Mənhəc testləri və Şeyx Muqbil

Son günlər bizə qarşı yönəldilmiş bəzi ittihamların qarşısına sələfi camiasının xüsusilə seçib hörmət etdikləri bir şeyxi keçirmək qərarına gəldik. Məlumdur ki, bizi ittiham edən tayfanın özünə məxsus əcaib ölçü vahidləri, meyar alətləri vardır. Tərəziləri də çox qəribə üslubda çalışır.

 

Onların mənhəc deyərək adlandırdıqları göstəriciləri biz Şeyx Muqbil bin Hədi əl-Vadi’i üçün tətbiq edəcəyik. Görək Şeyx Muqbil sələfilərin hazırladıqları “mənhəcə qəbul” testlərindən keçə biləcəkmi? Sizdən bu məqaləni maraqla oxumanızı istəyirik. Bütün kriteriyalara toxunmadıq, çünki mövzu çox yorucu və can sıxıcıdır. Lakin onlardan bir çoxunu zikr etdik. Bizi ittiham etdikləri xüsuslarda Şeyx Muqbil haqqında nə deyəcəklərini maraq edirik. Bu məqaləmiz ya onlara səmimiyyətsizliklərini göstərəcək, ya da fikirlərindən danışdıracaq.

 

Sələfi olmayan camaatları tərifləmək olarmı?

 

