İmam Əhməd fəqih olaraq

Imam Əhmədin fəqih olması artıq ümmət arasında qəbul edilmiş bir faktdır. Artıq neçə əsrdir ki, alimlərimiz onu fəqihlər arasında zikr edirlər və bir müctəhid kimi onun məzhəbinə təqlid etməyi caiz görürlər. Tarixin müəyyən dövründə bu məsələ haqqında bəzi mübahisələr olmuş və ötüb keçmişdir. Bizim zamanımızda bəzi işsiz-gücsüz adamlar bu məsələni ortaya çıxarıblar və İmam Əhmədin məqamını insanların gözündə kiçiltmək məqsədi ilə onun fəqih olmasına, əqaiddə bir imam olmasına şəkk gətirməyə çalışırlar. Ona görə də bu yazımızda İmam Əhmədin fəqih olduğunu bir neçə yöndən göstərməyə çalışacağıq ki, insanların ürəyində şübhəyə yer olmasın.

 

 

Deyirlər ki, bəzi alimlər İmam Əhmədi fəqih hesab etməyiblər, onun mühəddis olduğunu deyiblər. Bu, İmam İbn Cərir ət-Tabəri’yə nisbət edilmiş görüşdür. Əşari şafi’i alimi İzzud-Din İbnul-Əsir əl-Cəzəri “əl-Kəmil fit-Tərix” kitabında deyir: “Bu il “ət-Tərix” kitabının sahibi Muhəmməd bin Cərir ət-Tabəri Bağdadda öldü, hicri 224-cü ildə doğulmuşdu. Gecə vaxtı evində dəfn edildi, çünki avam kütlə toplanmışdı və gündüz vaxtı dəfn olunmasına mane oldular. Onun rafizi olduğunu iddia etdilər, daha sonra onun mülhid olduğunu iddia etdilər və Əli bin İsa deyərdi: “Allaha and olsun ki, bunların özlərindən rafizilik və mülhidliyin mənasının nə olduğunu soruşsan bilməyəcəklər, nə də bunu dərk etməyiblər. “Təcəribul-Uməm” kitabının sahibi İbn Miskəveyh bu şəkildə (hadisələri) zikr edir. Belə bir imam bu şeylərdən məsumdur. Avam kütlənin təəssübü haqqında dediklərinə gəldikdə isə hal belə olmamışdır, ona qarşı təəssübkeşlik edənlər bəzi hənbəlilər olublar və onu təhqir ediblər və başqaları da bunda onlara tabe olublar. Bunun isə bir səbəbi olub. Səbəb isə bu idi ki, ət-Tabəri bir kitab yazmış və orada fəqihlərin ixtilafını zikr etmişdi, onun mislində bir kitab yazılmamışdı və orada Əhməd bin Hənbəli zikr etməmişdi. Ondan bu barədə soruşulduqda dedi: “Fəqih olmayıb, sadəcə mühəddis olub.” Bu, hənbəlilərə ağır gəldi və Bağdadda saylarının sonu-hesabı yox idi və ona qarşı üsyan elədilər...[1] İbnul-Əsir ilə eyni zamanda yaşamış Yəqut əl-Həməvi “Mucəmul-Udəbə” kitabında bunun bənzərini zikr edir. Bunlardan heç biri ət-Tabəri’nin sözlərini hansı rəvayətdən götürdüklərini qeyd etmirlər və hadisə haqqında gəlmiş xəbərlərin heç birində ət-Tabəri’nin bu şəkildə İmam Əhmədin fiqhini inkar edən sözlər dediyini görməmişəm. İbnul-Əsir və Yəqut əl-Həməvi’nin kitablarında qeyd etdikləri rəvayət yox, hənbəlilərin ət-Tabəri’yə zülm etməsinin səbəbi olaraq qarşıya qoyduqları bir versiyadır. ət-Tabəri’nin İmam Əhmədi fəqihlərin ixtilafı haqqında yazdığı kitabına almamasından bu mənanı çıxarıblar. Lakin heç bir yerdə ət-Tabəri’nin İmam Əhmədi fəqih saymaması barədə sözləri bizə rəvayət edilməyib, ən azından mənim qarşıma belə sözlər çıxmayıb. Bu cür deməyimizin səbəbi isə budur ki, hənbəlilərin ət-Tabəri’yə qarşı zülm etməklərinin səbəbində alimlər özləri də ixtilaf ediblər. İbnus-Subki ümumiyyətlə bunun hənbəlilər yox, avam insanlar tərəfindən edildiyini deyib, ona görə o dövrdə hənbəlilər çox az idilər və belə bir qələt etmək üçün gücləri yox idi. İbn Kəsir və İbn Miskəveyh isə bunu ət-Tabəri’yə atılmış rafizilik iftirası ilə bağlayıblar.

