: Xəbər verdi ki, (bibisi) Aişə ona Allahın elçisinin – salləllahu aleyhi va səlləm – belə dediyini xəbər verib: “Oğlan uşağı üçün iki qoyun, qız uşağı üçün bir qoyun.[35]

Əqiqənin hökmü nədir? Bu barədə alimlər ixtilaf ediblər. Birinci görüşə görə əqiqə müəkkəd sünnətdir və bu, səhabə, tabiin və onlardan sonra gələn imamların, fəqihlərin, mühəddislərin böyük əksəriyyətinin görüşüdür. Bu, şafi’ilərin və hənbəlilərin görüşüdür. Malikilərə görə isə məndubdur və onlarda məndub dərəcəsi sünnət dərəcəsindən aşağıdır. Bu görüş İbn Abbas, İbn Ömər, Aişə, Fatimə’dən – Allah hamısından razı olsun! – nəql olunub. Həmçinin əl-Qasim bin Muhamməd, Urva bin əz-Zübeyr, Ata, əz-Zuhri, İshəq, Əbu Səvr və digərlərinin görüşüdür. İbnul-Qayyim deyir: “Hədis əhlinin hamısına, onların fəqihlərinə və elm əhlinin cumhuruna gəldikdə isə onlar bunun Allahın elçisinin – salləllahu aleyhi va səlləm – sünnəti olduğunu deyiblər.[36]

İkinci görüşə görə əqiqə vacibdir. Bu, əsasən zahirilərin görüşüdür. Davud əz-Zahiri və zahiri məzhəbinin məşhur alimi İbn Həzm’in görüşüdür. Səhabələrdən Bureydə bin əl-Həsib əl-Əsləmi’dən nəql olunub. əl-Həsən əl-Bəsri də bu görüşdədir, yalnız o, bunu yalnız oğlan uşaqları üçün vacib görür. Bu görüş həmçinin İmam Əhməd’dən rəvayət edilib və hənbəli alimlərindən Əbu Bəkr, Əbu İshəq əl-Bərməki və Əbul-Vafə İbn Aqil bu görüşə üstünlük veriblər.

Üçüncü görüş hənəfi alimlərinin görüşüdür. Hənəfilərin bu məsələdəki görüşləri haqqında kitablarda çox qarışıq məlumatlar yer alıb. Məlumatlardakı qarışıqlığa aydınlıq gətirərək onları ayrı-ayrı nöqtələrə ayırdıq.

Hənəfi alimləri arasında məşhur olan görüş budur ki, əqiqə sünnət deyildir, mənsuxdur. Bu görüşü Əbu Hənifə’nin tələbəsi İmam Muhamməd bin əl-Həsən əş-Şeybəni açıq şəkildə “əl-Muvatta” kitabının rəvayətində söyləyib. O, deyir: “Əqiqəyə gəldikdə isə bizə çatan məlumata görə cahiliyyə dövründə var idi və İslamın əvvəlində də edilmişdir. Sonra qurban özündən əvvəlki heyvan kəsimlərini nəsx etdi...[37] Hənəfi alimlərindən Aləud-Din əl-Kəsəni deyir: “Bizlərdə oğlan və qız uşaqları üçün əqiqə kəsilmir.[38]

Bəzi hənəfilər bunun mübah olduğunu deyiblər, yəni diləyən edə bilər, diləməyən etməz. Bunu əl-Mənbici “əl-Lubəb” kitabında deyir. Həmçinin İbn Abidin bunu əl-Məhbubi’nin “əl-Cəmi” kitabına nisbət etmişdir. Bu, həmçinin ət-Tahtavi’nin haşiyəsində zikr etdiyi görüşdür.

Bunun mənsux olmasını demək ilə mübah olduğunu demək arasında həqiqi bir fərqin olub olmamasında da hənəfi alimləri fərqli görüşdədirlər. Bəzilərinə görə mənsux olması məkruh olması deməkdir. Digərlər isə mənsux olması ilə birlikdə mübah olduğunu deyiblər. Muhamməd əş-Şeybəni’nin “əl-Cəmi əs-Sağir” kitabındakı sözünün zahirindən anlaşılan budur ki, ona görə əqiqə məkruhdur.

Hənəfi alimləri arasında mövcud olan üçüncü görüşə görə əqiqə müstəhəbdir. Bu, ət-Tahavi, əl-Ayni və başqa hənəfilərin görüşüdür ki, bunda cumhurun görüşü ilə razılaşırlar.

Əşraf Əli ət-Təhənəvi deyir: “Rəvayətlərin sözləri aşkar şəkildə göstərir ki, Əbu Hənəfi’nin məzhəbi budur ki, əqiqə mənsuxdur və beləliklə də məşru deyildir. əş-Şəmi’nin (yəni İbn Abidin’in) əl-Məhbubi’nin “əl-Cəmi” kitabından bunun mübah olması və ət-Tahavi’nin şərhindən bunun müstəhəb olması barədə nəql etdikləri məzhəbin görüşünün nəqli deyildir. Sadəcə olaraq bu ikisinin rəyidir.[39]

Onu da qeyd edək ki, bəzi alimlər İmam Əbu Hənifəyə başqa bir görüş nisbət ediblər. Bu görüşə görə əqiqə bidətdir. Lakin hənəfi alimləri bunu şiddətlə inkar ediblər. əl-Ayni deyir: “ət-Təvdih” kitabının sahibi Əbu Hənifə və kufəlilərdən nəql edib ki, bu, bidətdir. Eynilə bu şəkildə bir nəfər şərhində deyir: “Bunun bidət olması sözünün nəql edildiyi kəs Əbu Hənifədir.” Deyirəm: “Bu, iftiradır. Buna görə də bunu Əbu Hənifəyə nisbət etmək olmaz, o, belə bir şey deməkdən uzaqdır. Sadəcə olaraq demişdir ki, bu, sünnət deyildir. Qəsdi isə budur ki, ya sabit sünnət deyildir, ya da təkid edilmiş sünnət deyildir.[40] Bir nəfər dedikdə əl-Hafiz İbn Həcər’i qəsd edir.

