Vasi hədislərindən birinə yaxın baxış

Azərbaycandakı şiələr “313 xəbər” səhifəsində yaydıqları bəzi məqalələrdə sünnət əhli kitablarından bəzi rəvayətlər zikr edirlər. Bütün səyləri və bütün cəhdləri Əli bin Əbi Talibin – Allah ondan razı olsun! – peyğəmbərin – salləllahu aleyhi va alə əlihi va səlləm – vasisi olduğunu nəyin bahasına olursa olsun sübut etmək üçündür.

 

Sünnət əhlinin kitablarından gətirdikləri bir iki hədis ilə oxucuların gözlərindən pərdə asmağa çalışırlar. Biz burada onların gətirdikləri bir hədis haqqında danışacağıq.

İmam Əbu Davud ət-Tayəlisi deyir: “Cəfər ibn Suleyman əd-Dubəi bizə rəvayət etdi; Yezid ər-Rişk bizə Mutarrif ibn Abdilləh bin əş-Şixxir’dən, o isə İmran ibn Husayn’dən rəvayət etdi ki, "Allahın elçisi – salləllahu aleyhi va səlləm – Əlini bir orduda göndərdi. Ondan bir şey gördülər və inkar etdilər. (Ordudan) dörd nəfər ittifaq etdi və Əlinin nə etdiyini peyğəmbərə - salləllahu aleyhi va səlləm – xəbər verəcəyinə dair razılaşdılar.” İmran dedi: “Biz səfərdən qayıtdıqda Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına gəlib, ona salam verib ona baxmadan ailəmizin yanına getməzdik. Beləliklə də həmin dörd nəfər gəldi və onlardan biri duraraq dedi: “Ey Allahın elçisi, görmürsənmi ki, Əli bunları və bunları elədi?” (Peyğəmbər) ondan üz çevirdi. Sonra ikincisi qalxdı və eynisini söylədi. Ondan da üz çevirdi. Sonra üçüncü qalxdı və eyni sözləri söylədi və ondan da üz çevirdi. Sonra dördüncü qalxıb eyni sözləri dedikdə Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Əlidən sizə nə var?! Şübhəsiz ki, Əli məndəndir, mən də ondanam və o, məndən sonra bütün möminlərin vəlisidir.[1]

Gördüyümüz bu hədisdəki “o, məndən sonra bütün möminlərin vəlisidir” sözləri şiələrin üzərində durduqları əsas hissədir. Şiələr bu hədisi gətirdikdən sonra qeyd edirlər ki, hədisi ət-Tirmizi həsən sayıb, Şeyx əl-Albani də səhih sayıb. Həmçinin bunu İbn Həcər səhih sayıb. İbn Hibban bu hədisi özünün “əs-Sahih” kitabında rəvayət edib və Şueyb əl-Arnavut bu hədisin sənədi haqqında deyib: “İsnadı güclüdür.” Həmçinin əlavə edirlər ki, əl-Heysəmi’nin “Məvariduz-Zəmən” kitabını təhqiq etmiş Hüseyn Səlim Əsəd sənədinin səhih olduğunu bildirib. ən-Nəsəi’nin “əl-Xasais” kitabını təhqiq etmiş Əbu İshaq əl-Huveyni də hədisin isnadının səhih olduğunu deyib. İmam Əhmədin “Fədailus-Sahabə” kitabını təhqiq etmiş Vasiyullah bin Abbas da isnadının həsən olduğunu qeyd edir. Bir də İbn Əbi Asim’in “əs-Sünnə” kitabını təhqiq etmiş Doktor Bəsim bin Feysal əl-Cəvabira’nın isnadını səhihləşdirdiyini zikr edirlər. Biz insaf namına onların bu hədis haqqında nəql etdiklərini qısa şəkildə burada cəm etdik.

Gəlin o zaman biz bu hədisə yaxından nəzər salaq. İlk öncə diqqətimizi çəkən tərəf budur ki, bu hədisin ləfzi başqa hədisin ləfzinə çox bənzəyir. Həmin ləfzdə Allahın elçisi – salləllahu aleyhi va səlləm – belə buyurmuşdur: “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır.” Ola bilərmi ki, peyğəmbərimiz əslində bu sözü deyib, lakin ravilərdən biri bu hədisi özünün anladığı mənaya müvafiq olaraq rəvayət etmişdir? Belə bir hal mümkündürmü? Növbəti sətrlərdə bu hədisdəki halın elə belə olduğunun şahidi olacaqsız. Qeyd edək ki, İmran bin Husayn’dən gələn bu hədisi bizə bu ləfzlə rəvayət edən ravi Cəfər bin Süleyman əd-Dubə’idir və ondan başqa heç kim İmrandan bu hədisi bu ləfz ilə rəvayət etməmişdir. Ona görə də birlikdə Cəfər bin Süleyman ilə maraqlanaq.

