İki metod arasında müqayisə

Bu gün “racihilər” adlandıra biləcəyimiz və özünü sələfə nisbət edən dairələrdə belə bir təsəvvür formalaşıb ki, onların tabe olduqları şeyxlər istər əqidə olsun, istərsə də fiqh olsun vahid bir mənhəcə tabedirlər. Biz – Allahın izni ilə - bu yazımızda etibar edilən iki alimdən misal verərək bu təsəvvürün xətalı olduğunu göstərəcəyik.

 

Misal olaraq bir hədisi zikr edəcəyik və bu hədisə yanaşmada Şeyx İbn Useymin ilə Şeyx əl-Albani arasında müqayisə aparacağıq. Şübhəsiz ki, bu müqayisəmizdə onların öz sözlərindən çıxış edəcəyik. Məqsəd isə iki alimin metodu arasındakı fərqi ən açıq şəkildə oxuculara göstərməkdir. Bunun üçün ilk öncə hədisi zikr edəcəyik və daha sonra hədis barəsində Şeyx İbn Useyminin, ondan sonra isə Şeyx əl-Albani’nin – Allah hər ikisinə də rəhmət etsin! – sözlərini zikr edəcəyik. Daha sonra isə qədim alimlərin həmin hədis ilə necə davrandıqlarını göstərəcək bəzi nəqllər təqdim edəcəyik.

Hədisi İmam Əhməd, Əbu Davud və başqaları hədis kitablarında rəvayət edirlər. İmam Əhməd deyir: “Muhəmməd bin Əbi Adiy bizə Muhəmməd bin İshaq’dan belə dediyini rəvayət etdi: Əbu Ubeydə bin Abdilləh bin Zəm’a mənə rəvayət etdi ki, atasının və anası Zeynəb bint Əbi Sələmə’nin hər ikisi də birlikdə ona Ummu Sələmə’dən belə dediyini rəvayət ediblər: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – mənim yanıma gəlməli olduğu o gecəm qurban gününün gecəsi idi.” Dedi: “Mənim yanıma gəldi.” Dedi: “Onun yanına Vəhb bin Zəm’a yanında Əbu Umeyyə ailəsindən bir kişi ilə birlikdə gəldilər və üzərilərində köynəkləri var idi.” Dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – Vəhbdən soruşdu: “Ey Əbu Abdilləh, hələ ifadə tavafını etməmisənmi?” Dedi: “Allaha and olsun ki, xeyr, Allahın elçisi!” (Peyğəmbər) dedi: “Köynəyi əynindən çıxar!” (Vəhb) köynəyi başından dartaraq çıxardı və yoldaşı da öz köynəyi baş tərəfdən dartıb çıxardı və sonra dedilər: “Nə üçün ey Allahın elçisi?” Dedi: “Bu, elə bir gündür ki, daş atdıqdan sonra sizə haram edilmiş hər bir şeyin – qadınlardan başqa – halal olması üçün sizə rüxsət verilib. Əgər bu evi tavaf etmədən öncə gecələsəniz – ta ki, tavaf edənə qədər - daş atmadan öncəki halınız kimi yenidən ihramlı olmağa qayıdacaqsız.[1]

Bu hədisin isnadı zahirən səhihdir, çünki isnadındakı ravilər siqadır. Muhəmməd bin Əbi Adiy (120-194) Əbu Amr əs-Suləmi’dir. Əbu Hətim ər-Razi və başqaları onu siqa sayıblar. Muhəmməd bin İshaq isə (85-151) böyük alimdir və “əl-Məğazi” kitabının sahibidir. Bəzi məsələlərdə tənqid olunmağına baxmayaraq ümumilikdə alimlər onun siqa sayıblar. Əbu Ubeydə bin Abdilləh bin Zəm’a haqqında ilk dönəm imamlardan nə cərh, nə də tədil varid olmayıb, lakin İmam Muslim “əs-Sahih” kitabında ondan bir hədis rəvayət edib. əz-Zəhəbi də “əl-Kəşif” kitabında onun siqa olduğunu deyir. Atası Abdullah bin Zəm’a isə səhabədir. Anası Zeynəb isə peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – zövcəsi Ummu Sələmə’nin qızıdır. Beləliklə də hədisin isnadının zahirən siqa olduğunu anladıq. Buna görə də əl-Hakim, əl-Heysəmi, ən-Nəvəvi, İbnul-Qayyim hədisə səhih hökmü veriblər. Bu hədisdən belə başa düşülür ki, kim günəş batmadan öncə ifadə tavafı etməzsə o zaman yenidən ihram hökmünə qayıtmış olur. Lakin ümmətin imamları bu hədislə əməl etməyiblər. Bu hədislə sələfdən yalnız bir imamın əməl etdiyini deyiblər və İbn Həzm “əl-Muhəllə” kitabında bunun Urva bin əz-Zubeyr’in məzhəbi olduğunu deyir. Bu yerdə sözümüzü uzatmadan Şeyx İbn Useymin’in sözlərinə keçək.

