Müaviyə Əlini söyməyi əmr edibmi?

Peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrindən biri olan Müaviyə bin Əbi Sufyan haqqında daha əvvəl kiçik bir risalə yazmışdıq və o risalədə bəzi şübhələrə cavab verilmişdi. Çox təəssüf ki, son zamanlar özlərini sünni adlandıran bir qövm Müaviyənin şəxsiyyətini öldürmək üçün bir təbliğat kampaniyasına başlayıb və bunun üçün açdıqları mövzunu dəridən, qabıqdan çıxaraq tapdıqları nəqllər ilə doldurmağa çalışırlar. Biz bu yazımızda onların Müaviyə haqqında yazdıqlarının hamısı haqqında rəyimizi bildirməyəcəyik, lakin o şübhələrdən birinə toxunacağıq.

 

Açdıqları mövzuda iddia edirlər ki, Müaviyə müsəlmanların xəlifəsi olduqdan sonra öz valilərinə minbərlərdə Əlinin söyülməsini əmr etmişdir. Bunun üçün bəzi rəvayətləri zikr edirlər. Bu rəvayətləri burada zikr edib onlar haqqında Allahın izni ilə danışacağıq. İlk öncə İbn Məcə’nin “əs-Sünən” kitabındakı rəvayəti zikr edir və deyir: “Muaviyə Həcc üçün gəlmişdi. Sad onun yanına getdi. Məclisdə Əlinin adı zikr edildi. (Muaviyə) onu söyüb, təhqir etdi. Sad bundan qəzəbləndi.[1] Doğrudur ki, bu hədisi Şeyx əl-Albəni və Şeyx Şueyb əl-Arnavut səhih sayıblar, çünki isnadındakı ravilər siqadır. Lakin bu isnadda bir illət vardır ki, həmin illət onların diqqətindən yayınıb. İllət isə budur ki, bu hədisi Sad bin Əbi Vaqqas’dan rəvayət edən Abdurrahmən bin Səbit əl-Quraşi əslində Sad bin Əbi Vaqqas’dan hədis eşitməmişdir və onun səhabələrdən rəvayətləri mürsəl sayılır. Saləhuddin Əbu Said əl-Aləi (vəfatı hicri 761) “Cəmiut-Təhsil” kitabında deyir: “Abdurrahmən bin Səbit əl-Quraşi peyğəmbərdən – salləllahu aleyhi va səlləm – və həmçinin Əbu Bəkr, Ömər, Muaz və səhabələrdən bir qrupdan çoxca irsəl etmişdir, bunu (əl-Mizzi) “ət-Təhzib”də deyir. Əbu Zura (ər-Razi) dedi: “Abdurrahmən bin Səbit’in Əbu Bəkr əs-Siddiq’dən – radiyallahu anhu – rəvayəti mürsəldir. Yəhyə bin Main dedi: “Sad bin Əbi Vaqqas’dan eşitməmişdir...[2] Beləliklə də İmam Yəhyə bin Main onun Sad bin Əbi Vaqqas’dan eşitmədiyini qətiyyətlə vurğulamışdır və bu, “Tarix İbn Main” kitabında keçir. Buna görə də Şeyx Muqbil “Əhədis Muallə” kitabında bu hədisi zəif sayaraq deyir: “Bu hədisin sənədinə baxsan (ravilərinin) siqa olduğunu görəcəksən, lakin Yəhyə bin Main deyir: “Abdurrahmən bin Səbit Sad bin Əbi Vaqqas’dan eşitməmişdir...[3] Həmçinin “əl-Musannəf” kitabını təhqiq etmiş Əbu Muhəmməd Usəmə isnadının mürsəl olduğunu deyir. Beləliklə də aydın olur ki, hədis bu ləfzlə səhih deyildir. Bu hədisi əl-Albani’nin, Şueyb əl-Arnavut’un və Muhəmməd Avvamə’nin səhih sayması yuxarıda işarə etdiyim kimi ravilərin siqa olmaqlarına görədir və onlar İbn Sabit’in Sad bin Əbi Vaqqas’dan eşitməməsi barədə İbn Main’in zikr etdiyi illətə cavab verməyiblər. Bu illətə cavab verilməyənə qədər, yəni əksi isbat olunmayana qədər hədis zəif olaraq qalır.

Zikr etdikləri ikinci hədis isə belədir: “Ummu Sələmənin yanına getdim. Mənə dedi: Sizin aranızda Peyğəmbərə - sallallahu aleyhi və alə alihi və səlləm – söyülür? Dedim: Allah qorusun! Subhənallah! Ummu Sələmə dedi: Rəsulullahın belə dediyini eşitdim: Əlini söyən məni söymüşdür![4] Bəli, bu hədis səhihdir, lakin bu, Müaviyənin Əlini söyməyinə və ya söyülməyini əmr etməsinə dəlalət etməz. Məlumdur ki, Şam əhli Əlini sevməyib, çünki Əli ilə vuruşda əzizlərini itirmişdilər və bu səbəbdən Əlini sevməzdilər və onlardan bir çoxu Əlini söyərdi, onun haqqında pis sözlər işlədərdilər. Lakin bunun Müaviyənin ayağına yazılmasına dair dəlil yoxdur.