Lakin doğrudur ki, ət-Tabəri ixtilaf haqqında təlif etdiyi kitabına İmam Əhmədin görüşlərini almamışdır. Məgər bu, ət-Tabəri’nin İmam Əhmədi fəqih saymaması anlamına gəlirmi? Xeyr, o mənaya gəlmir, lakin ət-Tabəri’nin zamanında digər fəqihlərdən fərqli olaraq İmam Əhmədin fiqhi məzhəbi formalaşmamışdı. Çünki ət-Tabəri kitabında az da olsa bir məzhəbi formalaşmış fəqihlərin görüşlərini qeyd etmişdir. Əbu Hənifə və əshabının, həmçinin Sufyan əs-Səvri’nin, əl-Əvzai’nin, əş-Şafi’ və Əbu Səvrin və Malikin məzhəblərini qeyd etmişdir. Sufyan əs-Səvri’nin məzhəbi formalaşmışdı və hicri dördüncə əsrin sonlarına qədər özünü onun məzhəbinə nisbət edənlər var idi və eyni sözü əl-Əvzai haqqında da deyə bilərik. Eləcə də Əbu Səvr’in məzhəbi üzərinə fətva verənlər var idi. əz-Zəhəbi onlardan bəzilərini kitablarında zikr edir. Ona görə də ən-Nəvəvi Əbu Səvri “Təhzibul-Əsmə val-Luğət” kitabında müstəqil məzhəbə sahib alimlər arasında zikr edir. İmam Əhmədə gəldikdə isə hicri 241-ci ildə vəfat edib və İbn Cərir ət-Tabəri hicri 310-cu ildə ölüb. İmam Əhmədin fətvalarını ilk olaraq bir kitabda toplayan Əbu Bəkr əl-Xalləl olub və o, hicri 311-ci ildə vəfat edib. Məzhəbdə ilk müxtəsəri yazan Əbul-Qasim əl-Xiraqi isə hicri 334-cü ildə vəfat edib.

Lakin İmam İbn Cərir ət-Tabəri kitabında əl-Leys bin Sad kimi Misirin fəqihinin görüşlərini və əl-Həsən bin Həyy kimi Kufənin fəqihlərindən birini zikr etməmişdir, halbuki İmam əş-Şafi’ özü əl-Leys’in İmam Malikdən daha fəqih olduğunu demişdir. Eləcə də dövrünün digər fəqihlərinin görüşlərini kitabına almamışdır. Kitabına aldığı Əbu Səvr özü şahidlik edir ki, İmam Əhməd Sufyan əs-Səvri’dən daha fəqih olmuşdur və Əbu Səvr özü bəzən İmam Əhmədin fətvaları ilə fətva vermişdir.

Gəlin bir də İmam ət-Tabəri’dən beş il sonra vəfat etmiş İmam Əbul-Abbas İbn Sureyc’in buna münasibəti ilə tanış olaq. Alləmə Əbul-Avn əs-Səffərini deyir: “ət-Tabərani dedi: “Bişr bin Musa’nın, yəni İbn Saleh əl-Əsədi’nin məclisində idik və Qazi, Fəqih Əbul-Abbas bin Sureyc bizimlə idi. Muhəmməd bin Cərir ət-Tabəri’nin və onun fəqihlərin ixtilafı haqqında yazdığı kitabına Əhməd bin Hənbəli daxil etməməsinin sözünü etməyə başladıq. Əbul-Abbas bin Sureyc dedi: “Məgər fiqhin əsasları elə Əhməd bin Hənbəlin gözəl bacardığından başqa bir şeydirmi?! Allahın elçisinin – salləllahu aleyhi va səlləm - əsərlərini hifz etdi, onun sünnətini və səhabələr ilə tabiinin – radiyallahu anhum - ixtilaflarını bilirdi.[2] İbn Sureyc şafi’i məzhəbindəki ikinci imam sayılır və İmam Əhməd üçün bu şahidliyi cavab olaraq kifayətdir.