Onu da qeyd edək ki, ət-Təhənəvi xüsusilə vurğulayır ki, müasir zamanda hənəfilər ət-Tahavi’nin şərhində zikr edildiyi kimi əqiqənin müstəhəb olması görüşü ilə əməl edirlər.

Məsələdəki dördüncü görüş isə budur ki, əqiqə ilk yeddi gündə vacibdir, yeddi gündən sonra isə vacib olmur. Bu, Misirin imamı əl-Leys bin Sad’ın görüşüdür.

Beşinci görüş isə budur ki, əqiqə oğlan üçün kəsilir, qız üçün kəsilmir. əl-Həsən əl-Bəsri bu görüşdə olmuş və oğlan uşağı üçün əqiqənin vacib olduğunu demişdir. İbnul-Munzir’in nəql etdiyi kimi bu, həm də Qatədə’nin görüşüdür.

Cumhurun bu məsələdəki dəlillərindən biri Amr bin Şueyb’in rəvayət etdiyi hədisdir. Orada Allahın elçisi – salləllahu aleyhi va səlləm – deyir: “Sizdən kim uşağı üçün heyvan kəsmək istəsə oğlan üçün eyni bərabərdə iki qoyun, qız üçün bir qoyun kəssin.[41]

Bunun vacib olduğunu deyənlərin əsas dəlilləri budur ki, hədislərdə əqiqə əmr olunur. Həmçinin Allahın elçisi – salləllahu aleyhi va səlləm – deyir: “Uşaq ilə əqiqəsi vardır...” Onlar deyirlər ki, burada sadəcə olaraq xəbər verilmir, lakin bunun vacibliyinə işarə edilir. Həmçinin daha əvvəl zikr olunan Səmura’nın hədisində peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: ”Hər bir uşaq əqiqəsinin əsiridir...

Bunun mənsux olduğunu deyən Əbu Hənifə, Muhamməd əş-Şeybəni və digər hənəfilərin dəlilləri Əli bin Əbi Talib’in sözləridir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Qurban bütün kəsimləri nəsx edib.[42] əl-Beyhəqi, əd-Dəraqutni, İbn Abdil-Hədi, əz-Zəhəbi, İbn Həcər və digərləri hədisin çox zəif olduğunu deyiblər.

Həmçinin Əbu Yusuf “əl-Əsər” kitabında deyir: “Əbu Hənifə Həmməd’dən, o da İbrahim’dən belə dediyini rəvayət edir: “Əqiqə cahiliyyədə var idi, sonra İslam gəldi və rədd olundu.[43] Bu sözü həmçinin Muhamməd əl-Hənəfiyyə’dən nəql edir.

Bu görüşlərin içində cumhurun görüşünü dəstəkləyən çox sayda hədislər və xəbərlər vardır. Əqiqənin vacib olmadığını isbat edən bir başqa dəlil budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – oğlu İbrahim üçün əqiqə kəsməmişdir. İmam əş-Şafi deyir: “Bu barədə iki nəfər ifrata vardı; onlardan biri bidət olduğunu dedi, digəri isə vacib olduğunu dedi.[44] İmam Malik deyir: “Əqiqə vacib deyildir, lakin ona əməl etmək müstəhəbdir və bu, elə bir əməldir ki, bu barədə ixtilaf yoxdur və bizdə insanlar həmişə bu əməl üzərində olublar.[45]

Əqiqə sözünü işlətmək məkruhdurmu? Bəzi alimlər uşaq üçün kəsilən heyvanın “əqiqə” adlanmasını məkruh sayıblar. Onlar bunun “nəsikə” və ya “zəbihə” adlanmasına üstünlük veriblər. Bunun üçün Amr bin Şueybin atasından, onun da babasından rəvayət etdiyi hədisi dəlil gətiriblər, belə ki, babası deyir: “Allahın elçisindən – salləllahu aleyhi va səlləm - əqiqə haqqında soruşuldu və dedi: “Mən uququ sevmirəm.” Sanki belə adlanmasını xoşlamadı. Soruşdular: “Ey Allahın elçisi! Sadəcə bizdən birinin doğulan uşağı haqqında soruşuruq.” Dedi: “Sizdən kim uşağı üçün heyvan kəsmək istəsə oğlan üçün eyni bərabərdə iki qoyun, qız üçün bir qoyun kəssin.” Bunu əl-Həkim səhih saymış, əz-Zəhəbi isə onunla razılaşmışdır. Həmçinin əl-Beyhəqi hədisi güclü saymış və İbnut-Türkməni onunla razılaşmışdır. Hədisdəki “uquq” sözü itaətsizlik mənasındadır. Buna görə də alimlər hədisi şərh edərkən qeyd ediblər ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – iki söz arasındakı bənzərliyə görə bu adı sevməmiş, ona görə də daha sonra “nəsəkə” sözünü istifadə etmişdir. əl-Həfiz İbn Abdil-Bərr deyir: “Bu hədisin zahiri mənası vacib edir ki, yeni doğulmuş uşaq üçün yeddinci günündə kəsilən heyvana  “nəsikə” deyilsin və “əqiqə” deyilməsin, lakin bunun əqiq adlanmasında elm əhli arasında hər hansı bir ixtilafın olduğunu bilmirəm. Bu isə onu göstərir ki, mənsuxdur və zövq və seçim məsələsidir.” Daha sonra Səmura bin Cundub və Səlmən bin Amir’in hədisini zikr edir və deyir: “Bu iki hədisdə “əqiqə” sözü keçir. Bu isə adın məkruhluğunu yox, mübahlığını göstərir. Buna əsasən bütün ölkələrin fəqihləri “əqiqə” sözündən başqa söz işlətməyiblər, heç “nəsikə” sözünü də işlətməyiblər. Üstəlik Malikin bu hədisində bunun məkruh olduğu açıq şəkildə deyilmir...[46]

