Cümədən əvvəl və sonrakı sünnətlər

İmam əl-Buxari – radiyallahu anhu -  “əs-Sahih” kitabında “cümədən sonra və ondan əvvəl namaz” adlı bir bab açaraq orada belə rəvayət edir:

Abdullah bin Yusuf bizə rəvayət etdi: Malik bizə Nafi’dən, o da İbn Ömər’dən xəbər verdi ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – zöhrdən öncə iki rükət və sonra iki rükət qılardı və məğribdən sonra evində iki rükət qılardı və işə’dən sonra iki rükət qılardı. Cümədən sonra (ordan) ayrılana qədər namaz qılmazdı, (sonra) iki rükət qılardı.[1]

 

 

İmam əl-Həfiz Zeynud-Din Əbul-Fərəc İbn Rəcəb bu hədisi şərh edərkən məsələni geniş şəkildə ələ alır və deyir:

“(əl-Buxari) “könüllü namazlar” haqqında bablarda bunu Nafi’dən digər yollardan da və Səlim yolu ilə atasından (yəni İbn Ömər’dən) təxric edib və mənaları yaxındır.

[Cümə namazından sonra qılınan sünnətlər]

Bu hədis ona dəlalət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – cümədən sonra məsciddə bir şey qılmazdı və evinə gedərdi, orada iki rükət qılardı. Beləliklə də bu, iki şeyin müstəhəbliyini özündə əhatə edir:

Bu ikisindən birincisi: cümədən sonra iki rükət namazdır.

İkinci: (bu namazın) evdə qılınmasıdır.

İbn Ömər Mədinədə bunu edərdi, belə ki, evinə dönər və iki rükət qılardı və o iki rükətin məsciddə qılınmasını qadağan edərdi və bunu edənə deyərdi: “Cüməni dörd rükət qıl.” Məkkədə olduqda isə namaz qıldığı yerdən qabağı keçər və orda iki rükət qılardı, sonra həmin yerdən ayrılardı və dörd rükət qılardı.[2]

Muslimin “əs-Sahih”İndə Suheyl’dən, o da atasından, o isə Əbu Hureyra’dan, o da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – belə dediyini (rəvayət edir) : “Sizdən kim cümədən sonra namaz qılacaqsa qoy dörd rükət qılsın!” Ona aid bir digər rəvayətdə Suheyl dedi: “Səni bir şey tələsdirsə iki rükət məsciddə qıl və geri göndükdə iki rükət qıl.” Muslimin kitabından başqa kitablarda bu söz Suheyl’dən onun öz sözü olaraq keçir.

Alimlər İbn Ömər’in hədisi ilə Əbu Hureyrə’nin hədisinin arasını birləşdirməkdə ixtilaf ediblər:

Bir qrup alim deyib: iki hədisin hər ikisi ilə də əməl etmək baxımından müsəlman iki və ya dörd rükət qılmaq arasında sərbəstdir və bu, Əhməd’dən gələn bir rəvayətdə onun görüşüdür.[3] Bunun zahirindən anlaşılan budur ki, bunlardan birinin digəri üzərində üstünlüyü yoxdur. Ondan həmçinin belə dediyi də rəvayət olunub: “İki rükət qılmalıdır və Əbu Hureyrə’nin hədisinə görə dörd rükət qılanı qınamamalıdır.”[4] Bunun zahirindən anlaşılan isə budur ki, İbn Ömər’in hədisi ilə əməl etmək daha əfzəldir, çünki isnad baxımından daha sabitdir.

Bir digər qrup alim isə deyib: bunların arasını birləşdirməli və altı rükət qılmalıdır; İbrahim əl-Hərbi bunu Əhməd’dən nəql etdi və dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm - əmri ilə onun əməlini birləşdirmək surəti ilə bu iki hədisi birləşdirməlidir.” İbn Həni ondan belə dediyini nəql edir: “Altı rükət qılsın, çünki Əli bin Əbi Talib belə buyurub.”[5] Bu isə (məsələyə) başqa yanaşma yoludur.

