Vay atəşdə yanan dabanlara

Abdullah bin Amr bin əl-As, Əbu Hureyrə və Aişədən – radiyallahu anhum - ; rəvayət olunur: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm- dedi: “Vay atəşdə yanan dabanlara!”[1]

  Bu hədis əl-Hafiz Abdul-Ğani əl-Maqdisi'nin - rahiməhullah - "Umdətul-Əhkam" adlı kitabında üçüncü hədisdir və İmam Şəmsud-Din Muhamməd bin Əhməd əs-Səfərini əl-Hənbəli (hicri 1114 - 1177) bu kitaba yazdığı "Kəşful-Lisam Şərh Umdətil-Əhkam" adlı kitabında hədis haqqında deyir:

 

"Əbu Hureyrədən, Aişədən və Abdullah bin Amr bin əl-As’dan; dedi: Allahın Elçisi ilə - salləllahu aleyhi va səlləm – birlikdə Məkkədən Mədinəyə geri döndük. Yolda olduğumuz halda, bir qrup əsr namazı zamanı tələsdilər. Dəstəmaz alarkən tələm-tələsik dəstəmaz aldılar.Biz də onlara çatdıq, suyun dabanlarına toxunmadığı görünürdü. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Vay atəşdə yanan dabanlara, dəstəmazı tam şəkildə alın!”

Yenə “əs-Səhiheyn”də onun (Abdullah bin Amrın) hədisindən; birlikdə səfərə çıxdığımız bir səfərdə peyğəmbər – salləllahu aleyhi va səlləm – bizdən geri qalmışdı. Bizə çatdıqda əsr namazının vaxtı girmişdi. Biz ayaqlarımıza məsh etməyə başladıq və o, yüksəkdən dedi: “Vay atəşdə yanan dabanlara!”[2]

əl-Buxari deyir: “Əsr vaxtı girdikdə bizə çatdı və dəstəmaz almağa başladıq və ayaqlarımıza məsh çəkdik. O, ən yüksək səslə bizə iki dəfə və ya üç dəfə səsləndi: “Vay atəşdə yanan dabanlara!” əl-Buxari, rəvayət etdiyi bu hədisin babını belə adlandırmışdır: “ayaqları yumaq və ayaqlara məsh çəkməmək babı”

Bunu “elm” kitabında da rəvayət etmişdir və bu babı, “elmlə səsini yüksəldən biri haqqında bab”[3] adlandırmışdır və eləcədə “anlaşılması üçün sözünü təkrarlayan biri haqqında bab”adlandırmışdır. [4]

Muslim isə “əs-Səhih” əsərində Əbu Hureyrədən – radiyallahu anhu – rəvayət edir ki, “Allahın Elçisi – salləlahu aleyhi va səlləm – dabanını[5] yumayan bir nəfəri gördü və dedi: “Atəşdə yanan dabanlara vay olsun!” Digər ləfzdə isə gəlmişdir: “Atəşdə yanan urqublara[6] vay olsun!”[7]

Bunu əl-Buxari yenə Əbu Hureyrədən bu ləfzlə rəvayət etmişdir: “Dəstəmazlarınızı kamil şəkildə alın! Çünki Əbul-Qasim – salləllahu aleyhi va səlləm – demişdir: “Atəşdə yanan dabanlara vay olsun!” Burada “dabanını yumayan bir nəfəri gördü” sözünü qeyd etməmişdir və “urqubları” da zikr etməmişdir.

Bu hədislərdə şiddətli təhdid vardır və bu, ayaqları yumağın vacib olmasını göstərir. Ayaqların üzərində şəri bir örtü olmadığı üçün məshin səhihliyinə maneə olur. Sandallara isə məsh çəkmək olmaz.

Səhabələrdən bəzilərindən onların üzərinə məsh çəkdiklərini göstərən rəvayətlərə və bu barədə Əbu Davudun və başqalarının rəvayət etdiyi mərfu hədisə[8] gəldikdə isə, bunları bizim zikr etdiyimiz hədislər dəf etmiş olur. Eləcədə ayaqların görünəcəyi şəkildə cırılmış xufların üzərinə məsh çəkməyin kifayət etməyəcəyi barəsində İmam ət-Tahavinin nəql etdiyi alimlərin icma etməsi faktı da bunu dəf etməkdədir və eyni hökm sandallara da aiddir, çünki onlar ayaqları örtmür.[9]

əl-Hafiz İbn Hacər deyir: “Bu, səhih bir dəlilləndirmədir, lakin onun bu barədə icma nəql etməsi münaqişəlidir.”[10]

Bu məsələdə şiələr müxalif görüşdədirlər və ayaqların üzərinə məsh çəkməyi caiz görürlər.