Lakin qeyd etdiyimiz kimi bəzi alimlər “nəsikə” və ya “zəbihə” adlanmasına üstünlük veriblər. Şafi’i alimlərindən İbn Əbid-Dəmm bunu ümumən şafi’i alimlərinə nisbət etsə də digər şafi’i alimlərinin sözləri cumhurun görüşünə müvafiqdir ki, “əqiqə” sözünün işlənməsində heç bir problem yoxdur. Əksinə şafi’i alimlərindən əl-İraqi deyir: “Nəsikə sözü əqiqəyə dəlalət etmir, çünki ondan daha ümumi mənadadır. Ümumi məna isə xüsusi mənaya dəlalət etməz. Hədisdə isə bu adı bəyənmədiyinə dair açıq bir söz yoxdur. Bu, sadəcə olaraq ravinin anlayışıdır və heç özü də bunu qətiyyətlə bildirməmişdir. Sanki peyğəmbər – salləllahu aleyhi va səlləm –əqiqə sözü zikr olunduqda Allahın uququ (itaətsizliyi) sevmədiyini ona görə zikr etdi ki, sual verən “əqiqə” sözü ilə eyni köklü olan sözlərin hamısını gözəl görməklə həddi aşmasın. Beləliklə bu sözlərdən bəzisinin xoşa gələn, digərlərinin isə məkruh olduğunu izah etmişdir...[47]

Əqiqənin şərtləri nədir? Alimlərin əksəriyyətinə görə qurbanlıqda mövcud olan şərtlər əqiqəyə də aiddir. Əqiqə hər bir heyvandan olmaz, lakin qoyun, keçi, dəvə və inəkdən əqiqə kəsmək olar. İbn Həzm isə fərqli görüşdədir, ona görə əqiqə yalnız qoyundan və keçidən olar, başqa heyvanı əqiqə kimi kəsmək olmaz. Bu görüşü Əbu Bəkrin nəvəsi Hafsa bint Abdir-Rahmən bin Əbi Bəkr’dən nəql etmişdir. Bu, həmçinin İmam Malik’dən nəql edilmiş bir görüşdür. Malikilərdən Əbu İshaq bin Şaban, şafi’ilərdən isə Əbu Nəsr əl-Bəndənici bu görüşdə olublar. İbnus-Subki deyir: “Əbu Nəsr əl-Bəndənici “əl-Mutəməd” kitabında dedi: “Əqiqə məsələsində qoyundan başqa heyvan üçün əş-Şafi’nin heç bir sözü yoxdur və mənə görə ondan başqası keçərli deyildir.[48]

Bir başqa şərt isə budur ki, kəsiləcək heyvan qüsursuz olmalıdır. Burada qüsur ilə qəsd edilən qurbanlıqda zikr olunan qüsurlardı/strongr. Yenə bu şərtdə cumhura İbn Həzm müxalif olmuş və qüsurlardan salamat olmağın şərt olmadığını söyləmişdir. Müasirlərdən əş-Şəvkəni onunla bu görüşündə razılaşıb.

Daha bir şərt isə yaşdır. Qoyunda bir yaşdan kiçik, inəkdə iki yaşdan kiçik, dəvədə isə beş yaşdan kiçik olanı əqiqə kimi kəsmək olmaz. Bu şərtdə bundan əvvəlki şərtlər kimi qurbanlığa qiyas edilərək çıxarılmışdır.

Hansı daha əfzəldir? Bir çox alim kəsilən heyvanın ağ rəngdə olmasını, erkək olmasını daha əfzəl sayıb. Heyvan növlərindən hansının daha əfzəl olmasına gəldikdə isə fəqihlər bu barədə ixtilaf ediblər. Şafi’ilərdəki ən səhih görüşə görə - və bu, bəzi malikilərin də görüşüdür - ən iri heyvan daha əvzəldir, beləliklə dəvə inəkdən, inək qoçdan, qoç isə keçidən daha əfzəldir. İmam Malik isə ən əfzəlin qoç olduğunu deyib və keçinin inək və dəvədən daha əfzəl olduğunu söyləyib. Həmçinin hənəfi alimlərinə görə də qoyun əfzəldir.

Əqiqə kəsmək üçün borc almaq olarmı? Sözsüz ki, əqiqənin imkan daxilində kəsilməsi məqsədə uyğundur. Lakin bir çox elm əhli kasıba da əqiqə kəsməyi müstəhəb görmüşdür. İmam Əhməd imkansız birinin borc alıb əqiqə kəsməsini təqdir etmiş və bununla sünnətin yaşadılmasına işarə etmişdir. Bunu imamımızdan Əbul-Həris və oğlu Saleh nəql edib. İbnul-Munzir bu rəvayətləri zikr etdikdən sonra əqiqənin əhəmiyyətini vurğulayır və bu barədə gələn hədislərdə bu sünnətin üzərində təkid edildiyini xatırladır. Buna görə də İmam ən-Nəvəvi deyir: “Əqiqə kəsmək bizə görə onun qiymətini sədəqə kimi verməkdən daha əfzəldir; Əhməd və İbnul-Munzir də bu görüşdədirlər.[49] Əqiqə üçün borc almağın məşruiyyətini həmçinin Şeyxul-İslam İbn Teymiyyə də zikr edir.