Digər bir qrup alim isə deyib: bu iki hədisi başqa bir şəkildə birləşdirməlidir; əgər məsciddə qılarsa dörd rükət qılmalı, evdə qılsa iki rükət qılmalıdır. Bu isə İshaq (bin Rahaveyh)in görüşüdür və həmçinin Ömərin və İbn Məsud’un sözlərini dəlil gətirmişdir: Fərzdən sonra onun mislində iki rükət qılmasın. Dedi: Əgər məsciddə iki rükət qılarsa fərzdən sonra onun misli qədər qılmış olur, ona görə də dörd rükət qılsın! Amma əgər evində iki rükət qılarsa evə yürüməsi fərz ilə digər namaz arasında ayırıcı bir fasilədir.

Bir qrup alim isə deyib: bunların arasını başqa bir formada birləşdirməlidir və bu, belədir ki, imam evində iki rükət, məmum isə məsciddə dörd rükət qılmalıdır. Bu isə Əbu Xeysəmə Zuheyr bin Hərb və Əbu İshaq əl-Cəvzəcəni’nin görüşüdür. ən-Nəsəi’nin (kitabında) baba verdiyi ad həmçinin buna dəlalət edir. Əli bin Əbi Talib cümədən sonra altı rükət qılmağı buyurardı. İbn Məsud isə dörd rükət buyurardı.

Ata bin əs-Səib, Əbu Abdir-Rahmən əs-Suləmi’dən (rəvayət edərək) dedi: Abdullah ibn Məsud bizə cümədən sonra dörd rükət qılmağı öyrətdi. Sonra Əli bin Əbi Talib gəldi və bizə atlı rükət qılmağı öyrətdi.[6] İmran bin Huseyn cümədən sonra dörd rükət qılardı.[7] Əlidən başqa yolla qopuq sənəd ilə rəvayət olunur. Əbu Musa əl-Əşari’dən rəvayət olunur ki, o, altı rükət qılardı. əl-Həsən iki rükət qılardı və Məsruq iki rükət qılardı və sonra dörd qılardı.[8]

əş-Şafi “əl-Umm” kitabında deyir ki, cümədən sonra dörd rükət qılınmalıdır.[9] ət-Tirmizi isə ondan hekayət edir ki, iki rükət qılınmalıdır.[10]

Daha əvvəl qeyd olundu ki, İbn Ömər öz evində iki rükət qılardı və məsciddə altı qılardı: iki rükət bir qılardı, sonra dörd qılardı və (ikisi) arasında fasilə verərdi. İbn Uyeynə dedi: İki rükət qılmalı və onlardan sonra salam verməlidir, sonra dörd rükət qılmalı və yalnız dördüncüdə salam verməlidir. Əhməd isə ondan gələn bir rəvayətdə deyir: Dilərsə dörd qılar, dilərsə altı qılar və bəzən cümədən sonra namaz qılmamaq məkruh deyildir. Bunu Əhməd aşkar sözlərlə söyləyib. Bunun üçün dəlil gətirdi ki, İmran bin Huseyn bir dəfə bunu tərk etdi, belə ki, Ziyad’ın arxasında cümə namazı qıldıqdan sonra dörd rükət qılardı. Buna görə də onun haqqında dedilər ki, (guya) o, Ziyadın arxasında qıldığı namazı keçərli saymır. Bunu inkar etdi, sonra növbəti dəfə cümə namazı qıldıqda əsr namazını qılana qədər heç bir namaz qılmadı.

Cümədən sonra namaz qılmağın yerinə gəldikdə isə, ən əfzəl olan qayıtmağa evi olan üçün evində qılmasıdır, necə ki, İbn Ömər belə edirdi və bu cür öyrədərdi.

Lakin əgər məsciddə qılarsa məkruh sayılır ya yox? Əksəriyyətin qəbul etdiyi görüşə görə məkruh deyildir, lakin onunla cümə namazı arasında bir ara verməsi əmr olunur. əs-Səib bin Yezid’in Muaviyə’dən bu barədə rəvayət etdiyi hədis daha əvvəl zikr olundu. İkrimə dedi: Əgər cüməni qılmısansa yer dəyişmə və ya danışma yolu ilə iki namaz arasında ara vermədən iki rükət qılaraq fərzi (sünnətlə) birləşdirmə.[11] Qatədə dedi: İbn Ömər cümə namazını qıldığı yerdə namaz qılan birini gördü və bundan çəkindirdi və dedi: “Sənin eyni yerdə namaz qılarkən görmürəmmi?” Dedi: “Bəli.” Qatədə dedi: “Bunu İbnul-Musəyyəb’ə söylədim və dedi: “Bu, sadəcə olaraq cümə günü imam üçün məkruhdur.”

