Elm tələbəsi və təqlid

Bizim sələfi qardaşlarımız arasında belə bir yalnış təsəvvür yayılıb ki, elm tələbəsi təqlid etməz. Təqlid edən yalnız zır cahil olan kəsləərdir. Ona görə də bəzi elm tələbəciklərinin “avam” sözünə geydirdikləri təzə mənaya aldanırlar. Halbuki həqiqət onların öyrətdiyi kimi deyildir. Həqiqət budur ki, ictihad mərtəbəsinə çatmamış hər bir kəs təqlid etməyə məcburdur. Elm tələbəsi isə ictihad mərtəbəsinə çatmış sayılmaz. İmam Əbu İshaq əş-Şatibi deyir:

Bu cümlənin mənası budur ki, elm əhli elm tələbində və təhsilində üç mərtəbədir: Birinci mərtəbə onu (yəni elmi) tələb edənlərdir, hələ elmin kamilliyinə hasil olmayanlardır; onlar elmin tələbində olduqları müddətdə yalnız təqlid mərtəbəsindədirlər...[1]

Beləliklə də buradan anlayırıq ki, elm tələb edənlər sərbəst şəkildə dəlillərə baxaraq tərcih edə bilməzlər, əgər elm tələbəsi də dəlillər arasında tərcih edə bilərsə o zaman müctəhidin etdiyi ilə arasında nə fərq qalacaq?! Bilmək lazımdır ki, elm tələbəsi alim olduqdan sonra da təqlidi tərk etmir, yalnız ictihad mərtəbəsinə çatdıqda təqlidi tərk edə bilər. Ona görə də deyə bilərik ki, hər alim müctəhid deyildir, lakin hər müctəhid alimdir. Alləməd Bədrud-Din əz-Zərkəşi dərəcələri zikr edərkən deyir:

İnsanlar bu məsələdə üç növdür: müctəhid, ammi və müctəhid mərtəbəsinə çatmamış alim. Onlardan biri xalis ammi’dir. Cumhura görə onun fətva soruşması icazəlidir və şəriətin furu məsələlərinin hamısında təqlid etməsi vacibdir və onda ictihada götürməyən elmlər (görüş bildirmə baxımından) ona fayda verə bilməz. İbn Abdilbərr bu məsələdə icma nəql etmişdir... Bunu Bağdadın mötəzili alimlərindən bəziləri qadağan ediblər.... İkinci (növ) isə mötəbər elmlərin bəzisinə nail olmuş, lakin ictihad mərtəbəsinə çatmamış alimdir. İbnul-Həcib və başqaları belə birinin də ictihaddan aciz olduğu üçün xalis ammi kimi olduğunu deyiblər. Bir qrup isə deyib ki, bu, ona caiz deyildir, ona vacib olan hökmü (hökmün çıxarılma) yolu ilə bilməkdir, çünki hökmləri bilmək səlahiyyətində başqalarından fərqlənir...

Bunları da ammi mərtəbəsinə aid etməkləri mübahisəlidir, xüsusilə də bu, məzhəblərin elmdə dərinləşmiş alimləri haqqında uyğun gəlmir, beləki onlar özlərini muqallidlərin yerində görməyiblər. Daha əvvəl əshabımızdan Şeyx Əbu Əli və başqalarının – “biz əş-Şafi’nin muqallidləri deyilik” – şəklindəki sözləri zikr olundu. Onları müctəhidlər mərtəbəsinə aid etmək də problemlidir, çünki bir müctəhid başqa bir müctəhidi təqlid etməz. Bu ikisi arasında bir keçici mərhələ olması da mümkün deyildir, çünki bizdə iki haldan başqa bir hal mövcud deyildir...[2]

Daha sonra əz-Zərkəşi bu sözlərin davamında maliki alimi İbnul-Muneyyir’in sözlərini gətirir, belə ki, İbnul-Muneyyir sözü gedən bu mərtəbəni müctəhidlər mərtəbəsinə aid edir və qeyd edir ki, onlar müctəhid sayılsalar da başqa müctəhid imama müntəsib olaraq müctəhid sayılırlar və həmin imamın qaydalarına tabe olurlar, yeni bir məzhəb icad etməkləri imkansızdır. İstənilən halda əz-Zərkəşinin sözlərindən başa düşürük ki, elm tələbələrinin təqlid edən ammi mərtəbəsindən olmasında ixtilaf yoxdur, çünki onları da xalis ammi mərtəbəsi aid etmişdir. Daha sonrakı mərtəbədə isə ictihad mərtəbəsinə çatmamış alimləri müzakirə edir. Onlar haqqında ixtilafın olduğunu zikr edir. İbnul-Həcib’in onlar haqqındakı görüşü budur ki, bu mərtəbə hökm baxımından xalis ammi kimi sayılmalıdır, yəni onlara da təqlid vacib olmalıdır. İbnul-Həcib’in bu görüşü üsulçuların əksəriyyətinin görüşüdür. İbn Abdilbərr, İbnul-Qayyim kimi alimlər məhz bu görüşə qarşı çıxıblar və bu görüşü şiddətlə inkar ediblər, onlar bu mərtəbədə olanlara təqlidi haram ediblər. Ona görə də bu mərtəbədə olanlara ittiba etməklərini vacib görüblər. Bilmək lazımdır ki, bu alimlər təqlidin haram, ittibanın vacib olduğunu dedikdə nəzərdə tutduqları bu alimlər olublar, yoxsa xalis avam kütləni – bura elm tələbələri də daxildir - qəsd etməyiblər.

İctihad mərtəbəsinə çatmamış alimlərə gəldikdə isə yuxarıda ixtilafın olduğunu zikr etdik. Maliki fəqihi əl-Hattab ər-Rueyni də deyir:

Cumhurun görüşü budur ki, ictihad əhliyyəti olmayana – istər alim olsun, istər olmasın - müctəhid imamlardan birinə təqlid etmək vacibdir.[3]

Beləliklə də ictihad mərtəbəsinə çatmamış alimlərə təqlidi vacib etmək görüşünü cumhura nisbət edir. Yuxarıda izah etdik ki, İbnul-Qayyim, İbn Abdilbərr, İbn Teymiyyə bu görüşü tənqid ediblər və sərt bir tərzdə rədd ediblər. əz-Zərkəşi özü də bu görüşdə zəiflik olduğunu deyir. Hənəfi alimi İbn Əmiril-Həcc də bu fikri təsdiqləyərək İbnul-Huməm’in sözlərini şərh edərkən deyir:

İctihadın [hissələrə parçalana biləcəyi görüşünə əsasən miras babı kimi fiqhi məsələlərin bəzilərində və ya bəzi elmlərdə müctəhid olsa belə mütləq müctəhid olmayana] cumhurun görüşünə görə [təqlid vacibdir].[4]

Deyə bilərik ki, hənəfi alimləri xüsusilə bu görüşü müdafiə edirlər. Həmçinin Şeyx Alləmə Muhəmməd Əhməd İliş əl-Məliki deyir:

İmam İbn Fərhun’un – rahiməhullah – “əd-Diybəc” kitabında, əş-Şeyx əl-Ləqqani’nin “Umdətul-Murid” kitabında və başqa kitablarda deyildiyi kimi ictihad əhliyyəti olmayanlara təqlidin vacib olmasında sünnət əhli icma edib və bu, dindən zəruri olaraq bilinən bir məsələ olacaq şəkildə yayılmışdır.[5]

Şeyx Muhəmməd İliş’in “ictihad əhliyyəti olmayanlar” sözündən ictihadı naqis olan alimləri çıxarmaq lazımdır, çünki onları qəsd etməsi doğru olmazdı, belə ki, yuxarıda onlar haqqında alimlərin ixtilafına yer verdik. Bu yazılanlara əsasən deyə bilərik ki, elm tələbəsinin muqallid sayılmasında alimlər arasında heç bir ixtilaf yoxdur.



[1] “əl-Muvafəqat”, 1/90;

[2] “əl-Bəhr əl-Muhit fi Usulil-Fiqh”, 6/283-285;

[3] “Məvahibul-Cəlil”, 1/30;

[4] “ət-Təqrir vat-Təhbir”, 3/459;

[5] “Fəthul-Aliyyil-Məlik fil-Fətva alə Məzhəbil-İməm Məlik”, 1/90;