İslam tarixində etiraz aksiyaları

Bu sual artıq yarım əsrə yaxın bir müddətdir ki, müzakirə olunur və hələ də bir müddət müzakirə olunacağına inanıram. Çünki nümayişlər, etiraz aksiyaları hər il baş verən və haqqında danışılan hallardan sayılır. Bu yazımızda müasir zamanımızda edilmiş iddialardan biri ələ alınacaq.

 

Sələfi şeyxlər nümayişlərin, etiraz aksiyalarının sonradan uydurulmuş bir bidət olduğunu, Qərblilərə təqlid edərək onlardan götürülmüş bir adət olduğunu deyirlər. Şeyx Nəsiruddin əl-Albani deyir: “Bəzi islami camaatlar hələ də bu yolla nümayiş edirlər və bunun kafirlərin adətlərindən, üslublarından olduğundan qafildirlər.[1] Saleh əl-Favzan deyir: “Nümayişlər/mitinqlər müsəlmanların əməlindən deyildir və İslam tarixində belə bir şey bilinməyib.[2] Abdulmuhsin əl-Abbad deyir: “Bu işlər sonradan çıxarılıb. Bunları insanlar çıxarıblar və insanlar bunları qərb və şərq ölkələrindəki düşmənlərindən idxal ediblər.[3] Abdulaziz ər-Racihi deyir: “Bu nümayişlər müsəlmanların əməllərindən deyildir, bu, sonradan daxil olmuş şeydir və belə şeylər yalnız kafir qərb dövlətləri tərəfdən məlum idi.”[4] Sultan bin Abdirrahmən əl-İd deyir: “Bu üslubda kafirlərə bənzərlik vardır, çünki bunu ilk çıxardanlar onlar olublar.[5] Sələfi şeyxlərindən Said bin Huleyyil əl-Ömər “Zəmmul-Muzaharat” adlı kiçik yazısında deyir: “Çünki bu nümayişlər İslam tarixində heç vaxt bilinməyib və yalnız küfr əhli ilə qarışdıqdan sonra bilinib.[6] Sələfi şeyxlərindən bu cür sitatlar gətirmək çətin deyildir, bu sitatlar sadəcə olaraq qəsdimizi təsdiqləmiş olur.

Lakin bu iddialar nə qədər doğrudur? Həqiqətən də mitinqlər İslam tarixində bir yenilikdirmi, müsəlman cəmiyyətlərinə müasir zamanında daxil olmuş bir bidətdirmi? Bunu müsəlmanlar Avropadan öyrəndilərmi? Bu sualımızın cavabını əlbəttə ki, bizə tariximiz, yəni tarixi qaynaqlarımız verə bilər. Adlarını çəkdiyimiz müasir sələfi şeyxlərin İslam tarixindən mitinq fikrini tamamilə silməklərindən elə başa düşmək olar ki, həqiqətən də tariximizdə müsəlmanlar nümayişlərin, etiraz aksiyalarının nə olduğundan xəbəri olmayıb, ya da bunlar gizli səhifələrdir. Amma həqiqət budur ki, tariximizdə bunlar heç də gizli səhifələr deyil, əksinə mövzu haqqında müasir zamanımızda araşdırmalar etmiş yazıçılar tariximizdə baş vermiş bu hallar misal ediblər.

 

Səhabələrin Osmanın qanını tələb etməsi

Məlumdur ki, Osman – radiyallahu anhu - qətl edildikdən dörd ay sonra Məkkədə səhabələr Osmanın haqqını tələb etmək üçün Basraya doğru yürüş etmək qərarı alırlar. Bu barədə tarix kitablarında bir-birini təsdiqləyən xəbərlər çoxdur və yürüş edənlərin başında əz-Zubeyr bin əl-Avvam, Talha bin Ubeydilləh və Aişə kimi böyük səhabələr var idi. Həmçinin məlumdur ki, bu səhabələrin qəsdi Əli bin Əbi Talib’ə qarşı üsyan etmək deyildi. Lakin qəsdləri Osmanın qatillərinin ədalət qarşısında durmaqlarını tələb etmək üçün siyasi təzyiq göstərmək idi. Bu yürüşdə minlərlə müsəlman iştirak etmişdi. Daha sonradan Abdullah bin Səba kimi fitnəkarların bu etiraz və tələb yürüşünü iki tərəf arasında müharibəyə çevirəcək hiylələr işlətməsi onların ilkin məqsədlərinə xələl gətirmir. Görünür ki, onlar haqqı tələb etmək üçün, doğrunu səsləndirmək üçün yürüşə çıxmağın haram olduğuna inanmırdılar.

