Hədislərlə əməl etmək haqqında

Bir bir neçə məqaləmizdə, müxtəlif məkanlarda yazdığımız yazılarda təqlidin cahil müsəlman kütlə üçün əhəmiyyətindən danışmışıq. Bu barədə kifayət qədər açıqlama verməyimizə baxmayaraq bəzi kimsələr öz şəxsi istəklərinə tabe olaraq nəfslərinə xoş gələn bəzi sözləri bizim əleyhimizdə istifadə edirlər. Bu sözlər məzhəb imamlarının onları təqlid etməyi qadağan edən sözləridir. Bu sözləri əldə bayraq edərək – ”biz alimlərə yox, onların dəlillərinə təqlid edirik” – deməyi sevirlər. Bu kiçik yazımızda biz bu imamların bu sözləri ilə nəyi qəsd etdiklərini izah etməyə çalışacağıq və alimlərin bu sözlərə əməl etməyin şərti haqqında dediklərini təqdim edəcəyik. Müvəffəqiyyət Allahdandır.

 Birinci nöqtə:

Zamanımızda şəriət elmlərində təcrübəsi olmayan siravi müsəlmanların geniş bir hissəsi imamların bu cür sözlərini yalnış anlayırlar və elə güman edirlər ki, onlara vacib olan Quran ayələrinə və səhih hədislərə nəzər salaraq bir-başa onlara etimad etməkdir. Məhz bu yalnış anlayışın nəticəsi olaraq bu gün sələfə tabe olduğunu iddia edən bir müsəlmana imamların görüşlərini zikr etdikdə - “onların dəlilləri nədir?” – sualını verərək imamların görüşlərini qəbul etməkdən boyun qaçırdığını görmək olur. Hər dəfə bir məsələ haqqında sual soruşduqda dəlillərini də tələb edirlər və elə güman edirlər ki, sələfin məzhəbi onun kimi müsəlmandan dəlilləri araşdırmasını tələb edir. Təbii ki, belə bir anlayış xətadır, belə bir anlayış sələfin məzhəbinə müxalifdir, çünki səhabələrin dövründən başlayaraq sonrakı nəsillərə qədər heç bir əsrdə heç bir mötəbər alim siravi müsəlmanlara fətva soruşarkən dəlilini də soruşmağı vacib görməmişdir, əksinə tarixə nəzər salsaq görəcəyik ki, onlar siravi müsəlmanın müftidən dəlili soruşmasını ədəbdən saymayıblar. Tarixə nəzər salsaq görəcəyik ki, hətta səhabələrdən fəqih olmayanlar fəqih olan səhabələrdən fətva soruşardılar və dəlilini tələb etməzdilər və sonrakı əsrlərdə də bu şəkildə davam etmişdir.

Bu gün sələfi camaatından bir çoxunu təqlid mövzusunda yazarkən imamların bu sözlərini zikr edərkən görmək olar.  İmam Əbu Hənifə buyurur: “Heç kimə görüşümüzü haradan götürdüyümüzü bilmədən bizim görüşümüzlə əməl etməsi halal deyildir.[1] Bu və buna bənzər sözlər digər imamlardan da nəql edilmişdir və onlar səhih hədis görüşlərinə müxalif olduqda onların görüşünü tərk edib səhih hədisi götürməyi əmr ediblər. İmamların bu sözlərini əş-Şə’rani “əl-Mizən” kitabında və müasirlərimizdən Şeyx Nəsirud-Din əl-Albani “Sifətu Salətin-Nəbi” kitabının müqəddiməsində toplamışdır. Bu kitabla tanışlığı olanlar şübhəsiz ki, bu sözləri oxuyublar və onlardan çoxu məhz bu sözlərə əsaslanaraq müstəqil şəkildə hədislərə və ayələrə etimad etmək cürətini tapmışdır.

Onlar imamların bu sözlərini zikr edərkən bunun bütün müsəlmanlara aid olduğunu, cahilindən tutaraq aliminə qədər hər kəsə aid olduğunu deyirlər. Bunun üçün Şeyx Saleh bin Muhəmməd əl-Uməri əl-Fulləni’nin (vəfatı hicri 1218) “İyqazu Himəmi Ulil-Əbsar” kitabındakı sözlərini zikr edirlər, beləki əl-Fulləni imamların bu sözləri haqqında deyir: “... çünki Əbu Hənifə’nin, Muhəmməd’in və əş-Şafi’nin – “bizim sözümüz Allahın elçisinin - salləllahu aleyhi va səlləm – sözünə müxalif olarsa Allahın elçisinin sözünü götürün” – şəklindəki və buna bənzər sözləri müctəhidlər üçün deyilməyib, çünki müctəhidlərin bu yerdə onların sözlərinə ehtiyacı yoxdur, lakin bu, təqlid əhli üçün deyilib...[2] əl-Fulləni’nin bu sözünü əldə bayraq edərək bir iki səhifə oxumuş hər müsəlman fiqh meydanına atıla biləcəyini zənn edir, əslində belə bir zənn ilə özündən başqa heç kimsəni aldatmır.