İrəli sürülən ittihamlardan biri də budur ki, biz sələfi olmayan camaatları tərifləyirik, onları sapıq saymırıq. Bu qeyri-səmimi və başı boş tayfa inanır ki, sələfi camaatından başqa heç bir camaatı tərifləmək olmaz. Onların nəzərində sələfi olmayan qrupların hamısı həlak olmuş yetmiş firqəyə daxil olur. Görəsən Şeyx Muqbil’in mənhəci bunlarla eynidirmi? Misal üçün Şeyx Muqbil kitablarının birində təbliğ camaatı haqqında yazır: “Onlar mübarək bir camaatdır. Onların əli ilə müsəlman olmuş o qədər kafir var ki! Onların səbəbi ilə Allahın hidayət etdiyi o qədər fasiq var ki! Qəlbi dünya sevgisi ilə dolu olan o qədər insan var ki, onların dəvəti səbəbi ilə dəvətçi olublar! Onların səbəbi ilə Allah onların mükafatını versin! Qəlbi dünya sevgisi ilə dolu olan o qədər insan var ki, onların dəvəti səbəbi ilə dəvətçi olublar! İslam və müsəlmanlara görə Allah onların mükafatını xeyirlə versin!” Daha sonra Şeyx onların xətalarını bəyan edir və xətalarını beş nöqtədə cəm edir. Bu xətaları 1) əqidəyə əhəmiyyət verməmək, 2) elmə əhəmiyyət verməmək, 3) dəvətdə şəriətin əksər hissəsindən qafil qalıb yalnız bəzi mövzularla kifayətlənmək, 4) Əbu Hənifə’nin məzhəbinə təəssübkeşlik etmək və 5) zəif, uydurma hədisləri danışmaq başlıqları altında cəm edir. Bunları saydıqdan sonra deyir: “Bu beş məsələ çox sayda insanı onların dəvətindən uzaqlaşdırır, Allahdan diləyim onları bu işlərdə düzəliş etməyə müvəffəq etməsidir. Buna baxmayaraq biz onları Allah rızası üçün sevirik, (sünnətə) tabeçilikdə nöqsanları olsa da onların ixlaslı olduqlarını bildiyimiz üçün toplantılarında onları ziyarət edirik...[1]  Həmçinin “İxvanul-Muslimin” camaatının müəssisi və ilk mürşidi Həsən əl-Bənna’nı tərifləyir və deyir: “Onlar bir camaatdır ki, ilk başlanğıcda güclü dirçəlişə və isim, sifətlər babı və qarşıda diqqət çəkəcəyimiz məsələlər istisna olmaqla doğru mənhəcə sahib idilər. Bunda fəzilət Allaha aiddir, sonra bu camaatın mövcud olmasının səbəbkarı olana aiddir və o, Həsən əl-Bənna’dır, Allah rəhmət etsin! Onun risalələr toplusundan oxudum və onu entuziazm və iman ilə dolub aşdığını gördüm. Həsən əl-Bənna Allaha çağıran bir dəvətçidir, bəzən doğru deyir, bəzən xəta edir, bəzən bilmir, bəzən də bilir. Bir dəvətçi üçün əhvalının çoxunda doğru yol üzərində olması kifayət edir...[2] Həmçinin ixvanul-muslimin camaatına qoşulmuş bəzi qrupları əhlus-sunnətdən hesab edir.[3] Kitabında Mədinədə qarşılaşdığı ixvanul-muslim’in üzvlərindən birini fəzilətli insan olaraq xatırlayır və kitabın yeni basqısında onun haqqında aşağıda bu qeydi əlavə edir: “Onun tutduğu istiqamət ilə razılaşmasaq belə o, fəzilətli biridir, təsir edici vaizdir, xeyri sevən biridir.[4] “əl-İxvanul-Muslimun camaatını xeyli tənqid etdikdən sonra deyir: “Bununla belə onların haqqını inkar etməmək biz onlara kommunistlərə qarşı göstərdikləri mübarizəyə görə təşəkkür edirik, onlar Allah uğrunda çoxlu şəhidlər qurban verdilər və Allahdan onları buna görə mükafatlandırmasını istəyirik.” Bu sözlərin üzərində kitabın yeni basqısında bu haşiyəni əlavə edir: “Biz hələ bu günə qədər deyirik ki, “əl-ixvanul-muslimun” camaatından bəzilərinin səbəbi ilə çox sayda sünnət yayılıb. Başı xarablar onlara nifrət edirlər, ateistlər onlara nifrət edirlər. Bizə gəldikdə isə biz onların əksəriyyətinə nifrət etmirik, əksinə sadəcə olaraq bu kitabda izah etdiyimiz məsələləri onlara qarşı inkar edirik. Heç bir hökumətin onları öldürməsinə razı deyilik, ona görə də hansısa müsəlmana əziyyət verilməsinin səbəbi olmaqdan Allaha sığınırıq. Bizim bu kitabımız sadəcə onlara bir xitab və nəsihətdir. Biz bir vadidə, cahil və zalım hökumətlər isə başqa bir vadidəridlər.[5] Həmçinin onun Məkkədə üsyan edib qan axıtmış Cuheyman camaatı haqqındakı sözləri də kitabında yer alır. O, həmin camaat haqqında danışaraq deyir: “Bu məsələ barəsində yazı yazmaq istəyirdim, çünki radio və mətbuat, hətta şər alimləri onları şeytan səviyyəsinə gətirdilər, lakin gördüm ki, onların öz risalələri kifayət edir. O risalələri dəlalət edir ki, onlar xeyirli və fəzilətli elm tələbələri idilər; onların səbəbi ilə ölmüş sünnətlər yayıldı. Onları təkcə Harameyn torpaqları itirmədi, həm də müsəlman cəmiyyəti itirdi. O qədər həcc ziyarətçisi Arafa günü Arafa dağından kənarda yer tuturdu və hökumət, hökumət alimləri buna əhəmiyyət vermirdilər və “ixvan” gələrək öz müsəlman qardaşlarını agah edirdi. Əgər bunu etməsəydilər onlar həcsiz qayıdacaqdılar... Bilindiyi kimi Ciddə’nin oğullarından, Riyadın oğullarından çox sayda gənc (onların sayəsində) ayıldılar, bədəvilərdən və elm tələbələrindən çox sayda insan onlardan faydalandılar. İslama görə Allah onları xeyirlə mükafatlandırsın! Haram hadisəsinə gəldikdə isə onları bunu etməyə ədər edəb səbəblər mütləq var idi. 1) Bu səbəblərdən biri İbn Saleh, Şeybətul-Həmd və İbn Muzəhim kimi şər alimlərinin onlara qarşı müharibə aparması idi; bəzi xütbələrdə “ixvan”dan çəkindirirdilər və onlarda olmayan şeyləri onlara yapışdırırdılar. 2) Bu səbəblərdən bir digəri də hökumətin onlara qarşı insafsız, dustaqlar ilə, qaçaqlar ilə ədalətsiz davranması oldu; hökumət elm tələbələrini banditlər səviyyəsinə endirmişdi. 3) Bəzi misirli gənclər onlarla qarışdı və onları buna təşviq etdi. 4) Cəmiyyətin pozulması, dininə bağlı olanlara atalar və qohumlar tərəfindən basqıların olması; onlarla istehza edirdilər. 5) Muhəmməd bin Abdilləh (əl-Qahtani)nin mehdi olduğuna inanmaqları.” Şeyx Muqbil bunları dedikdən sonra onların etdiklərinin xəta olduğunu etiraf edir, lakin səudiyyə hökumətinin atdığı addımlarla razılaşmır və deyir: “Onların mömin bağilər olduğuna hökm edilməlidir, Allah və rasuluna qarşı müharibə etməyə çıxmamışdılar. Hökumətə vacib olan onlarla münazirə etmək üçün yanlarına Şeyx İbn Baz və Şeyx İbn Humeyd kimi etibar etdikləri fəzilətli alimləri göndərmək idi.” Bir başqa kitabında deyir: “Haram məscidinin camaatı elm tələbələri idilər, haqqı istəyirdilər, lakin müvəffəq olmadılar... Səudiyyə hökumətinə günahdan və baş vermiş cinayətdən bir pay düşür, hətta ən böyük hissəsi onun payına düşür... Xülasə budur ki, onlar elm tələbələri idilər, haqqı istədilər və ona müvəffəq olmadılar. Bunun ən böyük payı səudiyyə hökumətinin üzərinə düşür, çünki bu hökumət Kitab və sünnəti hakim qılmayıb.[6] Məlumdur ki, Səudiyyə hökuməti elə məhz Şeyx İbn Baz’ın və digərlərinin fətvası ilə onlara qarşı hirabə hökmünü tətbiq etdi; yəni onları Allaha və rasuluna qarşı müharibə edənlər zümrəsinə aid etdi, halbuki şəri qaydalar – Şeyx Muqbil’in dediyi kimi – onların baği olmasını tələb edir. Hökumətin doğru davranmadığını bir daha təsdiqləyərək Şeyx Muqbil deyir: “(Onlar üçün doğru olan) hökm Əlidən – radiyallahu anhu – gələn bu görüşdür ki, onların yaralıları öldürülməz, qaçanları izlənilməz, qadınları əsir alınmaz və onlardan qənimət götürülənlər bölünməz. Hökumətin onlara qarşı davranışı qeyri-şəri idi, əksinə siyasi idi və hökumət Allahın qarşısında hesabat verəcək... Onlar Allaha və rasuluna qarşı müharibə etməmişdilər və Yer üzündə fəsad çıxarmaq istəməmişdilər, lakin özlərinin haqq üzərində olduqlarını güman edirdilər və xəta edirdilər. Onlar Haram məscidində üsyan edərkən biz xəta etdiklərinə etiqad edirdik, lakin bununla belə Allahdan onlara kömək etməsini istəyirdik, çünki onların bu xətası müsəlmanların hakimlərinin fəsadı yanında heç bir şeydir. Allahdan İslam üçün onlardan daha xeyirlilərini verməsini diləyirəm. Mənim etiqad etdiyim budur və Allah ilə qarşılaşacağım gün bu barədə soruşulacam. Mən bilirəm ki, hökumət mənim bu yazımdan razı deyildir, nə də ixvanı sevənlər razı deyillər. Lakin mən Rəbbimi razı saldıqdan sonra başqa şey önəmli deyildir...[7]