Daha sonra başqa bir hədisi zikr etmədən öncə belə bir cümlə ilə giriş edirlər: “Muaviyənin seçmə kadrlarından olan Muğirə bin Şubə də öz sahibinin məzhəbinə uyğun olaraq xütbədə Əlini söyərdi. Bunu İbn Hibban səhih sənədlə nəql etmişdir.” Daha sonra hədisi zikr edirlər: “Abdurrahman bin əl-Əxnəs məsciddə idi. Muğirə Əli haqda danışıb, onu təhqir edib söydü. Səid bin Zeyd ayağa qalxıb dedi..." Bəli, hədis səhihdir və bu, Müaviyənin yox, əl-Muğira bin Şubə’nin söyməyinə dəlildir. Lakin bu qövmün əl-Muğira bin Şubə’yə tənə etmək üçün işlətdikləri sözə diqqət edin: “Muaviyənin seçmə kadrlarından olan Muğirə bin Şubə...” Sözdəki rişxənd və istehzaya baxın! əl-Muğira bin Şubə Hudeybiyyə sülhündən öncə müsəlman olmuş, hicri altıncı ildə Hudeybiyyə’də peyğəmbər ilə - salləllahu aleyhi va səlləm – birlikdə ümrə etmiş, peyğəmbərin – aleyhissalətu vassələm – böyük səhabələrindəndir və rizvan beyətində iştirak edənlərdəndir. Allahu təalə Hudeybiyyədə ağac altında beyət edənlər haqqında buyurur: “Möminlər ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.” Allah – cəllə cələluhu – onlardan razı qaldığını söyləyir. əl-Buxari və Muslim’in rəvayət etdiyi hədisdə Allahın elçisi – salləllahu aleyhi va səlləm – onlar haqqında deyir: “Siz yer üzünün ən xeyirlilərisiz.[5] Yenə Muslimin rəvayət etdiyi bir rəvayətdə “Hatib’in qullarından biri Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına gələrək Hatib’dən şikayət etdi və dedi: “Ey Allahın elçisi, Hatib mütləq cəhənnəmə girəcək.” Bunun üzərinə Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Yalan danışdın, ora daxil olmayacaq, çünki o, Bədrdə və Hudeybiyyədə iştirak edib.[6] əl-Muğira da Allahın razı qaldığı ağac altında beyət edən səhabələrdən biridir. əl-Xandəq ilində müsəlman olmuş, Hudeybiyyəyə şahidlik etmiş, sonra Yəməmə yürüyüşündə iştirak etmişdir. Şam, əl-Qadisiyyə, Nəhəvənd, Həmədan və digər torpaqların fəthində iştirak etmiş və Yərmuk döyüşündə bir gözünü itirmişdir. Ömər onu Basraya, sonra Kufəyə vali təyin etmiş və Osmanın dövründə də Kufə üzərində vali olaraq qalmışdır. Beləliklə də həm Ömərin, həm də Osmanın seçkin kadrlarındandır. Belə bir səhabəyə necə rişxənd etmək olar?! Yoxsa Əli bin Əbi Talib’i söymək bütün bu fəzilətlərin üzərindən xətt çəkəcək qədər böyük günahdırmı?! Ola bilər ki, bu retorik sualın cavabında bizə Ummu Sələmə’nin peyğəmbərdən – salləllahu aleyhi va səlləm – nəql etdiyi – “kim Əlini söyərsə məni söymüşdür[7] – sözlərini gətirsinlər. [8]Bu hədisə bizim cavabımız belə olacaq. Bu hədisi doğru anlamaq üçün hədisin mövcud bütün ləfzlərinə və rəvayət kanallarına baxaq. Mən burada bu rəvayət kanllarını və ləfzlərini zikr edirəm.

İmam Əhməd isə deyir: “Yəhyə bin Əbi Bukeyr bizə xəbər verdi; İsrail bizə Əbu İshaq’dan, o da Əbu Abdilləh əl-Cədəli’dən belə dediyini rəvayət etdi: “Ummu Sələmə’nin yanına daxil oldum və mənə dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – aranızda necə söyülə bilir?” Dedi: “Allaha sığınırıq!” və ya “Subhənallah” və ya bənzəri bir söz dedi. (Ummu Sələmə) dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Kim Əlini söyərsə məni söymüşdür.” ən-Nəsəi də əl-Abbas bin Muhəmməd vasitəsilə Yəhya bin Əbi Bukeyr’dən eyni isnad və eyni ləfz ilə rəvayət etmişdir. əl-Əcurri “əş-Şəriah” kitabında deyir: “əl-Firyəbi bizə rəvayət etdi; Muhəmməd bin əl-Musənnə bizə rəvayət etdi; dedi: “Yəhyə bin Əbi Bukeyr bizə rəvayət etdi....” və daha sonra İsrail vasitəsilə Əbu İshaq’dan eyni ləfzi rəvayət edir. Həmçinin əl-Hakim “əl-Mustədrək” kitabında deyir: “Əhməd bin Kəmil əl-Qadi bizə xəbər verdi; Muhəmməd bin Sad əl-Avfi bizə rəvayət etdi; Yəhyə bin Bukeyr bizə rəvayət etdi...” və davamında İsrail vasitəsilə Əbu İshaq’dan eyni hədisi, eyni ləfz ilə rəvayət edir. Həmçinin İbn Asəkir tarixində İsmayıl bin Xalil vasitəsilə Əli bin Mushir’dən, o da Əbu İshaq’dan rəvayət edir.

Bu qeyd etdiyim rəvayət kanalları hədisi bu ləfz ilə zikr edirlər, yəni Ummu Sələmə deyir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Kim Əlini söyürsə məni söymüşdür.” Beləliklə də bu ləfzi bu şəkildə bizə iki nəfər - nəvəsi İsrail bin Yunus və Əli bin Mushir - Əbu İshaq əs-Səbi’idən, o da Əbu Abdilləh əl-Cədəli’dən rəvayət edir. Lakin bu hədis digər ləfzlərlə də gəlib. İndi o ləfzləri sənədləri ilə birlikdə zikr edirəm:

İbn Əbi Şeybə “əl-Musannəf” kitabında deyir: “Abdullah bin Numeyr bizə Fitr (bin Xəlifə)dən, o da Əbu İshaq’dan, o isə Əbu Abdilləh əl-Cədəli’dən rəvayət etdi; dedi: “Ummu Sələmə dedi: Ey Əbu Abdilləh! Allahın elçisi – salləllahu aleyhi va səlləm – necə aranızda söyülür və siz sonra bunu dəyişdirmirsiz.” Dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – kim söyür?” Dedi: “Əli və onu sevənlər söyülür və Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu sevərdi.” Əbu Yələ əl-Məvsili “Müsnəd” kitabında deyir: “Əbu Xeysəmə bizə rəvayət etdi: Ubeydullah bin Musa bizə rəvayət etdi: İsa bin Abdirrahmən əl-Bəcəli bizə əs-Suddi’dən, o da Əbu Abdillah əl-Cədəli’dən rəvayət etdi; dedi: “Ummu Sələmə dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – minbərlərdə necə söyülə bilir?” Dedim: “O, necə olur?” Dedi: “Məgər Əli və onu sevənlər söyülmürlərmi?! Şahidlik edirəm ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu sevərdi.” ət-Tabərani “əl-Mucəm əl-Kəbir” kitabında deyir: “Əli bin Abdilaziz bizə rəvayət etdi: Əbu Nueym bizə rəvayət etdi: Fitr bin Xəlifə bizə Əbu İshaq’dan, o da Əbu Abdillah əl-Cədəli’dən belə dediyini rəvayət etdi: “Ummu Sələmə dedi: “Ey Əbu Abdilləh, Allahın elçisi – salləllahu aleyhi va səlləm – sizin aranızda necə söyülə bilir?” Dedim: “Axı kim Allahın elçisini – salləllahu aleyhi va səlləm – söyür?” Dedi: “Məgər Əli və onu sevənlər söyülmürlərmi? Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu sevərdi.” Həmçinin İbn Asəkir tarixində isnadı ilə İsmayıl bin Əbən əl-Varraq’dan rəvayət edir; dedi: “Amr bizə İsmayıl əs-Suddi’dən rəvayət etdi; dedi: “Qeys bin Əbi Həzim dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – zövcəsi Ummu Sələmə’ni belə deyərkən eşitdim: “Kim Əlini və onu sevənləri söyərsə Allahın elçisini – salləllahu aleyhi va səlləm – söymüşdür və mən şahidlik edirəm ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu sevirdi.”

