İbn Teymiyyə və cəhalət üzrü

Bu kiçik məqalə Sultan əl-Umeyri’nin hazırladığı məqalənin Elvin Bağırov qardaşımız tərəfindən tərcüməsidir. Burada İbn Teymiyyə’nin mövqeyinə bir baxış yer aldığı üçün oxucularımız üçün maraqlı və faydalı olacağını düşünərək onlarla paylaşırıq.

 

Dində Açıq bilinən Məsələlərdə Cəhalətin və Təvilin üzrlü olmadığı görüşünü İbn Teymiyyəyə nisbət edənlərə kiçik bir Risalə

Son zamanlarda ortaya çıxan bəzilərinin, eyni zamanda müasirlərdən bir çoxlarının görüşünə görə, İbn Teymiyyə İslam dinində zahir olaraq bildiyimiz açıq məsələlərdə cəhaləti və təvili heç yerdə üzr olaraq saymayıb. Beləcə onlar bunun üzərinə İbn Teymiyyənin bir sıra görüşlərini gətirərək İbn Teymiyyədən gələn bu rəyin məsələ barəsində qəti və qüvvətli olduğunu deyirlər. Bunun üzərinə də təkfir və bu kimi ağır məslələri əhatə edən mövzular bina edirlər.

Amma belə bir görüşün İbn Teymiyyəyə nisbət edilməsi doğru deyildir. Əksinə doğru və güclü olan rəy budur ki, İbn Teymiyyə açıq məsələlərdə də qapalı məsələlərdə də cəhalət və təvili olan şəxsin üzrlü sayılacağı görüşündə olan müctəhid imamlardandır.

Biz bu məqaləmizdə mövzunu uzatmağı düşünmürük, çünki bununla bağlı təfsilatlı bir şəkildə “İşkəliyyətu əl-İ`zar bil-Cəhl” adlı kitabımızda danışdıq və məsələ ilə bağlı İbn Teymiyyənin öz sözlərindən, şəriətin nasslarından buna dəlillər gətirdik, bu xətalı görüşü İbn Teymiyyəyə dayandıranların gətirmiş olduqları bəzi istidlallara da cavab verdik.

Bu səhifələrdə isə istərdim ki İbn Teymiyyənin: “Bu zahir və qəti olaraq bilinən məsələlərdir” – dediyi ən bariz və ən mühim görüşləri təqdim edim. Eyni zamanda İbn Teymiyyənin burada “Cəhalət üzrlüdür” dediyi sözləri də sizlərə göstərəcəm. İbn Teymiyyənin mövzumuzla bağlı olan sözləri iki şeylə birgə ələ alınmalıdır: Öncə bunun zahiri, açıq məsələ olması və burada şəxsin cəhalətinin üzrlü tutulması. Şeyxin sözləri arasında yer alan bu qisim, məsələmizlə əlaqədar şeyxin sözlərinin açıq dəlalət etdiyi ən güclü iqrarlarından sayılır.

Dinin Zahir və Açıq məsələlərində cəhalətin və təvilin üzrlü olmadığını, keçərsiz olduğunu İbn Teymiyyəyə nisbət edən qardaşlarımdan təmənnim budur ki, oxuculara məsələ ilə bağlı verəcəkləri cavabı onlar üçün diqqətlə aydınlaşdırsınlar.

Məsələni burada qısa tutaraq beş şey ilə kifayətlənmək istəyirəm:

Birinci Məsələ: İbn Teymiyyənin hədisdə rəvayət olunan “Öldükdən sonra cəsədinin yandırılımasını vəsiyyət edən” şəxslə bağlı olan mövqeyi. İbn Teymiyyə hədisdə bəhsi keçən bu adam haqqında: “O, Allahın qüdrətində şəkkə düşdü” deyir. İbn Teymiyyə belə deyir: “Bu adam Allahın qüdrətində (Onun hər şeyə qadir olmasında) və öldükdən sonra yandırılaraq külünün dənizlərə, səhralara səpələndikdən sonra cəsədinin bərpa ediləcəyi mövzüsünda şübhəyə düşdü. Bu isə bütün müsəlmanların ittifaqı ilə küfrdür. Amma o, bundan cahil idi və bunu bilmirdi. Eyni zamanda da mömin idi, Allahın onu cəzalandıracağından qorxurdu. Buna görə də Allah onu bağışladı. İctihad əhlindən olub, Rəsulullahın (Allahın xeyir duası və bərəkəti onun üzərinə olsun) yoluna tabe olmağa həris olan təvil əhli Allahın onu bağışlamasına daha çox layiqdir.”[1]