Şeyx Muqbil’dən həmçinin soruşurlar: “Yazıçı Muhəmməd bin Surur bin Nayif Zeynul-Abidin’in kitabları haqqında rəyiniz nədir? Onlar barəsində mülahizələr varmı? Eləcə də yazıçı Muhəmməd əl-Abdə’nin kitabları və “əl-Bəyan” jurnalı haqqında rəyiniz nədir?” Məlumdur ki, Muhəmməd bin Surur bizim sələfilərin dilində məşhurlaşmış “sururi” tayfasının böyüyü kimi tanınır. Amma Şeyx Muqbil cavabında deyir: “Xeyirdən başqa bir şey bilmirəm. Hizbiliyə gəldikdə isə onlarda hizbiçilik onsuz da var. Sən onların yazılarından faydalana bilərsən. Onlar kitablarında hizbiliyi aşkara vura bilmirlər, çünki insanlar onları tənqid edəcəklər. Amma kitablarına gəldikdə isə gözəldir. “əl-Bəyan” jurnalı gözəldir...[8] Muhəmməd bin Surur’un kitablarında xeyirdən başqa bir şeyin olmadığını deyir. Həmçinin Seyyid Qutbun “Fi Ziləl əl-Quran” adlı təfsiri barəsində soruşulduqda belə cavab verib: “Rəyim budur ki, ondan faydalanmaq olar. Allah həmd olsun, qardaşımız Abdullah bin Muhəmməd əd-Duveyş “əl-Məvrid əl-Azb əz-Zuləl fi Bəyəni Əxta əz-Ziləl” adlı kitabında “əz-Ziləl” kitabında mövcud olan çox sayda xətanı izah edib. Ondan faydalanmaq olar.[9] Sururilərin şeyxi Muhəmməd bin Surur’un dəvəti haqqında isə bu sözləri deyir: “Amma Muhəmməd Surur’un dəvəti sələfi dəvətidirmi sualına gəldikdə isə, bəli, sələfidir. Lakin onlar elmə əhəmiyyət vermirlər. Abdurrahmən Abdulxaliq’in dəvəti də belədir, hərəkətçi bir dəvətdir, lakin elmə əhəmiyyət vermirlər...[10] Bir başqa yerdə deyir: “əl-Bəyən jurnalı ən gözəl jurnal deyilsə də ən gözəl jurnallardan biridir, həmçinin əs-Sunnə jurnalı da belədir. Bununla belə qardaşımız Muhəmməd Surur’un dəvətindən razı deyilik, o, dünyadakı real vəziyyəti öyrənməklə böyük bir vacibi yerinə yetirir, lakin onlar elmə əhəmiyyət vermirlər...[11]

 

Camaatlar ilə xeyir işdə əməkdaşlıq etmək

 

Bu məsələ də bizə qarşı ittihamın səbəbi olmuş məsələlərdəndir. Biz təbii ki, sağlam düşüncənin və səlim ağlın tələbi olaraq müsəlmanların ümumi xeyri üçün bəzi camaatlar ilə əməkdaşlıq etməyin zəruriyyətindən danışırıq. Şeyx Muqbil kitabında “əl-ixvanul-muslimun” camaatı haqqında danışarkən deyir: “Amma Allahın kitabına və Allahın elçisinin – salləllahu aleyhi va səlləm – sünnətinə dəvət etmək üzərində onlarla əhdləşməyə gəldikdə isə buna mane olacaq bir şey görmürəm...[12] Şeyx Muqbilin bu barədə başqa sözləri də vardır və çoxdur. Həmçinin Şeyx əl-Albani də eyni fikri bölüşür.

Hakimlərə və hökumətlərə münasibət

 

Bizim “ixvan” adlanmağımızın daha bir səbəbinə toxunaq. Deyirlər ki, biz hökumətləri və hakimləri tənqid edirik. Bu camaatın “müqəddəs” mənhəcinə görə hökumətlər toxunulmazdır, onları tənqid etmək olmaz. Halbuki yuxarıda Şeyx Muqbil’dən gətirdiyimiz sözlər onu göstərir ki, o, Səudiyyə hökumətini zalım bir hökumət kimi görürdü. Hətta hökumətin zülmünü o qədər çirkin hesab edirdi ki, Cuheyman camaatının etdiyi xətaların o zülmün yanında bir şey olmadığına inanırdı. Bu barədə sözləri yuxarıda zikr olundu.

