Qadınlara üzün tükünü almaq

Müsəlman qadınların maraqlandığı suallardan biri də üzün tükünü təmizləmək və qaşları almaq məsələsidir. Digər məsələlər kimi bu məsələ haqqında da pak şəriətimiz söz açmışdır. Şəriət üzrə mütəxəssis olan fəqihlərimiz bu mövzunu bir çox tərəfdən müzakirə ediblər və fərqli görüşlərə varıblar. Bu mövzu barədə müsəlmanlara faydalı olması məqsədilə bəzi məlumatları bölüşəcəyik.

Mövzunun əsasını peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – mübarək sözləri təşkil edir. Muslim “əs-Sahih”də Abdullah bin Məs’ud’un belə dediyini rəvayət edir: “Döymə edənlərə və döymə etdirənlərə, tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin![1]

Bu hədisdə üzün tükünü alanların lənətləndiyi anlaşılır. Ərəb dilində üzün tükünü almaqla məşğul olan qadınlara “nəmisa” deyilir və “nəms” sözündən əmələ gəlir, üzünün tükünü aldırana isə “mutənəmmisa” deyilir. əl-Beyhəqi deyir: “əl-Fərra dedi: ən-Nəmisa, üzdən tükü qoparan/yolan qadındır.[2] Alləmə Abdur-Rauf əl-Munəvi daha da dəqiqləşdirərək deyir: “ən-Nəmisa, özünün və ya başqasının üzünün tükünü qoparan/yolan qadındır.[3]

Lakin alimlər bununla bağlı bəzi məsələlər haqqında ixtilaf ediblər. “Nəms” yalnız qaşların tükünü almağa aiddir, yoxsa bütün üzün tükünə aiddir? “Nəms” tükü yalnız qoparmaq, yolmaq deməkdir, yoxsa tükü kəsmək və qırxmaq da “nəms” sözünün mənasına daxildir?

 

 

Yalnız qaşlar yoxsa bütün üz?

 

Alimlərin əksəriyyətinə görə “nəms” bütün üzə aiddir və qaşlara xas deyildir. Bu, hənəfilərin, şafiilərin və hənbəlilərin məzhəbidir. Bu, həmçinin zahiri alimi İbn Hazm’ın görüşüdür.[4] Bəzi maliki alimləri də “nəms”i bu şəkildə izah ediblər. Bu, həmçinin əş-Şəukəni və onun tələbəsi Siddiq Həsən Xan’ın da görüşüdür.

Hənəfi məzhəbinə gəldikdə əl-Məusili “əl-İxtiyər” kitabında deyir: “ən-Nəmisa, üzündəki tükü qoparan/yolan qadındır.[5] Bu, əl-Haskəfi’nin “əd-Durrul-Muxtər” kitabında zikr etdiyi görüşdür və İbn Abidin də haşiyəsində bununla razılaşmış, bu görüşün həm də “əl-İxtiyər” və “əl-Muğrib” kitablarında zikr olunduğunu demişdir.

Şafi’i məzhəbinə gəldikdə isə onların bu barədə sözləri çoxdur. İmam Əbu Muhamməd əl-Bəğavi (v. 516) – rahiməhullah – deyir: “əl-Mutənəmmisa (kök etibarı ilə) “nəms” sözündəndir və o, üzdən tükləri qoparmaqdır/yolmaqdır.[6] əl-Hafiz İbn Hacər deyir: “ən-Niməs, maqqaş ilə üzün tüklərini təmizləməkdir və maqqaş buna görə (ərəbcə başqa sözlə) “minməs” adlanır.[7] Bunu son dönəm fəqihlərdən Şəmsud-Din ər-Ramli və İbn Hacər əl-Heytəmi də söyləyiblər, beləliklə bu görüş sözsüz ki, şafi’i məzhəbinin mötəməd görüşüdür.

Hənbəli məzhəbinə gəldikdə isə onların içindən bunu qaşlara xas edən birini tanımırıq. Bu barədə sözləri aşkardır və çoxdur. Məzhəbin şeyxi əl-Muvaffəq İbn Qudəmə (v. 620) deyir: “ən-Nəmisa’ya gəldikdə isə o, üzdən tükü qoparan/yolan qadındır.[8] Alləmə Mənsur bin Yunus əl-Buhuti (v. 1051) “nəms” sözünü izah edərkən deyir: “yəni üzdən tükü yolmaq...[9]

Bunun yalnız qaşlara deyil, bütün üzə aid olduğunu deyən maliki alimləri arasında əl-Məziri, İbn Cuzey, əl-Qurtubi kimi alimləri göstərmək olar. Muhamməd bin Ali əl-Məziri (v. 536) deyir: “ən-Nəmisa üzdəki tükləri qoparan/yolan qadındır.[10] Digər maliki alimi, məşhur üsulçu Şihəbud-Din əl-Qarafi (v. 684) “əz-Zəxira” kitabında[11] bu barədə yalnız əl-Məziri’nin sözlərini zikr edir və başqa təfsirə yer vermir.

Bəzi alimlər isə bunu xüsusilə qaşların tükünü almağa aid ediblər. Bu, hədis əhlindən İmam Əbu Davud əs-Sicistəni’nin (v. 275) görüşüdür. Həmçinin malikilərdə  mötəməd olan bu görüşdür, həmçinin bəzi şafi’i və hənəfi alimlərinin görüşüdür.

