Sələfi Saleh və Ramazan

MÜBARƏK RAMAZAN  AYINI NECƏ QARŞILAMALIYIQ?

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran, ramazan ayında nazil edilmişdir...”. (Bəqərə, 2/185)

Allah Təala, Ramazan ayına, Rəsulullahın – salləllahu aleyhi va səlləm – bildirdiyi kimi digər aylardan fərqli bir çox xüsusiyyət və üstünlük vermişdir ki, bəzilərini belə sıralaya bilərik:

  1. Oruc tutanın ağız qoxusu, Allah qatında, müşk qoxusundan daha xoşdur.
  2. Mələklər, oruclular üçün iftar vaxtına qədər bağışlanma diləyərlər.
  3. Allah azzə və cəllə, (Bir hədisi-qüdsi də  ifadə edildiyi kimi) hər gün Cənnətini bəzəyir  və belə buyurur: "Saleh qullarımın üzərlərindəki  sıxıntı və əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı." (Əhməd)
  4. Bu ayda azğın şeytanlar zəncirə vurulur.
  5. Cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar.
  6. Yenə bu ayda, min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə, xeyrdən məhrum qalmış deməkdir.
  7. Ramazanın son günündə oruc tutanların bütün günahları bağışlanar.
  8. Allah Təala, Ramazanın hər gecəsində, bir qrup insanı cəhənnəm atəşindən azad edər.

Ey Ramazan ayına qovuşan dəyərli qardaşım!

Belə xüsusi fəzilətlərə sahib olan bir ayı necə qarşılamalıyam deyə, heç düşündünmü?

Saleh bir qul bu ayı  səmimi-qəlb ilə tövbə, böyük sədaqət, bütöv bir qərarlılıq və vaxtını saleh əməllər işlədərək keçirər. Uca Allahdan, Ona ən gözəl şəkildə ibadət edə bilməyimiz üçün bizə kömək etməsini diləyirik. (Amin)

Gəlin, Ramazan ayını ən gözəl şəkildə dəyərləndirmək  üçün nə kimi saleh əməllər etməliyik sualının cavabını birlikdə axtaraq ...

 

RAMAZANDA XÜSUSİLƏ YERİNƏ YETİRİLMƏSİ GƏRƏKLİ OLAN SALEH ƏMƏLLƏR



1 - Oruc tutmaq

Bizlərə hər zaman  öndər və örnək olan Rəsulullah – salləllahu aleyhi va səlləm –, Ramazan orucunun dəyərini baxın nə gözəl anladır:

“Adəm oğlunun bütün əməlləri özünə aiddir.Bir yaxşılıqın əvəzi on mislindən başlayıb,yeddi yüz mislinə qədər mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah da “Oruc müstəsna, o mənimdir və onun mükafatını verəcək olan da Mənəm ,o arzularını,yeyib-içməyi mənim üçün tərk etdi” buyurur.Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşacağı gündür.And olsun ki,oruc tutanın (oruc tutduğuna görə) ağız qoxusunun dəyişməsi,Allah qatında müşk qoxusundan daha xoşdur”.( Muttəfəqun aleyh )

“Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar”. (Muttəfəqun aleyh)

Şübhəsiz ki, Rəsulullahın – salləllahu aleyhi va səlləm –, bu müjdəsi yalnız ac və susuz qalanlarla məhdudlaşmır.Bu müjdənin tam olması üçün , Rəsulullahın – salləllahu aleyhi va səlləm –, bu sözlərinə də diqqət yetirməliyik.

-“Hər kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk etməsə, onun yeyib-içməyi tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur” (Buxari).

“Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün pis söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə onu söysə “mən orucluyam” desin”.(Muttəfəqun aleyh)

Buna görə də oruc tutan bir kimsə, qulağıyla, gözüylə, diliylə yəni bütün əzaları ilə birlikdə oruc tutmalıdır. Oruc tutduğu gün ilə oruc tutmadığı gün bir-birinə bənzəməməli, oruc tutduğu günlərdə daha müsbət dəyişikliklərin olması lazımdır.

