İstinşaq, isticmar və əlləri üç dəfə yumaq

Əbu Hureyrədən – radiyallahu anhu - ; Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən biriniz dəstəmaz alarsa, burnuna su alsın, sonra sümkürsün! Kim isticmar edərsə tək sayda etsin! Sizdən biriniz yuxusundan oyanarsa, əllərini qaba salmamışdan əvvəl onları üç dəfə yusun, çünki sizin heç biriniz əlinin harada gecələdiyini bilmir!”[1] Muslimin ləfzində isə deyir: “Hər iki burun deşiyinə istinşaq etsin!”[2] Bir başqa ləfzdə isə deyir: “Kim dəstəmaz alarsa, istinsar etsin!”[3]

  

"Umdətul-Əhkam" kitabında bu hədis dördüncü olaraq gəlmişdir. İmam Şəmsud-Din əs-Səfərini - rahiməhullah - bu hədisin şərhində deyir:

"(Əbu Hureyrədən) Abdurrahmən bin Saxr’dan ( - radiyallahu anhu - ; Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi) hədisdəki “إذا” kəliməsi zərfdir, gələcək zaman haqqındadır və şərt mənasını ifadə edir. Bu, feli cümləyə daxil olmaqla seçilir. Çox zaman keçmiş zaman fellərinə, daha az isə indiki zaman fellərinə daxil olur. Cəzm funksiyasını daşımır, yalnız zəruri hallar istisnadır. Buna şairin bu sözü[4] misaldır:

 

اِسْتَغْنِ مَا أَغْنَاكَ رَبُّكَ بِالْغِنَى وَإِذَا تُصِبْكَ مُصِيبَةُ فَتَجَمَّلِ

Rəbbinin verdiyi sərvətlə zənginləş!

Əgər müsibətə düçar olsan, ədəblə gözəlləş!



(Sizdən biriniz), yəni müsəlmanlardan hər hansı biri, şəriətdə gəlmiş dəstəmazla (dəstəmaz alarsa, burnuna su alsın), “أنف” məlumdur, burun deməkdir. “آناف”, “أُنوف” və “أُنُف” cəm şəkilləridir. “Su” burada “alsın” felinin məfuludur. Bu, axan bir maddədir, qabın rənginə uyğun rəng alır. “مِياه” cəm şəklidir və mufrəd şəklindəki həmzə, “هاء” hərfi  dəyişməklə əmələ gəlmişdir və sözün əsli belədir: “مَوْهٌ”. Azlıqda “َأمْواهٌ” olaraq cəmləşir. Bu, ismu-cinsdir[5], sadəcə olaraq növünün çoxluğuna görə cəmləşir. əl-Buxaridə isə Əbu Zərrin rəvayətindən başqa digər rəvayətlərdə “su” sözü qeyd olunmur. Eynilə “əl-Muvatta” kitabının raviləri də “su” sözünün qeyd olunub olunmaması baxımından fərqli rəvayət ediblər. Muslimdə isə Sufyanın Əbu Zinəddən rəvayətində “su” sözü sabit olmuşdur. İstinşaq etdikdən sonra, yəni suyu buruna aldıqdan (sonra sümkürsün!) Hədisdə bu, “لْيَنْتَثِرْ” şəklində gəlmişdir və Əbu Zərrin və əl-Əsili’nin rəvayətlərində “ليفتعل” vəznində gəlmişdir. Bu ikisindən başqalarının rəvayətlərində isə “ثُمَّ لِيَنْثُرْ” şəklində, yəni sükunlu “ن” hərfindən sonra damməli “ث” hərfi gəlmişdir. “əl-Muvatta”nın raviləri də bunu iki cür rəvayət ediblər.

əl-Fərra deyir: Bir nəfər  təharətdə burnunu sıxarsa/dartarsa, “نَثَرَ الرجلَ”, “انْتَثَرَ” və “اسْتَنْثَرَ” deyilir[6] və bu, burnun ön hissəsidir.[7] Burada istinşaq etməyin vacib olmasına dair dəlil vardır və bu, bizim məzhəbimizin görüşüdür. Bizdən fərqli olaraq Malik və əş-Şafi dəstəmazda və quslda, Əbu Hənifə isə yalnız dəstəmazda bunu vacib görmürlər.

İmam Əhmədin oğlu Abdullah – radiyallahu anhumə - dedi; atam dedi: İbn Abbasdan – radiyallahu anhumə - rəvayət olunur, o da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – onun belə dediyini rəvayət etmişdir: “İki dəfə kamil şəkildə və ya üç dəfə istinsar edin!”[8] Atam dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm - əmrinə görə mən bu hədislə əməl edirəm.”[9]

Məzhəbin qaydalarına görə əmr, hər hansı bir qarinədən azad şəkildə gələrsə, şəriətə əsasən və ya lüğətdəki əsli mənanın və ya felin tələbinə əsasən vacibliyə dəlalət edən həqiqi bir mənadır.

Qarşıda – Allahın izni ilə - mazmazə və istinşaq haqqında izah gələcəkdir.

(Kim isticmar edərsə), yəni daşlarla istinca edərsə; bunu əl-Cövhəri söyləmişdir.[10] İbnul-Ənbəri deyir: “Cimar” kəliməsi ərəblərin dilində kiçik daşlara deyilir. Məkkədəki cəmra da buna əsasən belə adlanmışdır.[11] əl-Buxari bu bablardan birini belə adlandırmışdır: “daşlarla istinca etmək babı”[12] və bununla istincanın suya xas olduğunu iddia edənləri rədd etməyi qəsd etmişdir. Şəriətdə isticmar sidik və nəcis yerlərini təmiz, mübah və təmizləyici daşla məsh etməkdir. İmam Əhməddən – radiyallahu anhu – nass[13] gəlmişdir ki, bu iki çıxış yerlərindən başqa yerləri isticmar etmək olmaz.[14] Məzhəbə görə, bədəndən ifraz olunan maddə adəti yerlərdən kənara çıxmazsa, isticmar, duburun iki tərəfində və zəkərin baş hissəsində edilməlidir, lakin həmin yerlərdən kənara çıxan ifrazatlar isə yalnız su ilə yuyulmalıdır.[15]

