Günəşi qara palçıqlı bir çeşmədə batan gördü

Allahu Təalə mübarək kitabında Zul-Qarneynin yer üzündəki seyri barədə bizlərə xəbər verərkən deyir:

Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü.

(əl-Kəhf, 86)

Ateistlər və digər din düşmənləri bu ayədən müsəlmanlara qarşı sui-istifadə edirlər və ayəni öz ağıllarına görə izah edərək ayənin elmi faktlara zidd olduğunu iddia edirlər. Onlara görə Quranda günəşin yer üzündə bir çeşməyə batdığı yazılıb.

 

 

Etiraf etməliyəm ki, ateistlərin bu halı məni təəccübləndirmir, lakin müsəlmanların Quranın mənası aydın sözləri üzərində düşünməməkləri məni təəccübləndirir. Ayəni ən xəfif şəkildə oxumaq belə mülhidlərin şübhələrini alt-üst etməyə kifayət etməlidir, lakin müsəlmanlar günümüzdə hikmətlə və sadəliklə cavab verməyi bacarmırlar.

Qeyd etməliyik ki, ayədə günəşin bir çeşməyə batması haqqında heç bir şey deyilmir, çünki günəş yer üzünə sığa bilməyəcək qədər böyükdür. Mülhidlər elə düşünməsinlər ki, biz bu sözləri müasir zamanda texnologiya inkişaf etdiyi üçün deyirik, guya müsəlmanlar texnologiyanın isbat etdiyi elmi faktları inkar edə bilmədikləri üçün bu cür ayələri elmə uyğun izah edirlər. Xeyr! Bunun müasir zamanla heç bir əlaqəsi yoxdur, çünki müsəlman alimləri lap əvvəldən günəşin yerdən böyük olduğunu bilirdilər və bu səbəblə ayənin sözlərini həm Quranın özünün tələb etdiyi şəkildə, həm də ərəb dilinin tələb etdiyi şəkildə izah ediblər və bilinən faktlara zidd heç bir şeyin olmadığını deyiblər, çünki ilk oxunuşdan anlaşılır ki, Allahu Təalə günəşin çeşmədə batdığını demir, lakin Zul-Qarneynin günəşi çeşmədə batarkən gördüyünü deyir. Bu barədə Allahın izni ilə qədim və müasir alimlərimizin sözlərini aşağıda qeyd edəcəyik.

Məşhur təfsir alimi Əbu Muhamməd Abdul-Haqq bin Atiyyə əl-Əndəlusi (vəfat: hicri 546) deyir:

Bəzi bağdadlı alimlərə görə ayədəki ”في” ( - da, - də) şəkilçisi “عند” (tərəfində, yanında) mənasındadır, günəşə baxan sanki onu yerə toxunarkən görür.[1]

Alləmə əl-Hafiz Abdurrahmən bin Əli bin Muhamməd əl-Cəvzi əl-Hənbəli (vəfat: hicri 597) - rahiməhullah - deyir:

"Bəlkə də zənnə qapılan bəzi kəslər elə güman edə bilərlər ki, ölçülərinin böyüklüyünə baxmayaraq günəş özü su çeşməsinə dalmışdır, bu, belə deyildir. Günəş dünyadan dəfələrlə böyükdür, axı necə su çeşməsinə sığa bilər? Deyirlər ki, günəş yüz əlli dəfə dünyadan böyükdür. Başqaları isə yüz iyirmi dəfə böyük olduğunu deyiblər və ay dünyadan səksən dəfə böyükdür. Lakin sadəcə olaraq dənizin sonunu görə bilməyən dəniz səyyahının günəşin suda itdiyini görməyi kimi o da günəşi suda batarkən görmüşdür. Bunun səbəbi isə budur ki, Zul-Qarneyn yaşayış yerlərinin qurtardığı yerə qədər gəlmiş və orada özündən o yana heç bir şeyin olmadığı suyu bulaşıq bir çeşmə görmüşdür."[2]

Digər məşhur təfsir alimi Əbu Abdilləh Muhamməd bin Əhməd bin Əbi Bəkr əl-Qurtubi (vəfat: hicri 671) - rahiməhullah - deyir:

"əl-Qaffal[3] dedi: Bəzi alimlər deyir: Burada onun günəşin batma və çıxma yerlərinə yetişdiyi, hətta onun cisminə çatıb ona toxunması qəsd olunmur, çünki günəş yerə toxunmadan yerin ətrafında səma ilə birlikdə dövr edir və o, Yer üzünün çeşmələrindən hər hansı bir çeməyə sığa bilməyəcək qədər böyükdür, əksinə o, yerdən saysız dəfələrlə böyükdür. Lakin bununla qəsd olunan budur ki, o, günəşin batma və çıxma cihətindən ən axırıncı yaşayış yerinə çatmış və gözündə göründüyü şəklə uyğun olaraq onun suyu bulanıq olan bir çeşmədə batdığını görmüşdür. Necəki biz hamar bir yerdə onun sanki yerə girdiyini müşahidə edirik və buna görə də Allah deyir: "Nəhayət günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir sipər yaratmamışdıq." (əl-Kəhf, 90) Bununla bir-birilərinə toxuna biləcək, dəyə biləcək şəkildə günəşin onların üzərində çıxdığı qəsd olunmur, lakin günəşin ilk olaraq onların üzərilərdə doğduğu qəsd edilir. əl-Qutəbi[4] deyir: "Ola bilsin ki, bu çeşmə dənizin bir hissəsi idi və günəşin onun arxasında və ya onunla və ya o tərəfdə gözdən itməsi mümkündür, beləliklə sifətin hərfi ismin yerinə keçmişdir"[5]

Alləmə Əbu Həyyan Muhamməd bin Yusuf əl-Əndəlusi (vəfat: hicri 754) - rahiməhullah - deyir:

"Allahın "çeşmədə batan" sözlərinin mənası budur ki, yəni gözün gördüyü şəkil belə idi, yoxsa həqiqətən də belə olması qəsd olunmur. Necəki biz hamar yerdə günəşin sanki yerə girdiyini görürük. Ola bilsin ki, həmin çeşmə bir dəniz idi və günəş onun arxasında yoxa çıxmışdır. Bəzi bağdadlı alimlər isə ayədəki "في" ( - da, - də) hərfinin "عند" ( yanında, ətrafında, civarında) anlamında olduğunu söyləyirlər, yəni "çeşmə tərəfdə batan" gördü."[6]

İmam əl-Hafiz Əbul-Fidə İsmayıl bin Ömər bin Kəsir əl-Quraşi əd-Diməşqi (vəfat: hicri 774) - rahiməhullah - deyir:

Allahın "Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda" sözünün mənası budur ki, qərb tərəfdə Yer üzündə bir insanın gedə biləcəyi ən uzaq bir məsafəyə qədər yol getdi və bura yerin qərb hissəsidir. Lakin günəşin səmadan yerə batan hissəsinə çatmağa gəldikdə isə belə bir şey imkansızdır. Günəş arxasında batdığı halda onun yer üzündə bir müddət seyr etməsi haqqında hekayə və xəbərlər rəvayət edənlərin zikr etdikləri isə həqiqətə uyğun olmayan şeylərdir və bunların çoxu kitab əhlinin xurafatları, onların zindiqlarının uydurmaları və yalanlarıdır. Allahın "onu qara palçıqlı bir çeşmədə batan gördü" sözlərinin mənası isə budur ki, yəni onun nəzərində günəş böyük bir okeanda batırdı və bu, dənizin sahilinə çatan hər bir insanın halıdır; günəşi sanki dənizdə batarkən görürlər, lakin həqiqətdə günəş dördüncü fələkdə olur və oranı heç zaman tərk etmir, ora onun qərar tutduğu yerdir və o yerindən ayrılmaz.[7]

Quranı ərəb dilinin incəlikləri baxımından təfsir etmiş məşhur alim Alləmə Əbu Said Abdullah bin Ömər əş-Şirazi əl-Beydavi (vəfat: hicri 791) - rahiməhullah - deyir:

"Ola bilsin ki, okeanın sahilinə gəlmiş və (günəşi) bu şəkildə görmüşdür, çünki görmə dairəsində sudan başqa bir şey yox idi. Bunun üçün də "batan gördü" demişdir, "(o, suda) batdı" deməmişdir."[8]