Həmçinin İbn Teymiyyə hədisdəki adamın öldükdən sonra dirilişi inkar etdiyini deyir. O sözlərinə belə davam edir: “Bu adam inanırdı ki, bunu etdiyi zaman (yəni öldükdən sonra külünü dənizə və səhralara səpdirərsə) və ya bunda şübhəyə düşdüyü zaman Allahın onun (toz zərrəcikləri olmuş cəsədini) bir araya toplamağa və onu yenidən diriltməyə gücü çatmayacaq. Bu hər iki inanc tərzi küfrdür, üzərinə hüccət iqamə edildikdən sonra bu inancın sahibi olan şəxs kafir olar.”[2]

Məlumdur ki, Uca Allahın Qüdrət Sifəti və öldükdən sonra yenidən dirilmək kimi mövzular, İbn Teymiyyəyə və digər alimlərə görə İslam dinində zahir, açıq olan məsələlərdəndir. İbn Teymiyyə haqqında onun belə bir məsələni qapalı və gizli məsələlərdən olduğunu zənn etmək yaraşmaz. Əksinə İbn Teymiyyə, əvvəl keçən nəqldə açıq bir şəkildə bu adamın işlətmiş olduğu kəlimələrin icma ilə küfr kəlimələr olduğunu deyir.

Amma bunlara baxmayaraq İbn Teymiyyə, cəhalətindən ötrü bu adamın üzrlü olduğunu dəfələrlə ifadə edir. Bu minvalda adamın hekayəsini xəbər verdikdən sonra belə deyir: “Lakin bütün bunlara rəğmən (hədisdə keçən) bu adam cahil idi, üzərindən bu cəhalətini dəf edəcək elm ona çatmamışdı. Amma eyni zamanda Allaha, Allahın əmrlərinə, qadağalarına, cənnət vədinə, cəhənnəm əzabına imanı da var idi. O, Allahın onu cəzalandıracağından qorxduğu üçün və qəlbində olan Allaha olan xofundan dolayı Allah da onu bağışladı. Allaha, Rəsuluna, Axirət gününə iman edən, xeyir əməllər işləyənlərin, bəzi etiqadi məsələlərdə xətaya düşə biləcək insanların halı heç vaxt hədisdə danışılan adamın halından daha pis ola bilməz. Baxmayaraq ki Allah belə bir adamın xətasını bağışladı, yaxud Allah istəsə günahları miqdarınca onlara əzab edəcək. Lakin mücərrəd xətasından və yanlışından dolayı imanı sabit olan bir şəxsi təkfir etmək (dində günahı böyük olan) çox ağır bir şeydir.”[3]

Göründüyü kimi İbn Teymiyyə, bu adamın öldükdən sonra yenidən dirilmək və Allahın Qüdrət sifəti kimi (ağır olan) məsələlərdə şəkkə düşdüyünü deyir və bu sözlərin icma ilə küfr olduğunu bildirir. Eyni zamanda da bu adamın cahil olduğunu və cəhalətinin üzrlü olduğunu deyən də İbn Teymiyyədir.

İkinci Məsələ: İbn Teymiyyənin ilahi elmin əhatəsini inkar edən şəxsə qarşı olan mövqeyi. İbn Teymiyyənin cəhalətin üzr sayılması mövzusunda dəlil olaraq gətirdiyi başqa bir hədis Aişə anamızın (Allah ondan razı qalsın) uzun hədisidir. Hədisdə Aişə (Allah ondan razı qalsın) Peyğəmbərə (Allahın xeyir-duası və bərəkəti onun üzərinə olsun) belə deyir: “Məgər insanların gizlətdikləri şeyləri Allah bilir ki? Bəli...” İbn Teymiyyə hədis haqqında bu sözləri deyir: “Bu söz dəlalət edir ki, Aişə anamız bunu (yəni Allahın hər bir şeydən xəbərdar olduğunu) bilmirdi və Allahın insanların gizlədiyi hər şeyi bildiyini anlamadan əvvəl Aişə anamız kafir deyildi. Buna baxmayaraq hüccət iqaməsindən sonra bunu iqrar etmək imanın əslindən olan bir şeydir. Allahın hər şeyi bildiyini inkar etmək, Onun hər şeyə qadir olduğunu inkar etmək kimdir.”[4]