İlk öncə əl-Fulləni’nin qəsdinə toxunmağımız və onu izah etməyimiz lazımdır, çünki bu alim yuxarıdakı sözləri ilə cahil müsəlmanların hədislərə etimad edərək görüş götürə biləcəklərini qəsd etmir. Onun sözündəki “təqlid əhli” qəsdi cahillər deyildir, lakin ictihad mərtəbəsinə çatmamış elm əhlidir, beləki elm əhlinin hamısı ictihad mərtəbəsinə çatmamışdır. Əgər əl-Fulləni’nin sözü gedən kitabını bir az vərəqləsəydilər bu dediyimizin haqq olduğunu anlamaqda çətinlik çəkməzdilər. Gəlin onun kitabının müqəddiməsində söylədiyi sözlərə nəzər salaq: “...dörd imamın və başqalarının sözləri bunu aşkar şəkildə səsləndirir və onlara tabe olanların qəlblərindəki pərdələri qaldırır, hətta onların sözlərində aşkar şəkildə deyilir ki, Kitab və sünnətdən onlara müxalif olan bir nass gəldikdən sonra onları təqlid etmək haramdır və bundan sonra təəssübkeşlərin onları təqlid etməkləri zəlalət və dəlilikdir və avamdan başqa heç kimə burhan və hüccət olmadan təqlid etmək olmaz.[3] Beləliklə də dörd imamın sözləri avamdan başqalarına aiddir, avam dedikdə isə burada şəriət elmlərində təcrübəsi olmayan cahilləri qəsd edir.

Bir daha təkrar etməliyik ki, imamların bu xitabı hər bir müsəlmana aid deyildir, lakin şəriət mətnlərindən hökm çıxarmaq əhliyyətinə sahib olan alimlərə aiddir. Bunu ümmətin gəlib keçmiş ən böyük alimlərinin sözləri ilə sizlərə təqdim etmək istəyirik, çünki onlar peyğəmbərin – aleyhissalətu vassələm – varisləridir və bu dini onlardan yaxşı heç kim anlamaz. Hənbəlilərin zamanında imamı olmuş əl-Qadi Əbu Yə’lə İbnul-Fərra (vəfatı hicri 458) buyurur: “Bu, Əbul-Haris və əl-Fədl bin Ziyad’ın rəvayətində Əhmədin – rahiməhullah – sözünün zahiri mənasıdır: “İşində onlardan heç birini təqlid etmə, əsərlərə (hədislərə, xəbərlərə) tabe olman lazımdır.” İbn Battah ayrılıqda qeyd etdiyi “(qadınla) xəlvətdə qalmaq mehrin tam verilməsini vacib edir” məsələsində isnadı ilə əl-Fədl bin Ziyaddan zikr edir ki, Əhməd – rahiməhullah! – demişdir: “Ey Əbul-Abbas, dinində kişilərə təqlid etmə, çünki onlar xəta etməkdən qurtulmayıblar.” Beləliklə də (Əhməd) təqlidi qadağan etmiş və əsərləri/hədisləri götürməyə təşviq etmişdir. Bu isə yalnız əsərləri/hədisləri bilən və ictihada qadir olan biri üçün mümkün ola bilər.[4] Dediyimiz kimi zamanında hənbəlilərin imamı olmuş bu böyük alim İmam Əhmədin sözlərini bu cür anlamışdır və onun sözlərini dərk etmək və onun nə üçün belə dediyini başa düşmək çətin deyildir, çünki həqiqətən də hədis elmində, fiqh elmində təcrübəsi olmayan biri əsərlərə, hədislərə necə tabe ola bilər?!

Məğribin tarixçi alimlərindən olan Əbu Bəkr Abdullah bin Muhəmməd əl-Məliki “Riyədun-Nufus” adlı kitabında İmam Malik’in tələbəsi Əsəd bin əl-Furat haqqında yazarkən deyir: “Əsəddən – rahiməhullahu təalə - məşhur olan budur ki, o, Mədinə əhlinin və İraq əhlinin görüşlərindən ona görə haqqa müvafiq olanla əməl edərdi və belə bir şey onun kimi elmdə dərinləşmi, onu araşdırmış, çox sayda alim və mühəddis ilə qarşılaşmış birinin haqqıdır.[5] Bu sözlərdən anlayırıq ki, belə bir şey elmdən və mərifətdən yoxsul olan cahil birinin haqqı deyildir və haqqı ola bilməz, çünki cahil bir kəs hansı ölçü, hansı meyar ilə haqqı təyin edə bilər?!