(tək sayda etsin); yəni isticmarının tək olmasına çalışsın və buradakı “الوتر” kəliməsi “tək” deməkdir. Vav hərfi həm fəthəli, həm də kəsrəli yazılır. əz-Zəccəc və digərlərinin nəql etdikləri kimi bu, iki məşhur ləhcədir.[16] Yəni, məshlərin müstəhəb sayı üç və ya beş və ya buna uyğun tək saylardır. Məzhəbin xülasə olaraq görüşü budur ki, təmizlik vacibdir. Daşla edildikdə, yalnız suyun təmizləyəcəyi izlər qalana qədər təmizlənməlidir. Su isə həmin yerləri öz əvvəlki halına qaytarmaq üçün istifadə olunmalıdır. Məshləri üç dəfə etmək vacibdir, əgər bununla təmizlik əldə olunarsa kifayət edər, əks təqdirdə təmizlənənə qədər saylar artırılmalıdır. Əgər tək sayda təmizlənərsə, artırmaq lazım deyildir. Tək sayda bitirmək üçün artırmaq sünnətdir. Daşların deyil, məshlərin sayını üç dəfə etmək vacibdir. Məzhəbin mötəməd görüşünə görə, hər bir məsh, silinəcək yeri tam əhatə etməlidir. Əbu Hənifə və Malik üç dəfə etməyi şərt qoşmurlar. Peyğəmbərin – salləllahu aleyhi va səlləm - əmrinin zahiri mənasına əsasən hədis şafi məzhəbi ilə bizim məzhəbin xeyrinə və digər iki məzhəbin əleyhinə dəlildir. Lakin burada qeyd olunmuş hədis, sayları üç olaraq tək etməyə dəlil deyildir, lakin üç sayının müəyyənləşməsi digər hədislərə əsaslanır. “Səhih Muslim”də Salmanın – radiyallahu anhu -  rəvayətində deyir: Müşriklərdən biri Salman ilə istehza edərək ona dedi: “Dostunuzun sizə hətta çölə çıxmağı belə öyrətdiyini görürəm!” Salman dedi: “Bəli! Qibləyə yönəlməməklə, sağ əlimizlə istinca etməməklə və üç daşdan azı ilə kifayətlənməməklə, daşlarda təzək və sümükdən istifadə etməməklə əmr olunduq!” Bunu İmam Əhməd rəvayət etmişdir.[17]

İmam Əhməd, əd-Dəraqutni və başqaları Aişədən – radiyallahu anhə - rəvayət edirlər ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – demişdir: “Sizdən biriniz ehtiyacını ödəmək üçün gedərsə, üç daşla təmizlənsin, bu, ona kifayət etməlidir.”[18]

əl-Buxari isə Abdullah bin Məsud’dan – radiyallahu anhu – rəvayət edir; dedi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – ayaq yoluna getdi və onun üçün üç daş gətirməyimi əmr etdi. Mən iki daş tapdım, üçüncüsünü axtarsam da tapa bilmədim və təzək götürərək onlarla gəldim. O, iki daşı aldı, təzəyi isə tulladı və dedi: “Bu, “riks”dir (pislikdir).”[19]

Bunu əd-Dəraqutni “əs-Sünən” əsərində zikr etmişdir, onun rəvayətində isə bu şəkildə gəlir: “Təzəyi tulladı və dedi: “Bu, “rics”dir (pislikdir). Mənə daş gətir!”[20]

Bunu İmam Əhməd “əl-Müsnəd”də rəvayət etmişdir və bu rəvayətdə deyir: “Təzəyi tulladı və dedi: “Bu, “riks”dir. Mənə daş gətir!”[21] Bu hədisin raviləri siqa və sabit ravilərdir.

Bununla da hənəfi mühəddis imamlarından İmam ət-Tahavinin peyğəmbərin – salləllahu aleyhi va səlləm – təzəyi atmasını, üç sayının şərt olmamasına dair dəlil gətirməsi etibarsız olmuş olur. İmam ət-Tahavi deyir: “Əgər bu, şərt olsaydı, üçüncü daşı tələb edərdi.”[22]

Üstəlik onun bu şəkildə dəlil gətirməsinin özü xətadır, çünki (peyğəmbərin) üç daşı tələb etməkdə birinci əmri ilə kifayətlənməsi ehtimalı vardır və buna görə də üçüncü daşı tələb etmək əmrini yenidən təkrarlamamışdır. Və yaxud da o iki daşdan birinin digər tərəfini üçüncü daşın əvəzində istifadə etmişdir, çünki üç ədəd daş ilə qəsd olunan onlarla üç dəfə məsh etməkdir və bu, hətta bir daşla belə edilə bilər. Bunun səhih olmasını göstərən dəlil budur ki, bir nəfər daşın bir tərəfi ilə məsh edib kənara atarsa və sonra başqa biri gəlib digər tərəfi ilə məsh edərsə, onların hər ikisi üçün də yetərli olar və bunda heç bir ixtilaf yoxdur.[23]

Xülasə: isticmarda üç dəfə məsh etmək; bu, imamımız İmam Əhmədin, İmam əş-Şafi və hədis əhlinin görüşüdür və qeyd etdiyimiz hədislər bunun dəlilidir.