Həmçinin İbn Abdilbərr’in “əl-İntiqa fi Fədailil-Əimmətis-Sələsə əl-Fuqahə” adlı kitab yazaraq ora yalnız Əbu Hənifə, Malik və əş-Şafi’ni daxil etməsi onun İmam Əhmədi fəqih saymaması anlamına gəlməz, lakin Əhmədin məzhəbinə tabe olunan bir məzhəb olaraq baxmadığı üçün digər məzhəblər ilə bir tutmamışdır, yoxsa İbn Abdilbərr özü “ət-Təmhid” və “əl-Kəfi” və digər kitablarında İmam Əhmədin görüşlərini digər fəqihlərin görüşləri ilə bir arada qeyd etmişdir.

Həmçinin Əbu Cafər Əhməd bin Muhəmməd ət-Tahavi’nin – rahiməhullah – ixtilaf haqqında yazdığı kitabına İmam Əhmədin görüşlərini daxil etmədiyini qeyd ediblər. Yuxarıda izah etdiyimiz kimi bu, İmam Əhmədi fəqih saymaması anlamına gəlməz, lakin ət-Tabəri’nin kitabı haqqında dediklərimiz bunun üçün də keçərlidir. Bununla belə qeyd etməliyik ki, ət-Tahavi’nin kitabının Əbu Bəkr əl-Cəssas tərəfindən ixtisar edilmiş müxtəsər versiyasına nəzər saldıqda ət-Tahavi’nin İmam Əhmədin görüşünü altı yerdə zikr etdiyini gördüm, halbuki yenə eyni kitabda Əbu Səvr’in görüşü sadəcə iki yerdə zikr olunur.

Üstəlik ət-Tabəri, ət-Tahavi İmam Əhmədin görüşlərini fəqihlərin görüşləri arasında zikr etməsələr də digərləri zikr ediblər. ət-Tabəri’dən daha öncə vəfat etmiş İmam Əbu Abdilləh Muhəmməd bin Nəsr əl-Mərvazi (vəfatı hicri 294) “İxtiləful-Uləmə” kitabında İmam Əhmədin və İshaq bin Rahaveyh’in görüşlərini əş-Şafi, Əbu Səvr, Sufyan əs-Səvri, Əbu Hənifə və Malik ilə bir yerdə qeyd edir.  Bir digər böyük fəqih, imam Əbu Bəkr Muhəmməd bin İbrahim bin əl-Munzir (vəfatı hicri 319) “əl-Əvsət fis-Sünən val-İcmə val-İxtiləf” kitabında İmam Əhmədi digər fəqihlər ilə birlikdə zikr etmişdir. Qazi Əbu Muhəmməd Abdulvahhab bin Əli əl-Bəğdədi əl-Məliki (vəfatı hicri 422) “əl-İşraf alə Nukəti Məsəilil-Xiləf” adlı kitabında İmam Əhmədin görüşlərini bir fəqih olaraq zikr edir. əl-Məvardi adı ilə tanınan Əbul-Həsən Əli bin Muhəmməd əl-Bəğdədi əş-Şafi’i (vəfatı hicri 450) “əl-Həvi əl-Kəbir” kitabında, Əbu Muhəmməd İbn Həzm əl-Əndəlusi (vəfatı hicri 456) “əl-Muhəllə” kitabında, qazilər qazisi Əbul-Həsən Əli bin əl-Hüseyn əs-Suğdi əl-Hənəfi (vəfatı hicri 461) “ən-Nutəf fil-Fətəva” kitabında, Əbul-Məali əl-Cuveyni əş-Şafi’i (vəfatı hicri 478) “Nihəyətul-Mətləb” kitabında, Şəmsul-Əimmə Əbu Səhl əs-Səraxsi (vəfatı hicri 483) “əl-Məbsut” kitabında, məşhur fəqih Əbu Həmif əl-Ğazəli (vəfatı hicri 505) “əl-Vasit” kitabında, Əbul-Valid İbn Rüşd əl-Məliki (vəfatı hicri 520) “əl-Bəyən vat-Təhsil” və “əl-Muqaddimət” kitablarında, Əbu Abdilləh Muhəmməd bin Ali əl-Məziri (vəfatı hicri 536) “Şərhut-Təlqin” kitabında, İbnud-Dəhhən adı ilə tanınmış şafii fəqihi Fəxrud-Din Əbu Şucə Muhəmməd bin Əli bin Şueyb (vəfatı hicri 592) “Təqvimun-Nəzar” kitabında İmam Əhmədi digər fəqihlər ilə birlikdə zikr edir. Həmçinin İbn Rüşd əl-Həfid (vəfatı hicri 595) “Bidəyətul-Muctəhid va Nihəyətul-Muqtəsid” kitabında İmam Əhmədin görüşlərini zikr edirlər. Həmçinin Əbu İshaq əş-Şirazi (vəfatı hicri 476) fəqihlər haqqında yazdığı “Tabəqat əl-Fuqəhə” kitabında İmam Əhmədi də fəqihlər arasında zikr etmişdir. “İmam Əhmədin görüşlərini fəqihlərin görüşləri arasında zikr edən və hicri dördüncü, beşinci əsrlərə aid olan onlarla kitablar mövcuddur və biz onlardan yalnız məşhur olanları burada qeyd etdik.