Cəfər bin Süleyman əslən basralıdır, kunyəsi Əbu Süleyman’dır. Etiqadda məzhəbi şiədir. Şiələrin zahidlərindən və abidlərindən olub. Hicri 178-ci ildə vəfat edib. Alimlərimiz onun halı üzərində ixtilaf ediblər. Burada onların sözlərini zikr edək. Əbu Əhməd əl-Həkim onun haqqında deyir: “Hədisi həsən biridir, şiəliyi ilə tanınır. Qəlb əməlləri ilə bağlı xəbərləri toplayıb və ümid edirəm ki, onda bir bəis yoxdur.” Əbu Əhməd bin Adiy əl-Curcəni deyir: “Onda bir problemin olmadığına ümid edirəm. Hədisləri (ümumən) münkər deyildir. Onlardan hansı münkərdirsə ola bilsin ki, bəlası ondan rəvayət edən ravidəndir. Mənə görə o, hədisinin qəbul olunması vacib olan biridir.[2] Əbul-Fəth əl-Əzdi deyir: “Onda sələfdən bəzi kəslərə qarşı qərəzli münasibət var idi. Hədisdə yalan danışmazdı. Ondan zühd və qəlb əməlləri ilə bağlı xəbərlər qəbul olunar. (Digər) hədislərə gəldikdə isə Sabitdən və qeyrisindən rəvayət etdiyi hədislərinin çoxunda zəif də var, münkər də vardır.” Muhəmməd bin Sad əl-Bəsri (vəfatı 230) “ət-Tabəqat əl-Kubra”da onun haqqında deyir: “Siqa idi, onda bir zəiflik vardır və şiəlik üzərində idi...[3] Yəhyə bin Main deyir: “Cəfər bin Süleyman əd-Dubəi siqadır və Yəhyə bin Said əl-Qattan onun hədisini yazmazdı.[4] İmam əl-Buxari deyir: “Bəzi hədisində müxalif olur.[5] Bununla əl-Buxari onun başqalarının rəvayət etdiklərindən fərqli şəkildə rəvayət etdiyini bildirir. İbrahim bin Yaqub əs-Sadi əl-Cəvzəcəni deyir: “Cəfər bin Süleyman əd-Dubəi; münkər hədislər rəvayət edib və o, siqadır, ölçülüdür və oxumaq, yazmaq bilmirdi.[6] Əbul-Həsən Əhməd bin Abdilləh bin Saleh əl-İcli deyir: “Siqadır, şiə olmuşdur.[7] İbn Əbi Hatim ər-Razi deyir: “Əhməd bin Sinən’i belə deyərkən eşitdim: “Abdurrahmən bin Mehdi’ni gördüm ki, Cəfər bin Süleyman’ın hədisinə həvəsli deyildi.” İbn Sinən dedi: “Mən də onun hədisini xoş görmürəm.” Muhəmməd bin Həməveyh bin əl-Həsən bizə xəbər verdi; dedi: “Əbu Talibi belə deyərkən eşitdim: “Əhməd dedi: “Cəfər bin Süleymanda bir problem yoxdur.” Ona deyildi ki, Süleyman bin Hərb deyir: “Onun hədisi yazılmaz.” Bunun üzərinə dedi: “Həmməd bin Zeyd onun hədisini qadağan etməzdi, sadəcə olaraq şiə idi və bəzi hədislər – yəni Əlinin kərraməllahu vachəhu fəziləti haqqında – rəvayət edərdi və Basra əhli Əli – radiyallahu anhu – haqqında aşırıya gedirlər... Muhəmməd bin Əhməd bin əl-Bəra bizə xəbər verdi; dedi: Əli bin əl-Mədini dedi: “Cəfər – yəni İbn Süleyman – Səbit’dən çoxlu hədis rəvayət edib və mürsəllər yazıb və orada Səbit’dən, onun da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi münkər hədislər vardır.[8] İbn Hibban əl-Busti onun haqqında deyir: “Cəfər bin Süleyman əd-Dubəi əl-Hirşi Basra əhlidir, kunyəsi Əbu Süleymandır. Dubey’a oğullarının yanında məskunlaşmışdı, buna görə də onlara nisbət olunub. Səbit’dən, Məlik bin Dinər’dən rəvayət edib və ondan Abdullah bin əl-Mubərak və İraq əhli rəvayət edir. 178-ci ilin rəcəb ayında vəfat edib. İki şeyxə (yəni Əbu Bəkr və Ömərə) nifrət edərdi. əl-Həsən bin Sufyan bizə rəvayət etdi; dedi: İshaq bin Əbi Kəmil bizə rəvayət etdi; Cərir bin Yezid bin Harun bizə atasının qarşısında rəvayət etdi və dedi: “Atam məni Cəfər bin Süleyman əd-Dubə’inin yanına göndərdi və mən ona dedim: “Bizə gəlib çatan xəbərə görə sən Əbu Bəkr və Öməri söyürsən. Dedi: “Söyməyə gəldikdə xeyr, amma nifrətə gəldikdə isə dilədiyin qədər.” (İbn Hibban) deyir: O zaman o da eşşəklər kimi bir rafizidir. Rəvayətlərdə Cəfər bin Süleyman işini möhkəm tutan siqa ravilərdəndir, lakin əhlul-beytə meyl edərdi və öz məzhəbinə dəvət etməzdi. İmamlarımızdan olan hədis əhli arasında ixtilaf yoxdur ki, sözündə doğru olan, işini yaxşı bilən birində bidət olarsa və o bidətinə insanları dəvət etməzsə onun xəbərlərini hüccət olaraq istifadə etmək icazəlidir.[9] Əbu Həfs İbn Şəhin deyir: “Cəfər bin Süleyman əd-Dubəi zəifdir.[10] Bununla belə İbn Şəhin onu həm də siqa saydığı ravilər arasında zikr etmişdir. Bir digər kitabında isə onu zəif sayanların yalnız məzhəbinə görə zəif saydıqlarını deyir. Həmçinin Muhəmməd ibn Ammər əl-Məvsili (hicri 162-242) onu zəif sayıb. Eləcə Əbu Bişr əd-Dəvləbi və Əbu Cəfər əl-Uqeyli onu zəif ravilər arasında zikr ediblər.[11] əl-Xatib əl-Bəğdədi “Tərixu Bəğdəd” kitabında deyir: “Əbul-Əşas dedi: “Mən Cəfər bin Süleyman əd-Dubəi və Abdulvaris bin Said’dən hədis yazdım və bir gün Yezid bin Zurey’in məclisində idik. Bizə yaxınlaşdı və dedi: “Mənə xəbər çatıb ki, sizdən bir qrup Cəfər bin Süleyman əd-Dubəi’nin və Abdulvaris’in yanına gedir, kim o ikisindən hədis yazırsa mənim məclisimə yaxın durmasın! Çünki Cəfər bin Süleyman rafizidir və Abdulvaris ət-Tənuri mötəzilidir; ət-Tənuri’ni bir dəfə də olsun cüməyə gələrkən görmədim.[12] Yezid bin Zurey isə Basra şəhərində Cəfər bin Süleyman ilə eyni zamanda yaşamış böyük bir hafizdir, mühəddisdir və Cəfər bin Süleyman’ı şəxsən tanımışdır. İbnul-Cəvzi deyir: “Kunyəsi Əbu Süleymandır, bəzi hədisində münkər bir şey vardır. Əbu Bəkrə və Ömərə nifrət edərdi. Yəhyə bin Said (əl-Qattan) onu zəif saymışdır. İbn Main isə deyib: “O, siqadır”.[13] İmam Əbu Ömər İbn Abdilbərr isə bir başqa hədisdən danışarkən deyir: “Bunu Cəfər bin Süleymandan başqa heç kim rəvayət etmir və o, hafizəsinin zəifliyinə və xətalarının çoxluğuna görə hüccət deyildir.[14] İmam Əbu Bəkr əl-Beyhəqi deyir: “Əbu Bəkr bin İshaq dedi: Cəfər bin Süleyman; onda nəzər vardır.[15]  Yəni onda zəiflik vardır, tənqid olunub. Əbu Bəkr İbn İshaq isə İmam İbn Xuzeymə’dir. Əbul-Həsən İbnul-Qattan əl-Fəsi deyir: “Cəfər bin Süleymanın hədisini Muslim rəvayət etsə belə zəifdir və o, rafizidir.[16] əl-Hafiz Zəkiyyuddin əl-Munziri “ət-Tərğib vat-Tərhib” kitabında onun bir hədisini zikr etdikdən sonra deyir: “İsnadı həsəndir, çünki Cəfər saduqdur, salehdir; Muslim ondan hüccət kimi istifadə edib. ən-Nəsəi onu siqa sayıb. əd-Dəraqutni və başqaları onu tənqid ediblər.[17] İmam əz-Zəhəbi onun haqqında deyir: “Saduqdur, salehdir, siqadır, məşhurdur. Yəhyə əl-Qattan və başqaları onu zəif sayıblar, onda şiəlik vardır və onun inkar olunan rəvayətləri var. Yaza bilmirdi.[18] “Təzkiratul-Huffəz” kitabında isə deyir: “Siqa idi, onda bir zəiflik var. əl-Buxari’dən savayı camaat ondan rəvayət edib.[19] Yəni Muslim və dörd “əs-Sünən” sahibləri ondan hədis rəvayət ediblər.

Gəlin bu yazdıqlarımızı yekunlaşdıraq və nəticəyə baxaq. Əli bin əl-Mədini, Əhməd bin Hənbəl, Yəhyə bin Main, Muslim, İbn Yaqub əs-Sədi, əl-İcli, İbn Adiy, Əbu Bəkr əl-Bəzzər, İbn Hibban onu siqa sayıblar. Yəhyə bin Said əl-Qattan, Süleyman bin Hərb, İbn Ammər əl-Məvsili, Yezid bin Zurey kimi alimlər onu zəif görüblər, onu hüccət saymayıblar və ondan hədis rəvayət etməyi caiz görməyiblər. Abdurrahmən bin Mehdi, Əhməd bin Sinən əl-Qattan, Muhəmməd bin İsmayıl əl-Buxari kimi alimlər isə özünün zəif olduğunu deməsələr də hədislərini tənqid ediblər, həmçinin Əli bin əl-Mədini də özünü siqa saysa da hədislərində münkərlərin olduğunu zikr edib. Eləcə də İbn Sad onu siqa saysa da onda zəifliyin olduğunu qeyd edir. İbn Xuzeymə, İbn Abdilbərr və İbnul-Qattan əl-Fəsi kimi böyük hədis tənqidçiləri onun zəif olduğunu deyiblər. əz-Zəhəbi və İbn Həcər isə onun saduq olduğunu, lakin hədislərində xəta etdiyini, hədislərində bəzi münkər rəvayətlərin olduğunu qeyd edirlər. Bu nöqtədə ən ortaq görüş əz-Zəhəbi və İbn Həcər’in söylədiyidir. Yəni Cəfər bin Süleyman bir ravi kimi saduqdur, yalan danışmaz, lakin rəvayət etdikləri arasında münkər olanlar az deyildir.