Şeyx Muqbil çəkinmədən müsəlman dövlətlərindəki hakimləri “kuklalar” olaraq vəsf edirdi. Onları həqiqətdə Amerikanın köləliliyini etməkdə ittiham edirdi. Ona verilən suallardan birində soruşurlar: “Hakimlərlə rəftar etməkdə saleh sələfin məzhəbi nədir?” Bu sualın cavabında Şeyx buyurur: “Hakimlər öz vəzifələrinin sahibləri deyillər, lakin hakimlərin vəzifələrinin həqiqi sahibi Amerikadır. Amerika onları “radikallara qarşı müharibə” adlı konfransa dəvət edir və onların içində ən qəhrəmanı qalxıb “radikalları məhv edin!” deyən kəs olur. Hakimlər miskindirlər, öz vəzifələrinə sahib deyillər....  Mən deyirəm ki, hakimlərimiz əməvi və abbası hakimlər kimi deyillər. Hətta əməvi hakimlərin arasında şərab içən, müğənni qadınlara qulaq asanlar və rəiyyətin halına önəm verməyənlər olsa da İslam düşmənləri müsəlman torpaqlarına anidən basqın etsəydilər aslan kimi qalxardı. ər-Raşid’in Roma kralına göndərdiyi məktub buna misaldır ki, orada deyir: “Möminlərin əmiri Harundan rumların köpəyi Nikeforosa; cavab eşitdiyin yox, gördüyündür.” Bizdə isə bu zamanda cavab radioda eşitdiklərindir: “İsrail və İsrail”. Batində isə onlarla birlikdədirlər. Hətta Adn hökuməti kommunist hökumət olarkən belə “İsrail və Filistin, elə və belə” deyirdilər, halbuki özləri müsəlmanları qətl edirdilər və müsəlmanları İsraildən daha da şiddətli cəzalandırırdılar...[13] Gördüyümüz kimi Şeyx Muqbil burada hakimləri qorxaqlıqda, zülmdə ittiham edir. Bir neçə gün öncə bəziləri bizə qarşı hazırladıqları videoda bizim “ixvan” olduğumuzu sübut etmək üçün dəlil olaraq bizdən bəzi sitatlar gətirmişdilər. O sitatlarımızdan biri belə idi: “Əvvəllər ümmətin başında duranlar nə qədər zalım olsalar da, nə qədər fasiq olsalar da düşmənləri olan kafir millətlərə qarşı döyüş meydanında qazandıqları qələbələr ilə fəxr edərdilər, qürur duyardılar və küfr torpaqlarını müsəlmanlar üçün açmaq şərəfi ilə iftixar edərdilər. Lakin bu gün küfr, fücur, zülm, qorxaqlıq və acizlik ilə yaşayan dövlət başçıları ən yaxşı halda hansısa futbol yarışında çaldıqları qələbə ilə və ya olimpiyadada tutduqları yer ilə fəxr edə bilirlər.” Görəsən bu sözümüzü bizim əleyhimizə dəlil kimi istifadə edən nə üçün Şeyx Muqbil’dən yuxarıda gətirdiyimiz sözlər barəsində bir şey demir?!

Bir başqa yerdə buyurur: “Etiqad etdiyimiz budur ki, Səudiyyə indi Muhəmməd bin Abdilvahhəb’in gətirdiyinə tabe deyildir və şər üçün hər iki qapısını açıb buraxıb...Siz bilirsizmi ki, Səudiyyə çox sayda elm əhlini öz ölkəsindən qovub, onlara Harameyndə yaşamağı haram edib? Çox sayda gənci həbsə atmağı xəbəri sizə çatıbmı? Siz inanırsız ki, Səudiyyə sünnətin yayılmasına hərisdir?! Bizim tərzimiz harda, Səudiyyənin tərzi harda?! Biz bir vadidədiyik, o isə başqa vadidədir.[14] Bir başqa kitabında buyurur: “Səudiyyədə indi həbsxanalarda Allaha dəvət edən beş yüzə yaxın dəvətçi var. Səudiyyə öz ölkəsini yandırdığı kimi bizim ölkəmizi də yandırmaq istəyir. Allaha dəvət edən çox sayda dəvətçi burada səudiyyəlilərin əlindən Amerikaya  qaçmaq istəyirlər, Sudana, hansısa bir ölkəyə qaçmaq istəyirlər, çünki o ölkə alimlərin qəbiristanlığına çevrilib. Bütün bunlardan sonra bəzi “buşt”[15] sahibləri arasında belə deyənləri eşidirik: “Dövlətimiz dövlətlərin ən xeyirlisidir və hökumətimiz hökumətlərin ən xeyirlisidir.” Ay insan, sən qafilsən. Dövlətin də digər dövlətlər kimidir, hökumətin də digər hökumətlər kimidir. Lakin belə de: “Xalqımız xalqların ən gözəlidir!” Yəni cəmiyyət, misal üçün Nəcddə və Hicazda olan kişilər; onlarda saleh və pak bir qalıq qalıb, onlarda xeyir vardır. Amma “dövlətimiz dövlətlərin ən xeyirlisidir” deməyinə gəldikdə isə (kral) Fəhd xaç taqdıqda sənə nə gəldi? Halbuki Allahın elçisi – salləllahu aleyhi va səlləm – xaçı sındırmağı, xaçı dağıtmağı əmr etmişdi. Sənə nə oldu ki, inkar etmədin? Müsəlmanlar biyabır oldular, Amerikada qürbətdə yaşayanlar və bütün küfr ölkələrində qürbətdə yaşayanlar bundan ağrı duydular.[16] Ümumən müsəlmanların hakimləri haqqında isə deyir: “Xülasə budur ki, müsəlmanların hakimləri özlərini şəriətə bağlamırlar, əksinə İslamın düşmənlərini təqlid edirlər. Allahdan müsəlmanların üzərinə onların xeyirlilərini vəzifəyə gətirməsini istəyirəm.[17] Bir başqa kitabında deyir: “Şirk bu günlərdə təkamül edir, misal üçün “Təhlükəsizlik Şurası”. Belə ki, müsəlmanların hakimləri hökm üçün ora baş vururlar və ora hökm üçün baş vurmaq şirk və küfrdür.[18]

Şeyx Muqbil kitablarında, kasetlərində müsəlman dövlətlərini idarə etmiş bir çox hakimi təkfir edib. Onların arasında Mustafa Kamal Atatürkü, Misir prezidenti Camal Abdunnasir’i, Tunisin prezidenti Həbib Burqiybə’ni, İraqın prezidenti Səddam Hüseyn’i, Liviyanın prezidenti Qaddafi’ni açıq şəkildə kafir adlandırır.

