Peyğəmbərin (صلى الله عليه وسلم) quslu

 

Aişə - radiyallahu anhə - rəvayət edir: Peyğəmbər – salləllahu aleyhi va səlləm – cənabətdən qusl alarkən hər iki əlini yuyar, namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı, sonra qusl alar, sonra dərisini islatdığını zənn edənə qədər hər iki əli ilə saçının dibini təxlil[1] edərdi; üzərinə üç dəfə su tökər və sonra bədəninin sair hissələrini yuyardı.

Dedi: Mən və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bir qabdan qusl alar və ordan birlikdə su götürərdik.[2]

 

İmam əs-Səfərini - rahiməhullah - hədisin şərhində deyir:

"Möminlərin anası (Aişə - radiyallahu anhə - ) əs-Siddiqa (rəvayət edir: Peyğəmbər – salləllahu aleyhi va səlləm – cənabətdən qusl alarkən) yəni, qusl almaq istərkən, necəki Allahu Təalə deyir: “Quran oxuyarkən məlun şeytandan Allaha sığın (istiazə[3] et!)[4] və yaxud qusl almağa başlayarkən, çünki bitirdikdə də və başladıqda da “etdi” deyirlər.

Əgər (hədisdəki) qusl almaq sözünü qusl almağa başlamaq şəklində yozsaq, bu, səhih olar, çünki başlamağın, əlləri yumaqla başlamaq vaxtı olması mümkündür. Bu isə Allahu Təalənin “Quran oxuyarkən məlun şeytandan Allaha sığın!” sözündən fərqlidir, çünki İbn Dəqiqil-İd’in də işarə etdiyi kimi qiraətdə başlamaq vaxtının eyni zamanda istiazə etmək vaxtı olması imkansızdır.[5]

Aişənin “من الجنابة” (cənabətdən) sözündəki “من” hərfi səbəbə işarə edir. “كان” isə peyğəmbərin bu əməli təkrarən etməsinə dəlalət edir, necəki əksər halda bu söz lüğətdə bu mənanı ifadə edir. Bəzən təkrarən deyil, sadəcə felin baş verdiyini ifadə edir və bu, azlıq təşkil edir.[6]

(...hər iki əlini yuyar) burada əllərin murdar şeyə dəyməsi səbəbi ilə onları təmizləmək ehtimalı vardır və bu ehtimalı gücləndirən dəlil Meymunə’nin hədisində gəlmişdir. Eləcədə bunun yuxudan qalxarkən əlləri yumaq sünnəti olması bir digər ehtimaldır və İbn Uyeynə’nin bu hədisdəki “əllərini qaba (suya) daxil etməmişdən əvvəl” şəklindəki ziyadəsi bu ehtimala dəlalət edir.[7]

Bir başqa rəvayətdə “əllərini üç dəfə yudu” ləfzi gəlmişdir və bu, “Sahih Muslim”də mövcuddur.[8]

Bunu əş-Şafi və ət-Tirmizi rəvayət etmişdir və (ət-Tirmizi) əlavə etmişdir: “Sonra övrət yerini yudu”.[9]

Eyni ziyadə Muslimə və Əbu Davuda da aiddir və bu, çox əhəmiyyətli bir ziyadədir. Çünki cinsiyyət orqanını əvvəldən yumaqla qusl əsnasında ona toxunmaqdan qurtulmuş olursan.[10]

Bundan sonra peyğəmbər – salləllahu aleyhi va səlləm – (توضأ وضوءه للصلاة) namaz dəstəmazı alar, yəni; (namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı).

Yenə əl-Buxaridə Aişədən gələn rəvayətdə deyir: “adətən dəstəmaz aldığı şəkildə...”. “وضوء”[11] kəliməsinin lüğəvi mənada anlaşılacağından ehtiyat etdiyi üçün bu şəkildə söyləmişdir. Qusldan qabaq namaz dəstəmazı kimi dəstəmaz almaq quslun kamilliyindəndir və məzhəbin görüşü də bu yöndədir.