Alləmə əl-Hafiz İbnus-Saləh əş-Şəhruzuri (vəfatı hicri 643) deyir: “Lakin bu, asan bir iş deyildir və heç də hər bir fəqihin hədislərdən hüccət hesab etdiyi ilə əməl etməkdə müstəqil davranması icazəli deyildir.[6] Siz cahilləri, avam kütləni bir kənara buraxın, İbnus-Saləh heç də hər bir fəqihə bu cür davranmağı icazəli görməmişdir. İbnus-Saləh’in tələbəsi Əbu Şəmə əl-Məqdisi (vəfatı hicri 665) isə deyir: “Bunu ictihadı məlum olan bir alimdən savayı bir kimsə həyata keçirə bilməz və əş-Şafi – “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – hədisinin mənim görüşümə müxalif olduğunu görsəniz onu götürün və mənim dediyimi tərk edin” – sözləri ilə məhz belə birinə xitab edir. Bu xitab hər kəsə aid deyildir, çünki sünnətdə o qədər səhih hədis vardır ki, əməl ya icma ilə, ya da müəyyən maneələrə əsaslanaraq ixtiyar ilə onun əleyhinə edilmişdir...[7] Gördüyümüz kimi Əbu Şəmə bu xitabın siravi müsəlmanlara aid olmadığını, lakin ictihadına görə məlum olan alimlərə aid olduğunu deyir. Onu da qeyd edək ki, Əbu Şəmə alimlərin məzhəb imamlarını təqlid etməsinə qarşı şiddəti ilə seçilmiş alimlərdən biridir. Təqiyyud-Din əs-Subki (vəfatı hicri 756) kitabında Əbu Şəmə’nin sözlərini qeyd edərkən onu belə vəsf etmişdir: “... və o, hədisə tabe olmaqda mübaliğə edənlərdəndir.” Onun “əl-Muəmməl fir-Raddi iləl-Əmril-Əvvəl” kitabını[8] oxuyanlar bunun şahidi ola bilərlər.

Əbu Şəmə’nin tələbəsi İmam Əbu Zəkəriyyə ən-Nəvəvi (vəfatı hicri 676) buyurur: “əş-Şafi’nin söylədiyi bu sözün mənası heç də səhih bir hədislə qarşılaşan hər bir kəsin – “bu, əş-Şafinin məzhəbidir” – deməsinin və onun zahiri ilə əməl etməsinin icazəli olması anlamına gəlməz. Bu, yalnız məzhəb daxilində ictihad rütbəsinə çatmış kəslər haqqındadır...[9]

Hənəfilərin fəqihi Alləmə İbn Abidin əş-Şəmi (vəfatı hicri 1252) deyir: “Heç kəsdən gizli deyildir ki, bu söz şəriət mətnlərinə nəzər salmaq, onların möhkəmini mənsuxundan ayıra bilmək əhliyyətinə sahib olan biri üçün deyilmişdir.[10]

əs-Subki bu mövzu haqqında yazdığı risaləsində İbnus-Saləh və ən-Nəvəvi’nin sözlərini zikr etdikdən sonra deyir: “Bu iki alimin – Allah hər ikisindən də razı olsun! – dedikləri əş-Şafi’nin dediyinə etiraz deyildir, bu dediklərinin əş-Şafini digərlərindən fərqləndirən bir imtiyaz olması anlamına da gəlməz. Lakin bu məqamın çətinliyini göstərməkdir ki, hər yerindən duran bu sözlərə aldanmasın. Dində fətva verməyin hamısı belədir; insanın topladığı dəlillərlə əməl etməsi məqsədi ilə könlünün genişlənməsi üçün şəriətin dəlillərini araşdırması və onları təftiş etməsi qaçınılmazdır və bu, bu iki alimin dediyi kimi çətindir, asan deyildir...[11]

Bu nəqllərdən anladığımız budur ki, siravi müsəlmanların imamların bu sözlərini əsas alaraq alimlərin fətvalarını tərk edib öz başlarına Qurana və hədisə tabe olmaqları icazəli deyildir. Bunu dəfələrlə izah etməyimizə baxmayaraq bəzi “elm tələbələri” bunun əksinə isbat etməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Bu qədər alimin sözü qarşısında həya etməsi gərəkdiyi halda öz naqis savadına güvənərək yolunu azır, başqalarını da azdırır.