 

Hakimləri müəyyən olaraq tənqid etmək

 

Görəsən müəyyən olaraq hakimləri tənqid etmək ixvan mənhəcidirmi? Şeyx Muqbil’in kitablarına və kasetlərinə baxsaq görəcəyik ki, heç çəkinmədən hakimlərin adlarını çəkərək onları tənqid edir: “əl-Valə val-Bəra; "ixvan" camaatında əl-valə val-bəra axıra qədər sarsılmış haldadır; olur ki, prezidenti tərifləyirlər; misal üçün Ömər əl-Bəşir və ya misal üçün Ziyaul-Haqq: onu tərifləyirlər, ona mədhiyyələr həsr edirlər, halbuki o, İslam düşmanlarının agentidir. Bir yazıçı Ziyaul-Haqq haqqında yazır və deyir: "O, sözü ilə İslama çağırır, sözü ilə Amerikaya müxalif olmağa çağırır". Amma əmələ gəldikdə bunu görməmişik. Sudanlı qardaşlar deyirlər ki, Ömər əl-Bəşir söz ilə islam şəriətinə çağırır, əməl etməyə gəldikdə isə görməmişik. İslam bankları kimi bir şeylər edib, belə ki, o, riba banklarını islam banklarına çevirdi. Bunu ola bilsin ki, ölkənin xeyri üçün edib, yoxsa o da kafir əl-Qazzəfi ilə müttəfiq idi, sonra kafir bəsi Saddama dəstək verməyə başladı.[19] Bir başqa yerdə deyir: “Həmçinin bizə özümüzü əfqan qardaşlarımıza və Fələstindəki salehlərə dəstək verməyə hazırlamaq vacibdir. Sekulyarist Yasir Arafata gəldikdə isə dəstəyə layiq deyildir, Allahdan onu uzaqlaşdırmasını istəyirik. Lakin daş və şüşə atan daş sahiblərinə, şüşə sahiblərinə gəldikdə isə saleh insanlar məhz onların arasındadır.[20] Bir başqa yerdə deyir: “Qardaşlarımızdan biri dedi: “Səudiyyə Amerikanın agentidir? Dedik ki, amerikalıları ölkəsinə gətirmədən öncə də agent idi. Biz baş verən münkərləri təsdiqləmirik. Allah – subhənəhu va təalə - deyir: “Onların dininə tabe olmadıqda səndən nə yəhudilər, nə də nəsranilər razı qalmazlar.” Biz xristianlardan nə gözləyirik? Biz yəhudilərdən nə gözləyirik? Çünki onlardan çoxu yəhudidir; Dinin qorunulması üçün gəliblər? Yoxsa petrol yerlərini işğal etmək üçün gəliblər? ... Lakin bütün bunlara səbəb kimdir? Səddamdır. Allah onu bəla ilə üzləşdirsin! Onların gətirilməsinə səbəb kimdir? Səudiyyədir, Allah mükafatını xeyir etməsin! Səudiyyə dedikdə biz (kral) Fəhdi və onun yolunu gedən azmış axmaqı qəsd edirik. Allah – subhənəhu va təalə - bu dini böyük gənclər toplusu və böyük alimlər toplusu ilə himayə etməsəydi dini kürsüdən ötrü satardı. Radioda insanlara yalandan desə də biz (kral) Fəhd’dən Allahın dininə dəstək verməsini gözləmirik, necə ki, bəsist Saddam iddia edir ki, cihad qapısını açan şəxsdir; o da radioda insanlara yalan danışır. Ey bəsist (Saddam), səni biz tanıyırıq və sən, ey Fəhd, səni də tanıyırıq.[21] Bir başqa yerdə küveytin hakimi Cəbir əl-Əhməd əs-Sabbaha bəd-dua edir və deyir: “Cəbir əl-Əhmədi Allah xeyir ilə mükafatlandırmasın! Məni küveytli qardaşlar ziyarət etdilər və dedilər: “Öyrəndik ki, o, zina evləri açacaq – və bu, hadisələrdən dörd gün öncə olmuşdu – və biz binanın sahibinin yanına getdik və ona dedik: “Binanı bu məqsəd üçün icarəyə vermən haramdır.” Amma imtina etdi.” Deyirlər: “Bundan sonra işçilərin yanına getdik, imtina etdilər. Sonra məsul şəxslərin yanına getdik və bizi qadın bir əmirin yanına yönəltdilər. O da dedi: “Burda zina etməkləri daha yaxşıdır ki, xaricə gedib zina etməsinlər.[22] Səudiyyənin kralını şiddətlə tənqid edərək deyir: “Sonuncu buraxdığımız kitablara gəldikdə isə... və “əl-Qavl əl-Əmin fi Fədaih əl-Muzəbzəbin” kitabı; (kral) Fəhdin xaçı taxması haqqındadır. İnşallah çap olunacaq, çünki çap evlərinin sahiblərinin içində Səudiyyəyə qarşı söz olan kitabları çap etməkdən qorxduqlarını görürəm.[23] Eləcə də Əlcəzairin böyüyü Şazili bin Cədid, həmçinin Tunisin böyüyü Zeynulabidin’i də tənqid edib.

 

Zalım hakimləri aşkarda tənqid etməkdə problem varmı?

 