Əqiqədə şərik olmaq olarmı? Əgər bir kimsənin birdən çox övladı varsa onların hamısı üçün bir dəvə kəsməsi hamısı üçün əqiqə kimi keçərlidirmi? Qurbanlıq dəvədə yeddi kişinin şərik olması kimi bir dəvəni yeddi övlad üçün kəsmək mümkündürmü? Yaxud da sadəcə ət almaq niyyəti olan kəs ilə əqiqə niyyəti olan birinin birləşib bir heyvan alması və onlardan birinin bunu əqiqə adı ilə kəsməsi keçərlidirmi? Bu barədə fəqihlər ixtilaf ediblər. Şafi’i alimlərinə görə belə bir şey caizdir. ən-Nəvəvi deyir: “Əgər onun iki oğlu doğularsa və onların adından bir qoyun kəsərsə bununla əqiqə hasil olmaz. Əgər yeddi uşağı üçün inək və ya dəvə kəsərsə və ya bunda bir qrup insan şərik olarsa caiz olar; onların hamısının əqiqə niyyətində olmaqları ilə bəzilərinin əqiqə, bəzilərinin isə ət istəməsi arasında bir fərq yoxdur.[50]

İkinci görüşə görə belə bir şey caiz deyildir. Bir uşaq üçün bir diri heyvan əqiqə kimi keçərlidir. Bu, hənbəli alimlərinin görüşüdür. əl-Mərdəvi deyir: “Əgər bir dəvəni və ya bir inəyi əqiqə kimi kəsərsə yalnız tam olaraq keçərlidir.[51] Maliki alimlərinin də görüşü bu yöndədir.

Neçə qoyun kəsilməlidir? Xüsusilə qoyunlarda say haqqında xəbərlər varid olduğu üçün fəqihlər bu məsələni ayrılıqda müzakirə ediblər. Cumhurun görüşünə görə oğlan uşağı üçün iki, qız uşağı üçün bir qoyun kəsilir. Bu, şafi’ilərin, hənbəlilərin, bəzi maliki alimlərinin və zahirilərin görüşüdür, lakin daha əvvəl də qeyd etdik ki, zahirilərə görə əqiqə vacibdir, beləliklə onlara görə oğlan uşağı üçün bir qoyun kəsmək kifayət edir, vacibi yerinə yetirmək üçün ikinci qoyun da kəsilməlidir. Bu, həm də əş-Şəvkəni’nin görüşüdür. Cumhur isə fərqli düşünür və onlar oğlan uşağı üçün iki qoyun kəsilməsinin sünnət olduğunu deyirlər, lakin bir qoyunun da əqiqə kimi keçərli olduğunu söyləyirlər.

Məsələdəki ikinci görüş isə budur ki, həm oğlan, həm də qız uşağı üçün yalnız bir qoyun kəsilir. Bu, İmam Malik’in görüşüdür.

Kəsilən ətlə nə edilər? Bu barədə də fərqli fikirlər səslənib. Alimlərin əksəriyyətinə görə həmin ətlə istədiyi kimi davrana bilər, diləsə ev əhli yeyər, diləsə ondan bir hissəsini sədəqə kimi paylayar. Çox sayda alim ətin çiy şəklində paylamanması əvəzinə evdə bişirildikdən sonra paylanmasını xoş görüblər. Bəzi alimlər, xüsusilə maliki alimləri əqiqə ətindən ziyafət verilərək evə qonaq çağırılmasını xoş görməyib və bunun hikməti insanların bunda bir-biriləri ilə yarışmasının qarşısını almaqdır.

Bu ətlərdən kafirlərə vermək, onlara yedirmək olarmı? Malikilərin “əl-Utbiyyə” adlı qaynaq əsərlərindən birində Əşhəb’in İmam Malik’dən rəvayətində bu barədə ona sual verilir və İmam Malik bunu xoş qarşılamır. İmam Malikdən gələn bir digər rəvayətdə qurbanlıq ətdən kafirlərə verilməsinə icazə vermişdir və əqiqə ətini də buna qiyas etmək olar.

Əqiqənin sümüyünü sındırmaq olarmı? Bu məsələ də əqiqə ilə bağlı mövzularda zikr olunur və bunun səbəbi bu barədə gələn xəbərlərdir. Fəqihlərin görüşü burada ikiyə ayrılır. Şafi’i və hənbəli fəqihləri qeyd ediblər ki, əqiqə heyvanının bişirilməsi, sümüklərinin oynaqlardan sındırılması və sümüklərinin özünün sındırılmaması müstəhəbdir. əl-Beyhəqi bunu Ata’dan rəvayət edir. İmam Əhməd də bunu dilə gətirmişdi. Buna görə də hənbəli alimləri qurbanlıq ilə əqiqə arasındakı fərqləri sayarkən bunu da zikr edirlər. Lakin bu görüşdə olanlar bunun məkruh yoxsa xiləful-əulə hökmündə olmasında ixtilaf ediblər. əl-İraqi deyir: “Əshabımız deyib ki, bu sadəcə olaraq xiləful-əulə hökmündədir. Bunun məkruh olması haqqında iki baxış açısı ətrafında ixtilaf ediblər; bu ikisindən ən səhihinə görə məkruh deyildir. ən-Nəvəvi “Şərh əl-Muhəzzəb” kitabında bunun səbəbini izah edərkən bu barədə bir başa bunu qəsd edən bir qadağanın sabit olmadığını bildirmişdir. Bu, mübahisəlidir, çünki bu barədə açıq-aşkar qadağanı əl-Həkim “əl-Müstədrək” kitabında rəvayət etmiş və daha əvvəl zikr olunduğu kimi onu səhih saymışdır. Ola bilsin ki, ən-Nəvəvi bunu səhih saymaqda onunla razılaşmayıb.[52]

İmam Malik isə sümüklərinin sındırılmasına icazə verib, hətta bunu müstəhəb sayıb, çünki ona görə cahiliyyə əhli əqiqənin sümüklərini sındırmazdı və onlara müxalif olmaq qəsdi ilə sümükləri sındırmaq müstəhəbdir. Bu, həm də əz-Zuhri, İbn Həzm əz-Zahiri və Basradan olan şafi’i alimlərinin görüşüdür.

