Sələf və qəbir üzərində qiraət

Son günlər qəbir başında Quran oxumaqla bağlı bir müzakirə başladıldı. Bu müzakirə bir sıra müsəlmanlar tərəfindən normal qəbul edilsə də başqaları tərəfindən çox aqressiv qarşılandı. Ona görə də bu ixtilafla bağlı bir iki cümlə paylaşmaq istəyirik. 

 

Əbu Bəkr əl-Xalləl deyir: “əl-Həsən bin Əhməd əl-Varraq mənə xəbər verdi; Əli bin Musa əl-Həddəd mənə rəvayət etdi – və o, saduq biri idi və qiraət alimi Həmməd ona yönəldərdi - ; beləliklə də mənə xəbər verərək dedi: “Əhməd bin Hənbəl və Muhəmməd bin Qudəmə əl-Cəvhəri ilə birlikdə bir cənazədə idim. Ölü dəfn olunduqda kor bir kişi oturaraq qəbrin yanında (Quran) oxumağa başladı. Əhməd ona dedi: “Ey sən! Qəbir yanında oxumaq bidətdir.” Biz qəbiristanlıqdan çıxdıqda Muhəmməd bin Qudəmə Əhməd bin Hənbələ dedi: “Ey Əbu Abdilləh, sən Mubəşşir əl-Hələbi haqqında nə deyirsən?” Dedi: “Siqadır... Ondan bir şey yazmısanmı?“ Dedi: “Bəli. Mubəşşir mənə Abdurrahmən bin əl-Alə bin əl-Ləcləc’dən, o da atasından xəbər verdi ki, o, dəfn olunduqda başı ucunda bəqərənin əvvəli ilə axırını oxumağı vəsiyyət edib və deyib: “İbn Ömər’i bunu vəsiyyət edərkən eşitdim.” Əhməd ona dedi: “Dön və həmin adama de ki, oxusun![1]

Şeyx Nəsiruddin əl-Albani “Əhkəmul-Cənəiz” kitabında bu sənədi zəif çıxararaq bunun İmam Əhməddən sadiq olmasını tamamilə rədd edir. Sənədinin zəifliyini əl-Həsən bin Əhməd əl-Varraq və şeyxi Əli bin Musa əl-Həddəd’in məchul olması ilə əlaqələndirir. Şeyx bu dediklərini onlar haqqında bir məlumat tapa bilməməsi ilə izah edir. Lakin əl-Varraq haqqında tələbəsi əl-Xalləl’in sözü mövcuddur. O, Musa bin İsa əl-Cəssas haqqında danışarkən deyir: “Onda Əbu Abdilləh'dən çox sayda məsələlər vardır və onlardan bir miqdar saleh olanını mənə əl-Həsən bin Əhməd əl-Varraq rəvayət etdi və dedi: “Qalanı itib.[2] Əli bin Musa əl-Həddad haqqında isə onun saduq olduğu rəvayətdə keçir. Bu sözün Əbu Bəkr əl-Xalləl’ə, yoxsa şeyxi əl-Varraqa aid olması aydın deyildir. Lakin hər iki halda da Əli əl-Həddəd üçün təvsiqdir. Üstəlik əl-Xalləl eyni xəbəri Əbu Bəkr bin Sadəqa – Osman bin Əhməd bin İbrahim əl-Məvsili kanalı ilə də rəvayət edir. Əbu Bəkr bin Sadəqa siqadır, imamdır. Osman bin Əhməd əl-Məvsili isə İmam Əhməd’in tələbələrindən biridir. Hər iki xəbər də bu hadisənin baş verdiyini təsdiqləyir.

