Dirar məscidi

(Döyüşə getməyənlərdən) başqalarının da işi Allaha qalmışdır; ya onlara əzab verər, ya da tövbələrini qəbul edər. Allah Biləndir, Hikmət Sahibidir! (Quba məscidinə və müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasını ayırmaq və əvvəldən Allaha və Rasuluna qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: ”Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyərək and içərlər. Allah şahidlik edir ki, onlar həqiqətən yalançılardır. Orada heç vaxt namaz qılma! İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən insanlar vardır. Allah pak olanları sevər. Binasını Allah qorxusu və Onun rızası üzərində quran kəs daha yaxşıdır yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım qövmü doğru yola yönəltməz. Onların qurduqları bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah Biləndir, Hikmət Sahibidir.” (ət-Təubə, 106-110)

Mübarək Quranın bu ayələri dirar məscidi adı ilə tarixə düşmüş və münafiqlər tərəfindən tikilmiş bir məscidin hekayəsini bizlərə anladır. Bu ayənin nazil olma səbəbi haqqında təfsir əhli geniş söz açıblar və bu barədə gəlmiş bir çox səhih rəvayətlərə öz təfsir kitablarında yer veriblər.  əl-Hafiz İbn Kəsir – rahiməhullah – deyir:

Bu mübarək ayələrin nazil olma səbəbi budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Mədinə şəhərinə gəlmədən əvvəl orada əl-Xazrac qəbiləsindən bir kişi var idi və onu Əbu Amir ər-Rahib çağırırdılar. Cahiliyyə vaxtlarında xristian olmuşdu və kitab əhlinin elmini oxumuşdu. Cahiliyyə zamanında ibadət edən biri idi və əl-Xazrac qəbiləsində böyük hörmətə sahib idi. Peyğəmbər – salləllahu aleyhi va səlləm – Mədinə şəhərinə mühacir olaraq gəldikdə, müsəlmanlar onun ətrafında toplaşdıqda, İslamın sözü ucaldıqda və Allah müsəlmanları Bədrdə qalib etdikdə lənətə gəlmiş Əbu Amir’in bağrı çatlamağa başladı və ədavətini üzə vurdu və düşmən olaraq ortaya çıxdı. Qaçaraq Qüreyş müşriklərindən olan Məkkənin kafirlərinin yanına getdi və onları Allahın Elçisi ilə - salləllahu aleyhi va səlləm - müharibə etməyə təhrik etdi. Ərəb qəbilələri arasından onunla razılaşanlarla birlikdə toplaşdılar və Uhud ili yürüş etdilər və müsəlmanlara nə baş verdisə baş verdi, beləliklə Allah onları imtahana çəkdi və gözəl aqibət Allahdan qorxanlarındır. Bu kafir (Uhud döyüşündə) iki qoşun arasında quyular qazmışdı və Allahın Elçisi – salləllahu aleyhi va səlləm - onlardan birinə düşdü, həmin günü xəsarət aldı, belə ki, üzündən yaralandı, sağ tərəfdən aşağı dişləri sındı və başı yarıldı. Allahın salavatı və salamı onun üzərinə olsun! Döyüşün əvvəlində Əbu Amir ənsarlar arasında öz qövmünə yaxınlaşaraq onlara xitab etdi və onları öz köməyinə və öz tərəfinə çəkməyə çalışdı. Onlar isə onun sözlərindən xəbərdar olduqda dedilər: ”Allah heç bir gözə səni görməklə əziyyət verməsin, ey fasiq, ey Allahın düşməni!” Onu çoxca söydülər. O isə görü dönərək deyirdi: ”Allaha and olsun ki, qövmümü tərk etdikdən sonra şərrə düçar olublar.” O, (Mədinədən) qaçmadan öncə Allahın Elçisi – salləllahu aleyhi va səlləm – onu Allahın yoluna dəvət etmiş və onun üçün Quran oxumuşdu, lakin o, boyun qaçırdı və üsyan etdi. Beləliklə Allahın Elçisi onun qovulmuş halda uzaq bir yerdə ölməsini istəyərək ona bəd-dua etdi və bu dua onu tutdu. Belə ki, insanlar Uhuddan geri döndükdə və o, peyğəmbərin – salləllahu aleyhi va səlləm – işinin ucaldığını və yayıldığını gördükdə peyğəmbərə - salləllahu aleyhi va səlləm – qarşı dəstək almaq üçün romalıların kralı Heraklın yanına getdi. (Herakl) ona vəd verdi, onu ümidləndirdi və öz yanında saxladı və (Əbu Amir) öz qövmündən şəkk və nifaq əhlindən bir qrupa yazaraq onlara vəd verdi və onları ümidləndirdi ki, Allahın Elçisinə qarşı – salləllahu aleyhi va səlləm – döyüşmək üçün bir qoşunla gələcək və ona qalib gələcək və onu yerindən çıxaracaq. Yazılarını çatdırmaq məqsədilə göndərəcəyi adamları qəbul etmək üçün bir istehkam qurmaqlarını onlara əmr etdi ki, ora gəldikdən sonra həmin yer onun üçün gözləmə və hazırlıq görmək məkanı olsun. Onlar da Quba məscidinin yanında bir məscid tikməyə başladılar. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – Təbuk yürüşünə çıxmadan öncə məscidi tikdilər və möhkəmləndirdilər və gəlib peyğəmbərdən – salləllahu aleyhi va səlləm – onların məscidlərinə gəlməsini və orada namaz qılmasını xahiş etdilər ki, onun – aleyhissələm - orada namaz qılmasını onun məscidi qəbul etməsi və isbat etməsi üçün bir dəlil kimi istifadə etsinlər. Qış gecələrində aralarındakı zəif və əlil insanlar(ın məsciddə namaz qılmaqları) üçün tikdiklərini dedilər. Allah (peyğəmbərini) orada namaz qılmaqdan qorudu və (peyğəmbər) dedi: ”Biz səfərdəyik, lakin geri döndükdə inşallah (qılarıq)”. Peyğəmbər – aleyhissələm – Təbukdan Mədinəyə geri döndükdə və Mədinə ilə onun arasında bir günlük və ya bir gündən az müddətlik bir məsafə qaldıqda əd-Dirar məscidi barədə, həmin məscidin küfr yaymaq və müsəlmanların məscidində, ilk əvvəldən təqva üzərində qurulmuş Quba məscidində onların camaatlarını parçalamaq üçün qurulması baradə bir vəhy nazil oldu. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – Mədinəyə çatmadan əvvəl o məscidi dağıtmaq üçün birini göndərdi.[1]

İbn Kəsirin əd-Dirar məscidi haqqında qeyd etdikləri qısa olaraq bizlərə onun tarixçəsindən və tikilmə məqsədlərindən xəbər verir. Zərər vurmaq, küfr işləmək, müsəlmanların arasını ayırmaq və Allahın düşmənlərini gözləyib onlara kömək üçün hazırlaşmaq Dirar məscidinin tikilmə məqsədləri olaraq təqdim olunur. Məşhur hənəfi alimi Alləmə Əbu Bəkr əl-Cəssas ər-Razi (vəfatı hicri 370) deyir: “Onların (münafiqlərin) bir tək istədikləri möminləri parçalamaq, onlardan bir qrupun bir məsciddə, digər qrupun isə digər məsciddə namaz qılması üçün, sözlərinin fərqlənməsi üçün, birliklərinin pozulması üçün onları qruplara bölmək və həmçinin orada peyğəmbərə - salləllahu aleyhi va səlləm – və İslama tənə edərək küfr etmək və orada xəlvətə çəkildiklərinə görə, onların aralarına başqaları qarışmadığına görə müsəlmanlardan qorxmadan öz aralarında müzakirələr aparmaq idi.[2]

Ayədə zikr olunan ”zərər vurmaq” sözünü şərh edərkən təfsir əhli bununla Quba məscidinə zərər vurmağın qəsd olunduğunu söyləyirlər. Quba məscidinə zərər vurmaq isə işin həqiqətində Quba məscidinin əhlinə zərər vurmaqdır. Məşhur maliki alimi əl-Qadi Əbu Bəkr İbn əl-Arabi – rahmətullahi aleyhi – deyir: ”Təfsir alimləri dedilər ki, ”məscidə zərər vurmaq qəsdi ilə”, lakin məscidə zərər vurmaq olmur, burada sadəcə olaraq (qəsd olunan) məscidin əhlinə zərər vurmaqdır.[3] İbnul-Arabinin bu sözlərinin eynisini əl-Qurtubi öz təfsirində söyləmişdir.