əl-Xattabi deyir: “Əgər məqsəd sadəcə təmizləmək olsaydı, sayın şərt qoşulmasında heç bir fayda qalmazdı. Üç sayının ləfzən şərt qoşulması və təmizlənmənin bu sözün mənasından anlaşılması, iki məsələnin (yəni, həm təmizlənmənin, həm də üç dəfə məsh etmənin) vacib olmasına dəlalət edir. Bunun bənzəri, iddət vaxtının üç heyz müddəti ilə müəyyənləşməsidir. Əgər bir heyz müddətində qadının hamilə olmaması bilinərsə, üç heyz müddətini gözləməsi yenə şərt olaraq qalır.[24]

Qəribə:

Alimlərdən bəziləri isticmarı, ətirlənmək üçün “bəxur”dan[25] istifadə etmək kimi təvil edirlər və bu zaman buna “تَجَمَّرَ” və “استجْمَرَ” deyilir. Belə bir izah İmam Malik’dən rəvayət olunmuşdur. əl-Qadi İyad deyir: “Bu hədisdəki isticmar sözü haqqında Malikin və digərlərinin görüşləri fərqlənir. Bunun, ilk əvvəl izah etdiyimiz məna olduğunu deyirlər. Bunun mənasının “bəxur”la əlaqəli olduğu da deyilir; yəni, ondan üç tikə götürürsən və ya ondan üç dəfə götürürsən və bir-birinin ardınca istifadə edirsən. Birinci izah daha doğrudur.” sitatın sonu.[26]

(Sizdən biriniz), yəni mükəlləf olan hər bir kəs (yuxusundan oyanarsa); burada “اسْتَيْقَظَ” feli gəlmişdir və bu, “اليقظة” sözündən əmələ gəlmişdir, “استفعل” vəznindədir. “الاستيقاظ” intibah, ayıqlıq deməkdir. (Yuxusundan); bəziləri deyir ki, yuxunun həqiqəti bədənin yorulması, yorğun olması və hissiyatın itməsidir və yanındakı kəsin sözünü eşitməməsidir. Mürgüləmək isə yuxunun əvvəli/girişidir.[27] Bu, beyin istiqamətdən gələn və gözləri bürüyən xoş bir yeldir və hələ qəlbə daxil olmamışdır. Əgər qəlbə daxil olarsa, artıq yuxu sayılır. Hədisdəki hökm mürgüyə deyil, yuxuya xasdır. Hətta uzun bir müddət mürgüləsə də, hökm buna aid olmaz.

(Əllərini qaba salmamışdan əvvəl onları üç dəfə yusun); əllərini, hədisdə təsniyə şəklində gəlmişdir. Əl, həqiqi anlamda ku’a (كوع) qədər olan hissədir. Buna “كاع” da deyilir və bu, “zənd”in[28] baş barmaqla birləşdiyi hissədir. “Zənd”in kiçik barmaqla birləşən hissəsinə isə “كُرسوعٌ” deyilir. Orta barmaqla birləşən yerinə isə “رُسغٌ” deyilir. Ayədə isə qolun dirsəklə bilək arasındakı hissəsi, Allahın “dirsəklərlə birlikdə” sözünə görə dəstəmaza daxil olmuşdur.[29] Beləliklə əlləri və ya iki əldən birini yumaq, onları (qaba salmamışdan əvvəl) olur. Qab; yəni əgər içində iki qüllədən az miqdarda su olarsa, daxil etməmişdən əvvəl əllərini yumalıdır. Şərt qoşulmuş niyyət ilə və vacib buyurulmuş bəsmələ ilə əlləri üç dəfə təkrarən yumaq vacibdir. Daha sonra peyğəmbər – salləllahu aleyhi va səlləm – bunun səbəbini izah edərək deyir: (çünki sizin heç biriniz əlinin harada gecələdiyini bilmir!) Burada “باتَتْ” kəliməsi gəlmişdir və bu, gecələmək deməkdir, yəni bununla gecə vaxtı yatmaq qəsd olunur, gündüz vaxtı yatmaq bura aid deyildir. Buna görə də hökm, gecə yatmaqla xüsusiləşmişdir.[30]

Əbu Davud’un rəvayətində isə deyir: “Çünki o, əlinin harada gecələdiyini və ya əlinin harada dolaşdığını bilmir.”[31] Yəni; əlinin bədəninin harasında olduğunu bilmir.

əş-Şafi deyir: “İsticmar edərdilər və onların ölkələri çox istidir. Ola bilsin ki, hər hansı biri yatdıqda tərləmişdir və mümkündür ki, əli, övrət yerinə və ya sıcağa və ya heyvan qanına və ya bundan başqa murdar şeylərə bulaşmışdır.”[32]

Əbul-Valid əl-Baci buna etiraz etmiş və qeyd etmişdir ki, bu, yatan birinin paltarını da yuması əmrini gərəkdirir,[33] çünki bütün bu murdar şeylər paltara da bulaşa bilər. Lakin buna iki cür cavab verirlər; əvvəla bu, övrət yerinin deyil, əlin tərləməsi halına aid olunur, ya da yuxudan oyanan biri paltarını suya daxil etməyi istəməz, buna görə də paltarını yumağı əmr etməyə ehtiyac qalmır. Əl isə bundan fərqlidir, çünki əlini suya daxil etməyə ehtiyac vardır. əl-Hafiz İbn Hacər dedi: “Bu iki cavabdan ən güclüsü sonuncu cavabdır.”[34]

QEYDLƏR:

Birinci: İmam Əhməd – radiyallahu anhu – , ondan gələn iki rəvayətdən ən səhihinə görə, bu hədisin zahiri mənasına əsaslanaraq dəstəmazı pozan gecə yuxusu səbəbilə əlləri yumağı vacib görmüşdür və bunun ölünü yumaq kimi təəbbudi[35] bir hökm olduğunu bildirmişdir. Bu zaman niyyət etməyi şərt qoşmuşdur və ən səhih görüşə görə bəsmələ vacib olur. Yenə ən səhih görüşə görə dəstəmaz niyyəti (gecə yuxusu səbəbilə) əlləri yumaq üçün kifayət etmir, çünki (gecə yuxusu səbəbilə) əlləri yumaq ayrı bir təharət növüdür, dəstəmazın bir hissəsi deyildir.

Bunun səbəbi nəcasətə bulaşma şübhəsi ilə də izah olunmuşdur, necəki yuxunun dəstəmazı pozmasının səbəbi “vikə”nin boşalması ilə izah olunur[36]. Buradakı səbəbin həm də əlin gecə vaxtı şeytanla təmasda olması ilə izah olunmuşdur. Lakin bu hökmün təəbbudi olması məzhəbin görüşüdür.