 

İmam Əhmədin həbsdən azad edilməsi

Məymun bin əl-Əsbəğ deyir: “Əhməd bin Hənbəl insanlar qapının ağzında yığılışıb qışqırdıqdan sonra çıxarıldı, hətta o dərəcədə ki, sultan qorxdu və çıxardı.” Bunu İbnul-Cəvzi “Mənaqibul-İməm Əhməd” kitabında[7] rəvayət edir.

 

Peyğəmbəri söyənə qarşı etiraz

İbnul-Cəvzi tarix kitabında hicri 284-cü ilin hadisələri haqqında yazarkən deyir: “Bu il bir nəsrani tutuldu və peyğəmbəri – salləllahu aleyhi va səlləm – söydüyünə dair haqqında şahidlik edildi. Buna görə də həbs olundu. Sonra səhərsi gün həmin nəsraninin səbəbi ilə xalq kütləsi toplandı və əl-Qasim bin Ubeydilləh’i çağırıb qışqırdılar və həmin nəsraniyə hədd tətbiq etməyi ondan tələb etdilər. Aydan on üç gün qaldıqda bazar günü Bəbut-Taq əhli və ətrafındakı bazarların əhli bir araya toplaşdı və sultanın sarayına yürüdülər və onları vəzirin oğlu Əbul-Hüseyn qarşıladı, onun adını qışqırdılar. (Əbul-Hüseyn) onlara bildirdi ki, onun xəbərini (xəlifə) əl-Mutəzid’ə çatdırıb. Amma xalq kütləsi onu yalanladı, onun xoşuna gəlməyən sözləri ona eşitdirdilər. O da köməkçiləri ilə oradan çıxaraq qaçıb onlardan qurtuldular. Ordan əl-Mutəzid’in sarayına getdilər. Birinci və ikinci darvazadan keçdilər, bundan sonra onlara mane olmaq istədilər və mane olmaq istəyənlərə hücum çəkdilər. Bundan sonra onların xəbərini almaq üçün yanlarına bir nəfər çıxdı, onlar da xəbər verdilər. Həmin adam xəbəri əl-Mutəzidə yazdı. Sonra əl-Mutəzid’in yanına onlardan bir qrup daxil edildi və onların xəbəri haqqında soruşdu və dedilər. Bunun üzərinə (əl-Mutəzid) Qazi Yusuf’a yazdı ki, işlərinə baxsın. Bir elçi onları qazinin yanına götürdü və izdihamlarının çoxluğundan az qala onu və qazini öldürəcəkdilər ki, sonunda qazi bir qapıdan girərək onu üzlərinə bağladı.[8] Gördüyümüz kimi nümayişin böyüklüyü və şiddəti qarşısında aciz qalanlar onları xəlifə ilə görüşdürürlər. Bu da xalq qəzəbinin nümayiş yolu ilə ifadəsinin erkən islam tarixindəki nümunələrindən biridir.

 

Qiymət artımına qarşı etiraz

Böyük tarixçi alim İbn Miskəveyh (vəfatı hicri 421) hicri 307-ci ilin hadisələri haqqında danışarkən qiymətlərin artdığını qeyd edir. Bu arada insanların etirazını zikr edərək deyir: “İnsanlar və xalq kütləsinin ən fəzilətlilərindən bir qrup bir arada toplaşdılar və qiymətlərin qalxması zülmündən şikayət etdilər və Əli bin İsa minik üzərində keçərkən onun üzünə qarşı səs-küy qopardılar. Bundan sonra qara kütlə Bağdadda un üyüdənlərdən bir qrupun dükanını qarət etdi və sonra sultanın qapısına toplaşdılar və qışqırıb səslərini yüksəltdilər. Bundan sonra əl-Muqtədir gözləmədən İbnul-Huvvari’yə göstəriş verdi ki, (vəziri) Həmid (bin əl-Abbas)a yazaraq dərhal hüzuruna gəlməsini, qiymət işlərinə nəzər salmağı, beləliklə də qiymətləri aşağı salmaq üçün toplanmış məhsullardan satmaq yolu ilə təhlükəni sovuşdurmasını əmr etsin.[9] Əli bin İsa özü də fərqli vaxtlarda abbasi xəlifəsi üçün vəzir olaraq çalışıb, həm də müsəlman alim kimi tanınıb.