Yuxarıda qeyd etdiklərimiz digər təfsirlərdə də qeyd olunmuşdur, bunu ər-Razi, əl-Bəğavi, əl-Alusi, əs-Sadi və başqa təfsir alimləri qeyd edirlər. Biz vaxtımızın azlığından bunların hamısını qeyd edə bilmədik. Lakin yuxarıda zikr etdiklərimiz kifayət edər.
Alləmə Fəxrud-Din ər-Razi[9] (vəfat: hicri 604) ayənin təfsirində deyir:

Dəlillə isbat olunub ki, Yer kürə formasındadır və səma onu əhatə edir və günəşin fələkdə (kosmosda) olmasında heç bir şəkk yoxdur və həmçinin deyir ki, “onun yanında bir tayfa gördü” və məlumdur ki, günəşin yaxınlığında bir tayfanın yerləşməsi mövcud olmayan bir şeydir. Üstəlik günəş yerdən çox-çox dəfələrlə böyükdür, o zaman onun yer kürəsindəki çeşmələrdən bir çeşməyə daxil olmasını necə əql etmək olar?! Bu, isbat edildikdən sonra deyirik ki, “onu qara palçıqlı bir çeşmədə batan gördü” sözlərinin bir neçə yöndən izah etmək olar; birinci: Zul-Qarneyn məğribdəki (qərbdəki) yerinə gəlib çatdıqda ondan sonra heç bir yaşayış yeri yox idi və günəşi sanki bir çeşmədə, qaranlıq bir çökəklikdə batarkən – həqiqətdə belə olmasa da – gördü, necə ki, gəmi ilə səyahət edən biri sahili görmədiyi üçün günəşi sanki dənizdə itərkən görür, həqiqətdə isə (günəş) dənizin arxasında itir. Əbu Əli əl-Cubbəi’nin[10] qeyd etdiyi izah budur; ikinci: yerin qərb tərəfində dənizin əhatəsində olan məskənlər mövcuddur və günəşə baxana elə gəlir ki, sanki o, bu dənizlərdə itir və heç bir şəkk yoxdur ki, qərbin dənizlərinin istiliyi güclüdür, beləliklə istidir və həmçinin qara palçıqlıdır, çünki (bu yerlərdə) çoxlu qara palçıqlar və sular var. Beləliklə Allahın “qara palçıqlı bir çeşmədə batan” sözləri bir işarədir ki, yerin qərb tərəfini dəniz əhatə edir və ora istiliyi çox olan yerdir.[11]

ər-Razi’nin bu təfsirinin eynisini Əbu Hafs Ömər bin Əli bin Adil əd-Diməşqi əl-Hənbəli (vəfatı: hicri 880) “əl-Lubəb fi Ulumil-Kitəb” adlı təfsirində[12] zikr edir.

Məşhur təfsir kitabı “Təfsirul-Cəlaleyn”də isə deyir:

Nəhayət, günəşin məğribinə” yəni batdığı yerə “gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü”, löhməli idi və bu, qara palçıqdır və günəşin batması insan gözünün gördüyü şəkildə batmasıdır, yoxsa günəş dünyadan böyükdür.[13]

Məşhur şafi’i alimi Burhənud-Din Əbul-Həsən İbrahim bin Ömər əl-Buqa’i (vəfatı: hicri 885) deyir:

Nəhayət,” bu seyrin nəticəsində “günəşin batdığı yerə”, yəni qərb tərəfdə heç bir insanın keçə bilmədiyi yerə qədər “gəlib çatdıqda” görmə hissiyyatı ilə çatdığı bir şeyə əli ilə toxunacaq şəkildə hiss edən biri kimi “günəşə batarkən” toxunma hissiyyatı ilə hiss edəcək şəkildə “rast gəldi”, onunla onun arasında heç bir sipər yox idi. “Qara palçıqlı bir çeşmədə batan gördü”, yəni qara rəngdə palçığı olan bir çeşmə idi, bununla belə isti bir çeşmə idi. Bu, sanki dənizin ortasında durub günəşin dənizə batdığını və oradan doğduğunu görən birinə bənzəyir, bununla belə həmin insan əminliklə bilir ki, həqiqətdə belə deyildir.[14]

Əbus-Suud “İrşadul-Aqlis-Səlim ilə Məzayəl-Kitəbil-Kərim”, İbn Acibə “əl-Bəhr əl-Mədid fi Təfsiril-Quranil-Məcid” adlı təfsirlərində eyni mənanı təsdiqləyirlər, yəni günəş Zul-Qarneyn’in gözündə okeanda batan şəkildə görünürdü, “çünki gözü qarşısında sudan başqa bir şey yox idi.”