Məsələdəki ixtilaf bu barədə gələn rəvayətlərin səhihliyi barədə ixtilafın olmasından qaynaqlanır.

Qurban ilə əqiqə eyni günə düşərsə qurban kəsmək əqiqəni əvəz edirmi? Bu məsələdə də fəqihlərin görüşləri fərqlənir. Birinci görüşə görə qurban əqiqəni əvəz edir. Bu görüş tabiin nəslindən əl-Həsən əl-Bəsri, Muhamməd bin Sirin, Qatədə və Hişəm kimi alimlərin görüşüdür. Bu, həm də İmam Əhməddən gələn iki rəvayətdən biridir. Hənəfi alimləri bu görüşdədir. Hənbəli alimləri bu məsələni kitablarında müzakirə ediblər. İbnul-Muflih qeyd edir ki, hənbəli alimlərinin əksəriyyətinə görə keçərli deyildir. Lakin hənbəli məzhəbinin görüşünə görə keçərlidir. əl-Həccəvi bunu “əl-İqna” kitabında, əl-Fətuhi isə “əl-Muntəhə” kitabında qeyd edir. əl-Mərdəvi bu görüşün doğru görüş olduğunu təsdiqləmişdir. Bu, həmçinin İbnul-Qayyim’in “Tuhvətul-Vadud” kitabında dəstəklədiyi görüşdür.

İkinci görüşə görə qurban əqiqəni əvəz edə bilməz. Bu, şafi’ilərin və malikilərin məzhəbidir. Əvvəlki hənbəli alimlərinin əksəriyyəti də bu görüşdə olublar.

Əqiqəni kim kəsməlidir? Fəqihlər əqiqəni kəsənin kimliyi barədə bir neçə görüş bildiriblər. Bir görüşə görə əqiqə atanın üzərinə düşür və qohumlardan başqa heç kimə əqiqə kəsmək düşmür. Bu, maliki və hənbəli alimlərinin görüşüdür.

İkinci görüş budur ki, əgər uşağın özünə aid bir mal varsa əqiqə o maldan götürülməlidir. Əgər atası varsa atası kəsməlidir. Əgər atası yoxdursa, lakin anası varsa anası kəsməlidir. Bu, İbn Həzm’in görüşüdür.

Üçüncü görüş budur ki, əqiqə uşağın malından kəsilməz, lakin uşağı saxlamağın məsuliyyəti kimin boynundadırsa o, öz malından kəsməlidir. Bu, şafi’i alimlərinin görüşüdür. Bu, uşağın atası, babası, anası və ya nənəsi ola bilər.

Dördüncü görüş isə budur ki, əqiqəni atasından və ya uşağı saxlamağın məsuliyyətini daşıyan kəsdən başqası da kəsə bilər. Bu, Hafiz İbn Həzər, Əmir əs-San’ani və əş-Şəvkəni’nin görüşüdür.

Yetimlərə gəldikdə isə şafi’ilərə görə yetimin malı varsa ondan əqiqə kəsmək üçün götürmək olmaz. Malikilər və hənbəlilərə görə isə olar.

Əqiqə hansı gündə kəsilər? Bu barədə varid olmuş hədislər əqiqənin yeddinci gündə kəsiləcəyini bizlərə xəbər verir. Bu hədislərdən çıxarılan nəticə budur ki, əqiqənin yeddinci gün kəsilməsi müstəhəbdir. Alimlər yeddinci gündə əqiqəni kəsməyin müstəhəb olmasında ittifaq etdikdən sonra bununla bağlı bəzi məsələlərdə ixtilaf etdilər.

Yeddinci gündən öncə əqiqə kəsmək olarmı? Bu barədə iki görüş mövcuddur: şafiilərə və hənbəlilərə görə doğuşdan sonra yeddi gün tamamlanmadan öncə də əqiqə kəsmək olar. İbnul-Qayyim deyir: “Aşkar olan budur ki, bu günlə bağlanması yalnız müstəhəblik baxımındandır, yoxsa dördüncü, səkkizinci və ya onuncu gün, ya da ondan sonra kəsərsə keçərli olar.[53] İkinci görüş isə budur ki, yeddinci gündən öncə kəsmək olmaz. Bu, malikilərin görüşüdür. Həmçinin İbn Həzm və Əmir əs-San’ani də bu görüşdədirlər.

Yeddinci gündən sonra kəsməyə gəldikdə isə yenə malikilər bunu caiz görməyiblər, onlara görə əqiqə yalnız yeddinci gün kəsilir. Bu, həm də Əmir əs-San’ani, Abdur-Rahmən əl-Mubərakfuri və Şəmsul-Həqq əl-Azimabadi’nin görüşüdür. İkinci görüşə görə isə yeddinci, on dördüncü və iyirmi birinci günlər kəsmək olar, lakin bundan sonra isə kəsmək olmaz. Bu görüş səhabələrdən Aişədən nəql olunub. Bu, İmam əş-Şafi’nin məzhəbində mövcud olan bir görüşdür. Məşhur maliki alimi İbn Həbib bunu İmam Malikdən nəql edib, lakin Hafiz İbn Abdil-Bərr yalnız on dördüncü günü zikr edib, yəni iyirmi birinci günü qeyd etməyib. Bu, həm də Salehin imamımız Əhməddən nəql etdiyi bir rəvayətdir. ət-Tirmizi Səmura bin Cundəb’in hədisini rəvayət etdikdən sonra deyir: “Elm əhlinə görə əməl bunun üzərindədir və onlar uşaq üçün yeddinci gün əqiqə kəsilməsini müstəhəb görürlər. Əgər yeddinci gün mümkün deyilsə onda ön dördüncü gün, əgər o gün də mümkün deyilsə iyirmi birinci gün əqiqə kəssin.[54]

