Quran katibləri xəta ediblərmi?

Möminlərin könlünə şübhələr salmağa çalışan qövmün cəhdlərini boşa çıxarmaq da edilməsi vacib olan işlərdəndir. Onun üçün də vaxtdan-vaxta ehtiyac olduqda bu barədə bir iki sətr yazmağa məcburuq. Bu səfər də ortaya atılan bir şübhəni və onun cavabını verməyə çalışacağıq. Ümid edirik ki, bu yazımız çox müsəlman üçün faydalı olacaqdır.

 

İmam Əbu Ubeyd əl-Qasim bin Səlləm (vəfatı hicri 224) ”Fədail əl-Quran” kitabında rəvayət edir:

حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ، عَنْ أَبِيهِ، قَالَ: سَأَلْتُ عَائِشَةَ عَنْ لَحْنِ الْقُرْآنِ: عَنْ قَوْلِهِ {إِنْ هَذَانِ لَسَاحِرَانِ} ، وَعَنْ قَوْلِهِ {وَالْمُقِيمِينَ الصَّلَاةَ وَالْمُؤْتُونَ الزَّكَاةَ} وَعَنْ قَوْلِهِ {إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ} فَقَالَتْ: «يَا ابْنَ أُخْتِي، هَذَا عَمَلُ الْكُتَّابِ أَخْطَئُوا فِي الْكِتَابِ»

Əbu Muaviyə bizə Hişəm bin Urva’dan, o da atasından rəvayət edir; dedi: “Aişədən Qurandakı “ləhn” haqqında soruşdum: Allahın “in həzəni ləsəhirani” [TaHa, 63] sözü və Onun “val-muqiminəs-salətə val-mutunəz-zəkətə” [ən-Nisə, 162] sözü və Onun “innəlləzinə əmənu valləzinə hədu vas-saibunə” [əl-Bəqara, 62] sözü haqqında soruşdum, bunun üzərinə buyurdu: “Bacım oğlu, bu, katiblərin əməlidir, yazarkən xəta ediblər.[1] “Ləhn” dildə edilən xətaya deyilir.

Bu xəbər zahirində müşkil görünən bir xəbərdir. Axı Quran katibləri necə xəta edə bilərlər, halbuki Quran səhabələrin nəzarəti altında yazılmışdır, onun qiraətləri mütəvatir kanallarla bizə çatmışdır və bu qiraətlərin arasında məhz bu xəbərdə olduğu kimi oxunur. Üstəlik Quran yazılarkən Osmanın zamanında birdən çox nüsxə yazılmışdır və katiblərin hamısının xəta etməsi imkansızdır. Ona görə də bu rəvayət müşkil rəvayət sayılmışdır və buna alimlərimiz fərqli cavablar veriblər.

Bu xəbəri həmçinin İbn Əbi Davud əs-Sicistani öz isnadı ilə ”əl-Məsahif” kitabında və Said bin Mənsur “əs-Sünən” kitabında rəvayət etmişdir. Bunu həm də İbn Cərir ət-Tabəri təfsirində zikr edir. Alləmə Cələlud-Din əs-Suyuti bu xəbəri “əl-İtqan fi Ulumil-Quran” kitabında zikr etdikdən sonra deyir: “Bu, hər iki şeyxin şərtinə uyğun olan səhih bir isnaddır.[2] Şihəbud-Din əl-Alusi də təfsirində bununla razılaşmışdır.

əs-Suyuti’nin “əl-İtqan” kitabını təhqiq edənlər bu nöqtədə əs-Suyuti ilə razılaşmayıblar və isnaddakı zəifliyə işarə ediblər və deyiblər ki, Əbu Muaviyə’nin Hişəm’dən rəvayətlərində iztirab/qarışıqlıq vardır, necə ki, İmam Əhməd demişdir: “Onun Hişəm bin Urva’dan rəvayət etdiyi hədislərində iztirab vardır.[3] Həmçinin Əbu Davud deyir ki, Əbu Muaviyə “Hişəm bin Urva’dan rəvayətlərində xəta edir.[4] Lakin bunu Hişəm bin Urva’dan təkcə Əbu Muaviyə rəvayət etmir, həmçinin İbn Şəbəh’in “Tərixul-Mədinə” kitabında bunu Əli bin Mushir vasitəsilə Hişəm’dən rəvayət edir, Əli bin Mushir isə siqadır, lakin qəribə rəvayətləri olduğu söylənmişdir, yəni başqalarının rəvayət etmədiklərini rəvayət etmişdir. Kitabı təhqiq edənlər bu rəvayətin də həmin qəribə rəvayətlərdən olduğunu deyiblər, lakin bunun üçün hər hansı bir dəlil zikr etmirlər. Görünən budur ki, isnadının səhih olmasında əs-Suyuti’nin dediyi daha əsaslıdır, çünki bu xəbər başqa kanallardan da gəlmişdir. Bunu sadəcə isnadını zəif çıxarmaqla inkar etmək kifayət qədər möhkəm deyildir.