 

İkinci nöqtə:

Burada bir başqa önəmli nöqtə vardır. Fəqih bir kimsə öz imamlardan birinin fətvasını tərk edərək hədisə tabe olması üçün imamların həmin hədisdən xəbərlərinin olmadığını və ya həmin hədisi güclü bir səbəbə görə tərk etmədiklərini araşdırmalıdır. Ola bilər ki, bir imam hədislə qarşılaşmış, lakin hədisin səhih olduğuna vaqif olmamışdır. İmam ən-Nəvəvi bu barədə buyurur: “... və bunun şərti əş-Şafi’nin – rahiməhullah – bu hədislə rastlaşmadığını və ya onun səhih olduğunu bilmədiyini əsaslı şəkildə güman etməkdir. Belə bir şey isə yalnız əş-Şafi’nin bütün kitablarını və ya əş-Şafi’dən elm almış şafi’i alimlərinin kitablarını və bənzər kitabları mütaliə etdikdən sonra mümkündür. Bu, çox ağır bir şərtdir və bu cür vəsf oluna biləcək çox az kimsə vardır. Bizim bu dediyimizi şərt qoşanlar bunu yalnız ona görə ediblər ki, çünki əş-Şafi – rahiməhullah – qarşılaşdığı və bildiyi, lakin ona görə zəif və ya mənsux və ya xüsusiləşdirilməsinə gərək olduğuna və ya təvil edilməyə gərək olduğuna dair bir dəlillə üzləşdiyi üçün çox sayda hədislərin zahirini tərk etmişdir.” Beləliklə də ən-Nəvəvi qeyd edir ki, İmam əş-Şafi bildiyi bir çox hədisin zahirini tərk etmişdir və bunu elmə və ictihada əsasən etmişdir, yəni digər dəlillərin tələbinə əsaslanaraq etmişdir.

Gümünüzdəki müsəlmanlar hədis ilə hansısa imamın sözünün uyğun gəlmədiyini gördükdə elə güman edirlər ki, həmin hədis imama çatmamışdır. Lakin çox zaman belə bir güman xətalıdır, çünki imamlar bir çox halda həmin hədislərdən xəbərləri olduğu halda onu tərk ediblər. Mədinənin imamlarından olan İbnul-Məcişun’un verdiyi cavaba diqqət edin. əl-Qadi İyad “Tərtibul-Mədərik” kitabında rəvayət edir: “İbnul-Muazzil dedi: “Bir insanın İbnul-Məcişun’dan soruşduğunu eşitdim: “Nə üçün hədisi rəvayət edirsiz və sonra onu tərk edirsiz?” Dedi: “(Belə edirik ki,) ondan xəbərimiz olduğu halda onu tərk etdiyimiz bilinsin”.[12] Bu sözlərin eynisini Darul-Hicrə’nin imamı Malik bin Ənəs söyləyib və məlumdur ki, İmam Malik “əl-Muvatta” kitabında rəvayət etdiyi bəzi hədisləri müəyyən səbəblərə görə tərk etmişdir. Bu səbəblərə elmi dildə “muarid” deyilir və ona görə də alimlər səhih hədislə əməl etməyin şərtləri arasında həmin hədisin muaridlərdən salamat olmasını qeyd edirlər. Muarid isə həmin hədisin zahiri mənasından fərqli bir mənaya dəlalət edən daha güclü bir hədis ola bilər və ya daha güclü bir şəriət prinsipi ola bilər.

Ona görə də Şihəbud-Din əl-Qarafi (vəfatı hicri 684) deyir: “əş-Şafi’dən – radiyallahu anhu – onun “hədis səhihdirsə o, mənim məzhəbimdir” və ya “mənim məzhəbimi divara çırpın” deməsi haqqında rəvayət olunanlar da bu növdəndir, çünki onun qəsdi “muarid” olmadığı haldır və bu, bütün alimlərin məzhəbidir, sadəcə ona xas bir şey deyildir. Əgər “muarid” olmaqla yanaşı (hədislə əməl etməyi) qəsd edirsə o zaman bu, icmaya müxalif olardı. Yoxsa bəzilərinin zənn etdiyi kimi bu söz yalnız onun məzhəbinə xas bir şey deyildir. Şafi’i fəqihlərindən bir çoxu buna etimad edərək deyirlər ki, “əş-Şafi’nin məzhəbi budur, çünki bu barədəki hədis səhihdir.” Bu isə xətadır, çünki muaridin aradan qalxması lazımdır. Muaridin olmamasını bilmək isə şəriət dəlillərini tam bir şəkildə araşdırma əhliyyətinə sahib birindən asılıdır ki, hətta bu hədisin muaridinin olmadığını söyləyə bilsin. Mütləq müctəhid olmayanın araşdırmasına gəldikdə isə onda heç bir ibrət yoxdur...[13] Burada əl-Qarafi ölçünü sərt götürmüşdür və dairəni daraltmışdır. Təqiyyud-Din əs-Subki bu nöqtədə onunla razılaşmır və muarid ilə qarşılaşmayana qədər hədisin ümumu ilə əməl etməyi vacib görür, lakin o da bunu elm əhlinə xitab edərək söyləyir. Zamanımızın “elm tələbələri” kimi dairəni içinə cahilləri də alacaq qədər genişləndirmir.