Məşhur təfsir alimi Əbul-Fədl Şihəbud-Din əs-Seyyid Mahmud əl-Alusi əl-Bağdadi (vəfatı hicri 1270) bu barədə ətraflı izahat verərək deyir:

Ayənin zahirindən göründüyü kimi bu, ”çeşmədə” sözünün “batmaq” sözü ilə əlaqəli olmasına dəlalət edir, öz ağlından danışan bir nəfərin bunun “vacədəhə” felindəki failə nisbətdə “hal” mənasında olan gizli bir sözlə bağlı olduğunu deməsinə bir əhəmiyyət vermək lazım deyildir, sanki onu bu cür deməyə sövq edən ayənin zahirindən ortaya çıxan problem olmuşdur, çünki günəşin cismi yerin cismindən saysız dəfələrlə böyükdür, o zaman günəşin Yer üzündəki bir çeşməyə daxil olması necə mümkündür?! Bunu isə belə dəf etmək lazımdır ki, ayədə qəsd olunan budur ki, o, gözün nəzərində (günəşi) o şəkildə gördü, çünki orada sudan başqa bir şey görmürdü, yoxsa həqiqətdə belə olduğu qəsd olunmur. Bu, gəmidə səyahət edən birinin sahili görmədikdə günəşi dənizdən doğarkən və orada itərkən görməsinə bənzəyir, həmçinin geniş düzənlik bir yerdə olan da günəşi sanki yerdən doğarkən və orada itərkən görür. Bunu ayədə “vacədə” (rast gəldi, tapdı) sözü ilə ibarə edilməsi və bir şeyi tapmağın onun o cür mövcud olması ilə rədd etmək olmaz, çünki “vacədə” sözü ər-Rağib (əl-Əsfəhani)nin söylədiyi kimi “görmək” anlamına gəlir və beləliklə burada görmək anlamında olmalıdır.

Qapa palçıqlı çeşmə sözü ilə qəsd olunan mənaya gəldikdə isə ya bu, dənizdə bir çeşmədir, ya da dənizin özüdür və (dənizin) çeşmə adlanmasında heç bir problem yoxdur, xüsusilə də (dəniz) bizim gözümüzdə böyük görünsə də Allahın böyüklüyünə nisbətdə bir damcıdır. Bəzi bağdadlı alimlər isə ayədəki "في" ( - da, - də) hərfinin "عند" ( yanında, ətrafında, civarında) anlamında olduğunu söyləyirlər, yəni "çeşmə tərəfdə batan" anlamında olacaq. İnsanlardan eləsi də var ki, ayənin zahiri mənasında olduğunu və Allahu Təalənin heç bir şeydən aciz olmadığını deyir. Biz Allahın – Azzə və Cəllə - qüdrətinin böyüklüyünü təsdiqləyirik, lakin bu görüşün özünə heç bir iltifat göstərmirik. Belə bir görüşün bənzərini ət-Tartuşi nəql edir ki, (guya günəşi) balina udur. Belə bir sözü uşaq-muşaqdan başqa heç kimsə qəbul etməz, çünki günəş bəzi yerlərdə altı ay səmada qalır və eyni müddətdə batmış olur; misal üçün doxsanıncı paraleldə olduğu kimi (günəş) bir saat müddətində itir və bəzi paralellərdə (günəşin) işığı məşriqdən görsənir, necə ki, bolqarların torpağında ilin bəzi günlərində belə olur. Günəşin bu halı bir həqiqətdir, günəş meridianların fərqlənməsindən asılı olaraq bəzi millətlər üzərində doğduğu halda başqaları üçün batmış olur, hətta İmamul-Harameyn deyir: “Bu məsələdə ixtilaf yoxdur.[15]

Ayəni təvil etmədən və zahirinə görə götürən alimlərdən biri əş-Şəvkani’dir, lakin əl-Alusi’nin dediyi kimi bu görüşə heç bir iltifat edilməz.