 

Deyləmilərə qarşı etiraz yürüşü

İbn Miskəveyh və İbnul-Cəvzi tarix kitablarında hicri 329-cu ilin hadisələri arasında bunu da qeyd edirlər: “Şəvval ayı xalq kütləsi sultan sarayının camisində toplandılar və deyləmilərin zülmündən, heç bir ücrət vermədən onların evlərində yerləşməklərindən və davranışlarında onlara qarşı həddi aşmaqlarından şikayət etdilər. (Deyləmilərin) bu hərəkətinə qarşı heç bir inkar səslənmədikdə xalq kütləsi imamın namazına mane oldular, minbəri sındırdılar və məscidə dağılışdılar və deyləmilər onların bunu etməyinə mane olmaq istədikdə deyləmilərdən bir qrupu öldürdülər.” Bu, İbnul-Cəvzi’nin sözləridir. İbn Miskəveyh isə hər iki tərəfdən də ölənlərin olduğunu deyir.[10]

 

Kərxin rafizilərinə qarşı etiraz yürüşü

İbnul-Cəvzi “əl-Muntəzam” adlı tarix əsərində hicri 458-ci ilin hadisələri arasında aşura günü Bağdadın Kərx rayonunda edilənləri qeyd edir. Aşura günü Hüseynin ölüm səhnəsini canlandıraraq səhabələri söymüşlər. İbnul-Cəvzi daha sonra buyurur: “Muharrəm ayının on dördü, cümə axşamı günü əl-Hərbiyyə, ən-Nəsriyyə, Darur-Raqiq, Bəbul-Bəsra, əl-Qaləin və Nəhru Tabiq bölgələrindən çox sayda insan dükanlarını bağladıqdan sonra bir araya toplaşdılar və xəlifənin sarayına üz tutdular. Qarşılarında dua edənlər və qarilər gedirdi və onlar əl-Kərx əhlinə lənət oxuyurdular. (Xəlifə sarayının) Bəbul-Ğarabə tərəfində izdiham əmələ gətirdilər və sözlərində çəkinmədən danışdılar. Bunun üzərinə xəlifə də xidmətçilərindən biri ilə onlara xəbər göndərdi ki, “biz də sizin inkar etdiyinizi inkar etdik.” Qərar aldıq ki, belə bir şey bir daha təkrarlanmayacaq və biz qəsd olunmadan baş verən şeylərdən qafilik. Xalq kütləsi bundan sonra dağılışdı. (Rafizilərin liderlərindən) İbnul-Fəxir əl-Aləvi bir çox adam ilə birlikdə həbs olundu və divana təhvil verildi. Polis rəisi qaçdı, çünki əl-Kərx əhlinə onu etməyə icazə verən o olmuşdu.[11]

 