Bunun vacib olmasının dəlili hədisin zahiri mənasıdır, çünki peyğəmbərin əmri bunun vacib olmasını tələb edir. Bu, həm də İbn Ömərin, Əbu Hureyranın – radiyallahu anhum – məzhəbidir və əl-Həsən (əl-Basrinin) görüşü də budur.

İmam Əhməddən gələn digər rəvayətə görə isə bu, vacib deyil, müstəhəbdir və bu, əl-Xiraqi’nin üstünlük verdiyi görüşdür. Əhmədin bu görüşünə hər iki “ər-Raəyə”[37] kitablarında və “əl-Havi”[38] kitabında üstünlük verilmişdir. əl-Məcd[39] deyir: “Bu, səhih görüşdür.” əl-Muvaffəq[40] və əş-Şərih[41] bu görüşə üstünlük verirlər.

Şeyxul-İslam İbn Teymiyyə deyir: əl-Xiraqi və bir qrup alim bu görüşə üstünlük vermişdir.[42] “ət-Təshih”, “ən-Nəzm” və “Məcmə əl-Bəhreyn” kitablarında bu görüş səhih sayılmışdır. İbn Abdus da buna üstünlük vermişdir.[43] Cumhurun görüşü də budur və onlardan Ata, əl-Əvzai, Əbu Hənifə, Malik, əş-Şafi, İshaq və İbn Munzir’i göstərmək olar. Çünki Allahu Təalə deyir: “Namaza durduğunuz zaman üzünüzü yuyun...[44]

Zeyd bin Əsləm dedi: “bu ayənin təfsiri budur ki, yəni yuxudan durduğunuz zaman...”[45].

Həm də yuxudan duran hər bir kəs ayənin ümumi mənasına daxildir və Allahu Təalə ona dəstəmazı əmr etmişdir və dəstəmazın əvvəlində əlləri yumağı əmr etməmişdir və əmr, əmr olunan şeylə kifayətlənməyi tələb edir. Bir də onun ümumiyyətlə yuxudan qalxması gündüz vaxtı yuxudan qalmağına bənzəyir. Bütün bunlara əsasən demək olar ki, hədisdəki əmr müstəhəbliyi vurğulamaq üçündür, necəki bu, Əbu Hureyrənin hədisində mərfu olaraq gəlmişdir: “Sizdən biriniz yuxusundan qalxarsa, üç dəfə istinsar etsin, çünki şeytan onun burun deşiklərində gecələyir.” Muttəfiqun aleyh.[46]

Nəcasət ehtimalı və şübhəsinin olmasına görə qısa bir yuxuda da müstəhəbliyin qəsd olunduğuna dəlalət edir və bu, vacib deyil məndub olmaq surətilə ehtiyat etməyi və çəkinməyi tələb edir. Çünki Şəriətdə bilinən qaydaya əsasən insanın şəkk etməsi təmizliyin yəqinliyinə təsir etməz və bunun gecə vaxtı yatmaqla xüsusiləşməsi isə, çox zaman gecə yuxusunun uzun olması və gecənin tamamilə yuxuya həsr olunması səbəbilədir. Buna görə də gecə yuxusunda nəcasət şübhəsi daha güclü olur, beləliklə müstəhəblik hökmü gecə yuxusu üçün qətiləşmiş olur. Həm də səhih bir rəvayətdə gəlmişdir ki, “sizdən biriniz yuxusundan oyanarsa və dəstəmaz almaq istərsə, əllərini yumamış onları qaba salmasın!”[47] Bu isə ona dəlalət edir ki, bununla dəstəmazın əvvəlində sünnət olaraq buyurulmuş əlləri yumağı qəsd etmişdir, çünki bunu dəstəmaz almaq istəyi ilə istisna etmişdir. Lakin əlləri yumağın vacib olduğunu deyənlərə görə isə, onları yumaq özlüyündə vacibdir və bunu dəstəmazdan uzun zaman əvvəl etməyin caiz olduğunu deyirlər. Onlara görə əlləri yumaq üçün ayrılıqda niyyət olunmalı və bəsmələ deyilməlidir. Bu isə hədisin zahiri mənasına ziddir. Üstəlik əlləri yumağın vacibliyinin nəcasətə görə olması imkansızdır, çünki alimlərin icmasına görə əllər təmizdir. Hədəsə[48] görə də ola bilməz, çünki bütün əzalar arasında dəstəmaz niyyəti ilə yalnız əlləri yumaq kifayət etməz və onları bir dəfə yumaq da kifayət etmir. Hədisdə hökmün səbəbə bağlanılması, hökmün təəbbudi olmasını inkar edir və əmrin səbəbinin təəbbudi olduğunu söyləmək hədisin zahirinə ziddir. Beləliklə bunun vacib deyil, sünnət olduğunu öyrəndik. Lakin məzhəbin görüşü birinci görüşdür.[49]

İkinci: Dəstəmazı pozan gecə yuxusundan duran bir kəs əllərini üç dəfə yumadan əvvəl (qaba) salarsa, əllərini qaba salması qabdakı suyun hökmünə təsir edir yoxsa yox? Bu barədə İmam Əhməddən – radiyallahu anhu – iki rəvayət gəlmişdir:

İlk rəvayətə görə; suyun miqdarı az olarsa,[50] sudan tahur hökmünü aradan qaldırır. “əl-Furu” kitabında[51] və “Nazim əl-Mufradət” kitabında bu görüşə üstünlük verilmişdir və bu görüş onlardan biridir.[52]

İbn Məncə “ən-Nihayə”[53]də deyir: “Məzhəb alimlərinin çoxu bu görüşdədir.”