İbn Xuzeymə deyir: “Əgər məsh etməklə fərz yerinə yetirilmiş olursa, nə üçün buna görə atəşlə təhdid olunmuşdur?!”[11]

Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gələn, onun dəstəmazını təsvir edən hədislər mütəvatir dərəcəsindədir və bu hədislərdə o, ayaqlarını yumuşdur və biz bunun üzərində duracağıq – inşəallah – və bu, Allahın əmrini bəyan edici dəlillərdir. Əli, İbn Abbas və Ənəsdən – radiyallahu anhum – başqa səhabələrin heç birindən bunun əksi isbat olunmamışdır və bu üç səhabənin sonradan görüşlərindən dönmələri xəbəri sabit olmuşdur.

Abdurrahmən bin Əbi Leyla demişdir: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələri ayaqları yumaq üzərində icma etmişlər. Bunu Said bin Mənsur rəvayət etmişdir.”[12]

Lakin onların ( وَأَرْجُلَكُمْ ) ayəsinin ﴾ وَامْسَحُوا بِرُءُوسِكُمْ ﴿ ayəsinə atf olunaraq məcrur olaraq oxunmasını dəlil gətirmələrinə gəldikdə isə, ayaqları yumağı vacib edən peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gələn sözlərlə və fellərlə birlikdə buna veriləcək cavab bir neçə yöndəndir:

Birinci: Sözü gedən ayə ﴾ وَأَيْدِيَكُم ﴿  sözünə atf olunaraq ﴾ وَأَرْجُلَكُمْ ﴿ şəklində mənsub olaraq oxunmuşdur.

Bunun, Allahın ﴾ يَجِبَالُ أَوّ ِبِي مَعَهُ وَالطَيْرَ ﴿  sözündə[13] olduğu kimi “biruusikum” sözünün məhəllinə[14] atf olunduğu da deyilmişdir.

İkinci: Ayədəki məsh, xufların üzərinə məsh çəkməyin məşru olmasına həml olunur, bununla da cərr ilə gələn qiraəti xuflara məsh çəkmək olaraq, nəsb ilə gələn qiraəti isə ayaqları yumaq olaraq yozurlar. Bunu Əbu Bəkr ibnul-Arabi gözəl bir şəkildə açıqlamışdır. Onun sözü qısa olaraq belədir: Zahiri ziddiyətli olan şeylərdə hamısı ilə əməl etmək mümkündürsə, bunu etmək vacib olur, əks təqdirdə yalnız imkan daxilində əməl etmək lazımdır. Bir üzvdə bir dəfədə, yumaqla məsh etməyi bir araya gətirmək imkansızdır, çünki burada məsh etmək təkrarlanmış olur, beləki ayağı yumaq özlüyündə məshi də tərkibinə alır. Mütləq bir əmr isə bir şeyin təkrarlanmasını tələb etməz. O zaman iki qiraət arasında ortaq məxrəcə gəlmək və imkan dairəsində olanla əməl etmək məqsədilə qarşımızda bu ikisi ilə fərqli fərqli hallarda əməl etmək variantı qalmışdır. Üstəlik alimlərdən bəziləri bunu belə izah edir: ayaqlar sadəcə olaraq məsh olunan başlara ona görə atf olunmuşdur ki, ayaqlar, suyun çoxlu istifadə olunması gözlənilən bir üzv olduğu üçün, suyu israf etməkdən çəkindirmək məqsədilə (məsh olunan başlara) atf olunmuşdur. Bu ayə ilə qəsd olunan həqiqi məsh deyildir və bunu, Allahın “ayaqlarınızı topuqlarınıza qədər...” sözü sübut etməkdədir. Çünki məsh bir rüxsətdir və rüxsət hər hansı bir hədd ilə məhdudlaşdırılmaz.[15]

Üçüncü: Məsh sözü həm də “xəfif şəkildə yumaq” anlamında da istifadə olunur. Dəstəmaz alan birinə “qollarına məsh çəkdi” deyirlər. Bunu İbn Zeyd əl-Luğəvi, İbn Quteybə və bu ikisindən başqaları da qeyd etmişdir. Doğrusunu Allah bilir![16]

 

 

QEYDLƏR:

 

