"Səhabələrim ulduzlar kimidir" hədisi

Bunu əl-Hafiz İbn Abdil-Bərr “Cəmiu Bəyanil-İlmi va Fədlihi” kitabında[1] Cabir bin Abdilləh’dən rəvayət edir. Səhabələrdən başqa kəslər də bunu rəvayət ediblər, lakin hədis imamları bu rəvayəti inkar ediblər. İbn Qudamə “əl-Muntəxab min əl-İləli lil-Xalləl” adlı kitabında[2] deyir: “Musa bin Səhl mənə xəbər verdi: Muhamməd bin Əhməd əl-Əsədi bizə rəvayət etdi: İbrahim bin Yaqub bizə İsmail bin Said’dən belə dediyini rəvayət etdi: “(İmam) Əhməddən peyğəmbərin – salləllahu aleyhi va səlləm – “səhabələrim ulduzlar kimidir, hansını izləsəniz hidayət taparsız” sözlərini dəlil gətirənlər haqqında soruşdum. Dedi: “Bu hədis səhih deyildir.

 

Bu hədisi əl-Bəzzar, İbn Adiy, əd-Dəraqutni, əl-Beyhəqi, İbn Abdil-Bərr, İbn Asəkir, İbnul-Cəuzi, İbn Dəhiyyə, əz-Zəhəbi, İbnul-Qayyim, İbn Kəsir, əz-Zeyn əl-İraqi, İbn Hacər əl-Asqaləni, İbnul-Huməm, əs-Səxavi, əs-Suyuti, əş-Şəukəni və daha bir çox hədis mütəxəssisi zəif sayıblar. Hətta İbn Həzm əz-Zahiri və Əbu Həyyan əl-Əndəlusi hədisin uydurma olduğunu deyirlər. İbn Kəsir “Tuhfətut-Talib bi Marifəti Əhədis Muxtəsar İbn Həcib”də hədisin Ömər bin əl-Xattab’dan gələn rəvayətini qeyd etdikdən sonra deyir: “Bunu “əl-kutub əs-sittə” sahiblərindən heç kimsə rəvayət etməyib və o, zəifdir.” Daha sonra alimlərin hədisi rəvayət edən ravi haqqındakı sözlərini zikr edir və hədisin İbn Ömərdən, İbn Abbasdan və Cabirdən gəldiyini zikr etdikdən sonra deyir: “Bunlardan heç bir şey səhih deyildir. Osman bin Səid əd-Dərimi’nin “ər-Raddu aləl-Cəhmiyyə” kitabının əvvəlindəki sözlərindən bu hədisi güclü saydığını anlamaq olar.[3]

 

***

 

