əl-Əhlas, əs-Sərra və əd-Duheymə fitnələri

İmam Əhməd deyir: Əbul-Muğira bizə rəvayət etdi; Abdullah bin Səlim bizə rəvayət etdi; əl-Alə bin Utbə əl-Himsi və ya əl-Haysi mənə Umeyr bin Hani əl-Ansi’dən rəvayət etdi:

Abdullah bin Ömər’i belə deyərkən eşitdim: “Allah Elçisinin – salləllahu aleyhi va səlləm – yanında oturmuş halda idik və (baş verəcək) fitnələri zikr etdi və çoxlu fitnələr haqqında danışdıqdan sonra “əl-Əhlas” fitnəsini zikr etdi. Bir nəfər soruşdu: “Ey Allahın Elçisi, “əl-Əhlas” fitnəsi nədir?” Dedi: “O, (qarşılıqlı ədavət səbəbilə bir-birindən) qaçmaq və mal-dövlətdən məhrum olmaq fitnəsidir, sonra “əs-Sərra” fitnəsi olacaq, başlanğıcı və tüstüsü mənim əhli-beytimdən olan bir nəfərin iki ayağı altından çıxacaq, məndən olduğunu iddia edəcək, lakin məndən deyildir, çünki yalnız Allahdan qorxanlar mənim dostumdur. Sonra qabırğa üzərində oturmuş bir çanaq kimi olan bir nəfərin ətrafında insanlar birləşəcəklər. Daha sonra “əd-Duheyma” fitnəsi gələcək və bu ümmətdən bəlasının toxunmayacağı heç kimsə qoymayacaq. İnsanlar “nəhayət ki, qurtardı” deyəndə daha da uzanacaq. Bu fitnədə insan səhər mömin kimi oyanacaq və axşama kafir olacaq və bu, insanlar iki firqəyə ayrılana qədər belə davam edəcək. Heç bir nifaqı olmayan iman firqəsi və heç bir imanı olmayan nifaq firqəsi. Əgər bu baş versə elə həmin günü, ya da sabahkı gün Dəccalın gəlişini gözləyin.[1]

 “əl-Əhlas” sözü “hils” sözünün cəmidir və “hils” atın belinə atılan örtüyə deyilir, yəhəri onun üstündə oturdurlar və el dilində buna çül deyilir. İmam Əbu Süleyman əl-Xattabi (vəfatı hicri 388) deyir: “Burada fitnə sözünün çüllərə əlavə edilməsi fitnənin davam etməsinə və qalma müddətinin uzunluğuna görədir. Həmişə evində oturan və evindən kənara çıxmayan kişiyə evin çülü deyərlər, çünki çül öz yerinə sərilir və qaldırılmayana qədər orada qalır. Ola bilər ki, burada fitnənin çüllərə bənzədilməsi sadəcə olaraq onların rənginin qaralığı və zülmətinə görədir.[2]

“əs-Sərra” fitnəsi gəldikdə isə “əs-sərra” sevinc anlamındadır. Bu barədə Əbu Abdir-Rahmən Şərəful-Haqq əl-Azim Abadi deyir: “əl-Qari dedi: “əs-Sərra sözü ilə qəsd olunan sağlamlıq, rahatlıq, bəla və vəba kimi müsibətlərdən qorumaqla insanları sevindirən xoşbəxtlikdir və (fitnənin) “əs-sərra” sözünə izafə edilməsi nemətlərin çoxluğu səbəbilə günahlara batmağın səbəbi olmasına görədir. Ya da ola bilər ki, düşmənləri sevindirdiyi üçün bu cür adlanıb.[3]

Əbu Bəkr Əhməd bin Əli əl-Xatib əl-Bağdadi (vəfatı hicri 462) deyir: “Qabırğa üzərində oturmuş bir çanaq” sözü ilə - doğrusunu Allah bilir – onların dövlət idarəsinə yaramayan və idarədə sərbəst və sabit olmayan biri üzərində birləşəcəklərini qəsd edir, çünki çanaq qabırğa sümüyünün üstündə durmur və ona uyğun gəlmir.[4]

“əd-Duheyma” isə “əd-dəhmə” sözünün kiçiltmə şəklidir. “əd-Dəhmə” qara rəngin bir başqa adıdır və burada sözün kiçiltmə şəklində işlənməsi pisləmək və zəmm etmək məqsədilədir.