Bu rəy İmam Əhməddən başqa kanallarla da sabit olmuşdur. Abdullah bin Əhməd deyir: “Qəbir başında ölü üçün Quran oxuyan biri haqqında soruşduqlarında eşitdim. Dedi: “Ümid edirəm ki, bunda bir bəis yoxdur.[3] Əbu Bəkr əl-Xalləl deyir: “əl-Abbas bin Muhəmməd bin Əhməd bin Abdilaziz mənə xəbər verdi; dedi: Cəfər ibn Muhəmməd bin əl-Həsən ən-Nisəburi bizə Sələmə bin Şəbib’dən belə dediyini rəvayət edir: “Əhməd ibn Hənbəl’in yanına gəldim və dedim: “Affən’i qəbrin yanında mushafdan oxuyarkən gördüm.” Bunun üzərində Əhməd ibn Hənbəl mənə dedi: “Allah onun sonunu xeyirli etsin![4] əl-Xalləl yenə deyir: “əl-Həsən bin əl-Heysəm əl-Bəzzər mənə xəbər verdi; dedi: “Əhməd ibn Hənbəl’i qəbirlərin üzərində Quran oxuyan kor bir kişinin arxasında namaz qılarkən gördüm.[5] əl-Xalləl bu xəbəri İmam Əhməddən məsələ ilə bağlı gəlmiş rəvayətlər arasında qeyd edir. Ola bilsin ki, İmam Əhmədin bidət əhli arxasında namaz qılmadığına işarə etmişdir. İbn Əbi Yalə əl-Hənbəli deyir: “Əbu Bəkr əl-Xalləl dedi ... əl-Həsən bin Mihran bin əl-Valid əl-Əsbəhəni dedi: Muhəmməd bin Əhməd əl-Mərvaruzi’ni belə deyərkən eşitdim: Əhməd ibn Hənbəl’i belə deyərkən eşitdim: “Qəbiristanlığa daxil olduğunuzda ayətul-kursi’ni üç dəfə oxuyun və “qul huvallahu əhəd” oxuyun...[6] əl-Xalləl həm əl-Mərvaruzi’nin, həm də əl-Əsbəhəni’nin siqa olduğunu deyir. İbn Əbi Yalə qeyd edir ki, bu xəbəri həmçinin Əbu Bəkr Abdulaziz “əş-Şəfi” kitabında rəvayət edib.

Heç şübhə yoxdur ki, bu rəy İmam Əhməddən sabitdir. Ona görə də məzhəbinin ən böyük imamları və alimləri onun ən son və ən səhih rəyinin nə olduğunu müəyyən edərkən deyiblər ki, qəbir yanında Quran oxumaq məkruh deyildir. Əbul-Xattab əl-Kəlvazəni əl-Hənbəli (vəfatı hicri 510) deyir: “Ən səhih rəvayətə görə qəbir üzərində Quran oxumaq məkruh deyildir.[7] Bu sözlərin eynisini İbn Qudəmə “əl-Muqni” kitabında[8] deyir. İbn Muflih “əl-Furu” kitabında deyir: “Qəbir başında və qəbiristanlıqda Quran oxumaq məkruh deyildir. (İmam Əhməd) bunu bir mənalı olaraq bildirib. Əbu Bəkr, əl-Qadi və bir qrup bu rəyi seçiblər və məzhəbin mövqeyi budur. əş-Şafi’nin rəyinə müvafiqdir. Hənəfi şeyxlərinə görə də əməl bu rəy üzərindədir.[9] Hətta İbnul-Qayyim deyir: “İmam Əhməd ilk əvvəl bunu inkar edərdi, çünki ona bu barədə bir əsər çatmamışdı, sonra bu rəyindən döndü.[10] Ona görə də Əbu Bəkr əl-Xalləl’in məşhur tələbəsi və Ğuləmul-Xalləl ləqəbi ilə tanınan hənbəli alimi Əbu Bəkr Abdulaziz (h. 285-363) deyir: “Bunu Əhməddən bir qrup rəvayət edib, sonra rəyindən dönərək öz yeni rəyini bəyan etmişdir.[11] Ümumiyyətlə İmam Əhmədin məzhəbini toplayan şəxs Əbu Bəkr əl-Xalləl olub. Həm əl-Xalləl, həm də tələbəsi Əbu Bəkr Abdulaziz deyir ki, İmam Əhmədin son rəyi bu olub ki, qəbir başında Quran oxumaq məkruh deyildir.