Bütün bu təfsirlər isbat edir ki, Qurandakı bu ayədə icaz vardır və məhz ayədə keçən “gördü” anlamına gələn söz icazın açarıdır, çünki ayədə deyilmir ki, günəş çeşmədə batdı. Lakin qeyd olunur ki, Zul-Qarneyn günəşi qara löhməli bir çeşmədə batarkən gördü. İyirminci əsrin böyük ədiblərindən və ərəb dili alimlərindən biri sayılan Mustafa ər-Rafi’i bu ayədəki icazı izah edərək deyir:

Buradakı “vacədəhə” (günəşi gördü) sözü icazın sirridir, belə ki, ayə günəşin batması həqiqətindən danışmır ki, günəşin yerdən milyon dəfə böyük olduğunu və qara löhməli bir çeşmədə batmasının əql edilməyəcəyini bildiyimiz üçün ayənin elmə müxalif olduğu deyilsin. Ayə sadəcə olaraq müəyyən bir şəxsin halını vəsf edir və İskəndər[16] (Zul-Qarneyn) günəşi o şəkildə gördü, yəni baxışında o cür görünürdü, necə ki, bir nəfər deyir: “Səmaya baxdım və göy cisimlərini gördüm, hər bir ulduz sanki qığılcım idi” və bu, həqiqətdə deyil, yalnız onun baxışında doğrudur. Əgər Quran o zaman yaşamış bir insanın sözü olsaydı bunu bir təsdiq olunmuş, isbat olunmuş bir həqiqət kimi təqdim edər və “günəş (çeşmədə) batırdı” deyərdi” və ya “günəş (çeşmədə) batanda” və buna bənzər sözlər söyləyərdi. Çeşmə isə okeandır, heç bir şəkk ola bilməz və insan dənizin sahilində durduğu zaman günəşi dənizdə batan şəkildə görür , çünki orada heç bir quru yer yoxdur, sanki suyun içinə enir. Burada başqa bir icaz da vardır və bu, böyük bir okeanın “qara löhməli çeşmə” adlanmasıdır, çünki o, günəşin cisminin böyüklüyünə nisbətdə həqiqətən də elədir.[17]

Alləmə Muhamməd əl-Əmin bin Muhamməd əl-Muxtar əl-Cəkni əş-Şənqiti (vəfatı hicri 1393) təfsirində İbn Kəsirin sözlərini gətirdikdən sonra deyir:

Onun (İbn Kəsirin) sözündən çıxan nəticə budur ki, ayədəki “əl-’ayn” (çeşmə) sözü ilə qəsd olunan okeandır və qara palçıqlıdır; “əl-’ayn” sözü dildə su “yənbu”suna deyilir və “yənbu” çoxlu sudur. “əl-’Ayn” sözünü dil də həmçinin dəniz üçün də işlətmək olar. Bir insanın qərb okeanın sahilində durub gözünün gördüyü şəkildə günəşi dənizin içinə düşərkən görməsi hamının bildiyi bir işdir, beləliklə bu təfsirə əsasən ayədə heç bir problem yoxdur.[18]

Diqqət edəcəyimiz başqa bir məsələ isə budur ki, Allahu Təalə Quranı ərəblərin anlaya biləcəyi bir dildə göndərmişdir, yəni Quranın məqsədi insanlara astronomiyanın incəliklərini öyrətmək deyil, insanların özlərinin istifadə etdikləri və özlərinin anladıqları bir dildə onlara xitab etməkdir. Allah mübarək kitabında Zul-Qarneyn'in nə gördüyünü vəsf edir və bu, bundan gözəl şəkildə vəsf oluna bilməz. Çünki həqiqətən də Zul-Qarneyn onu görürdü; günəşin şüalarının itdiyi bir anda qaralın zülmətə dalan dənizdə günəşin itdiyini görürdü. Elmin, xüsusilə də astronomiyanın inkişaf etdiyi bu çağda Yer kürəsində yaşayan bütün insanlar bütün dillərdə eyni ifadəni istifadə edirlər. Tarlada işləyən cütçüdən tutmuş "Hubble" teleskopu ilə səma cisimlərini müşahidə edən astro-fizika aliminə qədər hər bir kəs gündəlik həyatında "günəş çıxdı" və "günəş batdı" sözlərini istifadə edirlər. Ya da biz hələ də "günəş dənizdə batdı" və ya "günəş dağlarda gözdən itdi" şəklində ifadələr işlədirik və heç kimsə bizə "sən yalnış söylədin! Günəş batmır" şəklində bir irad tutmur. Belə irad tutanlara isə heç kəs normal baxmaz, əksinə onda nəyinsə çatışmadığını, adi dili başa düşmədiyini söyləyərik elə deyilmi? Bax, biz də eynilə bu şübhəni ortaya atan mülhidlərə də eyni münasibət göstəririk. Məgər Allahın insana bəxş etdiyi və insanların dilində onlara xitab etdiyi Quranın bu aşkar sözlərini anlamırsızmı?! O zaman Quranı deyil, öz ağıllarınızı ittiham etməlisiz!