Lakin elm əhlindən birdən çox zat bu hədisin mənasını qəbul edərək hədisin çoxlu yolla rəvayət olunduğunu əsas gətirib onu həsən sayıblar, yəni dəlil kimi və ya şahid kimi yararlı bir hədis olduğunu deyiblər. İbn Kəsir’in söylədiyi kimi əd-Dərimi bu alimlərdən biridir. Həmçinin Əbu Muhamməd əl-Bərbəhəri “Şərhus-Sunnə” kitabında hədisi dəlil məqamında zikr edir. Məşhur hənəfi mühəddis alim Abdul-Həyy əl-Ləknəvi əl-Hindi “İqamətul-Huccə alə ənnəl-İksərə fit-Təabbudi leysə bi Bid’ə” adlı risaləsində deyir: “Bunu əd-Dəraqutni “əl-Mu’təlif”də və “Ğaraibu Məlik” kitabında, əl-Quda’i “Musnəduş-Şihəb”də, Abd bin Humeyd (öz kitabında), əl-Beyhəqi “əl-Mədxal”də, İbn Adiy “əl-Kamil”də və əd-Darimi və İbn Abdil-Bərr və İbn Asəkir və əl-Hakim və başqaları cümlə quruluşu müxtəlif, lakin mənaları yaxın ləfzlərlə, çox rəvayət kanalı ilə rəvayət ediblər və hamısı zəifdir, necə ki, bu barədə əl-Hafiz İbn Hacər “əl-Kəfi əş-Şəf fi Təxrici Əhədisil-Kəşşəf” adlı kitabında geniş izah vermişdir. Lakin rəvayət yollarının çoxluğu səbəbi ilə həsən dərəcəsinə çatıb və buna görə də onu əs-Sağani həsən saymışdır, necə ki, bunu əs-Seyyid əl-Curcəni “əl-Mişkət” kitabına yazdığı haşiyədə zikr edir; belə ki, o, “alimin abidə üstünlüyü....” hədisi altında deyir: “Onlar peyğəmbərin – aleyhissələm – “səhabələrim ulduzlar kimidir...” sözündə ulduzlara bənzədiliblər. Bunu İmam əs-Sağani həsən saymışdır.[4] əl-Hafiz İbn Hacərin və İbnul-Huməm’in tələbəsi olan məşhur hənəfi mühəddis alim Alləmə Zeynud-Din Qasim bin Qutlubuğa “Xuləsatul-Əfkar Şərh Muxtəsaril-Mənar” adlı kitabında deyir: “Bunu əd-Dəraqutni və İbn Abdil-Bərr İbn Ömərin hədisindən rəvayət ediblər, bunun mənası Ömərin hədisindən, İbn Abbas’ın hədisindən və Ənəsin hədisindən də rəvayət olunub. Bunların isnadlarında problem vardır, lakin bir-birilərini gücləndirirlər.[5] Böyük üsul alimi İbn Əmiril-Həcc əl-Hələbi “ət-Təqrir vat-Təhbir fi Şərhi Kitəbit-Təhrir”də deyir: “Bəli, bu hədislərdən heç biri səhih deyildir. Buradan çıxış edərək Əhməd demişdir: “Səhih olmayan hədisdir.” əl-Bəzzar deyib: “Bu söz peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səhih deyildir.” Lakin əl-Beyhəqi “əl-İtiqad” kitabında[6] deyir: “Biz bunu tam, lakin güclü olmayan bir isnad ilə bir hədisdə və sənədi qopuq olan bir başqa hədisdə rəvayət etdik. Səhih hədis isə bunun mənasının bir hissəsini dəstəkləyir və bu, Əbu Musa’nın mərfu hədisidir: “Ulduzlar səmanın əmniyyətidir, ulduzlar itdikdə səmaya vəd olunan gəlir. Mən də səhabələrimin əmniyyətiyəm, mən də getdikdə səhabələrimə vəd olunan baş verəcək. Səhabələrim də ümmətimin əmniyyətidir, səhabələrim getdikdə ümmətimə vəd olunan gələcək.” Bunu Muslim rəvayət edib.