Bağdadda böyük bir etiraz nümayişi

İbnul-Cəvzi yenə tarix kitabında hicri 464-cü ilin hadisələri haqqında yazarkən deyir: “Cumədəl-axira ayında Əbu Said bin Əbi İməmə “Nəhru Tabiq” məntəqəsində Turki’nin evindən çıxan bir müğənni qadın ilə rastlaşır; onun ud alətini əlindən alaraq simlərini qırır. O da ət-Turki’nin yanına qayıdaraq ona xəbər verir və ət-Turki onun evinə basqın etmək üçün adamlar göndərir. O, (evindən) qurtula bilir və baş verənləri şikayət etmək üçün İbn Əbi Musa əl-Haşimi’nin yanına əl-Harim tərəfə keçir. Səhərsi gün hənbəlilər saray camisində toplaşdılar, orada duraraq kömək istədilər və Şeyx Əbu İshaq əş-Şirazi’ni əshabı ilə birlikdə özlərinə qoşdular. Fahişəxanaların bağlanmasını, fəsad yayan qadınların və nəbiz satan satıcıların tutulmasını, pozulmuş sikkələrin yerinə müamələ üçün yeni dirhəmlərin basılmasını tələb etdilər. Möminlərin əmiri bunlarla razılaşdı. Fəsad yayan qadınlar qaçdılar, evlərə basqınlar edildi, nəbizlər aradan qaldırıldı. Fahişəxanaların tamamilə yox ediləcəyini, onları qaldırmaq üçün Azudud-Dövlə’yə məktub yazacağını və müamələ üçün yeni dirhəmlərin basılacağını vəd etdi. Onlardan bəzi qruplar bu vəd ilə qane olmadı və Əbu İshaq (əş-Şirazi) şəhərdən çıxıb gedəcəyini elan etdi. Bunun üzərinə ona bir məktub göndərildi və bundan sonra sakitləşdi.[12] Bu etiraz nümayişini isə gördüyümüz kimi dövrünün ən böyük alimləri və elm tələbələri təşkil ediblər. Hənbəlilər ilə şafi’ilər bu nümayişdə əlbir olublar. İbn Əbu Musa əl-Həşimi o zaman hənbəlilərin şeyxi idi, şafi’ilərin böyüyü isə “əl-Muhəzzəb” kitabının sahibi Alləmə Əbu İshaq əş-Şirazi idi.

 

Mədəin şəhərindən Bağdada etiraz yürüşü

İmam əz-Zəhəbi hicri 573-cü illərin hadisələri haqqında danışarkən deyir: “Mədəin əhalisi gələrək Mədəin şəhərinin yəhudilərindən şikayət etdilər ki, onlar belə deyirlər: “Siz bizə çoxlu azan verməklə əziyyət etdiniz.” Müəzzin də cavabında deyib: “Sizin əziyyət görüb görməməyiniz vecimizə deyil.” Bunun üzərinə bir-biriləri ilə vuruşdular və aralarında düşmənçilik cərəyan etdi və bunun nəticəsində yəhudilər üstünlük əldə etdilər. Bundan sonra müsəlmanlar kömək almaq üçün (Bağdadda) xəzinədarın yanına gəldilər, o da bəzilərinin həbs olunmasını əmr etdi və sonra onları buraxdı. Bundan sonra cümə günü xəlifənin camisində toplaşaraq kömək tələb edirlər və buna görə xatib xütbəni qısa kəsmiş. Namazı qıldıqdan sonra yenə kömək tələb etməyə başlamışlar. Bu səbəblə əsgərlər onların üzərinə tökülmüş, onları vurmuş və mane olmağa çalışmışdır. Beləliklə də (mədainli müsəlmanlar) məğlub düşürlər. Xalq kütləsi İslama dəstək məqsədi ilə buna çox qəzəblənmiş, səslərini yüksəldərək onları söyməyə başlamışlar. Caminin böyük kərpiclərini sökdülər və onlarla, həmçinin kiçik kərpiclərlə əsgərləri vurmağa başladılar. “Muxallətləri(n” dükanlarını) qarət etməyə başladılar, çünki onların əksəriyyəti yəhudi idi.[13] Mədəin şəhəri Bağdaddan bir neçə kilometr cənub-şərq istiqamətdə yerləşir. Bu hadisədən başa düşmək olur ki, Mədəində yəhudilər ilə baş vermiş hadisədən sonra oradakı müsəlmanlar kütləvi şəkildə Bağdada tərəf yürüş etmiş və etiraz aksiyası keçirmişlər. Bunun kütləvi şəkildə olduğunu, etiraz xarakterli olduğunu başa düşmək çətin deyildir, çünki sayları az olsaydı onların etirazına görə həbs edilməyə və yaxud da üstlərinə əsgər yeritməyə ehtiyac olmazdı. Çox təəssüf ki, həmin mədəin yəhudilərinin törəmələrindən bəziləri hələ də Azərbaycanda mövcuddur.