Quranın bu mübarək ayəsində günəşin həqiqi mənada çeşmədə batması qəsd oluna bilməz, çünki Quranın digər ayələri bunu inkar edir. Allahu Təalə ”əl-Ənbiyə” surəsində deyir:

Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür

(əl-Ənbiya, 33)

Yəni, günəş, ay və ulduzlar öz orbitlərində üzürlər və heç cür söyləmək olmaz ki, öz orbitində üzən bir səma cismi günün müəyyən vaxtlarında Yer üzündəki bir çeşməyə batır. Bu cür söyləmək digər ayəni inkar etməyi tələb edir, çünki günəşin bir çeşməyə batması üçün öz orbitini tərk etməsi lazımdır.

Bu ayənin təfsirində alimlər Zul-Qarneynin hansı dənizin və ya hansı çeşmənin sahilinə çatması barədə fərqli görüşlər söyləyiblər və çeşmənin qara löhməli olmasını da fərqli təfsir ediblər. Bütün bunların tətbiqi cəhətdən əhəmiyyəti yoxdur. Lakin maraq üçün müasir zamanın böyük təfsir alimlərindən birinin maraqlı bir görüşünü təqdim etmək istəyirəm. Alləmə Muhamməd ət-Tahir bin Aşur – rahiməhullah – (miladi 1879-1972) bu ayə haqqında danışarkən deyir:

Ayədə ”günəşin batması” ilə qəsd olunan yer üzündə onun (Zul-Qarneynin) hərbi yürüşdə olduğu yoldan və ya məmləkəti istiqamətindən (günəşin) batmaq kimi görünməsidir və bu, dəniz tərəfdən üfiq kimi görsənməsi baxımından dənizin arxasında torpağın olmaması şəklində görünməsinə görədir, çünki günəşin həqiqi anlamda batdığı bir yer yoxdur, bu sadəcə insan təxəyyülündə belə görünür. Ən doğru olan budur ki, Zul-Qarneyn Xəzər dənizinə çatmışdı və bu, Qəzvin gölüdür, çünki Çinin qərbində yerləşir... ”əl-’Ayn” isə su mənbəyi anlamındadır...Görünür ki, bu çeşmə Xəzər dənizi sahillərində Bakı şəhəri civarında yerləşən neft çeşmələridir. Orada hal-hazırda neft mənbələri var, lakin o zaman bilinmirdi və müsəlman tarixçilər bu yeri pis qoxulu məkan adlandırırlar.[19]

Lakin bu böyük tunisli alimin bu görüşündə doğru olduğunu zənn etmirəm, çünki Bakı Xəzər dənizinin qərbində yerləşir və alimin bu sözlərini sadəcə olaraq maraq üçün burada qeyd etdim.

 

 


[1] “əl-Muharrir əl-Vəciz fi Təfsiril-Kitəbil-Aziz”, 5/655; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Qatar, ikinci nəşr: 1428/1007

[2] İbnul-Cəvzi, "Zadul-Məsir fi İlmit-Təfsir", səh: 868; əl-Məktəb əl-İsləmi və Dar İbn Həzm, yeni birinci nəşr, 1423/2002