Malikin məzhəbi budur ki, imama cümədən sonra məsciddə namaz qılmaq məkruhdur və məmuma - əgər cümə namazını qıldığı yerindən başqa yerə keçərsə - məkruh deyildir. (Bu) İbn Ömər’dən rəvayət olunub; Abdur-Razzəq dedi: İbn Cureyc mənə xəbər verdi: Ata mənə xəbər verdi ki, Amr bin Səid cümə qıldı, sonra onun dalınca məsciddə iki rükət qıldı. Bunun üzərinə İbn Ömər ona bunu qadağan etdi və dedi: “İmam gəldikdə olmaz, əgər namazını qıldınsa ayrıl get və təvaf etməyəcəyin təqdirdə evində qıl. İnsanlara gəldikdə isə məsciddə qılsınlar.”[12]

Cümədən sonra camidə imamın namaz qılması haqqında Asim bin Suveyd’in Muhəmməd bin Musa bin əl-Həris’dən, onun öz atasından, onun da Cabir bin Abdilləh’dən rəvayət etdiyi bir hədis vardır; dedi: Allahın elçisi – salləllahu aleyhi va səlləm – çərşənbə günü Amr bin Auf oğullarının yanına gəldi və dedi: “Bu bayramınıza çatdığınızda mənim sözümdən bir şey eşidənə qədər namazınızı qılın!” Dedilər: “Bəli, ey Allahın elçisi, atamız və analarımız sənə fəda olsun!” Dedi: “Cüməyə gəldiklərində Allahın elçisi – salləllahu aleyhi va səlləm – onlara cüməni qıldırdı, sonra cümədən sonra məsciddə iki rükət qıldı. (Bundan öncə) cümədən sonra məsciddə namaz qılarkən görülməmişdi və o gündən öncə evinə çıxıb gedərdi.” Bunu İbn Hibbən “əs-Sahih” kitabında və əl-Həkim (“əl-Müstədrək”də) təxric edib və (əl-Həkim) deyir: “İsnadı səhihdir.”[13] Son dönəm alimlərdən biri deyib: “Muhəmməd bin Musa bin əl-Həris tanınmır.” Bunu əl-Bəzzər “əl-Müsnəd” kitabında təxric edib və onda belədir: Musa bin Muhəmməd bin İbrahim bin əl-Həris’dən, o da atasından, o isə Cabir’dən; əgər doğru olan budursa o zaman bu, Musa bin Muhəmməd bin İbrahim ət-Teymi’dir və o, hədisləri çox münkər biridir. ən-Nəsəi Şu’bənin Əyyub’dan, onun da Nafi’dən, onun isə İbn Ömərdən rəvayətindən təxric edir ki, o, (yəni İbn Ömər) cümədən sonra iki rükət qılardı və onları uzadardı və deyərdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – belə edərdi.” İki rükəti uzatmasını zikr etməsi qəribədir. Birindən, o isə Əyyub’dan başqasından[14] bu hədisdə rəvayət olunub ki, uzatma yalnızca cümədən öncə qılınan namazda olub. Biz bunu zikr edəcəyik.

[Cümə namazından əvvəl qılınan sünnətlər]

Abdur-Razzəq və ət-Tirmizi’nin hər ikisi də kitablarında babı adlandırdıqları kimi əl-Buxari də babı həm cümədən sonra, həm də əvvəl qılınan namaz olaraq adlandırmışdır, lakin onlar ikisi cümədən öncəki namaz haqqında mərfu yox, məvquf əsərlər zikr ediblər. əl-Buxari isə heç bir şey zikr etmir. Bu, ya ona görədir ki, bu barədəki mərfu hədislər onun şərtinə uyğun deyildir - və bu barədə mərfu hədislər vardır ki, sənədləri mübahisəlidir - , ya da bu barədə gələnlərin hamısı məvqufdur və buna görə də heç bir şey zikr etməyib. Ya da ki, bunun əvəzində - daha əvvəl zikr olunduğu kimi – iki yerdə təxric etdiyi Salman’ın hədisi ilə kifayətlənmişdir; belə ki, hədisdə bu qeyd olunur: “ona buyurulan namazı qılar, sonra imam danışdıqda susar.” Belə ki, bu, cümədən öncə namaz qılmağın fəzilətinə dəlalət edir, xüsusilə də əl-Buxari’nin iki rəvayətindən birində “summə rahə” sözləri keçir və “ravah”[15] – daha əvvəl zikr olunduğu kimi – həqiqətdə günəş zeniti keçdikdən sonra həqiqi mənada olur. Buna əsasən (bu hədis) – namazda hər hansı bir ölçü müəyyən etmədən - cümə günü günəş zeniti keçdikdən sonra namaz qılmağa təşviq edir və bunun ən az həddi iki rükətdir və bu iki rükətə az miqdarda ziyadə etməkdir.