“Məcmə əl-Bəhreyn” kitabında deyir: “(Əhməddən gələn) bu rəvayət hədisə əsaslanır, çünki əlləri suya salmaq suya təsir etməsəydi, hədisin heç bir faydası qalmaz. Lakin gündüz vaxtı yatıb oyanan kəsin əllərini suya salmasına gəldikdə isə, suya təsir etməz və bu barədə İmam Əhməddən yalnız bir rəvayət gəlmişdir. əl-Həsən isə hər iki halı eyni saymışdır.[54] Bizim dəlilimiz isə budur ki, hədis bunun gecə yuxusuna xas olduğuna dəlalət edir, çünki deyir: “çünki sizin heç biriniz əlinin harada gecələdiyini bilmir.” Gecələmək isə gecə vaxtına xasdır və gündüz yuxusunu onunla müqayisə etmək səhih deyildir, çünki əlləri yumaq təəbbudi olaraq vacib buyurulmuşdur, hökmü başqa hallara daşımaq səhih deyildir. Üstəlik yuxuya dalmağın və uzun müddət yatmağın gecə vaxtı baş verməsi gözlənilir və ələ nəyinsə baş verməsi ehtimalı gündüz vaxtına nisbətdə gecə vaxtı daha böyükdür.

əl-Əsrəm’in rəvayətində İmam Əhməd – radiyallahu anhu – deyir: “Hədis gecə vaxtı yatmağa aiddir, gündüz vaxtı yatmağa gəldikdə isə, heç bir bəis yoxdur.”[55]

Üçüncü: Əlləri yumağın vacib olması və miqdarı az olan suya əlləri salmağın suya təsir etməsi rəvayətinə əsasən, ortaya bəzi məsələlər çıxır:

Məsələ: Məzhəbin mötəməd görüşünə görə, niyyət olmazsa əl bütöv olaraq, niyyətlə isə bir hissəsi salınmalıdır.[56]

Məsələ: (Məzhəbin) ən səhih görüşünə görə, əli üç dəfədən az yuduqdan sonra suya daxil etmək, əli ümumiyyətlə yumadan əvvəl suya salmaq kimidir, çünki qadağa qüvvədə qalmış olur.

Məsələ: Əli sərbəst və ya əli bağlı və ya əlləri torba içində olduğu halda və ya əlləri bir-birinə bağlı halda yatması arasında heç bir fərq yoxdur, çünki bu barədə gələn hədislər ümumi mənadadır. Üstəlik əgər hökm zənn və ehtimalla əlaqələndirilərsə, hikmətdəki hökm etibarsız olur, necəki az yaşlı qızın və ya heyzdən kəsilmiş qadının hamilə qalmasın mümkün olmasa belə, iddət vaxtını gözləməsi vacibdir.

Məsələ: Buradakı hökm yalnız ələ xasdır, ayaq və ağız kimi digər bədən orqanlarına aid deyildir.

Məsələ: “əl-Furu”[57] və digər kitablarda gəldiyi kimi, ən səhih görüşə görə tahir olan mayeyə əlini salması, mayenin hökmünə təsir etməz.

Dördüncü: Dörd imam ittifaq etmişdir ki, əlini suya salması, suyu nəcis etməz.

İshaq bin Rahaveyh, Davud əz-Zahiri və ət-Tabəri deyir ki, (əlini salarsa) suyun hökmü nəcisdir. Onlar bunun üçün suyu dağıtmaq əmrinin zikr olunduğu hədisi dəlil gətirirlər, lakin hədis zəifdir və onu İbn Adiy rəvayət etmişdir.[58] Bu, həm də bizim məzhəbdəki görüşlərdən biridir.

Beşinci: Müəllifin – rahiməhullah təalə - əsərindən görünür ki, “üç dəfə” sözü hər iki şeyxin üzərində ittifaq etdiyi bir hədisdir. Əslində belə deyildir, əksinə bunu əl-Buxari deyil, Muslim rəvayət etmişdir.

əl-Hafiz Abdul-Haqq “əl-Cəm beynəs-Səhiheyn” kitabında deyir: “Sizdən biriniz yuxusundan ayılarsa, onları üç dəfə yumadan qaba salmasın! Çünki o, əlinin harada gecələdiyini bilmir.” Digər ləfzdə isə deyir: “Qaba salmamışdan əvvəl əlinə üç dəfə su töksün! Çünki o, əlinin nədə gecələdiyini bilmir.” əl-Buxari “üç dəfə” sözünü zikr etmir. Deyir: “Əllərini dəstəmaz suyuna daxil etməmişdən əvvəl...”  və bu hədisin bəzi rəvayət yollarında isə deyir: “qaba daxil etməmişdən əvvəl...”[59]

“Şərh əl-Vəciz”[60] kitabında isə deyir: əl-Buxari “üç dəfə” sözünü zikr etmir.[61] Doğrusunu Allah bilir!

əl-Hafiz – qaddəsallahu ruhəhu – deyir: İmam (Muslimin) “əs-Səhih” kitabındakı (ləfzində isə deyir: “Hər iki burun deşiyinə istinşaq etsin!”) İstinşaq, buruna su çəkməkdir. Yəni; nəfəsi ilə suyu burunun ən dərin yerinə qədər çəkməlidir, xəfif şəkildə etməməlidir. Bir başqa rəvayətdə isə “istinşaq” sözü yerinə “istinsar” sözü gəlmişdir. İstinsar isə, suyu nəfəs ilə buruna çəkdikdən, yəni istinşaq etdikdən sonra nəfəs ilə suyu burundan çıxarmaqdır. Yəni içəri istiqamətdə su almaq istinşaq, suyu çölə çıxarmaq isə istinsardır.

QEYD:

əl-Hafizin – rahiməhullah – təqdim etmək şəklindən görünür ki, hədislərin qeyd olunduğu məzmun tək bir hədisdir və bu, həm də əl-Buxarinin əsərində də bu şəkildədir. “əl-Muvatta”da isə belə deyildir. Əbu Nueym bunu “əl-Mustəxrac min əl-Muvatta”da əl-Buxari’nin şeyxi Abdullah bin Yusufdan fərqli hədislər olaraq rəvayət etmişdir. Eləcədə Muslim birinci hədisi İbn Uyeynə vasitəsilə Əbuz-Zinəd’dən, ikinci hədisi isə əl-Muğira bin Abdirrahmən yolu ilə Əbuz-Zinəd’dən rəvayət etmişdir.