Burada fayda olaraq İmam əş-Şafi’nin də rəyinə toxunmaq istəyirəm. İmam ən-Nəvəvi “Riyədus-Salihin” kitabında deyir: “əş-Şafi’i – rahiməhullah – dedi: “Onun (yəni) qəbrin yanında Qurandan bir şey oxumaq müstəhəbdir və əgər onun yanında Quranı xətm edərlərsə gözəl olar.[12] əş-Şafi’dən bu icazə verən rəvayəti isnadı ilə əl-Xalləl zikr edir və deyir: “Ravh bin əl-Fərac mənə xəbər verdi; dedi: əl-Həsən bin əs-Sabbah əz-Zə’fərani’ni belə deyərkən eşitdim: “əş-Şafi’dən qəbir yanında Quran oxumaq haqqında soruşdum.” Dedi: “Bunda bir bəis yoxdur.[13] İmam ən-Nəvəvi “əl-Məcmu” və “əl-Əzkər” kitablarında da bu rəyi əş-Şafi’dən nəql edir. Bu deyilənlərdən öyrənmiş oluruq ki, əl-Hafiz İbn Teymiyyə’nin söylədiyi - “bu mövzu barəsində əş-Şafi’nin özündən hansısa bir söz gəlib çatmayıb, bu isə bunun ona görə bidət olmasına görədir.[14] – sözləri doğru deyildir. “İmam Əhmədin məzhəbini Əbu Bəkr əl-Xalləl və tələbəsi Ğuləm əl-Xalləl daha gözəl bilir yoxsa Şeyx Nəsiruddin əl-Albani?” sualını sizə bir kimsə ünvanlasa sizin cavabınız nə olar? İmam əş-Şafi’yə gəldikdə isə heç bir şəkk yoxdur ki, bu imamın rəylərini ən yaxşı bilən məzhəbinin böyük fəqihləridir.