Əgər desələr ki, burada “ravah” yollanmaq mənasındadır, beləliklə də bu, cümə günü günəş zeniti keçdikdən əvvəl və ya sonra imam (insanların arasına) çıxmadan öncə - ikisi arasında ara vermədən – namaz qılmağın müstəhəb olmasını göstərir. İbn Uleyyə, Əyyub’dan, o da Nafi’dən belə dediyini rəvayət edir: İbn Ömər cümədən əvvəl namazı uzadardı və cümədən sonra evində iki rükət qılırdı və Allahın elçisinin – salləllahu aleyhi va səlləm – belə etdiyini rəvayət edərdi. Bunu Əbu Davud təxric edib. İmam Əhməd bunu Vuheyb yolu ilə Əyyubdan, o da Nafi’dən təxric edir ki, İbn Ömər cümə günü səhər məscidə gedərdi və orda rükətlər qılardı ki, onlarda qiyamı uzadardı. İmam (cüməni qıldıqdan sonra oradan) ayrıldıqdan sonra (İbn Ömər) evinə dönərdi və iki rükət qılardı və dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – bu cür edərdi.” Bunun zahirindən anlaşılan budur ki, bunların hamısını – cümədən qabaq namaz qılmasını və sonra evində qılmasını - peyğəmbərə - salləllahu aleyhi va səlləm – nisbət etmişdir, çünki işarə ismi ondan öncə yaxın və uzaq olan hər şeyi öz əhatəsinə alır; birdən çox  fəqih və üsulçu bunu aşkar sözlərlə söyləyiblər. Bu, “zəlikə” sözündə olduğu kimi uzağa işarədə daha aşkardır, çünki bunu uzağa yox, yalnız yaxına xas etmək lüğət baxımından bunun əsli mənasına müxalifdir.

Abdur-Razzəq Mə’mər’dən, o Əyyubdan, o da Nafi’dən belə dediyini rəvayət edir: İbn Ömər cümədən öncə on iki rükət namaz qılardı.[16] (Yenə Abdur-Razzəq) İbn Cureyc’dən (rəvayət edir ki,) o, Ata’ya dedi: “Mənə çatıb ki, sən cümədən qabaq on iki rükət qılırsan, bu barədə sənə nə çatıb?” Onun üçün Ummu Həbibə’nin mərfu hədisini zikr etdi: “Kim günorta və gecə fərzlərdən başqa on iki rükət qılarsa Allah onun üçün Cənnətdə ev tikər.”[17]

Daha əvvəl zikr olundu ki, İbn Məsud cümədən öncə dörd rükət qılınmasını buyurardı. ət-Tahavi isnadı ilə Cəbələ bin Suheym’dən rəvayət edir: İbn Ömər cümədən öncə dörd rükət qılardı və onların arasını salamlarla ayırmazdı və cümədən sonra iki rükət qılardı, sonra da dörd.[18] İbn Sad “ət-Tabəqat” kitabında isnadı ilə möminlərin anası Safiyyə bint Huyey’dən rəvayət edir ki, o, cüməni imamla birlikdə qıldı və (imam insanların içinə) çıxmadan öncə dörd rükət qıldı.[19] ən-Nəxai dedi: “Cümədən qabaq dörd rükət qılmağı sevərdilər.” Bunu İbn Əbid-Dünyə “əl-İydeyn” kitabında səhih isnadla təxric edib. İbn Əbi Xeysəmə “Tarix” kitabında əl-Əaməş yolu ilə ən-Nəxai’dən belə dediyini rəvayət edir: “Sizə “onlar müstəhəb görüblər” dediyim bir şey varsa bu, onların üzərində icma etdikləri bir şeydir.”