O zaman gəlin İmam Əhməd haqqında onun öz müasirlərinin nə dediklərinə baxaq. İmam Əhməd’in öz dövrünün alimləri tərəfindən bir fəqih olaraq qəbul edilməsini nümayiş etdirəcəyik və bu barədə gəlmiş xəbərləri zikr edəcəyik. Əbu Nueym "Hilyətul-Əvliyə" kitabında deyir: "İbrahim bin Abdilləh bizə rəvayət etdi: Muhəmməd bin İshaq əs-Səqafi bizə rəvayət etdi; dedi: Muhəmməd bin Yunus'u belə deyərkən eşitdim: Əbu Asim'i eşitdim və fiqh barədə danışdı və dedi: "Orada - Bağdadı qəsd etdi - bu adamdan - Əhməd bin Hənbəli qəsd etdi - başqası yoxdur, bizə oradan fiqhi yaxşı bacaran başqa heç kim gəlməyib."[3] Muhəmməd bin Yunus daha sonra Əbu Asim'ə İmam əl-Buxari'nin şeyxi Əli bin əl-Mədini'ni zikr edib və o da əli ilə işarə edərək inkar edib, yəni Əli bin əl-Mədini'ni fiqhdə güclü görməyib.

Əbul-Fərac İbnul-Cəvzi "Mənəqibul-İməm Əhməd" kitabında (səh: 87; Dar Həcr) deyir: "Abdurrazzaq əs-San'ani dedi: "Əhməd bin Hənbəl'dən daha fəqih və daha vara'lı birini görmədim."[4] Abdurrazzaq əs-San'ani məşhur "əl-Musannəf" kitabının sahibidir, Yəmənin imamlarındandır və hədis rəvayətində İmam Əhməd'in şeyxlərindən olmuşdur. Onun yanına hədis rəvayət etmək üçün gəlmiş alimlərin çoxluğunu düşün və sonra bu dəyərləndirmənin mənası üzərində fikirləş. İmam Əhməddən daha fəqih birini görmədiyini deyir. Ona görə də əz-Zəhəbi bu sözləri zikr etdikdən sonra deyir: “(Sufyan) əs-Səvri, Malik və İbn Cureyc kimiləri gördüyü halda bu sözü demişdir.[5] Beləliklə də Abdurrazzaq əs-Səvri, Malik və İbn Cureyc kimilərini gördüyü halda Əhmədi hamıdan daha fəqih hesab etmişdir. Yenə İbnul-Cəvzi eyni kitabında deyir: "İbn Əbi Mənsur bizə xəbər verdi: dedi: Abdulqadir bin Muhəmməd mənə xəbər verdi; dedi: İbrahim bin Ömər bizə xəvər verdi; dedi: İbn Mədrak bizə xəbər verdi; dedi: Abdurrahmən bin Əbi Hətim bizə rəvayət etdi: Əbu Zur'a (ər-Razi)ni belə deyərkən eşitdim: "İnsanların (yəni alimləri) Əhməd bin Hənbəli zikr etdiklərini və onu Yəhyə bin Main, Əli bin əl-Mədini və Əbu Xeysəmə'dən üstün tutarkən eşitməyə davam edirəm. Əshabımızın içində Əhməd bin Hənbəl'dən daha qara başlı, daha fəqih birini görmədim və ondan daha çox rəvayət toplamış birini görmədim. Ona dedilər: "Bəs İshaq bin Rahaveyh? Dedi: "Əhməd bin Hənbəl İshaqdan daha çox rəvayət toplayıb və ondan daha fəqihdir. Şeyxlərlə qarşılaşdım və ondan daha kamil birini görmədim. Onda zühd, fəzilət, fiqh və daha bir çox xüsusiyyət bir araya gəlmişdi."[6] Bu sözləri İbn Əbi Hatim ər-Razi’nin "əl-Cərh vat-Tədil" kitabında tapmaq olar.

