Ly Mai qətliamı

1968-ci ilin mart ayının 16-sında amerikalı əsgərlər Vyetnamın şimalında yerləşən My Lai kəndinə tərəf yaxınlaşır, daha sonra iyirminci əsrin ən dəhşətli, ən faciəli qətliamlarından biri baş vermişdir. Amerika ordusunun rəsmi fotoqrafı Ron Haeberle’nin hadisə yerindən çəkdiyi canlı şəkillər bu qətliamın dəhşətini insanların diqqətinə çatdırırdı.

Amerika Birləşmiş Ştatlarının işğalçı qüvvələri kiçik bir kənddə beş yüzə yaxın dinc əhalinin canına qıymışdılar. Ölülər arasında körpələr, uşaqlar, qadınlar, hamilə qadınlar, qoca kişilər də var idi. Uşaqların, körpələrin, hamilə qadınların, qocaların baş dəriləri üzülmüş, beyinləri dağıdılmışdı. Qadınlardan bir çoxu qrup şəklində zorlanmış, öldürülmüş bədənlər üzərində inanılmaz eybəcərliklər edilmişdi.

Lakin hadisə dünya ictimaiyyətindən gizli saxlanırdı. Allah bu sirrin ömrünün qısa olmasını təqdir etmişdi. Seymour Hersh adlı müstəqil jurnalist 1969-cu ilin noyabr ayında bu hadisənin damarlarda qanı donduracaq gücdə olan xəbərlərini dünya ictimaiyyətinin gözləri qarşısına çıxardı. Amerikada və dünyada My Lai qətliamı ilə tanınan bu tarixi hadisə Vyetnamın özündə Son My qətliamı kimi tanınır. Əsgərlərin öz şahidliklərinə əsasən verilən göstərişlərə əsasən kənddə tərpənən hər bir canlı qətl edilməli idi və bura heyvanlar da daxil idi. Evlər yandırılmalı, quyular doldurulmalı, ərzaqlar məhv edilməli idi.

Haeberle sonrakı istintaq zamanı xatırlayır ki, kəndə yaxınlaşan əsgərlərin ilk olaraq qarşısına bir gənc oğlan və iki qız çıxdı, onlar öldürülməməkləri üçün əsgərlərə yalvarmaqlarına baxmayaraq güllələndilər. Haeberle bu hadisənin foto şəklinin olmadığını da xəbər verdi.

Əsgərlərdən biri istintaq zamanı necə əsgər yoldaşlarından birinin qarşısına çıxan qocanı bıçaqladığını xatırlayır. O söyləyir ki, eyni adam daha sonra bir kəndlini quyunun içinə atdı və arxasınca ora bir qumbara buraxdı. Yenə eyni əsgər iyirmiyə yaxın qadın və uşağın məbədin ətrafında diz çökərək toplandıqlarını və dua etdiklərini xatırlayır və əlavə edir ki, onların hamısı başlarından güllənərək öldürüldü.

Bir başqa əsgər xatırlayır ki, səksənə yaxın kəndli bir arada toplanaraq kəndin kənarındakı irriqasiya kanallarından birinin yanına gətirildi, daha sonra hamısı o kanalın içinə düşməyə məcbur edildi. Əsgər çox gözəl xatırlayır ki, qucaqlarında körpə uşaqlarla durmuş qadınlar əsgərlərə yaşlı gözləri ilə baxaraq “No VC” deyərdilər, “VC” müqavimət göstərən “Viet Cong” (Vyetkonq) döyüşçüləri idi və onlar əsgərlərə kənddə heç bir vyetkonq döyüşçüsünün olmadığını söyləyirdi. Əsgər daha sonra o qədər günahsız insanların üstünə M16 silahınlarından onlarla darağı boşaldaraq onları deşik-deşik etdiklərini xatırlayırdı. Qadınların qucaqlarında tutduqları körpə uşaqların çığlıqları o vəhşi amerikalı əsgərlərin ürəklərində azca da olsa mərhəmət hissi oyatmadı.

Gördüyünüz bu şəkli də fotoqraf Haeberle çəkmişdir. Onun şahidliyinə əsasən bu qadınları və uşaqları amerikalı əsgərlər bir arada topladılar. Haeberle bu şəkli çəkdikdən sonra üzünü arxaya çevirərək döndü və elə bu an avtomat silahının səslərini eşitdi. Gözünün ucu ilə onların necə bir-bir yerə yıxıldıqlarını gördü.

Qadının arxasında gizlənən uşağın gözündəki qorxular bu heyvanlara heç cür təsir edə bilmirdi. “Mədəniyyət” çağının öndə irəliləyən bu əsgərləri Vyetnama “sülh” gətirmək üçün orada idilər. Bu şəkillər bizim gənc nəsil olaraq yaşadığımız bu illərdən yad səhnələr deyildir, əslində biz bu vəhşiliklərin bu gün də amerikalı, rus və digər əsgərlər tərəfindən törədildiklərini görürük.

