Mömin nəcis olmaz

Əbu Hureyra – Allah ondan razı olsun – rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – onunla Mədinənin yollarından birində qarşılaşdı və o, cunub idi. Dedi: Ondan gizlənərək qırağa çəkildim, oradan getdim və qusl aldım. Sonra gəldim və (peyğəmbər) dedi: “Harada idin, ey Əbu Hureyra?” Dedim: “Cunub idim və təmiz olmadığım halda səninlə birlikdə olmağı xoş görmədim.” (Peyğəmbər) dedi: “Subhanallah! Mömin nəcis olmaz!”[1]

 

İmam Şəmsud-Din əs-Səfərini - rahiməhullah - hədisin şərhində deyir:

"(Əbu Hureyra) Abdurrahmən bin Saxr ( - Allah ondan razı olsun – rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm - onunla ... qarşılaşdı) yəni, peyğəmbər – salləllahu aleyhi va səlləm – Əbu Hureyra ilə qarşılaşdı. (...yollarından birində...) “طريق”“tariq” (yol) kəliməsinin cəm forması və bu, “محجّة” “məhəccə”[2]dir: piyadalar üçün getməyə küçə. Belə adlanmasının səbəbi ayaq döyülən və vurulan yer olmasına görədir;[3] “يعني: في بعض سكك” yəni sikkə[4]lərin birində.

“...Mədinənin ...” yəni əl-Mədinə əl-Munəvvara və “mədinə” sözü əslən ərəblərin “bir yerdə yerləşmək/yaşamaq” mənasında işlətdikləri “مَدَن بالمكان” ifadəsindən gəlir və bu, “فعيلة” vəznindədir və cəm şəkli həmzə ilə yazılan “mədəin” (مدائن) formasındadır.  “دِين” kəliməsinin “مفعلة” vəznində olduğu da söylənilmişdir, yəni mülk oldu, kiminsə mülkünə daxil oldu və həmzəsiz yazılır. Necəki, “معايش” kəliməsi həmzəsiz yazılmışdır.[5]

İlkin məna olaraq deyil, daha sonra dildə geniş istifadə olunduğuna görə peyğəmbərin – salləllahu aleyhi va səlləm – şəhəri adlandırılmışdır. Nida və “mudaf ileyh”dən başqa hallarda əlif və ləm olmadan yazmaq caiz deyildir.[6] Cəm şəkli “مُدُن” (“dəl” hərfi həm sükunlu, həm də damməli yazıla bilər) və yuxarıda qeyd olunduğu kimi “مدائن” (həmzəli və ya həmzəsiz) olaraq yazılır.[7]

(O,) yəni Əbu Hureyra – Allah ondan razı olsun! – (cunub idi), “cim” və “nun” hərfləri dammə ilə yazılır. Bu, cinsi əlaqə və ya məni axması ilə olur və “هو جنبٌ” , yəni; o, cunubdur, “أجنبَ” fel formasıdır və “مُجْنِبٌ” ismi faildir[8]. (Hədisdəki “və o, cunub idi”) cümləsi “əl-hal” məqamındadır.[9]

(Dedi), yəni Əbu Hureyra – Allah ondan razı olsun! – dedi: (فانخنست – Ondan gizlənərək qırağa çəkildim ), “nun” və “xa” hərəkəli və “nun” və “sin” hərəkəsiz; yəni, gizlənərək ondan uzaqlaşdım. Buna görə də şeytan “xannəs” adlandırılmışdır.

İmam İbnul-Qayyim “Bədəiu’l-Fəvaid” kitabında deyir: “əl-Xannəs; “خنس” felinin “فعّال” vəznindəndir. Gizlənmək, gözdən itmək anlamındadır.Əbu Hureyrənin bu sözündə də məna eynidir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – mənimlə Mədinənin küçələrindən birində qarşılaşdı və mən cunub idim və ondan gizləndim.” Sözün həqiqi mənası göründükdən sonra gözlərdən gizlənmək anlamındadır, sadəcə gizlənmək anlamında deyildir. Buna görə də ulduzlar Allahu Təalənin kəlamında bu adla vəsf olunublar: “And içirəm gözdən itən ulduzlara (xunnəs), seyr edib gizlənən səyyarələrə...[10]

Qatədə dedi: “əl-xunnəs; gecələr görünən, gündüzlər gözdən itən, gizlənən və görünməyən ulduzlardır.”[11]

əl-Buxari’dəki rəvayət isə belədir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – mənimlə qarşılaşdı və mən cunub idim. Əlimdən tutdu və o, (bir yerdə) oturana qədər onunla birlikdə yürüdüm və (ondan) gizlicə/onun xəbəri olmadan ayrıldım[12]; yəni onun məclisindən, onun söhbətindən (ayrıldım) və mən cunub idim; ona – salləllahu aleyhi va səlləm - təzim və hörmət əlaməti olaraq.

(Getdim...), əl-Buxari’də isə belədir: “onun xəbəri olmadan ayrıldım, ər-rihl’ə, yəni məskənimə, yaşadığım yerə gəldim”, (qusl aldım...) yəni, cənabətdən qusl aldım. (Sonra) yəni, qusldan sonra, (gəldim) peyğəmbərin yanına gəldim. (Dedi) – salləllahu aleyhi va səlləm - : (Harada idin?) və başqa rəvayətdə isə gəlmişdir ki, Əbu Hureyra gedib qusl alır və peyğəmbər – salləllahu aleyhi va səlləm – onun haqqında maraqlanır. Geri gəldikdə deyir: “Harada idin, (ey Əbu Hureyra? Dedi: )  yəni, Əbu Hureyra dedi: (Cunub idim).[13]

Başqa bir rəvayətdə isə deyir: Ey Allahın Elçisi! Sən mənimlə qarşılaşdın və mən cunub idim (və təmiz olmadığım halda səninlə birlikdə olmağı xoş görmədim.) Bir başqa rəvayətdə isə deyir: “qusl almayana qədər (səninlə birlikdə olmağı xoş görmədim)

Bu hədisdə vacib işlərlə qarşılaşdıqda təmiz olmağın müstəhəb olması və fəzilət sahibi kəslərə ehtiram və hörmət etməyin, onlarla ən gözəl şəkildə yoldaşlıq etməyin müstəhəb olmasına dair dəlil vardır.[14]

Burada eləcədə yaşda böyük olanın öz yoldaşının, şeyxin öz tələbəsinin halını araşdırmasına dair dəlil vardır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – , Əbu Hureyra onun yanından gizlicə getdiyi üçün onun haqqında maraqlanmışdı.

(Dedi) yəni, peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: (Subhanallah!) Peyğəmbər – salləllahu aleyhi va səlləm – Əbu Hureyranın cənabət səbəbi ilə nəcis olduğuna inanmasına təəccüb edir. Yəni; bütün işlərin mahiyyətini araşdırmağa və bu işlərdəki qaranlıq məqamları aydınlaşdırmağa onun bu qədər çox diqqət yetirməsinə baxmayaraq, belə açıq-aydın bir məsələnin hökmü necə ondan gizli qalmışdır?!

Bu hədisdə həm də tabe olan birinin, tabe olunan birindən ayrılmaq istədiyi zaman ondan izn almasının müstəhəb olmasına dair dəlil vardır. Çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – soruşdu: “Harada idin?” və bununla ona işarə edir ki, onun xəbəri olmadan ondan ayrılmaması lazım idi.

Burada, hətta tabe olan kəs soruşmasa belə, tabe olunan birinin tabe olan kəsə doğrunu/uyğun olanı göstərməsinin müstəhəb olmasına dair dəlil vardır.[15] Çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: (Mömin nəcis olmaz!) nəcis; “نَجَس” və “نَجُس” felindəndir, həm fəthə, həm də dammə ilə yazılır. Eləcədə (felin mudari formasında) “ينجَس” və “ينجُس” olaraq yazıla bilər.[16]

Peyğəmbər – salləllahu aleyhi va səlləm – burada, heç bir möminin cənabət ilə murdar olmayacağına dəlalət edən bir cümlə işlətmişdir, çünki bu cümlə ümumi hökm ifadə edir. Əgər sadəcə Əbu Hureyranı xüsusi olaraq qeyd etmiş olsaydı, bəzi ağıllar yalnış olaraq hökmün yalnız xitab olunan kəslə məhdudlaşdırıldığını zənn edərdi.

Zahirilərdən bəziləri bu hədisin məfhumunu[17] dəlil gətirərək kafirlərin özlüyündə nəcəs olduğunu deyirlər və bunu həm də Allahu Təalənin “Müşriklər, doğrudan da, murdardırlar![18] sözü ilə dəstəkləyirlər.

Cumhur bu hədisə cavab olaraq deyir ki, müşrikdən fərqli olaraq mömin bəndənin əzaları təmiz olur, çünki o, nəcasətdən uzaq durmağı adət etmişdir. Lakin müşriklər isə özlərini nəcasətdən qorumurlar.

Quran ayəsinə nisbətdə isə deyirlər ki, ayədəki məqsəd onların etiqadda nəcəs olması və onların qoxusunun çirkin olmasıdır. Lakin Allahu Təalə kitab əhlinin qadınlarını mübah qılmışdır və məlumdur ki, onlarla cinsi əlaqədə olduqda onların tərindən/bədən suyundan çəkinmək mümkün deyildir. Bununla belə müsəlman qadınla evli olana hansı hallarda qusl vacib olarsa, əhli kitab ilə evli olan müsəlman birinə də həmin hallardan başqa hallarda qusl vacib olmaz. Bu dəlildir ki, bəşər övladı sağ ikən özlüyündə nəcəs olmaz. (Məzhəbin) doğru mötəməd görüşünə görə hətta ölü olsa da nəcəs olmaz. Çünki Allahu Təalənin sözünün zahiri buna dəlalət edir: “Biz, Adəm övladlarını şərəfli və hörmətli etdik.”[19] Allahın (insana verdiyi) şərəf və hörmətindən biri də insanın həm sağ ikən, həm də ölü ikən özlüyündə təmiz olmasıdır.[20]

İbn Dəqiqil-İd deyir: “Adəm övladının ölüsünün təmiz olmasına dəlil olaraq bu hədisə əsaslanırlar və bu məsələ üzərində alimlər ixtilaf ediblər[21].

Hədisin məntuq[22]u möminin nəcis olmadığına dəlalət edir və alimlərdən bəziləri bu fəziləti xas olaraq möminlərə aid edirlər, lakin hədisin hər kəsə aid olması görüşü məşhurdur.

Dedi: Zahirilərdən bəziləri müşrikin sağ olarkən nəcəs olması görüşündədir və Allahu Təalənin “Müşriklər, doğrudan da, murdardırlar!” ayəsinin zahirini götürürlər.

Bir şeyə “o, nəcisdir” dedikdə, onun özlüyündə nəcasət olduğu qəsd olunur, eləcədə “o, nəcisdir” dedikdə, onun nəcasətə bulaşmaqla nəcisləşməsi mənası da qəsd olunur.

Hədisi burada birinci mənada yozmaq vacibdir, bu isə o deməkdir ki, o, özlüyündə nəcis olmur. İkinci mənaya gəldikdə isə, nəcasətin ona bulaşması ilə nəcisləşməsi mümkündür.”[23]

əl-Hafiz İbn Hacər deyir: “Qəribədir ki, əl-Qurtubi “Şərh Muslim”də[24] kafirin nəcasət olması görüşünü əş-Şafiyə aid etmişdir.

əl-Buxari bu hədisi cunub olanın tərinin təmiz olması üçün dəlil gətirmişdir. Çünki onun bədəni cunub ilə nəcis olmaz, eynilə bədənindən axan şey nəcis sayılmaz. Eləcədə qusldan qabaq ehtiyacı üçün lazım olan işləri görməyin caiz olmasına dəlil gətirmişdir.”[25]

Burada, qusl almağı vacib vaxtın əvvəlində deyil, daha sonraya saxlamağın caiz olmasına dair dəlil vardır.

İbn Hibban kitabında bu barədə bir bab açmışdır: “Cunub olan biri quyuya enərsə və qusl almaq istərsə, bununla quyu suyunun nəcis olduğunu iddia edənlərə rəddiyə”[26]

FAYDA:

Şeyxul-İslam İbn Teymiyyədən – qaddəsallahu ruhəhu – soruşurlar ki, əgər cunub olan biri dırnağını və ya bığlarını kəsərsə və ya saçını darayarsa, onun üzərinə bir günah varmı? Bəzi kəslər işarə etmişdir ki, əgər cunub olan biri saçını və ya dırnağını kəsərsə, Axirət günü onun bu hissələri ona geri qayıdır və Qiyamət günü (Allahın qarşısında) durduqda onun boynuna kəsdiyi şeylərin miqdarında cənabətdən pay düşür və ya hər bir kəsdiyi saçına cənabətdən pay düşür.[27] Bu doğrudurmu, yoxsa yox?

Cavab verərək dedi: “əs-Sahih”də - yəni, Muslim’in “əs-Sahih” əsərində - Huzeyfənin hədisində və “əs-Sahiheyn”də Əbu Hureyranın – Allah hər ikisindən razı olsun! – hədisində peyğəmbərdən – salləllahu aleyhi va səlləm – sabit olmuşdur ki, ondan cunub biri haqqında soruşulduqda belə demişdir: “Həqiqətən mömin biri nəcis olmaz.” “Səhih əl-Hakim”də isə deyir: “istər sağ ikən, istərsə ölü ikən...[28]

Dedi: Cunub birinin nə saçını, nə də dırnağını kəsməsinin məkruh olmasına dair Şəriətdə hər hansı bir dəlil bilmirəm. Əksinə peyğəmbər – salləllahu aleyhi va səlləm – yeni müsəlman olan kəslərə deyərdi: “Küfr tükünü üzərindən at və xitan elə!” Yeni müsəlman olanlara qusl almağı əmr edərdi və xitan etməyi və tükləri bədənindən almağı qusldan sonraya saxlamağı əmr etməzdi. Sözünü – salləllahu aleyhi va səlləm - qeydsiz, şərtsiz söyləməsi hər iki əməlin[29] caiz olmasını tələb edir.

Eynilə heyzli qadına da qusl alarkən saçını daramağı buyurardı, bununla belə saçı daramaq bəzi tükləri qoparır.”[30]

İbn Teymiyyənin işarə etdiyi Huzeyfə hədisinin ləfzi Muslimin ondan rəvayət etdiyi hədisdir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – onunla qarşılaşdı və o, cunub idi. Ondan uzaqlaşdı və qusl aldı və sonra geri gəldi. Dedi: “Cunub idim.” Dedi: “Həqiqətən müsəlman nəcis olmaz.”[31] Doğrusunu Allah bilir![32]

 

İmam Şəmsud-Din Muhamməd bin Əhməd əs-Səfərini

"Kəşful-Lisəm Şərhu Umdətil-Əhkam", 1/385-391

 


[1] əl-Buxari, (289, 281); Muslim, (371); Əbu Davud, (231); ən-Nəsai, (269), ət-Tirmizi, (121); İbn Macə, (534)

İmam İbn Muləqqin “əl-İ’ləm bi Fəvaid Umdətil-Əhkəm” kitabında (2/6) deyir: “Muslimin rəvayətinin sənədində qopuqluq vardır. əl-Maziri bunu vurğulamışdır, beləki Muslim bunu Həmidin uzun hədisindən, o isə Əbu Rafidən, o da Əbu Hureyrədən rəvayət etmişdir və Həmid ilə Əbu Rafi arasında Bəkr bin Abdullah əl-Muzəni düşürülmüşdür. əl-Buxari və sünən sahibləri bu şəkildə rəvayət edirlər və İbn Əbi Şeybə və Əhməd müsnədlərində bu şəkildə rəvayət ediblər. Əbu Məsud əd-Diməşqi və Xaləf əl-Vasiti isə iddia edir ki, Muslim də bu şəkildə rəvayət etmişdir. Lakin nüsxələrdə mövcud olan bizim qeyd etdiyimiz kimidir. Belə bir düzəliş mətnin əslində problem yaratmaz, çünki mətn istənilən halda Əbu Hureyrənin və həm də Huzeyfənin rəvayəti ilə sabitdir.”

[2] “məhəccə”, enli və geniş yol

[3] Yəni, “təraqa” ərəb dilində ayağı yerə vurmaq və yerə döymək anlamındadır və “tariq”, yəni yol kəliməsi bu feldən əmələ gəlmişdir, bax: İbn Qudamə, “əl-Muğni”, 1/405

[4] “sikkə” kəliməsi ərəb dilində həm dəmir pul – və bu kəlimə bizim dildə mövcuddur – , həm də yol, küçə anlamına gəlir.

[5] Bax: əl-Cövhəri, “əs-Sihəh”, 6/2201 (maddə: mədənə)

[6] Yəni ərəb dilində qeyd olunmuş iki haldan başqa bütün hallarda “əl-Mədinə” olaraq yazılmalıdır, sadəcə “Mədinə” yazılmaz.

[7] Bax: ən-Nəvəvi, “Şərh Muslim”, 9/155; İbn Hacər, “Fəthul-Bari”, 1/42

[8] Bax: İbn Quteybə, “Ğarib əl-Hədis”, 2/362

[9] “əl-hal” nəhv elmində mənsubatlardan biridir.

[10] ət-Təkvir, 15-16

[11] İmam əs-Suyutu “əd-Dur əl-Mənsur” (8/432) kitabında bu rəvayəti Abd bin Humeyd’in “ət-Təfsir” kitabında rəvayət etdiyini qeyd edir. Bax: İbnul-Qayyim,  “Bədəiu’l-Fəvaid”, 2/479

[12] Bu hədisin təxrici babdakı hədisin təxricində qeyd olunub. əl-Buxari, (281)

[13] Bu, Muslimdə gələn rəvayətdir.

[14] İbn Muləqqin “Umdətul-Əhkəm” kitabının şərhində (2/16) deyir: “Alimlər deyirlər: Elm tələbəsinə şeyxinin məclisində halını gözəlləşdirməsi müstəhəbdir, beləki dəstəmazlı, təmizlənməsi əmr olunmuş tükləri təmizləməklə, dırnaqlarını kəsməklə, pis qoxuları aradan qaldırmaqla və bu mənada olan digər təmizlikləri edərək təmiz olması bəyənilir, çünki bu, elmə və alimlərə hörmət etməkdir.”

[15] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/391

[16] Bax: İbn Dəqiqil-İd, “Şərh Umdətul-Əhkəm”, 1/90 və İbn Mənzur, “Lisənul-Arab”, 6/226 (maddə: nəcəsə)

[17] Hədisin “məntuq”u budur ki, möminlər nəcis olmaz və o zaman hədisin “məfhum”undan, yəni ortaya çıxan mənadan anlaşılır ki, kafirlər nəcis ola bilər.

[18] ət-Tövbə, 28

[19] əl-İsra, 70

[20] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/390

[21] Şeyx əs-Sanani – rahiməhullah – İbn Dəqiqil-İd’in bu sözlərinə haşıyə olaraq deyir: “Deyirəm: Bəzi alimlər insanın ölməklə nəcis olduğunu deyir və ölünü yumaq onu təmizləyir. Digərlərinə görə isə qusl ölünü təmizləməz, qusl burada sadəcə təəbbudi bir hökmdür. Digərlərinə görə isə insan ölməklə nəcis olmaz, əksinə təmizdir. Görüşlər arasında ən üstün və doğruya ən yaxın olan axırıncı görüşdür, çünki bunun əksini isbat edən dəlillər yoxdur. Bütün bu dəlillər sadəcə olaraq meyyiti yeməyin haram olduğuna dəlalət edən ümumi mənalı dəlillərdir və bir şeyi yeməyin haram olması onun nəcasət olmasını tələb etməz, çünki onu sağ halda da yemək haramdır. Sağ olarkən isə alimlərin ittifaqına görə təmizdir. Hökmdə əsl olan öldükdən sonra əvvəlki halı üzərində qalmasıdır.” (əl-Uddə Haşiyətu alə İhkəm əl-Əhkəm, 1/364)

[22] “Məntuq” və “məfhum” üsul elmində nasdan anlaşılan mənalara verilmiş addır. “Məntuq” bir-başa anlaşılan, yəni sözlərin bir-başa dəlalət etdiyi mənaya deyilir, lakin “məfhum” dolayı yolla dəlalət edən mənaya verilmiş addır.

[23] Bax: İbn Dəqiq, “Şərh Umdətul-Əhkəm”, 1/90

[24] Bax: əl-Qurtubi, “əl-Mufhim”, 2/630

[25] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/391; yəni, müsəlman cunub olarkən qusl almamışdan əvvəl ehtiyacları üçün istədiyini etməkdə sərbəstdir.

[26] Bax: “Sahih İbn Hibban”, 4/69

[27] Yəni, insan cunub olarkən boynunda qusl olduğu üçün kəsdiyi dırnağı və qırxdığı tükləri də yuması lazım idi, lakin cənabətli halda dırnağını kəsərsə, tüklərini qırxarsa həmin şeylərə qusl vermədiyi üçün günahkar sayılırmı? Bu, şeytanın ortaya atdığı şübhələrdən bidir və Şeyxul-İslam – rahiməhullah – buna cavab vermişdir.

[28] əl-Hakim “əl-Müstədrək”də (1422), əd-Dəraqutni “əs-Sünən”də (2/70) və əl-Beyhəqi “əs-Sünən əl-Kubra”da (1/360) və digərləri İbn Abbasdan rəvayət etmişlər və əl-Buxari “əs-Səhih”də (1/422) İbn Abbasdan mualləq və məvquf olaraq rəvayət etmişdir.

[29] Yəni, əvvəl tükləri qırxıb, xitan edib sonra qusl almaq və ya qusl alıb sonra tükləri qırxıb, xitan etmək. Hər ikisi də caizdir.

[30] Bax: İbn Teymiyyə, “Məcmu əl-Fətava”, 21/120-121

[31] Şeyx İbn Muləqqin “Umdətul-Əhkəm” şərhində (2/19) deyir: “Malik “Həqiqətən mömin nəcis olmaz” hədisini dəlil gətirərək kitab əhlinin qadınları ilə evlənməyi məkruh görmüşdür. Malik bunun məkruh olmasını nəcasətlə əsaslandırmışdır, çünki onlarla cima edilir və onlar içki içir və donuz əti yeyirlər.”

[32] Muslim (372) rəvayət etmişdir. Kitəbul-Heyz, bab: “əd-dəlilu alə ənnəl-muslimə lə yəncusu”