İmam Əbu Davud “əs-Sünən” kitabında hədisi rəvayət etdikdən sonra deyir: “ən-Nəmisa, nazikləşənə qədər qaşlarını yolan qadındır.[12]

Maliki məzhəbinə gəldikdə isə Əbul-Hasən əl-Adəvi – rahiməhullah – “Kifəyətut-Talib” kitabına yazdığı haşiyəsində deyir: “ən-Nəmisa, nazikləşənə qədər qaşlarını yolan qadındır. Bunu bu cür Əbu Davud deyib. Nəmisa’nın təfsiri haqqında Əbu Davud’dan zikr etdiyimizə gəldikdə hədisləri şərh edən bəzi alimlər deyiblər: “(əl-Qadi) İyad və onunla razılaşanlar bunu üzdən tükü yolan qadın olaraq təfsir ediblər. Birinci görüş qaşlardan başqa üzün digər hissəsindəki tüklərin alınmasının icazəli olmasını tələb edir, İyad’ın təfsiri isə bunun əksini tələb edir.[13] Həmçinin Şihəbud-Din ən-Nəfravi (v. 1126) deyir: “...hansı ki, qaşının bir hissəsini götürür.[14]

Şafi’i alimlərindən İmam ən-Nəvəvi’nin – rahiməhullah – “əl-Məcmu” kitabındakı izahı bu görüşə meyl etdiyini göstərir, belə ki, orada deyir: “ən-Nəmisa qaşından götürən və gözəl olması üçün onu nazikləşdirən qadındır.[15] Həmçinin “Riyadus-Salihin” kitabında deyir: “ən-Nəmisa, başqasının qaşından götürən və gözəl olması üçün onu nazikləşdirən qadındır.[16] Lakin ən-Nəvəvi – rahiməhullah - Muslimin “əs-Sahih” kitabının şərhində bir qədər fərqli izahat verərək deyir: “ən-Nəmisa, üzdəki tükü alan qadındır və “əl-mutənəmmisa” isə ondan bunu etməyi tələb edən qadındır. əl-Mutənəmmisa isə onun üzərində bunun edilməsini tələb edəndir. Bu əməl haramdır. Yalnız qadında saqqalın və ya bığın çıxması halı müstəsnadır, bu zaman bizə görə haram olmur, əksinə müstəhəbdir.” Daha sonra İbn Cərir ət-Tabəri’nin görüşünü zikr edir və arxasınca söyləyir: “Məzhəbimiz isə daha əvvəl dediyimiz kimi saqqalın, bığın və dodağın altında bitən tükün götürülməsinin müstəhəb olması və qadağanın yalnız qaşlar və üzün qıraqlarına aid olmasıdır.[17] Burada qadağanı yalnız qaşlara deyil, lakin üzün kənarlarına da aid etmişdir. ən-Nəvəvi’nin görüşündəki bu fərqə şafi’i alimi Alləmə İbn Allən əs-Siddiqi də (v. 1057) işarə edir və onun “Riyədus-Salihin” kitabındakı sözlərini zikr etdikdən sonra deyir: “...bu cür bunu burada qaşların tükü ilə məhdudlaşdırmışdır və Muslimin (“əs-Sahih” kitabının) şərhində isə deyir...[18] və daha sonra oradakı sözlərini zikr etmişdir. Üzün kənarındakı tükləri almaq ilə üzün uzun görünməsi üçün adətən alnın yuxarı hissəsindəki tükləri almaq qəsd olunur. Bunun bənzərini Əbul-Həsən əl-Məvardi (v. 450) “əl-Havi əl-Kəbir” kitabında zikr edir: “O, qaşının ətrafındakı və alnının yuxarısındakı tükləri götürən qadındır.[19]

Hənəfi alimlərindən isə İbn Nuceym (v. 970) “əl-Bəhr ər-Raiq” kitabında deyir: “ən-Nəmisa isə qaşları gözəlləşdirmək üçün onları azaldan qadındır.[20]

Xülasə olaraq deyə bilərik ki, fəqihlərin nəzdində “nəms” yalnız qaşlara aid deyildir, lakin bütün üzün tüklərinə aiddir və bu görüş məşhurdur. İbn Hacər əl-Heytəmi (v. 974) deyir: “ən-Nəmisa, nazikləşənə qədər qaşı yolan qadındır. Bu cür Əbu Davud deyib. Lakin daha məşhur olan isə əl-Xattabi və digərlərinin dediyidir ki, bu da “nəms”ə aiddir və (nəms) üzün tükünün yolunmasıdır.[21] Həmçinin məşhur hənbəli alimi Əbul-Aun əs-Səffərini (v. 1188) deyir: “ən-Nəmisa, nazikləşənə qədər qaşı yolan qadındır. Bu cür Əbu Davud deyib. Lakin əl-Xattabi və başqaları deyiblər, bizim fəqihlər də bunu aşkar şəkildə söyləyiblər ki, o, üzün tükünü yolmaqdır.[22] Buna görə Küveytin fiqh ensiklopediyasını hazırlayanlar belə deyir: “Fəqihlərin əksəriyyətinə görə qaşlardan savayı üzün digər hissəsindəki tükləri yolmaq da “nəms”ə daxildir. Malikilər mötəməd görüşlərində və Əbu Davud əs-Sicistəni və digər üç məzhəbdən olan bəzi alimlər isə daxil olmaması görüşündədirlər.[23]

 

 

Yalnız qoparmaq, yoxsa qırxmaq və kəsmək də?