Sanki əl-Buxari iki hədisin sənədləri bir olarsa onları eyni məzmunda bir araya gətirməyi caiz saymışdır, necəki o, iki müstəqil hökmü əhatə edən bir hədisi hissələrə bölməyi caiz görmüşdür. Doğrusunu Allah bilir!"[62]

 

 

İmam Şəmsud-Din Muhamməd bin Əhməd əs-Səfərini ən-Nablusi əl-Hənbəli

"Kəşful-Lisəm Şərhu Umdətil-Əhkam", 1/56-70

 


[1] əl-Buxari (160); Muslim, (237, 278); Əbu Davud (103, 140); ən-Nəsai (1, 86); ət-Tirmizi (24); İbn Macə (393)

[2] Muslim, 1/212 (237); əl-Buxari 2/683

[3] əl-Buxari (159); Muslim 1/212 (237); ən-Nəsai (88); İbn Macə (409)

[4] Şair Abd Qeys bin Xaffəf’dir, bax: əl-Mufəddal əd-Dabi, “əl-Mufəddaliyət”, səh: 383 (qəsidə: 116)

[5] Yəni, əslində tək halda belə cəm mənasını ifadə edir, su adını daşımağa layiq olan hər bir şeyi əhatə edir. Bizim dilimizdə də “su” dedikdə, onun cəm şəklinə ehcolor: #000000;[56]p style=tiyac qalmır, çünki biz “sular” demirik. Lakin növlərinin çox olması səbəbilə ərəb dilində cəm formasında da işlədilmişdir.

[6] Ərəb dilində “النَّثْرَةُ” (ən-nəsratu) burun nahiyəsinə verilmiş addır. İstinsar kəliməsi də oradan gəlmişdir.

[7] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/263; İbn Quteybə, “Ğarib əl-Hədis”, 1/160; əl-Xattabi, “Ğarib əl-Hədis”, 1/136; İbnul-Əsir, “ən-Nihayə fi Ğarib əl-Hədis”, 5/14; İbn Mənzur, “Lisənul-Arab”, 5/191 (maddə: نثر)

[8] İmam Əhməd, “əl-Müsnəd”, 1/228; Əbu Davud, (141); İbn Macə (408)

[9] “Məsəil əl-İməm Əhməd; rəvayətu ibnihi Abdilləh”, səh: 24-25

[10] Bax: əl-Cövhəri, “əs-Sihəh” 2/617 (maddə: جمر)

[11] Bax: İbn Əbil-Fəth əl-Hənbəli, “əl-Mutli alə Əbvab əl-Muqni”, səh: 13

[12] “Səhih əl-Buxari”, 1/7

[13] “Nass” lüğətdə bir şeyin açıq şəkildə görünməsini ifadə edən bir sözdür. Buna görə də ərəb dilində gəlin kürsüsünə “minassa” deyirlər, çünki gəlin onun üstündə aydın şəkildə seçilir. İstilahi mənada isə, yalnız bir məna ifadə edən və başqa mənalara ehtimal verməyən sözdür. Bunun qəti bir dəlilə dəlalət edən söz olduğu da deyilmişdir. Bunun həm də təvil qəbul etməyən söz olduğu da deyilir. əl-Qarafi deyir: “ən-Nass” sözü barədə üç istilah mövcuddur: a) başqa mənanın ehtimal olunmadığı, qəti bir mənaya dəlalət edən sözdür; məs: saylar b) başqa məna ehtimal olunsa da, qəti olaraq bir mənaya dəlalət edən sözdür; məsələn, bir-neçə dəfə cəm olunmuş bir söz qəti olaraq ən az cəm siğəsinə dəlalət edir, lakin tam əhatəli cəm mənasına dəlalət etməsi də ehtimal olunur c) necə olsa da bir mənaya dəlalət edən sözdür və fəqihlər bu sözü çox zaman bu mənada işlədirlər.” (“Şərh Tənqih əl-Fusul”, səh: 32) Burada qəsd olunan İmam Əhmədin – rahiməhullah – dediyi və yalnız bir mənaya dəlalət edən sözüdür. Bəzən, İmam Əhməddən bir məsələ haqqında rəvayət gəlir, lakin onun əshabı rəvayətin mənası haqqında ixtilaf edirlər. Lakin “nass” olaraq gələn rəvayət yalnız qəti bir məna ifadə edən rəvayətdir.

[14] Bax: əl-Mərdəvi, “əl-İnsaf”, 1/105

[15] Yəni: nəcis, anus halqasından, sidik isə zəkərin baş hissəsindən gəlir. Nəcis adətən anus halqasının hər iki tərəfinə də bulaşır. Məhz bu yerlər məzhəbə görə adəti yerlər sayılır. Bu yerlərdə isticmar etmək kifayət edir, çünki isticmar nəcasətin tez-tez bulaşdığı yerlər üçün rüxsət olaraq buyurulmuşdur, çünki həmin yerləri daima su ilə yumaq əziyyətdir. Bu yerlərdən kənara çıxan nəcasətlər isə mütləq su ilə yuyulmalıdır. İsticmarla birlikdə su ilə yumaq isə kamilliyi əldə etmək üçündür, lakin kim sadəcə isticmar edərsə, şəriətə əsasən üzərinə vacib olanı etmiş sayılır.

[16] Bax: əl-Qadi İyad, “Məşariqul-Ənvar”, 2/278; İbnul-Əsir, “ən-Nihayə fi Ğarib əl-Hədis”, 5/146; İbn Əbil-Fəth, “əl-Mətla alə Əbvab əl-Muqni”, səh: 13; İbn Mənzur, “Lisənul-Arab”, 5/273 (maddə: وتر)

[17] Muslim (262); İmam Əhməd, “əl-Müsnəd”, 5/437

[18] İmam Əhməd, “əl-Müsnəd”, 6/108; əd-Dəraqutni, “əs-Sünən”, 1/54; ən-Nəsai (44)

[19] əl-Buxari, (155)

[20] əd-Dəraqutni “əs-Sünən”də (1/55) rəvayət etmişdir. Lakin əd-Dəraqutni’nin rəvayətində də İmam Əhmədin rəvayətində olduğu kimi “rics” kəliməsi deyil, “riks” kəliməsi gəlmişdir.