Ayədəki küfr sözünün təfsirində də alimlər fərqli təfsirlər təqdim ediblər və bu barədə sələfin görüşünü nəql ediblər. Əbul-Həsən Əli bin Əhməd əl-Vahidi (vəfatı hicri 468) deyir: “İbn Abbas dedi: “Möminlərə zərər verməyi və peyğəmbərə - salləllahu aleyhi va səlləm – və onun gətirdiklərinə isə küfr etməyi qəsd edir.” əz-Zəccəc dedi: “Çünki peyğəmbərə - salləllahu aleyhi va səlləm – qarşı inad etmək küfrdür.” Ondan başqası isə dedi: “Peyğəmbərə - salləllahu aleyhi va səlləm – və İslama tənə etmək üçün məscidi tikdilər.[4] Ondan başqası olaraq zikr etdiyi alimin adını təyin etməmişdir və eyni sözləri Fəxrud-Din ər-Razı öz təfsirində zikr edir. əl-Vahidi digər təfsiri olan “əl-Vasit”də[5] bu sözləri İbn Abbasın sözünə şərh olaraq təqdim etmişdir, sanki bununla İbn Abbasında muradını izah edib. əl-İmam əs-Sə’ləbi adı ilə tanınmış əl-Həmməm Əbu İshaq (vəfatı hicri 427) ayədəki küfrü nifaq olaraq təfsir edir.[6] Beləliklə bu təfsirə görə buradakı küfr məqsəd xarakteri deyil, səbəb xarakteri daşıyır. Alləmə Nasirud-Din Əbul-Xayr Abdullah bin Ömər əl-Beydavi – rahiməhullah – (vəfatı hicri 691) bu ayədəki küfrün şərhində deyir: “Gizlətdikləri küfrü gücləndirmək üçün[7]. İmam əl-Qurtubi də ayədəki küfrün bəyanında deyir: “Nə Quba məscidinin, nə də peyğəmbərin – salləllahu aleyhi va səlləm – məscidinin bir hörməti (müqəddəsliyi) olmadığına etiqad etdikləri üçün bu etiqadlarına görə küfr etdilər; bunu İbnul-Arabi deyir. (Ayədəki) “küfr etmək” sözünün mənası barədə həmçinin dedilər ki, yəni peyğəmbərə - salləllahu aleyhi va səlləm – və onun gətirdiklərinə küfr olaraq; bunu isə əl-Quşeyri və başqaları deyib.[8] əl-Cəssas’ın bu barədə zikr etdiyi sözlər də yuxarıda qeyd olundu və ona görə ayədəki küfr peyğəmbərə - salləllahu aleyhi va səlləm – və İslama tənə etmək olmuşdur.

Ayənin nazil olma səbəbi Mədinə şəhərində Quba məscidinin yaxınlığında tikilmiş bir məscid haqqında olsa da, ayədəki ibrət yalnız həmin məscidə aid deyildir. Mədinədə tikilmiş Dirar məscidi ilə eyni məqsədlər üçün və ya ona bənzər məqsədlər üçün tikilmiş hər bir məscid də dirar adına layiqdir. Ona görə də bir çox alim ayədən bir nəticə çıxararaq Allah rızası üçün tikilməmiş məscidlərdə namaz qılmağı xoş qarşılamayıblar. İmam Əbu Cafər Muhamməd bin Cərir ət-Tabəri (vəfatı hicri 310) deyir: “İbn Humeyd bizə rəvayət etdi; Harun bizə Əbu Cafər’dən, o da Leys’dən rəvayət etdi ki, Şəqiq namaza Bənu Amir məscidində yetişə bilmədikdə ona dedilər: “Fılankəslərin məscidində hələ namaz qılınmayıb.” O isə dedi: “Orada namaz qılmağı sevmirəm, çünki zərər vermək məqsədilə tikilib və zərər vermə və riya üçün tikilmiş hər bir məscidin əsli dirar olaraq tikilmiş məscidə gedib çıxır.[9]

Alləmə əl-Qurtubi deyir: “Alimlərimiz deyiblər: Bir məscidin yanında başqa bir məscidin tikilməsi caiz deyildir və belə məscidin dağıdılması və tikilməsinin qarşısının alınması vacibdir ki, birinci məscidin camaatı oradan ayrılıb məscidi boş qoymasınlar. Yaşayış yerinin böyük olması və əhalisinə bir məscidin kifayət etməməsi halı istisnadır; bu halda tikilə bilər. Eynilə deyiblər ki, bir şəhərdə iki və ya üç cami tikilməməlidir və ikinci caminin tikilməsinin qarşısını almaq vacibdir və kim orada cümə qılarsa (cüməsi) keçərli olmaz. Peyğəmbər – salləllahu aleyhi va səlləm - dirar məscidini yandırdı və dağıtdı...Alimlərimiz dedilər: Zərər və riyakarlıq üzərində tikilmiş hər bir məscid dirar məscidi hökmündədir və orada namaz qılmaq caiz deyildir.[10]

İmam İzzud-Din Abdur-Razzəq bin Rizqilləh ər-Rasəni əl-Hənbəli (vəfatı hicri 661) deyir: “Alimlərdən bəziləri deyib: Fəxr, riyakarlıq, gözəgirənlik və ya Allahın razılığını qazanmaqdan başqa məqsədlər üçün tikilmiş və ya pak olmayan mal ilə tikilmiş hər bir məscid (hökmdə) dirar məscidinin hökmünə girir.[11] Gördüyümüz kimi alimlər mənanı bir qədər də genişləndirərək riya və buna bənzər məqsədlər üçün tikilmiş məscidləri də eyni sıraya daxil ediblər. Təbii ki, alimin sözünün zahirindən göründüyü kimi bu görüş alimlərin hamısının deyil, bir qisminin görüşüdür. Daha doğrusu bu, ümumilikdə maliki alimlərinin görüşü kimi məşhurdur, lakin hər bir məzhəbdən bir çox alim də bu görüşlə razılaşıblar. Misal üçün İmam Cəlalud-Din əs-Suyuti deyir: “Uyunut-Təfəsir” kitabının sahibi[12] dedi: “Fəxr, riyakarlıq, gözəgirənlik və ya Allahın razılığını qazanmaqdan başqa məqsədlər üçün tikilmiş və ya pak olmayan mal ilə tikilmiş hər bir məscid (hökmdə) dirar məscidinin hökmünə girir.” Bunun bənzərini əl-Kəvaşi[13] öz təfsirində zikr edib və o, şafiidir. əş-Şihəb əl-Əyəsluği də öz təfsirində zikr edir və o, hənəfidir.[14] Lakin burada gördüyümüz müşkil məsələ budur ki, məscidin riyakarlıq üçün və ya Allah rızası üçün tikilib tikilmədiyini bilmək praktiki olaraq mümkün deyildir, lakin dirar məscidlərinin ən zahir forması fiqh kitablarında da qeyd olunduğu kimi ehtiyac olmadan köhnə bir məscidin yanında yeni bir məscid tikməkdir. Məşhur maliki alimi Alləmə Əbul-Valid İbn Rüşd əl-Cədd əl-Qurtubi (vəfatı hicri 520) deyir: “Kim bir məscidin yaxınlığında həmin məscidin əhlinə zərər vermək, onların camaatını parçalamaq üçün bir başqa məscid tikərsə, bu, ən böyük zərər olar, çünki dində, xüsusilədə dinin dayağı olan namaz üçün tikilmiş məscidlərə zərər vermək canlara və mallara zərər verməkdən də pisdir. Allahu Təalə bu barədə “Zərər vurmaq, küfr etmək, möminlərin arasını ayırmaq və əvvəldən Allaha və Rasuluna qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər...” sözlərindən “Onların qurduqları bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə olaraq qalacaqdır” sözünə qədər davam edən bu ayələri nazil etmişdir. Onun (yəni İmam Malikin) “problem həmişə iki məsciddən yalnız sonuncusundadır” sözləri səhihdir, çünki məhz ona nəzər salmaq vacibdir, çünki əgər onu tikənin bunu zərər vermək, camaatı parçalamaq qəsdi ilə tikdiyi, heç bir yaxşılıq üçün tikmədiyi isbat olunarsa, Allahın Elçisinin – salləllahu aleyhi va səlləm – Dirar məscidinə etdiyi kimi o məscidi də yandırmaq, dağıtmaq və zibil atılan yerə çevirmək vacibdir. Əgər həmin məscidin tikilməsinin birinci məscidin əhlinə zərər olduğu isbat olunarsa, lakin onu tikənin bunu qəsd etdiyi isbat olunmazsa, əksinə bunu Allaha yaxınlaşmaq üçün etdiyini iddia edərsə, belə məscid dağıdılmaz, lakin boş tərk edilər, orada namaz qılınmaz, yalnız həmin yerin əhalisinin çoxalması və ya birinci məscidin dağılması halında namaz qılmaq olar. Doğrusunu Allah bilir.[15] İmam Şəmsud-Din İbn Muflih əl-Hənbəli (vəfatı hicri 763) deyir: “(İmam Əhməddən gələn) rəvayət ittifaq edir ki, zərər qəsdi ilə məscidin tikilməsi caiz deyildir, lakin əgər bu qəsd ilə tikilməzsə və yeni məscidə ehtiyac yoxdursa, bu barədə iki rəvayət vardır: Muhamməd bin Musa’nın rəvayətinə görə tikmək olmaz və buna şeyximiz (İbn Teymiyyə) üstünlük verib və (ona görə) dağıdılması vacibdir. Bəni Umeyyə camisinin yanında tikilmiş məscid haqqında bunu demişdir. (İmam Əhmədin oğlu) Salehin rəvayətinin zahiri tikməyin caiz olduğunu göstərir.[16] Fiqh kitabları dirar məscidindən danışarkən ittifaq ilə bir məscidin bir başqa məscidin yanında tikilməsi hallarından danışırlar, çünki dirar məscidinin ən zahir əlaməti budur. Buna görə də Alləmə Seyyid Muhamməd Abdul-Həyy əl-Kəttəni əl-Fəsi (vəfatı hicri 1382) maliki alimlərinin və təfsir alimlərinin dirar məscidləri haqqında dediyi sözləri gətirdikdən sonra deyir: “Şaviyə’də Əmzəb qəbiləsindən bir toplu kəttani fəqirləri arasında ixtilaf salmaq istəyən bir ziyankarın tikdiyi zaviyənin yandırılması əmrini verərkən də alimlərin bu sözlərinə əsaslandım və yandırıldı.[17]