 

Alimlər hədisdə gələn “nəms” felinin mahiyyətində də ixtilaf ediblər. Bura yalnız tükü qoparmaq aiddir, yoxsa tükü qayçı və buna bənzər alətlərlə kəsmək, onu qırxmaq da bu qadağaya daxildir?

“Nəms” sözünün ərəb dilindəki anlamı tükü qoparmaq, yolmaqdır. Lakin alimlərin əksəriyyətinə görə “nəms” şər’i mənasında yalnız lüğəvi mənası ilə məhdud deyildir, lakin bura tükü kənarlaşdırmağın digər formaları da daxildir. Bu, malikilərin və şafi’ilərin görüşüdür. Hənbəlilər isə bu məsələdə əksər alimlərdən fərqlənərək “nəms”i yalnız onun lüğəvi mənasında qəbul ediblər. Əbu Bəkr əl-Xalləl (v. 311) deyir: “Muhamməd bin Abdilləh bin İbrahim mənə xəbər verdi ki, Əbu Abdilləh’dən “nəmisa” və “mutənəmmisa” haqqında soruşdular. Dedi: “O, tükü qopardan qadındır, qırxmağa gəldikdə isə aid deyildir.[24] Gördüyümüz kimi İmam Əhməd qadağan olunmuş “nəms”i yalnız tükü qopartmağa, yolmağa aid edir və qırxmağa aid etmir. Buna görə də İbn Qudəmə deyir: “Əgər tükünü qırxsa bir bəis olmaz, çünki xəbər yalnız (tükləri) yolmaq haqqında gəlib.[25] Alləmə Burhənud-Din İbn Muflih (v. 884) deyir: “Qadına haram olan üzünün tükünü yolmasıdır. Amma onun qırxılmasına, kəsilməsinə gəldikdə isə mübahdır.[26] Bunun bənzərini əl-Buhuti “Kəşşəful-Qina” kitabında və Mustafə ər-Ruheybəni “Mətalibu Ulin-Nuhə” kitabında söyləmişdir.

 

 

Məzhəblərdəki hökmü

 

Alimlərin əksəriyyətinə görə “nəms” haramdır. Hətta bəzi alimlər bu və hədisdə bununla yanaşı zikr olunan əməlləri böyük günahlardan sayıblar. Lakin onlar bunun hansı hallarda haram, hansı hallarda isə caiz olmasında ixtilaf ediblər. Burada fərqli məzhəblərin görüşlərini təqdim edəcəyik. Lakin onu da qeyd etməliyik ki, alimlərin ixtilafı hədisi fərqli şəkildə anlamaqdan qaynaqlanır. Onların bir hissəsi hədisdəki qadağanı aldatma mənasında anlayıblar və qadağanın bu kimi əməlləri edib başqalarını aldadan qadınlara aid olduğunu deyiblər. Digərləri bunların Allahın yaratdığını dəyişmək olduğu üçün qadağan edildiyini deyiblər. Bir başqaları isə bunların o zaman əxlaqsız qadınların əlamətləri olması səbəbini zikr ediblər. Digərləri isə bunu, yad kişilərin qarşısında bəzənmək üçün edənlərə aid ediblər.

 

Hənəfi məzhəbinə gəldikdə məzhəbin mötəməd görüşünün nə olduğunu təyin etmək bizə müyəssər olmadı. İbn Abidin (v. 1252) bu barədə bir qədər qeyri-müəyyənlik göstərmişdir. O, deyir: “”Təbyinul-Məharim” kitabında deyilir: “Üzdəki tükü təmizləmək haramdır, yalnız qadında saqqalın və bığın çıxması halı müstəsnadır, o zaman onları təmizləmək haram olmur, əksinə müstəhəb olur.” Buradan anlamaq olar ki, əsli hökm bu əməlin haram olmasıdır. Lakin bundan öncə İbn Abidin deyir: “Ola bilsin ki, bu, qadının özünü yad kişilər üçün bəzəməsi halına aiddir, yoxsa əgər üzündə ərinin ondan uzaqlaşmasına səbəb olan tük olarsa bunun təmizlənməsinin haram olması görüşü çox uzaq bir görüşdür, çünki gözəl görünmək üçün qadınların bəzənməsi tələb olunmuş bir şeydir.[27] Diqqət etmək lazımdır ki, İbn Abidin burada həm qəti bir görüş, həm də ehtimala tabe olan bir görüş zikr etmişdir. Qəti olan budur ki, qüsur sayıla biləcək tükləri üzdən təmizləmək caizdir. Bunun eynisini digər hənəfi alimi İbn Nuceym “əl-Bəhr ər-Raiq” kitabında deyir: “...və “Cəmiul-Cəvami” kitabında deyilir: “...qadının üzündəki əziyyəti aradan qaldırması caizdir.[28] Ehtimala tabe olan görüş isə budur ki, ərin izni və ya tələbi ilə qadın üzünün tüklərini təmizləyə bilər və hədisdəki qadağan yad kişilər üçün bəzənməyə aiddir.