 

Üçüncü nöqtə:

Hədis əməl edilmiş hədislərdən olmalıdır, yəni imamlardan kimsə bu hədislə əməl etmiş olmalıdır. Əgər bir hədisin zahiri ittifaq ilə tərk edilibsə o zaman onun zahirinə etimad etmək olmaz və yaxud da bir hədisin özü tərk olunubsa və onunla heç bir imam əməl etməyibsə o zaman o hədislə əməl etmək olmaz. İbn Vəhb deyir: “Fiqhdə imamı olmayan hədis sahibi yolunu azmışdır, əgər Allah bizi Malik və əl-Leys ilə xilas etməsəydi azmışdıq.[14]

İmam İbn Əbi Zinəd (vəfatı hicri 174) deyir: “Ömər bin Abdil-Aziz fəqihləri toplayardı, onlardan əməl olunan sünnətləri və (xəlifələrin) hökmlərini soruşardı və onları təsbit edərdi. Onlardan – hətta siqa ravidən gəlmiş olsa belə - alimlərin əməl etmədiklərini isə ləğv edərdi.[15] Bu da sizlər üçün sələfdən ən gözəl bir nümunədir, mühəddis olmaq ilə fəqih olmaq arasındakı fərqin misallarından biridir. Məhz bu baxımdan İmam Malikin tələbələrindən biri olan məşhur hafiz Muhəmməd bin İsa bin ət-Tabbə’ deyir: “Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gəlmiş hər hansısa bir hədis ilə onun səhabələrindən kiminsə əməl etməsi barədə bir xəbər sənə çatmayıbsa o zaman onu tərk et![16] Ona görə də hədisin əməl edilmiş bir hədis olması şərtdir. Hafiz əz-Zəhəbi “Siyər Əaləmin-Nubələ” kitabında İraqda şafi’ilərin şeyxi Əbul-Qasim Abdul-Aziz bin Abdilləh əd-Dəraki haqqında deyir: “İbn Xallikən dedi: Mötəzilə olmaqda ittiham olunurdu və bəzi hallarda fətvada öz görüşü ilə fətva verərdi. Buna görə də ona etiraz edilərdi və o da deyərdi: “Vay halınıza! Fılan ravi fılan ravidən, o da Allahın elçisindən – salləllahu aleyhi va sələm - belə və belə rəvayət etdi və hədislə əməl etmək əş-Şafi’nin və Əbu Hənifənin görüşü ilə əməl etməkdən daha yaxşıdır.” əz-Zəhəbi bunu qeyd etdikdən sonra bu barədə belə bir şərh verir: “Bu, yaxşı bir haldır, lakin onunla bu iki imam səviyyəsində olan Malik, Sufyan və ya əl-Əvzəi kimi bir imamın əməl etmiş olması, onun illətdən salamat olan sabit bir hədis olması və Əbu Hənifə ilə əş-Şafinin hüccətinin digər hədisə muarid olan səhih bir hədis olmaması şərtdir. Lakin əgər kimsə bütün ictihad imamlarının tərk etdiyi səhih bir hədis ilə əmər edirsə o zaman buna yox deyirik.[17] Beləliklə də İmam əz-Zəhəbi burada səhih hədis ilə əməl etmək üçün üç şərt irəli sürdü. Birinci həmin hədis ilə əvvəlki nəsillərdən hansısa bir imamın əməl etmiş olmasını zikr etdi. İkinci həmin hədisin isnadının səhih olması ilə yanaşı mətninin də illətdən, xətadan salamat olmasını şərt gördü, çünki bəzi səhih hədislər vardır ki, mətndəki fərqli ləfzlər fərqli hökmləri gətirib çıxarır. Üçüncü olaraq isə həmin hədisin başqa bir hədisə müxalif olmamasını şərt qoşmuşdur, çünki ola bilər ki, bir hədisin ləfzini digər bir hədis xüsusiləşdirir və ya qeydə bağlayır və yaxud da nəsx edir və yaxud da tərk edilməsini vacib edir. Təbii ki, bu xüsusiyyətləri yalnız bir elm əhli araşdıra bilər, cahil bir kimsə üçün açıq olan bir meydan deyildir.