Gördüyümüz kimi burada hədis tam fərqli ləfz ilə varid olmuşdur. Burada Ummu Sələmə - radiyallahu anhu – peyğəmbərin – salləllahu aleyhi va səlləm – bu sözü dediyini yox, özünün belə bir məna çıxardığını zikr edir və Ummu Sələmə əslində bu sözü deyib: “Əli və onu sevənlər söyülür və Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu sevərdi.” Bu ləfzi isə bizə Əbu Abdilləh əl-Cədəli və Qeys bin Əbu Həzim rəvayət edir. Bunu Əbu Abdilləh əl-Cədəli’dən bu ləfz ilə bizə Əbu İshaq əs-Səbi’i və İsmayıl bin Abdirrahmən bin Əbi Kərimə əs-Suddi rəvayət edir. əs-Suddi’dən bunu rəvayət edənlər Amr və İsa bin Abdirrahmən əs-Suləmi əl-Bəcəli’dir və hər ikisi də bu ləfzdə ittifaq ediblər, yəni əs-Suddi’dən Ummu Sələmə’nin bu ləfz ilə söyləməsini rəvayət etməkdə ittifaq ediblər. Lakin Əbu İshaq əs-Səbi’idən rəvayət edənlər ixtilaf ediblər, ondan rəvayət edən İsrail bin Yunus və Əli bin Mushir mərfu olaraq “kim Əlini söyərsə məni söymüşdür” ləfzini rəvayət edirlər, lakin Fitr bin Xalifə isə Əbu İshaq’dan məvquf olaraq “Əli və onu sevənlər söyülür və Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu sevirdi” ləfzi ilə rəvayət edir. Əgər Əbu İshaq əs-Səbi’inin ömrünün sonunda hafizəsinin zəiflədiyini, hətta bir çox alimlə görə ömrünün sonunda qarışdırdığını nəzərə alsaq belə bir nəticəyə gəlmək olar ki, “kim Əlini söyərsə məni söymüşdür” ləfzi bir xətadır, Əbu İshaq əs-Səbi’inin hafizəsindəki zəiflikdən və ya mühəddislərin ixtilat adını verdikləri qarışıqlıqdan qaynaqlanır. Ona görə də İbn Kəsir “əl-Bidəyə van-Nihəyə” kitabında bu ləfz ilə gələn bütün rəvayətləri zəif saymışdır. Həmçinin Şeyx əl-Albani “kim Əlini söyərsə məni söymüşdür” ləfzinin münkər olduğunu deyir, lakin doğru və səhih olan ləfzin “Əli və onu sevənlər söyülür və şahidlik edirəm ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu sevirdi” olduğunu demişdir.

Lakin fərz edək ki, hədis səhihdir. Bu halda belə hədisi zahirinə görə anlamaq xətadır Hədisi doğru anlamaq lazımdır, çünki hədisi zahirinə görə anlasaq Əlini söyməyin küfr olduğunu söyləməyimiz gərəkdir. Lakin bunu iddia edən yoxdur, o zaman hədisi zahirindən digər mənaya təvil etmək lazımdır. Bu məsələdə zikr olunmuş təvillərdən biri budur ki, Əlinin nəsəbini söyən peyğəmbəri – aleyhissalətu vassələm – söymüş olur. Bu təvili dəstəkləyən tərəflərdən biri də budur ki, Əbu Bəkr və Ömər Əlidən daha əfzəl olsa da onlar haqqında belə bir xitab gəlməyib, lakin Əli bununla xüsusiləşdirilib, çünki Əli peyğəmbərin – salləllahu aleyhi va səlləm – nəsəbindəndir. Ona görə də Şeyx Nuruddin Aliyyul-Qari bin Muhəmməd əl-Həravi hədisin şərhində deyir: “Kim Əlini söyərsə”, yəni nəsəb cəhətindən (söyərsə), “məni söymüşdür.[9] Digər təvil isə bunu halal sayaraq söyməkdir. İstənilən halda alimlər bu hədisi zahiri mənasında anlamırlar.

Üstəlik əl-Muğira bin Şubə’nin söydüyünü dedikdə bu söyüşün necəliyi haqqnda da düşünməliyik. Məqalənin axırlarında “söymək” haqqında lazım olan izahatı təqdim edəcəyik, lakin əl-Muğira haqqında bu qədər ilə kifayətlənirik. Aydın olur ki, bu rəvayət Müaviyə’nin söyməyinə və ya söyməyi əmr etməyinə heç bir vəch ilə dəlalət etmir, Müaviyənin valilərindən biri olması Müaviyəni də günahkar çıxarmaz.

Bundan sonra yenə əl-Muğira’nın Əlini söyməyinə dəlalət edən digər rəvayətləri zikr edir və bu rəvayətlər səhihdir. Daha sonra Mərvan bin əl-Həkəm’in rəvayətini zikr edir və yenə də söyləməliyik ki, Mərvan bin əl-Hələm Müaviyə deyildir. Mərvan’dan rəvayət etdiyi xəbəri isə İbn Avn adlı ravi Umeyr bin İshaq’dan rəvayət edir və Umeyr bin İshaq isə Əbu Muhəmməd əl-Bəsri əl-Quraşi’dir, Haşim oğullarının azadlı quludur. Yəhyə bin Main bir rəvayətdə onu zəif saymışdır, İbn Adiy və əl-Uqeyli onu zəif ravilər arasında zikr ediblər, həmçinin əz-Zəhəbi “əl-Muğni” əsərində onu zəif ravilər arasında almışdır. ən-Nəsəi, İbn Hibbən, əl-Heysəmi və başqaları da onu siqa sayıblar. Bəzi alimlər Umeyr bin İshaq’dan İbn Avn’dan başqa heç kimin hədis rəvayət etməməsi səbəbi ilə onu məchul hesab ediblər. Xəbərin səhih olub olmamasından asılı olmayaraq deyirik ki, Mərvan bin əl-Hakəm’in etdikləri Müaviyənin ayağına yazılmaz, necə ki, Müaviyə Ömər və Osman üçün vali olduqda onun etdikləri Ömərin və Osmanın ayağına yazılmamalıdır.