Cümədən öncə dörd rükət qılmağın müstəhəb olması görüşündə olanlar arasında Həbib bin Əbi Sabit, ən-Nəxai, əs-Səvri, İbnul-Mubərak, Əhməd və İshaq vardır.[20]

Hərb isnadı ilə İbn Abbas’dan rəvayət edir ki, o, cümə günü evində dörd rükət qılardı, sonra məscidə gələrdi və ondan öncə, nə də sonra namaz qılmazdı. Bu isə ona dəlalət edir ki, İbn Abbasa görə cümənin sünnəti ondan əvvəldir, sonra deyildir.

Bil ki, cümə günü cümədən öncə könüllü namazlar qılmağın dörd vaxtı vardır:

Bunlardan birinci: cüməyə erkən gedən biri üçün günəş çıxmadan öncəki vaxt; bu vaxt səbəbsiz yerə könüllü namaz qılmağın qadağan edildiyi vaxtdır. Məscidə salam namazı kimi səbəbi olan namazlarda isə ixtilaf edilib və bunun haqqında qadağan edilmiş vaxtlar bölməsində danışdıq. Lakin yalnız “cümə gününün hamısı namazdır, onda namazın qadağan olduğu bir vaxt tamamilə yoxdur” deyənlər istisnadır, necə ki, bu, Tavus’un sözündən anlaşılan mənadır, belə ki, o, deyib: “Cümə gününün hamısı namazdır.”[21] Həmçinin deyilib ki, o, bununla xüsusi olaraq günəşin zenitdə olduğu vaxtı qəsd etmişdir.

İkinci: günəşin qalxmasından zenitdə durana qədərki vaxt; bu arada imkan olduğu qədər könüllü namazlar qılmaq, xüsusilə də cüməyə erkən gələnlər üçün müstəhəbdir.

Üçüncü: günəşin zenitdə olduğu və səmanın ortasında durduğu vaxt; cümə günü bu vaxtın namaz qılınması qadağan olunmuş vaxtlardan olub olması haqqında ixtilaf ediblər. Onlardan kimisi – Əbu Hənifə və Əhməd kimi – bunun qadağan olmuş vaxtlardan olduğunu deyiblər. Onlardan kimisi də deyib ki, bu, qadağan olunmuş vaxt deyildir və bu, Məkhul, əl-Əvzəi və əş-Şafi’nin görüşüdür və əş-Şafi’nin əshabından elələri də vardır ki, bunu evində olanlara aid etməyiblər, cüməyə gələnlərə xas sayıblar. Onlardan eləsi də var ki, bunu cüməyə erkən gəlmiş və əsnəmə tutmuş kəsələrə xas sayıblar. Onlardan kimisi də deyib: bu, cümə günü qışda yox, yayda qadağan olunmuş vaxtdır və bu, Ata və Qatədə’nin görüşüdür. Onlardan eləsi də var ki, Malik kimi heç bir gündə qadağan olunmuş vaxt saymamışdır. Bu barədə qadağa vaxtları haqqında bölmədə söz açılmışdı.

Dördüncü: günəş zeniti keçdikdən sonra və imam (insanların yanına) çıxmadan öncə; bu vaxtda namaz qılmaq müstəhəbdir və bunda sələfdən tutmuş xələfə qədər alimlərin arasında bir ixtilafın olduğunu bilmirik. Müsəlmanlardan heç kimsə deməyib ki, cümə günü namaz məkruhdur; əksinə bu cür demək müsəlmanların icmasını pozmaqdır; onlar bir az əvvəl qeyd olunduğu kimi yalnız günəş zenitdə olduğu vaxt haqqında ixtilaf ediblər. Malik dedi: “Nə cümədə, nə də başqa gündə günün ortasında namaz qılmağı məkruh saymıram.” “əl-Muvatta” kitabında bunun qadağan olunması haqqında mərfu bir hədis rəvayət etmiş, sonra isə bunu tərk etmişdir, çünki alimlərin və fəzilət sahiblərinin əməlinin hədisin əksinə olduğunu görmüşdür. Günəş zeniti keçdikdən sonra namaz qılmağa gəldikdə isə müsəlmanlar hər zaman bunu ediblər. Malik “əl-Muvatta”da əz-Zuhri’dən, o da Səaləbə bin Əbi Məlik əl-Qurazi’dən zikr edib ki, onlar Ömər bin əl-Xattab’ın zamanında Ömər (insanların arasına) çıxıb minbərdə oturana qədər namaz qılardılar. Ömər çıxdıqda, minbərə oturduqda və müəzzinlər azan verdikdə oturub danışardılar və müəzzin susduqda və Ömər ayağa qalxdıqda susardılar və heç kəs danışmazdı. Bu isə günəş zeniti keçdikdən sonraya qədər onların namaz qılmağa davam etməklərinə dair açıq-aşkar sözlərdir və bu, cümə günü günəş zenitdə olduqda namaz qılmağ(ın caiz olmasın)a dair gətirilən dəlillərdən biridir.