Üstəlik buraya qədər təqdim etdiyimiz məlumatlardan anlaşılır ki, Cəfər bin Süleyman həm də rafizilikdə ittiham olunub. Cəfər bin Süleyman həqiqətən də rafizi olubmu yoxsa onda rafizilik həddinə çatmayan şiəlik olub? Bu sualın cavabını vermək üçün bu barədə gəlmiş xəbərlərə baxaq. İbn Həcər deyir: “əd-Duri dedi: “Cəfərin yanında Müaviyə zikr olunduqda onu söyərdi və Əli zikr olunuqda oturub ağlayardı.[20] Yuxarıda İbn Hibban bu xəbərlərdən birini zikr etmişdir. O xəbəri bir daha qeyd edirik. İbn Hibban deyir: “əl-Həsən bin Sufyan bizə rəvayət etdi; dedi: İshaq bin Əbi Kəmil bizə rəvayət etdi; Cərir bin Yezid bin Harun bizə atasının qarşısında rəvayət etdi və dedi: “Atam məni Cəfər bin Süleyman əd-Dubə’inin yanına göndərdi və mən ona dedim: “Bizə gəlib çatan xəbərə görə sən Əbu Bəkr və Öməri söyürsən. Dedi: “Söyməyə gəldikdə xeyr, amma nifrətə gəldikdə isə dilədiyin qədər.” Buradakı İshaq bin Əbi Kəmil haqqında İbn Əbi Hətim deyir: “O saduqdur.[21] İbn Adiy isə “əl-Kəmil” kitabında onun üçün deyir: “Hədis əhlindən siqa biri idi.[22] İbn Hibban’ın şeyxi əl-Həsən bin Sufyan isə böyük alimdir, siqadır, mötəbərdir. Cərir bin Yezid bin Harun haqqında ricəl kitablarında məlumat tapa bilmədim, lakin o, məşhur imam Yezid bin Harun’un oğludur. Cərir’in halı məchul olsa da bu hekayə səhihdir, çünki başqa yollardan rəvayət olunub. İbn Adiy “əl-Kəmil” kitabında deyir: “İbn Nəciyə bizə rəvayət etdi: Vəhb bin Bəqiyyə’ni belə deyərkən eşitdim: Cəfər bin Süleyman’a soruşdular: “Sənin Əbu Bəkri və Öməri söydüyünü iddia edirlər...” Daha sonra qalanını olduğu kimi zikr edir və eyni hekayəni başqa sənədlə zikr edir: “Muhəmməd bin Nuh əl-Cundeysəburi bizə rəvayət etdi: Əhməd bin Muhəmməd əl-Qattan bizə rəvayət etdi və dedi: əl-Xidr bin Muhəmməd bin Şuccə’ni belə deyərkən eşitdim: “Cəfər bin Süleymana deyildi: “Sənin Əbu Bəkri və Öməri söyməyinin xəbəri bizə çatıb...[23] Hər iki sənəd də səhihdir, ravilərinin hamısı siqadır. Bu hekayənin bir başqa sənədini Əbu Cəfər əl-Uqeyli gətirir. Bütün bu sənədlərdən başa düşülür ki, Cəfər bin Süleyman’ın Əbu Bəkrə və Ömərə nifrət etməsi sabitdir. Lakin bu hekayə barəsində fərqli bir izah təqdim olunub. İbn Adiy’in “əl-Kamil” kitabında zikr etdiyinə görə əs-Səci deyib: “Ondan rəvayət olunan hekayəyə gəldikdə isə bununla iki qonşusunu qəsd etmişdir, onlardan çox əziyyət görmüşdür; birinin adı Əbu Bəkr, digərinin adı isə Ömər idi. Onlar haqqında soruşulub və deyib: “Söyüşə gəldikdə xeyr, lakin nifrət etməyə gəldikdə isə sən deyəndir.” Bununla o, iki şeyxi qəsd etməmişdir.” İmam əz-Zəhəbi də əs-Səci’nin bu sözlərinin uzaq ehtimal olmadığını deyib. Amma bu, çox qəribə bir üzrdür, çünki ondan bu barədə soruşanların qəsdi peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – iki yaxın dostu, iki mübarək səhabəsi Əbu Bəkr və Ömər olub. Belə bir sualın qarşısında öz qonşularını qəsd etməsi inandırıcı deyildir, çünki o halda məqsədli şəkildə özü haqqında çox mənfi bir təsəvvür formalaşdırmış olur. əz-Zəhəbi’nin bu izahı qəbul etməsinə səbəb isə budur ki, Cəfər bin Süleyman eyni zamanda həm də Əbu Bəkr və Ömər’in fəzilətləri haqqında da hədislər rəvayət etmişdir. Lakin burada başqa bir izah da mümkündür. Ola bilsin ki, Cəfər bin Süleyman ömrünün ilk əvvəllərində bu cür rafizi olmuş və daha sonra tövbə etmiş, Əbu Bəkr və Ömərə nifrəti tərk etmişdir, səmimiliyini göstərmək üçün onların fəzilətləri haqqında hədis rəvayət etmişdir.

İndi burada bir nöqtə üzərində düşünməyimiz lazımdır. Bu hədisi İmran bin Huseyn’dən yalnız Cəfər bin Süleyman bu ləfz ilə rəvayət etmişdir. ət-Tirmizi bu hədisi zikr etdikdən sonra deyir: “Bu, həsən ğarib bir hədisdir. Biz bunu yalnız Cəfər bin Süleyman’ın hədisindən bu vəch ilə bilirik.[24] əz-Zəhəbi’nin də təsdiqlədiyi kimi bunu yalnız Cəfər bin Süleyman rəvayət etmişdir. Ona görə də rafizilikdə ittiham edilmiş, bəzən münkər xəbərlər rəvayət etmiş belə bir ravinin öz məzhəbini dəstəkləyən bir xəbəri rəvayət etməsi heç cür qəbul edilə bilməz, xüsusilə də İmran bin Huseyn’dən bunu ondan başqa heç kim rəvayət etməmişdir. Məlumdur ki, bu hədisin əsli məşhur “ğadir-xum” hədisidir və orada peyğəmbərin – aleyhissalətu vassələm – Əli haqqında söylədiyi sözlər belədir: “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır.

Bəzi müasir və qədim alimlərimizin bu hədisin isnadını səhih saymaqları heç də hədisdəki ləfzin də o şəkildə sabit olduğunu təsdiqləməkləri anlamına gəlməməlidir, çünki bu ləfzi səhih sayanlar onu digər ləfzlərə müvafiq şəkildə anlayıblar. Şeyx Şueyb əl-Arnavut’un bu hədisin isnadını güclü saymasına gəldikdə isə bu, onun daha əvvəlki rəyi idi. Lakin daha sonra İmam Əhmədin “əl-Müsnəd” kitabına yazdığı təhqiqində son görüşünü belə ifadə etmişdir: “İsnadı zəifdir; Cəfər bin Süleyman – və o, əd-Dubə’idir – tənqid olunub, şiə idi və İbn Adiy “əl-Kəmil” kitabında bu hədisi onun münkər sayılmış hədisləri arasında qeyd etmişdir, həmçinin qarşıda gələcəyi kimi İbn Teymiyyə də (münkər sayıb). Biz isnadını İbn Hibban(ın kitabının təhqiqin)də gücləndirmişdik, ona görə də buradan düzəliş edilməlidir.[25]

