Fiqh Elmi

İslam dinində mövcud olan şəri əhkamların[1] qaynağı Allahın endirdiyi Kitab yəni Qurani-Kərim və Allah Rəsulun ﷺ sünnətidir. İslam dinində olan şərii hökmlər üç qrupa bölünür:

Etiqadi hökmlər

Əqidə və inancla bağlı olan - Allah ﷻ varlığı, təkliyi, sifətləri, mələklər, göndərilən kitablar, nəbi və rəsullar, qədər, axirət günündə baş verəcək hadisələr ilə bağlı hökümləri əhatə edir. Etiqadi hökmlər “Əqidə” elminin mövzusudur.

Əməli hökmlər

Əməli hökmlər ibadət, müamələt, ailə huququ, müxtəlif cəza və cinayətlərlərin bağlı olan hökmləri əhatə edir. Əməli hökümlər “Fiqh” elminin mövzusudur.

Əxlaqi hökmlər

Ədəb, əxlaq və nəfs tərbiyəsi ilə bağlı olan - yalan deməmək, dürüst olmaq, verilən sözə əməl etmək, vədə xilaf çıxmamaq, əmanətə xəyanət etməmək, insanlarla gözəl və yumşaq müamilə etmək kimi nəfs tərbiyəsi və təzkiyəsi ilə bağlı hökümləri əhatə edir. Əxlaqi hökümlər “İslam əxlaqi” elminin mövzusudur.

 

• Fiqhin Tərifi

Fiqh kəlməsinin lüğət mənası

Fiqh (فِقْهٌ) kəliməsi ərəb dilində “fəqihə” (فَقِهَ) fe’linin məsdəridir, “fəhm etmək, dərindən başa düşmək, idrak etmək, anlamaq, bilmək və qavramaq” mənalarina gəlir.

Fiqh kəliməsi və bu kəlmədən törəyən növləri Qurani-Kərimdə iyirmi yerdə keçir “deyilən sözün məqsədini qavramaq, anlamaq, dərindən bilmək və öyrənmək” kimi mənalarda işlədilmişdir.

Allah ﷻ Qurani-Kərimdə belə buyurur:

بِعَزِيقَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِمَّا تَقُولُ وَ إِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَ لَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ

Onlar dedilər: “Ey Şuayb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif (gücsüz) görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də əziz bir adam deyilsən” (Hud, 91)

وَ مَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

"Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinərlər" (Tövbə, 122)

Həmçinin nümunə olaraq fiqh kəliməsinin işləndiyi bu ayələrə də baxa bilərsiz: Nisa, 78; Ənfal, 65; Həşr, 13; İsra, 44.

Fiqh kəlməsi hədisi-şəriflərdə isə "dinin incəliklərini qavramaq” mənasında istifadə olunmuşdur. Fiqh kəlməsinin keçdiyi bəzi hədislər belədir:

“Allah kimə xeyir diləyərsə onu dində fəqih edər”[2] ("مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ")
"Insanın bilmədiyini bilmirəm, Allah bilir, deyə bilməsi onun fiqhindəndir”[3]
"Bir şəxsin namazını uzun, xütbələrini qisa tutması fəqih olmasının əlamətlərindəndir”[4]
“Allah Rəsulu ﷺ Abdullah ibn Amrin həddindən çox Quran oxuması səbəbilə ona xəbərdarlıq etmiş və belə buyurmuşdur: "Üç gündən daha qısa bir müddətdə oxuyub bitirmə, çünki bu qədər sürətlə oxuyan Qurani fiqh edə bilməz (anlaya bilməz, dərk edə bilməz)"[5]
Tövbə sürəsi 122-ci ayətdə keçən “لِيَتَفَقَّهُوا فِي الدِّينِ” kəliməsi və Allah Rəsulunun ﷺ hədisində يُفَقِّهْهُ فِي" الدِّينِ” olan fiqh (فِقْهٌ) kəliməsi dində və ya dini elmlərdə dərin anlayış və fəhm (qavrama) sahibi olmaq mənasını verir. Fiqh elmi ilə məşğul olub, bu elmdə ixtisaslaşan və dərinləşən şəxslərə “fəqih” (فَقِهٌ) deyilir. Bu kəlimənin cəmi “fuqaha” (فُقَهَاءُ) kəliməsidir.

 

Fiqh kəlməsinin istilahi (termin) mənası

Peyğəmbərimizin ﷺ vəfatından sonra hicri ikinci yüz illiyin ortalarından etibarən şəri elmlərin ortaya çıxması ilə əlaqədar olaraq fiqh kəliməsi də termin kimi istifadə edilmişdir. İlk hicri əsrlərdə islami elmlərin hamısını ehtiva etməsi baxımından da fiqh kəliməsi istifadə olunmuşdur.