Şeyx Muqbil’ə belə bir sual verirlər: “Minbərlərdə və ümumi dərslərdə hakimlərə qarşı danışmaq saleh sələfin minhəcindəndirmi?” Bu sualın cavabında deyir: “Bütün təriflər Allaha aiddir. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, səhabələrinə və onları dost edinənlərə salat və salam olsun. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, təkdir, şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd onun qulu və elçisidir. Daha sonra: Allah – azzə va cəllə - mübarək kitabında deyir: “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – belə dediyi sabit olmuşdur: “Ən əfzəl cihad zalım sultanın indində adil söz deməkdir.” (Hədisdəki) “indində” sözü bunun gizlində edilməsini və yalnız sultanla baş-başa olmasını tələb etmir. Peyğəmbərin – salləllahu aleyhi va səlləm - “kimin hakimiyyət sahibinə nəsihəti varsa qoy ona gizlində nəsihət etsin!” deməsi ilə bağlı hədisə gəldikdə isə bu hədisin kökü “Sahih Muslim” kitabındadır, lakin bu əlavə sözlər (orada) zikr olunmur. (Oradakı) hədisin ləfzi belədir: “Şübhəsiz ki, dünyada insanlara əzab edənlərə Allah əzab edər.” Lakin bu əlavə sözlər zikr olunmur, ona görə də bu əlavə sözlərə nəzər salmaq lazımdır; əgər bu əlavə sözləri rəvayət edən bunu əlavə etməyən (ravi) kimi güclüdürsə o zaman bu əlavə sözlər məqbuldur və ya onu rəvayət edən onu rəvayət etməyəndən üstündürsə o zaman bu əlavə sözlər məqbuldur. Lakin bu ziyadə (rəvayət) mərcuhdursa o zaman şazz sayılır. Bu ləfz şazz sayılır.[24] Minbərə qalxıb hakimin Kitaba və sünnətə müxalif olan əməllərini inkar etməklə insanları ona qarşı çıxmaq üçün qızışdırmaq arasında fərq vardır, belə ki, (insanları qiyam etmək üçün) qızışdırmaq yalnız açıq-aşkar küfr görməyimiz halında icazəlidir, necə ki, Ubədə bin əs-Samit’in hədisində (gəlir) : “Allahın elçisinə - salləllahu aleyhi va səlləm – əlinizdə haqqında Allahdan burhan olan açıq-aşkar küfr görməyimiz halı istisna, çətinlikdə və asanlıqda, xoşluqda və ikrahda dinləyib itaət etmək, bizə qarşı (başqalarına) üstünlük verdikdə  (səbr etmək) və əmri əhlindən almağa çalışmamaq barədə və harada olmağımızdan asılı olmayaraq haqqı demək, Allah uğrunda qınayanın qınağından qorxmamaq barədə beyət etdik.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – Əbu Zərrə acı olsa belə haqqı söyləməyi əmr edir. Bunu Əhməd “əl-Müsnəd” kitabında rəvayət edib. Necə ki, ona üzərində həbəşli bir kölə qul olsa belə dinləyib itaət etməyi də əmr etmişdir. Beləliklə də Əbu Zərr iki işi bir arada birləşdirmiş və Osmana – Allah ondan razı oldun - dinləyib itaət etmişdir. Əgər açıq-aşkar küfr görsək qiyam etmək vacibdir ya yox? Müsəlmanların hallarına baxmaq lazımdır; onların küfrə qarşı durmağa qüdrətləri varmı yoxsa özlərini qurban verəcəklər? Onların özlərinin gücü varmı yoxsa əllərini Amerikaya və ya onları qanları axana qədər tərk edib sonra birinci sekulyaristin[25] yerinə bir başqa sekulyarist və ya sekulyaristin yerinə kommunist və ya müsəlmanın yerinə nəsrani gətirəcək başqa hökumətlərə əl uzadacaqlarmı? Ona görə də başqalarına ehtiyac buraxmayacaq bir gücləri olmalıdır. Bundan sonra müharibənin tələb etdiyi qüvvəti hazırlayıblarmı? Düşmənin gücünə bərabər gücə sahib olmaqları şərt deyildir, çünki Allah – azzə va cəllə - mübarək kitabında buyurur: “Onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi qorxudasınız.” Müharibənin tələb etdiyi xəstəxanalar və həkimlər hazırlayıblarmı yoxsa yarasından axan qanı qurtarana qədər adamı tərk edəcəklərmi? Həmçinin müharibənin tələbi olan qida ilə təmin etmə imkanına sahibdirlərmi? Belə ki, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrinin (Məkkədən) çıxaraq Mədinəyə hicrət edərkən (üzləşdikləri) zülmə, vətənlərini tərk etməyə, xəstəliyə və kasıblığa dözdükləri kimi insanlar səbr etməyə hazır deyillər. İnsanların indi səhabələrin – Allah onlardan razı olsun – halına uyğun özlərini tərbiyə etməklərinə ehtiyac duyurlar. Beləliklə də bir insanın haqq kəlimə söyləməsi ilə hakimə qarşı qiyam etməyə insanları qızışdırmaq arasında fərqin olduğu öyrənildi. Doğrusu hakimlər özləri özlərini çirkə bulayıblar: Kim özünə dəyər vermirsə təhqir ona asan gələr, ölünün yarası heç cür ağrı verə bilməz. Allah – azzə va cəllə - deyir: “Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz.” Şair deyir: Kim insanlara özünü məzəmmət etməyə səbəb verərsə, onu həm haqq olanla, həm də batil ilə məzəmmət edərlər. Hakimlərə nəsihət edirik ki, Allaha – subhənəhu va təalə - üz tutsunlar və öz xalqlarına qarşı səmimi olsunlar. Mən öz yoldaşlarımla hər hansısa hakim üstündə ixtilaf etməyi xoş görmürəm, biz o hakimin yanında milçək kimiyik, bizim onun yanında heç bir qiymətimiz yoxdur. Küveytin gənclərinə nəsihətim budur ki, özlərini faydalı elmlə və Allaha dəvət ilə məşğul etsinlər və bu, vəsvəsələri, xətalı fikirləri tərk etsinlər. İslama dəstək qiyamlarla, inqilablarla olmur.[26]

Zalım hakimə qarşı xuruc ictihadi məsələdirmi?

 

Bu da önəmli suallardan biridir. İttihamlardan biri də bununla bağlıdır. Biz bu məsələdə hədis əhlinin mövqeyini dəstəkləyirik. Lakin məsələnin ictihadi məsələlərdən də olduğunu bilirik. Bu ictihadi məsələdə xəta edənlər təbdi olunmazlar. Şeyx Muqbil də bu rəydədir və deyir: “Eləcə də yəmənlilər də öz ölkələrini fəsaddan (yəni osmanlıların fəsadından) qorumaq istədilər və fəsad aşkar olub yayıldıqda onların buna haqqı var idi. Həm də bu, - yəni müsəlman hakimə qarşı xuruc  - ictihadi bir məsələdir. Əhlus-sünnət’in cumhuru müsəlman hakimə qarşı xuruc etməyi icazəli görmürlər, onlardan eləsi də var ki, icazə verirlər və bunun üçün əl-Huseyn bin Əli’nin felini, İbnul-Əş’as’ın Yezidə qarşı xuruc etməyini, “ən-Nəfs əz-Zəkiyyə” ləqəbli Muhəmməd bin əl-Həsən’in felini, Zeyd bin Əli və camaatının felini dəlil gətirirlər.[27]

 

Hakimə hansı halda qarşı çıxmaq olar?

