Qız verib qız alıblar

Məzhəblərə qarşı aparılan təbliğatın mərkəzində bəzi xoşa gəlməyən misallar durur. Bu misalların tacı isə hənəfilərin şafi’i məzhəbindən olan oğlanlara qız verməyi qadağan etməkləri iddiasıdır. Bu cür misalları verərək insanlarda oyatdıqları təəssüratın fəsadı ölçülməz dərəcədə böyükdür. Bu eşitdiklərini dərk edə bilməyən avam kütlənin bir hissəsi batil dinlərə qarşı tutumunu məzhəblərə qarşı da nümayiş etdirir.

 

Bəs bu sözün həqiqəti nədir? Həqiqətən də hənəfilər şafi’i məzhəbindən olan oğlanlara qız verməyi caiz görməyiblərmi? Əgər doğurdan da belə bir şey deyiblərsə bunu nəyə əsasən deyiblər? Bu kiçik yazımızda bu işin həqiqətini müsəlmanlara açıqlamağa çalışacağıq. Ona görə də fikrimizi bir neçə bənddə cəm edəcəyik.

Birinci: Hər şeydən öncə anlamaq lazımdır ki, bu işin fiqhi məzhəblərlə bir əlaqəsi yoxdur. Bu, əslində əqidə mövzuları ilə bağlıdır və əqidə məktəbləri arasındakı ixtilafın təzahürüdür. Əgər bu məsələnin zikr olunduğu hənəfi kitablarına baxsaq görəcəyik ki, eyni səhifədə küfrdə ittiham olunan bəzi qruplara qız verməyin hökmü müzakirə olunur. Burhənuddin Mahmud bin Əhməd əl-Buxari (vəfatı hicri 616) deyir: “Şeyx İmam Əbu Həfs əs-Səfkərdəri – rahiməhullah – “əl-Fəvaid” kitabında zikr edir ki, hənəfi kişiyə öz qızını şafi’i məzhəbindən olana ərə verməsi doğru deyildir.” Şeyxlərimizdən biri də deyib ki, “qızları ilə evlənməyimiz caizdir, qızlarımızı onlara vermək isə caiz deyildir.” Böyük şeyx imam Əbu Bəkr Muhəmməd bin əl-Fədl’dən (nəql olunur) ki, “hər kim “mən inşallah möminəm” deyərsə dərhal kafir olar”, bu qiyasa əsasən onlarla bizim aramızda əslən evlilik caiz olmaz.[1] Böyük hənəfi alimi əl-Kəməl İbnul-Huməm “Fəthul-Qadir” kitabında deyir: “(Müəllifi) “Şərhul-Vaciz” kitabında deyir: “Etiqadın edəninin küfr etmiş olduğu hər bir məzhəb də belədir, çünki “müşrik” adı onların hamısını öz əhatə dairəsinə alır.” ər-Rustuğfəni dedi: “Əhlüs-sünnət ilə mötəzililər arasında evlilik icazəli deyildir.” əl-Fədli dedi: “Həmçinin “mən - inşallah - möminəm deyən kəslə də (evlilik caiz deyildir), çünki o, kafirdir.” Bu sözün nəticəsi budur ki, şafi’ilər ilə evlənmək olmaz. Bu şəkildə haqqında ixtilaf edilib; deyilib ki, caizdir. Qızlarını almaq olar, amma onlara qız vermək olmaz deyənlər də olub.[2] Bu sözlərindən sonra İbnul-Huməm “mən inşallah möminəm” sözünün əslində küfr olmadığını sübut edir və bunun mütləq olaraq küfr olduğunu deyən hənəfi alimlərinin sözünü rədd edir. O hənəfi alimlərinin sözlərindən də anlaşılan budur ki, onlar bu cür evliliyi qadağan edərkən əslində etiqadi səbəblərə görə qadağan ediblər, yoxsa məzhəb mənsubiyyətini nəzərdə tutmayıblar. Tarixən “hənbəlilər” deyərək əsəriləri, şafi’ilər deyərək əşariləri qəsd ediblər. Bu görüşləri nəql edən hənəfi üləmasının sözlərindən bu mənanı aşkar şəkildə görmək mümkündür. Burhənuddin Mahmud bin Əhməd əl-Buxari əl-Hənəfi (vəfatı hicri 616) deyir: “Şeyx İmam Əbu Həfs əs-Səfkərdəri – rahiməhullah – “əl-Fəvaid” kitabında zikr edir ki, hənəfi kişiyə öz qızını şafi’i məzhəbindən olana ərə verməsi doğru deyildir.” Şeyxlərimizdən biri də deyib ki, “qızları ilə evlənməyimiz caizdir, qızlarımızı onlara vermək isə caiz deyildir.” Böyük şeyx imam Əbu Bəkr Muhəmməd bin əl-Fədl’dən (nəql olunur) ki, “hər kim “mən inşallah möminəm” deyərsə dərhal kafir olar”, bu qiyasa əsasən onlarla bizim aramızda əslən evlilik caiz olmaz.[3] Anlamaq olur ki, bu hökmü verənlər bunu məhz bu qiyas üzərində qurublar. Beləliklə də buradan öyrənmiş oluruq ki, bu hökm fiqhi məzhəblər arasındakı ədavət kimi yox, etiqadi məzhəblər arasındakı aşırı ədavət kimi qəbul edilməlidir. Çünki heç bir hənəfi aliminə görə imanda istisnanı caiz görməyən şafi’iyə qız vermək haram olmaz.