Bu ayə ilə bağlı əhəmiyyətli bir məqamı da izah etmək lazımdır. Məscidin tikilməsinin arxasında duran məqdəs və niyyət bir başa məscidin hökmünü müəyyənləşdirir. Alimlər bu məqamı da ehmal etməyərək ayənin təfsirində onu da zikr ediblər. əl-Cəssas buyurur: “Bu ayə bir felin gözəl və çirkin olmasının (insanın) istəyi/qəsdi ilə bağlı olduğunu göstərmişdir. Hikmətin dəvət etdiyi və ya çəkindirdiyi mənalara feli bağlayan elə məhz iradədir/qəsddir. Çünki əgər onlar məscidi tikməklə orada namazların qılınmasını istəmiş olsaydılar bu, Allaha – Azzə və Cəllə - itaət olacaqdı.[18] İlkiya əl-Hərrasi adı ilə tanınan məşhur şafii alimi İmədud-Din bin Muhamməd ət-Tabəri (vəfatı hicri 504) ayənin şərhində deyir: “Bu onu göstərir ki, fellər qəsdlər və istəklərə görə dəyişir və buna görə də (Allah) dedi: “ – “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyərək and içərlər.” Şübhəsiz ki, möminlərin arasında təfriqə salmaq üçün tikilən məscidin bir hörmət dəyəri yoxdur və buna görə də - “Orada heç vaxt namaz qılma!” -  dedi və Allahın Elçisinə oranı dağıtmaq əmrini verdi.[19] Alləmə əl-Hərrasi bununla məscidi tikməyin arxasındakı qəsdin əhəmiyyətinə diqqət çəkmişdir və əgər məscid xeyir üçün tikilərsə hökmü də fərqli olmalıdır. Alləmə Əbul-Qasim İbn Cuzey əl-Kəlbi (vəfatı hicri 741) deyir: “Tikilinin özülünün təqva və Allah rızası üzərində qurulması tikməkdəki gözəl niyyət ilə olur, Allahın razılığını qazanmaq və şəriətinin aşkar olması üçün tikməklə olur. Tikilinin özülünün dağılmaqda olan uçurumun kənarında qurulması tikməkdəki fasid niyyət ilə, riya və möminlərin arasını ayırmaq qəsdi ilə olur.[20]

Bir çox müsəlman elə güman edir ki, məscidin küfr və bidət etiqadına sahib kimsələr tərəfindən tikilməsi həmin məscidi Dirar məscidi ilə eyni hökmə daxil edir. Onların bu cür fikirləşməsi aparılan yalnış dəvətin və təbliğatın nəticəsidir, çünki bu günlərdə eşitdiyimiz əsassız iddialardan biri də budur ki, hər hansı bir məscid müəyyən bir camaat və ya müəyyən bir qurum tərəfindən tikilibsə artıq o məscid dirar məscididir və orada namaz qılmaq olmaz. Lakin bu cür düşünmək yalnışdır. Əgər hər hansı bir camaatın etiqadında küfr və bidət etiqadlar varsa və həmin camaat bir məscid tikirsə, oranı dirar məscidi saymaq çox böyük bir xətadır, çünki o camaatın etiqadında küfr və bidət olsa da onların məscidi tikməkdəki məqsədləri ən birinci növbədə özlərinin və digər müsəlmanların orada ibadət etməsi üçündür, başqa müsəlmanlara zərər vurmaq, onların sıralarını parçalamaq şübhəsiz ki, məscidin tikilməsindəki məqsədlərdən biri deyildir.

Məşhur təfsir alimi Əbu Bəkr ən-Nəqqaş[21] Dirar məscidi haqqında nazil olmuş ayəni dəlil gətirərək kilsə və sinaqoqlarda da namaz qılmağın caiz olmadığını deyib.  Alləmə əl-İmam Əbu Muhamməd Abdul-Haqq bin Atiyyə əl-Əndəlusi – rahmətullahi aleyhi – (vəfatı hicri 541) təfsirində onun sözlərini nəql edir: “ən-Nəqqaş dedi: “Buradan çıxan nəticə budur ki, kilsədə və bənzəri yerlərdə namaz qılınmamalıdır, çünki (kilsə) bunlardan da şərr bir məqsəd üçün tikilib və bu məqsədlər üçün tikilmiş yer haqqına deyilib: “Orada heç bir vaxt namaz qılma!” İbn Atiyyə onun bu sözlərini gətirdikdən sonra deyir: “Bu, güclü olmayan bir fiqhdir/anlayışdır.[22] İbn Atiyyə görüşün xəta olduğuna işarə etməklə kifayətlənib, amma İmam əl-Qurtubi isə bunun nə üçün xəta olduğunu izah edərkən deyir: “Ayə belə bir nəticəni tələb etmir, çünki kilsəni tikərkən – tikilmə səbəbi yamanlıq olsa belə - başqa bir yerə zərər vermək qəsd olunmur. Nəsranilər kilsəni, yəhudilər isə sinaqoqu sadəcə olaraq ona görə tikirlər ki, - iddialarına görə - bizim məsciddə olduğu kimi onlar da orda ibadət edirlər, beləliklə bu ikisi (dirar məscidi və kilsələr) bir-birindən fərqlənir. Üstəlik alimlər icma ediblər ki, kim kilsədə və ya sinaqoqda təmiz bir yerdə namaz qılarsa qıldığı namaz keçərlidir, caizdir. əl-Buxari zikr edir ki, İbn Abbas timsalların (heykəllər və şəkillərin) olmadığı təqdirdə sinaqoqda namaz qılardı. Əbu Davud isə Osman bin Əbil-As’dan rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm –Taifdəki məscidi əvvəl onların tağutlarının (bütlərinin) olduğu yerdə tikməsini ona əmr etdi.[23] Bu cavab eynilə bizim mövzumuzun da cavabıdır. Küfr etiqada sahib kimsələr tərəfindən məscidin tikilməsi həmin məscidi dirar məscidi etməz, çünki küfr və bidətə buşalmış camaat və qurumlar hər bir halda tikdikləri məscidi onların birliyini pozmaq üçün deyil, müsəlmanların istifadəsi üçün tikirlər.