İbn Teymiyyə bu hədisi yozması ilə iki şeyi çatdırmaq istəyir: Birincisi: Allahın hər şeyi bilməsi dinin əslindəndir və bu Allahın hər şeyə qadir olmasıyla eynidir. Allahın Elm və Qüdrət sifəti ağılın və məntiqin də dəlalət etdiyi Allahın ən bariz sifətlərindəndir. İkincisi: Aişə anamız ilk dəfə Allahın hər şeyi bildiyindən cahil (xəbərsiz) idi. Buna baxmayaraq cahil olduğu üçün kafir olmadı.

Bir şeyi də xatırladaq ki, biz bu məqaləmizdə İbn Teymiyyənin Aişə anamızla əlaqədar hədisə olan mövqeyinin doğru və ya yanlış olduğunu münaqişə etmirik. Burada aydınlıq gətirmək istədiyimiz məsələ, onun bu hədisdən gəlmiş olduğu nəticə və  bu hədislə dində zahir olan məsələlərdə belə cəhalətin keçərli olduğu yönündəki mövqeyidir. Şübhə yoxdur ki Allahın hər şeyi bilməsi, Onun hər şeyə qadir olması kimi çox açıq bir məsələdir. Bununla birgə İbn Teymiyyə bu məsələdə cəhalətin (bilməməzliyin) üzrlü tutulacağını açıq bir şəkildə ifadə edir.

Həqiqətən də çox qəribədir ki, müasirlərdən bəziləri kitab təlif edir, kitabının başında, dində zahir olan məsələlərdə cəhalətin üzrlü qəbul edilməyəcəyi görüşünü İbn Teymiyyəyə nisbət edir, daha sonra kitabın sonunda bu hədisi gətirərək dində zahir olan məsələlərdə cəhalətin üzrlü tutulduğuna dəlil gətirən alimlər arasında İbn Teymiyyənin də olduğunu zikr edir!!

O, bu hədisi dəlil gətirənlərlə münaqişədən sonra belə deyir: “Aişə (Allah ondan razı qalsın) hədisinə vermiş olduğu şərhlə bağlı Şeyxül-İslam İbn Teymiyyənin rəyinin münaqişəsi.[5] Sonra isə yuxarıda işarə etmiş olduğum şeyləri yazır. Beləcə bir sıra xətalar ortaya qoyur.

Bu araşdırmacı şəxs, İbn Teymiyyənin də dində zahir olaraq bilinən məsələlərdə cəhaləti üzrlü saymayan alimlər arasında olduğunu demiş və kitabının tamamını bunun üzərinə bina etmişdir. Sonra özü bu mövzuya toxunur və İbn Teymiyyənin bu hədislə dəlil gətirərək dində açıq bilinən məsələlərdə cəhalətin keçərli olduğunu müdafiə edənlərdən olduğunu deyir!!

Üçüncü Məsələ: İbn Teymiyyənin Cəhmiyyəyə qarşı olan mövqeyi. İbn Teymiyyə qələmə almış olduğu bütün kitablarında dəfələrlə Cəhmiyyə haqqında söz açır və Cəhmiyyənin işlətmiş olduğu sözlərin, İslamın açıq qaydalarına və qəti olaraq bilinən, dinin zahiri arqumentlərinə zidd olduğunu ifadə edir. Bu minvalda o belə deyir: “Bunların (yəni Cəhmiyyə firqəsinin) söyləmiş olduqları sözlər Rəsullara endirilmiş olan ilahi kitablardan gətirdikləri xəbərlərə ziddir. Onların işlətdikləri sözlərin həqiqi mənası Yaradanı inkar etmək deməkdir. Eyni zamanda onların sözləri arxasında, Uca Rəbbi və göndərmiş olduğu Rəsullarının diliylə Özü haqqında vermiş olduğu xəbərləri inkar etmək dayanır. Buna görədir ki Abdullah bin əl-Mübarək demişdir: “Həqiqətən biz Yəhudi və Xaçpərəstlərin işlətdikləri sözləri insanlara çatdırırıq, fəqət Cəhmiyyənin işlətdiyi sözləri çatdıra bilmirik.” Ondan başqa digər imamlar da Cəhmiyyə haqqında belə demişdir: “Həqiqətən də Cəhmiyyə bu yöndə Yəhudi və Xaçpərəstlərdən daha kafirdirlər.””[6]