Şeyx “əş-Şərh əl-Mumti” kitabında deyir: “Buradan həmçinin başa düşüldü ki, ifadə tavafını qurban günündən sonraya gecikdirsə belə birinci halallıq hökmü üzərində qalır. Alimlərin əksəriyyətinin üzərində olduğu rəy də budur, hətta icma nəql olunub ki, o, (tavafı) qurban günündə günəş batandan sonraya qədər gecikdirərsə ihrama qayıtmır. Lakin bu barədə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – varid olmuş bu hədisə görə tabiindən bəzisindən müxalif rəy zikr olunub: “Bu gün daş atsanız qadınlardan başqa sizə haram buyurulmuş hər bir şeyin halal olmasına rüxsət verilib, əgər bu evi tavaf etmədən öncə gecələsəniz – ta ki, tavaf edənə qədər – daş atmadan öncəki halınız kimi yenidən ihramlı olmağa qayıdacaqsız.“ Lakin (bu hədis) şazz olduğu üçün və ümmət bununla əməl etmədiyi üçün buna dayanmaq olmaz. Deyilənə görə bununla ilk əməl etmiş kəs Mədinənin yeddi fəqihindən biri Urva bin əz-Zubeyr olub. Tabiindən yalnızca bir nəfərdən başqa heç kimin əməl etmədiyi şəri bir hökm ilə əlaqəli olaraq “bu səhih bir hədisdir” deyib durmaq mümkün deyildir, belə ki, nəql olunmasına və əməl olunmasına ehtiyacların və istəklərin çox olduğu belə bir hədisə ümmətin müxalif olması imkansızdır, çünki qurban günü həcilərin heç də hamısının ifadə tavafını etmədikləri məlum bir məsələdir.[2] Bu, Şeyx İbn Useymin’in yanaşmasıdır.[3] Gördüyümüz kimi daha öncəki fəqihlərin üslubuna müvafiq şəkildə yanaşmışdır, çünki fəqihlərimiz də əməl olunmasına güclü ehtiyac və istək olduğu halda ümmət tərəfindən tərk olunmuş bir hədis ilə - isnadı səhih olsa da - əməl etməzlər.

İndi isə Şeyx əl-Albani’nin bu barədə dediklərinə dönürük. Əbu İshaq əl-Huveyni’nin sualına cavab verərkən tavaf etməyənin ihram hökmünə qayıtdığını bəyan edərək deyir: “Bu iş qaçınılmazdır, hətta insanların əksəriyyəti bundan qafil olsalar belə. Ondan gəlmiş nassı bilən çox sayda insan nasdan uzaq dururlar, çünki insanlar adətkarda olduqlarının qullarıdır.[4] “Mənəsikul-Həcc val-Umra” kitabında isə deyir: “Risalə yayılmadan öncə fəzilətli elm əhlindən bəzi kəslər bu hədislə qarşılaşdıqlarında onu qərib hesab etdilər və bəziləri Əbu Davudun kitabındakı rəvayət kanalına əsaslanaraq onu zəif çıxarmağa – necə ki, mən özüm bəzi kitablarımda etmişdim - tələsdi. Bununla belə İmam İbnul-Qayyim onu “ət-Təhzib” kitabında və əl-Hafiz (İbn Həcər) – barəsində susmaqla – “ət-Təlxis” kitabında onu gücləndiriblər. Onun üçün başqa bir rəvayət kanalı tapdım ki, ona vaqif olan hədisin zəiflikdən qurtulduğuna və səhih dərəcəsinə qalxdığına əmin olar. Lakin əksəriyyətin yanında tədavüldə olmayan bir qaynaqda – və bu, İmam ət-Tahavi’nin ”Şərhu Məanil-Əsər” kitabıdır – keçdiyi üçün daha öncə məndən gizli qaldığı kimi onlardan da gizli qalıb, ona görə də hədisi qərib hesab ediblər və ya zəif sayıblar... Beləliklə də əgər Allahın elçisindən – salləllahu aleyhi va səlləm – hədis sabit olarsa və bunun kimi dəlaləti çox aşkar olarsa onunla gözləmədən dərhal əməl etmək vacib olur və bu, elm əhlinin bu hədis barəsindəki mövqeyini bilməkdən asılı deyildir, necə ki, İmam əş-Şafi deyib: “Qəbul etdikləri bu xəbərin misli olan bir xəbər ilə imamlardan bir əməl keçməsə belə xəbər sabit olduğu vaxt qəbul olunmalıdır. Allahın elçisinin hədisi ondan sonrakıların əməli ilə deyil, lakin özlüyündə sabit olur.” Deyirəm: Allahın elçisinin – salləllahu aleyhi va səlləm – hədisi onun haqqında fəqihlərin əməlinin şahid gətirilməsindən daha dəyərlidir, çünki o, müstəqil bir əsldir, məhkum deyildir, hakimdir. Bununla belə hədis ilə elm əhlindən bir qrup əməl edib və onların arasında dəyərli tabii Urva bin əz-Zubeyr də vardır. Məgər bundan sonra bu hədis ilə əməl etməyi tərk etməkdə kiminsə üzrü varmı?![5] Bu da Şeyx əl-Albani’nin sözlərindən gətirmək istədiyimiz hissələr idi.