Burada anlaşılması çox vacib olan daha bir məsələ vardır. Məscidin təqva və ya nifaq üzərində qurulmasının məscidin hökmünü müəyyən etməkdəki rolunu artıq qeyd etdik. Amma onu da qeyd etdik ki, məscidin sadəcə olaraq kafirlər və zındıqlar tərəfindən tikilməsi həmin məscidin dirar məscidi hökmünə daxil olması üçün kifayət etmir və qeyd etdik ki, məscidin mütləq müsəlmanlara və onların birliyinə zərər verməsi məqsədi də burada nəzərə alınmalıdır. Lakin məscidin müsəlmanlara zərər verdiyini və məscid əhlinin küfr əhli olduğunu biliriksə, həmin məscidin ilk əvvəldən bu məqsədlə tikilib tikilməməsi bir əhəmiyyət kəsb edirmi? Bu sualın cavabı üçün müsəlman alimlərin görüşlərini nəzərdən keçirmək lazımdır və Allaha həmd olsun ki, alimlərimiz bu cür məsələləri fətvalarında, kitablarında müzakirə ediblər və gəlin onların fətvalarına nəzər salaq! Maliki alimlərindən Alləmə Əhməd bin Yəhya əl-Vanşərisi[24] məğrib alimlərinin fətvalarını topladığı kitabında deyir: “əs-Suyuri’dən[25] müsəlmanların arasında yerləşmiş və bidətlərini izhar etmiş əl-vahbiyyə (məzhəbi) haqqında[26]soruşdular; indi isə (orada) onların halını dəyişməyə qadir olan biri hakimiyyətə gəlib və məscidlərini dağıtmaq, nikahlarını pozmaq, onları döymək, həbs etmək və Malikin məzhəbinə geri döndərmək istəyir, ola bilsin ki, bəzi vahbilər maliki qızı ilə evlənirlər ki, öz qəbilə avtoritetini onlarla qohumluq vasitəsilə gücləndirsinlər. (Bu sualın cavabında əs-Suyuri) dedi: Məscid dağıdılmamalıdır, lakin onlardan təmizlənməli, qəribanların onların yanına getmələrinin və onların yanındakı fəaliyyətlərinin qarşısı alınmalıdır. Haqq və doğru olan budur. Məscid əhli-sünnət ilə canlandırılmalıdır və əhli-sünnətdən onlarla evlənənlərin nikahı pozulmalıdır. Tövbə etmədikləri təqdirdə döyülmələri və həbs edilmələri haqdır və əgər kim bunu etməyə qadirdirsə etməlidir və onların insanlarla qarışmasına izn vermək olmaz.[27] əl-Vanşərisi bu fətvanı nəql etdikdən sonra digər bir maliki aliminin mövzu ilə bağlı fətvasını nəql edir: “əl-Ləxmi’dən[28] uzun bir zaman əhli-sünnətin arasında yerləşmiş, indi isə məzhəblərini izhar edən əl-vəhbiyyə (məzhəbin)dən bir qrup haqqında soruşdular[29]; bir məscid tikiblər, orada toplaşırlar və uzun bir zamandır ki, əhli-sünnət üçün tikilmiş bir məscidin mövcud olduğu bir yerdə öz məzhəblərini izhar edirlər. Öz məzhəbləri olduğunu aşkarda göstərirlər, bir məscid tikiblər, orada toplaşırlar. Əlliyə, altmışa yaxın qəriban[30] hər tərəfdən onların yanına gəlirlər, onlara ziyafət verirlər və bayramlarda əhli-sünnətə yaxın bir yerdə yalnız özləri toplaşırlar. Allahın həmin yerdə hökmranlıq verdiyi bir kimsəyə tövbə edənə qədər onları inkar etmək, onları döymək və həbs etmək caizdirmi? (əl-Ləxmi) cavab verdi: Əgər məsələ sənin dediyin kimidirsə onda bu, ciddi bir işdir. Bununla onların qüvvətlərinin güclənməsi, insanların dinlərini pozmaqları, cahillərin və dar düşüncəlilərin onlara meyl etməsi qorxusu vardır. Allahın həmin yerdə hökmranlıq verdiyi kəsə onları tövbəyə çağırmaq vacibdir, əgər tövbə etməsələr həbs edilməli və döyülməlidirlər və bunda şiddətli olmaq lazımdır. Əgər (etdiklərindən) əl çəkməsələr onların öldürülmələrində alimlər ixtilaf ediblər. İbn Həbib’dən nəql olunan (görüş) budur ki, onlardan tövbə edənlər tərk olunmalıdır, amma onun bir yerdə (sığına biləcəyi) bir camaatının olması halı istisnadır; bu halda tövbə etsə belə tərk olunmaz, onu (yenidən) azdıraraq aldatmaqları qorxusu olduğu üçün sıraları parçalanana qədər, etiqadlarının fasid olması məşhur olana qədər (həbsdə saxlanılmalıdır). (Çünki) onlar dinə xəyanətlərində yəhudi və nəsranilərdən daha pisdirlər, çünki (yəhudi və nəsranilərin) küfrləri (hər kəsə) məlumdur və onların halı (heç kəsə) qaranlıq deyildir. Bunlar isə deyirlər: “Biz müsəlmanıq, Quran oxuyuruq, Muhammədə iman edirik” və onun (Quranın) məzmununa müxalif olurlar. (Peyğəmbərdən) hədis rəvayət edirlər...Tikdikləri məscid isə dağıdılmalıdır, çünki içində bir dənə də olsun haqq söylənmir. Üzərində birləşdikləri şey isə zəlalətdir və üstəlik bununla (məscidi tikməklə) zərər qəsd olunmuşdur. Allahu Təalə bunun eynisi haqqında deyir: “Orada heç vaxt namaz qılma!” (Məscidin) dağıdılması onlar üçün bir zəlillikdir. (Məscidin) qalması (onlar üçün) bir dayaq, bir sığınacaq yeridir, dağıdılması isə onların məzhəblərinin fasid olmasına görə adi insanların qəlbində daha aşkar və daha gözəl təsir göstərir. Praktikada tətbiq edildiyi üçün insanların qəlblərinə təsir edir.[31]

əs-Suyuri və əl-Ləxmi’nin bu iki fətvası maliki üləmasının fətva toplusunda məşhurdur.[32] Burada diqqətimizi çəkən məqam budur ki, əs-Suyuri’yə məscid dağıdılmamalıdır, lakin əl-Ləxmi məscidin dağıdılmasına hökm etmişdir. Lakin burada bir ziddiyət yoxdur, çünki birinci məscidi vahbilər özləri tikməmişdilər, əksinə məscid orada daha öncədən mövcud olmuşdur. Məşhur maliki alimi Alləmə əl-Qadi Burhənud-Din İbn Fərhun əl-Məliki[33] də hər iki fətvanı kitabında nəql edir və sonra deyir: “Bil ki, bu iki cavabdan bizim zamanımızda baş verən işlər haqqında hökm çıxarmaq olar. Bu işlərdən biri birinci cavabda zikr olunduğu kimi toplandıqları məscidin onlardan təmizlənməsi və oranın əhli-sünnət ilə canlandırılmasıdır. Bunun eynisi bizdə əl-Qadi Şərəfud-Din əl-Əsyuti əş-Şafi’nin – rahiməhullah – zamanında baş verdi. Onları “əl-Məşhəd”[34] adı ilə məşhur olan yerlərindən çıxardı və orada əhli-sünnəti yerləşdirdi və qapısının üstünə mərmər bir lövhədə isə yazdırdı ki, “bu yer fılan ildə açılmışdır”. Onlar bundan sonra həmin yeri ələ keçirmişdilər və onların fəqihləri əş-Şərşir davamlı orda oturmağa və insanlar da onunla məşğul olmağa başladı. Buradan böyük və şərli bir toplantı ortaya çıxdı ki, izləri indiyi qədər hələ də qalmaqdadır. Orada su hovuzu düzəltdi və beləliklə insanların ondan ötrü ziyarət etdikləri bir yerə çevrildi. Həmin bu əş-Şərşir eynilə Muin ribatında[35] da bir su hovuzu düzəltdi və ribat bunun üzündən onların ziyarət və toplantı yerinə çevrildi. Orada qəriblər yaşayırlar və onları öz məzhəbində məşğul edir və bəzilərini güclü hazırlayırdı. Bunların hamısı ən böyük zərər və fəsaddır. Bu iki cavabdan çıxan nəticəyə əsasən bu cür yerlər boşaldılmalıdır, amma dağıdılmamalıdır, çünki onların toplaşması üçün tikilməmişdir. Lakin dağıtmaq haqqında soruşulan suala verilmiş ikinci cavabdakı kimi əgər toplaşmaqları üçün bir yer tikiblərsə, həmin yerin ribat və ya vəqf olmasına əhəmiyyət verilməz, çünki orada günahlar işlənməkdədir və əgər bunun qarşısı yalnız həmin yerin dağıdılması ilə alına bilərsə dağıtmaq caizdir. Məşhəddə əhli-sünnəti yerləşdirmək və Muin ribatında fəsadlarını kəsəcək şəkildə əhli-sünnəti onlarla şərik etmək lazımdır. Hər iki yerdən su hovuzunun qaldırılması vacibdir, çünki onların hər ikisi də vəqfin ərazisində tikilib, məsləhətləri isə vəqfin xeyrinə deyildir və bunları tikən şəri (qanuni) nəzarətçi deyildir və üstəlik bunlar bir çox fəsada səbəb olur. Adı keçən əl-Qadi Şərəfud-Din’in gördüyü işlərdən biri də bu oldu ki, onlar əhli-sünnət camaatından ayrı olan bir məsciddə bayram namazları üçün toplaşardılar və oranın qapısını bağladı, onlara orada namaz qılmağı qadağan etdi və onları insanlarla birlikdə namaz qılmağa məcbur etdi və bu şəkildə davam etdi. Sonra əş-Şərşir’in bəzi tələbələri bayram məscidinin, peyğəmbərin – salləllahu aleyhi va səlləm – məscidinin yaxınlığında bir hasarlanmış yer qurdular, beləliklə həmin yerin insanları orada bayram namazlarını ayrılıqda qılmağa başladılar, lakin (yalandan) zahirdə camaatın imamına tabe olduqlarını göstərirdilər. Mədinənin əmiri ilə oranın dağılması haqqında müşavirə etdilər. Şafii, maliki və hənəfi alimləri fətva verdikdən sonra (əmir) oranın dağıdılmasına izn verdi. Dağıdıldı və izləri aradan qalxdı, Allaha həmd olsun![36] Gördüyümüz kimi İbn Fərhun hər iki fətvanı izah edərkən məscidin tikilmə məqsədinə diqqət çəkir və məscidin ilk əvvəldən kimlər tərəfindən tikilməsinin önəmini vurğulayır. Məhz bu səbəbdən birinci fətvada məscidin dağıdılmasına izn verilməmişdir, çünki sonradan məscidin küfr əhli ilə dolması və müsəlmanlara zərər vermək üçün istifadə olunması həmin məscidi dirar məscidi etməz. Lakin ikinci fətvada isə ilk əvvəldən məscid küfr üzərində tikildiyi üçün və əhli-sünnət camaatının yaxınlığında olması ilə müsəlmanlara zərər verdiyi üçün dirar məscidi hökmünə daxil edilib. Bütün bunlar bir daha göstərir ki, məscidin əslinin hansı məqsədlə qurulması böyük bir önəm daşıyır. Hətta Şeyxul-İslam deyir: “Çünki əgər kafirlər Allahın məscidlərini ələ keçirib onlara hakim olsalar və oraları Allahın izn vermədiyi dinləri üçün məbəd etsələr, buna görə o yerlərdə namaz qılmaq məkruh olmaz.[37] Əgər məscidləri xalis müşriklərin ələ keçirib orada öz dinlərini yaymaqları orada namaz qılmağı nəinki haram, məkruh belə etmirsə, o zaman hansı haqla küfrdə ittiham edilən bəzi şəxslərin məscidlərə imam etməsinə görə o məscidlərə dirar məscidləri adı vermək olar və müsəlmanlara orada namaz qılmağı qadağan etmək olar?!