Əbu Hatim İbn Hibban əl-Busti isə "əs-Siqat" kitabında (8/16; Hind çapı) deyir: "Əhməd bin əl-Muaddəl öz ölkəsində Malikin məzhəbi üzrə fiqh öyrənmişdi və Basra şəhərində Malikin məzhəbinə dəstək vermiş, onu müdafiə etmiş və insanları ona çağırmışdı, onun üstündə münazərələr edərdi. Gözəl yol/məzhəb sahibi idi, lakin ölüm onu tez haqladı və elmindən çox faydalanmaq olmadı. Əbu Xəlifə onun dərslərində çox oturan idi və ondan fiqh öyrənmişdi və onun məqamını böyüdərdi, şanını ucaldardı. Allah hər ikisinə də rəhmət etsin! Malikin məzhəbini çox sevdiyi üçün Əbu Xəlifə Bağdad əhlindən fiqh öyrənənləri gördükdə deyərdi: "Bizim Əhmədimiz sizin Əhməddən daha fəqihdir." Bununla Əhməd bin əl-Muaddəl'in Əhməd bin Hənbəl'dən daha fəqih olduğunu qəsd edərdi." Bunu zikr etdikdən sonra görün İbn Hibban nə deyir: "Heyhat! İkisindən daha fəqihi Allahın elçisinin - salləllahu aleyhi va səlləm - hədislərini ən yaxşı bilən olmuşdur və heç bir şəkk yoxdur ki, Əhməd bin Hənbəl Allahın elçisinin - salləllahu aleyhi va səlləm - sünnətini Əhməd bin əl-Muaddəl mislindəki iki yüz nəfərdən daha çox bilib. Şübhəsiz ki, İbn Hənbəl bu ikisindən daha fəqih və daha biliklidir."[7]

Zamanının fiqhdə və əqidədə imamlarından biri sayılan İmam Əbu Ubeyd əl-Qasim bin Səlləm deyir: "Elm dörd nəfərdə qurtarmışdır; onlardan ən fəqihi Əhməddir."[8] İmam Əhməd bin Şueyb ən-Nəsai isə deyib: ”Əhməd bin Hənbəl hədis bilikləri ilə fiqhi, vara, zühd və səbri bir yerdə toplamışdı.[9]

Həmçinin İbn Asəkir tarix kitabında isnadı ilə birlikdə rəvayət edir: "Yusuf bin Abdilləh əl-Xuvarazmi'ni Qüdsdə belə deyərkən eşitdim: Hərmələ'ni - və əl-Farisi "bin Yəhyə" sözünü əlavə etdi - belə deyərkən eşitdim: "əş-Şafi'ni belə deyərkən eşitdim: "Bağdaddan çıxdım və orada Əhməd bin Hənbəldən daha təqvalı, daha vara'lı və daha elmli - zənn edirəm ki, dedi: - və daha fəqih birini tərk etmədim." Bu, əksər ravilərin ləfzidir və Əbu Abdilləhin rəvayətində isə belə gedir: "Güman edirəm ki, "Əhməd bin Hənbəl'dən daha elmli birini..." dedi." İbn Asəkir daha sonra bu sözlər barəsində əl-Beyhəqi'nin belə dediyini zikr edir: "İmamımız Əbu Abdilləh Muhəmməd bin İdris əş-Şafi bunu yalnız Əbu Abdilləh (Əhməd bin Hənbəl)in halı haqqındakı bilikləri və təcrübəsinə əsasən demişdir."[10]