 

Maliki alimlərinin görüşünə gəldikdə isə İbn Cuzey əl-Kəlbi (v. 757) “əl-Qavanin əl-Fiqhiyyə” kitabında bunun ümumən halal olmadığını zikr edir. Lakin malikilərdəki mötəməd görüşə görə hədisdəki qadağa dul və ya əri itkin düşmüş qadınlar kimi ümumən bəzənməsi haram olan qadınlara aiddir, digərlərinə isə aid deyildir. Alləmə Əli bin Əhməd əs-Saidi əl-Adəvi (v. 1189) deyir: “Qadağa əri ölmüş və əri itkin düşmüş qadınlar kimi zinət sayılacaq şeylərin istifadəsi onlara qadağan olan qadınlara aiddir və bu qadağa Aişədən qaş və üzdəki tükləri götürmək barədə gələn icazə ilə ziddiyət təşkil etmir.[29] Digər maliki alimi Şihəbud-Din ən-Nəfravi əl-Əzhəri deyir: “Saç qoşmağın qadağan olmasından, qaşın bir hissəsinin və ya qaşın tükünün kənarlaşdırılmasının haram olmaması anlaşılır və bu, “tərcih”, “tədqiq” və “təxfif” (nazikləşdirmək, yüngülləşdirmək) adlanır və bu, belədir və bunun izahı qarşıda gələcək.” Bir neçə sətrdən sonra isə deyir: “ət-Tənmis, nazik və gözəl olana qədər qaşın tüklərini qoparmaqdır. Lakin Aişə’dən – radiyallahu anhə - qaşdan və üzdən tüklərin kənarlaşdırılmasının caiz olması  rəvayət olunub və bu, başının tükündən başqa qadının bütün tüklərini qırxmasının caizliyinin mötəməd görüş olması barədə daha əvvəl qeyd olunmuş sözlərə müvafiqdir. Buna əsasən hədisdəki (qadağa), əri ölmüş və əri itkin düşmüş qadınlar kimi zinət sayılan şeyləri istifadə etməsi qadağan olan qadınlara aid edilməlidir.[30] Müasir zamanın məşhur maliki alimi Alləmə Muhamməd ət-Tahir İbn Aşur (v. 1393) deyir: “Sünnətdə saç qoşanların, tüklərini alanların, dişlərini itiləyənlərin lənətlənməsi haqqında varid olanlara gəldikdə isə bu, təvili problemli olanlardandır. Bunun təvilinin belə olduğunu düşünürəm ki, burada qəsd olunan o zamanın əxlaqsız qadınlarının və ya müşrik qadınlarının özəllikləri olaraq bilinən özəlliklərin qadağan edilməsidir. Yoxsa bunların qadağan olduğunu fərz etsək qadağa bunları edənlərin lənətlənməsi həddinə qədər çatmamalı idi.[31]

 

Şafi’i məzhəbinə gəldikdə isə bir əsl olaraq üzün tükünü almaq qadına qadağan edilib, lakin onlar bunu evli qadınlara ərlərinin izni ilə etməyi caiz sayırlar. Şeyxul-İslam Zəkəriyyə bin Muhamməd əl-Ənsari (v. 926) deyir: “Qadına “tənmis” (üzün tükünü almaq) iki “əs-Sahih” kitabında keçən və daha əvvəl zikr olunan xəbərə əsasən haramdır, həm özünün etməsi, həm də başqasından bunu etməsini istəməsi haramdır, yalnız öz ərinin və ya ağasının izn verməsi halı müstəsnadır.[32] Həmçinin əl-Xatib əş-Şirbini (v. 977) deyir: “ət-Tənmis, gözəllik üçün üzün və qaşın tüklərindən götürməkdir, çünki bunda (başqalarını) aldatmaq vardır. Lakin əgər ona əri və ya ağası izn verərsə, o zaman caiz olar.[33] Alləmə Şəmsud-Din ər-Ramli (v. 1004) deyir: “Həmçinin ... “tənmis” haramdır və o, üzün və (sahibini) gözəlləşdirən qaşların tüklərini almaqdır. Lakin əgər əri və ya ağası ona bunu etməyə izn verərsə caiz olar, çünki qadının onun üçün bəzənməsində kişinin marağı vardır.[34] Şeyx Süleyman bin Ömər əl-Uceyli (v. 1204) deyir: “Əgər qadına əri və ya ağası izn versə (nəms) caiz olar.”[35] Alləmə Abdul-Həmid əş-Şirvani (v. 1301) “ət-Tuhfə” kitabına yazdığı haşiyəsində ər-Ramli’nin sözlərini olduğu kimi nəql etmişdir. əl-Hafiz İbn Hacər (v. 852) deyir: “ən-Nəvəvi dedi: “Qadının üzündə saqqalın, bığın və dodağının altında tüklərin bitməsi halı “nəms”dən müstəsnadır, bu tükləri kənarlaşdırmaq ona haram deyildir, əksinə müstəhəbdir.” Deyirəm: Bu şəkildə qeydsiz-şərtsiz deməsi (əslində) ərinin izn verməsi və xəbərinin olması şərtinə bağlıdır, yoxsa bu şərt olmadıqda aldatma olduğu üçün qadağandır.[36] Buradan anlaşılır ki, İbn Hacərə görə qadağanın hikməti qadınların bu şəkildə kişiləri aldatmağı ilə bağlıdır və bu, şafi’i alimlərinin sözlərindən anlaşılan ümumi mənadır.