İbnul-Qeysərani adı ilə tanınan Alləmə Əbul-Fədl Muhəmməd bin Tahir əl-Məqdisi əş-Şeybəni (vəfatı hicri 507) bu hədisi “Zəxiratul-Huffəz” kitabında zikr etdikdən sonra deyir: “Bu hədis bu Cəfər ilə tanınır və o, şiəlikdə aşırı idi.[26] Bununla da İbnul-Qeysərani bu hədisin məqbul olmadığını ifadə edir. İmam Şəmsuddin əz-Zəhəbi “Tərixu İsləm” kitabında deyir: “Bunu Quteybə, Bişr bin Hiləl və bir qrup Cəfər’dən rəvayət ediblər və Cəfərə bu rəvayətində başqa heç kim tabe olmayıb. Bunu ən-Nəsəi və ət-Tirmizi rəvayət edib və (ət-Tirmizi) deyib: “Hədis həsəndir, ğaribdir.” Bunu İmam Əhməd “əl-Müsnəd” kitabında Abdurrazzəq’dən və Affən’dən onun (yəni Cafərin) vasitəsilə rəvayət edib. İsnadı Muslim’in şərtinə görədir, lakin sadəcə olaraq (hədis) münkər olduğu üçün onu “əs-Sahih” kitabında rəvayət etməyib.[27] əz-Zəhəbi başqa kitabında bu hədisi zikr etdikdən sonra deyir: “Bu, Cəfərin tək rəvayət etdiklərindəndir.[28] Beləliklə də İmam əz-Zəhəbi də bu hədisin münkər olduğunu təsdiqləmişdir. Yezid ər-Rişk’dən ümumiyyətlə Həmməd bin Sələmə, Həmməd bin Zeyd, İsmayıl bin Uleyyə, Abdulvaris bin Said, Şubə bin əl-Həccəc, Məmər bin Raşid, Əbən bin Yezid əl-Attar, Əbu Qudəmə əl-Həris bin Ubeyd İyədi, Süleym bin Həyyən və başqaları rəvayət edirlər. Lakin İmran bin Hüseyn’dən gəlmiş bu hədisi Yezid ər-Rişkdən yalnız Cəfər bin Süleyman rəvayət edirsə və Cəfərin tənqid olunmuş bir ravi olduğunu, xəta edən biri və rafizi olduğunu biliriksə belə bir rəvayət heç cür qəbul oluna bilməz.

Burada şiələr mütləq belə bir etiraz edəcəklər ki, bu ləfz başqa yolla da rəvayət olunub. İmam Əhməd deyir: “İbn Numeyr bizə rəvayət etdi: Əcləh əl-Kindi mənə Abdullah bin Bureydə’dən, o da atası Bureydə’dən belə dediyini rəvayət etdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – Yəmənə iki ordu göndərdi; onlardan birinə Əli bin Əbi Talibi, digərinə isə Xalid bin əl-Validi təyin etdi və dedi: “Əgər bir yerə gəlsəniz o zaman Əli hamınızın əmiridir, əgər ayrılsanız hər biriniz öz ordusunun əmiridir.” Dedi: “Yəmən əhlindən Zeyd oğulları ilə qarşılaşdıq, vuruşduq və müsəlmanlar müşriklərə qalib gəldi; döyüşçüləri öldürdük, zürriyyətlərini əsir aldıq və Əli əsir alınmışların arasında özünə bir qadını seçib götürdü.” Bureydə dedi: “Xalid bin əl-Valid Allahın elçisinə - salləllahu aleyhi va səlləm – bunu xəbər verən bir məktub yazıb mənimlə göndərdi. Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına gəldikdə məktubu verdim və (məktub) onun üçün oxundu. Bundan sonra Allahın elçisinin – salləllahu aleyhi va səlləm – üzündə qəzəbi gördüm və dedim: “Ey Allahın elçisi, burada sənin əfvinə sığınmaq yeridir; məni bir nəfər ilə yolladın və ona itaət etməyi əmr etdin və mən də nə üçün göndərilmişəmsə onu edirəm.” Allahın elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Əlini təhqir etmə, çünki o, məndəndir və mən ondanam və o, məndən sonra sizin vəlinizdir. O məndəndir, mən də ondanam və o, məndən sonra sizin vəlinizdir.[29]

Bureydə’dən rəvayət olunan bu xəbər qismən İmran bin Hüseyn’dən rəvayət olunan xəbərdən fərqlənir. Çünki birincisində şikayət edənin Xalid bin əl-Valid olduğu, ikincisində isə şikayət edənlərin dörd ayrı səhabə olduğu qeyd edilir. Lakin bu hədis də bu ləfz ilə səhih deyildir. Çünki isnadında Əcləh əl-Kindi adlı ravi vardır. Gəlin birlikdə onunla tanış olaq. Tam adı Əcləh bin Abdilləh bin Cuheyyə’dir, kunyəsi Əbu Cuheyyə’dir. Əcləh’in onun adı olmadığını, sadəcə ləqəbi olduğunu deyiblər, adının Yəhya olduğunu söyləyirlər. əl-Hafiz əl-Mizzi deyir: “Əli bin əl-Mədini Yəhyə bin Said əl-Qattan’dan (belə dediyini) nəql etdi: “Nəfsimdə ona qarşı bir şey var.” Amr bin Əli isə Yəhyə bin Said (əl-Qattan)dan nəql edir: “O, Əli bin əl-Hüseyn ilə Hüseyn bin Əli’ni ayıra bilməzdi.” Əbu Talib Əhməd bin Hənbəl’dən nəql etdi: “Əcləh və Mücalid hədisdə bir-birinə yaxındır, əl-Əcləh birdən çox münkər hədis rəvayət edib.”... Abbas əd-Duri isə Yəhyə bin Main’dən nəql edir: “Siqadır.” Bir başqa yerdə deyib: “Onda bir bəis yoxdur.” İshaq bin Mənsur isə Yəhyə bin Main’dən nəql edib: “Salehdir.” Osman bin Said əd-Dərimi isə Yəhya (bin Main)dən nəql edib: “Siqadır.” Əhməd bin Abdilləh əl-İcli deyib: “Kufəlidir, siqadır.” Əbu Hatim (ər-Razi) deyib: “Güclü deyildir, hədisi yazılar, lakin hüccət kimi götürülməz.” ən-Nəsəi deyib: “Zəifdir, elə güclü deyildir və onun pis məzhəbi var idi.” əl-Cəvzəcəni deyir: “İftiraçıdır.” Əbu Əhməd bin Adiy deyir: “Onun saleh hədisləri vardır, ondan kufəlilər və qeyriləri rəvayət edir. Onun həddi aşacaq dərəcədə münkər bir hədisini görməmişəm, nə isnad baxımından, nə də mətn baxımından. Sadəcə olaraq o, Kufənin şiələrindən sayılır və mənə görə o, hədisdə müstəqimdir, saduqdur.”...[30] İbn Sad “ət-Tabəqat” kitabında deyir: “Çox zəif idi.[31] İbn Hibban onu cərh olunmuş ravilər arasında qeyd edərək deyir: “Nə dediyini dərk etməzdi; Əbu Sufyanı Əbu Zubeyr edərdi və adları dəyişdirərdi...[32] İmam Əbu Davud onun zəif olduğunu deyib.[33] Əbu Cəfər əl-Uqeyli deyir: “əş-Şabi’dən qarışıq hədislər rəvayət etmişdir ki, onları ondan başqa heç kim rəvayət etməyib.[34] Alləmə Muğultay deyir: “əs-Səci onun haqqında dedi: “Zəifdir və o, saduqdur.”... İbnul-Cərud’un kitabında isə deyir: “Bir şey deyildir.” Əbul-Qasim əl-Bəlxi və Əbul-Arab onu zəif ravilər arasında zikr ediblər.... Yaqub bin Sufyan (əl-Fəsəvi) deyir: “Siqadır, hədisi leyyindir.[35] İbn Zureyq deyir: “əd-Dəraqutni dedi: “Əcləh güclü deyildir.[36] Amr bin Əli əl-Fəlləs isə onun haqqında deyib: “Hədisdə müstəqimdir, saduqdur.” Əbul-Fərəc İbnul-Cəvzi onu hədis uydurmaqda ittiham etmişdir. Əbul-Abbas Əhməd bin Əbi Bəkr əl-Busiri deyir: “Bu ravilərindən biri əl-Əcləh bin Abdilləh olan bir isnaddır, onda ixtilaf ediblər. Onu Əhməd, Əbu Hatim, ən-Nəsəi, Əbu Davud, İbn Sad zəif sayıblar, İbn Main, əl-İcli və Yaqub bin Sufyan isə siqa sayıblar...[37]