Əminliklə deyə bilərik ki, bu iki mənhəc arasında fərq oxucular üçün aşkar görünür. Şeyx əl-Albani’nin yuxarıda zikr etdiyi söz İmam əl-Beyhəqi’yə aiddir. O, “əs-Sunən əl-Kubra” kitabında deyir: “O ləfz Ummu Sələmə’nin hədisində başqa hökm ilə rəvayət olunub və fəqihlərdən kiminsə bu görüşdə olduğunu bilmirəm.[6] ən-Nəvəvi bu sözləri nəql etdikdən sonra deyir: “Beləliklə də hədis (bununla) mənsux olur və bunun mənsux olduğuna icma dəlalət edir, çünki icma nəsx etməz və nəsx olunmaz, lakin nəsx edicinin olduğuna dəlalət edir.[7] Alləmə İbn Kəsir bu hədisi zikr etdikdən sonra deyir: “Bu hədis çox qəribədir; alimlərdən kiminsə bu görüşdə olduğunu bilmirəm.[8] İmam Siracuddin əl-Bulqini “Məhəsinul-İstilah” kitabında icmanın necə nəsxə dəlalət edəcəyini göstərmək üçün misallar verərkən bunu da zikr edir və deyir: “İsnadı - orada Muhəmməd bin İshaq olsa belə - ceyyiddir, amma o, (burada) hədisi eşitdiyini açıq ifadə edib. Bu, alimlərin onunla əməl etməyi tərk etməkdə icma etdikləri hədislərdəndir.[9] İmam Zəkəriyyə bin Yəhyə əs-Səci “əl-Cərh vat-Tədil” kitabında Musa bin Yaqub əz-Zəm’i haqqında danışarkən deyir: “Əmisi Əbu Ubeydə’dən, o da atasından və anası Zeynəb bint Ummu Sələmə’dən, o da Ummu Sələmə’dən münkər bir hədis rəvayət edib ki, onunla əməl olunmur...[10] və daha sonra sözünü etdiyimiz hədisi zikr edir. Şeyx İbn Abdilvahhəb’a tabe olan nəcdlilər də bu məsələdə dörd məzhəbin görüşündən kənara çıxmırlar. Burada Abdullah bin Muhəmməd bin Abdilvahhəb’dən bu hədislə fətva vermiş biri haqqında soruşurlar və deyir: “Bunu fətvanı verən – Allah onu əfv etsin! – ona çatmış bir hədisə görə edib, biz isə bununla fətva verməyə cəsarət etmirik, çünki bu, dörd məzhəbin və başqa məzhəblərin alimlərinin görüşünə müxalifdir.[11]

Bu cəhətdən günümüzün sələfi toplumunun etimad etdiyi şeyxlər arasında aşkar fərqlər müşahidə edirik. Əksər sələfi şeyxləri fiqhi yanaşmada Şeyx əl-Albani’nin metodu ilə razılaşmırlar. Onların dəstəklədikləri və məzhəb fəqihlərinin əsaslandırdıqları qaydalara əsasən Şeyx əl-Albani’nin yanaşma üsulunda bəzi problemli məqamlar vardır. Burada ayrı-ayrı bəndlərdə həmin problemləri izah etməyə çalışacağıq:

Diqqətimizə çatan ilk problem budur ki, Şeyx – rahmətullahi aleyhi - öz mövqeyini qəti bir mövqe kimi göstərir, sanki o mövqeni qəbul etməyən alimlər heç bir üzr olmadan peyğəmbərin – salləllahu aleyhi va səlləm – sünnətini tərk etmiş olurlar. Bunu anlamaq və qəbul etmək çox çətindir, çünki Şeyx özü də etiraf edir ki, hədisi özü də daha öncə zəif sayanlardan olub. Sonra görüşünü dəyişməsinə səbəb isə ət-Tahavi’nin zikr etdiyi bir başqa rəvayət kanalı olub. Lakin Şeyxin hədisi səhihləşdirməsi qəti dəlillər üzərində durmur, çünki ət-Tahavi’dəki kanalın sənədində də zəif ravi vardır. İki zəif xəbərin bir-birini dəstəklədiyini deyərək onunla əməli vacib görmək və əməl etməyənləri üzrdən məhrum etmək həqiqətən də müşküldür.

Şeyxin sözlərindəki digər problemli məqam budur ki, onunla razılaşmayan ümmət hədisdən qafil düşməklə vəsf olunur, halbuki məsələ hansısa rəvayət kanalından cahil qalmaqla izah olunacaq qədər bəsit deyildir. ət-Tahavi özü o hədisi kitabında rəvayət etməyinə baxmayaraq onunla əməl etməyib.

Bir başqa məqam isə İmam əş-Şafi’nin sözlərinin istifadə olunduğu məzmundur. əş-Şafi’nin sözlərinin məzmununu oxuyan və onun dövründəki müzakirənin xitabını nəzərə alan başa düşəcək ki, əş-Şafi’nin o sözü heç də Şeyx əl-Albani’nin qəsd etdiyinə müvafiq deyildir. əş-Şafi o sözü ilə mədinəlilərin əməlini və ya kufəlilərin əməlinin hədisdən üstün tutan malikilərə və hənəfilərə rədd olaraq söyləyir, yoxsa İmamın qəsdi o deyildir ki, bir hədislə bütün müctəhidlər əməl etməyi tərk edərlərsə o zaman o hədis hüccət olaraq qalır. Belə bir söz onu tələb edir ki, ümmətin müctəhid imamları xəta üzrə icma edə bilərlər. Biz isə bilirik ki, bu ümmət şəri məsələlərdə xəta üzərində icma etməkdən məsumdur, ona görə də əgər hansısa hədislə əməl etməyi tərk etmək üzərinə icma edilərsə şübhəsiz ki, bu, iki şeydən birinə dəlalət edir: ya o hədis xətadır, ya da nəsx olunub. Hədis elmlərində bu nöqtə kifayət qədər müzakirə olunub.



[1] “Musnəd Əhməd”, 44/152-153 (ər-Risələ) ; Əbu Davud (1999) ; İbn Xuzeymə (2958) ; əl-Həkim, 1/489-490; əl-Beyhəqi, “əs-Sunən”, 5/136-137;

[2] “əş-Şərh əl-Mumti”, 7/341-342;

[3] Şeyx İbn Baz da bu rəydədir. Fətvasında deyir: “Əgər fərz etsək ki, hədisin səhih şahidi vardır o zaman bu, elm əhlinin sözünə müxalif olan şazz görüş olacaq.” (“Məcmu Fətəva İbn Bəz”, 25/234; ) Daha sonra deyir: “Bunlar əzəmətli məsələlərdir və yayğın məsələlərdə (dəlil) qadınlardan bir qadının evində gizli və daxili şeylər ola bilməz. Bunlar əzəmətli işlərdir və əgər bu, ümumi şəriət olsaydı bunu Allahın elçisi – salləllahu aleyhi va səlləm – insanlara bəyan edərdi. Ondan sonra dörd imam və cumhur bəyan edərdi, beləliklə də bu, icma kimidir. Bu barədə müxalif rəy sadəcə Urva bin əz-Zubeyr’dən rəvayət olunur, yoxsa bu, elm əhlinin icması kimidir.” (“Məcmu Fətəva İbn Bəz”, 25/235)

[4] http://www.alalbany.me/play.php?catsmktba=13059

[5] “Mənəsikul-Həcci val-Umra”, səh: 32-33;

[6] “əs-Sunən əl-Kubra”, 5/223;

[7] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 8/234;

[8] “əl-Bidəyə van-Nihəyə”, 5/190 (Darul-Fikr)

[9] “Muqaddimətu İbnis-Saləh va Məhəsinul-İstiləh”, səh: 469;

[10] “İkməlu Təhzibil-Kəməl”, 12/43;

[11] “əd-Durar əs-Səniyyə”, 5/387;