Nəsiminin dərisi soyulubmu?

Azərbaycanın tarixçi və şərqşünas alimlərindən olan akademik Ziya Bünyadov elmdə həmişə öz orijinal araşdırma və məqalələri ilə yadda qalıb. Uzun müddət Şərqşünaslıq İnstitutunun direktoru və Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş alim xilafət dövrünün və VII-XIII əsr Azərbaycan tarixinin tədqiqatçısı idi.

Ensiklopedik zəka sahibi olan alim bununla yanaşı, orta əsr Azərbaycan tarixi, Şərq fəlsəfəsi və İslam mədəniyyəti barədə də geniş araşdırmalar aparıb. Bu araşdırmaların hər biri orijinal elmi məqalə xarakterli olub. Həmin məqalələrdən sonra alimlər tərəfindən tarixə yeni və əsaslı baxış, elmi yanaşmalar olub.

Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin azərbaycanlı şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.

Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini  tapıb. Akademik Nəsimin dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.

Məqalə Ziya Bünyadovun ölümündən çox sonra, Şərqşünaslıq İnstitutunun orqanı olan “Azərbaycan Şərqşünaslığı” jurnalının 2009-cu ildəki birinci nömrəsində çap olunub. Məqaləni əldə etdik və onun tərkibindəki sitatları araşdırdıq, zikr olunan adları dəqiqləşdirdik və məqalədə mövcud olan bəzi xətalara düzəliş etdik. Mənbələrdən edilmiş tərcümələrdə bəzi sözlər və ya söz birləşmələri düşürüldüyü üçün biz onları parantez arasında qeyd etdik və müxtəlif səbəblərdən bəzi digər dəyişiklərə də yer verdik. Məqaləni hazır şəkildə oxuculara təqdim edirik:

“İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının "İslam Ensiklopedisi"ndə dərc olunmuş "Nəsimi" adlı məqaləsindən bəllidir.[1]

Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (hicri 815-824/miladi 1412-1421) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (hicri 818-824/miladi 1414-1424) olub.

Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür. Lakin Nəsiminin məhkəməsi necə keçib, kim əleyhinə danışıb, özü nə cavab verib, qətli haqda  sərəncamı kim verib? Bütün bunlar oxuculara bəlli deyil.

Bundan başqa, Nəsiminin adı və haralılığı haqda məlumat da müxtəlif ərəb mənbələrində müxtəlifdir. Ərəb müəllifləri İbn Həcər əl-Asqaləni "İnbə’ul-Ğumri bi Əbnə’il-Umri", Şəmsuddin əs-Səxavi "əd-Da`ul-Ləmi li Əhl əl-Qarn ət-Təsi" və İbn əl-İməd əl-Hənbəli "Şəzərat əz-Zəhəb fi Əxbəri mən Zəhəb" əsərində aşağıdakı məlumatı verirlər:

"820-ci (1417-ci) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır. Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər".[2]

Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar.

Yalnız 1920-ci ildə vəfat etmiş Məhəmməd Rağib ibn Mahmud ibn Haşim ət-Tabbax əl-Hələbinin "İ’lam ən-Nubəla bi Tərix Hələb əş-Şəhbə" adlı əsərində[3] Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verilir. Ancaq bu məlumatı da Muhəmməd Rağib 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbinin[4] "Künüz əz-zəhəb fi-tarix Hələb" adlı əsərindən götürüb. Təəssüf ki, son əsər bizə gəlib çatmayıb. Lakin ehtimal etmək olar ki, Muhəmməd Rağib Nəsimi haqında məlumatı xətərsiz köçürüb.[5]

Məlumatın mətni belədir:

"İmadəddin [Əli][6] Nəsiminin qətli hekayəsi:

"Künüz əz-Zəhəb"də deyilir ki, zındıq [Əli] ən-Nəsimi’nin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub. Ona qarşı ittiham [ona nisbət edilən sözlərə əsasən] Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin, Şəmsəddin ibn Əminid-Dövlə’nin - həmin zaman Şeyx İzzuddin’in naibi idi - , malikilərin qazılar qazısı Fəthuddin və hənbəlilərin qazılar qazısı, [İbnul-Xazuq adı ilə tanınan] Şihabuddin’in hüzurunda irəli sürülüb.[7] Nəsimi bir para ağılsız adamları azdırıb yoldan etmişdi və bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə qoşularaq, onun ardınca gediblər.

İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqaşi çıxış edib. Bu hadisə qazıların və şəhərin üləmasının hüzurunda baş verib və naib (Yaşbək) ona deyir:

"Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm!"

Bu sözləri eşitcək İbn əş-Şənqaşi ittihamdan imtina edir. Nəsimi isə kəlmeyi-şəhadəti deməkdən savayı başqa bir söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda hənbəlilərin şeyxi Şihabuddin bin Hilal gəlir və malikilərin qazısı Fəthuddindən yuxarı başda oturur və həmin məclisdə fətva verir ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O (Şihabuddin - Z.B.) Fəthuddindən yuxarı başa keçib oturarkən Fəthuddin özünü ondan yan çəkir və Şihabuddin ona deyir: "Nə üçün [bu zındıq][8] öldürülmür?" Fəthuddin isə ona deyir: “Olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?" Şihabuddin: "Bəli!" deyə cavab verir. Bundan sonra onun üçün fətva sənədi hazırlanır və o, imza atır. Onun yazısı şeyximiz ibn Xatibə və iştirak edən qalan qazı və üləmaya təqdim edilir və onlar onun fətvası ilə razılaşmırlar. Fəthuddin ona deyir: "Qazı və üləma səninlə razı olmadıqları halda, mən sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?"