Bu görüş sahiblərinin dəlilləri bəzi rəvayətlərdir. Bu dəlillərdən biri əl-Beyhəqi’nin sənədi ilə İsmayıl bin Muslim’dən, onun da Qatədə’dən, onun da Bureydə’dən, onun da atası vasitəsilə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi bu sözlərdir: “Əqiqə yeddinci, ön dördüncü və iyirmi birinci günlərdə kəsilir.” Lakin əl-Həfiz İbn Həcər deyir: “İsmayıl zəifdir və ət-Tabərani qeyd edir ki, bunu yalnız o, rəvayət edib.[55] Beləliklə hədis zəifdir, lakin bu hədis Aişədən məvquf olaraq gəlib. əl-Həkim “əl-Müstədrək”də sənədi ilə Ata’dan, o da Ummu Kurz və Əbu Kurz’dan belə dediklərini rəvayət edir: “Abdur-Rahmən bin Əbi Bəkr’in ailəsindən bir qadın nəzir etmişdi ki, əgər Abdur-Rahmənin xanımı doğarsa dəvə kəsəcək. Aişə - radiyallahu anhə - dedi: “Xeyr, əksinə sünnət daha yaxşıdır; oğlan uşağı üçün eyni bərabərdə iki qoyun, qız uşağı üçün bir qoyun kəsirsən. Oynaqlarından ayırırsan, sümüklərini sındırmırsan, bundan sonra yemək, yedirmək və sədəqə vermək olar. Yeddinci gün edilməli, əgər alınmasa on dördüncü gün, əgər o da alınmasa iyirmi birinci gün edilməlidir.[56] əl-Həkim səhih saymış və əz-Zəhəbi onunla razılaşmışdır. Bu hədisdəki dəlilləri budur ki, Aişə bunu özündən söyləyə bilməz və bu, mərfu hökmündə olmalıdır. Məsələdəki üçüncü görüşə görə yeddinci gündən sonra istənilən gündə kəsmək olar. Şafi’i alimləri bundan sonra istənilən gündə kəsməyin keçərli olduğunu deyirlər və heç bir günü digər gündən daha fəzilətli hesab etmirlər. Bu, həm də hənbəli alimlərinin əksəriyyətinin görüşüdür. əl-Mərdəvi bunu “əl-İnsaf” kitabında bir çox alimdən nəql etdikdən sonra bunun doğru görüş olduğunu söyləmişdir. Bu, həm də İbn Həzmin, əl-Leys bin Sad və Muhamməd bin Sirin’in görüşüdür. Hənbəli alimlərindəki ikinci görüşə görə hər yeddinci gün digər günlərdən daha əfzəldir. Şafi’i imamlarından Əbu Abdilləh əl-Buşənci də bu görüşdədir.

Doğum günü yeddi günün içində sayılırmı? Bu məsələ haqqında da fərqli görüşlər vardır. İmam Malikə görə əgər uşaq fəcrdən sonra doğarsa həmin gün yeddi günün içində sayılmaz. Lakin əgər fəcrdən öncə doğarsa həmin gün yeddi günün içində sayılır. Bu, həm də şafi’i məzhəbində mövcud olan bir görüşdür ki, şafi’i üləmasından əl-İsnəvi bu görüşə üstünlük vermiş və bildirmişdir ki, şafi’ilərdə fətva bu görüşə əsaslanır. Digər şafi’i alimi əl-İraqi də ət-Tirmizi’nin “əs-Sünən” əsərinin şərhində bu görüşə tabe olub. İkinci görüş isə budur ki, doğum günü mütləq olaraq yeddi günün içində hesab olunur və bu, şafi’i məzhəbi ilə hənbəli məzhəbinin görüşüdür. Malikilərdən İbnul-Məcişun buna üstünlük verib.

 

 

 

Uşağın saçını qırxmaq və çəkisi qədər gümüşü sədəqə vermək

 

Yeni doğulmuş uşağın saçını qırxmaq sünnətdir və alimlər bunun sünnət olması üzərində ittifaq ediblər. Cafər bin Muhamməd atasından belə dediyini rəvayət edir: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – qızı Fatimə Həsən, Hüseyn, Zeynəb və Ummu Kulsum’un  saçını çəkdi və onun çəkisi qədər gümüşü sədəqə verdi.[57]

Maliki və şafi’i alimlərinə görə saç qırxmaq həm oğlan uşaqları, həm də qız uşaqları haqqında sünnətdir. Hənbəli məzhəbinin görüşü isə budur ki, saç qırxmaq oğlan uşaqlarına xasdır. əl-Əzci kimi bəzi hənbəlilər bunun hər ikisi üçün müstəhəb olduğunu deyiblər. Hənəfilərdə isə saçı qırxmaq müstəhəb deyildir.

Hədislərdən həmçinin anlaşılır ki, qırxılan saçın çəkisi miqdarında gümüş dəyərində sədəqə vermək müstəhəbdir. Malikilər və şafiilərə görə imkanı olan üçün qızıl dəyərində, əks halda isə gümüş dəyərində sədəqə vermək müstəhəbdir. Hənbəlilər isə bunu yalnız gümüşlə xüsusiləşdirirlər.

Həm əqiqə, həm də saçın qırxılması üçün ən əfzəl vaxt doğumdan sonra yeddinci gündür. Lakin həmin gün ilk öncə bu ikisindən hansını etmək daha doğrudur? Bir qrup elm əhlinə görə ilk öncə əqiqə kəsilir və sonra saç qırxılır. İmam ən-Nəvəvi şafi’i alimlərindən bu barədə iki görüş zikr edir və qeyd edir ki, əqiqənin daha öncə olması daha səhih görüşdür və bu görüşü Əbu İshaq əş-Şirazi, əl-Bəğavi və əl-Curcəni kimi şafi’i alimlərinə aid edir. Üstəlik qeyd edir ki, hədisdə gələn ləfzlər bu görüşü dəstəkləyir.

