Elm tələbi üçün evliliyi təxirə salmaq

Allaha həmd olsun ki, bu mübarək dini öyrənməyə həvəsli olan gənclərimiz çoxdur. Şəriət elmləri insanın həm bu dünyada, həm də Axirətdə xoşbəxt olması üçün ən önəmli elmlərdir və bu elmi erkən yaşlardan tələb etməyə səy göstərmək çox əhəmiyyətlidir. Biz də cavan qardaşlarımızı həvəsləndirmək istəyirik. Onların tutduqları bu şərəfli yol haqqında, bu yolun xeyri və bərəkəti haqqında eninə-boluna danışmaq olar. Bu yazımızda isə biz yalnız bir məsələyə toxunmaq istəyirik.

 

Toxunmaq istədiyimiz məsələ insanı elm tələbindən məşğul edən evlilik məsələsidir. Evliliyin müsəlmanı necə elm tələbindən məşğul etməsi haqqında bəzi faydaları zikr etmək istəyirik və ümid edirik ki, elm tələb etmək həvəsində olan cavan qardaşlarımız evlənməyə tələsməzlər və elm öyrənməyə üstünlük verərlər.

İmam Əhməd “əl-Müsnəd”də və ət-Tirmizi “əl-Cami” kitabında qopuq bir sənəd ilə mübarək səhabə qadın Xaulə bint Həkim’dən – radiyallahu anhə - rəvayət edir ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – qızının övladlarından birini qucağında tutaraq çıxdı və bu zaman belə deyirdi: “Allaha and olsun ki, siz xəsis edirsiz, qorxaq edirsiz və cahil edirsiz. And olsun ki, siz Allahın reyhanlarındansız.[1]

“əl-Həkim "əl-Müstədrək"də və Nurud-Din əl-Heysəmi "Məcməuz-Zəvaid"də əl-Əsvad bin Xaləf'dən - radiyallahu anhu - rəvayət edir ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - Həsəni götürdü və öpdü və sonra onlara yaxınlaşıb dedi: "Sözsüz ki, övlad məbxalə'dir, məchələ'dir, məcbənə'dir." əl-Heysəmi deyir: "əl-Bəzzər rəvayət edib və raviləri siqadır."[2] əl-Hakimin rəvayətində əlavə olaraq "məhzənə" sözü də keçir.[3]

“Məbxalə” paxıl, xəsis edən, “məchələ” cahil edən, “məcbənə” qorxaq edən, “məhzənə” isə hüznlü, kədərli edən deməkdir. əz-Zəməxşəri "əl-Fəiq" kitabında bu sözləri izah edərək deyir: “Mənası budur ki, övlad atasını qorxaqlığa salır; atası öldürülməkdən, öldürüldükdən sonra övladının zay olmasından qorxur. Həmçinin atasının malını onun üçün saxlamasına səbəb olaraq onu xəsisliyə götürür və elm tələb etməsinə mane olaraq onu cahilliyə götürür.[4]

Xəlifə Ömərin – radiyallahu anhu – belə dediyi səhihdir: “Təsvid edilmədən öncə fiqh öyrənin![5] Təsvid sözü hərfi mənada “seyyid etmək”, yəni ağa etmək, ağalaşdırmaq anlamındadır. Həzrəti Ömərin burada nəyi qəsd etməsi haqqında fərqli görüşlər bildirilib. “əl-Qamus əl-Muhit” kitabının sahibi əl-Feyruzabadi yazır: “ət-Təsəvvud evlilik deməkdir.”[6] Bunu şərh edən Murtəda əz-Zəbidi bu sözlərin arxasınca buyurur: “Ömər bin əl-Xattabın – radiyallahu anhu – sözündə “təsvid edilmədən öncə fiqh öyrənin” deyilir. Şəmir dedi: “Mənası budur ki, evlənərək ev sahibi olmadan, başınız evliliyə qarışıb elmdən yayınmadan öncə fiqh öyrənin! Bu, ağaların arasında evləndikdə (ərəblərin) “adam ağa oldu” sözündən gəlir.[7]