 

Hənbəli məzhəbinin görüşü isə bu məsələdə çox aydındır. Onlar hədisin zahirini əsas alaraq qadağanın bütün qadınlara hər bir halda şamil olduğunu deyiblər. Alləmə Şəmsud-Din İbn Muflih (v. 763) “əl-Furu” kitabında deyir: “Ən səhih görüşə görə üzün tükünü yolmaq, dişləri itiləmək və döymə etdirmək haramdır. Eyni şey saçı qoşma saçla uzatmağa aiddir; Əbu Hənifəyə müvafiq olaraq. Bunların ərin izni ilə caiz olduğu da deyilib; əş-Şafi’yə müvafiq olaraq.[37] Bunun haram olması görüşünün ən səhih görüş olmasını qeyd etməklə məzhəbdəki digər görüşə işarə etmişdir və bu, məkruh olması görüşüdür ki, qarşıda zikr olunacaq. Aləud-Din əl-Mərdəvi (v. 885) deyir: “Üzün tükünü yolmaq, dişləri itiləmək və döymə etdirmək məzhəbin səhih görüşünə görə haramdır. Bunun haram olmadığı da deyilib.[38] Bir digər hənbəli alimi Şərəfud-Din əl-Haccəvi (v. 968) deyir: “Üzün tükünü yolmaq, dişləri itiləmək, döymə etdirmək, saça saç qoşub uzatmaq – heyvan saçı olsa belə və ya ərin izni olsa belə - haramdır.[39] Digər hənbəli alimi Muhamməd bin Abdilləh əs-Səmuri (v. 616) deyir: “Qadının saçını başqasının saçı ilə uzatması və maqqaş və bənzəri alətlər ilə üzünün tükünü yolması məkruhdur və bunda qadının ərinin olub olmaması arasında bir fərq yoxdur.[40] Burada artıq əs-Səmuri’nin bunu haram yox, məkruh saydığını görmək olar.

Hənbəli alimlərindən Əbul-Farəc İbnul-Cəvzi (v. 597) bu məsələni “Əhkəmun-Nisə” kitabında geniş şəkildə müzakirə etmişdir. O, deyir: “Bu hədislərin zahiri mənası qadağan olunmuş bu əməllərin hamısının hər bir halda haram olmasıdır və rəvayət etdiyimiz kimi İbn Məsud bunu bu şəkildə qəbul etmişdir. Bunun bu üç şeydən birinə də aid etmək ehtimalı vardır: Ya bunlar əxlaqsız qadınların şüarları olub və bununla qəsd olunanlar onlardır. Ya bunlar kişiləri aldatmaq üçün edilmiş olur və bu, caiz deyildir. Ya da bunun əhatəsində Allahın yaratdığını dəyişmək mənası vardır və döyməni buna misal vermək olar, hansı ki, ələ əziyyət verir və onu ağrıdır, az qala heç gözəl görsənmir. Ola bilər ki, ilk əvvəl ləkələr dəridə gözəlliyə səbəb olsun, lakin sonra dəri bundan əziyyət çəkir. Amma üzdəki ləkələri aradan qaldıran və əri üçün üzünü gözəlləşdirən dərmanlara gəldikdə isə bunlarda heç bir bəis görmürəm. Ərinin gözündə gözəl görünmək üçün üzdəki tükləri götürmək də bunun kimidir. O zaman “nəmisa” haqqındakı hədis ilk iki ehtimala aid olmalıdır. Şeyximiz Abdul-Vahhəb bin əl-Mubərak əl-Ənməti[41] dedi: “Əgər əri qadını artıq gördükdən sonra qadın ərinə görə üzündəki tükləri alarsa, bunda bir bəis olmaz. Qadın yalnız bunu kişi onu görmədən öncə edərsə qınanar, çünki bu, aldatmaqdır.[42]

İmam Abdul-Qadir əl-Ciləni (v. 561)  deyir: “Deyilib ki, xüsusilə əri üçün qadına bunu etmək - əgər əri tələb edərsə - caizdir, etmədiyi halda (ərinin) ondan üz çevirəcəyindən və başqası ilə evlənəcəyindən, buna görə də fəsada götürəcəyindən və ona zərər gələcəyindən qorxarsa (caizdir), beləliklə bunda məsləhət olduğu üçün ona bu, caiz olur.[43]

 

İmam İbn Cərir ət-Tabəri isə bu məsələdə hədisin zahirini əsas götürüb hər bir halda qadının üzündəki tükləri təmizləməsini haram görmüşdür. Onun görüşünü əl-Hafiz İbn Hacər belə nəql edir: “ət-Tabəri dedi: “Qadına nə əri üçün, nə də başqası üçün gözəl görsənmək məqsədi ilə nəyisə əlavə etməklə və ya azaltmaqla Allahın onu yaratdığı şəkildən hər hansı bir şeyi dəyişmək caiz deyildir, necə ki, qaşları bitişik olan biri aradakı tükləri kənarlaşdırır...[44]

ət-Tabəri qadının üzündə saqqal, bığ kimi nöqsan sayılacaq tüklər çıxsa belə onların kənarlaşdırılmasını caiz görməmişdir. Bir çox alim ət-Tabəri’nin bu görüşündə tək qaldığını söyləmişdir, bu isə onu göstərir ki, alimlər belə halda qadına həmin tükləri təmizləməyə icazə verirlər və bu barədə İmam ən-Nəvəvi’nin sözləri daha öncə zikr olundu. Lakin əl-Hafiz İbn Hacər – rahiməhullah – bunun da ərin izninə bağlı olduğunu demişdir.

 

 

İxtilafın səbəbi

 

Daha əvvəl də zikr etdiyimiz kimi ixtilafın səbəbi bu barədə gəlmiş hədisin fərqli şəkildə anlaşılmasıdır. Bunu qadına qeydsiz-şərtsiz hər bir halda qadağan edən hənbəli alimlərinin dəlili İbn Məsud’un anlayışına əsaslanırlar. Belə ki, Muslim “əs-Sahih” kitabında rəvayət edir ki, Abdullah bin Məsud dedi: “Döymə edənlərə və döymə etdirənlərə, tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin!Bu söz Əsəd oğulları qəbiləsindən Ummu Yaqub adında bir qadına çatdı və Quran oxuyan biri idi. Onun yanına gələrək dedi: “Səndən mənə çatan o söhbət nədir ki, sən döymə edənləri və etdirənləri, tüklərini alanları, dişlərini itiləyənləri, gözəllik üçün Allahın yaratdığını dəyişənləri lənətləmisən?” Abdullah dedi: “Mənə nə gəlib ki, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – lənətlədiklərini lənətləməyim? Həm də o, Allahın kitabındadır.” Qadın dedi: “Mushafın iki üz qabığı arasındakıları oxumuşam, orda elə bir şeylə qarşılaşmamışam.” (Bunun üzərinə Abdullah) dedi: “Əgər oxusaydın tapardın. Allah – Azzə va Cəllə - dedi: “Peyğəmbər sizə nə verirsə götürün, sizə nəyi qadağan edirsə ondan əl çəkin!” Qadın dedi: “Mən bunlardan bir şeyi bu an sənin öz zövcəndə də görürəm.” Dedi: “Get bax!” Dedi: “(Qadın) Abdullahın zövcəsinin yanına daxil oldu və bir şey görmədi.” (Abdullahın) yanına gəldi və dedi: “Bir şey görmədim.” Dedi: “Əgər belə bir şey olsaydı onunla yaşamazdım.[45]Buradan aşkar şəkildə görünür ki, İbn Məsud peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözlərini zahiri mənasında qəbul etmiş və bunun bütün hallara aid etmişdir.

Hədisin mənasını xüsusiləşdirən əksər alimlər isə bunu bir neçə səbəbdən edirlər. Onlar ilk olaraq Aişənin buna rüxsət verməsinə əsaslanırlar. Belə ki, Abdur-Razzaq “əl-Musannəf”də deyir: “Məamər və əs-Səvri’dən, o, Əbu İshaq’dan, o isə İbn Əbi Saqr’ın arvadından rəvayət edir ki, o, Aişə’nin yanında idi və bir qadın ondan soruşaraq dedi: “Ey möminlərin anası! Üzümdə tüklər var. Onları yolub bununla ərim üçün bəzənim?” Aişə dedi: “Özündən əziyyəti kənarlaşdır, ziyarət üçün hazırlaşdığın kimi ərin üçün də hazırlaş! Əgər əmr edərsə itaət et![46]

Ibn Sad “ət-Tabəqat” kitabında deyir: “əl-Muallə bin Əsəd bizə xəbər verdi: əl-Muallə bin Ziyəd əl-Qutai bizə rəvayət etdi: Bəkra bint Uqbə bizə rəvayət etdi ki, o, Aişənin yanına daxil oldu və o, (əynində) zəfəran rəngli paltarla oturmuşdu. Ondan həna barəsində soruşdu. Dedi: “Gözəl bir ağacdır, təmizləyici bir sudur.” Tükləri kənarlaşdırmaq barədə soruşdu və ona dedi: “Əgər sənin ərin varsa və gözlərini çıxarıb onları olduğundan da gözəl etməyi bacarsan elə![47]

əz-Zəhəbi bunu “əs-Siyər”də nəql edir və kitabı təhqiq edənlər deyirlər: “Bəkra bint Uqbə istisna olmaqla raviləri siqadır; o isə tanınmır.[48] İbn Hibban onu “əs-Siqat” kitabında siqa ravilər arasında zikr edir, lakin məlum olduğu kimi İbn Hibban məchulları siqa ravilər hesab edir. əz-Zəhəbi tarixində bu rəvayəti zikr etdikdən sonra hər iki əl-Muallə’nin siqa olduğunu qeyd edir, lakin Bəkra haqqında bir şey söyləmir.

Həmçinin ət-Tabəri – rahiməhullah – “Əbu İshaq’dan, o da öz zövcəsindən rəvayət edir ki, o, Aişənin yanına daxil oldu və gənc idi, gözəl görünmək xoşuna gəlirdi və soruşdu: “Qadın əri üçün alnını(n tüklərini) kəsə bilər?” Dedi: “Bacardığın qədər üzərindəki əziyyəti kənarlaşdır![49] Əbul-Həsən İbn Battal (v. 449) deyir: “ət-Tabəri dedi: “İbnul-Musənnə bu şəkildə “təhuffə” sözünü işlədib və bu, xətadır, çünki bir şeyi “haff” etmək onun ətrafını dolanmaq deməkdir. Buradakı isə (əslində) “tuhfi” sözüdür və (qadının tüklərini) qırxmaq və ya yolmaq vasitəsilə dibindən kənarlaşdırması mənasındadır.[50]

Bəzi alimlər bu rəvayəti zəif sayıblar və bunun səbəbinin Əbu İshaq’ın zövcəsi olduğunu deyirlər, çünki əd-Dəraqutni və İbn Hazm onun məçhul olduğunu deyiblər. Lakin digər alimlər onlarla razılaşmayıblar. Əbu İshaq’ın zövcəsinin adı əl-Aliyə bint Əyfə bin Şurahil’dir. İbn Hibbən “əs-Siqat”da deyir: “əl-Aliyə bint Əyfə, Yunus bin Əbi İshaq’ın anasıdır. Aişədən rəvayət edir və ondan oğlu Yunus bin Əbi İshaq əs-Səbi’i rəvayət edir.[51] əl-Hafiz İbnul-Cəvzi “ət-Təhqiq” kitabında deyir: “Dedilər ki, əl-Aliyə məçhul bir qadındır, ona görə də onun xəbəri qəbul olunmaz. Biz isə deyirik ki, o, qədəri uca olan bir qadındır, tanınır. Onu Muhamməd bin Sad “ət-Tabəqat” kitabında zikr etmişdir.[52] Həmçinin əl-Hafiz İbn Abdil-Hədi (v. 744) onun rəvayət etdiyi bir hədisi müdafiə edərək deyir: “əş-Şafi – rahiməhullah – “biz belə bir şeyi Aişə üçün isbat etmirik” söyləsə də bu, ceyyid (yaxşı) bir isnaddır. Həmçinin əd-Dəraqutni’nin əl-Aliyə haqqında “məchuldur, dəlil kimi istifadə olunmaz” sözü də mübahisəlidir, çünki başqaları onunla razılaşmayıblar.[53] Alləmə İbnut-Turkməni (v. 750) deyir: “əl-Aliyə tanınır, ondan əri və oğlu rəvayət edib və onların hər ikisi də imamdır.[54]Həmçinin əl-Hafiz İbnul-Qayyim də Aliyə’ni müdafiə etmiş və onun rəvayətini qəbul etmişdir. İbnut-Turkməni’nin də söylədiyi kimi əl-Aliyənin rəvayətini əs-Səvri, əl-Əvzai, Əbu Hənifə, onun əshabı, Malik, İbn Hənbəl və əl-Həsən bin Saleh kimi imamlar dəlil kimi istifadə ediblər. Həmçinin fəqihlər bu rəvayəti kitablarında dəlil kimi zikr ediblər.

Malikilər Aişənin bu sözlərinə əsaslanaraq rüxsətin ümumi bir rüxsət olduğunu deyirlər, qadağanı isə ümumən bəzənməsi qadağan olan qadınlara aid edirlər. Şafi’i alimləri isə Aişənin bu rüxsətini ərin razılığı və izni şəklində anlayırlar.

Üstəlik şəriətdə qəbul edilmiş qaydaya əsasən qadının öz əri üçün bəzənməsi, gözəl görünməsi lazımdır. Bunu nəzərə alaraq alimlərin çoxu öz əri üçün üzünün tükünü alan qadınların hədisdəki lənətin altına daxil olmasını çox uzaq bir ehtimal sayırlar, buna görə də hədisin mənasının xüsusiləşdirilməsinin gərəkdiyini düşünürlər. Belə bir anlayışdan hərəkət edərək Aişənin rüxsətini dəlil olaraq göstərirlər.

 

Xülasə; alimlərin əksəriyyətinə görə evli qadına ərinin razılığı ilə üzünün tüklərini almaq caizdir. Yenə alimlərin böyük əksəriyyətinə görə qadının üzündə çıxan saqqal, bığ və alt dodağın altındakı tükləri təmizləmək caizdir. İstənilən halda məsələnin alimlər arasında ictihadi bir məsələ olduğu anlaşılmalı və bu şəkildə də qəbul edilməlidir. Bunun kimi ixtilaflı məsələlərdə fəqihlər müxaliflərinin əməllərini inkar etməzlər, onları fasiqlikdə və ya bidətdə ittiham etməzlər, lakin elmi bir şəkildə rədd edərlər. Əgər fəqihlərin halı budursa cahillərin ümumən bu məsələlərdə fərqli görüş tutmuş müsəlmanlara qarşı sərt davranması doğru deyildir. Doğrusunu Allah bilir.

 


[1] “Sahih Muslim”, (120)

[2] “əs-Sünən əl-Kubra”, 7/510; Darul-Kutubil-İlmiyyə, üçüncü nəşr: 1424/2003, Beyrut

[3] “ət-Təysir bi Şərhil-Cəmi əs-Sağir”, 2/292; Məktəbətul-İməm əş-Şəfi, üçüncü nəşr: 1408/1988, Riyad

[4] “əl-Muhallə bil-Əsər”, 2/398; Darul-Fikr, Beyrut

[5] “əl-İxtiyər li Tə’lil əl-Muxtər”, 4/164; Mətbəətul-Haləbi, 1356/1937, Qahirə

[6] “Şərhus-Sunnə”, 12/105; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1403/1983, Dəməşq, Beyrut

[7] “Fəthul-Bəri fi Şərhi Sahih əl-Buxari”, 10/377; Dar əl-Mərifə, 1379, Beyrut

[8] “əl-Muğni”, 1/70; Məktəbətul-Qahira, 1388/1968

[9] “Şərh Muntəhə əl-İradət”, 1/45; Aləmul-Kutub, birinci nəşr: 1414/1993,

[10] “əl-Mulim bi Fəvaidi Muslim”, 3/139; Beytul-Hikmə, birinci nəşr: 1991, Tunis

[11] “əz-Zəxira”, 13/314; Dar əl-Ğarb əl-İsləmi, birinci nəşr: 1994, Beyrut

[12] “Sünən Əbi Davud”, 4/78; əl-Məktəbə əl-Asriyyə, Beyrut

[13] “Haşiyətul-Adəvi alə Kifəyətut-Talib”, 2/459; Darul-Fikr, 1414/1994, Beyrut

[14] “əl-Fəvakih əd-Dəvani”, 2/314; Darul-Fikr, 1415/1995, Beyrut

[15] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 3/141; Darul-Fikr

[16] “Riyədus-Salihin”, 1/464; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1419/1998, Beyrut