Bura qədər yazdıqlarımızdan aydın oldu ki, Müaviyənin Əlini söyməsi və söyməyi əmr etməsi haqqında səhih heç bir şey varid olmayıb və bu mövzuda gəlmiş ən səhih xəbər Muslimin “əs-Sahih” kitabında keçir və bu hədisi də qeyd etməyi unutmayıblar. Biz hədisi bu qövmün tərcüməsi ilə təqdim edirik: “Muaviyə bin Əbi Sufyan, Sad bin Əbi Vaqqası çağırdı. Muaviyə ondan soruşdu: Əbu Turabı/Əlini söymənə əngəl olan nədir? Rəsulullahın - sallalahu aleyhi və alə alihi və səlləm - onun haqqında zikr etdiyi üç xüsus vardır ki, onları xatırladığım müddətcə mən əsla Əlini söymərəm. Bunlardan hər biri mənim üçün qırmızı dəvələrdən xeyirlidir:  Rəsulullah bəzi savaşlarda onun arxa cəbhədə qalmasına qərar vermişdi. Əli ona dedi: Ey Allahın rəsulu! Məni qadın və uşaqlarla bərabərmi qoyursan? Rəsul belə cavab verdi: "Mənim yanımda Harunun Musa yanındakı mərtəbəsindəki kimi olmaq istəmirsənmi? Ancaq məndən sonra peyğəmbərlik yoxdur!" Xeybər günü Rəsul belə dedi: "Bu bayrağı elə birinə verəcəm ki, Allahı və Rəsulunu sevir. Allah və Rəsuluda onu sevir." Hamımız bayrağı almağa ümid edirdik. Rəsul dedi: "Əlini yanıma çağırın!" Əli gözü xəstə halda gəldi. Peyğəmbər onun gözünə tüpürcəyini sürdü və bayrağı ona verdi. Allahda ona fəthi müyəssər etdi. "De: Gəlin oğullarımızı və oğullarınızı çağıraq..." ayəsi nazil olduqda, Rəsulullah Əlini, Fatiməni, Həsən və Hüseyni çağırdı və dedi: "Allahım mənim ailəm bunlardır"...

Beləliklə də gördüyünüz bu hədis mövzu haqqında gəlmiş ən səhih hədisdir. Gəlin bu hədisə sünnət əhlinin ən böyük alimlərinin münasibəti ilə tanış olar. Alimlərin sözlərini və onların görüşlərini burada təqdim edirəm.

Alləmə Əbu Abdilləh Muhəmməd bin Əli ət-Təmimi əl-Məziri (hicri 453-536) deyir: “Burada ona söyməyi əmr etməsinə dair aşkar bir ifadə yoxdur, sadəcə olaraq söyməsinə mane olan səbəb haqqında soruşdu Belə bir sual haqqında soruşulan adamı söyməyi icazəli görəndən soruşulduğu kimi icazəli görməyəndən də soruşula bilər. Ola bilsin ki, Müaviyə Sad’ı onu (yəni Əlini) söyən bir qövmün yanında görmüş və onların bu işini inkar etməsi mümkün olmamışdır. Buna görə də ondan peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi həmin sözləri çıxarmaq üçün ona – “Əbu Turabı söyməyə sənə mane olan nədir?” – sualını vermişdir ki, onun üçün Əlini söyənlərə qarşı hüccət olsun və ordusunun güruhuna qarşı ona əsaslansın və beləliklədə səhabələrdən bir başqasının dili ilə muradına çatmış olsun.[10]

Məşhur vəzir Alləmə Avnuddin Əbul-Muzaffər Yəhya bin Muhəmməd bin Hubeyra (hicri 499-560) deyir: “Bu hədisdə dəlil vardır ki, Müaviyə - “Əbu Turabı söyməyinə nə mane oldu?” – sözü ilə Sad’da olanı oyadaraq çıxarmışdır. O, ona sual verəndir. Buna dəlalət edən tərəf odur ki, Sad Əlinin fəzilətlərini zikr etdikdə Müaviyə onun sözünü inkar etmədi və həmçinin Sad bütün sözlərini tam sərbəstlik ilə, özlüyündə deyinmədən, tam rahat şəkildə söyləyə bilmişdir. Ola bilsin ki, Müaviyənin Sadın sözü ilə, Sadın Əli haqqında dedikləri ilə öz əhli və davamçıları arasındakı bəzi gənclərə dərs vermək istəməsi uzaq bir ehtimal deyildir. Belə ki, rəvayət edilib ki, o, Əlini tərifləyərdi və deyərdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – elmi bir-başa onun ağzına qoyardı.” Aralarındakı gərginliyə baxmayaraq Əlidən ona fətvalar gələrdi və o, Əlinin fəzilətini heç bir zaman inkar etməmişdir. Aralarındakı savaş isə sadəcə fəri bir məsələdəki ictihada dayanır ki, o məsələdə Müaviyə xəta etmiş, Əli isə doğruya isabət etmişdir və bu, onu iman dairəsindən kənara çıxarmaz.[11] Beləliklə də İbn Hubeyra hədisdən Müaviyənin Əlini söyməyi əmr etdiyini anlamamışdır, əksinə sadəcə Sad’dan söyməməyinin səbəbini sormuşdur. Çox sayda alim belə bir təfsiri doğru sayıblar və Müaviyənin Sada etiraz etməməsini bu mənaya dəlil olaraq göstəriblər.

Əbul-Abbas Əhməd bin Ömər əl-Qurtubi (hicri 578-656) ”əl-Mufhim” kitabında Darar əs-Sudai’nin xəbərini zikr edir və orada Müaviyə əs-Sudai’dən Əlini – radiyallahu anhu – vəsf etməsini istəyir və əs-Sudai Əlinin fəzilətlərini, onun gözəl xüsusiyyətlərini zikr etdikdən sonra Müaviyə ağlamağa başlayır və Əlinin fəzilətlərini təsdiqləyir və etiraf edir. Bu xəbəri tamamı ilə zikr etdikdən sonra Əbul-Abbas əl-Qurtubi deyir: “Bu hədis Müaviyənin Əlinin – radiyallahu anhu – fəzilətini, yüksək məqamını, haqqının böyüklüyünü, məkanını bildiyini göstərir və iş belə olduqda Müaviyənin ona lənət etməsi və onu söyməsi imkansızdır, çünki Müaviyə fəzilət, dindarlıq, həlimlik və gözəl əxlaq ilə vəsf olunub. Ondan bu barədə rəvayət edilənlərin əksəriyyəti yalandır, səhih deyildir. Bu barədəki ən səhih xəbər onun Sad bin Əbi Vaqqas’a dediyi – “Əbu Turabı söyməyinə sənə nə mane oldu” – sözləridir. Burada isə söyməyə dair açıq bir söz yoxdur. Bu sadəcə olaraq ondan bunu və ya bunun əksini çıxarmaq üçün (onu söyməkdən) imtina etməsinin səbəbini soruşmaqdır, necə ki, Sadın cavabından bu, aydın olur. Müaviyə də bunu eşitdikdə susmuşdur, boyun əymişdir və haqq sahibinin haqqını tanımışdır.