[7] İbn Əmir əl-Həcc’in sözləri burada bitdi. O da hədisin sənədinin zəif olmasına baxmayaraq bəzi mənalarının səhih olduğunu deyir və bunun üçün əl-Beyhəqi’nin sözlərini zikr etmişdir. əl-Hafiz İbn Hacər – rahmətullahi aleyhi - əl-Beyhəqinin bu sözləri barəsində “Təlxisul-Həbir” kitabında deyir: “əl-Beyhəqi doğru söyləyib, (Əbu Musanın hədisi) xüsusilə səhabələrin ulduzlara bənzəmə hissəsinin səhihliyini göstərir, lakin (onlardan istənilən birini) izləməyə gəldikdə isə bu məna Əbu Musa’nın hədisində aşkar deyildir. Doğrudur ki, bu, ulduzlar vasitəsilə yol tapmaq mənasından anlaşılsın. (Əbu Musa) hədisinin zahiri isə səhabənin əsri bitdikdən sonra çıxacaq fitnələrə, sünnətlərin yox olması, bidətlərin üzə çıxması və dünyanın hər tərəfində facirliyin yayılmasına işarədir.[8] İbn Hacər burada əl-Beyhəqi ilə razılaşaraq hədisdə xüsusilə səhabələrin ulduzlara bənzədilməsinin digər səhih hədislərlə dəstəkləndiyini təsdiqləyir. Əlavə edir ki, ulduzlara bənzətmədən həm də anlamaq olar ki, ulduzlar vasitəsilə insan yolunu tapdığı kimi səhabələr vasitəsilə də hidayəti tapa bilər. Məşhur hənbəli imamı Əbul-Xattab əl-Kəlvazəni “ət-Təmhid fi Usulil-Fiqh” kitabında deyir: “Burada qəsd olunan adi müsəlmanın onlardan dilədiyinə təqlid etməsinin caiz olmasıdır və yaxud da “məndən rəvayət etdiyində hansını izləsəniz hidayət taparsız” deməkdir.[9] Teymiyyə ailəsindən üç böyük hənbəli aliminin yazdığı “əl-Musvaddə fi Usulil-Fiqh” kitabında Şeyxul-İslam İbn Teymiyyə deyir: “əl-Qadi (Əbu Yalə) səhabələrin iki görüşündən biri üzərində tabiinin icma etməsi haqqında dedi: “(Bununla) ixtilaf aradan qalxmır, əksinə digər görüşə dönmək və onu götürmək olar, çünki əl-Əcurri kitabında İbn Ömər’dən belə dediyini rəvayət edir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Səhabələrim ulduzlar kimidir, hansının sözünü götürsəniz hidayət taparsız.” Bunun üzərinə ona deyildi: Bu hədisi necə dəlil gətirirsiz? Halbuki, İsmail bin Said deyir: “Əhməddən peyğəmbərin – salləllahu aleyhi va səlləm – “səhabələrim ulduzlar kimidir, hansını izləsəniz hidayət taparsız” sözlərini dəlil gətirən haqqında soruşdum və dedi: “Bu hədis səhih deyildir.” Ona belə cavab verərik: “Əhməd səhabələrin fəziləti haqqında bunu dəlil gətirib və ona etimad edib, belə ki, Əbu Bəkr əl-Xalləl “əs-Sünnə” kitabında deyir: “Ubeydullah bin Hənbəl bin İshaq bin Hənbəl bizə xəbər verdi: Atam mənə rəvayət etdi: Əbu Abdilləhi belə deyərkən eşitdim: “Həddi aşma Muhammədin səhabələrini zikr etməkdədir, çünki Allahın elçisi – salləllahu aleyhi va səlləm – deyib: “Səhabələrim (barəsində sizə) Allahı, Allahı (xatırladıram), onları hədəf etməyin!” (Həmçinin) dedi: “Onlar ulduzlar kimidir, onlardan hansını izləsəniz hidayət taparsız.” (əl-Qadi Əbu Yalə) dedi: Bu ləfzi dəlil gətirmişdir, beləliklə bu, (hədisin) ona görə səhih olduğunu göstərir.[10] “əl-Musvaddə” kitabında hədis haqqında zikr olunan bu sözlər İmam Əhmədin bu hədisin mənasını bəzi məqamlarda səhih olaraq qəbul etməsini göstərir. Buradakı səhih məna ictihad əhli olmayan müsəlmanlara məzhəblərin səhabələrdən nəql etdiyi görüşləri təqlid etməkdə genişliyin olmasını göstərir. Lakin bu hədisə əsaslanaraq hər bir səhabənin sözünün ayrılıqda hüccət olduğunu demək xətadır və sözünə etibar edilən alimlərdən heç kimsə belə bir fikir bildirməmişdir.