 

İbn Teymiyyə’nin ətrafında insanların toplaşması

İbn Teymiyyənin tələbəsi və xadimi İbrahim bin Əhməd əl-Ğayyəni deyir: “Şeyxə xəbər çatdı ki, zikr olunan bidətlərin hamısını insanlar “Dərun-Nəfdəniyyin” yanındakı “əl-Bəb əs-Sağir” bölgəsi daxilindəki “əl-amud əl-muxalləq” yanında edirlər. Bu, ona ağır gəldi, ayağa qalxdı, onu sındırmaq üçün yola düşməkdə Allaha istixarə etdi. Mənə onun qardaşı nümunəvi imam Şeyx Şərəfuddin Abdullah bin Teymiyyə rəvayət edərək dedi: “Onu sındırmaq üçün yola çıxdıq və insanlar eşitdilər ki, Şeyx “əl-Amud əl-Muxalləq”i sındırmaq üçün yola çıxır, beləliklə də bizimlə çox sayda xalq bir araya gəldi...[14] Gördüyümüz kimi Şeyxul-İslam İbn Teymiyyə’yə çox sayda insan qoşularaq izdiham əmələ gətirirlər və İbn Teymiyyə bunun bidət olduğunu deyərək onların əməlini rədd etməmişdir.

 

İbn Teymiyyə’nin özünə qarşı etiraz aksiyası

İbn Teymiyyə’nin tələbəsi İbn Abdilhədi əl-Hənbəli deyir: “(İbn Teymiyyə) Misirdə insanlara öyrətməyə, fətva verməyə, onlara Allahı xatırlatmağa və Ona dəvət etməyə, cümə namazından sonra əsrə qədər camilərdə minbər üstündə Quranın təfsirindən və başqa mövzulardan danışmağa davam etdi. Ta ki, xanəgahlar, ribatlar, zaviyələrdən çox sayda insan bundan sıxıldı və bir araya toplaşdı. Şeyxi sultana şikayət etməyə qərar verdilər. Onlardan bir kütlə qalaya qalxdı, digər bir kütlə qalanın aşağısında idi və onların çox şiddətli qışqırıqları var idi, hətta sultan soruşdu: “Bunlar nə istəyirlər?” Dedilər: “Bunların hamısı Şeyx Təqiyyuddin İbn Teymiyyə üzündən burdadırlar, ondan şikayət edirlər və deyirlər ki, o, onların şeyxlərini söyür və insanların yanında onların dəyərini alçaldır...[15] Aydın olur ki, İbn Teymiyyə məşhur sufiləri, xüsusilə də İbn Arabi, Məvlanə Rumi kimi hülul etiqadı yayan sufiləri şiddətli tənqidə tutduğu üçün sufilər tərəfindən sultana şikayət olunmuşdu. Burada bizi maraqlandıran tərəf bu metodun keçmişdə yayğın olduğunu göstərməkdir və görmək olur ki, sufilər öz təkkələrindən, ribatlarından çıxıb gələrək sultanın qəsri qarşısında nümayiş ediblər. Hətta bu etiraz yürüşləri İbn Teymiyyə’nin həbs olunmasına gətirib çıxarır.

 