Alimlərimizdən bəziləri bu rəvayətin sənədinə əhəmiyyət vermədən birbaş mətnin özünü tənqid ediblər. Misal üçün böyük ərəb dili alimi Alləmə Əbu Muhəmməd Cəməlud-Din İbn Hişəm əl-Ənsari (vəfatı hicri 761) deyir:

وَهَذَا أَيْضاً بَعِيدُ الثُّبُوتِ عَنْ عَائِشَةَ رَضِيَ الله عَنْهَا فَإِنَّ هَذِهِ الْقِرَاءَاتِ كُلَّهَا مُوَجَّهَةٌ كَمَا مَرَّ فِي هَذِهِ الْآيَةِ وَكَمَا سَيَأْتِي إِنْ شَاءَ الله تَعَالَى فِي الْآيَتَيْنِ الْأَخِيرَتَيْنِ عِنْدَ الْكَلَامِ عَلَى الْجَمْعِ وَهِيَ قِرَاءَةُ جَمِيعِ السَّبْعَةِ فِي "الْمُقِيمِينَ" وَ "الصَّابِئُونَ" وَقِرَاءَةُ الْأَكْثَرِ فِي "إنْ هَذَانِ" فَلَا يَتَّجِهُ الْقَوْلُ بِأَنَّهَا خَطَأٌ لِصِحَّتِهَا فِي الْعَرَبِيَّةِ وَثُبُوتُهَا فِي النَّقْلِ

Bunun da həmçinin Aişədən - radiyallahu anhə - sabit olması çox uzaqdır, çünki bu qiraətlərin hamısı əsaslıdır, necə ki, bu ayə barəsindəki müzakirəmizdə keçdi və necə ki, yerdə qalan iki ayə haqqında “cəm” barəsindəki sözümüzdə Allahın izni ilə danışacağıq. Bu, “əl-muqimin” və “əs-sabiun” oxunuşlarında bütün yeddi qarinin oxuduğu kimidir və “in həzəni” də isə əksəriyyətin oxuduğu kimidir və bunun xəta olduğunu söyləməyin heç bir əsası yoxdur, çünki ərəb dili qaydalarına görə doğrudurlar və bu şəkildə nəql edilməsi də sabit olmuşdur.[5]

Beləliklə İbn Hişəm bu rəvayətin mətnini inkar etmiş və bunun xəta olması ehtimalını tamamilə rədd etmişdir, ümumiyyətlə ərəb dili alimlərinin hamısı qeyd edir ki, bu ayələrdə varid olmuş fərqli qiraətlərin hamısı ərəblərin fərqli qəbilələrində mövcud olan lüğətlərdir ki, bunlardan heç biri xəta adlandırılmaz.

İbn Hişəm kitabında zikr edir ki, qiraətlər üzrə alim Əbul-Abbas Əhməd bin Ammər əl-Məhdəvi (vəfatı hicri 440) “Şərh əl-Hidəyə” kitabında Aişəyə fərqli bir ləfzi nisbət etmiş və bunun Aişədən səhih olmasını inkar etmişdir və bunu onunla əsaslandırmışdır ki, “Qurandakı hər bir hərfin ərəb dili baxımından səhih olan bir əsası vardır.[6] Mətnin münkər olmadığını buna əsasən söyləyirlər, çünki ərəblərin ən fəsahətlilərindən olan Aişənin, Osmanın və digərlərinin bu qiraətləri xəta adlandırması mümkün deyildir. Ona görə də Şeyx Muhəmməd Abdul-Azim əz-Zurqani deyir: “Bu rəvayətlərin sənədləri nə qədər səhih olsa da qəti olan mütəvatirlərə müxalifdir və qəti olana zidd olan şey etibardan düşür, rədd olunur və ona heç bir əhəmiyyət verilməməli və onunla əməl edilməməlidir.[7]