İmam Əbu Zəkəriyya Yəhya bin Şərəf ən-Nəvəvi (hicri 631-676) ”Sahih Muslim” kitabının şərhində deyir: “Müaviyənin bu sözündə Sad’a onu söyməsini əmr etməsinə dair aydın bir şey yoxdur, sadəcə olaraq söyməyə ona mane olan səbəb barədə soruşmuşdur, sanki soruşur: Sən günaha düşməkdən çəkindiyin üçünmü, yoxsa qorxduğun üçün, yoxsa başqa bir səbəbdən söyməkdən imtina etdin? Əgər günaha düşməkdən çəkindiyin üçün və onu söyüşdən qorumaq, şanını ucaltmaq üçün etdinsə o zaman sən doğru etmisən, gözəl əməl etmisən, əgər bundan başqa bir səbəb üçün etmisənsə bunun başqa bir cavabı vardır. Ola bilsin ki, Sad onu söyən bir qrupun içində olub və onlarla birlikdə söyməyib, onların bu əməli inkar etməkdən aciz olub və (Müaviyə) onların bu əməlini inkar edib, bunun üçün ona bu sualı soruşmuşdur.[12]

Şeyx Əbu Abdillah Muhəmməd bin Xalifə əl-Vaştəni əl-Ubbi (vəfatı hicri 827 və ya 828) “İkməlu İkməlil-Mulim” kitabında deyir: “Müaviyənin bu sözü dəlalət edir ki, Bənu-Umeyyə Əlini söyürdü, onu kiçildirdi, çünki onun Osmanın qətlinə kömək etdiyinə, halbuki ona kömək etmək imkanının olduğuna inanırdılar. Bunların hamısı yalançı gümandır, batil təvildir və təəssüb doğrunun üzünü örtmüşdü. Əli bu kimi şeylərdən uzaqdır/təmizdir. O, bunlardan bir şeyi etməməsinə dair and içmişdir. Ona dəstək verməməsinə gəldikdə Osman özü özünü təslim etmişdi və (qan tökülməməsi üçün) ona dəstək göstərilməsini qadağan etmişdi. Əlinin Osmanın qatillərindən qisas alınmasına mane olmasına gəldikdə isə yalan söhbətdir. Açıq şəkildə söyməyi və çirkin sözlər söyləməyi isə Bənu-Umeyyə’nin cahilləri, onların ən alçaq təbəqəsi edirdi, Müaviyə isə belə şey etməkdən uzaq biri idi, çünki o, səhabəlik məqamına, dinə, fəzilətə, gözəl əxlaqa sahib idi. Bu barədə deyilənlərə gəldikdə isə hamısı yalandır. Bununla bağlı ən səhih olan onun Sada dediyi bu sözlərdir və bunun izahı (əl-Qadi) İyadın dediyi kimidir. Müaviyə Əlinin fəzilətini, qədrinin böyüklüyünü etiraf edən biri idi və daha əvvəl zikr olunmuş xəbər buna dəlalət edir.[13] əl-Qadi İyadın dedikləri isə əl-Məziri’nin dedikləridir.

Həmçinin Alləmə Cəməluddin Muhəmməd Tahir bin Əli əl-Fəttəni əl-Hindi (hicri 910-986) “Məcmə Bihəril-Ənvar” adlı kitabında buyurur: “Bu, Müaviyənin söyməyi əmr etməsini gərəkdirməz, sadəcə nə üçün söyməkdən imtina etməsinin səbəbini soruşmuşdur ki, bunu günaha düşməkdən çəkindiyi üçün, Əlini ucaltdığı üçün və ya başqa səbəblərə görəmi etmədiyini soruşur.

Bütün bu dediklərimizdən anlaşılır ki, alimlər bu hədisdə Müaviyə’nin Əlini söyməsinə və ya başqalarına söyməyi əmr etməsinə dair açıq bir söz yoxdur. Hədisdən birdən çox məna başa düşmək olar və alimlər səhabələr haqqında hüsnü-zənnin gərəyi olaraq hədisi ən yaxşı mənaya həml ediblər.

Bunu dedikdən sonra əlavə etməliyik ki, hətta İbn Macə’nin rəvayət etdiyi hədis səhih olsa belə, hətta Muslim’in rəvayət etdiyi hədisi digər mənada qəbul etməli olsaq, yəni həqiqətən də Müaviyə’nin Əlini söydüyünü və söyülməsini əmr etdiyini qəbul etməli olsaq, burada “söyüş” ilə bizim anladığımız mənanın qəsd edilmədiyini də xüsusi vurmalıyıq. Növbəti sətirlərdə bunun izahını təqdim edirik.

Bilmək lazımdır ki, “söymək” Allahın elçisinin – salləllahu aleyhi va səlləm – dilində, həmçinin səhabələrin də dilində tənqid etmək mənasında da işlənib və alimlərimiz örfdə “söymək” sözünün həm də bu mənada işləndiyini də deyirlər. Bunun misalını biz Muslimin “əs-Sahih” kitabında Əbu Said əl-Xudri’dən rəvayət etdiyi hədisdə görürük. Əbu Said deyir: “Xalid bin əl-Valid ilə Abdurrahmən bin Auf arasında narazılıq var idi və Xalid onu söydü. Allahın elçisi – salləllahu aleyhi va səlləm – bunun üzərinə dedi: “Əshabımdan heç kimi söyməyin, çünki sizdən biriniz Uhud dağı boyda qızılı sədəqə versə onlardan birinin bir ovuc sədəqəsinə, nə də yarısına çata bilməz.[14] Görəsən Xalid bin əl-Valid’in verdiyi söyüş nə idi? Xalidin sözlərini bizə Ənəs xəbər verir və deyir: “Xalid bin əl-Valid ilə Abdurrahmən bin Auf arasında söz-söhbət var idi və Xalid Abdurrahmənə dedi: “(İslamda) bizi qabaqladığınız günləri başımıza qaxırsız.[15] Muslimin rəvayət etdiyi bu hədisdə Xalidin bu sözünün peyğəmbərə - salləllahu aleyhi va səlləm – çatdırıldığı və bunun üzərində yuxarıda zikr etdiyimiz sözləri söyləməsi yer alır. Beləliklə də Xalidin bu sözü söymək kimi qəbul edilmişdir. Həqiqətən də ərəb dilində bu cür sözlərə “söymək” adını da verirlər. Ona görə də alimlərimiz Müaviyənin söyməyinin bu mənada ola biləcəyini söyləyiblər. əl-Məziri deyir: “Əgər bu məslək ilə getməməli olsaq və onun qəzəbin doğurduğu və hirsli anda baş verən əks mənanı qəsd etdiyini söyləməli olsaq (o zaman) söyüş ilə (burada) məzhəbi, rəyi rədd etməyi qəsd etməsi də mümkündür və bu da örfdə “söyüş” adlanır və bir firqənin başqa firqə haqqında onların məzhəblərində xəta etdiklərini, doğru yoldan azdıqlarını deyərkən, onları çoxca pislədiklərini eşitdikdə “bir firqə o birisini söydü” deyirlər. Müaviyənin - “Əbu Turabı söyməyə sənə nə mane oldu” - sözü ilə Sad’dan onun (yəni Əlinin) rəyində xəta etdiyini, bizim isə rəyimizin, bizim tutduğumuz yolun daha möhkəm, daha doğru olduğunu insanlara izhar etməsini istəmiş olması mümkündür.[16]