Cümə günü günəş zenitdə olan vaxt onların namazı tərk etməklərinə və zeniti keçdikdən sonra namaza durmaqlarına dəlalət edən digər əsərlər də varid olub. əl-Əsram isnadı ilə Amr bin Səid bin əl-As’dan belə dediyini rəvayət edir: “Qalardım – yəni Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrini gözləyərdim - , günəş zeniti keçdikdən sonra durardılar və namaz qılardılar. (Həmçinin) isnadı ilə Əbu Bəkr bin Ayyəş’dən belə dediyini rəvayət edir: “Cümədə Həbib bin Əbi Səbit ilə birlikdə olardıq və deyərdi: “Günəş hələ zeniti keçməyib? Boylanıb baxardı və əgər günəş keçmiş olsaydı durub cümədən öncə dörd rükət namaz qılardı.” (Yenə) isnadı ilə Həmməd bin Zeyd’dən belə dediyini rəvayət edir: “Cümə günü İbn Aun’un yanından keçərdim, sonra birlikdə cüməyə yola düşərdik və mənə deyərdi: “Günəş sizdə bizdəkindən daha aydındır, bunun üçün zeniti keçdiyini görək.” Həmməd dedi: “Sanki o, günəş zeniti keçməmiş namaz qılmağı məkruh sayırdı.” İshaq bin İbrahim bin Həni İmam Əhmədə verdiyi suallar haqqındakı kitabında deyir: “Əbu Abdilləhi – yəni Əhmədi – cümə günü olarkən günəş zeniti keçməyə az qaldığını bilənə qədər namaz qılarkən görürdüm. Buna az qaldıqda müəzzin azan verənə qədər namazı durdurardı və azana başladıqda durub iki və ya dörd rükət qılardı və aralarında salam verərək bir-birindən ayırardı.” Həmçinin dedi: “Əbu Abdilləhi cümə günü müəzzin azan verdikdə iki rükət, ola bilsin ki, bəzən də azanın vəsfinə və uzunluğuna uyğun olaraq dörd rükət qılarkən görürdüm.” Cümə günü bu vaxt namaz qılmağın müstəhəbliyinə dəlalət edən dəlillərdən biri də budur ki, bu vaxt (duanın) qəbul olunması ümid olunan saatdır və bu vaxtda namaz qılan peyğəmbərin – salləllahu aleyhi va səlləm – bu sözlərinə daxildir: “O saatda namaz qılan və Allahdan bir şey istəyən elə bir qul yoxdur ki, (Allah ona istədiyini) verməsin.”

Cümədən öncəki namazlarda ixtilaf ediblər; bu zöhrdən əvvəlki sünnətdə olduğu kimi (cümənin) ratibə sünnətləridir yoxsa əsrdən əvvəlki namaz kimi müstəhəb olan, təşviq edilmiş namazlardırmı? Alimlərin əksəriyyətinə görə bu, (cümənin) ratibə sünnətləridir və bu görüşdə olanlara əl-Əvzəi, (Sufyan) əs-Səvri, Əbu Hənifə və əshabı aiddir və bu, Əhmədin sözünün zahirindən anlaşılan mənadır və bunu Əbu Yələ “Şərhul-Muzhəb”də və İbn Aqil zikr ediblər. əş-Şafi’nin əshabına görə səhih olan görüş budur. Son dönəm əshabımızdan (yəni hənbəlilərdən) bir çoxu deyib ki, ratibə sünnəti deyildir, lakin müstəhəbdir.[22]