Xülasə olaraq deyə bilərik ki, əksər alimlər əl-Əcləh bin Abdilləh’i zəif sayıblar. Yəhyə bin Said əl-Qattan, ən-Nəsəi, Əbu Davud, Əbu Hatim ər-Razi, əl-Cəvzəcəni, İbn Sad, İbn Hibban, Əbu Cəfər əl-Uqeyli, əs-Səci, İbnul-Cərud, Əbul-Qasim əl-Bəlxi, Əbul-Arab, əd-Dəraqutni və başqaları onu zəif saymış alimlər arasındadır. Yəhyə bin Main, əl-İcli, Amr bin Əli əl-Fəlləs, Yaqub bin Sufyan əl-Fəsəvi, İbn Adiy onu təvsiq edib. İmam Əhməd hədisləri arasında münkərlərin də olduğunu qeyd edib. əz-Zəhəbi və İbn Həcər ona saduq hökmü versələr də, yəni hədisinin həsən dərəcəsində olduğunu söyləsələr də Şueyb Arnavut, Bəşşər bin Avvad əl-Bəğdədi bu hökmlə razılaşmamış, onun zəif olması görüşünü daha doğru saymışlar. Bütün bunlarla yanaşı daha önəmli nöqtə budur ki, əl-Əcləh məzhəbində aşırı şiə olub. İmam ən-Nəsəi deyir: “əl-Əcləh güclü deyildir və şiəlikdə həddini aşırdı.[38]

Qayda isə budur ki, bu cür ravilərin öz məzhəblərini dəstəkləyən xəbərləri qəbul olunmur. Bu səbəblə Şeyx Şueyb Arnavut “əl-Müsnəd” kitabının təhqiqində bu hədis barəsində deyir: “Əcləh əl-Kindi – və o, İbn Abdilləh bin Huceyyə’dir - səbəbi ilə bu məzmun ilə (rəvayətin) isnadı zəifdir, çünki (Əcləh) zəifdir...

Ona görə də əl-Hafiz İbn Kəsir bu hədisin ləfzi haqqında deyir: “Bu ləfz münkərdir, əl-Əcləh şiədir və belə bir rəvayəti tək başına onun kimi bir ravi rəvayət edərsə qəbul olunmaz. Bunda ona ondan da zəif olan biri tabe olmuşdur. Doğrusunu Allah bilir. Bunun haqqında doğru və səhih olan Əhmədin Vaki’dən, onun da əl-Aməş’dən, onun isə Sad bin Ubeydə’dən, onun da Abdullah bin Bureydə’dən, onun isə atasından rəvayət etdiyidir: “Dedi: Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurdu: “Mən kimin vəlisiyəmsə Əli də onun vəlisidir.” Bunu yenə Əhməd və əl-Həsən bin Arafə Əbu Muaviyə’dən, o da əl-Aməş’dən eyni isnadla rəvayət edir. Bunu ən-Nəsəi də Əbu Kureyb’dən, o da Əbu Muaviyə’dən bu isnad ilə rəvayət edir.[39] Görə bildiyimiz kimi bunun Bureydə’dən birdən çox yoldan rəvayət edilmiş səhih versiyasında Allahın elçisinin – aleyhissalətu vassələm – söylədiyi sözlər belədir: “Mən kimin vəlisiyəmsə Əli də onun vəlisidir.” Buradan da anlaşılır ki, bu ravi bu hədisi öz etiqadına uyğun mənada anladığı üçün o mənada da rəvayət etmişdir.

Bütün bu yazdıqlarımızdan sonra şiələrin daha bir etirazı var. Onlar üçüncü bir rəvayəti gətirəcəklər. Əbu Davud ət-Tayəlisi deyir: “Əbu Avanə bizə Əbu Bəlc’dən, o da Amr bin Məymun’dan, o isə İbn Abbas’dan rəvayət etdi ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – Əliyə dedi: “Sən məndən sonra bütün möminlərin vəlisisən.[40] Bu hədis əslində İbn Abbasdan rəvayət olunan çox uzun bir hədisdən yalnız bir cümlədir. Hədisi tam mətni ilə İmam Əhməd “əl-Müsnəd” kitabında, İbn Əbi Asim “əs-Sünnə” kitabında rəvayət edir. Bu hədis isnadındakı Əbu Bəlc ətrafında dolanır. Ona görə də gəlin Əbu Bəlc ilə də tanış olaq. Əbu Bəlcin adı üzərində ixtilaf ediblər. Məşhur olan budur ki, onun adı Yəhyə bin Süleym əl-Fəzəri əl-Vasiti’dir. İbrahim bin Yaqub əs-Sədi əl-Cəvzəcəni deyir: “Əbu Bəlc, yəni Yəhyə bin Süleym əl-Vasiti...siqa deyildir.[41] İbn Hibban onu cərh olunmuş ravilər arasında zikr edir və deyir: “Xəta edənlərdən idi, tərk olunmağa layiq olacaq dərəcədə xətası ağır deyildir. Bəşərin qurtula bilməyəcəyi bir şey ondan gəlməyib, ona görə də onunla adillərin davrandığı kimi davranmalıyıq. Beləliklə də mənim nəzərimdə onun tək başına rəvayət etdiyi hüccət olaraq götürülməz...[42] əl-Əzdi də onun siqa olmadığını deyib. İbn Adiy deyir: “Hədisində bir bəis yoxdur.[43] İbn Sad, ən-Nəsəi, Yəhyə bin Main, əd-Dəraqutni onu siqa sayıblar. Əbu Hatim ər-Razi onun haqqında deyir: “Hədisdə salehdir, onda bir bəis yoxdur.[44] Əbu Əhməd əl-Həkim (vəfatı hicri 378) deyir: “Əbu Bəlc və Əbu Saleh də deyilir; Yəhyə bin Əbi Suleym. İbn Əbil-Əsvad əl-Fəzəri əl-Kufi də deyilir. əl-Vasiti də deyilir...Əhməd bin Hənbəl onu zəif saymışdır.[45] Başqalarının İmam Əhməddən rəvayət etdiklərində isə o, demişdir: “Münkər bir hədis rəvayət etmişdir.” Əbul-Abbas Şihəbuddin əl-Busiri “İthəful-Xiyəratil-Məhəra” kitabında Əbu Bəlc’in rəvayət etdiyi bir başqa hədisin isnadı haqqında deyir: “Bu, tənqid olunmuş bir isnaddır; Əbu Bəlcin adı barəsində bir neçə rəy üzərində ixtilaf edilib və ədaləti üzərində də ixtilaf edilib. İbn Main, İbn Sad, ən-Nəsəi, əd-Dəraqutni onu siqa sayıb. Əbu Hətim deyib: “Onda bir bəis yoxdur.” İbn Hibban “əs-Siqat” kitabında deyir: “Xəta edir.” əl-Buxari deyib: “Onda nəzər vardır.” əl-Cəvzəcəni və əl-Əzdi deyib: “Siqa deyildi.”...[46] Nuruddin əl-Heytəmi onun haqqında deyir: “Əbu Bəlc əl-Fəzəri siqadır, onda “lin” vardır.[47] Lin isə hafizədəki zəiflikdir, diqqətsizlikdir, gevşəklikdir. əz-Zəhəbi də “əl-Muqtənə” kitabında onun “leyyin” olduğunu, yəni diqqətsiz və gevşək olduğunu deyib.

Əbu Bəlc ilə maraqlandığım müddətdə onun rəvayət etdiyi bir çox rəvayət ilə tanış oldum. Diqqətimi çəkən məqam bu oldu ki, Əbu Bəlc bir çox rəvayətində Əli bin Əbi Talib haqqında – radiyallahu anhu – başqalarının rəvayət etmədiyi xəbərlər rəvayət edir və yaxud da başqalarının rəvayət etdiyi xəbərləri daha fərqli şəkildə, şiə məzhəbinə müvafiq şəkildə rəvayət edir. Nəfsimdə bu ravinin şiə olduğunu artıq düşünürdüm, xüsusən də ravinin yaşadığı coğrafiyada şiəlik rəvac tapmışdı. Lakin oxuduğum tərcümə kitablarında bu barədə məlumat tapa bilmirdim. Sonunda Hafiz İbn Həcər’in “Bəzlul-Məun” kitabını oxuduqda təxminimdə yanılmadığımı anladım. İbn Həcər deyir: “İbnul-Cəvzi nəql edib ki, İbn Main onu zəif sayıb. Əgər bu sabitdirsə ola bilər ki, (İbn Maindən) o və ondan daha güclü biri haqqında soruşublar və (həmin güclü raviyə) nisbətdə onu zəif saymışdır. Bu, İbn Maindən haqqında fərqli rəvayətlər gəlmiş ravilərlə bağlı dəyərli bir qaydadır. Buna Əbul-Valid əl-Bəci “Ricəlul-Buxari” kitabında diqqət çəkmişdir. Həm də ola bilər ki, İbn Main onu sahib olduğu görüşünə görə zəif saymışdır, çünki o, şiəliyə mənsubdur...[48] Yəhyə bin Main’in onu zəif saydığını təkcə İbnul-Cəvzi yox, həm də İbn Abdilbərr nəql etmişdir. Lakin İbn Main’dən məşhur olan hökm onun siqa olması hökmüdür. Lakin bu nəqldə bizim üçün önəmli olan Əbu Bəlc’in şiə məzhəbindən olmasıdır.