"Dini hökmləri dəlilləri ilə bilmək” olaraq kimi qısa tərif edilən fiqh termininin müxtəlif tərifləri vardır:

İmam Azam Əbu Hənifənin fiqhə verdiyi tərif:
“Fiqh, insanın öz lehinə və əleyhinə olan hökmləri bilməsidir” (الْفِقْهُ مَعْرِفَةُ النَّفْسِ مَا لَهَا و مَا عَلَيْهَا)

İmam Şafiinin fiqhə verdiyi tərif:
“Fiqh, təfsili dəlillərdən yəni ayə və hədislərdən çıxarılan (əldə edilən) əməli şəri əhkamları (hökmləri) bilməkdir”

 

Fiqh elminin əsas babları (bölümləri) aşağıdakılardır:

Fəqihlər fiqh kitablarını dörd böyük bölümə ayırmışlar. Həmin bölümlər: İbadət, müamələt, munəkahat, uqubat.

İbadət: Təharət, namaz, zəkat, oruc, həcc, ümrə, cənazə, cihad kimi ibadətlə bağlı olan mövzuları ələ alır.
Müamələt: Alış-satış, müqavilə, borc, kirayə, miras, vəsiyyət, fəraiz ilə əlaqəli hökmlər bu babda yerləşir.
Munəkahat: Nigah, talaq, nəfəqə və s. ailə huququ ilə bağlı olan məsələr bu bölümdə toplanır.
Uqubat: Müxtəlif cəza və cinayətlərlərin bu dunyada verilən cəzaları ilə əlaqəli olan mövzuları bu bab əhatə edir.

Fiqh elminin mövzusu: Fiqh elmi mükəlləflərin felləri haqqındadır. Mükəlləfə ibadətlərində, müamələtlərində və digər məsələlərdə fiqh elmindən ehtiyacı olan hər bir şeyi öyrənməsi vacibdir, öyrənməkdə ehmalkarlığ və tənbəllik etməsi icazəli deyil.

Fiqh elminin məqsədi: Bu elm hər bir müsəlmana ibadətləri düzgün yerinə yetirməyə, bununla da Allahın rzasını qazanaraq dünya və axirətdə səadətə qovuşmağa yardımçı olur.

Nisbəti: Fiqh elmi şəriət elmlərinə nisbət edilir.

Əsasını qoyan: Fiqh dair ilk əsərlər hicri birinci əsrin sonları - hicri ikinci əsrin əvvələrində yazıldığı məlumdur, lakin fiqh mövzusunda tərtib edilmiş kitabın ilk dəfə kimin tərəfindən yazıldığı dəqiq bilinmir.

 

Fiqh elmi ilə fiqh üsulu elminin əlaqəsi

Fiqh üsulu (Usulu-fiqh): fiqh elmini nəzəri (teorik) yöndən ələ alır. Fiqh üsulu elmi fəqihə fiqhdə yer alan şəri hökmlərin çıxarılma metodlarını göstərir.

Fiqh üsulunun tərifi:
“Fiqh üsulu: fiqhin dəlillərini mücməl şəkildə bilmək, ondan istifadə etmənin necəliyi və istifadə edənin halınını öyrənən elmdir. Dəlillərdən fayda çıxaran isə müctəhiddir”[6]

Müctəhid: İslam şəriətinin əsas qaynağı olan Quran və Sünnətdən istinbat edərək şər’i bir hökm çıxaran şəxsdir.

Fiqh üsulu elminin ana sütunları aşağıdakılardır:

Şəri dəlillər və qaydalar
Şəri hökmlər
Məqasiduş-Şəri’a (Şəriətin məqsədləri)
Müctəhid və ictihad metodları

Furu’u-fiqh: Furu qismi fiqh elminin tətbiqat tərəfini ələ alır. Furu, muctəhidin təfsili dəlillərdən əldə etdiyi əməli hökmləri dəlillərlə açıqlayır. Məsələn, islam dininin təharət, namaz, oruc, zəkat, həcc, qurban, alış-satış, nikah, talaq kimi tətbiqi hökmlərini furui-fiqh elmi dəlillərlə izah edir.

 

[1] “Əhkam” (أَحْكَامٌ) kəliməsi ərəb dilində bir kəlimədir və “hökm” (حُكْمٌ) kəliməsinin cəmidir.

[2] Buxari, Elm 71; Müslim, Zəkat 1037 (Muttəfəqun aleyh)

[3] Müslim, Munafiqun 40

[4] Müslim, Cümə 47

[5] İmam Əhməd ibn Hənbəl, “Müsnəd”, X, 55

[6] İmam Abdulmu’min Abdulhaqq əl-Hənbəli “Qavaidul-usul və Məaqidul-fusul”

Aktual Mövzular