 

2 - Qiyam (Gecələri ibadətlə keçirmək)

"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. - Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər”.(Furqan 25/63-64)

“Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar”. (Muttəfəqun aleyh)

Gecələri ibadət etmək, Rəsulullah – salləllahu aleyhi va səlləm– və səhabələrinin əməl etdikləri sünnətlərdən biri idi. Hz. Aişə - radiyallahu anha - belə deyir: "Gecə namazını tərk etmə. Çünki Rəsulullah – salləllahu aleyhi va səlləm – onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı". (Əbu Davud)

Hz. Ömər  - radıyallahu anh - da gecələri istədiyi qədər namaz qılar, gecə yarısı olduqda isə ailə üzvlərini namaza qaldırardı. Onlara, "Namaza, namaza" dedikdən sonra "... Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır". (Taha, 20/132) ayəsini oxuyardı.

 

- Səib ibn Zeyd - radıyallahu anh - belə nəql edir: Bizim imamımız gecə namazında hər rükətdə iki yüzə yaxın ayə oxuyardı. O qədər yorulurduq ki yaşlılarımız ancaq ağaclara söykənərək ayaqda dura bilirdi. Namazımız da səhərə yaxın tamamlanırdı.

 

3 - İnfaq (Allah yolunda xərcləmək)

Rəsulullah - sallallahu əleyhi və səlləm - , insanların ən səxavətlisi idi. Digər günlərə nisbətən Ramazanda daha çox sədəqə verməyə çalışardı.Hətta sədəqə verməyi o qədər çox və o qədər sürətli olardı ki, əlinə keçən  nə vardısa  onu çox tez bir zamanda ehtiyacı olan kimsələrə verərdi. Məhz bu xüsusiyyətinə görə,ona “tufan kimi dağıdır” deyərdilər. Peyğəmbər - sallallahu əleyhi və səlləm - , bizlərə də bunu nəsihət edərdi:

Sədəqənin ən fəzilətlisi Ramazanda verilənidir”. (Tirmizi)

Hz.Ömər - radiyallahu anh - belə deyir: “Rəsulullah - sallallahu əleyhi və səlləm - bizə sədəqə verməyimizi əmr etdi. Bu vaxt mənim də yanımda bir az malım var idi. Öz-özümə,“Əgər Əbu Bəkri keçmək mümkündürsə ancaq bu gün onu keçəcəm” dedim və malımın yarısını gətirdim. Allahın Rəsulu - sallallahu əleyhi və səlləm -   mənə dedi: “Ailən üçün nə qoydun?” Mən də sənə gətirdiyim qədər dedim. Əbu Bəkr - radiyallahu anh - isə yanında olanların hamısını gətirdi. Allahın Rəsulu -sallallahu əleyhi və səlləm  ona: “Ailən üçün nə qoydun?” deyə soruşduqda, Əbu Bəkr - radiyallahu anh -, “Onlara Allah və Rəsulunu saxladım” dedi. Mən də: “Heç bir xüsusda əbədiyyən səni keçməyəcəm” dedim”. (Əbu Davud,Tirmizi)

Göründüyü kimi Ramazan ayında verilən sədəqə, öz üstünlüyü və xüsusiyyəti ilə fərqlənir.Buna görə də əliaçıq olmağa, imkan daxilində sədəqə verməyə və infaq etməyə cəhd etməliyik.

Ramazanda sədəqə verməyin də bir çox növləri vardır.Bunlardan ən əhəmiyyətli olanı aşağıdakılardır:

a) Yemək yedirmək

Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. - (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. - Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” - Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). - Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır”  (İnsan, 76/8-12)

Sələfi-salihin  yemək yedirməyə xüsusi önəm verər, bunun üçün çox böyük səy göstərərdilər.Onlar  ac bir kimsəni doyurmaq ilə saleh yoldaşlarını doyurmaq arasında bir fərq qoymazdılar.Yemək verdikləri kimsənin isə kasıb olub-olmadığını düşünməzdilər.

Sələflərdən biri belə deyir: "Qardaşlarımdan on adamı dəvət edib onlara istədikləri bir yeməyi yedirməyim, mənim üçün on dənə köləni azad etməkdən daha sevimlidir."

Sələflərdən bir çoxu, oruclu olduğu halda iftarda yeyəcəyi yeməyi başqasına yedirərdilər. Onlar, özləri oruclu olduğu halda qardaşlarını yedirər, bununla da kifayətlənməyib onlara xidmət edər və onların rahat olmaları üçün də səy göstərərdilər.