Şəmir’in dediyi bu məna Ömərin sözündəki mənanın bir hissəsi üçün doğrudur, alimlərin əksəriyyəti Ömərin sözündəki “təsəvvud” sözünü başçılıq, liderlik, ağalıq kimi təfsir ediblər. Bu alimlərdən biri Əbu Ubeyd əl-Qasim bin Səlləm’dir və o, “Ğaribul-Hədis” kitabında deyir: “İnsanların nəzər saldıqları ağalara, başçılara çevrilmədən öncə nə qədər ki, yaşınız azdır elm öyrənin! Əgər bundan öncə öyrənməsəniz böyük olduqdan sonra elm almaqdan utanacaqsız, beləliklə cahil qalacaqsız. Kiçiklərdən götürəcəksiz, bununla da sizi ələ salacaqlar.[8] əl-Hafiz İbn Həcər – rahiməhullah – “əl-Fəth” kitabında Əbu Ubeyd’in bu təfsirini zikr edib və onu təsdiqləyib. O, deyir: “Dilçi alim Şəmir bunu evlilik olaraq təfsir edib, belə ki, evləndikdə, xüsusilə də övladı olduqdan sonra ailəsinin ağası olur. Lakin Ömərin sözünü evliliyə xas qılmağın heç bir əsası yoxdur, çünki ağalıq bundan daha geniş mənadadır, çünki ağalıq bəzən evlilik ilə olur, bəzən də sahiblərini elm almaqdan yayındıran məşğul edici digər işlərlə də olur.[9]

əl-Hafiz əl-Xatib əl-Bəğdədi – rahiməhullah – deyir: “Elm tələbəsi üçün imkan olduğu müddətdə subay olmaq müstəhəbdir ki, evlilik haqları ilə, ailəni dolandırmaqla məşğul olmaq kamil şəkildə elm almağın qarşısını kəsməsin.[10] Alləmə əl-Qadi Bədrud-Din İbn Cəmə’a əl-Həməvi deyir: “Sufyan əs-Səvri deyib: “Kim evlənərsə gəmiyə minmişdir, əgər bir uşağı dünyaya gələrsə onunla gəmisi sınar.” Bir sözlə evliliyə ehtiyacı olmayana və ya buna qadir olmayana,  xüsusilə də sərmayəsi ideyalar toplamaq, qəlbi sakitləşdirmək və fikrini işə salmaq olan elm tələbəsi üçün evlənməyi təxirə salmaq daha yaxşıdır.[11]

əl-Hafiz İbnul-Cəvzi – rahmətullahi aleyhi – “Saydul-Xatir” kitabında deyir: “Elm tələb etməyə yeni başlayanlar üçün imkan olduğu qədər evlilikdən uzaq durmaqlarını uyğun görürəm, çünki Əhməd bin Hənbəl qırx yaşı tamamlanana qədər evlənmədi və bunu elmi toplamaq üçün etdi.[12]

əl-Xatib və İbnul-Cəvzi’nin sözlərindəki doğruluğu bir çox alimin evlənib xoşbəxt ailə həyatı qurmaqlarına baxmayaraq elm tələbindən uzaq düşməklərinə peşman olmaqlarında görmək olar. əz-Zəhəbi “Təzkiratu-l-Huffəz” kitabında İmam İbnu Ziyəd ən-Nisəburi haqqında danışarkən deyir: “Hafiz, təcvid alimi Alləmə Əbu Bəkr Abdullah bin Muhamməd bin Ziyəd bin Vasil ən-Nisəburi şafi’i fəqihidir, bir çox kitabın sahibidir, 238-ci ildə anadan olub və 324-cü ildə vəfat edib. əl-Həkim dedi: “İraqdakı şafi’ilərdən əsrinin imamı idi və fiqhi məsələri, səhabələrin ixtilaflarını ən yaxşı bilənlərdən idi.” əd-Dəraqutni deyir: “İbn Ziyəd’dən daha hafiz birini görmədim, mətnlərdəki əlavə sözləri bilərdi və hədis oxumaq üçün oturduqda deyərdilər: “Hədis rəvayət et!” Deyərdi: “Siz soruşun!” Bəzi hədislər soruşulardı və cavab verərək imla edərdi.” Yusuf əl-Qavvas deyir: “Əbu Bəkr ən-Nisəburi’ni belə deyərkən eşitdim: “Qırx il gecələr yatmayıb namazda duran, hər gün beş buğda ilə qidalanan və sonuncu axşam namazının dəstəmazı ilə sübh namazını qılan birini tanıyırsan?” Sonra dedi: “O, mənəm və bunların hamısı Abdur-Rahmən’in anasını tanımadan öncə idi. Məni evləndirənə indi mən nə deyim?!” Sonra dedi: “O, (mənim üçün) xeyirdən başqa bir şey diləməyib.[13]