Bu xəbərləri  İbn Hişəm’dən, hətta əl-Məhdəvi’dən öncə böyük maliki alimi əl-Qadi Əbu Bəkr Muhəmməd bin ət-Tayyib əl-Bəqilləni (vəfatı hicri 403) inkar etmişdir. O, Qurana bu cür hücumlar edən küfr əhlinə qarşı cavab olaraq yazdığı “əl-İntisaru lil-Quran” adlı möhtəşəm kitabında onların bu şübhələrini bir-bir zikr edir, həmçinin Aişədən gələn bu xəbəri də qeyd edir və buna bənzər bir xəbəri də Osmandan zikr edir. Lakin bunlara cavab verməyə başlayaraq buyurur: “Siz bu sözünüzdə bir neçə növ qarışdırmaya yer vermisiz. Bunlardan biri Osmandan və Aişədən gələn bu rəvayətlərin səhih olmasını, həmçinin onların hüccət olmasını və o ikisinin həqiqətən də bunu deməsinə qətiyyətlə inanmağın vacibliyini güman etməyinizdir. Lakin bizə görə bu xəbərin sifəti belə deyildir.”[8] Yəni əl-Bəqilləni bu rəvayətlərin ona görə səhih olmadığını söyləyir. Daha sonra geniş şəkildə bu rəvayəti dəlil gətirənlərə müxtəlif yönlərdən cavab verir və fayda üçün əl-Bəqilləni’nin kitabına baxmağı məsləhət görürük.

əl-Bəqilləni’dən öncə bu rəvayətlərin səhihliyini İbnul-Ənbəri adı ilə tanınmış İmam Əbu Bəkr Muhəmməd bin əl-Qasim (vəfatı hicri 304) olmuşdur, belə ki, Şihəbud-Din əl-Alusi deyir: “İbnul-Ənbəri bu mövzudakı hədislərin zəif olmasına və onları İbn Abbas’dan gəlmiş digər rəvayətlərlə dəf etməyə meyl etmişdir.” əl-Alusi özü də bu görüşdə olmuşdur və o, fərqli fikirləri zikr etdikdən sonra deyir: “Mənim tutduğum mövqe budur - və təbii ki, xətadan qoruyan Allahdır – ki, mütəvatir olana xələl gətirən, insanın könlünü rahatladan, zövqünə yatan bir təvil qəbul etməyən bütün xəbərləri – onları kimin səhih saymasından asılı olmayaraq – zəif sayıram.[9] Beləliklə də mütəvatirə müxalif olduğu üçün və qane edici təvili olmadığı üçün rəvayəti – isnadı səhih olsa belə - zəif çıxarmışdır və bu məslək bir çox alimin tutduğu məsləkdir. Bizim mütəvatir olaraq bildiyimiz isə budur ki, mushafda heç bir xəta yoxdur, çünki o, mütəvatir yollarla gəlmişdir, səhabələrin yoxlamasından keçmişdir və Osmanın cəm etdiyi mushafın birdən çox nüsxəsi olmuşdur və bunların hamısında xətanın baş verməsi əqlin qəbul etməyəcəyi bir şeydir. Osmanın mushafında katiblərin xəta etməməsi isə qəti bilinən bir şeydir və heç bir şəkk götürməz, ona görə də birdən çox ərəb dili alimi, qiraət alimi sələfdən bunu xətalı sayanların sözlərini şiddətlə inkar ediblər. Əbu İshaq əz-Zəccəc (vəfatı hicri 311) deyir: “Bu söz lüğət alimlərinə görə (haqdan) çox uzaq bir sözdür, çünki Quranı bir arada toplayanlar Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələri olmuşdur və onlar lüğət əhlidir, onlar nümunədirlər... beləliklə də bu, onlara – Allahın rəhməti üzərilərinə olsun! – nisbət edilməsi doğru olmayan bir sözdür. Quran isə möhkəmdir, orada heç bir “ləhn” yoxdur...[10] Şeyxul-İslam Təqiyyud-Din Əhməd ibn Teymiyyə buyurur: “Kim katibin xəta etdiyini iddia edərsə özü münkər bir xəta etmişdir.[11] İbn Teymiyyə’nin bu sözlərindən başa düşülür ki, o, bu iddianın onlara nisbət edilməsini qəbul etməmişdir.