Birinci: Bu hədisi müəllifin – rahiməhullah təalə - zikr etdiyi səhabələrdən başqa, bir qrup digər səhabələr də rəvayət etmişdir. Onların arasında Cabir – və bunu İmam Əhməd və İbn Macə rəvayət etmişdir[17] - , Muayqib – bunu da İmam Əhməd rəvayət etmişdir[18] - , Xalid bin Valid, Yezid bin Əbi Sufyan, Şurahbil bin Həsənə, Amr ibnul-As kimi səhabələr vardır və bunların hamısı bunu Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – eşitmişdir. Bunu İbn Macə[19] və Abdullah ibnul-Haris rəvayət etmişdir və həm də İmam Əhməd, əd-Dəraqutni və əl-Hakim[20] rəvayət etmişdir. Leys bin Abdirrahmən bin Səbit’dən və ya Əbu Uməmənin qardaşından rəvayət olunur; dedi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bir qrup insan gördü, onlardan birinin dabanında dirhəm böyüklüyündə və ya dırnaq böyüklüyündə bir yerə suyun dəymədiyini gördü. Dedi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – deməyə başladı: “Atəşdə yanan dabanlara vay olsun!” Dedi: “Həmin adam baxaraq dabanında suyun dəymədiyi yeri görüncə, dəstəmazını yenidən aldı.” Bunu əl-Beyhəqi “əs-Sünən”də[21] rəvayət etmişdir. əl-Hafiz Cəlal əd-Din əs-Suyuti’nin – rahiməhullah təalə - işarə etdiyi kimi[22], hədis mütəvatirdir.

İkinci: Müəllifin – qaddəs Allahu ruhəhu - əsərinin zahirindən anlaşılan budur ki, hər iki şeyx bu hədisi Abdullah bin Amr’ın, Əbu Hureyrənin və Aişə əs-Siddiqənin – radiyallahu anhum – hər birindən rəvayət etmişdir. Abdullah bin Amr və Əbu Hureyrəyə gəldikdə bu, doğrudur, lakin möminlərin anası Aişə əs-Siddiqənin hədisinə gəldikdə isə, əl-Buxari bunu rəvayət etməmişdir, bunu sadəcə Muslim rəvayət etmişdir. Həmin hədisin ləfzi belədir: Şəddadın azadlı qulu Səlimdən; dedi: Sad bin Əbi Vaqqas’ın vəfat etdiyi gün peyğəmbərin – salləllahu aleyhi va səlləm – xanımı Aişənin yanına getdim və Abdurrahmən bin Əbi Bəkr də - radiyallahu anhumə - daxil oldu və Aişənin evində dəstəmaz aldı. (Aişə) dedi: “Ey Abdurrahmən! Dəstəmazı kamil şəkildə al! Çünki Allahın Elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Vay atəşdə yanan dabanlara!”

əl-Hafiz Abdulhaqq “əl-Cəm beynəs-Səhiheyn” kitabında deyir: “əl-Buxari bu hədisi Aişədən rəvayət etməmişdir, onu Abdullah bin Amrın – radiyallahu anhum – hədisindən rəvayət etmişdir.”[23]

İmam Şəmsud-Din Muhamməd əs-Səfərini ən-Nəblusi əl-Hənbəli

"Kəşful-Lisəm Şərhu Umdətil-Əhkam", 1/49-55;

Dar ən-Nəvadir, 1428/2007

 


[1] əl-Buxari (161, 163); Muslim 1/214 (240, 241, 242); Əbu Davud (97); ən-Nəsai (110, 111); İbn Macə (450, 451, 453), ət-Tirmizi (41);

[2] Muslim 1/214 (241)

[3] əl-Buxari 1/33 (60)

[4] əl-Buxari 1/48 (96)

[5] “Səhih Muslim”in nəşr olunmuş şəklində daban sözü müsənnə siğəsi ilə gəlmişdir, yəni “iki daban” şəklində gəlmişdir. Əbu Nueymin “əl-Mustəxrac alə Səhih Muslim” kitabında da (657) bu şəkildə gəlmişdir. Yalnız əl-Beyhəqi bunu “əs-Sünən əl-Kubra” əsərində (1/69) müfrəd olaraq rəvayət etmişdir.

[6] “عرقوب” dabanın üzərindəki yoğun vətərə verilmiş addır. “عراقيب” bu sözün cəm formasıdır və hədisdə cəm şəklində gəlmişdir.