 

 

Yekun

Şəriət elmlərində kifayət qədər təcrübəsi olmayan bir kimsənin hədislərə dalması və oradan özü üçün nəticə çıxarması təhlükəli bir məsləkdir və bu, insanı zəlalətə sürükləyər. Ona görə də İmam Əbu Muhəmməd Abdullah bin Vəhb deyir: “Hədis alimlərdən başqası üçün azdırıcıdır.[18] İbn Vəhb isə Mədinədə İmam Malikdən, Misirdə Leys bin Sad’dan elm almış misirli imamlardan biridir. Bu sözün bənzəri İmam Sufyan bin Uyeynə’dən də rəvayət edilir. Bunu İbn Əbi Zeyd əl-Qayravani (vəfatı hicri 386) “əl-Cami” kitabında zikr edir və izahını verir: “İbn Uyeynə dedi: “Hədis fəqihlərdən başqası üçün azdırıcıdır.” Bununla onu qəsd edir ki, fəqih olmayan bəlkə də hədisi zahiri mənasında qəbul edər, halbuki onun bir başqa hədisdə bir təvili/izahı vardır və ya ondan gizli qalmış bir başqa dəlil vardır və ya birdən çox səbəbin tərk edilməsini vacib etdiyi tərk edilmiş bir hədisdir. Bütün bunları isə yalnız dərin biliklərə və fiqhə malik bir kəs bacara bilər.[19] Məşhur maliki fəqihi Xalil bin İshaq əl-Cundi əl-Kurdi (vəfatı hicri 776) bu sözlərin eynisini “əl-Cami” kitabının sonunda[20] zikr etmişdir.

əl-Qadi Əbu Yə’lə “əl-Uddə” kitabında deyir: “Bir nəfər Əhməddən soruşdu: “Əgər bir kimsə yüz min hədis əzbərləyərsə fəqih olarmı?” Dedi: “Xeyr.” Dedi: “Bəs əgər iki yüz min?” Dedi: “Yox.” Dedi: “Bəs üç yüz min?” Dedi: “Xeyr.” Dedi: “Bəs dörd yüz min?” Bu zaman əli ilə bu cür göstərdi və əlini hərəkət etdirdi.” Yəni bəlkə də bu miqdar ilə fətva verə biləcək müctəhid ola bildi. Şeyxul-İslam İbn Teymiyyə burada “hədis” ilə həmçinin səhabələrdən və tabiindən gələn xəbərlərin də qəsd edildiyinə diqqət çəkir. Daha sonra əl-Qadi Əbu Yə’lə deyir: “Əbu Həfs (əl-Ukbəri) dedi: “Əbu İshaq (İbn Şəqlə) söylədi: “Mənsur camisində fətva vermək üçün oturduqda bu məsələni (camaata) zikr etdim və bir nəfər mənə dedi: “Məgər sən bu qədər hədisi əzbər bilirsən ki, insanlara fətva verirsən?” Ona dedim: “Allah səni bağışlasın! Mən özüm bu qədərini əzbər bilməsəm də bu qədərini və daha çoxunu bilən birinin görüşünə əsasən insanlara fətva verirəm.[21] Yəni ki, özüm o qədərini bilməsəm də “əl-Müsnəd” kitabını yeddi yüz əlli min hədisin arasında seçərək toplamış İmam Əhməd bin Hənbəli görüşü ilə fətva verirəm. Qeyd edim ki, İbn Şəqlə burada özünün bizim anladığımız şəkildə muqallid olduğunu söyləmir, lakin öz elmini İmam Əhmədin qaynaqlarından götürdüyünü söyləyir. Ona görə də Şeyxul-İsləm İbn Teymiyyə “əl-Musvaddə”[22] kitabında zikri keçən bu hekayə üzərinə bu qeydi əlavə edir: “Əgər müfti öz imamının görüşünü xəbər verərsə elm ilə xəbər vermiş sayılır və o, həqiqətdə imamının görüşünü (fətva soruşana) çatdırır, beləliklə də elmdən kənara çıxmır. (İbn Şəqlə’nin) sözünün zahiri Əhmədi təqlid etdiyini göstərir, yaxud da sözünü o mənada anlamalıyıq ki, (İbn Şəqlə) elmin yollarını ondan öyrənmişdir.[23]