Məsələdəki ikinci görüş isə budur ki, birinci saç qırxılır, sonra əqiqə kəsilir. Addur-Razzaq “əl-Musannəf” kitabında bunu Ata’dan rəvayət edir. İbnul-Qayyim bu görüşün səbəbini izah edərkən deyir: “Sanki – doğrusunu Allah bilir! – bununla həccin adətlərindən seçilməsini və ona bənzəməməsini qəsd etmişdir, çünki həcdəki sünnət budur ki, heyvan kəsimi saç qırxmaqdan öncədir. Atadan başqa kimdənsə bu barədə bir şey xatırlamıram.[58]Lakin şafi’i alimi ər-Ruyəni bu görüşü həm də İmam əş-Şafi’dən nəql etmişdir.

 

 

 

Uşağa ad vermək

 

Uşağa yeddinci gündə ad vermək də müstəhəbdir. Yuxarıda zikr etdiyimiz hədislərdə qeyd olunduğu ki,yeddinci gündə əqiqə kəsilər, sonra uşağı saçı qırxılar və ona ad verilər.

Uşağa ad vermək ilk öncə atanın haqqıdır. Valideynlər uşaqlarına ad verərkən istədikləri və xoş gördükləri adları verə bilərlər. Hökm etibarı ilə bu, mübahdır. Adlar ümumilikdə mübahdır, yalnız şəriətin haram və ya məkruh olduğuna dəlalət etdiyi adlar istisnadır. Əlbəttə ki, uşaqlara gözəl adlar vermək lazımdır. Əbud-Dərdə’nin hədisində peyğəmbər – salləllahu aleyhi va səlləm buyurur: “Siz Qiyamət günü adlarınız və atalarınızın adları ilə çağırılacaqsınız, ona görə də adlarınızı gözəl edin![59]

İbn Ömər’in hədisində gəldiyi kimi ən gözəl adlar Abdullah və Abdur-Rahmən adlarıdır. Abdul-Həmid, Abdul-Vahhəb kimi Allahın adlarına izafə edilən hər bir ad gözəldir. Həmçinin peyğəmbərlərin və səhabələrin adları da uşaqlara verilə biləcək gözəl adlardandır.

Adların arasında haram və məkruh olan adlar da vardır. İbnul-Qayyim deyir: “Əbu Muhamməd İbn Həzm dedi: “Abduluzzə, Abduhubəl, Abduamr, Abdul-Kəbə və buna bənzər Allahdan başqa ibadət olunan hər bir adı uşağa verməyin haram olmasında ittifaq ediblər, yalnız Abdul-Muttalib adı istisnadır.” Abduəli, Abdul-Hüseyn və Abdul-Kəbə kimi adlar vermək halal deyildir.”[60] Beləliklə Hüseynqulu, Həsənqulu, Pirqulu kimi adlar da vermək qadağandır.

İbnul-Qayyim yuxarıda İbn Həzm’in Abdul-Muttalib ismini istisna etməsinə etiraz etmişdir. İbnul-Qayyimə görə peyğəmbərin – salləllahu aleyhi va səlləm – özü üçün İbn Abdil-Muttalib ismini istifadə etməsi o ada razılıq mənasında yox, lakin insanlar arasında tanındığı şəkildə xəbər verməsidir.

Nəbi, Rəsul, Tağı, Zəki, Əşrəf kimi adları fəqihlər xüsusilə məkruh olan adlar arasında sayıblar. Rəhman, Sübhan kimi yalnız Allaha layiq olan adlar vermək isə haramdır.

Uşaqla bağlı digər sünnətlər də mövuddur, lakin yeni doğulan uşaqlarla bağlı ən məşhur sünnətlər bunlardır.[61]

 


[1] Əbu Davud (5105); ət-Tirmizi (1514); Əhməd (6/9); əl-Həkim (3/179); Abdur-Razzəq (7986)

[2] ət-Tabərani (926)

[3] əl-Beyhəqi, “Şuəbul-İmən” (8620)

[4] Bunu Əbu Yələ (6780) rəvayət edir və İbnus-Sünni onun kanalı ilə “Aməlul-Yəumi val-Leyli” kitabında (623) rəvayət edir.

[5] “Feydul-Qadir Şərhul-Cəmi əs-Sağir”, 6/238; əl-Məktəbətut-Ticəriyyətul-Kubra, birinci nəşr: hicri 1356, Misir

[6] Şeyx Şueyb əl-Arnavut “əl-Müsnəd” kitabının təxricində (39/298) deyir: “Bu məsələ haqqında gələn hədisin zəif olmasına baxmayaraq ümmətin əksəriyyəti qədimdən müasir zamanda qədər bununla əməl edib. ət-Tirmizi’nin bundan sonra “əməl bunun üzərindədir” şəklində dediyi sözlər buna işarədir. Elm əhli bunu kitablarında gətiriblər, onun üçün başlıqlar yazıblar və onu müstəhəb sayıblar.”

[7] “Məvahibul-Cəlil fi Şərhi Muxtəsar Xalil”, 1/434; Darul-Fikr, üçüncü nəşr: 1412/1992

[8] “Mirqatul-Məfətih Şərh Mişkətil-Məsabih”, 7/2691; Darul-Fikr, birinci nəşr: 1422/2002, Beyrut

[9] “ət-Təc val-İklil li Muxtəsar Xalil”, 4/391; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1416/1994, Beyrut

[10] əl-Buxari (5467, 6198); Muslim (2145)

[11] əl-Buxari (3909); Muslim (2144)

[12] əl-Buxari (6355); Muslim (286)

[13] “Ummu-Valəd”, ağasından uşaq dünyaya gətirən kənizdir.