Tarixdə əsl Dirar məscidinə bənzəyən bəzi məscidlər olub və bu məscidlərə hər cahilin iddiası ilə dirar məscidi deməyiblər, lakin müxtəlif məzhəblərdən ibarət muftilər və qazilərin fətvalarından sonra əmr sahibləri onlara qarşı lazım olan tədbirləri görüblər. əl-Hafiz İbn Kəsir hicri 313-cü ilin hadisələrindən danışarkən deyir: “Səfər ayında xəlifə əl-Muqtədir Billəh’ə xəbər çatdı ki, rafizilərdən ibarət bir qrup Bərasə məscidində[38] yığışırlar, səhabələri söyürlər, cümə namazı qılmırlar və qarmətilər[39] ilə yazışırlar, Kufə ilə Bağdad arasında bir yerdə ortaya çıxmış Muhamməd bin İsmayılın vəliliyinə dəvət edir və onun Mehdi olduğunu iddia edirdilər. (Xəlifə) əl-Muqtədir’dən və onun əlaltılarından uzaq olduqlarını söyləyirdilər. (Xəlifə) onların nəzarətdə saxlanılmasını əmr etdi və adı keçən məscid barəsində alimlərdən fətva soruşdu. Onlar da həmin məscidin bir dirar məscidi olduğuna fətva verdilər; Dirar məscidi dağıdıldığı kimi o da dağıdılmalı idi. Onlardan ələ keçirilənləri yüngül şəkildə vurdular və insanlar buna şahid edildi və xəlifə adı keçən məscidin dağıdılmasını əmr etdi və (polisin rəisi) Nəzuk da oranı dağıtdı. Vəziri əl-Xaqani’yə isə əmr edərək oranın yerini qəbiristanlıq etdi və orada bir qrup ölü dəfn edildi.[40] Eynilə Alləmətuş-Şəm Cəmalud-Din əl-Qasimi (vəfatı hicri 1332) ayənin təfsirində deyir: “Ayə ona dəlalət edir ki, Dirar məscidinin tikilmə məqsədləri üçün tikilən hər bir məscidin nə məscid hökmü, nə də məscid müqəddəsliyi vardır; oranın vəqf kimi verilməsi səhih deyildir. (Xəlifə) ər-Radi Billəh batinilərin, müşəbbihələrin və mucəbbirələrin məscidlərinin çoxunu yandırmışdı və bəzilərini də ictimaiyyətin xidmətinə vermişdi. Bunu təfsir alimlərindən bəziləri nəql edib.[41]

Üstəlik qeyd etmək lazımdır ki, ən sonda bu məsələ müsəlmanların məsləhəti ilə bağlıdır. Bir məscid şərrin və küfrü yayıldığı bir mərkəz halına gələrsə, müsəlmanlara maddi və m”strong[35]ənəvi əziyyətə çevrilərsə və bu fəsadların qarşını almaq yalnız məscidi dağıtmaqla mümkündürsə, o zaman məscid ilk əvvəldən təqva üzərində qurulmuş olsa da əmir sahiblərinin göstərişi ilə həmin məscid dağıdıla bilər. Bununla da bildirmək istədiyimiz budur ki, son mərhələdə məscidin dirar hökmünə daxil olub olmamasından asılı olmayaraq onun islah edilməsi və ya dağıdılması müsəlmanların məsləhətinə uyğun olaraq əmirin qərarına bağlıdır və bu barədə alimlərin fətvalarına əsasən əmir məsləhət olanı etməlidir. Bununla bağlı əl-Hafiz İbnul-Qayyim əl-Cəvziyyə deyir: “Necəki Allahın Elçisi – salləllahu aleyhi va səlləm – Dirar məscidini yandırdı və onun dağıdılmasını əmr etdi, halbuki o məscid içində namaz qılınan, Allahın adı zikr olunan bir məscid idi, çünki möminlərə zərər vermək, onları ayırmaq və münafiqlər üçün sığınacaq olması məqsədilə tikilmişdi. Halı belə olan hər bir yeri bu halından azad etmək imama vacibdir, ya həmin yeri dağıtmaq və yandırmaqla, ya da şəklini dəyişərək və tikilmə məqsədlərindən uzaqlaşdıraraq bunu etməlidir.[42] Məşhur Əzhar məscidi Misirdəki hökm sürmüş batini şiələrin tikdiyi bir məsciddir və tikilərkən çox ehtimal ki, öz batil məzhəblərinə dəvət etmək üçün, məzhəblərini digər müsəlman ölkələrinə yaymaq üçün tikmişdirlər. Bu batini, ismayili şiələrinin Misirdə hökmünə son qoymuş Səlahud-Din əl-Əyyubi – rahmətullahi aleyhi – həmin məscidi bağladı. Lakin sonra hakimiyyətə gəlmiş məmlük əmirləri həmin məscidi sünnilərin xidmətinə açdılar və beləliklə Əzhar camisi müsəlman dünyasında əhli-sünnət məzhəbinin yayılması üçün böyük rol oynayacaq məscidlərdən birinə çevrildi və hər hansı bir alimin həmin məscidə dirar məscidi dediyini bilmirik.

Fəsil:

Dirar məscidində namaz qılmağın qadağan olunmasındakı səbəbi izah edərkən Alləmə Əbu Hafs Ömər bin Əli bin Adil əd-Diməşqi əl-Hənbəli (vəfatı hicri 880) deyir: “Sonra Allahu Təalə bu qadağanın (yəni namaz qılmamağın) arxasındakı səbəbi izah etmişdir və səbəb budur ki, iki məsciddən biri ilk gündən təqva üzərində qurulduğu halda digər məsciddə namaz qılmaq təqva məscidində namaz qılmağa mane olduğu üçün zəruri olaraq bilindi ki, təqva məscidində namaz qılmaq ikinci məsciddə namaz qılmamağı tələb edir. Əgər desələr ki, iki məsciddən birinin digərindən fəzilətli olması ikinci məsciddə namaz qılmağı qadağan etməz. Cavabı budur ki, qadağanın səbəbi iki səbəbin birləşməsindən doğur. Dirar məscidinin sözü gedən fəsadlara səbəb olmasını – və bu fəsadlar başqa şeylərə zərər vermək, küfr etmək, möminlərin arasını ayırmaq və Allah ilə Rasuluna qarşı müharibə edən üçün bir gözləmə/hazırlıq yeri olmaqdır – və təqva məscidinin çox sayda xeyirləri özündə cəm etməsini qəsd edirəm.[43] Bu, Alləmə Fəxrud-Din ər-Razinin öz təfsirində yazdığı sözlərdir ki, İbn Adil bunu təsdiqləyərək nəql etmişdir.