Yemək yedirmək ibadəti, bəzi ibadətlərin də qaynağıdır. Belə ki, yemək yedirilən müsəlman qardaşlar sevinər, aralarındakı qardaşlıq məhəbbəti daha da güclənər . Bu da cənnətə girmələrinə səbəb olar: "İman etmədikcə cənnətə əsla girə bilməzsiniz, bir-birinizi sevmədikcə də əsla iman etmiş olmazsınız." (Muslim)

Bundan başqa yemək yedirmək səbəbi ilə,salehlərlə bir yerdə oturmaq fürsəti qazanılar.Onlarla birlikdə yeyilən yemək nəticəsində ibadətlər üçün güc  və  qüvvət toplanar. Onlara göstərilən bu xeyirxah xidmətə görə  də mükafat ümid edilər.

Həmçinin salehlərlə bir yerdə olmaq,  Allaha itaətə təşviq edər.Çünki itaət edən insanlarla birlikdə olmaq insanın Allaha olan itaətini daha da artırır.

b) İftar Vermək

“Oruc tutana iftar verən onun qədər savab qazanar, oruclunun savabından isə heç bir şey əskilməz”. (Nəsai)

“Kim bir oruc tutana iftar verərsə və yaxud bir qazini təmin edərsə ona da eyni mükafat vardır”. (Əhməd).

 

4 - Daha çox Quran oxumağa cəhd göstərmək

Bizlərə gözəl örnək olduqları üçün sələfi-salehlərin Ramazan ayındakı  iki xüsusiyyətini də qeyd etməliyik:

a) Qurani-Kərimi çox oxuyardılar

Alimlərin bildirdiyi kimi Ramazan ayı, Quran ayıdır. Buna görə də müsəlmanın bu ayda, digər aylara nisbətən daha çox Qurani-Kərim oxuması və ya oxuya bilmirsə dinləməyə cəhd etməsi lazımdır.

Sələfi-salehlər, Allahın Kitabını oxumağa və ya dinləməyə çox-çox meyilli idilər.

Cəbrayıl - əleyhissalam - Ramazan ayında Rəsulullah - sallallahu əleyhi və səlləm - ilə  birgə Qurani Kərimi qarşılıqlı olaraq oxuyardılar.

Sələfi salehlərdən kimisi Qurani-Kərimi üç gecədə,  bir Ramazan qiyamında (təravihdə) xətm edərdilər. Bəziləri yeddi gündə, bəziləri də on gündə xətm edərdilər. Onlar namazda da, namazın xaricində də Qurani-Kərimi davamlı şəkildə oxuyardılar.

İmam Şafi - rahiməhullah -, Ramazan ayında  Qurani-Kərimi altmış dəfə xətm edər  və bunları namazın xaricində edərdi.

İmam Şihabuddin əz-Zuhri - rahiməhullah - də Ramazan ayında hədis oxumaqdan və elm əhli ilə söhbət etməkdən qaçar, daha çox Qurani-Kərim oxumağa çalışardı.

İmam Sufyan əs-Səvri - rahiməhullah - isə Ramazan ayı girdikdə nafilə ibadət etmək yerinə daha çox Qurani-Kərim oxuyardı.

İmam İbn Rəcəb əl-Hənbəli - rahiməhullah - belə deyir: “Qurani-Kərimin üç gündən daha az bir müddətdə xətm edilməsinə dair olan qadağalar, bunun davamlı olaraq edilməsiylə əlaqədardır. "Ramazan ayında, xüsusilə Qədr gecəsinin axtarıldığı gecələrdə və ya Məkkə kimi fəzilətli məkanlarda, bu zamanın və məkanın fəzilətini qənimət bilərək Qurani- Kərimi çox oxumaq müstəhəbdir və bu nəhylər müstəsnadır." 


b) Quran-ı Kərimi oxuyub  və ya dinləmələri Allah Təaladan qorxmalarına və qəlblərinin ürpərməsinə  səbəb olurdu və  buna görə də ağlayardılar.

Sələfi-salehlər düşünmədən, qavramadan şeir oxuyar kimi Qurani- Kərimi sürətli oxumazdılar. Onlar Allah - Azzə və Cəllənin - kəlamından təsirlənər və bundan dolayı qəlbləri ürpərərdi.

Buxaridə Abdullah bin Məsudun(radıyallahu anhum)  belə dediyi nəql edilir:

“Allahın rəsulu - sallallahu əleyhi və səlləm - mənə “Quran oxu” dedi. “Quran sənə nazil olduğu halda onu mənmi sənə oxuyum?” dedim. O: “Onu başqasından dinləməyi sevirəm” dedi. Ona Nisa surəsini: “-Ya Rəsulum! Hər ümmətdən  bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?” (Nisə, 4/41) ayəsinə çatana qədər oxudum. Bu dəfə mənə; “Bu qədər kifayətdir” dedi. Ona dönüb baxdığımda gözlərindən yaşlar axırdı”.

Beyhaqi öz Sünən kitabında Əbu Hüreyrənin - radıyallahu anh - belə dediyini nəql edir: Allah Təalanın: “- İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? - Həm də gülürsünüz, heç ağlamırsınız (Nəcm, 53/59-60) ayəsi nazil olduqda, Suffə əhli göz yaşları yanaqlarından axana qədər ağladılar. Onların ağladıqlarını Rəsulullah sallallahu əleyhi və səlləm duyduqda,o da onlarla bərabər ağladı.Onun ağladığını gördükdə,bizlər də ağladıq. Bundan sonra Rəsulullah - sallallahu əleyhi və səlləm - , "Allah qorxusundan ağlayan kimsə cəhənnəmə girməz." buyurdu.

İbn Ömər də - radıyallahu anh -  Mutəffifin surəsini, “- O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar(Mutəffifin, 83/6)  ayəsinə çatana qədər oxudu. Sonra yerə yıxılana qədər ağladı.

Muzahim bin Zufər belə deyir; Sufyan əs-Sevri bizə axşam namazını qıldırdı. “- Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” ayəsinə çatanda, qiraəti qurtarana qədər ağladı. Daha sonra Fatihə surəsini yenidən oxumağa başladı.

 

5 - Günəş doğana qədər məsciddə qalmaq

Rəsulullah - sallallahu əleyhi və səlləm - sübh namazını qıldıqdan sonra günəş doğana qədər namaz qıldığı yerdə oturardı. (Müslim).

Peyğəmbər - sallallahu əleyhi və səlləm-  belə buyurmuşdur: “Kim sübh namazını camaatla birlikdə qılıb, sonra günəş doğana qədər oturub Allahı zikr edər, sonra da iki rəkat namaz qılarsa bu onun üçün tam və əskiksiz olaraq bir həcc və ümrə mükafatı kimi olar”. (Tirmizi).

Ey sevimli qardaşım, hər gün ümrə və həcc savabı qazanmaq istəməzsənmi?!

Adi günlərdə bu ibadət vasitəsilə həcc və ümrə savabı qazanmaq mümkünsə, bəs görəsən Ramazan günlərində bu ibadətləri əda etməklə necə bir  mükafata nail olmaq olar? Buna görə gecələri namaz qılmaqla keçirib, çox böyük mükafatlar qazanmaq üçün Allahın köməyini diləməli və bu işdə sələfi salehlərə tabe olmalıyıq.Allahın razılığını qazanmaq üçün nəfsimizlə cihad etməli və cənnətdəki  yüksək məqamlara nail olmaq üçün böyük səylər göstərməliyik.

 

6 - Etikaf

"Rəsulullah - sallallahu əleyhi və səlləm -, hər Ramazan ayının son on günü etikafa (yəni bütün günü məsciddə qalar,ibadət edər və heç bir yerə çıxmazdı.) girərdi. Vəfat etdiyi ilin Ramazanında isə iyirmi gün etikafa girdi. "(Buxari)

Etikaf: Quran oxumaq, namaz qılmaq, zikr və dua etmək  kimi bir çox ibadəti  özündə birləşdirən ibadətlərdən biridir. Etikaf etməyən bir kimsə bunun çətin və sıxıntılı olduğunu düşünə bilər. Lakin bu belə deyil. Bir kimsə saleh bir niyyətlə və səmimi bir qətiyyətlə bu ibadətə başlayarsa, Allah Təala da həmin kimsəyə bu ibadəti asandlaşdırar və kömək edər.Etikaf, xüsusilə Qədr gecəsini tapmaq məqsədiylə Ramazan ayının son on günündə yerinə yetirilən bir ibadətdir. Etikafda olan kimsə,bütün qəlbi və ruhu ilə özünü Allaha itaətə  yönəldər və Allahı zikr etməkdən uzaqlaşdıracaq hər şeylə əlaqəsini kəsər.Belə bir kimsə bu ibadəti  yalnız Allahın razılğını qazanmaqdan ötəri yerinə yetirər və heç bir başqa məqsəd güdməz.

 

7 - Ramazanda Ümrə etmək

"Ramazan ayında edilən bir ümrə, bir həccə bərabərdir." (Muttefekun əleyh)

"Ramazan ümrəsi Mənimlə edilən bir həcc kimidir." (Fəthul-Bari)

Rəsulullah -sallallahu əleyhi və səlləm- ilə birlikdə həcc edən kimsə  nə xoşbəxtdir!

 

8 - Qədr gecəsini araşdırmaq

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir.” (Qədr, 97/1-3)

"Qədr gecəsini, fəzilətinə inanaraq və mükafatını də ümid edərək namazla keçirən bir kimsənin keçmiş günahları bağışlanar." (Muttefekun əleyh)

Rəsulullah - sallallahu əleyhi və səlləm -, Qədr gecəsini araşdırar və səhabələrinə də bu gecəni araşdırmalarını əmr edərdi. Ramazanın son on gününün gecələrində  ailə üzvlərini  də Qədr gecəsinə rastlamaq ümidiylə ibadət üçün oyandırardı.

 

Ey,ömrünü boş-boş şeylər  uğrunda xərcləyən qul!

Peyğəmbərimiz və sələfi-salehin, bu mübarək  gecənin xeyirinə nail olmaq  məqsədiylə yuyunur, təmizlənir və ibadətlərinə böyük bir qayğı  ilə yanaşırdılar.

Sən də indiyə qədər qaçırdığın ibadətləri Qədr gecəsində tamamlamağa səy göstərməlisən.Əlbətdə ki, bu günün də hesabı veriləcək! Qədr gecəsində edilən bir əməl, başqa vaxtda min ayda edilən əməldən daha xeyirlidir. ! Bu xeyrdən məhrum qalan kimsə, həqiqətən çox şeydən məhrum qalmış olar.

Ramazan ayının son on gününə təsadüf edən Qədr gesəsinin, xüsusilə tək  gecələrdə olduğu ehtimalı daha böyükdür.

Ubey b. Kab belə deyərdi: Allah Rəsulunun - sallallahu əleyhi və səlləm - ifadə etdiyi işarələrə görə günəş, Qədr gecəsinin səhərində gözü qamaşdırmayacaq  şəkildə doğular.

Aişə - radıyallahu anha - demişdir: Peyğəmbərə - səllallahu aleyhi və səlləmə - “Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim deyə soruşdum. Rəsulullah - səllallahu aleyhi və səlləm - (Allahummə innəkə afuvvun tuhibbul affa fafu anni) “Allahım sən çox bağışlayansan, bağışlamağı sevirsən, mani bağışla deyə dua et buyurdu.” (Buxari)

 

9 – Çoxlu zikr, dua və tövbə etmək

Ramazanın istər gündüzləri istərsə də gecələri fəzilətlidir. Bu günləri qənimət bilərək çoxlu zikr və dua etmək, xüsusilə də duaların qəbul edildiyi anlarda buna diqqət etmək lazımdır. Bunlar aşağıdakılardır:

a - Oruc açmaq vaxtı: Bu vaxtda edilən dua geri çevrilməz. Bu da iftar saatıdır.

b - Gecənin son üçdə biri: Səhih hədislərdən öyrəndiyimizə görə Rəbbimizin dünya səmasına enib “Məndən istəyən bir kimsə varmı onun dilədiyini verim?! Məndən bağışlanma diləyən bir kimsə varmı onu bağışlayım?" dediyi vaxt, gecənin son üçdə biridir.

c - Sübh vaxtında istiğfar: "Sübh çağı isə bağışlanma diləyirdilər". (Zariyat, 51/18)

d - Cümə günü dua: Cümə günündə duanın qəbul edildiyi ana diqqət etmək və cümə gününün son vaxtı yəni  xüsusilə əsr azanından sonrakı vaxtda daha çox dua etmək.