Ölü üçün Quran oxumağın dəlillərinə gəldikdə isə cumhurun bu barədə gətirdikləri dəlillər çoxdur və onlardan bir çoxunun isnadı üzərində mübahisə vardır. Burada dəlil olaraq iki xəbəri zikr edəcəm. İmam Əhməd deyir: “Əbul-Muğira bizə rəvayət etdi; Safvan bizə rəvayət etdi; şeyxlər bizə rəvayət etdilər ki, onlar Ğudeyf bin əl-Həris əs-Suməli’nin ağrıları şiddətləndikdə onu ziyarət etdilər. (Ğudeyf) dedi: “Sizdən kimsə yasin oxuyurmu?” Saleh bin Şureyh əs-Səkuni oxumağa başladı və qırxıncı ayəyə çatdıqda öldü. Şeyxlər deyərdilər ki, ölünün yanında oxunduqda onun halı buna görə yüngülləşir. İsa bin Mu’təmir də bunu İbn Mə’bədin yanında oxudu.[15] Bu rəvayətin isnadı həsəndir. İbn Həcər “əl-İsabə” kitabında bu rəvayətin həsən olduğunu deyib. Eləcə də müasirlərdən Şeyx əl-Albani və Şeyx Şueyb Arnavut isnadını həsənləşdiriblər və deyiblər ki, burada “şeyxlərin” kimliyi bilinməsə də saylarının çoxluğu və tabiin nəslindən olmaqları bir-birini gücləndirir. Buradakı dəlil tabiinlərin sözləridir ki, onlar deyərdilər ki, ölülər üçün Quranın oxunması onun halının yüngülləşməsinə səbəbdir. Bu xəbəri dəlil gətirənlər burada iki nöqtəni şahid kimi göstərirlər. Birinci xəbərin zahirindən başa düşülən bunun ümumilikdə ölülər üçün varid olmasıdır. İkincisi isə hətta burada “ölü” ilə qəsd olunanın ölüm ayağında olan diri olduğunu desək də qiyas ilə bunu ölülərə də aid etmək olar, çünki qiraət ölüm xəstəliyini və əzabını yüngülləşdirirsə, qəbir əzabını da yüngülləşdirər. İkinci dəlil isə Əbu Bəkr əl-Xalləl’in və başqalarının rəvayət etdikləri hədisdir. əl-Xalləl deyir: “əl-Abbas bin Muhəmməd əd-Duri bizə xəbər verdi; dedi: Yəhyə bin Main bizə rəvayət etdi; dedi: Mubəşşir əl-Hələbi bizə rəvayət etdi; dedi: Abdurrahmən bin əl-Alə bin əl-Ləcləc mənə atasından rəvayət etdi; dedi: Atam dedi: “Əgər mən ölsəm məni qəbirə qoy və de: “bismilləh va alə sunnəti rasulilləh aleyhissələm”. Üzərimə torpağı xəfifcə tök! Başımın üstündə Quranın fatihəsini və bəqərə surəsinin əvvəli ilə axırını oxu! Çünki mən Abdullah bin Ömər’i belə deyərkən eşitdim.[16] əl-Beyhəqi eyni xəbəri bu cür rəvayət edir: “Əbu Abdilləh əl-Hafiz bizə xəbər verdi: Əbul-Abbas Muhəmməd bin Yaqub bizə rəvayət etdi: əl-Abbas bin Muhəmməd (əd-Duri) bizə rəvayət etdi; dedi: Yəhya bin Main’dən qəbir yanında quran oxumaq haqqında soruşdum və dedi....” və sonra yuxarıdakı rəvayəti rəvayət edir. Amma axırında deyir: “Çünki mən İbn Ömərin bunu müstəhəb saydığını gördüm.” əl-Beyhəqi bu xəbəri zikr etdikdən sonra deyir: “Bu, məvqufdur, həsəndir.[17] İmam ən-Nəvəvi, eləcədə İbn Həcər bu xəbəri həsən sayıblar.[18] Şeyxul-İslam İbn Teymiyyə’nin tələbələrindən Cəməluddin Əbul-Abbas Yusuf bin Məcid əl-Mərdəvi əl-Məqdisi (vəfatı hicri 783) bu hədisi zikr etdikdən sonra deyir: “Bunu əl-Beyhəqi həsən bir isnad ilə rəvayət edib.[19] İbn Muflih “əl-Furu” kitabında və Şəmsuddin Əbu Abdilləh əl-Mənbici (vəfatı hicri 785) “Təsliyətu Əhlil-Məsaib” kitabında bu xəbəri səhihləşdirirlər.[20] Nuruddin əl-Heysəmi bu xəbəri zikr etdikdən sonra deyir: “ət-Tabərani “əl-Kəbir”də rəvayət edir və raviləri siqa sayılıb.[21] Həmçinin Nəsimuddin Mirak Şah əş-Şirazi də bunun isnadının həsən olduğunu deyib.[22] Hətta Muhəmməd bin Əli əş-Şəvkəni “əl-Hisnul-Həsin” kitabında əl-Cəzəri’nin sözlərini şərh edərkən deyir: “Hədisi müəllifin – rahiməhullah – dediyi kimi əl-Beyhəqi “əs-Sunən” kitabında rəvayət edib və o, İbn Ömər’dəndir, Allah hər iksindən də razı olsun! Deyir: Dəfndən sonra bəqərə surəsinin əvvəlini və sonunu oxuması müstəhəbdir. ən-Nəvəvi isnadını həsən saymışdır. Bu, İbn Ömərin öz sözündən olsa da belə bir şey insanın öz rəyi ilə dediyi bir şey deyildir. Mümkündür ki, bu barədə ümumi olaraq fəzilətin gəldiyini bildikdə üstün bir əməl olduğu üçün ölünün tilavətindən faydalanmasını ümid edərək qəbrin üzərində oxunmasını müstəhəb görmüşdür.[23] Gördüyümüz kimi əş-Şəvkəni də bu xəbərə etiraz etmir. Bu xəbəri həsən hesab etməklərinin ən əsas səbəbi bu ola bilər ki, bu rəvayəti Əhməd bin Hənbəl və Yəhya bin Main dəlil olaraq dəyərləndiriblər. İmam Əhmədin əvvəlki rəyindən dönməsinin səbəbi də elə məhz bu xəbər olub. İbn Muflih deyir: “İbn Ömər’dən səhih olaraq gəlib ki, dəfn olunduqda yanında bəqərə surəsinin əvvəli və sonu oxunsun. Əhməd də buna görə (bunun) məkruh (olması) rəyindən dönüb.[24] Mənsur bin Yunus əl-Buhuti də “Kəşşəful-Qina” kitabında bunun eynisini zikr edir. İbnul-Qayyim’in “ər-Ruh” kitabındakı sözlərindən də anlaşılan budur ki, bu xəbəri qəbul edir və Əhmədin əvvəlki rəyindən dönməyini bu xəbərə bağlayır. Üstəlik Mubəşşir əl-Hələbi – Abdurrahmən bin əl-Alə bin əl-Ləcləc - əl-Alə bin əl-Ləcləc – İbn Ömər kanalı bir başqa hədisi ət-Tirmizi rəvayət edib və Abdurrahmən əl-Mubərakfuri, Nəsiruddin əl-Albani və başqaları səhih olduğunu deyiblər.