[14] “Tuhfətul-Məudud bi Əhkəmil-Məulud”, səh: 40-41; Dar Aləmil-Fəvaid, birinci nəşr: hicri1431, Məkkə

[15] “əl-Bidəyə van-Nihəyə”, 9/303; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 1408/1988, Beyrut

[16] “əl-Minhəc Şərh Sahih Muslim bin əl-Həccəc”, 14/123-124; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr: hicri 1392, Beyrut

[17] “Fəthul-Bəri bi Şərh Sahih əl-Buxari”, 9/588; Darul-Mərifə, hicri 1379, Beyrut

[18] “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 21/84; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[19] “əl-Minhəc Şərh Sahih Muslim bin əl-Həccəc”, 14/123; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr: hicri 1392, Beyrut

[20] “Təhzibul-Luğa”, 1/47; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 2001, Beyrut

[21] Eyni mənbə, 1/48;

[22] Əbu Davud (2843); əl-Həkim (4/238);

[23] Bax: “əl-Bədr əl-Munir”, 9/342; Darul-Hicrə, birinci nəşr: 1425/2004, Riyad; “ət-Təlxisul-Həbir”, 4/270; Muəssəsətu Qurtubə, birinci nəşr: 1416/1995, Misir.

[24] “Sahih İbn Hibbən”, (1057); əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, (9/303)

[25] Bax: “ət-Təlxis əl-Həbir”, 4/269; “əl-Məcmu”, 8/428;

[26] “ət-Təmhid”, 4/318; Vazəratu Umumil-Əvqaf vaş-Şuunil-İsləmiyyə, hicri 1387, Məğrib

[27] “Fəthul-Bəri”, 9/594; Darul-Mərifə, hicri 1379, Beyrut

[28] Əbu Davud, (2837)

[29] “Fəthul-Bəri”, 9/593-594; Darul-Mərifə, hicri 1379, Beyrut

[30] İbn Məcə (3166);

[31] “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 5/216; ət-Tabəa əl-Misriyyə əl-Qadimə

[32] Əbu Davud (2839); İbn Məcə (3164);

[33] İbn Məcə (3162);ət-Tirmizi (1516); Əbu Davud (2834, 2835)

[34] ət-Tirmizi (1516); “Sünən əl-Beyhəqi” (9/200)

[35] İbn Məcə (3163); Əhməd (6/31, 158); ət-Tirmizi (1513)

[36] “Tuhfətul-Məvdud bi Əhkəmil-Məvlud”, səh: 49; Dar Aləmil-Fəvaid, birinci nəşr: hicri1431, Məkkə

[37] “Muvatta əl-İməm Məlik Rivayətu Muhamməd bin əl-Həsən əş-Şeybəni”, səh: 208; Vazəratul-Əvqaf, əl-Məclis əl-Alə liş-Şuun əl-İsləmiyyə, 1414/1994, Qahirə

[38] “Bədə’ius-Sanəi fi Tərtibiş-Şərai”, 5/127; Dar əl-Kutub əl-İlmiyyə, ikinci nəşr: 1406/1908, Beyrut

[39] “İləus-Sünən”, 17/101; İdəratul-Quran val-Ulumil-İsləmiyyə, üçüncü nəşr: hicri 1415, Karaçi

[40] “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 21/83;

[41] “Sünən əl-Beyhəqi”, 9/300; “əl-Müstədrək”, 4/338

[42] “Sünən əd-Dəraqutni”, (4662); əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 8/439

[43] Əbu Yusuf, “əl-Əsər”, (1026)

[44] “Fəthul-Bəri”, 9/588

[45] “əl-Muvatta”, 2/206; Muəssəsətur-Risələ, hicri 1412

[46] “əl-İstizkər”, 5/313; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1421/2000, Beyrut

[47] “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 5/216

[48] “Tabəqat əş-Şəfi’iyyə əl-Kubra”, 4/207; Dar Hicr, ikinci nəşr: hicri 1413

[49] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 8/433;

[50] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 8/429;

[51] “əl-İnsaf”, 4/111;

[52] “Tarhut-Təsrib”, 5/215;

[53] “Tuhfətul-Məvdud”, səh: 89

[54] “Sünən ət-Tirmizi”, 4/101; Mətbəətu Mustafa əl-Bəbi əl-Hələbi, ikinci nəşr: 1395/1975, Misir

[55] “Fəthul-Bəri”, 9/594

[56] “əl-Müstədrək”, (7595)

[57] “əl-Muvatta”, 2/501; Muəssəsətur-Risələ;

[58] “Tuhfətul-Məvdud”, səh: 145

[59] Əbu Davud (4948); Əbu Davud hədisi rəvayət etdikdən sonra qeyd edir ki, “(hədisin ravisi) İbn Əbi Zəkəriyyə Əbud-Dərdə ilə qarşılaşmayıb.” Beləliklə də Əbu Davud hədisin zəifliyinə işarə edib. Bu, bir qrup alimin görüşüdür ki, İbn Əbi Zəkəriyyə Əbud-Dərdə ilə qarşılaşmayıb və ondan hədis eşitməyib. Lakin ən-Nəvəvi hədisin isnadının ceyyid olduğunu və ravinin Əbud-Dərdə ilə qarşılaşmasının daha məşhur görüş olduğunu söyləmişdir.

[60] “Tuhfətul-Məvdud”, səh: 165

[61] Bu məqalənin hazırlanmasında Hafiz İbnul-Qayyim’in “Tuhfətul-Məvdud” kitabından istifadə etdik. Həmçinin Doktor Hisəmud-Din Afanə’nin “əl-Mufəssal fi Əhkəmil-Aqiqə” kitabı xüsusilə əqiqə bölməsində faydalı bir kitabdır.

 

 

/p a href=