Əbul-Abbas əl-Qurtubi deyir: “Əgər burada Müaviyə’nin həqiqətən də Sadı söyməyə vadar etdiyini qəbul etsək (o zaman) Osmanı qatillərinə təslim etməklə, müharibəyə və müsəlmanların qətlinə girişmək ilə ictihadında qüsurlu olduğunu göstərməklə və bunun kimi fəzilət əhlinin belə təqsirkar çıxarılması mümkün olan işlərlə söyməyini tələb etmiş olması da möhtəməldir. Amma əməvilərin cahillərinin və ən alçaq təbəqəsinin etdiyi kimi açıq sözlərlə lənət etməsinə, pis-pis danışmasına gəldikdə isə Müaviyə və səhabəlikdə, dindarlıqda, fəzilətdə, həlimlikdə və elmdə onun kimi olanlar bu hərəkətdən uzaqdır.[17]

Bu, qəbul edilməsi qaçınılmaz olan bir təvildir, çünki eyni münasibət digər səhabələr haqqında da keçərlidir. Çünki səhabələr arasında ümumən bu cür söymək halları baş vermişdir və alimlər bu söymə hallarını səhabələrə layiq mənada anlayıblar, yoxsa onları adi insanlar ilə eyni tutmayıblar. Misal üçün əl-Buxari “əs-Sahih” kitabında Məlik bin Əvs ən-Nəsri’dən rəvayət etdiyi hədisində deyir ki, “Ömər bin əl-Xattab – radiyallahu anhu – onu çağırdı, bu zaman gözətçisi Yərfə gəldi və dedi: “Osman, Abdurrahmən, əz-Zubeyr və Sad yanına daxil olmağa izn istəyirlər, qəbul edirsənmi?” Dedi: “Bəli, onları içəri al!” Üstündən bir az keçdi və yenə gəldi: “Əli və Abbas izn istəyirlər, qəbul edirsənmi?” Dedi: “Bəli.” Hər ikisi içəri daxil olduqda Abbas dedi: “Ey möminlərin əmiri, bununla mənim aramda hökm ver!” Onlar Allahın Bənu Nədir qəbiləsindən peyğəmbərinə əta etdiyi mal üzərində mübahisə edirdilər. Əli və Abbas söyüşdülər. (Daha əvvəl içəri daxil olmuş) camaat dedi: “El möminlərin əmiri, onların arasında hökm ver! Onların birini digərinin əlindən qurtar!...[18] Hədis daha sonra davam edir. Bu hədisdə açıq sözlərlə qeyd edilir ki, Əli bin Əbi Talib və peyğəmbərin – salləllahu aleyhi va səlləm – və Əlinin doğma əmisi Abbas bir-birilərinə söyüş verirdilər. Məgər biz bu hədisi bizim anladığımız söyüş olaraq qəbul edə bilərikmi? Biz, səhabələrin əxlaqına, onların kəraməti və fəzilətinə etibardan və onlar haqqında hüsnü-zəndən dolayı hədisi ən yaxşı mənada anlamalıyıq. Ona görə də Şəmsuddin Muhəmməd bin Yusuf əl-Kirməni (hicri 717-786) bu sözlərin şərhində deyir: “(Burada) söyüş nə çirkin sözlərlə iftira atmaq, nə də digər növlərdən deyildir.[19] Siracuddin Əbu Həfs İbn əl-Muləqqin isə (hicri 723-804) deyir: “Bu, insanlardan səviyyəsizlərinin və mədəniyyətsizlərinin etdiyi söyüşdən (şətm) deyildir, ola bilsin ki, onun hicrətdən geri qalmasını və ya bənzər şeyləri zikr etmişdir."[20]  Hənəfi imamlarından Alləmə Bədruddin Əbu Muhəmməd Mahmud bin Əhməd əl-Ayni (hicri 762-855) hədisin şərhində deyir: “Bu söyüş çirkin iftira qəbilindən, nə də haram növlərdən olmamışdır, ola bilsin ki, Əli Abbasın hicrətdən geri qalmasını və bənzər şeyləri zikr etmişdir.[21] Həmçinin Şihəbuddin Əbul-Abbas Əhməd bin Muhəmməd əl-Qastaləni də (851-923) bu söz barəsində deyir: “Haram olmayan tərzdə; qınamaq qəbilindən və ya buna bənzər tərzdə (söyüşüblər).[22]

Bu və digər misallar bizə öyrədir ki, “söymək” ilə heç də hər zaman bizim anladığımız tərbiyyəsizlik qəsd olunmur, lakin alimlərə görə “söymək” haram olmayan, sadəcə qınamaq qəbilindən olan, tənqid və azarlamaq növündən olan bir söz də ola bilər. O zaman Müaviyə haqqında bir daha düşünək. Müaviyə Əlinin və əhli beytinin dəyərini etiraf edən və hər zaman bunu özünə xatırladan biri olmuşdur. Hətta Əlinin övladlarına hər zaman yaxşılıq etmiş və onun ailəsinə dəstək vermişdir. İbn Əbi Şeybə səhih isnad ilə rəvayət edir ki, “əl-Həsən bin Əli Müaviyənin yanına daxil oldu və (Müaviyə) dedi: “Daha əvvəl heç kimsəyə vermədiyim və səndən sonra heç bir ərəbə verməyəcəyim bir mükafatı sənə verəcəm və ona dörd yüz min verdi və (əl-Həsən) bunu qəbul etdi.[23]  İbn Asəkir “Tarix Diməşq” kitabında Müaviyənin ona hər il yüz min dirhəm verdiyini rəvayət edir. Həmçinin İbn Kəsir’in tarixində rəvayət etdiyi başqa bir xəbərdə isə həm Həsənə, həm  də Hüseyndə iki yüz min dirhəm verdiyi zikr olunur. İndi təsəvvür edin ki, Müaviyə Həsənin və Hüseynin ataları Əli bin Əbi Talibi söyürdü və minbərlərdə onu söydürürdü, lakin Həsən və Hüseyn buna baxmayaraq Müaviyənin mükafatlarını qəbul edirdilər. Heç belə bir şey təsəvvür edilə bilərmi? Sizdən biriniz atanızı söyən şəxsdən mükafatlar qəbul edərsizmi? O zaman sizin özünüzə layiq görmədiyiniz bir hərəkəti Cənnətin gənclərinin seyyidi Həsən və Hüseynə necə yaraşdırırsız?! Bunu qəbul edən əhlul-beyt imamlarının ləyaqətini düşürmüş olur. Bu barədə heç bir səhih xəbər olmadığı halda hansı ağıl ilə belə bir iddianı qəbul etmək olar?!