Qeyd edək ki, günümüzdə “avam” və ya “ammi” sözünün mənasını anlamayan kimsələr özlərini o qrupdan kənara çıxarmaq üçün bu şəriət termininə gülməli mənalar verirlər. Onlardan bəzisi “avam” kəsin oxumaq və yazmaq bilməyən kəs olduğunu deyir və onun verdiyi bu tərifə əsasən oxumaq və yazmaq bilən kimsə avam olmaqdan qurtulmuş kəsdir. O zaman Azərbaycanda tək-tük adamdan başqa avam olmamalıdır, Allaha şükür ki, xalqın hamısı oxumağı və yazmağı bacarır. Həqiqətdə isə bu qədər dar düşüncəli olan kimsələr avamın ən bariz nümunəsidir. Əslində özünü “zikr əhli” hesab edən kimsələr zikr əhlindən ən uzaq olan kimsələrdir. Onlar üçün “tərcih” etmək haram olduğu halda onlardan aşağıda olan kütləyə şübhəsiz ki, haram olacaqdır.

Bu kiçik məqalənin sonunda hədis imamlarından biri kimi tanınmış İmam Alləmə Zeynud-Din Əbul-Fərac İbn Rəcəb əl-Hənbəli’in sözünü qeyd etmək istəyirəm. O, deyir: “Əgər desələr: “O zaman siz İmam Əhməd’in və digər imamların onların təqlid edilməsini və sözlərinin yazılmasını qadağan etməkləri haqqında nə deyirsiz? İmam Əhməd deyir: “Mənim sözümü və fılankəs ilə fılankəslərin sözlərini yazmayın, bizim öyrəndiyimiz kimi siz də öyrənin!” Bu məna onların sözlərində çoxdur. Onlara belə deyərik: Heç şübhə yoxdur ki, İmam Əhməd – radiyallahu anhu – fəqihlərin görüşlərini hifz etməkdən, onları qələmə almaqla məşğul olmaqdan çəkindirərdi, Kitab və sünnəti hifz etməklə, onları anlamaqla, onları qələmə almaqla və onları öyrənməklə məşğul olmağı, həmçinin sonradan gələnlərin deyil, səhabələrin və tabiinin əsərlərini yazmaqla, onların səhihini zəifindən ayırmaqla, onlardan əməl olunanlar ilə şazz olanları, tərk edilmişləri bir-birindən ayırmaqla məşğul olmağı əmr edərdi. Şübhəsiz ki, bu, əhəmiyyət göstərilməsi, başqa şeylərdən öncə məşğul olunması vacib olan işdir. Kim bunu öyrənərsə, bunu öyrənməkdə İmam Əhmədin işarə etdiyi kimi son həddə çatarsa onun elmi İmam Əhmədin elminə yaxın bir səviyyəyə çatmış olacaq. Bunda heç bir problem yoxdur və biz buna etiraz etmirik. Biz sadəcə zamanımızın insanlarının halında olduğu kimi bu dərəcəyə çatmamış, bu həddə qalxa bilməmiş, bundan az bir şey anlamış kəslərin (təqlidi tərk etməkdən) qadağan edilməsindən danışırıq. Hətta bu, uzun zamandan bəri insanların əksəriyyətinin halıdır, baxmayaraq ki, onlardan bir çoxu ən yüksək mərtəbələrə çatdığını, ən son həddə yetişdiyini iddia edir, halbuki (bu cür iddia edənlərin) əksəriyyəti heç ibtidai səviyyədən o tərəfə keçməyiblər. Əgər bunu bilmək və yoxlamaq istəyirsənsə İmam Əhmədin – radiyallahu anhu – Kitab və sünnətdən bildiklərinə nəzər sal... Peyğəmbərdən – salləllahu aleyhi va səlləm  - gəlmiş elə səhih bir sünnət bilmirik ki, (İmam Əhməd) onu bilməmiş olsun və sünnət səhih olduqda və onun güclü bir muaridi olmadıqda ona tabe olmaqda insanların ən şiddətlisi idi. O, yalnız səhih olmayanlar və güclü bir muaridi olanlar ilə əməl etməyi tərk etmişdir.... Əgər bunu anladınsa və bildinsə o zaman bu, mənim sənə nəsihətimdir, ey bu imamın məzhəbini öyrənən tələbə! Bu nəsihəti sənə Allahın razılığı üçün yönəldirəm, çünki “sizdən heç biriniz özü üçün sevdiyini qardaşı üçün sevməyincə iman etmiş sayılmaz.” Nəbadə bu imamın bilmədiyi bir şeyi bildiyini, onun başa düşə bilmədiyi bir şeyi başa düşdüyünü öz özünə düşünəsən.[24]