Un bahalığına qarşı nümayiş

Tarixçi alim Təqiyyuddin Əhməd bin Əli əl-Məqrizi “əs-Suluk li Mə’rifəti Duvalil-Muluk” adlı kitabında hicri 818-ci ilin hadisələri arasında unun bahalaşması və nəticəsində çörəyin tapılmaması halı haqqında təfsilatlı bir şəkildə məlumat verir. O dövrdə zəngin tacirlərin unu alıb anbarlarda saxladığını və hətta yaxşı məhsul olmasına baxmayaraq unun qiymətinin artdığını xəbər verir. O məlumatların arasında bu sözləri də deyir: “Zul-Qadə ayı daxil olduqda Qahirədə və Misirdə (xaricdən gəlib) çatan malların azlığı səbəbi ilə qiymətlər bahalaşdı və çörək götürmək üçün fırınlarda izdihamlar şiddətləndi. (Hisbə vəzifəsinin böyüyü olan) əl-Həlləvi öz canına görə qorxdu və vəzifəsindən ayrıldı. ət-Təc bazar ertəsi günü ayın on ikisi əvvəlki vəzifəsinə qaytarıldı və artıq çörək oğurlanırdı. Bulaq sahilinə on minlərlə insan toplaşaraq un tələb etdilər, beləliklə də insanlar bütün ölkənin qarət olduğunu hiss etdilər... Vəziyyət ağırlaşdıqda ayın 18-i bazar ertəsi günü qazilər qazisi Şeyxul-İslam Cələlud-Din Əbul-Fədl Abdurrahmən bin əl-Bulqini insanlarla istisqa etmək üçün çıxdı. Onunla birlikdə saylarını yalnız Allahın bildiyi qədər insan var idi. Beləliklə də evindən yürüyərək çıxdı və Əmir ət-Təc də onunla birlikdə idi. Nəsr darvazasından çıxaraq Turab bölgəsinə gəldi, bundan sonra insanlar bütün pis şeyləri ət-Təc haqqında dedilər və onu daş-qalaq etməklərindən başqa bir şey qalmadı, buna görə də qaçaraq gizləndi. Şeyxul-İslam isə insanlar ilə birlikdə Nəsr qübbəsinin yaxınlığında dağın yamacına gəldilər. Təqribən bir saat ayaq üstə duraraq qışqırıb bağırdılar, Allaha – subhənəhu va təalə - dua etdilər və sonra ayrıldılar. Çox əzəmətli bir mənzərə idi və şənbə gününə, ayın iyirmi dördünə qədər çörəyin tapılması asanlaşdı. Sonra yenə yoxa çıxdı.[16] Cələluddin əl-Bulqini isə böyük alim, müctəhid Siracuddin əl-Bulqini’nin oğludur, hicri 762-ci ildə doğulmuş və 824-cü ildə Dəməşqdə vəfat etmişdir.

Yekun

Bu misalları çoxaltmaq olar və tarix kitabları bu cür misallar ilə doludur. Bunların hamısı onu göstərir ki, müasir zamanımızda bu iddianı edən şeyxlər xəta edirlər. Bu nöqtədə tarixçilər onlarla heç cür razılaşmır. Ona görə də tarixçi alimlərdən Şeyx Muhəmməd bin Şəkir əş-Şərif bizim bu məqalədə zikr etdiyimiz bəzi misalları verdikdən sonra deyir: “Bu dəlalət edir ki, “bu üslublar kafirlərdən götürülüb və onları bu gün etmək onlara bənzəməkdir” sözünü ümumi olaraq söyləmək xətadır.[17] Bütün bunları nəzərə aldıqdan sonra növbəti suallar üzərində düşünmək lazımdır.

Bu mitinqlər, nümayişlər müsəlmanlara Avropadan gəlibmi yoxsa bu, təbii sosial bir adət olduğu üçün qədimdən müsəlmanların arasında mövcud olub? Cavab aydındır, bu etiraz üslubları əvvəldən müsəlman camiyyətlərində mövcud olub.

Bu mitinqlər, yürüşlər, nümayişlər yalnız siravi insanların işi olub yoxsa elm əhlinin buna razılığı var idi? Bunun da cavabı aydındır. Aişə, Talha, əz-Zubeyr kimi səhabələr Basraya yürüş edərkən bunun haram olduğuna inanmırdılar. Eləcə də İbn Əbi Musa əl-Həşimi, Əbu İshaq əş-Şirazi, Cələluddin əl-Bulqini kimi böyük alimlərin iştirakı, hətta təşkilatçılığı ilə bu cür nümayişlər təşkil edilmişdi.

Bu nümayişlər və etiraz aksiyalarına qarşı keçmiş alimlərimizdən danışanlar olubmu? Cavab budur ki, bunu kitablarında qeyd edən İbn Miskəveyh, İbnul-Cəvzi, İbn Kəsir, İbn Xaldun, əz-Zəhəbi kimi alimlər heç bir halda bu nümayişləri dində bidət olaraq qınamayıblar. Ümumiyyətlə tarixdə bu hallar baş verdiyi halda keçmiş alimlərdən kiminsə bunu qadağan etdiyi bizə məlum deyildir. Bu, əlbəttə ki, nəsə ifadə etməlidir.