Şafi'i alimi Əbu İshaq əş-Şirazi fəqihlər haqqında yazdığı "Tabəqat əl-Fuqahə" kitabında Bağdadın fəqihləri arasında İmam Əhməd'i də zikr edir və deyir: "Quteybə bin Said dedi: "Əhməd bin Hənbəl əs-Səvri, Malik, əl-Əvzai və əl-Leys bin Sa'dın zamanına yetişsəydi onların hamısından üstün olardı. Quteybə'yə dedilər: "Əhmədi sən tabiinə bərabər tutursan?" Dedi: "Tabiinin böyüklərinə." Əbu Səvr isə dedi: "Əhməd bin Hənbəl (Sufyan) əs-Səvri'dən daha elmli və daha fəqihdir."[11] Əbu Səvr isə İmam əş-Şafi'nin əshabındandır və şafii alimləri arasında mütləq müctəhid olaraq zikr olunur. Bağdadlıdır və təbii ki, Bağdadda Əhməd bin Hənbəl kimi bir alimin necə fəqih olduğuna şahid olmuşdur. Bu o Əbu Səvr'dir ki, əl-Xatib əl-Bəğdədi isnadı ilə Əbu Bəkr əl-Mərruzi'dən belə rəvayət edir: "Əbu Səvr'in yanına gəldim və ondan bir məsələ haqqında soruşdular və dedi: "Şeyximiz və imamımız Əbu Abdilləh Əhməd bin Hənbəl bu barədə belə və belə dedi."[12] Əbu Səvr kimi müctəhid hər hansı bir məsələdə İmam Əhmədin fətvası ilə cavab verirsə bu, yalnız ona dəlalət edir ki, İmam Əhməd öz zamanında fətvası ilə əməl olunan mütləq bir müctəhid idi. Əbu Səvr’in bu dediyini Neysəbur’un böyük maliki fəqihi, Şeyxul-İslam Muhəmməd bin İbrahim əl-Buşənci də demişdir və İbnul-Cəvzi’nin “əl-Mənaqib” kitabında isnadı ilə rəvayət etdiyinə əsasən o, deyib: “O, mənə görə Sufyan əs-Səvridən daha fəzilətli və daha fəqihdir.[13] əl-Buşənci isə İmam Əhməd bin Hənbəl ilə qarşılaşdığı üçün onun fiqhinə şahidlik edə bilir. Ona görə də İmam Əbu İsa ət-Tirmizi ”əs-Sünən” kitabında İmam Əhmədin görüşlərini digər fəqihlərin görüşləri ilə birlikdə zikr etmişdir və onun görüşünü üç yüzdən çox yerdə qeyd etmişdir.

İmam Əhmədin mühəddis olmaqdan ziyadə bariz bir fəqih olmasına dair çoxlu dəlillər vardır. Bu dəlillərdən bəzilərini burada qeyd edirəm:

Birinci: İmam Əhməd elm tələbəliyinə başladıqda hər kəsdən öncə əl-Qadi Əbu Yusuf’dan elm almışdır. əz-Zəhəbi deyir: “Abbas əd-Duri dedi: “Əhmədi belə deyərkən eşitdim: “(Elm) tələb(in)ə ilk dəfə başladıqda əl-Qadi Əbu Yusuf’un yanına tez-tez gedirdim.[14] Bir başa əl-Qadi Əbu Yusuf’dan Kufə əhlinin fiqhini öyrənmiş, onların üslubuna, metodlarına vaqif olmuşdur.

İkinci: İmam Əhməd Məkkədə olarkən Sufyan bin Uyeynə'nin hədis məclisini tərk edir və İmam Muhəmməd bin İdris əş-Şafi'nin məclislərində oturur. Buna təəccüb edən tələbə yoldaşlarına bu şəkildə cavab verir: "Əgər hədisi ali isnad ilə yaza bilmədinsə, daha uzun isnad ilə tapacaqsan, amma bunu tapa bilməyəcəksən." Yəni İmam əş-Şafi'nin fiqhini daha sonra tapa bilməyəcəksən. Bu isə İmam Əhmədin hədisdən ziyadə fiqhə daha çox önəm verməsinin ən aşkar dəlilidir, əgər yalnız hədis ilə məşğul olan bir mühəddis olsaydı hədis məclisini tərk edib fiqh məclisində oturmazdı. Buradan çıxardığımız ikinci fayda budur ki, İmam Əhməd Bağdadda Əbu Yusuf əl-Qadi’nin fiqhini öyrəndiyi kimi İmam əş-Şafi’nin fiqhini həm Məkkə’də, həm də Bağdadda öyrənmişdir. Beləliklə də öz dövrünün fiqhdəki ən parlaq ulduzlarından olan iki böyük imamdan fiqh öyrənmişdir.