 

“Düşmənə” qarşı keçirilmiş bu “qəhrəmancasına” hücumda yalnız bir amerikalı əsgər yaralanmışdı. Carter adlı həmin zənci əsgəri yaralayan isə vyetnamlılar yox, öz əsgərləri olmuşdur.

 

Gördüyünüz bu şəkili də Haeberle çəkmişdir. O, kənddə işlərini qurtardıqdan sonra bu cəsədlər yığını ilə yol üstündə qarşılaşdığını xatırlayır. O, bu sözləri də əlavə edir: “Haradansa balaca bir uşaq gəldi... sanki o, dizi üstə çökərək öz anasını axtarırdı və əsgərlərdən biri onu oradaca bitirdi.”

Əsgər Michael Bernhardt kəndə daxil olarkən qətliamın həyata keçirildiyini bu sözləri ilə bizə nəql edir:

“Mən ora daxil oldum və bu əsgərlərin qəribə şeylər etdiyini gördüm... qamış daxmalara od vurur, insanların oradan çölə çıxmasını gözləyirdilər, sonra onları güllələyirdilər... ya da daxmanın içinə girib güllələyirdilər... insanları bir araya toplayıb güllələyirdilər... kəndin içindən keçdikdə insanların dəstə-dəstə hər yerdə toplandığını görərdin. Onların hamısı böyük qruplara toplanmışdılar. Əsgərlərdən birinin hələ də sağ olan belə bir dəstənin içinə M79 (qumbara atan) ilə atəş açdığını gördüm. Lakin çox zaman pulemyot ilə öldürülürdülər. Onlar qadınları və uşaqları da digərləri kimi öldürürdülər. Biz heç bir müqavimətlə rastlaşmadıq, yalnız üç ələ keçirilmiş silah gördüm. Bizim tərəfdən xəsarət yox idi. Bu kənd də digər Vyetnam kəndləri kimi bir kənd idi, qadın və uşaqlar idilər. Əslində mən o boyda kənddə heç bir hərbi yaşda bir erkəyi ölü və ya diri gördüyümü xatırlamıram.”

Bütün bu faciə ilə bərabər başqa bir faciə isə budur ki, 1969-cu ildə bu xəbərlər amerika ictimaiyyətinə çatdırıldıqda aparılan sorğu onu göstərdi ki, əhalinin 65%-i bu xəbərlərdən narahat olmadığını söyləyiblər. İrqçiliyin, təkəbbürlüyün cinayət səviyyəsində olduğu belə bir cəmiyyətdən başqa nə gözləmək olardı?!

Bu dəhşətlərə qarşı bir müddət heç bir addım atılmadı, heç bir tədbir görülmədi. 1969-cu ildə bu həqiqətlər işıq üzü gördükdən bir il sonra 1970-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarının ordusunda 14 zabitə qarşı iş qaldırıldı. On dörd nəfərdən on üçünün üzərindən ittihamlar düşürüldü. İttiham edilənlər arasında komandan polkovnikə qədər rütbələr olmasına baxmayaraq yalnız bir leytenant təqsirli bilindi. 1971-ci ilin mart ayının 20-unda iyirmi nəfəri öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilən leytenan Calley iki gün sonra prezident Richard Nixon’un (Riçard Nikson) qərarı ilə həbsxanadan çıxarılaraq ev dustağı edildi. Avqust ayında isə ömürlük həbs cəzası dəyişdirilərək iyirmi illik bir müddətə qədər qısaldıldı. Cally sadəcə olaraq üç il yarım ev dustağı oldu, 1974-cü ilin sentyabr ayında ordu katibi Howard Callaway (Hovard Kallavey) tərəfindən əfv edildi və azadlığa buraxıldı.

Bütün bunlarla müasir “mədəni” dünyanın “qardiyanları” qoca dünyanın üzünə təhqir edici bir sillə çəkmişdi. Mədəniyyətdən məhrum olmuş, həqiqətdə aciz olmuş bu insancıqlar özlərini texnologiya əsrinin fironları kimi hiss edirdilər. Heç kim onları heç bir haqqı diktə edə bilməzdi. Bu gün dünya o qan içənlərin nəvələri ilə mübarizə aparır və bəzən hesablaşmağa məcbur edilirlər.

 

 

 


Mənbə:

http://www.pbs.org/wgbh/americanexperience/features/photo-gallery/mylai-massacre-evidence/

http://www.history.com/topics/my-lai-massacre

http://www.digitalhistory.uh.edu/learning_history/vietnam/vietnam_mylai.cfm

http://en.wikipedia.org/wiki/My_Lai_Massacre

 

 

 

Aktual Mövzular

Tarixdən Səhifələr

Nəsiminin dərisi soyulubmu?

Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb.

Ly Mai qətliamı

Bu, bəşər tarixinin ən acılı səhifələrindən bir səhifədir. Bizlərə Qərbin "mədəniyyətini" ən çılpaq şəklində nümayiş etdirir. Bütün bunlardan bir nəticə çıxarmaq bizim üçün çox önəmlidir.