[21] İmam Əhməd, “əl-Müsnəd”, 1/450

[22] Bax: İmam ət-Tahavi, “Şərh Məanil-Əsər”, 1/122; İmam ət-Tahavi’nin dəqiq sözləri belədir: “Çünki əgər isticmar üçdən az sayla yetərli olmasaydı, iki daşla kifayətlənməzdi.”

[23] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/257

[24] Bax; əl-Xattabi, “Məalim əs-Sünən”, 1/12-13; İmam əs-Səfərininin burada gətirdiyi nəql əl-Xattabinin sözlərindən fərqlidir, lakin İmam əs-Səfərini bunu İbn Hacərin “Fəthul-Bari”də (1/257) müxtəsər olaraq gətirdiyi nəqldən nəql etmişdir.

[25] Bəxur; yandırılaraq tüstüsündən ətir kimi istifadə olunan maddə.

[26] Bax; əl-Qadi İyad, “İkməl əl-Mulim bi Fəvaidi Muslim”, 2/30

[27] Bax: İmam ən-Nəvəvi, “Ravdatut-Talibin”, 1/74

[28] əz-Zəndun: “زَنْدٌ”, ərəb dilində dirsək ilə bilək arasındakı böyük sümüyə verilmiş addır.

[29] Bununla Şeyx – rahiməhullah – Maidə surəsindəki 6-cı ayəni qəsd edir. Allahu Təalə deyir: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun!” və bu ayədə Allahu Təalə əlləri zikr etmişdir. Şeyx daha əvvəl əl sözünün həqiqi mənasını izah edərkən, bunun biləklərə qədər olan hissə olduğunu qeyd elədi. Daha sonra isə nə üçün ayədə əlin həqiqi mənası deyil, qolların qəsd olunduğunu izah edərək, ayədəki “dirsəklərlə birlikdə” sözünə işarə etmişdir.

[30] Bax: İmam əz-Zərkaşi, “ən-Nukət alə Umdətil-Əhkəm”, səh: 11-12

[31] Əbu Davud (105)

[32] Bax: İmam ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/411 və “Şərh Muslim”, 3/179 və İmam əş-Şafinin – rahiməhullah – sözlərini anlamaq bəziləri üçün çətin ola bilər. İsticmar etdikdə, yəni daşla istinca etdikdə nəcəsin izləri tam təmizlənmir, qalan yerlər quruyur və tərlədikdə tərlə qarışır və ələ bulaşma ehtimalı da burdan qaynaqlanır.

[33] Bax: Əbul-Valid əl-Baci, “əl-Muntəqa Şərh əl-Muvatta”, 1/297

[34] Bax: İbn Hacər, “Fəthul-Bari”, 1/264-265

[35] Təəbbudi hökm, hikməti və ya səbəbi bizlərə məlum olmayan hökmdür, məsələn ölünü yumaq kimi. Bizim alimlərimiz ölünün həyatda olduğu kimi təmiz qaldığını deyirlər və ölünün yuyulmasının təəbbudi bir hökm olduğunu qeyd edirlər.

[36] Şeyx əs-Səfərini – rahiməhullah – bununla Muaviyə bin Əbi Sufyanın rəvayət etdiyi hədisə işarə etmişdir. Dedi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Gözlər arxa deşiyin vikəsidir, gözlər yuxuya dalarsa, vikə boşalar.” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 1/118 (576), əd-Darimi, “əs-Sünən”, 1/98 (722), Əhməd, “əl-Müsnəd” (16925); əd-Dəraqutni, “əs-Sünən”, 1/160; Əbu Yalə, “əl-Müsnəd”, 13/299 (7372)) Şeyx Şuayb əl-Arnavut, İmam Əhmədin “əl-Müsnəd”ində bu hədisin təliqində deyir: “Hədisin sənədi zəifdir, çünki sənədindəki Əbu Bəkr bin Əbi Məryəm zəif ravidir.” Hədisdə zikr olunan “vikə”, ərəblərin əvvəllər içkilər və ərzaqlarını içində saxladıqları dəri qabların, tuluqların ağzını bağlamaq üçün istifadə etdikləri iplərin adıdır. Hədisdə bu məcazı mənada işlədilmişdir, yəni insan yuxuya daldıqda, onun bədənindən qazın çıxması ehtimalı vardır və qaz çıxarkən insan yuxuda olarkən nə onun qarşısını ala bilməz, nə də ki bundan xəbəri olmaz.

[37] Bu iki kitabdan birinin adı “ər-Raəyə əs-Suğra”, ikincisinin adı isə “ər-Raəyə əl-Kubra”dır. Hər iki kitab usul və fiqh alimi Əhməd bin Həmdan Əbu Abdullah əl-Harrani’yə aiddir. Hicri 695-ci ildə vəfat etmişdir. İbn Rəcəb deyir: “Bu kitablarda çoxlu nəqllər vardır, lakin onların doğruluğu yoxlanılmamışdır.” Bax: İbn Rəcəb, “Zeyl Tabəqat əl-Hənəbilə”, 2/331; Haci Xalifə, “Kəşf əz-Zunun”, 1/908; Abdullah ət-Tariqi, “Mucəm Musannəfət əl-Hənəbilə”, 3/267-268

[38] “əl-Havi” kitabı da İbn Həmdana aiddir. Bax: “Mucəm Musannəfət əl-Hənəbilə”, 3/273

[39] Hənbəli kitablarında əl-Məcd deyildikdə bununla Şeyxul-İslam İbn Teymiyyənin babası Şeyx əl-Məcd Abdussələm İbn Teymiyyə qəsd olunur.