Bununla belə bəzi alimlərimiz bu rəvayətdəki işkəli həll edəcək təvillər verməyə çalışıblar. İmam Əbu Amr Osman bin Said əd-Dəni (vəfatı hicri 444) deyir: “Bunun təvili aşkardır; belə ki, Urva (burada) Aişə’dən bəyanı gücləndirmək və asanlığa nail olmaq məqsədi ilə müəyyən bir məna üçün əlavə edilən, başqa məna üçün isə or dan düşürülən yazıdakı hərflər haqqında soruşmamışdır, lakin Allahın – azzə va cəllə - peyğəmbərinə - salləllahu aleyhi va səlləm – və onun ümmətinə oxumaqları üçün, ümmətinə asanlıq olsun, onlar üçün genişlik olsun deyə istədiyini seçib üzərində qalmaqları üçün izn verdiyi, ləfzləri müxtəlif olan, ləhcələrin fərqliliyinə görə oxunuş şəkilləri möhtəməl olan qiraətlər arasındakı hərflər barəsində soruşmuşdur. Bu cür yol ilə olan, bu cür halda olan isə “ləhn”dən, xətadan, vəhmdən, zillətlərdən uzaqdır, çünki bu qiraətlər dildə geniş yayılmışdır və ərəb dilindəki qaydalara əsasən çox aydındır. Məsələdəki hal belədirsə o zaman Aişənin qəsd etdiyi Quranın yazılmış şəkli mənasında ola bilməz. Urva’nın bunu “ləhn” adlandırması və Aişənin onun yazılmış şəkli üçün “xəta” deməsi dildəki genişlik növündəndir və ibarədəki məcaz formasıdır, çünki bu, onların (qiraətdəki) məzhəblərinə müxalif idi, yoxsa həqiqi mənada xəta qəsd edilməmişdir, çünki daha öncə izah etdiyimiz kimi bu, icazəlidir və dildə geniş yayılmışdır və ərəb dili qaydalarında bu cür istifadəsi mövcuddur, üstəlik onların qiraətlərindən fərqli şəkildə oxunulması üzərində də icma hasil olmuşdur...” Beləliklə də Əbu Amr əd-Dəni’yə görə buradakı “xəta” və “ləhn” sözləri ilə həqiqi “xəta” və həqiqi “ləhn” qəsd edilmir, lakin Aişənin və Urva’nın oxuduğu qiraətlərdən savayı qiraətlər üçün məcazi mənada “xəta” sözünü işlədiblər.

Alimlərin bundan başqa təvili də vardır və Əbu Amr əd-Dəni özünün təvilini zikr etdikdən sonra deyir: “Alimlərimizdən bəziləri möminlərin anasının “yazıda xəta ediblər” sözünün təvilində deyiblər ki, yəni insanları üzərində cəm etmək üçün yeddi hərfdən ən üstün saydıqlarını seçməkdə xəta ediblər, yoxsa bundan yazdıqlarının özünün xəta olması, icazəli olmaması qəsd olunmur, çünki icazəli olmayan – hətta baş vermə müddəti uzanmış olsa belə - icma ilə rədd olunur. “Ləhn” sözünü isə qiraət və ləhcə mənasında təvil ediblər, necə ki, Ömər – rahiməhullah – demişdir: “Ubeyy qiraətdə bizim ən güclümüzdür, amma biz onun “ləhninin” bəzisini tərk edəcəyik”, yəni ki, qiraətini və lüğətini. Bu isə çox aşkardır.[12]

Əbu Amr əd-Dəni’nin zikr etdiyi bu ikinci təvil əksər alimlərin qəbul etdiyi təvildir və bunu ondan sonra yaşamış İbn Əştəh adı ilə tanınmış Əbul-Abbas Əhməd bin Abdul-Ğaffər əs-Əsbəhəni (vəfatı hicri 491) və başqaları qəbul ediblər. Bunu əs-Suyuti onlardan zikr edir və Aişənin bu hədisinin izahında deyir: “Buna İbn Əştəh cavab vermişdir - və İbn Cubəra “ər-Raiyyə” nəzminin şərhində bu cavabında ona tabe olmuşdur – ki, onların “xəta ediblər” sözlərinin mənası budur ki, onlar bu yeddi hərfdən ən üstününü seçərək insanları onun üzərində birləşdirməkdə xəta ediblər, yoxsa orada yazdıqları yazıda xəta etdiklərini və bunun icazəli olmamasını qəsd etməyiblər.[13]

Həmçinin əl-Alusi deyir: “Aişənin “xəta ediblər” sözünün mənası budur ki, insanları üzərində cəm etmək üçün yeddi hərfdən ən üstün saydıqlarını seçməkdə xəta ediblər, yoxsa bundan yazdıqlarının xəta olması, icazəli olmamasını qəsd etməmişdir, çünki icazəli olmayan baş vermə müddəti nə qədər uzansa da rədd olunmalıdır. Beləliklə də bu, Aişənin öz görüşüdür və onun – radiyallahu anhə - neçə belə görüşü vardır.[14]