[3] əl-Qaffal; Tarixdə əl-Qaffal adı ilə iki məşhur alim var; əl-Qaffal əl-Kəbir və əl-Qaffal əs-Sağir. Bu iki alimdən birincisinin adı belədir: Muhamməd bin Əli bin İsmayıl əl-Qaffal əş-Şaşi. Hicri 291-ci ildə doğulmuş və hicri 365-ci ildə vəfat edib. Şaş şəhərindəndir və o zaman Daşkəndə Şaş deyərdilər. İkinci alimin adı isə belədir: Abdullah bin Əhməd bin Abdilləh əl-Qaffal, hicri 417-ci ildə yetmiş yaşında vəfat edib. Birinci alim təfsir və üsul kitablarında çox zikr olunur və əgər təfsir kitablarında əl-Qaffal adı keçirsə çox zaman o qəsd olunur. İkinci alim isə ən çox şafi’i məzhəbinin fiqh kitablarında zikr olunur. Çox ehtimal ki, əl-Qurtubi burada əl-Qaffal əl-Kəbir’i qəsd edir.

[4] Əbu Muhamməd Abdullah bin Muslim bin Quteybə əd-Dinəvari, hicri 213-cü ildə doğulub və Bağdadda böyüyüb. Zamanının böyük imamlarından biri olub. Fiqhdə, hədisdə, ərəb dilində, təfsirdə bariz alimlərdən birinə çevrilib. Hicri 276-cı ildə vəfat edib.

[5] əl-Qurtubi, "əl-Cami li Əhkamil-Quran", 13/370; Muəssəsə ər-Risalə, birinci nəşr: 1427/2006

[6] Əbu Həyyan, "əl-Bəhr əl-Muhit", 6/151; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1413/1993

[7] İbn Kəsir, "Təfsirul-Quranil-Azim", 5/191;Daru Tibə, ikinci nəşr: 1420/1999

[8] əl-Beydavi, "Ənvarut-Tənzil va Əsrarut-Tə'vil", 3/291; Daru İhya ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr

[9] Muhamməd bin Ömər bin əl-Hüseyn bin əl-Həsən bin Əli ət-Teymi əl-Bəkri, əslən Tabəristan bölgəsindən olduğu üçün ət-Tabəri, Rəy şəhərində doğulduğu üçün ər-Razi deyirlər. ”əl-İmam”, ”Fəxrud-Din”, ”ər-Razi”, ”Şeyxul-İslam” ləqəbləri ilə tanınıb. Hicri 544-cü ildə Rey şəhərində anadan olub. Şafi məzhəbinin məşhur təfsir və üsul alimidir. Hicri 604-cü ildə vəfat edib.

[10] Muhamməd bin Abdil-Vahhab bin Səlləm əl-Cubbəi, Əbu Əli, mötəzili imamlarından biri, öz əsrinin kəlam alimlərinin böyüyü olmuşdur. Hicri 303-cü ildə vəfat edib.

[11] ”Təfsir əl-Fəxr ər-Razi əl-Muştəhiru bit-Təfsir əl-Kəbir va Məfatihil-Ğeybi”, 21/167-168; Darul-Fikr, Beyrut, birinci nəşr: 1401/1981

[12] Bax: “əl-Lubəb fi Ulumil-Kitəb”, 12/557; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1419/1998

[13] “əl-Quran əl-Kərim va bi Həmişihi Təfsiril-İməmeynil-Cəlileyn”, səh: 303; Daru İbn Kəsir,

[14] ”Nazmud-Durari fi Tənasubil-Əyəti vas-Suvari”, 12/130; Darul-Kitəbil-İsləmi, Qahirə,

[15] “Ruhul-Məani fi Təfsiril-Quranil-Azim vas-Səbil-Məsani”, 16/32; İdaratut-Tibaatil-Muniriyyə va Dar İhyə ət-Turas əl-Arabi, Beyrut,

[16] ər-Rafi’i bir çox digər alimlər kimi Zul-Qarneynin makedoniyalı İskəndər olduğuna inanıb.

[17] “Rasəilur-Rafi’i”, səh: 262; əd-Darul-Umriyyə, Misir

[18] “Ədvaul-Bəyan fi İydahil-Qurani bil-Quran”, 4/231; Daru Aləmil-Favaid, Məkkə, birinci nəşr: hicri 1426

[19] “Təfsirut-Təhrir vat-Tənvir”, 16/25-26; əd-Dar ət-Tunisiyyə, Tunis, miladi 1984