İbn Abbas’dan gəlmiş bu rəvayətin özünə gəldikdə isə İmam Əhməd’dən başlayaraq onu münkər saymış alimlər olub. Alləmə Zeynuddin İbn Rəcəb – rahiməhullah – deyir: “Əbu Bəlc əl-Vasiti; Amr bin Meymun’dan, (onun vasitəsilə də) İbn Abbas’dan, o da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – hədislər rəvayət edir. Onlardan biri də Əlinin fəziləti haqqında uzun bir hədisdir ki, əl-Əsram’ın rəvayətinə əsasən onu İmam Əhməd inkar etmişdir. Ondan soruşdular: “Amr bin Meymun məgər İbn Abbas’dan rəvayət edirmi?” Dedi: “Bilmirəm, onu bilmirəm.[49] Beləliklə də buradan öyrənirik ki, İmam Əhməd bu hədisi Əbu Bəlc’in münkər xəbərlərindən biri hesab etmişdir. İmam Əhməd’in “bilmirəm” sözü o rəvayətin münkər olması mənasını daşıyır. Həmçinin əz-Zəhəbi onun münkər xəbərlərini sayarkən deyir: “Münkərlərindən biri də Amr bin Məymun’dan, onun da İbn Abbas’dan rəvayət etdiyidir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Əlinin – radiyallahu anhu – qapısından başqa digər qapıları bağlamağı əmr etdi.[50] Bu, uzun hədisdən sadəcə bir ləfzdir. İmam ət-Tirmizi də “əs-Sünən” kitabında deyir: “Muhəmməd bin Humeyd ər-Razi bizə rəvayət etdi; dedi: “İbrahim bin Muxtər bizə Şu’bədən, o da Əbi Bəlc’dən, o isə Amr bin Məymun’dan, o da İbn Abbas’dan rəvayət edir ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – “Əlinin qapısından başqa digər qapıları bağlamağı əmr etdi.” Bu hədis ğaribdir, bunu Şu’bədən bu isnad ilə yalnız bu vəchdən bilirik.[51] Diqqət edərsək görərik ki, ət-Tirmizi hədisin həsən olduğunu söyləməmişdir, sadəcə “ğarib” olduğunu söyləməklə kifayətlənmişdir. Məlumdur ki, ət-Tirmizi yalnız “ğarib” deyərsə bununla zəif olduğunu qəsd edir. Bu isnadda isə Əbu Bəlc’dən başqa bütün ravilər şübhəsiz siqadır.

Bəzi alimlərimiz bu münkərliyin səbəbini izah ediblər. İbn Rəcəb deyir: “Hafiz Abdulğani bin Said əl-Misri zikr edir ki, Əbu Bəlc bu Amr bin Məymun’un adında xəta etmişdir, əslində o, məşhur Amr bin Məymun deyildir, o sadəcə Abdurrahmən bin Səmura’nın azadlı köləsi Məymun Əbu Abdilləhdir.” Bu uzaq bir ehtimal deyildir. Doğrusunu Allah bilir.[52] Hafiz Abdulğani isə əd-Dəraqutni’nin müasirlərindən, Misir diyarının zamanındakı böyük mühəddislərindən Əbu Muhəmməd əl-Əzdi’dir. Onun bu təxminində nə qədər haqlı olub olmamasından asılı olmayaraq görürük ki, Əbu Bəlc’in bu rəvayətinin münkər olmasını təsdiqləmişdir. Lakin bu təxminə gəldikdə isə, yəni Əbu Bəlc’in xəta etməsi ehtimalına gəldikdə isə bunu gücləndirən tərəflər mövcuddur, belə ki, həqiqətən də bu hədisin müxtəlif hissələrini Məymun Əbu Abdilləh əl-Bəsri rəvayət edib. Bu, rəvayət Əbu Bəlc’in rəvayət etdiyi yeganə münkər xəbər deyildir. Əbul-Fədl əl-İraqi “Təxric Əhədis əl-İhyə” kitabında başqa bir hədis haqqında danışarkən deyir: “Burada Cibril və Mikayıl keçmir və bu ziyadəni hədisin əslində görə bilməmişəm və sənədində Əbu Bəlc vardır, onun haqqında ixtilaf ediblər və hədis münkərdir.[53] Eləcə də Əbu Cəfər əl-Uqeyli (vəfatı hicri 322) “əl-Duafə əl-Kəbir” kitabında hədisin bir hissəsini rəvayət edir və deyir: “Bunu Əbu Avanə Əbu Bəlc’dən rəvayət edib və Əbu Avanədən səhih deyildir.[54]

əl-Hakim “əl-Müstədrək” kitabında bu hədisi rəvayət etdikdən sonra deyir: “Bu, isnadı səhih bir hədisdir.” Lakin Şeyx Muqbil bin Hədi əl-Vadi’i onun bu sözlərinə etiraz edərək deyir: “Xeyr, Əbu Bəlc Yəhyə bin Suleym’dir və ona İbn Əbi Suleym də deyilir. Üzərində ixtilaf edilib. Üstün rəy budur ki, zəifdir, çünki haqqındakı cərh müfəssərdir. əl-Buxari deyib: “Onda nəzər vardır.” Bu isə əl-Buxari’nin istifadə etdiyi ən pis cərh sözlərindəndir.[55] Həmçinin Şeyx Şueyb əl-Arnavut “əl-Müsnəd” kitabındakı hədisin təhqiqində deyir: “(Rəvayətin) bu məzmun ilə isnadı zəifdir, Əbu Bəlci – və onun adı Yəhyə bin Süleym və ya İbn Əbi Süleym’dir – birdən çox (imam) siqa saysa da onun haqqında əl-Buxari demişdir: “Onda nəzər vardır.” Onun haqqındakı ən adil görüş isə İbn Hibban’ın “əl-Məcruhin” kitabında dediyi kimi tək başına rəvayət etmədiklərində rəvayəti məqbuldur. Hədisinin mətnində münkər ləfzlər vardır, hətta “əs-Sahih”dəkilərə tamamilə zidd olduğu üçün batildir.[56]

Şeyx Abdurrahmən əl-Mubərakfuri bu ləfzdə gəlmiş hədisin şərhində buyurur: “Şiələr Əlinin – radiyallahu anhu – Allahın elçisindən – salləllahu aleyhi va səlləm – sonra heç bir fasilə olmadan xəlifə olmasına dair bunu dəlil gətirirlər. Bunu buna dair dəlil gətirməkləri batildir, çünki bu dəlilin doğruluğu (hədisdəki) “məndən sonra” ləfzinin səhihliyinə və onun səhih, məhfuz və hüccət kimi yararlı olmasına dayanır. Bu isə heç də elə deyildir, çünki bunu Cəfər bin Süleyman tək başına rəvayət edir və o, şiədir, hətta şiəlikdə həddini aşır.... Onun bu hədisdə “məndən sonra” sözünün şiəlik etiqadını dəstəkləməsi aşkar görünür və öz məqamında isbat olunub ki, bidətçi öz bidətini gücləndirən bir şey rəvayət edərsə rədd olunur. Şeyx Abdulhəqq əd-Dihləvi müqəddiməsində deyir: “Seçilməyə layiq olan görüş budur ki, əgər bidətinə dəvət edən, onu yayan biridirsə rədd olunur, əgər belə deyilsə qəbul olunar, amma bidətini gücləndirən bir şey rəvayət etməsi istisnadır ki, o, qəti olaraq rədd olunur.” Əgər desən ki, “məndən sonra” sözünü rəvayət etməkdə Cəfər bin Süleyman tək qalmayıb, əksinə bu sözü rəvayət etməkdə ona Əcləh əl-Kindi də tabe olub... Deyərəm ki, bu Əcləh əl-Kindi də həmçinin şiədir...Aşkar görünən budur ki, “məndən sonra” sözü bu iki şiənin xətasından qaynaqlanır və bunu dəstəkləyən tərəf budur ki, İmam Əhməd müsnədində bu hədisi bir neçə yoldan rəvayət edib və onlardan heç birində bu əlavə sözlər yoxdur...[57] Qeyd edək ki, bu xəbərin bu üç yoldan rəvayətinin münkər olduğunu həmçinin Şeyxul-İslam İbn Teymiyyə də söyləmişdir.