Ola bilsin ki, bu təvilə etiraz edilsin və deyilsin ki, bu təvil “in həzəni ləsəhirani” ayəsi üçün anlaşıla bilər, çünki bu hissə məşhur qiraətlərdə fərqlənir, lakin digər ikisində qarilər ittifaq ediblər. Bunun cavabında deyirik ki, ittifaq məşhur olan qiraətlərdədir. Lakin bəzi qiraətlərdə ixtilaf vardır. Yunus və Harun’un Əbu Amr bin əl-Alə’dən qiraətində, Said bin Cubeyrin, Məlik bin Dinarın, Amr bin əl-Ubeyd, əl-Cəhdəri, İsa bin Ömər və başqalarının qiraətlərində “val-muqimin” yerinə “val-muqimun” oxunmuşdur. Həmçinin məlumdur ki, səhabələrdən bəzilərində cumhurdən fərqli qiraətlər olmuşdur ki, bizim bildiyimiz məşhur qiraətlərdə müvafiq deyildir. Ola bilsin ki, Aişə anamız bu baxımdan bütün bu qiraətləri icazəli gördüyü üçün bunların içindən yalnız birini seçib, katiblərə yalnız həmin qiraəti yazdırmağı və insanları onun üzərincə cəm etməyi xətalı saylmışdır. Bu təvilə əsasən Urva’nın işlətdiyi “ləhn” sözü dildəki xəta mənasını yox, Quranın fərqli qiraətləri və ərəblərin fərqli lüğətləri/ləhcələri mənasındadır. Yuxarıda İmam Əbu Amr əd-Dəni’nin bunun üçün dəlil olaraq Ömərin sözlərini zikr etməsinə bir daha diqqət etmək lazımdır. Çünki əl-Buxari “əs-Sahih” kitabında rəvayət edir: “Ömər dedi: Ubeyy qiraətdə ən güclümüzdür, lakin biz Ubeyy’in “ləhnindən” (bir şeylər) tərk edirik.[15] əl-Hafiz İbn Həcər bu hədisin şərhində deyir: “Ləhn lüğət/ləhcə deməkdir. İbn Xalləd’in rəvayətində isə belədir: “biz Ubeyy’in qiraətindən bir çox şeyi tərk edirik”.[16] Bunu həmçinin Bədrud-Din əl-Ayni, Şihəbud-Din əl-Qastaləni də bu şəkildə təfsir ediblər.

Doğrusunu Allah bilir!



[1] “Fədailul-Quran”, səh: 287; Dar İbn Kəsir, birinci nəşr: 1415/1995, Beyrut

[2] “əl-İtqan fi Ulumil-Quran”, 2/320; əl-Heyətul-Misriyyətul-Ammə, 1394/1974, Misir

[3] “Hədyus-Səri”, səh: 438; “Təhzib ət-Təhzib”, 9/139;

[4] “Suələt əl-Əcurri li Əbi Davud”, 3/160;

[5] “Şərh Şuzur əz-Zəhəb”, səh: 80; Darut-Talai, 2004, Qahirə

[6] “Şərhul-Hidəyə”, səh: 419; Məktəbətur-Ruşd, hicri 1415, Riyad

[7] “Mənəhilul-İrfən fi Ulumil-Quran”, 1/393; Mətbəətu İsə əl-Bəbi, üçüncü nəşr

[8] “əl-İntisar lil-Quran”, 2/533; Darul-Fəth/Dar İbn Həzm, birinci nəşr: 1422/2001, Amman/Beyrut

[9] “Ruhul-Məani”, 8/535; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: hicri 1415, Beyrut

[10] “Məani əl-Quran va İrabuhu”, 2/131; Aləmul-Kutub, birinci nəşr: 1408/1998, Beyrut

[11] “Məcmu əl-Fətəva”, 15/255;

[12] “əl-Muqni’ fi Mərifəti Mərsumi Məsahif Əhlil-Əmsar”, səh: 610-611; Darut-Tədmuriyyə, birinci nəşr: 1431/2010, Riyad

[13] “əl-İtqan”, 2/324

[14] “Ruhul-Məani”, 1/32; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: hicri 1415, Beyrut

[15] “Sahih əl-Buxari” (5005);

[16] “Fəthul-Bəri”, 8/167; Darul-Mərifə, hicri 1379, Beyrut