 

Bu barədə Şeyx Muqbildən soruşurlar və deyirlər: “Hakimə qarşı nə zaman çıxmaq olar və ya vacibdir?” Bu sualın cavabında buyurur: “Bu, əhəmiyyətli bir sualdır. Hakimə qarşı çıxmaq demokratiyaya və ya sosializmə və ya haramı halal etməyə çağırmaq yolu ilə aşkar küfrü izhar etdikdə olar. Beləliklə də aşkar küfrü izhar edərsə ona qarşı çıxmaq olar. Mən demirəm ki, ona qarşı çıxmaq vacib olur, lakin müsəlmanların halından asılıdır. Əgər müsəlmanlar güclüdürsə, ona qarşı çıxmağı bacarırlarsa, fitnədən, müsəlmanların qanlarının öz aralarında axmağından arxayındırlarsa o zaman qarşı çıxmaqda bir bəis yoxdur... Əgər bilsən ki, sizin müsəlmanların qanını axıtmadan zülmü aradan qaldırmağa gücünüz çatırsa bunu etməkdə bir bəis yoxdur, hətta bəzən vacib olur...[28]

 

Müasir hakimləri təkfir edənlərin hamısı xavaricdirmi?

 

Şeyxə bu barədə soruşurlar: “Bu günlərdə hakimləri təkfir edənlər vardır, onlar xavaric sayılırlarmı?” Cavabında buyurur: “Xətalı sayılırlar. Xavaric günahlara görə təkfir edənlərə deyirlər, bunlar günahlara görə təkfir etmirlər, lakin (yenə də) xətalı sayılırlar və biz onların hakimlərin hamısını təkfir etməkləri ilə razı deyilik, baxmayaraq ki, hakimlərin içində kafir olanlar vardır: misal üçün əl-Qaddəfi və Saddam. əl-Qaddəfi'yə gəldikdə (kafir olması) Allahın elçisinin - salləllahu aleyhi va səlləm - sünnətini küçümsədiyinə görə və sosialist rejimini tətbiq etdiyi üçündür. Saddama gəldikdə isə dediyi bu sözə görədir: "Bə's partiyasının prinsipləri ilə toqquşmadığı müddətdə Quran və Sünnəti qəbul edirik, bə's partiyasının prinsipləri ilə toqquşarsa o prinsipləri götürərik. Mühim olan budur ki, əgər hakimlərin hamısını təkfir edirlərsə xətalı sayılırlar, biz onların etdiyi ilə razılaşmırıq, lakin - qardaşlarım - onların çoxu dini entuziast olan cəhalət əhlidirlər. Doğrusunu Allah bilir![29]

 

Alimləri tənqid etmək

 

Doğrudur ki, biz razı olmadığımız məqamlarda müasir alimlərin bəzi görüşlərini tənqid etmişik. Tənqid etdikdə də onları təhqir etməmişik, onlara hörməti düşürməmişik. Şeyx Muqbil isə bu yöndə xüsusi bir şəxsiyyət olub. Onun səudiyyəli alimlər haqqında çox sərt sözləri mövcuddur. Kasetlərindən birində deyir: “Əbu Bəkr əl-Cəzəiri’yə və onun kitablarına etimad etmirəm. Keçən həcdə onun çox pis mövqeyi var idi; Minada əl-Xeyf məscidində dayandı və insanları dayandırıb onlara nəsihət etmək istədi. Nəsihətləri arasında: “O, pak yerlərə ehtiram edin!” “Səudiyyə hökumətinə ehtiram edin!”... Əbu Bəkr təsirli bir vaizdir, lakin tabeçilik! Onu tabeçilik kölə etdi!... Əbu Bəkri pozan tabeçilik oldu və (tabeçilik həm də ) Muhəmməd Əmən əl-Cəmi’ni və bu ikisinin yolu ilə gedənləri pozdu.[30] Həmçinin Şeyx Muqbilin bir başqa kasetdə Şeyx İbn Useymin’ə qarşı şiddətli sözü keçir və onu əhlüs-sünnətdən saymır. Eləcə də daha öncə Cuheyman’ın camaatına üzr gətirərkən peyğəmbər məscidinin imamları Abdulaziz bin Saleh, Abdulqadir Şeybətul-Həmd və İbnul-Muzəhim’i şər alimlər zümrəsinə daxil edir.

 

Özünü sələfi adlandırmaq

 

Bu barədə Şeyx Muqbil’in maraqlı mövqeyi vardır. Kitabında deyir: “Yəmən cəmiyyəti elə güman edir ki, Allaha dəvət edən hər kəs “əl-ixvanul-muslimun” camaatındandır. Özümüz üçün seçilmək üçün bir ad götürməyi doğru gördük, lakin palçığın suyunu daha da artıraraq camaatları çoxaltmağı xoş görmədik. Ona görə də bir yerdə toplaşdıq və bəzi qardaşlar dedilər: “Biz sələfilərik.” Mən isə dedim: “Buna rəğbət göstərmirəm. Biz Allahın şəriətini anlamaqda sələfə tabe olsaq da, hətta dəvətimiz sələfi dəvəti olsa da camaatların daha da çoxalmasını xoş görmədim, ona görə də özümüz üçün bir ad götürməkdən imtina etdim və dedim: “Allah bizi müsəlmanlar adlandırıb.” Məclisdə iştirak edən Şeyx Abdullah bin Əli bin Məqud dedi: “Biz əhlus-sunnəyik və bu ad qədimdir və müsəlmanların əksəriyyəti Allaha həmd olsun ki, əhlus-sunnədir...” ... İştirak edənlərin hamısı bu ad üzərində razılaşdılar.[31] Hətta bəzi qaynaqlarda gələn xəbərə əsasən özlərini sələfi adlandırmağı onlara Şeyx əl-Albani təklif edib, amma Şeyx Muqbil camaatların sayının çoxalmasını doğru görmədiyi üçün yeni bir ad çıxarmağa razı olmayıb və qədim, hamının qəbul etdiyi ad ilə adlanmağa üstünlük verib.