Üçüncü: Əbu Bəkr əl-Xalləl deyir: "Əhməd Rəy əhlinin kitablarını yazmış və onları hifz etmişdi."[15] Bəli, İmam Əhməd fiqhə göstərdiyi maraq səbəbi ilə rəy əhlinin də fiqhini öyrənmişdi. Lakin İmam Əhməd rəy əhlinin fiqhinə üstünlük vermədiyi üçün onların görüşlərinə iltifat etməmişdir, amma onların fiqhini, istinbat yollarını öyrənmişdir. İmam Əhmədin rəy əhlinin fiqhini gözəl bildiyinə dəlalət edən başqa bir xəbəri oğlu Abdullah bizlərə zikr edib. İmam əz-Zəhəbi ”əs-Siyər” kitabında deyir: ”Abdullah dedi: Atam Əbu Yusuf’un və Muhəmməd’in kitablarını yazdı və onları əzbər bilirdi. Muhənnə mənə dedi: “Ondan (rəy əhlinin görüşləri barədə) soruşurdum və deyirdi: “Kitablarında bu görüş yoxdur.” Beləliklə də onlara (yəni hənəfilərə) müraciət edirdim və deyirdilər: “Sənin şeyxin kitabları bizdən daha yaxşı bilir.[16]

Dördüncü: İmam Əhməd öz dövrünün fəqihləri ilə münazərələr edərdi. İmam əz-Zəhəbi “əs-Siyər” kitabında əl-Əsrəm’in belə dediyini zikr edir: “Əbu Abdilləh ilə olanlardan biri mənə rəvayət etdi ki, onlar Yəhyə bin Adəm’in yanında toplaşırdılar və Əhmədin Yəhyə bin Adəm ilə münazərə etməsi ilə hədisdən yayınardılar və ikisi arasında səs qalxardı və Yəhyə bin Adəm öz zamanın əhli arasında fiqhdə yek idi.[17] Yəhyə bin Adəm isə Kufənin fəqihlərindən və imamlarından olan əl-Həsən bin Saleh bin Həyy’in əshabındandır, böyük fəqihdir.

Beşinci: İmam Əhmədi görmüş və onun elmi ilə tanış olmuş alimlər onun fəqih olduğuna şahidlik ediblər. əş-Şafi, Əbu Səvr, Abdurrazzəq əs-San’ani, Əbu Ubeyd əl-Qasim bin Səlləm, Əbu Asim, Əbu Zura ər-Razi, ən-Nəsai, ət-Tirmizi, Muhəmməd bin İbrahim əl-Buşənci və digərləri onun fəqih olduğunu deyiblər və bu, şahidlik olaraq kifayət edər.

Altıncı: Bəlkə də İmam Əhmədin fəqih olmasına ən böyük dəlil onun özündən sonra geridə buraxdığı fiqhi sərvətdir. Onun fətvalarını tələbələri qələmə alıblar və daha sonra İmam Əhmədin məzhəbi məhz o fətvalara əsasən bina edilmişdir. Onun digər məzhəblərdən ayrı qaldığı görüşlərindən bir çoxunda digər məzhəblərin fəqihləri İmam Əhmədin haqqa daha yaxın olduğunu etiraf ediblər. İmam Əhmədin bəzi fətvalarında gəldiyi nəticələrdə istifadə etdiyi metodlardakı fiqhə həmçinin digər məzhəbin fəqihləri də diqqət çəkiblər.

 

Sonunda qeyd etmək istəyirəm ki, bir-iki alimin İmam Əhməd’in görüşlərini fəqihlərin ixtilafı haqqında yazdığı kitablarına daxil etməməkləri İmam Əhmədin fiqhdə bir imam olmadığını sübut etməz. Bunu yalnız cahil biri iddia edər. İmamın məzhəbinin tabe olunan məzhəb olması və Əhmədin təqlid edilməsi caiz olan bir müctəhid olması ümmətin üzərində ittifaq etdiyi bir məsələyə çevrilmişdir, necə ki, İmam Əbu Hənifə’nin həm üsulda, həm də furuda bir imam olmasında ümmət ittifaq etmişdir. Bundan sonra deyiləcək bir söz olmamalıdır. Əgər bir iki alimin sözünü və yaxud da əməlini bu şəkildə ibrət götürəsi olsaydıq onda Əbul-Məali əl-Cuveyni’nin “əl-Burhan” kitabında Əbu Hənifə və əshabı haqqında dediyi sözləri əldə bayraq edərdik və yaxud da Əbu Həmid əl-Ğazəli’nin “əl-Mənxul” kitabında onun haqqında işlətdiyi sözləri ibrət götürərdik. Halbuki İmam Əbu Hənifə’nin imamlığının şəkk götürməyəcək bir fakt olduğunu qəbul etdiyimiz üçün bu cür sözlərə iltifat etmirik, eləcə də İmam Əhmədin fiqhdə və üsulda imamlığının aşkar olduğunu gördüyümüz üçün bu barədə ortaya atılan şübhələrə ciddi yanaşmırıq.