Araşdırmanın sonunda qarşımıza çıxan mənzərə budur ki, bu üç səhabədən, yəni İmran bin Hüseyn’dən, Bureydə’dən və İbn Abbasdan gəlmiş rəvayətlərin hər birini bu ləfzlə rəvayət edənlər şiədir və onlardan başqa heç kim həmin hədisi onların rəvayət etdiyi kimi rəvayət etməyib. Üstəlik məlum oldu ki, bu xəbərin əsli məşhur “ğadir-xum” hadisəsidir və orada peyğəmbərimizin – aleyhissalətu vassələm – seyyidimiz Əli üçün dediyi məşhur sözlər belədir: “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır.

FAYDA

Sonunda burada mövzu ilə bağlı bəzi faydaları zikr etməklə məsləhəti tamamlayaq. Qeyd edək ki, əl-Hafiz İbn Həcər “əl-İsabə” kitabında İmran bin Hüseyn’in hədisini zikr etdikdən sonra davamında buyurur: “Əhmədin müsnədində ceyyid bir sənəd ilə Əli’dən belə dediyi (rəvayət olunur) : “Dedilər: “Ey Allahın elçisi, özündən sonra kimi əmir qoyursan?” Dedi: “Əgər Əbu Bəkri əmir seçsəniz onu əmin, dünyaya könül salmayan, Axirətə rəğbət bəsləyən biri kimi görəcəksiz. Əgər Öməri əmir seçsəniz onun güclü, əmin olduğunu, Allah yolunda heç bir qınayıcının qınağından qorxmayan biri olduğunu görəcəksiz. Əgər Əlini əmir seçsəniz – bunu edəcəyinizi güman etmirəm – onu doğru yol gedən və doğru yola yönəldən biri kimi görəcəksiz, sizi doğru yola aparacaq.[58] Bu rəvayətdən anladığımız budur ki, peyğəmbər – aleyhissalətu vassələm – özündən sonra heç kimi xəlifə təyin etməyib. İbn Həcər bu isnadı ceyyid saymışdır, lakin sənədində Zeyd bin Yusey’ adlı bir ravi vardır ki, Əli bin Əbi Talib’dən çox az sayda hədis rəvayət edib, ondan isə yalnız Əbu İshaq əs-Səbi’i rəvayət etmişdir. İbn Hibban, əl-İcli və İbn Xalfun onu siqa sayıblar. Həmçinin İbn Həcər də “ət-Təqrib” kitabında onu siqa sayıb. Lakin Şeyx Şueyb bu təvsiqin kifayətli olmadığını deyir, ona görə də hədisi zəif saymışdır.

İkinci bir fayda budur ki, Əbu Əhməd İbn Adiy “əl-Kəmil” kitabında araşdırmamızda qeyd etdiyimiz birinci hədisi Cəfər bin Süleyman əd-Dubəi’nin münkər xəbərləri arasında zikr etdikdən sonra deyir: “Əhməd bin Əli bin əl-Musənnə bizə rəvayət etdi; əl-Həsən bin Ömər bin Şəqiq bizə rəvayət etdi; Cəfər bin Süleyman bizə Əbu Harun’dan, o da Əbu Said’dən rəvayət etdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – özündən sonra xəlifə təyin etmədən öldü.” Cəfər bin Muhəmməd bin əl-Abbas bizə rəvayət etdi; Bişr bin Hiləl bizə rəvayət etdi; Cəfər bin Süleyman bizə rəvayət etdi; Əbu Harun bizə Əbu Said’dən belə dediyini rəvayət etdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – heç kimi özündən sonra xəlifə təyin etməmişdi.[59] Ləfzdə fərq olsa da bu, eyni hədisdir, yəni Əbu Said əl-Xudri – radiyallahu anhu – peyğəmbərin – aleyhissalətu vassələm – özündən sonra heç kimi xəlifə kimi təyin etmədiyini qeyd edir. Bu hədisi isə bizim bu Cəfər bin Süleyman əd-Dubəi rəvayət edir. Lakin bu xəbər səhih deyildir, çünki Əbu Harun əl-Abdi tərk olunmuş bir ravidir, Əbu Said əl-Xudri’dən doğru olmayan xəbərlər rəvayət etmişdir. Amma bu ləfzin özü səhihdir, çünki bu, digər səhih sənədlər ilə sabit olmuşdur. İmam Əhməd deyir: “Vaki bizə rəvayət etdi; Əbul-Umeys bizə İbn Əbi Muleykə’dən, o da Aişə’dən belə dediyini rəvayət etdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – özündən sonra heç kimi xəlifə təyin etmədən vəfat etdi...[60] Yenə İmam Əhməd deyir: “Abdurrazzəq bizə rəvayət etdi; Mə’mər bizə əz-Zuhri’dən, o da Səlim’dən, o isə İbn Ömər’dən rəvayət etdi ki, o, Ömərə dedi: “Mən insanların bir söz dediyini eşitdim və onu sənə demək istədim. İddia edirlər ki, sən özündən sonra heç kimi xəlifə təyin edən deyilsən.” Bunun üzərinə (Ömər) bir müddətlik başını qoydu və sonra qaldıraraq dedi: “Allah – azzə va cəllə - dinini qoruyur, mən əgər özümdən sonra xəlifə təyin etməzsəm Allahın elçisi də - salləllahu aleyhi va səlləm – özündən sonra heç kimi xəlifə təyin etmədi və əgər özümdən sonra xəlifə qoyarsam Əbu Bəkr də özündən sonra xəlifə qoymuşdu...[61]

Həmçinin Əbu Bəkr’in peyğəmbərdən – aleyhissalətu vassələm – sonra xəlifə olmağa daha layiq olduğunu göstərən səhih və sabit hədislər mövcuddur. İmam əl-Buxari deyir: “İshaq bizə rəvayət etdi; Xalid bin Abdilləh bizə Xalid əl-Həzzə’dən, o da Əbu Osman’dan xəbər verdi ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – Amr bin əl-As’ı “Zətus-Suləsil” ordusu üzərində göndərdi. Dedi: Onun yanına gəlib soruşdum: “İnsanlardan sənə ən sevimli kimdir?” Dedi: “Aişə.” Soruşdum: “Kişilərdən bəs?” Dedi: “Atası.” Dedim: “Sonra kim?” Dedi: “Ömər.” Beləliklə də bir neçə nəfərin adını çəkdi və mən axırıncı sayılacağımzdan qorxduğum üçün susdum.[62]

İmam əl-Buxari deyir: “əl-Humeydi və Muhəmməd bin Ubeydilləh mənə rəvayət etdi; dedilər: İbrahim bin Sad bizə atasından, o da Muhəmməd bin Cubeyr bin Mutim’dəm, o da atasından belə dediyini rəvayət etdi: “Bir qadın peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəldi. Ona bir daha yanına gəlməsini buyurdu. (Qadın) dedi: “Əgər gəlib sənin tapa bilməsən necə?” Sanki ölümünü qəsd edirdi. (Peyğəmbər) salləllahu aleyhi va səlləm dedi: “Əgər məni tapmazsan Əbu Bəkrin yanına get![63]

İmam Əhməd deyir: “Sufyan bin Uyeynə bizə Zəidə’dən, o da Abdulməlik bin Umeyr’dən, o isə Rib’i bin Hiraş’dan, o da Huzeyfə’dən rəvayət etdi ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Məndən sonrakılara, Əbu Bəkrə və Ömərə tabe olun![64]