Bir də ən sonunda özünüzə belə bir sual verin. Əgər hədisi oxuyub onunla əməl etmək hər kəsə vacib olsaydı o zaman fiqh elminə nə ehtiyac var idi? Mühəddislərin olması kifayət etməzdimi? O zaman fəqihlərə, fiqh elminə, üsulul-fiqh elminə nə ehtiyat vardır?! Sələfin zamanına nəzər salsanız görərsiz ki, mühəddis olmaq fəqih olmaq anlamına gəlmir, eləcə də fəqih olmaq mühəddis olmaq anlamına gəlmir. Əgər bir cahil hədisi oxumaqla onu öz cahil ağlı ilə hədisin fiqhini anlaya biləcəyini zənn edirsə o zaman o adam özünü cahil saymır, fəqih hesab edir. Belələri ilə bizim heç bir işimiz yoxdur. Lakin özünü cahil hesab edənlər gərək özlərini o cür aparsınlar.



[1] Bunu İbn Abdil-Bərr “əl-İntiqa fi Fədail əs-Sələsətil-Əimmətil-Fuqahə” kitabında (səh: 145) rəvayət edir. Şeyx əl-Alban

[2] “İyqazu Himəmi Ulil-Əbsar”, səh: 184; Darul-Fəth, birinci nəşr: 1418/1997, Şəriqa

[3] Eyni kitab, səh: 18

[4] “əl-Uddə fi Usulil-Fiqh”, 4/1229-1230; Muhəmməd bin Suud camiası, üçüncü nəşr: 1414/1993, Riyad

[5] “Riyədun-Nufus”, 1/263; Darul-Ğarb əl-İsləmi, ikinci nəşr: 1414/1994, Beyrut

[6] “Ədəbul-Mufti val-Mustəfti”, səh: 118; Məktəbətul-Ulum val-Hikəm, ikinci nəşr: 1423/2002, Mədinə

[7] “Mə’nə Qavlil-İməmil-Mutalləbi”, səh: 106; Muəssəsətu Qurtubə,

[8] Bu kitabın müxtəsəri bu gün bir çox yayın evi tərəfindən çap edilmişdir.

[9] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/64;

[10] “Raddul-Muhtər alə Durril-Muxtər”, 1/68; Darul-Fikr, ikinci nəşr: 1412/1992, Beyrut

[11] “Mə’nə Qavlil-İməmil-Mutalləbi”, səh: 93; Muəssəsətu Qurtubə

[12] “Tərtibul-Mədərik va Təqribul-Məsəlik”, 1/45; Mətbəətu Fədalə, birinci nəşr:  1965, Məğrib

[13] “Şərh Tənqih əl-Fusul”, səh: 450; Şirkətut-Tabəatil-Fənniyyə, birinci nəşr: 1393/1973

[14] “Kitəb əl-Cəmi”,  səh: 119; Muəssəsətur-Risələ/əl-Məktəbə əl-Atiqa, ikinci nəşr: 1403/1983, Beyrut/Tunis

[15] “Tərtibul-Mədərik va Təqribul-Məsəlik”, 1/46; Mətbəətu Fədalə, birinci nəşr:  1965, Məğrib

[16] “əl-Fəqih val-Mutəfəqqih”, 1/354; Dar İbn əl-Cəvzi, ikinci nəşr: hicri 1421, Riyad

[17] “Siyər Əaləmin-Nubələ”, 16/405; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1405/1985, Beyrut

[18] “Tərtibul-Mədərik va Təqribul-Məsəlik”, 1/91; Mətbəətu Fədalə, birinci nəşr:  1965, Məğrib

[19] “Kitəbul-Cəmi”, səh: 118-119; Muəssəsətur-Risələ/əl-Məktəbə əl-Atiqa, ikinci nəşr: 1403/1983, Beyrut/Tunis

[20] “əl-Cəmi”, səh: 87; Mərkəz Nəcibəveyh

[21] “əl-Uddə fi Usulil-Fiqh”, 5/1597;

[22] Kitabın adı “əl-Musvaddə” və ya “əl-Musəvvadə” olaraq oxunur, hər iki ad məna cəhətdən səhihdir.

[23] “əl-Musvaddə”, səh: 516; Darul-Kitəb əl-Arabi

[24] “Məcmu Rasəil əl-Həfiz İbn Racəb əl-Hənbəli”, 2/628-632; əl-Faruq əl-Hədisiyyə