 

***

 

Bu hədisə verilmiş şərhlərdən biri də budur ki, burada qəsd olunan hidayət səhabələrin peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdikləri hədislərdəki hidayətdir. əl-Hafiz İbn Abdil-Bərr – rahmətullahi aleyh – deyir: “İbn Abbas və Misvar bin əl-Məxramə əl-Arac’da olarkən ihramlı birinin başını su ilə yuması barədə mübahisə etdilər. (İbn Huneyn deyir) və beləliklə məni Əbu Əyyub əl-Ənsari’dən soruşmaq üçün onun yanına göndərdilər. Onun yanına gəldim və bu zaman o, quyunun iki buynuzu arasında çimirdi. Ona salam verdim, başını qaldırdı və paltarını sinəsinə basdı ki, onun sinəsinə baxmayım. Dedim: “Məni sənin yanına qardaşın oğlu Abdullah bin Abbas göndərdi ki, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – ihramlı olarkən necə başını yuduğunu səndən soruşum. Həmən əli ilə başı üçün su götürdü və başına sürtərək arxaya və qabağa çəkdi və dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə edərkən gördüm.” Bunun üstünə Misvat (İbn Abbasa) dedi: “Allaha and olsun ki, səninlə bir daha mübahisə etməyəcəm.” (İbn Abdil-Bərr deyir) : Bu hədisdə belə bir fiqh vardır ki, səhabələr ixtilaf etdikdə Kitab və sünnətdə təslim olmağı vacib edən bir dəlil olmadan hüccət onlardan hər hansı birinin sözündə ola bilməz. Məgər görmürsən ki, İbn Abbas və Misvar bin əl-Məxramə - və onlar yaşda kiçik olsalar da səhabələrin fəqihlərindəndir – ixtilaf etdilər və İbn Abbas sünnətdən arqument gətirib qalib gəlməyə qədər onlardan heç birində digərinə qarşı hüccət yox idi. Bu isə sənə peyğəmbərin – salləllahu aleyhi va səlləm – “səhabələr ulduzlar kimidir” sözünün əl-Muzəni və nəzər əhlindən digərlərinin izah etdiyi mənada olduğunu göstərir ki, bu, nəqlə aiddir. Çünki onların hamısı siqadır, etibarlıdır, adildir. Beləliklə onlardan hər birinin nəql etdiyini və peyğəmbərin – salləllahu aleyhi va səlləm – adından şahidlik etdiyini qəbul etmək vacibdir. Əgər ixtilaf etdikdə rəylərində və ictihadlarında ulduzlar kimi olsaydılar o zaman İbn Abbas Misvara deyərdi: “Sən ulduzsan, mən də ulduzam, sənin əleyhinə bir şey yoxdur. Hansımızın sözünə tabe olsalar hidayət taparlar.” O zaman öz görüşünün doğruluğu üçün beyyinə və burhan tələb etməyə ehtiyac olmazdı.[11]

 


[1] “Cəmiu Bəyanil-İlmi va Fədlihi”, 2/925; rəqəm 1760; Dar İbn əl-Cəvzi, birinci nəşr: 1414/1994, əd-Dəmməm

[2] “əl-Muntəxab min əl-İləli lil-Xalləl”, səh: 143, Darur-Rayə, birinci nəşr: 1419/1998, Riyad

[3] “Tuhfətut-Talib bi Marifəti Əhədis Muxtəsar İbn Həcib”, səh: 165-169, İbn Kəsir, Dar Hira, birinci nəşr: 1406, Məkkə

[4] “İqamətul-Huccə alə ənnəl-İksərə fit-Təabbudi leysə bi Bid’ə”, səh: 48-49; Abdul-Fəttah Əbu Ğuddə təhqiqi

[5] ”Xuləsatul-Əfkar Şərh Muxtəsaril-Mənar”, səh: 158, Dar İbn Kəsir/Darul-Kəlimit-Tayyib, birinci nəşr: 1413/1993, Beyrut

[6] “əl-İtiqad val-Hidəyətu ilə Səbilir-Raşəd”, səh: 160, Darul-Fədilə, birinci nəşr: 1420/1999, Riyad

[7] “ət-Təqrir vat-Təhbir fi Şərhi Kitəbit-Təhrir”, 3/99, əl-Mətbəə əl-Kubra əl-Əmiriyyə, birinci nəşr: 1317/1900, Bulaq

[8] “Təlxisul-Həbir”, 4/351; Muəssəsə Qurtubə, birinci nəşr: 1416/1995,

[9] “ət-Təmhid fi Usulil-Fiqh”, 4/331; Cəmiatu Ummil-Qura, birinci nəşr: 1406/1985, Məkkə

[10] “əl-Musvaddə fi Usulil-Fiqh”, səh: 326; Mətbəə əl-Mədəni, 1384/1964, Qahirə

[11] İbn Abdil-Bərr, “ət-Təmhid”, 4/263-264; Vazəratuş-Şuunil-İsləmiyyə, 1407-1987, Mərakeş