Əmir Yaşbək isə söyləyir: "Mən onu öldürə bilmərəm, çünki sultan Əl-Müəyyəd göstəriş verib ki onu (sultan - Z.B.) məsələdən xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm".

Məclis bununla dağılır və Nəsimi naibin yanında, ədalət sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra naib (Yaşbək) çöllüyə getməli olur və Nəsimini qala həbsxanasına salırlar. Sonra isə Sultan əl-Müəyyədin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb[9] dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy bin Zül-Ğadirə və onun qardaşı Nəsrəddinə [və Osman Qarayluk’a] göndərilsin, belə ki, Nəsimi onların da inamlarını pozmuşdu.

Nəsimi ilə elə belə də etdilər. O, kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllərindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardır!"[10]

Bu sözlərdən sonra Muhəmməd Rağib yazır: "Mən deyirəm ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində "Sultan hamamı" adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Hər kim bu təkyənin şeyxliyinə üstlənibsə o zamandan “ən-Nəsimi” nisbəti ilə tanınmışdır.[11]"

Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır.

Akademik Ziya BÜNYADOV

"Azərbaycan şərqşünaslığı" jurnalı; N1, 2009.”

 

Ziya Bünyadovun məqaləsi burada qurtarır. Gəldiyi nəticədə şübhəsiz ki, haqlıdır. Sibt İbnul-Acmi’nin “Kunuz əz-Zəhəb” kitabında həqiqətdə dərisinin soyulmasından öncə öldürülməsi əmri zikr olunmasa da onun bundan öncə boynunun vurulması digər mənbələrdə sabitdir. Bunu yuxarıda Ziya Bünyadov özü İbn Həcər’in kitabından sitat gətirərək göstərmişdir. Sibt İbnul-Acmi’nin kitabında isə məhkəmənin maraqlı təfsilatları qeyd edilir.

Bu yazıdan öyrəndiyimiz faydalardan biri də budur ki, bir insanı kafir elan etmək, qanını halal görmək hər bir zaman çox ağır bir iş olmuşdur. Alimlər hər bir əsrdə bu məsələdə ehtiyat ediblər və bacardıqları qədər bir kəsi kafir elan etmək və qanını halal görmək fətvasından, hökmündən uzaq durmağa çalışıblar. Tarixi mənbələrdə oxuduğumuz məhkəmə prosesləri buna şahidlik edir. Bunun bir bənzərini biz maliki alimi əl-Qadi İyad’ın “əş-Şifə” adlı kitabında da oxuya bilərik.

 


 

[1] Bax: "İslam Ansiklopedisi", 9/206-207, İstanbul, 1964

[2] Z. Bünyadov bunu məhz bu üç kitabdan hansından götürdüyünü söyləmir. Lakin bu hissəni bir qədər fərqli şəkildə əl-Asqaləni’nin “İnbəul-Ğumr” kitabında(7/269-270; əl-Məslis əl-Əalə liş-Şuunil-İsləmiyyə, Ləcnətu İhyə ət-Turas əl-İsləmi, 1389/1969, Misir) tapdım.

[3] “İ’ləm ən-Nubələ”, 3/16-17; Darul-Qaləm, ikinci nəşr: 1408/1988, Hələb

[4] Z. Bünyadov alimin adını bu cür yazmışdır. Tam adı belədir: Əbu Zər Muvaffəqud-Din Əhməd bin Burhənud-Din İbrahim bin Muhəmməd (Mahmud) bin Xalil əl-Hələbi ət-Tarablusi, Sibt İbnul-Acmi adı ilə tanınır, şafi’i alimlərindəndir.Hicri 818-ci ildə doğulmuş və 884-cü ildə vəfat etmişdir. Nəsimi edam edilərkən onun iyirmi dörd yaşı olmuşdur.

[5] Z. Bünyadovun sözünü etdiyi kitab günümüzə gəlib çıxıb və çap olunub. İki mətni də oxuduqda görürük ki, məlumatlar – cüzi fərqlər istisna olmaqla - xətərsiz köçürülüb.

[6] Sibt İbn əl-Acmi’nin kitabında Nəsimi’nin adı İmədəd-Din olaraq yox, Əli olaraq qeyd edilir. Bu da onu göstərir ki, Nəsiminin adı əslində Əli olmuşdur.

[7] Z. Bünyadovun məqaləsində isə bu hissəni belə tərcümə etmişdir: “Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb. Həmin zaman şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fətxəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub.” Biz ərəbcə mətnə əsaslanaraq bəzi düzəlişlər etdik.

[8] Bu əlavə “Kunuz əz-Zəhəb” kitabında zikr olunur.

[9] Z. Bünyadovun məqaləsində “öldürülüb” sözü keçir. Lakin ərəb dilindəki qaynaqlarda bu söz qeyd edilmir, bir-başa dərisinin soyulması əmr olunur. “Kunuz əz-Zəhəb” kitabında da bu cürdür.

[10] “Kunuz əz-Zəhəb fi Tərix Hələb”, 2/125-126; Darul-Qaləm, birinci nəşr: 1418/1997, Hələb

[11] Z. Bünyadovun tərcüməsində isə belədir: “Bu təkyəni idarə edən şeyxlər ona "Nəsimi təkyəsi" deyirlər.” Doğru tərcümə bizim etdiyimiz kimidir.

 

 

 

Aktual Mövzular

Tarixdən Səhifələr

Nəsiminin dərisi soyulubmu?

Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi edam etmədən öncə diri-diri dərisini soyublar.Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb.

Ly Mai qətliamı

Bu, bəşər tarixinin ən acılı səhifələrindən bir səhifədir. Bizlərə Qərbin "mədəniyyətini" ən çılpaq şəklində nümayiş etdirir. Bütün bunlardan bir nəticə çıxarmaq bizim üçün çox önəmlidir.