İmam Əhməd – Allah ondan razı olsun! – dedi: “Cənabət quslu Aişənin – Allah ondan razı olsun! – hədisinə görədir.[12] “Sahih Muslim”də  hədisin bəzi ləfzlərində olduğu kimi (Aişə) deyir:   Allahın Elçisi – salləllahu aleyhi va səlləm – cənabətdən qusl alarkən, əllərini üç dəfə yuyar və namaz dəstəmazı aldığı kimi dəstəmaz alardı.”[13] Bundan (sonra qusl alar...)

Alimlər dəstəmaz əzalarının qusldan əvvəl gəlməsi barədə ixtilaf ediblər; İmam Əhməd və onunla razılaşanların söylədiyi kimi bu, həqiqi bir dəstəmazdır? Yoxsa cənabət səbəbi ilə alınan (xüsusi) qusldur? Sadəcə bu əzalar, onlara təkrim və təşrif olaraq bədənin digər hissələrindən əvvəl yuyulur və kiçik təharətin böyük təharətə daxil olması səbəbilə həmin əzaları dəstəmazda yumağa ehtiyac qalmır, necəki elm əhlindən bəziləri bu görüşdədir.[14]

“əl-Furu” əsərində kamil quslu belə vəsf edir: “Niyyət edir, bismilləh deyir, əllərini üç dəfə yuyur və bulaşan çirki təmizləyir, sonra kamil dəstəmaz alırsan; Bu, Malikin və əş-Şafinin görüşünə uyğundur. Ondan (İmam Əhməddən) gələn başqa görüşündə isə - Əbu Hənifəyə uyğun olaraq - əgər ayaqlar istifadə olunan suda qalıbsa, ayaqları yumağı quslun sonuna saxlayırsan. Digər görüşünə əsasən, bunların hər ikisi də edilə bilər.”[15]

(Sonra) peyğəmbər – salləllahu aleyhi va səlləm – (...hər iki əli ilə saçının dibini ovxalayar).

Digər bir ləfzdə deyir: “sonra su götürər və barmaqlarını saçlarının dibinə daxil edərdi”, necəki bu, Muslim’də[16] gəlmişdir. ət-Tirmizi və ən-Nəsai’də isə deyir: “sonra saçına su içirərdi.”

əl-Buxari’nin ləfzində; “sonra barmaqlarını suya daxil edər və onlarla saçların dibini təxlil edərdiı.[17]

əl-Buxari’dəki bir başqa rəvayətdə gələn “saçlarınının dibi[18] kəliməsi ilə başındakı tüklər qəsd olunur və buna əl-Beyhəqi’dəki rəvayət dəlalət edir: “barmaqları ilə başının sağ yarısını təxlil edərdi.”[19]

əl-Qadi İyad dedi: “Bəzi alimlər – ya “saçların dibi” sözündəki mənanın ümumiliyinə görə, ya da qiyasa əsaslanaraq - quslda saqqalı təxlil etmək üçün bu hədisi dəlil gətirirlər.”[20]

Təxlil’in faydası; suyu saça və dəriyə çatdırmaq, hər bir yeri su ilə islatmaq məqsədi ilə saçı əl ilə ovxalamaqdır.

Təxlil’in vacib olmaması barədə alimlər ittifaq ediblər, lakin saçın yapışqan bir şeyə bulaşıb codlaşaraq suyun tüklərin dibinə çatmasına maneə olması halı istisnadır[21], belə halda təxlil vacibdir. Çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Şübhəsiz ki, cənabət hər tükün altındadır, ona görə də saçınızı yuyun və (saçın altındakı) dərinizi təmizləyin!” Bunu Əbu Davud rəvayət etmişdir.[22]

(...dərisini islatdığını zənn edənə qədər...), yəni; peyğəmbər – salləllahu aleyhi va səlləm – barmaqlarını saçının arasına salıb suyu saçın dibinə çatdıraraq saçını təxlil edərdi və dərisini su ilə islatdığını zənn edənə qədər bunu etməyə davam edərdi və “بشرة” (dəri) cildin üst hissəsidir.

Burada murad suyun dərinin bütün hissəsinə çatmasını sağlamaqdır və bu, yalnız saçların dibi və ya hamısı islanandan sonra baş verir və hədisdə bunun “الري” (su içirmək) sözü ilə ifadə olunması[23] məcazi mənadadır və islatmaq anlamındadır.[24]

Sonra peyğəmbər – salləllahu aleyhi va səlləm -  (üzərinə... su tökər...) , yəni suyu üzərindən axıdardı və “الإفاضة” suyu axıtmaq, tökmək anlamındadır.

Bu hədisi (bədəni) əllə ovmağın vacib olmaması barədə dəlil gətirirlər.

əl-Qadi İyad deyir: “Qusl əzaları haqqındakı rəvayətlərin heç birində  (hərəkətin) təkrar olunması zikr olunmamışdır.”[25]

əl-Hafiz İbn Hacər buna etiraz edərək bunun səhih sənədlə varid olduğunu qeyd etmişdir. Bunu ən-Nəsai və əl-Beyhəqi Əbu Sələmə’nin rəvayəti ilə Aişədən rəvayət edirlər ki, o, peyğəmbərin – salləllahu aleyhi va səlləm – cənabət quslunu vəsf etmişdir və hədisi sona qədər qeyd edir və hədisdəki sözlər arasında deyilir: “Sonra ağzını üç dəfə yaxaladı, burnuna üç dəfə su aldı və üzünü üç dəfə yudu və hər iki əlini üç dəfə yudu və sonra (başından aşağıya doğru) su tökdü.”[26]

(...üç dəfə...), və bu, bütün bədənə suyun çatması və təmizlənməsi üçündür və (sonra) peyğəmbər – salləllahu aleyhi va səlləm – (bədəninin sair hissələrini yuyardı). Yəni, qalan yerlərini yuyardı və Aişə əvvəl başı zikr etmişdir. “سائر” (sair) kəliməsi əslən “بقية” (artıq qalan, geridə qalan hissə) mənasında işlənir. (Lüğət alimləri) deyirlər ki, bu kəlimə “السُّؤْرُ” (bir şeyin qalığı, qabdakı suyun qalığı) kəliməsindən götürülüb. əş-Şənfəri deyir:

 

إِذَا احْتَمَلُوا رَأْسِي وَفِي الرَّأْسِ أَكْثَرِي          وَغُودِرَ عِنْدَ المُلْتَقَى ثَمَّ سَائِرِي

 

Əgər başımı götürsələr mənim çoxum başdadır,

Görüş yerində[27] tərk etsələr, qalan hissəm düzələr![28]

 

Bu şerdə “sair” kəliməsi, qalan hissə anlamındadır.

“Əvham əl-Xavas” kitabında isə zikr olunur ki, “sair” kəliməsi “الجميع” (tamamilə, bütünlüklə) anlamında da işlədilir. İbn Dəqiqil-İd’in söylədiyi kimi.[29]

“əl-Qamus”da isə deyir: “ “sair” “الباقي” (qalan hissə)  anlamındadır, bəzi insanların yalnış olaraq zənn etdikləri və ya bəzilərinin istifadə etdikləri kimi “الجميع” anlamında deyildir. Belə (yəni, cəm anlamında gələn) istifadələrə misal olaraq əl-Əhvas’ın sözünü göstərmək olar:

 

فَجَلَتْهَا لَنَا لُبَابَةُ لَمَّا        وَقَذَ النَّوْمُ سَائِرَ الْحُرَّاسِ

 

Bizə bir fikir gəldi o zaman ki,

Bütün gözətçilər yuxuya daldı[30]

 

Dedi: Bir camaat bir bədəvi ərəbi qonaq edir və onlar cariyəyə onu ətirləməyi əmr edirlər və o, deyir: “بَطْنِي عَطِّرْي وسَائري ذَرِي” (Qarnımı ətirlə[31], qalan yerlə işin olmasın!)[32]

(Dedi) yəni, Aişə - radiyallahu anhə - dedi: (Mən və Allahın Elçisi – salləllahu aleyhi va səlləm - ... qusl alar...), bu cümlənin “məful məahu[33]” olması mümkündür, yəni: peyğəmbərlə - salləllahu aleyhi va səlləm – qusl aldı. Eləcədə “atf”[34] olması da mümkündür, bu isə “təğlib əl-mutəkəllim”[35] növündəndir.[36]

(bir qabdan qusl alar və... su götürərdik (نغترف)); bu söz “غرف” kəliməsindən əmələ gəlir və bu, suyu əl ilə götürməkdir. Deyirlər: “غرف الماء يغرِفه, يغرُفه”: suyu əli ilə götürdü və eynilə “اغترف” kəliməsi də bu yöndədir. Bir dəfə su götürməyə (məsdər olaraq) “الغَرفة” deyirlər və kəsrə ilə yazıldıqda (الغِرفة) su götürməyin şəkli qəsd olunur və eləcədə (ərəblərdəki ləhcələrdən birində) ayaqqabı mənasını verir. Cəm forması “غِرَف” olaraq yazılır. Dammə ilə yazıldıqda (الغُرفة) əldə götürülmüş suyun özü qəsd olunur, yəni “məful” forması qəsd olunur, çünki əlinlə götürmədiyin şeyə “الغُرفة” deyə bilməzsən. “əl-Qamus”da[37] bu şəkildə izah olunmuşdur.

(ordan...) yəni, qabdan...(birlikdə (su götürərdik)) və “جميعًا” (birlikdə) kəliməsi “hal”[38]dır, tövkid ifadə edir.

Bu ziyadəni, yəni: (Aişə) dedi: Mən və Allahın Elçisi...Muslim[39] zikr etmişdir.

Muslimə aid bir ləfzdə isə deyir: Aişə - radiyallahu anhə - deyir: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qusl aldığı zaman sağ əl ilə başlayardı və su töküb onu yuyardı, sonra sağ əli ilə ondakı “əziyyətə”[40] su töküb sol əli ilə onu yuyardı. Bunu bitirdikdən sonra başına su tökərdi.” Aişə dedi: “Mən və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bir qabdan qusl alardıq və hər ikimiz də cunub idik.”

Yenə Muslim Aişədən – radiyallahu anhə - rəvayət edir ki, o və peyğəmbər - salləllahu aleyhi va səlləm -  birlikdə tutumu üç mud[41] olan və ya buna yaxın ölçüdə bir qabdan qusl alardılar. əl-Buxari bu ləfzi rəvayət etməmişdir.

əl-Buxari və Muslim hər ikisi də ondan – radiyallahu anhə - belə dediyini rəvayət etmişdir: Mən və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – aramızda olan bir qabdan birlikdə qusl alardıq, mənimlə yarışardı, beləki deyərdi: “Mənim üçün də saxla, mənim üçün də saxla!” Dedi: “və biz cunub idik.” Yalnız əl-Buxari “..mənimlə yarışardı, beləki deyərdi: “Mənim üçün də saxla, mənim üçün də saxla!” sözlərini qeyd etməmişdir.[42]

Bəzi alimlər hədisdəki “əziyyət” və “onu yuyardı” kəlimələrini dəlil gətirərək məninin və qadının fərcindəki rütubətin nəcis olduğunu deyirlər və bu məna uzaq bir ehtimaldır, çünki yumaq sadəcə nəcasəti təmizləməklə məhdud deyildir və eləcədə “əziyyət” kəliməsindəki nəcasət mənası aydın deyildir.[43]

Bu hədisdə kişi ilə qadının bir qabdan qusl almasının caiz olmasına dair dəlil vardır və kişinin qadından sonra qabdan su götürməsinin heç bir təsiri yoxdur[44], çünki bu, qadının təklikdə, nikah xəlvətini aradan qaldıran şəxslərin onu görmədiyi halda sudan yuyunmaq üçün istifadə edib, sonra suyun artıq qalması halına aiddir və bu zaman suyun həmin artıq qalan hissəsi ilə yuyunmaq kişiyə qadağandır.

Bu hədisdə quslu tamamlamadan əvvəl cunub olanın əlini - əgər əlləri təmiz olarsa – qaba salmasının caiz olmasına dair dəlil vardır, çünki onun heç bir əzası cənabət səbəbi ilə murdar sayılmaz.

Yenə əl-Buxari və Muslimdə Aişədən gələn rəvayətdə deyir: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bir “qadəh”dən[45] qusl alardı” və o, “fərq”dir. əs-Sufyan dedi: “Fərq üç sa’[46] həcmindədir.”[47]

əl-Buxari’nin ləfzində isə deyir: “Dedi: mən və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qadəh adlanan qabdan birlikdə qusl alardı ki, ona fərq deyirlər.”

Malikin isə əz-Zuhri’dən rəvayətində deyir: “...və o, “fərq”dir.”

İbn ət-Tin deyir: “əl-Fərq: ra hərfi sukunlu yazılır, biz bunu fəthəli rəvayət etdik və bəziləri hər ikisini də uyğun görürlər.”

əl-Quteybi dedi: “O, fəthəli yazılır.”

ən-Nəvəvi dedi: “Fəthə ilə daha fəsih və daha məşhurdur. Əbul-Valid əl-Baci bunun doğru olduğunu iddia etmişdir.[48] (İmam ən-Nəvəvi) deyir: Onun dediyi kimi deyildir, əslində bu, ərəblərin iki ləhcəsidir.”[49]

əl-Hafiz İbn Hacər deyir: “Ola bilsin ki, əl-Baci’nin əsas olaraq götürdüyü əl-Əzhari’nin Sə’ləbi və digərlərindən rəvayət etdiyi bu görüşdür: əl-Fəraq, fəthə ilə yazılır və mühəddislər sukun ilə yazırlar, lakin ərəblərin dilində fəthəlidir.”[50]

İbn əl-Əsir isə nəql edir: “Fəthə ilə yazılan “fəraq” 16 ritl[51] tutumundadır, lakin sukunla yazılan “fərq” isə 120 ritl tutur.”[52]

“əl-Fəth”də deyir: “Bu, qəribədir. Sufyanın Muslimdə keçən sözü daha əvvəl qeyd olundu ki, üç sa’ tutumundadır. ən-Nəvəvi deyir: Alimlərin çoxu bu görüşdədir[53] və Əbu Ubeyd fəraq’ın üç sa’ olması[54] və 16 ritl olması barədə ittifaq olduğunu nəql etmişdir. Ola bilsin ki, bununla lüğət alimlərinin ittifaq etdiyini qəsd etmişdir.

Yoxsa hənəfi məzhəbindən bəzi fəqihlər və digərləri deyirlər ki, sa’ səkkiz ritldır və bunda əsaslandıqları dəlil Aişənin hədisidir ki, (orada deyilir): qabın təxmini ölçüsü səkkiz ritldır.[55] Lakin doğru olan birinci görüşdür, çünki təxmini ölçü müəyyən/məhdud ölçüyə zidd deyildir.

Üstəlik hədisi rəvayət edən Mücahid hədisdəki qabın sa’ olmasını açıq şəkildə bildirmir və bunu bir-birilərinə yaxın ölçüdə olan fərqli qablara aid etmək olar.

Fəraq’ın üç sa’ olması görüşünü dəstəkləyən dəlillərdən biri də İbn Hibban’ın Ata vasitəsilə Aişə’dən – radiyallahu anhə - rəvayət etdiyi bu ləfzdir: “altı qist miqdarında...”[56] və kəsrəli “qaf”la yazılan əl-qist kəliməsi lüğət alimlərinin ittifaqı ilə bir sa’nın yarısıdır. Alimlər arasında bir fərq’in 16 ritl olması barədə ixtilaf yoxdur və aydın olur ki, bizim alimlərin (yəni, hənbəli alimlərinin) və digərlərinin təsbit etdikləri kimi bir sa’ beş ritl’dir, iraq ritl’i ilə üç ritl’dir.

Şafi alimlərindən bəziləri iddia edir ki, qusl suyu üçün olan sa’ ölçüsü səkkiz ritl’dir, fitr zəkatı və digərləri üçün olan sa’ isə beş ritl’dir.

Hədisdə eləcədə ər ilə arvadın bir-birilərinin övrət yerinə baxmasının caiz olmasına dair dəlil vardır və bunu, İbn Hibban’ın Süleyman bin Musa yolu ilə nəql etdiyi rəvayət dəstəkləyir; ondan öz qadınının övrət yerinə baxan kişi haqqında soruşurlar və o, deyir: Ata’dan bu barədə soruşdum və dedi: Aişədən bu barədə soruşdum və o, mənə bu hədisi mənası ilə zikr etdi və bu, məsələ barəsində qəti dəlildir.[57] Doğrusunu Allah bilir![58]

 

İmam Şəmsud-Din Muhamməd bin Əhməd əs-Səfərini

"Kəşful-Lisəm Şərhu Umdətil-Əhkam", 1/392-402

 


[1] “təxlil” saça və ya saqqala su yedirərək barmaqlarla ovxalayaraq suyu tüklərin dibinə çatdırmaqdır. Dəstəmazda təxlil saqqala aiddir.

[2] əl-Buxari, (269) əl-ğusl, bab təxlil əş-şəar və (245) bab əl-vudu qabləl-ğusl və (259) bab həl yudxil əl-cunub yədəhu fil-inə qablə ən yəğsiləhə; Muslim, 1/253-254 (316) əl-heyz, bab sifət ğuslil-cənabə; Əbu Davud (242) ət-Tahara, bab əl-ğusl min əl-cənabə; ən-Nəsai (247) ət-Tahara, bab zikr vudu əl-cunub qablə əl-ğusl və (247-249) bab təxlil əl-cunub rasəhu və (420) bab əl-ibtidə bil-vudu fi ğuslil-cənabə və (423) bab istibra əl-bəşərati fil-ğusli min əl-cənabə; ət-Tirmiz (104) ət-Tahara, bab mə cəə fil-ğusli min əl-cənabə; İbn Macə (574) ət-Tahara, bab mə cəə fil-ğusli min əl-cənabə

[3] Istiazə; “əuzu billəhi min əş-şeytanir-racim” sözləridir və Quran oxumağa başlamamışdan əvvəl deyilir.

[4] ən-Nəhl, 98

[5] Bax: İbn Daqiq, “Şərh Umdətul-Əhkəm”, 1/91

[6] Eyni mənbə

[7] Çünki gecə yuxusundan oyandıqdan sonra əlləri yumağı əmr edən hədisdə peyğəmbər – salləllahu aleyhi va səlləm - əlləri qaba salmağı qadağan etmişdir. İbn Uyeynə’nin ziyadəsi də buna işarə edir.

[8] Muslim, 1/254 (316)

[9] İmam əş-Şafi “əl-Müsnəd” əsərində (səh: 19) rəvayət etmişdir və ət-Tirmizinin hədisinin təxrici daha əvvəl zikr olunmuşdur.

[10] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/360

[11] “Vudu” ərəb dilində lüğəvi mənada yuyunmaq anlamındadır, lakin istilahi anlamı namazdan qabaq dəstəmaz almaqdır.

[12] Bu, eləcədə İmam əş-Şafi’nin “əl-Umm” kitabındakı görüşüdür və kamil quslun vəsfində Aişənin hədisinə üstünlük vermişdir.

[13] Bax: İbn Qudamə, “əl-Muğni”, 1/138

[14] İbn Battal qusl dəstəmazı alan kəsin qusldan sonra dəstəmaz almasına ehtiyac olmaması barəsində icma olduğunu nəql edir və əl-Hafiz İbn Hacər “əl-Fəth”də bu icmaya etiraz edərək Əbu Səvr, Davud və digər alimlərin qusldakı dəstəmazın adi dəstəmazı əvəz etməyəcəyi görüşündə olduğunu qeyd etmişdir.

[15] Bax: İbn Muflih, “əl-Furu”, 1/175

[16] Təxrici daha əvvəl qeyd olundu, 1/253 (316)

[17] İbn Hacərin “Fəthul-Bari”də (1/360) zikr etdiyi kimi əl-Kəşmihəni’nin rəvayətində bu şəkildədir.

[18] Təxrici daha əvvəl zikr olunmuşdur, hədis rəqəm: 245

[19] əl-Beyhəqi “əs-Sunən əl-Kubra”da (1/175) rəvayət etmişdir.

[20] Bax: əl-Qadi İyad, “İkməl əl-Mulim”, 2/156

[21] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/360

[22] Əbu Davud (248), ətTahara, bab al-ğusli min əl-cənəbə; ət-Tirmizi (106), ət-Tahara kitabında, “mə cəə ənnə təhtə kulli şəratin cənəbətən“ babında rəvayət etmişdir və “ğaribdir” demişdir. Eləcədə İbn Macə (597) ət-Tahara kitabında, “təhtə kulli şəratin cənəbətun” babında Əbu Hureyradan rəvayət etmişdir.

[23] Hədisdəki ifadə bu şəkildədir: “حتى إذا ظن أنه قد أروى بشرته” (dərisini islatdığını zənn edənə qədər) və buradakı “أروى” kəliməsi hərfi mənada su içirmək, su ilə doyurmaq anlamındadır və müəllif - rahiməhullah - buna işarə edərək bunun məcazi anlamda onluğunu qeyd edir, çünki həqiqətdə dəri su içməz və doymaz.

[24] Bax: İbn Dəqiq, “Şərh Umdətil-Əhkəm”, 1/93

[25] əl-Qadi İyad, “İkməl əl-Mulim”, 2/155 və deyir: “Şeyxlərimizdən bəziləri deyir ki, quslda hərəkətləri təkrarlamağın heç bir fəziləti yoxdur.” Şafi alimlərindən isə İmam əl-Mavərdi – rahiməhullah – bunun müstəhəb olmaması görüşündədir. Bax: “əl-Havi əl-Kəbir”, 1/269

Lakin sözsüz ki, dəlillərə əsasən bunun müstəhəb olması qətidir.

[26] ən-Nəsai (243), ət-Tahara, bab: zikr ğusl əl-cunub yədeyhi qablə ən yudxiləhumə əl-inə; əl-Beyhəqi, “əs-Sunən əl-Kubra”, (1/174). Bax: “Fəthul-Bari”, 1/361

[27] Yəni, başın bədənlə birləşdiyi yerdə

[28] Bax: İbn Quteybə, “əş-Şir vəş-Şuəra”, 1/80

[29] Bax: İbn Daqiq, “Şərh Umdətil-Əhkəm”, 3/94

[30] Bax: əl-Əhvas, “əd-Divan”, səh: 110 (rəq: 83)

[31] Qarnımı ətirlə burada “qarnımı doyur”, yəni “yemək gətir” anlamında məcaz olaraq gəlmişdir.

[32] Bax: əl-Feyruzabadi, “əl-Qamus əl-Muhit”, səh: 517 (maddə: سأر)

[33] “əl-Məf’ul məahu” (المفعول معه) nəhv elmində işlədilən terminlərdən biridir və mənsubatlardan sayılır.

[34] Eləcədə “atf” nəhv elmindəki terminlərdəndir və dörd “təvabi”dən (التوابع) biridir.

[35] Yəni, Aişə - radiyallahu anhu – iki nəfər üçün felin tək formasını işlətmişdir, halbuki qusl alan iki nəfərdir. Yəni deyir: “Mən və peyğəmbər qusl aldım!” Bizim dilimizdə bu tərzdə cümlə qəribə gəlsə də, ərəb dilində bu, mümkündür. Yəni, xəbəri nəql edən şəxs, “əl-mutəkəllim” feli özü ilə məhdudlaşdırır, lakin fel məna cəhətdən hər ikisinə də aiddir. Buna “təğlib əl-mutəkəllim” deyilir.

[36] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/323

[37] Bax: əl-Feyruzabadi, “əl-Qamus əl-Muhit”, səh: 1087 (maddə: غرف)

[38] “əl-Hal” nəhv elmindəki terminlərdən biridir və mənsubatlardan sayılır. Buradakı “cəmian” kəliməsi eləcədə tövkid ifadə edir və “tövkid” ərəb dilində mənanı qüvvətləndirmək üçün istifadə olunan kəlimələrdir.

[39] Müəllif İmam əs-Səfərini – rahiməhullah – bu ziyadənin Muslimə aid olduğunu qeyd edir, lakin həqiqətdə ziyadə Muslimə deyil, əl-Buxari’yə aiddir.Muslim bu hədisi bir çox yerdə (1/256-257, rəq: 321) rəvayət etmişdir, lakin bunların heç birində bu ziyadə yoxdur. Çox ehtimal ki, müəllif yazıda xəta etmişdir, çünki bundan sonra Muslimdəki rəvayətləri özü qeyd etmişdir.

[40] Aişə anamızın – radiyallahu anhə -  “əziyyət” sözü ilə qəsd etdiyi mənidir, yəni spermadır.

[41] Fəqihlər “mudd”un ölçüsündə fərqli görüşdədirlər. Şafilər bunu qadəhin yarıısı olaraq təsbit edirlər, malikilər də buna yaxın olduğunu deyirlər və qadəh hicaz əhlinə görə bir ritl və onun üçdə biri qədərdir. İraq əhlində isə iki ritldir. Müasir ölçüyə əsasən bir mudd 0,7575 litrdir.

[42] Bunun əl-Buxari’dəki yeri daha əvvəl qeyd olundu və Muslim (1/765; rəq: 321) rəvayət etmişdir.

[43] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/362

[44] Bax: İbn Dəqiq, “Şərh Umdətil-Əhkəm”, 1/94

[45] Bir “qadəh” yarım sa’dır, müasir ölçü ilə 1,515 litrdir.

[46] Bir sa’ hicaz əhlinə görə dörd mədd tutumundadır, yəni 1120 dirhəmə bərabərdir. Qədim iraq ölçüsünə görə isə səkkiz ratla bərabərdir. 9.11.1422 tarixli (nömrə: 207) qərarında Böyük Alimlər Heyəti peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında istifadə olunan bir sa’nın ölçüsünün 3,030 litr olduğunu qeyd etmişdir.

[47] Bu, Muslimin (1/255; rəq: 319) rəvayətidir: kitab əl-heyz, bab əl-qadər əl-mustəhəb min əl-məi fi ğuslil-cənəbə

[48] Yəni, İmam Əbul-Valid əl-Baci’yə görə sukun ilə yazılışı xətadır.

[49] Bax: İmam ən-Nəvəvi, “Şərh Muslim”, 4/3

[50] Bax: əl-Əzhari, “Təhzib əl-Luğət”, 9/108 (maddə: فرق)

[51] “Ritl” ölçü vahididir, ölkələrə görə fərqlənir. Misirdə bir ritl 144 dirhəmdir, yəni təxminən 450 qramdır. Digər ölkələrdə 124,7 dirhəm və ya 90 misqaldır, yəni təxminən 410 qramdır.

[52] Bax: İbn əl-Əsir, “ən-Nihayə fi Ğarib əl-Hədis”, 3/437

[53] Bax: İmam ən-Nəvəvi, “Şərh Muslim”, 4/3

[54] Fəraq üç sa’dır, təxminən 9,09 litrdir.

[55] Bunu ən-Nəsai rəvayət etmişdir; rəq: 226, kitəb ət-tahara, bab zikr əl-qadar əlləzi yəktəfi bihi ər-raculu min əl-məil-ğusli

[56] “Sahih İbn Hibban”, 5577

[57] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/364

[58] Malikilər bu hədisi dəlil gətirərək quslda bədəni sürtməyin vacib olduğunu deyirlər. Çünki onlara görə həm dəstəmazda, həm də quslda sürtmək fərzlərdəndir. Şeyx İbn Muləqqin “Umdətul-Əhkəm” şərhində (2/29-30) bu hədis haqqındakı fiqhi faydaları qeyd edərkən bunu da zikr etmişdir: “Hədisdə suyu başdan aşağı tökmək ilə yumaq arasında fərq vardır. Başa suyu tökməyi təxlildən sonra tək olaraq qeyd etmiş və sonra yuyunmağı zikr etmişdir. Malikilər bu hədisdən istifadə edərək deyirlər ki, qusl yalnız əzaları ovxalamaqla olur, yoxsa hədisdə bədənə suyu axıtmaqla qusl sözlərini/span ayrı ayrılıqda zikr etməyin faydası qalmır.Maliki alimlərindən olan əl-Maziri isə insaflı davranaraq demişdir: “Hədis əslində əzaları sürtməyin vacib olmamasına dair şafi məzhəbi üçün dəlildir, çünki suyu axıtmaq ovxalamaqla olur və onsuz da ola bilər. Qusl isə belə deyildir və mütləq ləfzi muqayyəd ləfzə həml etmək lazımdır.”