Bizdən heç kəs inkar edə bilməz ki, məşğuliyyətlər çoxaldıqda insanı elmdən və onun təhsilindən yayındırır. Evlilik, zövcə və övladlarla bağlı məşğuliyyətlər insanı bu cür işlərdən ən çox yayındıran məşğuliyyətlərdəndir, hətta bir çox insanı elmdən tamamilə uzaqlaşdırır. Hətta buna görə Bişr əl-Həfi məşhur sözünü söyləmişdir: “Elm, qadınların budları arasında itdi.”[14] Bununla evliliyin bir çox alimin yolunu kəsdiyinə işarə etmişdir. Belə alimlərdən biri Mə’mər bin Raşid əl-Bəsri olmuşdur. Bir ölkədən digər ölkəyə səfər edərək peyğəmbərin – salləllahu aleyhi va səlləm – hədislərini öyrənər və öyrədərdi. Ondan Abdullah ibn əl-Mubərak hədis rəvayət edib, lakin belə böyük bir alim Yəmənə daxil olduqda yəmənlilər onun o torpaqları tərk etməsini istəmədilər və onlardan biri dedi: “Onu bağlayın! Bağlayın onu!” Beləliklə onu yəmənli bir qız ilə evləndirdilər və hicri 153-cü ildə vəfat edənə qədər Sana şəhərində qaldı.

Bu və digər səbəblərə görə elm tələb etmək həvəsində olan qardaşlara imkan olduğu müddətcə özlərini elmə həsr etməklərini nəsihət edirik və bu, həm də cavan olarkən özünü ibadətə həsr etmək növündəndir. Doğrusunu Allah bilir!

 


[1] Əhməd, 6/409; ət-Tirmizi, 3/212 (1910); Bunu Ömər bin Abdil-Aziz – rahiməhullah – Xaulə’dən rəvayət edir, lakin Ömərin ondan hədis eşitdiyi bilinmir.

[2] “Məcməu-z-Zəvaid va Mənbəu-l-Fəvaid”, 8/155; Məktəbətul-Qudsi, 1414/1994, Qahirə

[3] ”əl-Müstədrak aləs-Sahiheyn”, 3/335; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1411/1990, Beyrut

[4] “əl-Fəiq fi Ğaribil-Hədis”, 1/185; İsa əl-Bəbi əl-Hələbi, ikinci nəşr

[5] Bunu əl-Buxari mualləq olaraq cəzm ilə  “əs-Sahih” kitabının elm bölməsində (1/151) rəvayət etmişdir. Bunu İbn Əbi Şeybə “əl-Musannəf”də və əl-Beyhəqi “əş-Şuab”da Muhamməd bin Sirin vasitəsilə əl-Əhnəf bin Qeys’dən, o da Ömərdən rəvayət edir. İsnadı səhihdir. İsnadının səhih olduğunu əl-Hafiz İbn Hacər ”Fəthul-Bəri”də və əs-Səxavi “əl-Məqasidul-Həsənə” kitabında (səh: 158) deyir.

[6] ”əl-Qamus əl-Muhit”, 1/290; Muəssəsətur-Risələ, səkkizinci nəşr: 1426/2005, Beyrut

[7] “Təcu-l-Arus”, 8/231; Darul-Hidəyə,

[8] “Ğaribul-Hədis”, 3/369; Mətbəətu Dəiratul-Məarifil-Usməniyyə, birinci nəşr: 1384/1965, Heydərabad

[9] “Fəthul-Bəri”, 1/166; Darul-Mərifə, 1379, Beyrut

[10] “əl-Cəmi li Əxləqi-r-Ravi va Ədəbi-s-Səmi”, səh: 150; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1416/1996, Beyrut

[11] “Təzkiratu-s-Səmi va-l-Mutəkəllim fi Ədəbi-l-Alimi va-l-Mutəallim”, səh: 172; Məktəbətu İbn Abbəs, birinci nəşr: 1425/2005, Misir

[12] “Saydu-l-Xatir fi-t-Təxalli minə-l-Əmradi-n-Nəfsiyyə”, səh: 193; Darul-Qaləm, birinci nəşr: 1425/2004, Dəməşq

[13] "Təzkiratu-l-Huffəz", 3/28; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1419/1998, Beyrut

[14] “əl-Əsrar əl-Mərfuah” (270)