Onlardan bəzisi iddia edib ki, bu babda təxric olunmuş İbn Ömər’in hədisi peyğəmbərin – salləllahu aleyhi va səlləm – cümədən öncə bir şey qılmamağına dəlalət edir, çünki o, cümədən sonra namaz qılmasını zikr etdi və zöhrdən əvvəl və sonra namaz qılmasını zikr etdi, beləliklə də bu ikisi arasında fərq olduğuna dəlalət etmiş olur. Bu görüş isə bir şey deyildir, çünki İbn Ömərdən peyğəmbərin – salləllahu aleyhi va səlləm – cümədən əvvəl namaz qılmasına dair – daha əvvəl zikr olunduğu kimi - rəvayət olunub. Ola bilsin ki, cümədən sonra iki rükəti yalnız ona görə zikr edib ki, çünki zöhrdən əvvəl və sonrakı iki rükətdən fərqli olaraq peyğəmbər – salləllahu aleyhi va səlləm – onu evində qılardı, çünki bəzən onu məsciddə qılardı və bununla da bu ikisi arasındakı fərq üzə çıxmış olur. Sabit olub ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bir əməli etdikdə onu davamlı edərdi və bunu nə cümə günü, nə də başqa bir gün (xüsusilə) kəsməzdi, əksinə insanlar elə düşünürdülər ki, cümə günü həmin günün xüsusiliyinə görə namazlarını artırardı. Buna görə də Aişə’dən soruşardılar və o, deyərdi: “Xeyr, əksinə onun əməli davamlı idi.” Ondan – salləllahu aleyhi va səlləm – səhih olaraq gəlib ki, zöhrdən əvvəl ya iki, ya da dörd qılardı.[23] İbn Hibbən’in “əs-Sahih” kitabında Aişə’dən belə dediyi rəvayət olunur: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – çıxarkən iki rükət qılardı.” Bunu biz başqa yolla Aişədən rəvayət etdik ki, o, belə deyib: “Elə olmadı ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – mənim yanımdan çıxsın və iki rükət qılmasın.” Evlərindən çıxarkən – xüsusilə cümə günü - iki rükət qılmaq səhabələrin və onlardan sonrakı müsəlmanların yolundan idi. Cümə günü belə edənlər arasında İbn Abbas, Tavus və Əbu Micləz də vardır və əz-Zuhri buna təşviq edərdi. əl-Əvzəi dedi: “Bu, müsəlmanların yolundandır.” Daha əvvəl zikr olunduğu kimi namaz babında keçən “məscidə daxil olduqda və imam xütbə verirsə” sözlərində buna dəlalət edən məna vardır. O zaman cüməyə çıxmadan öncə peyğəmbərin – salləllahu aleyhi va səlləm – evində hər zaman iki rükət qılmasını inkar edə bilmərik.

Əgər daha əvvəl zikr olunduğu kimi günəş zeniti keçdikdə cümə namazı qılması haqqındakı hədisləri dəlil göstərərək onun günəş zeniti keçdikdən sonra arada fasilə vermədən cüməyə çıxdığını söyləsələr onlara deyilər ki, bu, batil bir iddiadır, bunun açıq bir dəlili yoxdur. Əgər bu haqdırsa o zaman günəş zeniti keçdikdən həmən sonra, arada fasilə vermədən namaz qıldığına görə gərək onun xütbəsi həmişə və ya çox zaman günəş zeniti keçmədən öncə olsun. Bunu isə Əhməd deməyib.[24] Həmçinin rəvayət olunub ki, o, günəş zeniti keçdikdən sonra – “namazın vaxtları bölümündə zikr olunduğu kimi – zöhr namazını qılardı və heç kəs deməyib ki, bu hədis peyğəmbərin – salləllahu aleyhi va səlləm - zöhrdən öncə bir şey qılmadığına dəlalət edir.

Bu barədə ayrıca bir cüz yazdım və ona “Nəfyu’l-Bid’ati ani’s-Saləti qablə’l-Cumu’ati” (Cümədən qabaqkı namazdan bidət adının rədd edilməsi) adını verdim. Sonra zamanımızdakı fəqihlərdən biri  - hansına ki, işarə olundu – buna etiraz etdi və onun etiraz etdiyinə başqa bir cüzdə cavab verdim və ona “İzələtu’ş-Şən’ati ani’s-Saləti qablə’l-Cumu’ati” (Cümədən əvvəlki namazdan qınağı kənarlaşdırmaq) adını verdim. Hər kim bizim burada zikr etdiklərimizdən əlavə oxumaq istəsə o iki cüzü tapsın inşallah!”[25]

 


[1] “Sahih əl-Buxari”, (937)

[2] Bax: Əbu Davud, “əs-Sünən” (1130); Abdur-Razzəq, “əl-Musannəf”, 3/246-247; İbn Əbi Şeybə, “əl-Musannəf”, 2/132

[3] Bax: İbnul-Munzir, “əl-Əvsət”, 4/125

[4] Bax: “Məsəil Abdilləh”, səh: 121; “Məsəil Əbi Davud”, səh: 59

[5] “Məsəil İbn Həni”, 1/89

[6] Abdur-Razzəq, “əl-Musannəf”, 3/247; İbn Əbi Şeybə, “əl-Musannəf”, 2/132

[7] Abdur-Razzəq, “əl-Musannəf”, 3/248; İbn Əbi Şeybə, “əl-Musannəf”, 2/132

[8] İbnul-Munzir, “əl-Əvsət”, 4/125

[9] “əl-Umm”, 1/139;

[10] ət-Tirmizi, “əl-Cəmi”, hədis: 521

[11] Abdur-Razzəq, “əl-Musannəf”, 3/249-250

[12] “əl-Musannəf”, 3/248

[13] İbn Hibbən, 6/332-333; əl-Həkim, 4/133; İbn Xuzeymə, “əs-Sahih”, 3/183

[14] Kitabı təhqiq edən cümlənin bu şəkildə gəlməsini qəribsəyir və deyir ki, ola bilsin ki, doğru olan bu cürdür: “Əyyubdan birdən çox kəsin rəvayətində...”

[15] “Rahə” feli fərqli mənalar bildirir. Bir qrup alim deyib ki, rahə günəş zeniti keçdikdən sonra axşama qədər olan müddətdə yola çıxmağa deyilir. İbn Fəris (vəfatı hicri 395) “Mucməlul-Luğə” kitabında (1/404; Muəssəsətur-Risələ, ikinci nəşr: 1406/1986) deyir: “ər-Ravah: axşamın ravahı və bu vaxt yola çıxmaqdır və bu, günəş zeniti keçdikdən sonra gecəyə qədərdir.”

[16] Bax: İbnul-Munzir, “əl-Əvsət”, 4/97

[17] Abdur-Razzəq, “əl-Musannəf”, 3/246

[18] ət-Tahavi, “Şərh Məanil-Əsər”, 1/335

[19] “Tabəqat İbn Sad”, 8/491

[20] Bax: İbn Qudəmə, “əl-Muğni”, 3/250

[21] Abdur-Razzəq, “əl-Musannəf”, 3/204-205; İbn Əbi Şeybə, “əl-Musannəf”, 2/139

[22] Bu, hənbəli məzhəbinin görüşüdür, yəni cümədən əvvəl ratibə sünnətləri yoxdur, lakin nafilələr qılmaq müstəhəbdir. Hənbəlilərdən cümədən öncə sünnətin olduğunu deyən alimlərdən də biri Şeyxul-İslamın babası Məcdud-Din İbn Teymiyyə’dir. Bu, həmçinin əshabımızdan İbn Aqil’in görüşüdür. əl-Qadi Əbu Yalə “Şərhul-Muzhəb”də bu görüşə üstünlük verib.

[23] “əl-Müsnəd”, 6/42; İbn Məcə (1156)

[24] Kitabın çapında bu şəkildə gəlir. Ola bilsin ki, “bunu isə heç kimsə deməyib” sözləri olmalıdır. Doğrusunu Allah bilir.

[25] “Fəthul-Bəri Şərh Sahih əl-Buxari”, 8/321-335; Məktəbətul-Ğurabə əl-Əsəriyyə, birinci nəşr: 1416/1996, Mədinə

 

Həmçinin deyilib ki, o, bununla xüsusi olaraq günəşin zenitdə olduğu vaxtı qəsd etmişdir.

[2]a href=