Müasir dövrümüzdə bu etiraz aksiyalarını qadağan edənlər kimlərdir? Əgər müasir alimləri izləsək aydın olacaq ki, bunu qadağan edənlər sələfi şeyxləridir və onların yüzdə doxsanı Səudiyyə Krallığında yerləşir. Digər cərəyanlar bu cür nümayişləri, etiraz aksiyalarını haram hesab etmirlər.

Məlumdur ki, bu yazımızda keçən bəzi misallarda da göründüyü kimi bu etiraz aksiyaları bir çox halda fəsad ilə, ölüm halları ilə nəticələnirdi. Biz burada gətirdiyimiz misallarda o halların doğru olduğunu göstərmək istəmirik, nə də İbn Teymiyyə’yə qarşı edilən mitinqdə sufilərin haqlı olduğunu qəsd etmirik. Lakin qəsdimiz o misallar ilə bu halların İslam tarixində baş vermiş normal hallar olduğunu göstərmək idi və bu sosial adətin heç də Qərbdən gəlmədiyini sübut etmək idi. Yuxarıda təqdim etdiyimiz misallar bu məqsədə uğurlu xidmət edir.

 



[1] “Silsilətul-Əhədis əd-Daifə”, 14/74 (6531); Şeyxin bu mənada sözləri kasetlərində çoxdur və oradakı sözlərindən belə başa düşmək olur ki, bu adət müsəlmanlara kolonialist avropalılar tərəfindən keçib.

[2] http://ar.alnahj.net/audio/556

[3] https://www.sahab.net/forums/index.php?app=forums&module=forums&controller=topic&id=118787

[4] https://www.sahab.net/forums/index.php?app=forums&module=forums&controller=topic&id=52375

[5] https://ar.islamway.net/lesson/117789/%D8%A3%D9%88%D9%84-%D9%85%D8%B8%D8%A7%D9%87%D8%B1%D8%A9-%D9%81%D9%8A-%D8%AA%D8%A7%D8%B1%D9%8A%D8%AE-%D8%A7%D9%84%D8%A5%D8%B3%D9%84%D8%A7%D9%85

[6] http://www.xn--mgbphf4ac0fj4b.com/index.php/messages/item/%D8%B0%D9%85-%D8%A7%D9%84%D9%85%D8%B8%D8%A7%D9%87%D8%B1%D8%A7%D8%AA?category_id=27

[7] “Mənaqibul-İməm Əhməd”, səh: 460;

[8] “əl-Muntəzam fi Tərixil-Muluki val-Uməm”, 12/371;

[9] “Təcəribul-Uməm va Təaqubul-Himəm”, 5/40-41;

[10] “Təcəribul-Uməm va Təaqubul-Himəm”, 6/48; “əl-Muntəzam fi Tərixil-Muluki val-Uməm”, 14/7

[11] “əl-Muntəzam fi Tərixil-Muluk val-Uməm”, 16/94-95;

[12] “əl-Muntəzam fi Tərixil-Muluk val-Uməm”, 16/138-139;

[13] ”Tərixul-İsləm”, 12/465;

[14] “əl-Cəmi li Sirati Şeyxil-İsləm İbn Teymiyyə”, səh: 80;

[15] “əl-Uqud əd-Durriyyə fi Mənaqibi Şeyxil-İsləm Əhməd ibn Teymiyyə”, səh: 283;

[16] “əs-Suluk li Mərifəti Duvalil-Muluk”, 6/396-397;

[17] “əl-Hisbə əs-Siyəsiyyə val-Fikriyyə”, səh: 138;

Aktual Mövzular

Tarixdən Səhifələr

Nəsiminin dərisi soyulubmu?

Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb.

Ly Mai qətliamı

Bu, bəşər tarixinin ən acılı səhifələrindən bir səhifədir. Bizlərə Qərbin "mədəniyyətini" ən çılpaq şəklində nümayiş etdirir. Bütün bunlardan bir nəticə çıxarmaq bizim üçün çox önəmlidir.