İmam Muslim deyir: “Ubeydullah bin Said bizə rəvayət etdi: Yezid bin Harun bizə rəvayət etdi: İbrahim bin Sad bizə xəbər verdi: Saleh bin Keysən bizə əz-Zuhri’dən, o da Urva’dan, o isə Aişədən belə dediyini rəvayət etdi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – xəstəliyində mənə dedi: “Atan Əbu Bəkri və qardaşını yanıma çağır ki, bir yazı yazım, çünki mən qorxuram ki, təmənni edən təmənni edər və deyən deyər ki, “mən daha layiqəm”. Allah və möminlər isə Əbu Bəkrdən başqasına razı olmaz.[65]

İmam əl-Buxari deyir: “İshaq bin Nəsr bizə rəvayət etdi; dedi: Hüseyn bizə Zəidə’dən, o da Abdulməlik bin Umeyr’dən rəvayət etdi; dedi: Əbu Burdə mənə Əbu Musə’dən belə dediyini rəvayət etdi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – xəstələndi və xəstəliyi şiddətləndi. Ona görə də dedi: “Əbu Bəkrə əmr edin də insanlara namazı qıldırsın!” Aişə dedi: “O, zərif bir insandır, əgər sənin yerinə keçərsə insanlara namaz qıldırmağı bacarmayacaq.” Dedi: “Əbu Bəkrə əmr edin də insanlara namazı qıldırsın!” (Aişə sözünü) təkrarladı. (Peyğəmbər) dedi: “Əbu Bəkrə əmr et ki, insanlara namazı qıldırsın, siz Yusufun yoldaşları kimisiz.” Beləliklə də Allahın elçisi yanına gəldi, o da peyğəmbərin – salləllahu aleyhi va səlləm – sağlığında insanlara namaz qıldırdı.[66]

İmam əl-Buxari deyir: “Abdulməlik bin Muhəmməd əl-Cufi bizə rəvayət etdi; dedi: Vəhb bin Cərir bizə rəvayət etdi; dedi: atam mənə rəvayət etdi; dedi: Yələ bin Həkim’i eşitdim ki, İkrimə’dən, o da İbn Abbasdan belə dediyini (rəvayət etdi) : “Allahın elçisi – salləllahu aleyhi va səlləm – ölümü ilə nəticələnən xəstəliyində çölə çıxdı, başını bir parça ilə sarımışdı. Minbərin üstündə oturdu və Allaha həmdü-səna gətirdi və sonra dedi: “İnsanların arasında canı və malı ilə mənə Əbu Quhəfə oğlu Əbu Bəkr qədər yaxşılıq etmiş biri yoxdur. Əgər insanların arasından özümə xəlil seçməli olsaydım Əbu Bəkri özümə xəlil seçərdim, lakin İslam xülləsi daha üstündür. Bu məsciddə Əbu Bəkrin qapısınan başqa bütün qapıları bağlayın.[67] Xüllə məhəbbət və sədaqətdir, yoldaşlıq və qardaşlıqdır.

Bütün bu rəvayətlər və digər əsərlər Əbu Bəkrin bu məqama daha layiq olduğuna dəlalət edir. Bununla da kifayətlənirik.



[1] “Müsnəd Əbi Davud ət-Tayəlisi”, 868;

[2] “əl-Kəmil fi Duafə ər-Ricəl”, 2/389;

[3] “ət-Tabəqat əl-Kubra”, 7/28; Dar Sadir

[4] “Tərixu İbn Main”, 4/130 (3533) əd-Duri’nin rəvayəti

[5] “ət-Tarix əl-Kəbir”, 2/192 (2161);

[6] “Əhvalur-Ricəl”, səh: 184 (173)

[7] “Tərixus-Siqat”, səh: 97 (212)

[8] “əl-Cərh vat-Tədil”, 2/481;

[9] “əs-Siqat”, 6/140 (7074);

[10] “Tərixu Əsməid-Duafə val-Kəzzəbin”, səh: 66 (93);

[11] “İkməlu Təhzibil-Kəməl”, 3/220;

[12] “Tərixu Bəğdəd”, 5/372;

[13] “əd-Duafə val-Mətrukun”, 1/171

[14] “İkməlul-Mulim”, 2/62; “Şərh ən-Nəvəvi alə Muslim”, 3/150;

[15] “əs-Sünən əl-Kubra”, 1/523;

[16] “Bəyənul-Vahm val-İyhəm”, 5/169;

[17] “ət-Tərğib vat-Tərhib”, 4/135;

[18] “əl-Muğni fid-Duafə”, səh: 132 (1144);

[19] “Təzkiratul-Huffəz”, 1/177;

[20] “Təhzibut-Təhzib”, 2/97;

[21] “əl-Cərh vat-Tədil”, 2/209;

[22] “əl-Kəmil fi Duafə ər-Ricəl”, 8/328;

[23] Eyni mənbə: 2/568;

[24] “Sünən ət-Tirmizi” (3712)

[25] “Müsnəd Əhməd”, 33/154; Muəssəsətur-Risələ

[26] “Zəxiratul-Huffəz”, 2/1103; Darus-Sələf, birinci nəşr: 1416/1996, Riyad

[27] “Tərixu İsləm”, 11/71; Dərul-Kitəbil-Arabi, ikinci nəşr: 1413/1993, Beyrut

[28] “Siyəru Əaləmin-Nubələ”, 8/199;

[29] “əl-Müsnəd”, 38/117-118 (23012)

[30] “Təhzibul-Kəməl”, 2/276-278;

[31] “ət-Tabəqat əl-Kubra”, 6/350;

[32] “əl-Məcruhin”, 1/175;

[33] “Suələt əl-Əcurri”, səh: 178;

[34] “Təhzibut-Təhzib”, 1/190;

[35] “İkməlu Təhzibil-Kəməl”, 2/14

[36] “Mən təkəlləmə fihid-Dəraqutni”, səh: 32;

[37] “Misbəhuz-Zucəcə”, 2/136;

[38] “əs-Sünən əl-Kubra”, 6/158 (10452)

[39] “əl-Bidəyə van-Nihəyə”, 11/59;

[40] “Musnəd Əbi Davud ət-Tayəlisi”, 4/469 (2875)

[41] “Əhvalur-Ricəl”, səh: 198;

[42] “əl-Məcruhin”, 3/113;

[43] “əl-Kəmil”, 9/81;

[44] “Təhzibul-Kəməl”, 33/163;

[45] “əl-Əsəmi val-Kunə”, 2/352;

[46] “İthəful-Xiyəratil-Məhəra”, 1/88;

[47] “Məcməuz-Zəvaid”, 9/120;

[48] “Bəzlul-Məun fi Fədlit-Taun”, səh: 117;

[49] “Şərh İləl ət-Tirmizi”, 2/821;

[50] “Mizənul-İtidəl”, 4/384;

[51] “Sünən ət-Tirmizi”, 3732

[52] “Şərh İləl ət-Tirmizi”, 2/822;

[53] “Təxricu Əhədis əl-İhyə”, səh: 1164;

[54] “əd-Duafə əl-Kəbir”, 4/221;

[55] “əl-Mustədrak aləs-Sahiheyn”, 3/155;

[56] “Musnəd Əhməd”, 5/181;

[57] “Tuhfətul-Əhvazi”, 10/146-147;

[58] “əl-İsabə fi Təmyizis-Sahabə”, 4/468;

[59] “əl-Kəmil fid-Duafə”, 2/379;

[60] “Müsnəd Əhməd”, 40/403-404 (24346)

[61] “Müsnəd Əhməd”, 1/415 (332)

[62] “Sahih əl-Buxari”, 4358;

[63] “Sahih əl-Buxari”, 3659;

[64] “Müsnəd Əhməd”, 38/280-281; Şeyx Şueyb Arnavut deyir: “Rəvayət yolları və şahidləri ilə birlikdə həsən bir hədisdir.”

[65] “Sahih Muslim”, (2387)

[66] “Sahih əl-Buxari” (678); “Sahih Muslim” (420)

[67] “Sahih əl-Buxari” (467);