Üstəlik bu əməl ümmətin əsrlər ərzində əməl etdiyi bir əməldir. İbn Həcər əl-Asqaləni deyir: “Qəbir yanında qiraət haqqında sələfdən az sayda əsərlər varid olub, sonra müsəlman ölkələrinin imamlarının zamanından bizim bu zamana qədər insanların əməli bunun üzərində davam edib.[25] Aliyyul-Qari deyir: “Müsəlmanlar hər ölkədə və hər əsrdə toplaşıb öz ölüləri üçün oxumağa davam ediblər və bu, əməlləri inkar olunmayıb. Ona görə də bu, icma olur. Bunların hamısını əl-Hafiz Şəmsuddin bin Abdilvahid əl-Məqdisi əl-Hənbəli mövzu ilə bağlı yazdığı cüzdə deyir. Sonra əs-Suyuti dedi: “Qəbir üzərində Quran oxumağa gəldikdə isə bunun məşruiyyətini əshabımız və başqaları deyiblər...[26] əz-Zəhəbi və başqaları ümmətin bu əməlini kitablarında qeyd ediblər. Dörd məzhəbin dördündə də bu məsələdəki fətva budur ki, qəbir üzərində Quran oxumaq qadağan deyildir. Lakin kimsə İmam Əhmədin əvvəlki ictihadına təqlid edərək bunun bidət olduğunu deyərsə və bu rəyə təqlid edərsə onu qınamaq olmaz, necə ki, bunun bidət olduğuna inanan kəs bunun caiz olması rəyində dörd məzhəbə təqlid edənləri qınamaq haqqına sahib deyildir. Bunu fiqhi bir ixtilaf kimi görmək lazımdır, bunu ictihadi və məqbul bir fikir ayrılığı olaraq dəyərləndirmək lazımdır. Bu ixtilafa görə qardaş-qardaşa düşmən kəsilməməli, qəlblərdə qəzəb və kin bəslənməməlidir.

 



[1] “əl-Əmr bil-Mər’ruf van-Nəhy anil-Munkər”, səh: 89;

[2] “Tərixu Bağdad”, 15/34; “Tabəqat əl-Hənəbilə”, 1/333;

[3] Abdullah bin Əhməd bin Hənbəl, “Kitəbu Məsəil əl-İməm Əhməd”, səh: 494 (rəq: 691)

[4] “əl-Əmr bil-Mə’ruf van-Nəhy anil-Munkər”, səh: 89;

[5] Eyni mənbə

[6] “Tabəqat əl-Hənəbilə”, 2/264;

[7] “əl-Hidəyə alə Məzhəb əl-İməm Əhməd”, səh: 123;

[8] Bax: “əl-Muqni fi Fiqh əl-İməm Əhməd”, səh: 80;

[9] “əl-Furu va Təshih əl-Furu”, 3/419;

[10] “ər-Ruh”, səh: 10;

[11] “əl-Muğni”, 2/422;

[12] “Riyədus-Salihin”, 1/295; Muəssəsətur-Risələ

[13] “əl-Əmru bil-Məruf van-Nəhyu anil-Munkər”, səh: 89;

[14] “İqtida əs-Sirat əl-Mustəqim”, 2/264;

[15] “Musnəd Əhməd”, 28/171-172; Muəssəsətur-Risələ

[16] “əl-Əmr bil-Mə’ruf van-Nəhy anil-Munkər”, səh: 87;

[17] “əd-Da’afət əl-Kəbir”, 2/297;

[18] Bax: “Xuləsatul-Əhkəm”, 2/1028; “əl-Əzkər”, səh: 162, əl-Arnavut təhqiqi ilə;  

[19] “əl-Muqarrar alə Əbvab əl-Muhərrar”, 1/417;

[20] Bax: səh: 184;

[21] “Məcməuz-Zəvaid”, 3/44;

[22] Bax: “Mirqatul-Məfətih Şərh Mişkətil-Məsabih”, 1/216;

[23] “Tuhfətuz-Zəkirin bi Uddətil-Hisnil-Həsin”, səh: 294-295;

[24] “əl-Furu va Təshih əl-Furu”, 3/420;

[25] “əl-İmtə bil-Arbəin əl-Mutəbəyinəti əs-Səmə’”, səh: 85;

[26] “Mirqatul-Məfətih Şərh Mişkətil-Məsabih”, 3/1229;