Bir də başqa bir tərəfdən fikirləşin. Vuruşmaq söyməkdən daha şiddətlidir və məlumdur ki, Əli bin Əbi Talib ilə Müaviyə’dən savayı Talha, Ubeydullah, Aişə və daha bir çox səhabə vuruşub. Əgər bir səhabi Əlini söydüyü üçün fəzilətlərini itirmiş olursa o zaman Əliyə qarşı vuruşmaqla hökmü nə olmalıdır?! Bu çürük məntiqin sahiblərini hara götürdüyünü artıq özünüz düşünün. Gəlin ibrəti elə imamımız, böyüyümüz Əli bin Əbi Talib’dən götürək, belə ki, Əli bin Əbi Talib – radiyallahu anhu - onunla vuruşan Müaviyə tərəfdarları haqqında deyir: “Mənim ölülərim və Müaviyənin ölüləri cənnətdədir.[24] İsnadı səhihdir.

Bəs səhabələrin Müaviyəyə münasibəti necə olub? Yuxarıda İbn Abbas’ın bəzi sözlərini qeyd etdik. Həmçinin Mə’mər “əl-Cəmi” kitabında Həmməm bin Muneyyə’dən belə dediyini rəvayət edir: “İbn Abbası belə deyərkən eşitdim: “Müaviyə kimi mülk yönətmək üçün yaradılmış başqa birini görmədim.[25] Müaviyə səhabələrin gözündə adil biri olmuşdur, sözündə sadiq və etibarlı biri sayılmışdır. Ona görə də səhabələr Müaviyə’dən – radiyallahu anhu – peyğəmbərin – salləllahu aleyhi va səlləm – hədislərini rəvayət ediblər. Əbu Nueym əl-Əsfəhəni ondan hədis rəvayət etmiş səhabələrin bəzilərini bir arada zikr etmişdir və onların arasında bu səhabələri sayır: “Abdullah bin Abbas, Əbu Said əl-Xudri, Əbud-Dərdə, Cərir, ən-Numən, Abdullah bin Amr bin əl-As, Vail bin Hucr, Abdullah bin əz-Zubeyr.[26] Bəzi araşdırmaçılar bu səhabələrin sayının iyirmi üç olduğunu deyib. Bu sənədlərin bəzisi ən səhih kitablarda keçir. Əgər Müaviyə səhabələrin gözündə fasiq olsaydı ona peyğəmbərin – aleyhissalətu vassələm – sözünü öyrənməkdə etimad etməzdilər. Səhabələrdən əl-Misvar bin Məxramə’nin Müaviyə ilə söhbəti üzərində bir az düşünək! Müaviyə ona dedi: “İmamları azarlamağın nə fayda verdi?” Dedi: “Gəl bir yaxşılıq et, tərk et bu söhbəti.” Dedi: “Xeyr, Allaha and olsun. Məndə qəbahət gördüyün şeyləri özün şəxsən mənə söyləyəcəksən.” əl-Misvar dedi: “Onda qəbahət gördüyüm heç bir şeyi tərk etmədim, lakin hamısını ona bəyan etdim.” Dedi: “Günahlarımızdan boyun qaçırmırıq, lakin, ay əl-Misvar, bizim insanların islahı üçün etdiklərimizi də sayacaqsanmı? Axı yaxşılıq on misli ilə mükafatlandırılır. Yoxsa yalnız günahları sayıb, yaxşılıqlarımızı tərk edəcəksən?!” (əl-Misvar) dedi: “Günahlardan başqa bir şeyi zikr etməyəcəyik.” Müaviyə dedi: “Şübhəsiz ki, biz etdiyimiz bütün günahları Allah üçün etiraf edirik. Məgər bağışlanılmadığın təqdirdə həlak olacağından qorxduğun sənə xas olan günahların yoxdurmu?” Dedi: “Vardır.” Dedi: “O zaman bağışlanmağa ümid etməyi səni məndən daha haqlı edən nədir?! Allaha and olsun ki, səndən daha çox islah işləri ilə üstlənmirəm, lakin Allaha and olsun ki, Allah ilə başqası arasında seçim qarşısında buraxılsam hər dəfə başqasını tərk edib Allahı seçərəm. Şübhəsiz ki, mən elə bir dindəyəm ki, ona görə əməllər qəbul olunur və edilən yaxşılıqlara görə mükafatlandırılır və Allah bağışlamadığı təqdirdə günahlara görə də cəzalandırılır.” (əl-Misvar) dedi: “Mənə üstün gəldi.” Urva deyir: “əl-Misvarı Müaviyəni hər dəfə zikr etdikdə ona xeyir-dua edərkən eşitdim.[27] İbn Abdilbərr bu əsər haqqında deyir: “Bu xəbər İbn Şihəb (əz-Zuhri)dən rəvayət edilmiş ən səhih xəbərlərdəndir.[28]

Sonunda isə səhabə adına sahib olmağın səhabələrin öz nəzdində necə bir imtiyaz olduğuna şahid olaq, şahid olaq ki, səhabələr bir-birilərini söysələr də onlardan heç biri buna görə səhabəlik məqamını itirmirlər və bizim onları peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələri kimi sevməyimiz lazımdır. Əli ibn əl-Cad “əl-Müsnəd” kitabında deyir: “Zuheyr bizə əl-Əsvad bin Qeys’dən, o da Nubeyh əl-Anəzi’dən belə dediyini xəbər verdi: "Əbu Said əl-Xudri’nin yanında idim. Əli bin Əbi Talib və Müaviyə zikr olundu və Müaviyə pisləndi. (Əbu Said) uzanmış halda idi və dikələrək oturdu və dedi: “Peyğəmbərə - salləllahu aleyhi va səlləm – yoldaşlıq, bəzən bir başqasına qoşulardıq, bəzən Əbu Bəkrə qoşulardıq. Bir gün Əbu Bəkrə qoşulmuşdum və birinin evinə qonaq getdik və həmin evdə bir hamilə qadın var idi və bizimlə səhradan bir nəfər var idi. Bədəvi həmin qadına dedi: “Oğlan uşağı dünyaya gətirmək istəyirsənsə o zaman mənə bir qoyun ver!” Qadın da ona qoyun verdi və bədəvi ərəb onun üçün bir şeylər yazdı. Sonra qoyuna tərəf getdi və onu kəsdi. Sonra onu bişirdi və biz oturduq, onu yeməyə başladıq və bu qoyunun hardan gəldiyini danışdıq. Bundan sonra Əbu Bəkr çölə çıxarkən, yediklərini özündən çıxarmağa çalışarkən, qusarkən gördüm.” Dedi: “Daha sonralar həmin bədəvini ənsarı təhqir etdiyi üçün/ələ saldığı üçün Ömərin yanına gətirilərkən gördüm. Bunun üzərinə Ömər dedi: “Əgər onda Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabəsi olmaq məqamı olmasaydı canınızı ondan qurtarmışdım, lakin o, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabəsidir.” Bu rəvayətin isnadı muttəsildir və raviləri siqadır. Nubeyh əl-Anəzi’ni Əbu Zura və əl-İcli siqa sayıblar və əz-Zəhəbi “əl-Kəşif” kitabında siqa olduğunu deyib.