[17] “Şərhun-Nəvəvi alə Muslim”, 14/106; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr: 139strongfile:///C:\Users\Gudstrel\Desktop\qa%C5%9F.docx#_ftn462, Beyrut

[18] “Dəlilul-Fəlihin”, 8/138; 8/138; Dar əl-Kitəb əl-Arabi, Beyrut

[19] “əl-Havi əl-Kəbir”, 2/257; Darul-Kutubil-İlmiyy[17]ə, birinci nəşr: 1419/1999, Beyrut

[20] “əl-Bəhr ər-Raiq Şərh Kənzid-Dəqaiq”, 6/88; Dar əl-Kitəbil-İsləmi, ikinci nəşr

[21] “əz-Zəvacir an İqtirafil-Kəbəir”, 1/234-235; Darul-Fikr, birinci nəşr: 1407/1987, Beyrut

[22] “Ğizəul-Əlbəb fi Şərhi Mənzumətil-Ədəb”, 1/430; Muəssəsətu Qurtubə, ikinci nəşr: 1414/1993, Misir

[23] “əl-Məvsua əl-Fiqhiyyə əl-Kuveytiyyə”, 14/81; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, 1404-1407, Darus-Sələsil, ikinci nəşr

[24] “əl-Vuquf vat-Təraccul min Məsəilil-İməm Əhməd”, səh: 157; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut

[25] “əl-Muğni”, 1/70; Məktəbətul-Qahira, 1388/1968

[26] “əl-Mubdi fi Şərhil-Muqni”, 7/102; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1418/1997, Beyrut

[27] “Raddul-Muhtər aləd-Durril-Muxtər”, 6/373; Darul-Fikr, ikinci nəşr: 1412/1992, Beyrut

[28] “əl-Bəhr ər-Raiq Şərh Kənzid-Dəqaiq”, 8/233; Dar əl-Kitəbil-İsləmi, ikinci nəşr

[29] “Haşiyətul-Adəvi alə Kifəyətut-Talib”, 2/459; Darul-Fikr, 1414/1994, Beyrut

[30] “əl-Fəvakih əd-Dəvani”, 2/314; Darul-Fikr, 1415/1995, Beyrut

[31] “ət-Təhrir vat-Tənvir”, 5/206; əd-Dar ət-Tunisiyyə, 1984, Tunis

[32] “Əsnə əl-Mətalib fi Şərhi Ravdatit-Talib”, 1/173; Dar əl-Kitəb əl-İsləmi

[33] “Muğnil-Muhtəc ilə Mərifəti Məani Əlfəzil-Minhəc”, 1/407; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut

[34] “Nihəyətul-Muhtəc ilə Şərhil-Minhəc”, 2/25; Darul-Fikr, axırıncı nəşr: 1404/1984, Beyrut

[35] “əl-Cəməl alə Şərh əl-Minhəc”, 1/418; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[36] “Fəthul-Bəri”, 10/378; Darul-Mərifə, 1379, Beyrut

[37] “əl-Furu va Təshih əl-Furu”, 1/158; Muəssəsətur-Risələ, birinci nəşr: 1424/2003, Beyrut

[38] “əl-İnsaf fi Mərifətir-Racihi minəl-Xiləf”, 1/125; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr

[39] “əl-İqna”, 1/22; Darul-Mərifə, Beyrut

[40] “əl-Mustəv’ib”, 1/97; Abdullah Duheyş təhqiqi, 1424/2003, Məkkə

[41] Əbul-Bərakət Abdul-Vahhab bin əl-Mubərak bin Əhməd əl-Ənməti hicri 462-ci ildə anadan olub. Böyük imam, məşhur hafizdir. Bağdadın mühəddislərindən biri olmuşdur.Heç zaman evlənməmişdir. 538-cı ildə vəfat edib.

[42] “Əhkəmun-Nisə”, səh: 231

[43] “əl-Ğunyə li Talibi Tariqil-Haqq”, səh: 39; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 1416/1996, Beyrut

[44] “Fəthul-Bəri Şərh Sahih əl-Buxari”, 10/377; Darul-Mərifə, 1379, Beyrut

[45] “Sahih Muslim”, (120)

[46] “əl-Musannəf”, 3/146; əl-Məclis əl-İlmi, ikinci nəşr: 1403, Hindistan

[47] “ət-Tabəqat əl-Kubra”, 8/70; Dar Sadir, birinci nəşr: 1968, Beyrut

[48] “Siyər Əaləmin-Nubələ”, 2/188; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1405/1985, Beyrut

[49] “Fəthul-Bari”, 10/378; Bunun bənzərini İbnul-Cad “əl-Müsnəd”də (451) rəvayət edib.

[50] “Şərh Sahih əl-Buxari”, 9/169; Məktəbətur-Ruşd, ikinci nəşr: 1423/2003, Riyad

[51] “əs-Siqat”, 5/289; Dairatul-Məarif əl-Usməniyyə, birinci nəşr: 1393/1973, Hindistan

[52] “ət-Təhqiq fi Əhədisil-Xiləf”, 2/184; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1415, Beyrut

[53] “Tənqihut-Təhqiq”, 4/69-70; Ədvaus-Sələf, birinci nəşr: 1428/2007, Riyad

[54] “əl-Cəuhər ən-Nəqi”, 5/330; Darul-Fikr

 

/a