İkinci: Bəzi hənəfilərdən nəql edilmiş bu görüş bəzi sələfi elm tələbələrinin iddia etdiyi kimi yayğın bir görüş deyildir. Bu görüşün zikr olunduğu kitabları barmaqla saymaq mümkündür, çox məhdud qaynaqlarda keçir. Üstəlik bu rəyi səsləndirmiş hənəfi alimləri ondan da az olublar. Görüş olaraq da heç bir zaman hənəfilərdə mötəbər rəy sayılmayıb. Əksinə şazz və etibarsız rəy sayılıb. İbn Nuceym əl-Misri deyir: “Mən inşallah möminəm deyəni kafir hesab etmək rəyi xətadır və (bu rəyi demiş) alimlərin sözlərini bunu imanında şəkk edərək deyən kəslərə aid etmək vacibdir. Şafi’ilər bu mənada demirlər. Ona görə də hənəfilər ilə şafi’ilər arasında evlilik şübhəsiz ki, caizdir.[4] İbn Abidin bu sözləri ondan haşiyəsində[5] nəql edərək təsdiq edir.

Üçüncü: Həmçinin bilinməlidir ki, hənəfi alimləri özləri nəql edilmiş bu rəyi şiddətli şəkildə rədd ediblər. İbn Nuceym deyir: “Mütləq şəkildə istisna etməyə görə təkfir etməyə gəldikdə isə bunun xəta olduğunu öyrəndin! Bundan da daha çirkini onlarla evlənməyi qadağan edənin sözüdür və bu, məhz təəssübdən başqa bir şey deyildir. Nəfslərimizin şərrindən və əməllərimizin pisliyindən Allaha sığınırıq.[6] Bu qədər şiddətli sözlərlə hənəfi alimləri bu rəyi məzhəbin adından uzaqlaşdırıblar. Ona görə də kiminsə məzhəbləri qaralamaq eşqi ilə bunu hənəfi məzhəbinə nisbət etməsi doğru deyildir.



[1] “əl-Muhit əl-Burhəni fil-Fiqh ən-Nu’məni”, 3/171;

[2] “Fəthul-Qadir”, 3/231;

[3] “əl-Muhit əl-Burhəni fil-Fiqh ən-Nu’məni”, 3/171;

[4] “əl-Bəhrur-Raiq”, 3/110;

[5] “Raddul-Muhtər aləd-Durril-Muxtər”, 3/46;

[6] “əl-Bəhrur-Raiq”, 2/50;