Beləliklə də Müaviyənin pislənməsi Əbu Said’in xoşuna gəlmir və onlara səhabəlik məqamının bir bədəvinin statusunu necə ucaltdığını göstərməyə çalışmışdır. Demək istəyir ki, əgər bir bədəvi səhabəlik şərəfinə nail olduqda belə bir statusa çatırsa o zaman siz Müaviyə haqqında necə bu tərzdə danışa bilirsiz? Şihəbuddin Əbul-Abbas Əhməd ibn Həcər əl-Heytəmi (909-973) bu rəvayəti zikr etdikdən sonra deyir: “Onun peyğəmbərlə - salləllahu aleyhi va səlləm – görüşdüyünü bildiyi üçün Ömərin onu nəinki cəzalandırmamasına, hətta onu dili ilə acılamamasına nəzər yetir! Biləcəksən ki, onların səhabənin şanının heç bir şeyə bərabər olmadığına etiqad etməklərinin burada ən aydın göstəricisi vardır.[29] Bilmək lazımdır ki, İbn Abdilbərr və tək-tük alim istisna olmaqla alimlərin icmaya yaxın əksəriyyətinə görə istənilən bir səhabə sonradan gəlmiş və yaşamış ən fəzilətli alimlərdən və övliyalardan daha fəzilətlidir. O zaman Müaviyə və digər səhabələrin fəzilətini qəbul etməyimiz lazımdır. Səhabələrin arasında baş vermiş söymək halları onlar ilə Rəbləri arasındakı məsələdir və buna görə biz münasibət qurmamalıyıq. Xalid bin əl-Valid Abdurrahmən bin Auf’u söydükdə peyğəmbər – salləllahu aleyhi va səlləm – Xalidə düşmən kəsilmədi. Abbas ilə Əli bir-birilərini söydükdə onların yanında olan Ömər, Osman, Sad bin Əbi Vaqqas, Abdurrahmən bin Auf, Zubeyr onlardan birinə qarşı düşmən kəsilmədilər, nə də Əlini söydüyünə görə Abbasın üzərinə getmədilər. Muğira bin əş-Şubə münaqişədə Amr bin əl-Ası söydü, lakin oğlu mübarək səhabə Abdullah bin Amr buna görə Muğira ilə düşmən olmadı, əksinə atasının reaksiyasına sərt etiraz etdi. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – hüzurunda ənsardan olan gənc bir səhabi Muaz bin Cəbəli namazı uzatdığına görə söyür, lakin Allahın elçisi – salləllahu aleyhi va səlləm – səhabəsini söydüyü üçün ona düşmən kəsilmir, onun fəzilətini düşürmür, əksinə həmin gəncin döyüşdə şəhid düşdüyünə şahidlik edir. Bu cür misallar çox vermək olar və Şeyx Ənvər Şah əl-Kəşmiri’nin dediyi kimi səhabələr də ümumən bəşər övladlarıdır və onlarda da bu cür hallar baş verib. Bizə vacib olan onların qədrini bilmək, onları saymaq və hörmət etmək və onların arasında baş vermiş xoşa gəlməz hallar haqqında susmaqdır.



[1] “Sünən İbn Macə” (121)

[2] “Cəmiut-Təhsil”, səh: 222

[3] “Əhədis Muallə Zahiruhə əs-Sihhə”, səh: 146

[4] “Müsnəd Əhməd” (26748; ər-Risələ nəşri)

[5] əl-Buxari (2923); Muslim (1856)

[6] Muslim (2495)

[7] “Müsnəd Əhməd”, 6/160;

[8]

[9] “Mirqatul-Məfətih Şərh Mişkətil-Məsəbih”, 9/3942

[10] “əl-Mulim bi Fəvaid Muslim”, 3/246-247

[11] “əl-İfsah an Məanis-Sihah”, 1/348;

[12] “Sahih Muslim bi Şərhin-Nəvəvi”, 15/175

[13] “Sahih Muslim mə’ə Şərhihi əl-Musəmmə İkməli İkməlil-Mulim”, 6/224

[14] “Sahih Muslim” (2541)

[15] “Müsnəd Əhməd” (13812)

[16] “əl-Mulim bi Fəvaid Muslim”, 3/247

[17] “əl-Mufhim”, 6/278-279

[18] “Sahih əl-Buxari”, 4033;

[19] “əl-Kəvakib əd-Dərari fi Şərh Sahih əl-Buxari”, 15/206;

[20] “ət-Təvdih li Şərh əl-Cəmi əs-Səhih”, 21/126;

[21] “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 17/130;

[22] “İrşədus-Səri li Şərh Sahih əl-Buxari”, 6/281;

[23] İbn Əbi Şeybə, “əl-Musannəf” (30559)

[24] İbn Əbi Şeybə, “əl-Musannəf”, 15/303

[25] Əbu Bəkr əl-Xalləl, “əs-Sünnə”, 2/440 (677); Bunu Məmər “əl-Cəmi” kitabında rəvayət edir və kitab Abdurrazzəq’ın “əl-Musannəf” (20985) kitabı ilə birlikdə çap edilib. İsnadı səhihdir.

[26] “Mərifətus-Sahabə”, 5/2497;

[27] İbn Sad, “ət-Tabəqat”, 1/123;

[28] “əl-İstiy’əb fi Mərifətil-Əshəb”, 3/1422;

[29] “əs-Savaiq əl-Muhriqa alə Əhlir-Rafd vad-Daləl vaz-Zəndəqa”, 2/610;

Aktual Mövzular

Tarixdən Səhifələr

Nəsiminin dərisi soyulubmu?

Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb.

Ly Mai qətliamı

Bu, bəşər tarixinin ən acılı səhifələrindən bir səhifədir. Bizlərə Qərbin "mədəniyyətini" ən çılpaq şəklində nümayiş etdirir. Bütün bunlardan bir nəticə çıxarmaq bizim üçün çox önəmlidir.