Biz də eynilə bu səbəbə görə özümüzü “sələfi” adlandırmırıq, bu gün özlərini “sələfi” adlandıran camaatlara da özümüzü nisbət etmirik. Şübhəsiz ki, bu ümmətin sələfinə tabeyik və tabe olmaq üçün çalışırıq. Amma ada gəldikdə isə özümüzü əhlus-sunnət adlandırırıq.

DİQQƏT! Ola bilsin ki, bəzi sələfilər bunların qarşısında belə bir cavab verəcək ki, Şeyx Muqbil bu fikirlərindən dönüb. Bununla bağlı iki şeyi bilməyiniz lazımdır:

  1. Bəli, Şeyx Muqbil bəzi fikirlərindən dönüb və döndüyü fikirlər burada keçən bütün məsələlər ilə bağlı deyildir. Bəzi fikirlərindən dönməsi onun kitablarında dediyi bütün sözlərindən dönməsi anlamına gəlməz.
  2. Hətta bütün fikirlərindən döndüyünü qəbul etsək belə bu sualımıza cavab verin. Şeyx Muqbil nə zaman bu fikirlərindən döndü? Şeyxin fikirlərindən dönməsi ömrünün son bir-iki ilində xəstə olduğu vaxta təsadüf edir. İndi sizə görə Şeyx Muqbil həyatının qalan hissəsində sələfi alimi olub yoxsa ixvan və mübtədi olub?


[1] “əl-Məxracu minəl-Fitnə”, səh: 107-108; Məktəbətus-San’a əl-Əsəriyyə, üçüncü nəşr: 2002, San’a

[2] “əl-Məxracu minəl-Fitnə”, səh: 109;

[3] Bax: “əl-Məxracu minəl-Fitnə”, səh: 124.

[4] “əl-Məxracu minəl-Fitnə”, səh: 128;

[5] “əl-Məxracu minəl-Fitnə”, səh: 129;

[6] “İcəbətus-Səil alə Əhəmmil-Məsəil”, səh: 481-482;

[7] “əl-Məxracu minəl-Fitən”, səh: 142-144;

[8] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 403-404;

[9] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 405;

[10] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 529;

[11] “Ğaratul-Əşrita alə Əhlil-Cəhli vas-Səfsəta”, səh: 33

[12] “əl-Məxracu minəl-Fitən”, səh: 130;

[13] “Tuhfətul-Mucib alə Əs’ilətil-Hədiri val-Ğarib”, səh: 91-92; Darul-Əsər, ikinci nəşr: 1423/2002, San’a

[14] “əl-Məxracu minəl-Fitən”, səh: 152;

[15] Xüsusən Səudiyyədəki şeyxlərin xütbə verdikdə geyindikləri əbadır.

[16] “əl-Musara’ah”, səh: 475;

[17] “əl-Məxracu minəl-Fitən”, səh: 155;

[18] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 25

[19] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 111-112;

[20] “Qam’ul-Muanid va Zəcrul-Hədisil-Həsid”, səh: 49;

[21] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 96;

[22] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 244;

[23] “Qam’ul-Muanid va Zəcrul-Həqidil-Həsid”, səh: 358-359;

[24] Bu barədə Əbu Mərvan əs-Sudəni’nin “əl-Cəhr val-İ’lən bi Da’fi Hədisil-Kitməni fi Munəsahətis-Sultan” adlı bir araşdırması vardır. Araşdırmasında gəldiyi nəticə budur ki, hədis zəifdir.

Lakin bununla belə qeyd etməliyim ki, bu hədisə şahidlik edən başqa səhih hədislər vardır. Ona görə də əmr sahiblərinə nəsihətin gizlində edilməsi nəsihətin ədəblərindəndir, lakin vacib deyildir. İmam ən-Nəvəvi “Şərh Sahih Muslim”də (18/118) deyir: “(Hədisdə) əmirlər ilə bağlı ədəbdən danışılır, onlara qarşı yumşaq olmaqdan danışılır, onlara gizlində öyüd-nəsihət etmək və insanların onlar haqqında dediklərini onlara çatdırmaq öyrədilir ki, bundan əl çəksinlər. Bunların hamısı etmək imkanı olduğu hala aiddir. Əgər gizlində öyüd-nəsihət etmək mümkün deyilsə haqqın əsli zay olmasın deyə inkarı aşkarda etməsi lazımdır.” Bu sözlərin eynisini Alləmə Bədrud-Din əl-Ayni “Umdətul-Qari” şərhində zikr edir.

[25] Sekulyarist dünyəviçilik tərəfdarıdır. Türkiyədə belələrinə “laik” deyirlər. Din ilə dövlətin ayrı olduğuna inanır.

[26] “Tuhfətul-Mucib alə Əs’ilətil-Hədiri val-Ğarib”, səh: 163-166; Darul-Əsər, ikinci nəşr: 1423/2002, San’a

[27] “əl-Musara’ah”, səh: 404;

[28] “Ğaratul-Əşrita alə Əhlil-Cəhl vas-Səfsəta”, səh: 262;

[29] http://www.muqbel.net/fatwa.php?fatwa_id=770

[30] “əl-Əs’ilə əd-Dəriyyə min Əlməniyə əl-Ğarbiyyə”, birinci kaset: 02:43 – 04:31

[31] “əl-Məxracu minəl-Fitnə”, səh: 131