 

Əziz qardaşım! Bu saleh əməllərin kölgəsi altında cənnət bağçalarını gəzdikdən sonra çox əhəmiyyətli bir nöqtəyə toxunmaq istərdim.

Bu əhəmiyyətli nöqtə nədir bilirsinizmi? Bu ixlasdır. Nə qədər oruc tutan var ki, orucundan ona ancaq aclıq və susuzluq qalar.Nə qədər namaz qılan var ki, yuxusuzluq və yorğunluqdan başqa bir şey əldə edə bilməz. Rəsulullah - sallallahu əleyhi və səlləm- , "Kim imanla və mükafatını yalnız Allahdan ümid edərək Ramazanı oruc tutarsa keçmiş günahları bağışlanar" hədisindəki "imanla və mükafatını yalnız Allahdan ümid edərək" sözü ilə bu əhəmiyyətli nöqtəyə işarə etmişdir.

Sələfi-salehlər, ibadətlərinin  qəbul edilməyəcəyi qorxusuyla bunu  gizli etməyə xüsusi diqqət  göstərərdilər!

Muhamməd bin Vasi - rahmatullahi aleyhi - belə deyir: “Mən elə kəslərə rast gəldim ki,xanımı ilə eyni yastıqa baş qoyduğu halda yanağının altındakı yastıq göz yaşlarından islanar lakin xanımı bunu hiss etməzdi.Yenə elə kəslərə rast gəldim ki,namazda eyni səfdə durar və yanaqlarından axan göz yaşlarını yanındakı belə hiss etməzdi.”

Sufyan əs-Səvri - rahmatullahi aleyhi - belə deyir: “Bildiyimə görə qul ,gizlində xeyirli bir iş görər. Lakin şeytan onun bu gizlin əməlini açığa çıxartmaq üçün onun yaxasını buraxmaz,nəhayət onu məğlub edər və etdiyi əməli aşkara çıxardar.Bu səfər də şeytan onun yaxasını buraxmaz ,bu zaman qul öz əməliylə öyünməyi arzu edər. Nəhayət əməli aşkara çıxmaqla yanaşı ,riyakarlıqla edilmiş bir əməl kimi yazılar”.

İmam Əyyub əs-Sahtiyani - rahmatullahi aleyhi - , gecə namazına qalxarkən yanında yatan xanımını duyuq salmamaq üçün oğru kimi davranardı. Sübh namazı girdikdə də sanki yeni oyanırmış kimi ailə üzvlərini namaza qaldırardı.

İbn Əbi Udey belə izah edir: Davud İbni Əbi Hind (alim və abid bir şəxs idi), qırx il nafilə oruc tutdu lakin ailə üzvləri bunun fərqinə varmadı . Pinəçi işləyirdi. Səhər işə gedərkən  evdən götürdüyü yeməyi  yolda sədəqə verərdi. Evə döndükdə isə sanki axaşam yeməyi yeyirmiş kimi iftar edəri.

 

10 - Ramazanda boş şeylərlə məşğul olmamaq

Vaxtı boşa keçirmək,Allaha itaət xaricində işlərlə məşğul olub zay etməkdir.Məhz qəflət və ilahi rəhmətdən məhrum qalmaq buna deyilir.

“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. O deyəcək: “Ey Rəbbim! Mən (dünyada) görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” (Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir.” (Taha, 20/124-127)

 

Ey Ramazanın xeyirini və bərəkətini yaşayan müsəlman qardaşım!

Qəflət içində yaşayan müsəlman övladlarının da bu xeyirə və bərəkətə nail olması üçün səy göstərməliyik. Düz yola gəlib hidayət tapmaları üçün onları dəvət etməli  və onlar üçün dua etməliyik. Ümid edirik ki, Allah dualarımızı qəbul edər və əbədi zillətdən xilas olarıq. (Amin)

 

 

Müəllif: Abdullah Yolcu / Müsəlman Alimlər Birliyi Yüksək Şura üzvü və Türkiyə nümayəndəsi

Mənbə: www.guraba-der.com

Tərcümə: Qərib / favaid.com