[7] Muslim 1/214 (242)

[8] Əbu Davud (160); İmam Əhməd “əl-Müsnəd” 4/9; İbn Hibban, “əs-Səhih” (1339); Əus bin Əbi Əus əs-Səqəfi’dən – radiyallahu anhu – rəvayət edirlər ki, “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dəstəmaz aldı və sandallarına və ayaqlarına məsh çəkdi.”

[9] Bax: ət-Tahavi, “Şərh Məanil-Əsər”, 1/97

[10] Bax: əl-Hafiz İbn Hacər, “Fəthul-Bari”, 1/267

[11] Bax: “Səhih İbn Xuzeymə”, 1/83

[12] Bunu İbn Hacər “Fəthul-Bari”də (1/266) və əs-Suyuti “əd-Durr əl-Mənsur”da (3/29) ona nisbət etmişdir.

[13] Səba, 10

[14] Yəni, “məsəhə” feli heç bir hərfə ehtiyac duymadan mutəəddi ola bilər. Başqa cür desək, məsəhə felindən sonra bir başa məfulun-bih gələ bilər, məsələn: “vamsəhu ruusəkum” demək səhihdir və “birruusikum” sözünün məhəlli dedikdə, bunun nəsb məhəllində olduğu qəsd olunur.

[15] İbnul-Arabi, “Əhkəm əl-Quran”, 2/74; sonuncu ehtimalın izahını bu şəkildə qısaltmaq olar. Əgər məsh sözünün ayaqlara aid olduğunu qəbul etsək, o zaman bununla qəsd olunan bəzilərinin anladığı kimi başda edildiyi kimi ayağa da məsh çəkmək deyildir. Bu məsh elə ayağı yumaqdır. Alimlər qeyd edirlər ki, dəstəmazdakı başı məsh etmək əmri, saçı yumağın əziyyət olması səbəbilə rüxsət olaraq gəlmişdir. Ona görə də başın məsh olunması heç bir qeyd ilə məhdudlaşdırılmamışdır. Lakin ayaqlarda isə Allahu Təalə “topuqlara qədər” sözü ilə qeyd qoymuşdur, yəni topuqlara qədər olan hissəni məsh etmək vacib olur, bu isə aydın olduğu kimi artıq məsh deyil, ayağı yumaqdır. Yəni, istənilən halda sadəcə ayağın üzərinə məsh çəkmək kifayət etməz.

[16] Bax: İbn Quteybə, “Ğarib əl-Hədis”, 1/154

[17] İmam Əhməd, “əl-Müsnəd”, 3/316; İbn Macə, (454)

[18] İmam Əhməd, “əl-Müsnəd”, 3/426; ət-Tabərani, “əl-Mucəm əl-Kəbir”, 20/350

[19] İbn Macə (455); İbn Xuzeymə, “əs-Səhih” (665)

[20] İmam Əhməd, “əl-Müsnəd” 4/191; əd-Dəraqutni, “əs-Sünən” 1/95; əl-Hakim, “əl-Müstədrək” (580); bunu eləcədə İbn Xuzeymə “əs-Səhih”də (163) və əl-Beyhəqi, “əs-Sünən əl-Kubra” kitabında (1/70) rəvayət etmişdir.

[21] Bunu əl-Beyhəqi “əs-Sünən əl-Kubra” əsərində (1/84) rəvayət etmişdir və sonra deyir: “Bu, səhih olsa belə, bu, onların özlərinin seçdiyi bir görüşdür. Həm də burada dəstəmazını yenidən alması ilə, sadəcə həmin yerini yuması ehtimal oluna bilər.” Bu hədisi eləcədə ət-Tabərani “əl-Mucəm əl-Kəbir”də (8112), əd-Dəraqutni “əs-Sünən”də (1/108) Abdurrahmən bin Səbit’dən, o da Əbu Uməmədən, ya da Əbu Uməmənin qardaşından rəvayət etmişdir.

[22] Bax: əl-Hafiz əs-Suyuti, “əl-Əzhar əl-Mutənəsira fil-Əhədis əl-Mutəvatira” səh: 11 (hədis rəqəm: 16)

[23] Bax: əl-Hafiz Abdulhaqq əl-İşbili, “əl-Cəm beynəs-Səhiheyn”, 1/200-201

yumayan bir nəfəri gördü və dedi: “Atəşdə yanan dabanlara vay olsun!” Digər ləfzdə isə gəlmişdir: “Atəşdə yanan urqublara

 

 

Aktual Mövzular