Daha sonra İbn Teymiyyə özü Cəhmiyyənin böyüklərinin və imamlarının cahil olduqlarını, cəhalətlərində və təvillərində üzrlü olduqlarını açıq ifadələrlə bildirir. O, deyir: “Bu səbəblə mən, Hululiyyədən sayılan Cəymiyyələrə və Allahın Ərşi üzərində olduğunu rədd edənlərə deyərdim: Mən sizinlə həmfikir olsam kafir olardım. Çünki yaxşı bilirəm ki sizin işlətdiyiniz ifadələr küfrdür. Amma sizlər mənə görə kafir deyilsiniz. Çünki cahilsiniz. Bu onların alimlərinə, qazilərinə, şeyxlərinə və əmrlərinə ünvanlanan xitabdır.”[7]

Cəhmiyyənin işlətdiyi sözlərin açıq şəkildə İslamı pozan, ona zidd olduğunu deyən və bu sözlərin həqiqi mənasının Yaradanı inkar etmək olduğunu bildirən İbn Teymiyyədir. Eyni şəkildə Cəhmiyyə firqəsinin alimlərinin və şeyxlərinin cəhalətlərinin üzrlü olduğunu deyən də İbn Teymiyyədir. O, Cəhmiyyənin açıq azğınlıqlarını, zəlalətini ifadə edərkən bununla yanaşı onların bəhanə və üzrlərinin olduğunu da ifadə etmişdir. Bununla birgə İbn Teymiyyənin zahir məsələlərdə cəhaləti üzr saymadığını demək nə qədər doğru ola bilər?!

Dördüncü Məsələ: İbn Teymiyyənin Qur`ani Kərimin bəzi hərflərini inkar edənlərə qarşı olan mövqeyi. O bu məsələ ilə bağlı belə deyir: “Həmçinin sələfdən bəziləri arasında Qur`anın bəzi hərflərini inkar edənlər də var idi. Misal olaraq onlardan kimisi Uca Allahın: (أفلمْ ييأس الذين امنوا) (İman edənlər kafirlərdən ümidlərini kəsərək hələ dərk etmədilər ki Allah istəsəydi bütün insanları doğru yola yönəldərdi?) -Rad: 31- ayəsini (أولمْ يتبيّن الذين امنوا) (İman edənlərə hələ aydın olmadı ki...) şəklində oxuyanlar olmuşdu. Başqa bir nəfər: (وقضى ربّك ألاّ تعبدوا إلاّ إيّاه) (Rəbbin yalnız Ona ibadət etməyi əmr etdi) ayəsini inkar edərək (ووصّى ربّك ألاّ تعبدوا إلاّ إيّاه) (Rəbbin yalnız yalnız Ona ibadət etməyi tövsiyyə etdi) şəklində oxumuşdu. Yenə sələfdən olan bəziləri “Muavvizəteyn” adlanan əl-Fələq və ən-Nas surələrinin Qur`andan olmadığını demişlər. Başqa bir nəfər Qur`ana “Qunut Surəsi” əlavə etmişdir. Bütün bunların hamısı icma və mütəvatir nəqllərlə xətadır, təhlükəlidir. Baxmayaraq ki mütəvatir sənədlə üzərinə hüccət iqamə edilən şəxs kafir olar, lakin bu xəbərlər onlara mütəvatir sənədlərlə çatmamışdır (və ya onlara görə belə bir xəbər sabit olmamışdır) və bu səbəblə onlar kafir olmazlar.”[8]

İbn Teymiyyə burada da iki məsələni birləşdirmişdir. Birincisi: Qur`anın bircə hərfini inkar etmək ümmətin icması ilə və mütəvatir xəbərlərlə küfrdür. Heç bir şübhə yoxdur ki bu, dində zahir olaraq hər kəs tərəfindən bilinən bir məsələdir. İkincisi: Belə bir şeyi cəhalətindən, bilməməzliyindən ötrü inkar edərsə cəhaləti səbəbi ilə üzrlü tutular. Bununla birgə İbn Teymiyyənin zahir məsələlərdə cəhaləti üzr saymadığını demək nə qədər doğru ola bilər?!

Beşinci Məsələ: İbn Teymiyyənin özünün qələmə aldığı “Vasitiyyə Əqidəsi” adlı kitabına müxalif olanlara qarşı olan mövqeyi. İbn Teymiyyə “Vasitiyyə Əqidəsi” kitabından bəhs edərkən bu kitabında Qur`an və Sünnətə tabe olduğuna diqqət çəkir. Kitabı ilə bağlı belə deyir: “Vasitiyyə Əqidəsi” kitabında qeyd edilən elə bir kəlimə yoxdur ki, orada ya Qur`andan bir ayə, ya bir hədis ya da sələfin icmasını gətirmiş olmayım. Bu kitabda ifadə etdiyim sitatlar bütün müsəlmanlardan, dörd məzhəb fəqihlərindən, mütəkəllimlərdən, əhli hədisdən və sufilərdən nəql edilən icmadır.”[9] İbn Teymiyyə özünün bu əsərində yazdığı ifadələrin sağlam olduğunda qəti qərarlı idi və orada yazılanları zahir, açıq məsələlərdən sayırdı. Buna görə də yaşadığı əsrdə ona müxalif olanlar, etiqadını və inancını ifadə etmək üçün İbn Teymiyyəni münazirəyə dəvət etdiklərində onlara “Vasitiyyə Əqidəsi” risaləsini göndərirdi. Hətta onlara belə deyir: “Bu əqidədə (Vasitiyyə Əqidəsində yazdıqlarını qəsd edir) yazılanlarla bağlı mənə müxalif davranan şəxslərə üç il möhlət verdim. Hər kim yazdığım bu etiqad risaləsində, Peyğəmbərin (Allahın xeyir-duası və bərəkəti üzərinə olsun) hədislərdə mədh etmiş olduğu üç nəsildən yazdıqlarıma müxalif olan bir hərf gətirərsə bilin ki, mən bundan (yəni xətamdan) dönəcəm.”[10]

Bunlara baxmayaraq o, “Vasitiyyə Əqidəsində” yazılanlara müxalif olanların cəhalətlərinin və təvillərinin keçərli olduğunu bəyan edir. Bu minvalda belə deyir: “Bu etiqadda yazılanlardan hər hansı bir şeyə müxalif olanların hamısının həlak olduğu söylənməz. Çünki ixtilaf edən şəxs bəlkə xəta etmiş bir müctəhiddir və bundan ötrü Allah onu bağışlamışdır. Bəlkə üzərinə onunla hüccətin iqamə ediləcəyi elm və irfan ona çatmamışdır. Bəlkə o şəxsin işləmiş olduğu elə gözəl əməlləri vardır ki, Allah bu əməllərdən dolayı onun pis əməllərini və günahlarını silmişdir. Baxmayaraq ki, müxalif şəxs haqqında təhdid (Qur`an və Sünnətdə varid olanlar) kəlimələri var olsa belə təvil əhli, itaətkar, qüsurlarını silib aparacaq saleh əməl sahibi, Allah tərəfindən bağışlanan və bənzər sinif insanların bu təhdidin altına girməsi vacib deyildir. Bu daha uyğundur.”[11]

İbn Teymiyyə burada da iki məsələni birləşdirmişdir. Birincisi: “Vasitiyyə Əqidəsində” yazdığı şeylərin qəti olaraq ya Qur`andan, ya sünnətdən, ya da alimlərin icmasından nəql edilənlər olduğuna diqqət çəkir. Bunlar İbn Teymiyyəyə görə açıq və zahir məsələlərdir. Buna görə də o, cürət edərək bu əqidəyə müxalif olanlara müxalifət etdikləri şeyləri isbat etmək üçün açıq dəlillər gətirmələrini tələb edir. Bütün bunlar ifadə edir ki “Vasitiyyə Əqidəsi” risaləsində yazılanların hamısı və ya bəzisi İbn Teymiyyəyə görə şübhə doğurmayan açıq məsələlərdəndir. İkincisi: O, özü bu etiqadda yazılanlara müxalif davrananların cəhalətlərinin və təvillərinin üzrlü sayılacağını açıqca ifadə edir. Bunların hamısı “Vasitiyyə Əqidəsi” risaləsində yazdığına şamildir.

Burada yazılanlar İbn Teymiyyənin sözlərindən və açıq ifadələrindən əldə edilən beş məsələdir. Burada İbn Teymiyyə zahir və açıq olan, hər şəxs tərəfindən bilinən məsələlərin vəsfini və bu məsələlərdə cəhalətin və təvilin üzrlü, keçərli olduğunu bir araya gətirmişdir. Bütün bunlardan aydın olur ki, İbn Teymiyyə dində açıq olaraq bilinən məsələlərdə cəhalət və təvilin üzr sayılacağını müdafiə edir.

İbn Teymiyyənin bu mənaya dəlalət edən amma burada toxunmadığımız olduqca çox ifadələri mövcuddur.

Burada danışılanlar, gətirilən sözlər İbn Teymiyyənin ifadələrindən çıxarılan mütəşabihlərdəndir demək qətiyyən doğru deyil. Çünki bu ifadələr, bütün kitablarında Şeyxul-İslam İbn Teymiyyənin cəhalətin üzrlü sayılacağına dair etimad etdiyi üsuludur. O, münaqişə və bəhslərində öz müxaliflərinə qarşı bu ifadələrlə əsas gətirir. Buna görə də o, dəfələrlə bu sözləri təkrar sadalayır, bu barədə sözünü məzhəbini təsis edərkən bu görüşlə yola çıxır. Necə ola bilər ki bunlar İbn Teymiyyənin möhkəm deyil də mütəşabihlərindən sayılsın?!!

Dində zahir və açıq məsələlərdə cəhalətin üzrlü olmadığını İbn Teymiyyəyə nisbət edən qardaşlarımdan təmənnim budur ki, bu ifadələr qarşısında öz mövqelərini bizə, elm tələbələrinə açıqlasınlar. Eyni zamanda buradakı düzgün anlayış tərzlərini, ifadələrdə keçənlərdən nəyin qəsd edildiyini bizə aydınlaşdırsınlar.

Bəli, İbn Teymiyyənin bəzi ifadələri vardır ki, bu ifadələrin zahirindən elə başa düşülür ki, o, dində açıq bilinən məsələlərdə cəhaləti üzrlü saymır. Mən “İşkəliyyətu əl-İ`zar bil-Cəhl” adlı kitabımda məsələylə bağlı üsulu zikr etdim və bununla bağlı tutulan iradlara da cavab verdim.

Həqiqətən ən böyük problem budur ki, dinin açıq məsələlərində cəhalətin üzrlü sayılmayacağını İbn Teymiyyəyə nisbət edənlərin çox qismi sadəcə onun buradakı ifadələrini işlədirlər. Oxucu üçün elə bir təsəvvür yaradırlar ki, sanki İbn Teymiyyənin bunun xaricində sözləri yoxdur və İbn Teymiyyənin bu ifadələri və başqa ifadələri haqqında doğru bir cavab ortaya qoymurlar.

Elmi araşdırmada doğru olan üslub, İbn Teymiyyəyə bu görüşü nisbət edənlərin öncə İbn Teymiyyənin sözlərini idrak etmələri lazım gəlir, sonra anlayışlarına, görüşlərinə müxalif olan, alimin digər sözlərini də gətirmələri və bunlara aydın açıq bir şəkildə cavab vermələri gərəkir.

Öz anlayış tərzlərini və görüşlərini dəstəkləyən, ona dəlalət edən sözlərlə kifayətlənmələri, görüşlərinə müxalif olan ifadələri tərk etmələri isə mənhəcyönlü elmi araşdırmaya açıq xələl gətirən bir üslubdur.

Sultan əl-Ümeyri



[1] Məcmu əl-Fətava (3/231)

[2] Əl-İstiqamə (1/164)

[3] Əl-İstiqamə (1/164)

[4] Məcmu əl-Fətava (11/412)

[5] “Aridul-Cəhl”, Əbul-Ulə ər-Raşid, səh: 362

[6] Məcmu əl-Fətava (12/485)

[7] Əl-İstiğasə fir-Raddi aləl-Bəkri (2/494)

[8] Məcmu əl-Fətava (12/493)

[9] Məcmu əl-Fətava (3/189)

[10] Məcmu əl-Fətava (3/169)

[11] Məcmu əl-Fətava (3/179)