Sonunda sözümüzü böyük fəqih, müctəhid, alləmə Əbul-Vafə İbn Aqil’in sözləri və əl-Hafiz əz-Zəhəbi’nin bu sözlər üzərində dediyi nəfis bir şərh ilə qurtarmaq istəyirik. İbn Aqil deyir: "Bu az yaşlı cahillərin dedikləri sözlər arasında eşitdiyim təəccüblü sözlərindən biri də budur: Əhməd fəqih deyildir, lakin mühəddisdir. Bu isə cahillikdə ən son həddir, çünki onun seçdiyi elə görüşlər vardır ki, o görüşlərini hədislər üzərinə elə bina etmişdir ki, onların əksəriyyətinin bundan xəbəri yoxdur, bəlkə də onların ən böyüklərini də üstələmişdir." əz-Zəhəbi bu sözləri zikr etdikdən sonra deyir: "Hesab edirəm ki, onlar Əhmədin sadəcə mühəddis olduğunu güman edirlər, hətta onlar bizim zamanın mühəddisləri prizmasından təsəvvür formalaşdırırlar. Allaha and olsun ki, Əhməd xüsusilə fiqhdə əl-Leys, Malik, əş-Şafi və Əbu Yusuf'un rütbəsinə çatmışdır. Zühddə və təqvada isə əl-Fəzl, İbrahim bin Ədhəmin, hifzdə isə Şu'bə, Yəhyə əl-Qattan və İbn əl-Mədini'nin dərəcəsinə çatmışdı. Lakin cahil insan heç öz səviyyəsini bilmir, başqasının səviyyəsini necə biləcək?!"[18]



[1] “əl-Kəmil fit-Tərix”, 6/677-678; Darul-Kitəbil-Arabi, birinci nəşr: 1417/1997, Beyrut

[2] “Ğizəul-Əlbəb fi Şərh Mənzumətil-Ədəb”, 1/303; Muəssəsə Qurtubə, ikinci nəşr: 1414/1993, Misir

[3] ”Hilyətul-Əvliyə va Tabəqatul-Əsfiyə”, 9/167; Darus-Səadə, 1394/1974, Misir

[4] ”Mənəqibul-İməm Əhməd”, səh: 87; Dar Həcr, ikinci nəşr: 1409,

[5] “Siyər Əaləmin-Nubələ”, 11/195; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1405/1985, Beyrut

[6] ”Mənəqibul-İməm Əhməd”, səh: 163;

[7] “Kitəbus-Siqat”, 8/16; Dairatul-Məarifil-Usməniyyə, birinci nəşr: 1393/1973, Heydərabad

[8] “əl-Cərh vat-Tədil”, 1/293; Dairatul-Məarifil-Usməniyyə, birinci nəşr: 1271/1952, Heydərabad

[9] “Siyər Əaləmin-Nubələ”, 11/199;

[10] “Tarixu Dəməşq”, 5/273; Darul-Fikr, 1415/1995, Beyrut

[11] “Tabəqatul-Fuqahə”, 1/92; Darur-Raid əl-Arabi, birinci nəşr: 1970, Beyrut

[12] “Tarixu Bəğdəd va Zeyluhu”, 5/183; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1417,Beyrut

[13] ”Mənəqibul-İməm Əhməd”, səh: 176;

[14] “Siyər Əaləmin-Nubələ”, 11/306;

[15] “Mənəqibul-İməm Əhməd”, səh: 79;

[16] “Siyər Əaləmin-Nubələ”, 11/306;

[17] “Siyər Əaləmin-Nubələ”, 11/189;

[18] “Siyər Əaləmin-Nubələ”, 11/321

Aktual Mövzular

Tarixdən Səhifələr

Nəsiminin dərisi soyulubmu?

Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb.

Ly Mai qətliamı

Bu, bəşər tarixinin ən acılı səhifələrindən bir səhifədir. Bizlərə Qərbin "mədəniyyətini" ən çılpaq şəklində nümayiş etdirir. Bütün bunlardan bir nəticə çıxarmaq bizim üçün çox önəmlidir.