Əbu Hureyra və rəvayətlərinin sayı

Məlumdur ki, Əbu Hureyra – radiyallahu anhu – səhabələrin hafizi hesab edilir, çünki səhabələr arasında ən çox hədis rəvayət edən o sayılır. Buna görə də rafizilər Əbu Hureyra’nı sevmirlər və onu yalanda ittiham edirlər. Lakin bu barədə düzəlişə ehtiyac duran bir nöqtə vardır və bu kiçik yazımızda bunu etmək istəyirik.

 

Ən çox hədis rəvayət etmiş səhabələrin hər birinin neçə hədis rəvayət etməsi haqqında bir çox kitablarda və səhifələrdə müəyyən rəqəmlər yazılır. Misal üçün Əbu Hureyra üçün deyirlər ki, onun rəvayət etdiyi hədislərin sayı 5374-ə çatır. Bəs bu rəqəm hardan gəlir? Bunu ciddi bir hesablama apararaq xəbər veriblər yoxsa hansısa bir alimin sözünə dayanır? Cavab budur ki, bu və digər səhabələrin rəvayətləri üçün deyilmiş rəqəmlər İbnul-Cəvzi’nin “Təlqih Fuhum Əhlil-Əsər” adlı kitabından qaynaqlanır. Ondan sonra gələn və bu barədə yazmış alimlər də məhz İbnul-Cəvzi’nin bu dediyinə əsaslanırlar. Araşdırmaçılar qeyd edirlər ki, İbnul-Cəvzi bunu deyərkən əndəlüslü imam Əbu Abdirrahmən Bəqi bin Məxləd’in “əl-Müsnəd” əsərinə əsaslanaraq demişdir, çünki Bəqi bin Məxləd’in bu əsəri tarixdə yazılmış ən böyük hədis kitabı sayılır və İmam Əhmədin “əl-Müsnəd” kitabından da böyük kitabdır. Lakin burada bir problem ortaya çıxır. İbnul-Cəvzi’nin dediyi bu rəqəm Əbu Hureyra’nın rəvayət etdiyi hədislərin mətnlərinə aiddir yoxsa sənədlərinə? Çünki əvvəlki alimlər adətən bu cür rəqəmlər gətirdiyikdə çox zaman rəvayət kanallarını qəsd edirlər, misal üçün əgər Əbu Hureyra’dan eyni sözlər beş ayrı yoldan rəvayət edilibsə buna beş hədis kimi baxırlar. Ona görə də İbnul-Cəvzi’nin zikr etdiyi rəqəm əslində Əbu Hureyra’nın rəvayət etdiyi hədislərin həqiqi sayını təmsil etmir.

Buradan çıxış edərək müasir zamanımızda bu mövzuda bəzi araşdırmalar edilib. Misal üçün misirli mühəddis Əhməd Şakir – rahiməhullah – “əl-Bəis əl-Həsis” kitabında bu barədə danışmışdır. Şeyx Əhməd İmam Əhmədin “əl-Müsnəd” kitabında Əbu Hureyradan rəvayət edilmiş rəvayətlərin sayının 3848 olduğunu deyir. Əlavə edir ki, bu say rəvayət yollarına aiddir, yəni bura təkrarlanan hədislər də daxildir. Ona görə də təkrarlananları çıxdıqda yerdə yalnız 1579 hədis qalır.

Bu barədə daha geniş araşdırma aparmış alim isə Şeyx Mühəddis Ziyaur-Rahmən əl-Azami’dir. O, yazdığı magistratura işində Əbu Hureyranın rəvayətlərini araşdırmışdır. Şeyxin gəldiyi nəticə bu olub ki, yalnız Əbu Hureyra’nın tək başına rəvayət etdiyi səhih hədislərin sayı 220-ni keçmir. Burada bəzi nöqtələrə toxunmaq lazımdır. Şeyx əl-Azami bəzi zəif hədisləri də səhih saymışdır, misal üçün İbn Ləhi’ə kanalı ilə gələn hədisləri də zəif sayır, lakin İbn Ləhi’ə alimlər tərəfindən zəif ravi sayılmışdır. Bu şəkildə bir çox zəif hədisi səhih saymışdır. Həmçinin nəzərə alaq ki, Şeyx əl-Azami bu əsərini hicri 1393-cü ildə yazıb və o zaman günümüzdəki kompyuterlər və digər vasitələr yox idi. Ona görə də araşdırmasının məhdud olmasını başa düşmək olar. Bu günümüzdə isə bəzi araşdırmaçılar Şeyx əl-Azami’nin bu işini davam etdiriblər, çünki əl-Azami bu barədə son sözündə belə deyir: “Bu, mənə bu gün aydın olan nəticədir, ola bilsin ki, sabah inşallah bu rəvayətlərin də şahidlərini tapım.” Şeyxin qəsdi budur ki, sabah Əbu Hureyra’nın tək rəvayət etdiyini güman etdiyi hədislərin başqa səhabələr tərəfindən də rəvayət edildiyini tapsın və beləliklə də Əbu Hureyra’nın tək başına rəvayət etdiyi hədislərin sayı 220-dən aşağı düşsün. Müasir zamanımızda bu işi davam etdirən araşdırmaçı Muhəmməd bin Əli əl-Mətari kompyuterdən və “əş-şəmilə” kimi proqramlardan istifadə edərək belə nəticəyə gəlib ki, Əbu Hureyranın tək başına rəvayət etdiyi səhih hədislərin sayı yalnız 110-dur və bu araşdırmasında bu 110 rəvayətin hamısını bir-bir zikr edir.

Ola bilsin ki, gələcək araşdırmalar həqiqi sayın daha da az olduğunu göstərəcək. Ola bilsin ki, Bəqi bin Məxləd’in müsnəd kitabı üzə çıxacaq və yeni araşdırmalar Əbu Hureyranın rəvayət etdiyi bu 110 hədisdən bir çoxunun digər səhabələr tərəfindən də rəvayət edildiyini göstərəcək. Burada üzə çıxan maraqlı fakt budur ki, Əbu Hureyra’nın rəvayət etdiyi hədislərin böyük əksəriyyətini digər səhabələr də rəvayət ediblər. Doktor Abduh əl-Yəməni’nin araşdırmasında deyilənə əsasən doqquz hədis kitabında Əbu Hureyra’nın təkrarlanmayan hədislərinin sayı 1475 hədisdir. İndi düşünün ki, bu hədislərin 1365-ni Əbu Hureyra ilə yanaşı başqa səhabələr də rəvayət ediblər. Bu öz növbəsini Əbu Hureyra’nın rəvayətlərində sadiq və doğru sözlü olduğunu göstərir.