Hədisdə qeyd olunur ki, əs-sərra fitnəsinə əhli-beytdən olan bir nəfər səbəb olacaq, çünki tüstünün onun ayağı altından çıxması fitnənin onun səbəbilə başlayacağına işarə edir. Bəzi alimlər bu fitnəni yaxın tarixdə baş vermiş fitnə ilə müqayisə edirlər və əhli-beytdən olan bu şəxsin Məkkənin valisi və Hicazın əmiri əş-Şərif Hüseyn bin Əli olduğunu deyirlər. Hüseyn bin Əli 1908-ci ildən 1917-ci ilə qədər Məkkənin şərifi və əmiri olub. Bu şəxs 1916-cı ildə ingilislər ilə işbirliyinə girərək osmanlı türklərinə qarşı xəyanət edir və onlara qarşı üsyan edir və hicazda türklərə qarşı qətliam edilir. Bu üsyan tarixdə “böyük ərəb üsyanı” olaraq tanınır. 1917-ci ildə özünü Hicazın əmiri elan edir. İngilislər daha sonra öz adətlərinə sadiq qalaraq Hüseyn ilə bağladıqları əhdə xəyanət edirlər və ona vəd edilmiş torpaqların böyük hissəsini fransız və ingilis mandatı olaraq bölürlər. Versal sazişinin şərtlərini qəbul etməyən Hüseyn özünü bütün ərəb ölkələrinin məliki elan edir. 1924-cü ildə Atatürk xilafəti dağıtdıqdan sonra Hüseyn bin Əli Məkkə və əl-Mədinə şəhərlərinin öz idarəsi altında olmasını əsas alaraq özünü müsəlmanların xəlifəsi, möminlərin əmiri elan edir. Lakin bu arzusunun ömrü uzun olmur və həmin il Abdul-Aziz Ali Saud tərəfindən məğlub edilir və daha sonra ingilislərin köməyi ilə qaçaraq Kipr adasında yerləşir. Orada qaldığı müddətə bir erməni kilsəsinin tikilməsi üçün maliyyə yardımı göstərir. Altı il adada yaşadıqdan sonra xəstələnərək oğlu kral Abdullahın yanına gəlir və Amman şəhərində 1931-ci ildə vəfat edir və onu Qüds şəhərində dəfn edirlər.

Hüseynin Abdullah adlı oğlu Trans-İordaniyanın kralı olmuşdur. Digər oğlu Feysal isə əvvəl Suriyanın, sonra isə İraqın kralı olur. Lakin Feysalın krallığı süquta uğrayır. Hüseynin haşimi sülaləsi hal-hazırda İordaniya krallığını idarə edən sülalədir.

Hindistanın böyük alimi Alləmə Xalil Əhməd əs-Səhəranfuri – rahiməhullah – bu barədə deyir: “Mənim gördüyüm budur ki, 1343-cü ilin ramazan ayında baş verən fitnə elə bu fitnədir və bunun mənşəyi əş-Şərif Hüseyn bin Əli’dir. Türklərin hökuməti zamanı onların hökumətinə tabe olan bir şərif idi, sonra böyük müharibə dövründə xristian krallığından biri ilə məktublaşmağa başladı və bu müharibə türk sultanlığı ilə xristian hökuməti arasında idi və gizlicə xristian hökumətinə qoşulur və türklərə qarşı vuruşmaqda onlarla razılaşır. Nəticədə türk qoşunundan olan müqəddəs Məkkə şəhərində yaşayan türkləri qətl edir, onların qadınlarını əsir götürür və sonra hökumətə özü rəhbərlik etməyə başlayır və özünü hicazın kralı adlandırır. Onun hökuməti on ilə yaxın qalır və sonra zəifləyir.[5]