[40] əl-Muvaffəq deyildikdə bununla Şeyx Əbu Muhamməd Muvaffəq əd-Din İbn Qudamə, məşhur “əl-Muğni” kitabının sahibi qəsd olunur. O, hənbəli məzhəbində şeyxul-islam ləqəbi ilə tanınan iki alimdən birincisidir. İkincisi isə Şeyx Taqi əd-Din Əhməd bin Abdulhəlim İbn Teymiyyədir. İbn Qudamə eləcədə “Ş/strong ki, əlini suy/aa salması, suyu nəcis etməz.“Şərh əl-Vəciz”a href=#_ftnref23eyxul-Məzhəb” astrongdı ilə tanınmışdır. “Şeyxan”, yəni “iki şeyx” deyildikdə isə bununla Şeyx əl-Muvaffəq İbn Qudamə və İbn Teymiyyənin babası Şeyx Məcd əd-Din İbn Teymiyyə qəsd olunur.

[41] Hənbəli kitablarında  “əş-Şərih”, “İbn Əbi Ömər”, “Sahib əş-Şərh” kimi ləqəblər Şeyx Muhamməd Şəms əd-Din Abdurrahmən ibn Əbi Ömər Muhamməd bin Əhməd bin Qudamə əl-Məqdisi, “əş-Şərh əl-Kəbir” kitabının sahibi qəsd olunur. Bu kitab onun doğma əmisi Muvaffəq əd-Din İbn Qudamənin “əl-Muqni” kitabına yazdığı şərhdir. “Şərh” və “fiş-Şərh” kəlimələri ilə kitabına işarə olunur.

[42] Bax: İbn Teymiyyə, “Şərhul-Umdə fil-Fiqh”, 1/175

[43] Bax: əl-Mərdavi, “əl-İnsaf”, 1/130-131

[44] əl-Maidə, 6

[45] Bunu İbn Cərir ət-Tabəri təfsirində (6/112) və əd-Dəraqutni “əs-Sünən”də (1/39) rəvayət etmişdir.

[46] əl-Buxari (3121); Muslim (238)

[47] İmam Əhməd “əl-Müsnəd”də (2/395) Əbu Hureyrədən – radiyallahu anhu – rəvayət etmişdir.

[48] Hədəs, insanın bədəninin natəmiz olmasıdır, yəni hədəs, insanın dəstəmazsız və ya quslsuz olduğu haldır.

[49] Yəni, məzhəbin görüşünə görə yuxudan qalxdıqdan sonra əlləri yumağın vacib olması təəbbudi bir hökmdür. Lakin müəllif Şeyx əs-Səfərini – rahiməhullah – bu görüşün tutarsızlığına işarə etdi. Doğrusunu Allah bilir!

[50] Iki qüllədən az

[51] Bax: İbn Muflih, “əl-Furu”, 1/52

[52] Yəni “mufradət”lərdən biridir. “Mufradət” isə, digər məzhəblərin içində yalnız bir məzhəbə xas olan görüşlərə deyilir. Yəni, bir çox hökmlər mövcuddur ki, həmin hökmlər xas olaraq yalnız hənbəli məzhəbinə aiddir və buna məzhəbin mufradətləri deyilir.

[53] Kitabın adı belədir: “ən-Nihayə fi Şərh əl-Hidəyə li Əbil-Xattab” və kitabın müəllifi Şeyx Əbul-Məali ibn əl-Məncə ibn Bərakət ət-Tənuxi’dir. Hicri 606-cı ildə vəfat etmişdir.Kitab 10- dan çox cilddən ibarətdir. İbn Rəcəb deyir: “Bu kitabda məzhəbdə məlum olmayan furu və məsələlər mövcuddur. Görünür ki, o, bunları məzhəb alimlərindən deyil, digər məzhəbin alimlərindən nəql etmişdir və məzhəbin - onun rəyinə görə - tələb etdiyinə əsasən hökm vermişdir.” Bax: İbn Rəcəb, “Zeyl Tabəqat əl-Hənəbilə”, 2/49; Abdullah ət-Tariqi, “Mucəm Musannəfət əl-Hənəbilə”, 3/12

[54] Bax: əl-Mərdavi, “əl-İnsaf”, 1/22

[55] Bax: İbn Qudamə, “əl-Muğni”, 1/71

[56] Yəni; məzhəbin mötəməd görüşünə görə əgər niyyət etmədən əlini suya salarsa, suyun tahuriyətini pozması üçün əlini tam olaraq suya salması lazımdır. Lakin əgər niyyət ilə salarsa, əlin bir hissəsini salması belə suyun hökmünə təsir edir.

[57] Bax: İbn Muflih, “əl-Furu”, 1/53

[58] İbn Adiy “əl-Kamil fid-Duafə” (6/374) kitabında Əbu Hureyrədən – radiyallahu anhu – bu ləfzlə rəvayət etmişdir: “Sizdən biriniz yuxusundan ayılarsa, əllərini yumadan onları qaba salmasın! Qoy dəstəmaz alsın! Əllərini yumadan əvvəl onları qaba salarsa, həmin suyu dağıtsın!” İbn Adiy deyir: “Bu mətndəki “həmin suyu dağıtsın” sözü münkərdir, hifz olunmaz.”

[59] əl-Hafiz Abdulhaqq əl-İşbili, “əl-Cəm beynəs-Səhiheyn”, 1/221 (hədis: 379)

[60] Bu, Əbul-Həsən Əli bin Muhamməd əl-Həyəti əl-Bağdadi’yə aid “Fəth əl-Məlik əl-Aziz bi Şərh əl-Vaciz” kitabıdır. Kitabın sahibi əl-Alə bin əl-Bəha adı ilə tanınır. Hicri 900-cu ildə vəfat etmişdir. Bax: İbn Abdilhədi, “əl-Cövhər əl-Mindad”, səh: 104; Şeyx Bəkr Əbu Zeyd, “əl-Mədxal əl-Mufəssəl”, 2/751; Abdullah ət-Tariqi, “Mucəm Musannəfət əl-Hənəbilə”, 5/24

[61] İmam əz-Zərkaşi “əl-Mutəbər” adlı əsərində (səh: 135) deyir: “Hədisdəki “üç dəfə” sözünü əl-Buxari rəvayət etməmişdir. “əl-Umdə” kitabının sahibi kimi bunu muttəfiq aleyh olaraq təqdim edənlər isə xəta etmişdir.”

[62] Bu, əl-Hafiz İbn Hacərin “Fəthul-Bari”dəki (1/263) izahındandır.