əl-Cəssas deyir: “Allahın – “Orada heç vaxt namaz qılma! İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir” – sözləri möminlərə zərər vermək üçün və günahlar üçün tikilmiş bir məsciddə namaz qılmağın caiz olmamasına və həmin məscidin dağıdılmasının vacib olmasına dəlalət edir, çünki Allah Öz peyğəmbərinə – salləllahu aleyhi va səlləm – zərər və fəsad üzərində qurulmuş o məsciddə namaz qılmağı qadağan etdi və əvvəldən təqva üzərində qurulmuş məsciddən fərqli olaraq həmin məscidin insanlarını alçaltmaq və onların dəyərsizliyini göstərmək məqsədilə onları peyğəmbərin – salləllahu aleyhi va səlləm – orada namaz qılmaq (şərəfindən) məhrum etdi. Bu isə göstərir ki, bəzi yerlər namaz qılınması baxımından başqa yerlərdən üstün ola bilər və bəzi yerlərdə namaz qılmaq qadağan ola bilər.[44] Qarşıda qeyd edəcəyimiz hənbəli alimlərinin sözlərindən anlaşılacaq ki, Dirar məscidində namaz qılmağın qadağan olmasının səbəbi həmin yerin lənətlənmiş olması ilə bağlıdır və məhz buna görə də Allahın Elçisi – salləllahu aleyhi va səlləm – oranın yandırılmasını, dağıdılmasını və yerini zibillik edilməsini əmr etdi.

Alləmə İbn Həzm əl-Əndəlusi əz-Zahiri (vəfatı hicri 452) dirar məscidindən danışarkən orada namaz qılmağın caiz olmadığını və qılınan namazın keçərli olmadığını deyərək bu hökmü məhz həmin yerə xas etmişdir. İbn Həzm deyir: “Quba məscidinin yanındakı dirar məscidində qəsdən və ya unudaraq qılınan namaz heç bir kəs üçün keçərli deyildir.[45] Beləliklə İbn Həzmə görə namaz qılmağın qadağan olduğu yer Quba məscidinin yaxınlığında tikilmiş dirar məscidinin yeridir.[46] Hənbəli üləmasının sözləri də bu mənaya işarə edir, çünki hənbəli üləması dirar məscidində namaz qılmağı bəlaya düçar olmuş yerlərdə namaz qılmağa qiyas edirlər. Bu isə onu göstərir ki, hənbəli alimləri qadağanı yalnız dirar məscidinin özünə xas edirlər, çünki onların dirar məscidini Allahın bəlasına düçar olmuş yerlər sırasında qeyd etmələri dağıdılmış Dirar məscidinin mövcud yerinə aid edilə bilər. Quranın zahiri Dirar məscidinin özündə namaz qılmağı qadağan edir və hənbəli məzhəbinin üsuluna əsasən orada qılınmış namazlar səhih sayılmamlıdır. Məzhəbin məşhur görüşünə görə Allahın qəzəbinə, bəlasına düçar olmuş yerlərdə namaz qılmaq haram deyil, məkruhdur və buna görə də orada qılınan namazlar səhihdir. Məşhur hənbəli alimi Alləmə Təqiyyud-Din Muhamməd bin Əhməd əl-Fətuhi (vəfatı hicri 972) “Muntəhə əl-İradət” kitabında deyir: “Xasf[47] torpaqlarında məkruhdur, sinaqoqda və kilsədə isə yox.[48] Bu sözlərin şərhində Şeyx Mənsur bin Yunus əl-Buhuti (vəfatı hicri 1051) deyir: “[Xasf torpaqlarında] namaz qılmaq [məkruhdur], çünki ora Allahın qəzəbinə düçar olmuş bir yerdir, Babil, əl-Hicr[49], Dirar məscidi kimi əzabın nazil olduğu hər bir torpaq elədir.[50] Namazın məkruh olması isə qılınan namazın səhih olması anlamına gəlir. Buna görə də “əl-İqna” kitabının sahibi Şeyx Şərəfud-Din əl-Həccəvi (vəfatı hicri 968) deyir: “Sibəx[51] torpaqda və Xasf torpaqları kimi Allahın qəzabına düçar olmuş torpaqda və Babil torpağı, əl-Hicr torpağı və Dirar məscidi kimi Allahın qəzəbinin nazil olduğu yerlərdə səhihdir.[52] Şeyxul-İslam İbn Teymiyyə - rahmətullahi aleyhi – İmam Əhmədin bu məsələdə məzhəbini izah edərkən deyir: “İmam Əhməd Əliyə - radiyallahu anhu – tabe olaraq bu yerlərdə namaz qılmağı məkruh görmüşdür. Onun “Mənə Babil torpağında namaz qılmağı qadağan etdi, çünki ora lənətlənib” sözləri lənətlənmiş bütün torpaqlarda namaz qılmamağı tələb edir. Buna görə də ağlaşmadan onlara əl-Hicr torpaqlarına daxil olmağı qadağan etdi. Bu həm də Allahın – Subhənəhu – Dirar məscidi haqqında dediyi sözlərə də uyğundur: “Orada heç vaxt namaz qılma”, çünki ora əzab görmüş yerlərdən biri idi.[53] Yəni orada namaz qılmağın qadağan olması oranın əzaba düçar olmuş yerlərdən olmasıdır. Əzaba düçar olmasının səbəbi isə ayədə izah olunduğu kimi həmin yerin münafiqlər tərəfindən İslama və müsəlmanlara zərər vermək üçün istifadə etməkləridir. Ona görə də hal-hazırda bir məscidin peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanındakı Dirar məscidinin analoqu olduğunu söyləmək mümkün deyildir, çünki həmin yerin Dirar olduğu vəhy vasitəsi ilə sabit oldu, bizim zamanımızda isə tikilmiş hər hansı bir məscidin küfr və nifaq məqsədilə tikildiyindən əmin olmaq olmaz. Biz sadəcə olaraq hər hansı bir məscidin dirar məscidlərinə bənzədiyini deyə bilərik və bu hökmü vermək də buna əhl olan qazilər və muftilərin işidir. Əgər hər hansı bir məscidin bir başqa məscidin yanında tikilməsinə görə, ya da oranın tikənin bunu riya və gözəgirənlik məqsədi ilə təkdiyi aşkar olduğu üçün orada namaz qılmaq istəməzsə bunda sələfin sünnətinə tabe olmuş olur və bunda qınanılacaq heç bir tərəf yoxdur. İbn Teymiyyə deyir: “Buna görə də sələf ona (Dirar məscidinə) bənzəyən yerlərdə namaz qılmağı məkruh görərdilər və köhnə məscidi yeni məsciddən üstün sayardılar, çünki zərər məqsədilə tikilmiş olması qorxusu olan yeni məsciddən fərqli olaraq köhnə məscidin zərər üçün tikilməsi ehtimalı çox uzaqdır.[54]

Dirar məscidində və ya dirara bənzər məscidlərdə namaz qılmaq hənbəli məzhəbinə görə məkruhdur. Şeyx Mustafa ər-Ruheybəni’nin sözləri bunun bütün dirar hökmündə olan və ya ona bənzər məscidlərə aid olduğunu göstərir. O, Mari bin Yusuf əl-Kərmi’nin “Ğayətul-Muntəhə” kitabının şərhində deyir: “Məkruh olmaqla yanaşı [Dirar məscidində] qılınan namaz - əgər torpağı qəsb olunmayıbsa - səhihdir.[55] Bu, həmin yerlərdə gəlmiş qadağanın məkruhluq ifadə etməsi deməkdir. Şeyxul-İslam İbn Teymiyyə - rahiməhullah – deyir: “Çünki qəzəb və əzab torpaqları əhalisinin başına gəlmiş əzab ilə Allahın qəzəbini kəsb etmiş olur və beləliklə həmin torpaq lənətlənmiş olur. Eynilə İbrahimin, Muhammədin və Süleymanın – salləllahu aleyhim – məscidləri kimi peyğəmbərlərin məscidləri orada Allaha ibadət edildiyi üçün və əsası təqva üzərində qurulduğu üçün müqəddəsləşmiş olur. Buna əsasən Allahın əzabının nazil olduğu hər bir torpaq parçasında namaz qılmaq olmaz. əl-Hicr torpağı, adı artıq qeyd olunmuş Babil torpağı buna misaldır və Dirar məscidi də buna misaldır, çünki Allahu Təalə deyir: “Orada heç bir vaxt namaz qılma!” Lakin əgər namaz qılsa namazı səhihdirmi? Əshabımızdan bir qrup alimin zikr etdiklərinə əsasən səhihdir, çünki onlar bunu namaz qılınması haram olmayan, lakin məkruh olan yerlər qisminə aid ediblər, çünki Əhməd bunu məkruh sayıb.[56] Daha sonra İbn Teymiyyə məzhəbdəki ikinci görüşü qeyd edir və onun daha güclü olduğuna işarə edir, lakin yuxarıda da göstərdiyimiz kimi məzhəb imamlarının görüşünə görə belə yerlərdə namaz qılmaq məkruh olsa da qılınan namazlar səhihdir.

Sonda təkfir fitnəsinə düşmüş səmimi müsəlman qardaş və bacılarıma üz tutaraq deyirik. Allahdan qorxun! Artıq çox sayda müsəlmanın qanını halal edərək onları kafirlər zümrəsinə qoşdunuz. İndi isə Allahın evlərinə dil uzadıb öz ağlınızla onları da hörmətdən salır, onlara da tənə edirsiz. Məgər bu yolun yalnış bir yol olduğunu anlamaq belə çətindirmi?! Məscidləri zəif səbəblərə görə tərk etmək əslində şeytanın oynadığı bir oyun və hiylədir. Dirar məscidinin ən böyük xətəri müsəlmanların sırasını parçalamaq olmuşdur və məhz buna görə də ona dirar məscidi adı verilib və biz sizin halınıza baxanda görürük ki, müsəlmanların sıralarını parçalayan iddia etdiyiniz məscidlər deyil, elə sizin özünüzsünüz. Bu barədə düşünün və Allahın məscidlərini tərk etməyin!

 


[1] İbn Kəsir, ”Təfsir əl-Quranil-Azim”, 7/280-281; Muəssəsə Qurtubə/Məktəbətu Əulədiş-Şeyx, Misir, birinci nəşr: 1421/2000

[2] əl-Cəssas, ”Əhkəmul-Quran”, 4/367; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, 1412/1992

[3] İbnul-Arabi, “Əhkəmul-Quran”, 2/582; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 2003/1424

[4] əl-Vahidi, “ət-Təfsir əl-Bəsit”, 11/45; Cəmiatul-İmam Muhamməd bin Suud əl-İsləmiyyə, ər-Riyad, hicri 1430

[5] Bax: “əl-Vasit fi Təfsir əl-Quran əl-Məcid”, 2/524; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1415/1994

[6] Bax: “əl-Kəşf val-Bəyən”, 5/93; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr: 1422/2002

[7] “Ənvarut-Tənzil va Əsrarut-Təvil”, 3/97; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr: 1418/1998

[8] “əl-Cəmi li Əhkəmil-Quran”, 10/375; Muəssəsətur-Risələ, Beyrut, birinci nəşr: 1427/2006

[9] ət-Tabəri, “Cəmiul-Bəyən ’an Təvil Ayil-Quran”, 11/680; Dar Həcr, Qahirə, birinci nəşr: 1422/2001

[10] “əl-Cəmi li Əhkəmil-Quran”, 10/372; Muəssəsətur-Risələ, Beyrut, birinci nəşr: 1427/2006

[11] “Rumuz əl-Kunuz fi Təfsiril-Kitəbil-Aziz”, 2/607; Məktbətul-Əsədi, Məkkə, birinci nəşr: 1429/2008

[12] Şihəbud-Din Əhməd bin Mahmud əs-Sivasi əl-Əyəsluği türk islam alimlərindən biridir. Tarixi qaynaqlarda həyatı haqqında çox bilgi yoxdur, ailəsi haqqında, ilk şeyxlərinin kimliyi və ilk təhsili haqqında məlumat verilmir. Lakin Türkiyənin Sivas bölgəsində doğulmuşdur və buna görə də ona əs-Sivasi deyilir. Daha sonra isə Qərbi Anadoluda indi Səlcuk adı ilə tanınan, orta əsrlərdə isə Ayasuluk adı ilə tanınmış bir kənddə yerləşmişdir. Hicri 780-ci ildə, Katib Çələbi’nin dediyinə görə isə hicri 803-cü ildə vəfat etmişdir. “Uyun ət-Təfəsir lil-Fudələ əs-Səməsir” adlı təfsiri ilə məşhurdur. Qəbri hələ də Səlcuk kəndində qalmaqdadır və insanlar tərəfindən ziyarətgaha çevrilmişdir.

[13] Muvaffəqud-Din Əbul-Abbas Əhməd bin Yusuf bin Həsən bin Rafi bin Huseyn bin Səudən əş-Şeybəni əl-Kəvaşi əl-Məusili əş-Şafii. Hicri 590 və ya 591-ci ildə anadan olub. Hicri 680-ci ildə vəfat edib. əl-Kəvaşi adı Mosul şəhərinin yaxınlığında yerləşən Kəvaşə adlı bir qalaya nisbətdə verilmişdir. Məşhur təfsir alimidir. Onun “Təbsiratul-Mutəzəkkir va Təzkiratul-Mutəbəssir” adlı bir uzun və “ət-Təlxis fi Təfsiril-Quranil-Aziz” adlı bir də qısa təfsiri vardır.

[14] “əl-Havi lil-Fətavi”, 1/122; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1402/1982

[15] “əl-Bəyən vat-Təhsil vaş-Şərh vat-Təucih vat-Tə’lil fi Məsəilil-Mustəxracə”, 1/411; Darul-Ğarbil-İsləmi, Beyrut, ikinci nəşr: 1408/1988

[16] “Kitəbul-Furu”, 3/57; Muəssəstur-Risələ/Darul-Muəyyəd, Beyrut/Riyad, birinci nəşr: 1424/2003

[17] “ət-Təratib əl-İdəriyyə”, 2/56; Darul-Ərqam bin Əbil-Ərqam, Beyrut, ikinci nəşr

[18] əl-Cəssas, ”Əhkəmul-Quran”, 4/367; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, 1412/1992

[19] İlkiya əl-Hərrasi, “Əhkəmul-Quran”, 3/217; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1403/1983

[20] “ət-Təshil li Ulumit-Tənzil”, 1/379; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1415/1995

[21] Əbu Bəkr Muhamməd bin əl-Həsən bin Muhamməd bin Ziyad ən-Nəqqaş əl-Məusili, hicri 266-cı ildə Bağdad şəhərində doğulub. Ailəsi isə əslən Mosul şəhərindən olduğu üçün ona əl-Məusili deyirlər. Məşhur təfsir alimidir. Bir çox kitabın müəllifidir və “Şifəus-Sudur” adlı təfsiri ilə məşhurdur. Lakin hədislərində tənqid olunub, hətta bəziləri onu yalanda ittiham ediblər.

[22] “əl-Muharrar əl-Vaciz fi Təfsiril-Kitəbil-Aziz”, 4/406; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Qatar-Doha, ikinci nəşr: 1428/2007

[23] “əl-Cəmi li Əhkəmil-Quran”, 10/372-373; Muəssəsətur-Risələ, Beyrut, birinci nəşr: 1427/2006

[24] Tilmisan bölgəsində təxmini hicri 834-cü ildə doğulub və orada böyüyüb. Həyatının orta çağlarında Fas ərazisinə köçür və oranın alimləri və elm tələbələri tərəfindən xüsusi məhəbbətlə qarşılanır. Ensiklopedik biliklərə sahib olan bir alim idi. Müasirləri arasında maliki məzhəbindəki elminə görə seçilirdi. Hicri 914-cü ildə Fas şəhərində vəfat edib.

[25] əz-Zəhəbi onun haqqında deyir: “Malikilərin şeyxi, Qayravandakı imamların sonuncusu, Əbul-Qasim Abdul-Xaliq bin Abdil-Varis əl-Məğribi əs-Suyuri, zahidliyi və ibadəti ilə bərabər fiqhdə hafizəsinə görə misal çəkilən kəslərdən biridir. Onun “əl-Mudəvvanə” əsərinə yazdığı qeydləri vardır. Əlinin altında imamlar yetişib. (Hicri) 460-cı ildə çox qoca bir yaşda vəfat edib; bunu (əl-Qadi) İyad qeyd etmişdir.” (“Siyər Əaləmin-Nubələ”, 18/213; Muəssəsətur-Risələ, Beyrut, on birinci nəşr: 1417/1996)

[26] İbn Fərhun’un “ət-Təbsira” kitabında bu fətvanın nəqlində bəzi fərqlər vardır və orada “əl-vəhbiyyə” məzhəbi haqqında deyilir: “Onlar Məğribdə rafizilərdən ibarət bir camaatdır.”

[27] “əl-Mi’yər əl-Mu’rib val-Cami’ əl-Muğrib ’an Fətavi Əhli İfriqiyyə val-Əndəlus val-Məğrib”, 11/168; Vazaratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Rabat, 1401/1981

[28] Əbul-Həsən Əli bin Muhamməd ər-Rabii əl-Ləxmi, məşhur əl-Ləxmi’nin qızının oğludur. Tunisin Qayravan şəhərində dünyaya gəlib, orada böyüyüb və ilk dini təhsilini orada alıb. Daha sonra Tunisin Safaqis şəhərinə köçmüşdür. Hicri 478-ci ildə vəfat edib və qəbri Safaqis şəhərinin kənarındadır. Fiqhdə “əl-Mudəvvənə” kitabında yazdığı “ət-Təbsira” adlı qeydləri var.

[29] Bax: “Fətava əş-Şeyx Əbil-Həsən əl-Ləxmi əl-Qayravani”, səh: 131-132; Darul-Mərifə

[30] Bu sözün təyinində bir qədər zəhmət tələb olunur, çünki bu fətvanın keçdiyi qaynaqlar fərqli sözlərə yer verirlər. “əl-Miyər” kitabında qəriblər sözü keçdiyi üçün bunu bu cür tərcümə etdik, lakin nəzərinizə çatdıraq ki, digər kitablarda “əl-uzzəb” (yəni gənclər) sözü keçir.

[31] “əl-Mi’yər əl-Mu’rib val-Cami’ əl-Muğrib ’an Fətavi Əhli İfriqiyyə val-Əndəlus val-Məğrib”, 11/168-169; Vazaratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Rabat, 1401/1981

[32] Məşhur maliki alimi əl-Burzuli adı ilə tanınmış İmam Əbul-Qasim bin Əhməd əl-Bəlvi ət-Tunisi (vəfatı hicri 841) məşhur “ən-Nəvazil” kitabında bu iki fətvaya yer verir. (bax: “Fətava əl-Burzuli Cəmi Məsəilil-Əhkəm limə Nəzələ minəl-Qadayə bil-Muftin val-Hukkəm”, 6/195-196; Darul-Ğarbil-İsləmi, Beyrut, birinci nəşr: miladi 2002) Bunu həmçinin İbn Fərhun “ət-Təbsira” adlı kitabında və İbn Abdin-Nur “əl-Havi lil-Fətava” adlı kitabında zikr edir.

[33] əl-Qadi Burhənud-Din Əbul-Vafə İbrahim bin Nurid-Din Əbul-Həsən Əli bin Muhamməd bin Əbil-Qasim Fərhun bin Mahmud bin Fərhun əl-Yəmuri əl-Mədəni əl-Məliki; Mədinə şəhərində anadan olub. Orada böyüyüb, atası və babasından ilk dini təhsilini alıb. əl-Bədr əl-Aqşihri (Akşehir), əl-Cəməl əd-Dəmənhuri, Şeyx Muhamməd bin Arafə kimi zamanının böyük alimlərindən elm almışdır. Hicri 792-ci ildə Misir, Qüds və Şama elm üçün səfər edir. 793-cü ildə Mədinə şəhərində qazi olur. “İrşədus-Səlik ilə Əfəlil-Mənəsik”, “Təshilul-Muhimmət fi Şərhi Cəmiil-Ummuhət”, “əd-Dibəc əl-Muzhəb fi Mərifəti Əayən əl-Məzhəb”, “Kəşfun-Niqab əl-Həcib min Mustaləh İbnil-Həcib” kimi kitablar ona aiddir. İbn Fərhun həyatının son günlərində sol tərəfindən fəlc olur və təxminən yetmiş yaşında Mədinə şəhərində hicri 799-cu ildə vəfat etmişdir. Baqi məqbərəsində dəfn olunub.

[34] Məşhəd dil etibarı ilə insanların toplaşdıqları yerə deyilir, yəni daimi toplantı yeri.

[35] Ribat yolçular üçün düzəldilmiş istirahət guşəsidir, oraya ehtiyacı olanlar sığınarlar.

[36] “Təbsiratul-Hukkəmi fi Usulil-Əqdiyə va Mənəhicil-Əhkəmi”, 2/34-35; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1416/1995

[37] ”Şərhul-Umdə”, 2/504; Darul-Asimə, Riyad, birinci nəşr: 1418/1997

[38] Bağdadda yerləşən Bərasə məscidi şiələrdə bu günə qədər müqəddəs sayılan məscidlərdən biridir və inanclarına görə orada möminlərin əmiri Əli bin Əbi Talib namaz qılmışdır. Bağdad tikilmədən əvvəl Bərasə bir kənd olub. Şiələrin inanclarına görə orada nəsrani ibadətgahı olub və Əli ilə - radiyallahu anhu – qarşılaşan rahib İslamı qəbul edib və oranı məscidə çevirib. Tarixi qaynaqlar bu məscidin ilk əvvəldən şiələr tərəfindən istifadə edildiyindən xəbər verir. Tarix boyu alimlərin fətvalarına əsasən bir neçə dəfə dağıdılıb. Oradakı şiələr Abbasi xilafətinin dağılması üçün çalışıblar.

[39] Qarməti (cəm: Qaramitə) və ya qarmətilər tarixdə mövcud olmuş ismayili şiələrinin bir qrupudur. Əsasən İraqın cəmində və Bəhreyn torpaqlarında fəal olublar. Məkkəni və Mədinəni işğal edərək qara daşı oğurlayanlar da onlar olublar.

[40] “əl-Bidəyə van-Nihəyə”, 15/18; Dar Həcər, Beyrut, birinci nəşr: 1419/1998

[41] “Məhasinut-Təvil”, 8/3268; Dar İhyə əl-Kutub əl-Arabiyyə, İsa əl-Babi əl-Hələbi nəşri, birinci nəşr: 1377/1957

[42] “Zədul-Məad fi Hədyi Xayril-İbəd”, 3/571; Muəssəsətur-Risələ, Beyrut, iyirmi yeddinci nəşr: 1415/1994

[43] “əl-Lubəb fi Ulumil-Kitəb”, 10/206; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1419/1998

[44] əl-Cəssas, ”Əhkəmul-Quran”, 4/367; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, 1412/1992

[45] “əl-Muhəllə bil-Əsər”, 4/43; ət-Tibəətul-Muniriyyə, Misir, birinci nəşr: hicri 1348

[46] Şeyx Nasirud-Din əl-Albani – rahiməhullah – deyir: “Ayə dəlalət edir ki, dirar məscidində və o mənada olan məscidlərdə namaz qılmaq caiz deyildir. Maliki alimləri və digər alimlər bu görüşü mənimsəyiblər və İbn Həzm “əl-Muhəllə” adlı əsərində bunun tək dirar məscidinə xas olduğunu bir mənalı şəkildə bildirmişdir və bunun üçün “Orada heç zaman namaz qılma!” ayəsindəki Allahu Təalənin sözlərini dəlil kimi göstərərək demişdir: “Beləliklə oranın namaz yeri olmadığı səhihləşir.” (“əs-Səmərul-Mustətab”, 1/397; Muəssəsətu Ğaras, Küveyt, birinci nəşr: hicri 1422) Şeyx əl-Albani daha sonra İbn Həzmin bu görüşünə etiraz edərək qadağanın dirar hökmündə olan bütün məscidlərə aid olduğunu deyir.

[47] Xasf hərfi olaraq torpağın çökməsi və yerə batmasına deyilir, lakin burada qəsd olunan Allahu Təalənin “ən-Nəhl” surəsindəki sözləridir: “Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və özləri də hiss etməyəcəkləri yerdən onlara əzab gəldi.” Təfsir alimlərinin dediyinə əsasən burada qəsd olunan ən-Nəmrud bin Kənan’ın Babil torpaqlarında tikdiyi böyük binalardır. Deyilənə görə beş min zira hündürlüyə çatırdı. Allah da onları yerə batırdı. Bax: İbn Hacər, “Fəthul-Bari bi Şərhi Sahih əl-Buxari”, 2/169; Dar Taybə, Riyad, birinci nəşr: 1426/2005

[48] ”Muntəhə əl-İradət fi Cəmil-Muqni vat-Tənqih va Ziyadət”, 1/186; Muəssəsətur-Risələ, Beyrut, birinci nəşr: 1419/1999

[49] Səmud diyarıdır, Şam ilə Mədinə arasında bir vadidədir.

[50] “Şərh Muntəhə əl-İradət”, 1/339; Muəssəsətur-Risələ, Beyrut, birinci nəşr: 1421/2000

[51] Şor və torflu torpaqlar

[52] “əl-İqna li Talibil-İntifə”, 1/150; Dəratul-Məlik Abdil-Aziz, Riyad, üçüncü nəşr: 1423/2002

[53] Alləmə Muhamməd bin Əli əl-Bə’li əl-Hənbəli, “əl-Mənhəcul-Qavim fi İxtisar iqtida əs-Sirat əl-Mustəqim”, səh: 49-50; Daru Aləmil-Fəvaid, Məkkə, birinci nəşr: şəvval ayı hicri 1422

[54] “Məcmu əl-Fətəva”, 17/469

[55] “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 1/372; əl-Məktəb əl-İsləmi, Dəməşq, Şeyx Əli bin Abdilləh tərəfindən vəqf, səfər ayı hicri 1382

[56] ”Şərhul-Umdə”, 2/508-509; Darul-Asimə, Riyad, birinci nəşr: 1418/1997