Biz hədisdə qəsd olunan fitnənin hansı fitnə olduğunu əminliklə söyləyə bilməsək də Hüseyn bin Əli’nin hadisəsinin bu fitnəyə inanılmaz dərəcədə oxşaması diqqətsiz buraxılmamalıdır. Məhz bu fitnədən sonra müsəlman ümməti tamamilə parçalandı və düşmənlərin əlində fitnələr meydanına çevrildi. Maraqlı tərəf budur ki, hədisdə qeyd olunur ki, bu ümmət iki firqəyə bölünəcək. Birinci firqənin əlamətləri iman, ikinci firqənin əlaməti isə nifaq olacaq. Birinci qrupa aid olan müsəlmanların niyyəti ixlaslı olacaq, çünki onlar nifaqdan təmiz olacaqlar, ikinci qrupa aid olanlar isə bunların tam əksi olacaqlar. Alləmə əs-Səhəranfuri deyir: “İnsan səhər mömin kimi oyanacaq”, çünki müsəlman qardaşının qanını, irzini və malını haram görəcək və “axşama kafir olacaq”, çünki bunları halal görəcək. Bu şəkildə o zamana qədər davam edəcək ki, “sonunda insanlar iki “fustat”a ayrılacaqlar”, yəni iki firqəyə ayrılacaqlar. “Fustat” sözünün əsl mənası çadır deməkdir və bu, bir yerin adını söyləyib onun halını qəsd etmək növündəndir. Bir firqə “iman firqəsi” olacaq, yəni xalis olacaqlar və “heç bir nifaq olmayacaq” və digər firqə “nifaq firqəsi” olacaq, ya əslən heç bir imanları olmayacaq, ya da yalan, xəyanət və əhdi pozmaq kimi onlardakı münafiqlik əməllərinə görə kamillik baxımından “imanları olmayacaq.[6] Bu şərhi əs-Səhəranfuri digər böyük alim Mulla Əli əl-Qari’nin şərhindən götürmüşdür.

Heç də qəribə deyildir ki, artıq zamanımızda bu cür xüsusiyyətləri iki yerə parçalanmış müsəlman ümmətində görmək olar. Ümmətin bir hissəsini İslamın qeyrətini çəkən, ümmətin halına acıyan, iman əlamətlərini aşkarda izhar edən müsəlmanlar, digər hissəsini isə müsəlmanlara qarşı kafirlərə yaltaqlanan, dünya maraqlarına görə müsəlmanların maraqlarını satan münafiqlərdən ibarətdir.

Bu hədisin həqiqətinin nə olmasından asılı olmayaraq Allahdan bizi bu cür fitnələrdən qorumasını diləyirik.

 


[1] Bu hədisi Əbu Davud (4242), əl-Hakim (4/466-467), Əbu Nueym ”əl-Hilyə”də (5/158), əl-Bəğavi ”Şərhus-Sünnə”də (4226) Əbul-Muğira yolu ilə bu isnad ilə rəvayət edirlər. Şeyx Şueyb əl-Arnavut “əl-Müsnəd” əsərinin təliqində (10/310) deyir: “Rəvayətin raviləri “əs-Səhih” kitabının siqa raviləridir, yalnız əl-Alə bin Utbə istisnadır. Ondan Əbu Davud bu hədisini rəvayət edib. Onu İbnu Main və əl-İcli siqa sayıblar. Əbu Hatim deyir: “Hədisləri saleh olan bir şeyxdir.” Onu İbn Hibban və İbn Şahin “əs-Siqat” (etibarlı ravilər) kitabında zikr edirlər.” Bundan başqa əl-Hakim hədisi səhih sayıb və əz-Zəhəbi bunda onunla razılaşmışdır. Hədisi həmçinin Şeyx ən-Nasir əl-Albani – rahiməhullah – səhih sayır. Lakin İbn Əbi Hatim “əl-İləl” (2/417) kitabında öz atasından hədis barədə soruşur və atası deyir ki, “mənə görə hədis səhih deyildir, sanki uydurmadır.” Lakin bunun illətinə işarə etməmişdir.

[2] “Məalimus-Sünən”, 4/337; əl-Mətbəatul-İlmiyyə, Hələb, birinci nəşr: 1352/1934

[3] “Avnul-Məbud alə Şərh Sünəni Əbi Davud”, 2/1928; Dar İbn Həzm, Beyrut, birinci nəşr: 1426/2005

[4] “Kitəbul-Fəqih val-Mutəfəqqih”, 1/296; Dar İbnil-Cəvzi, Səudiyyə Ərəbistan, birinci nəşr: 1417/1996

[5] ”Bəzlul-Məchud fi Həlli Əbi Davud”, 17/134; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr

[6] ”Bəzlul-Məchud fi Həlli Əbi Davud”, 17/135; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr