Rağaib gecəsi və rağaib namazı

Müsəlmanların çox zaman eşitdikləri və türklərin ”Reğaib Kandili” adlandırdıqları gecə nədir? Hər il təkrarlanan bu münasibətlə bağlı televizorda, xüsusilə türk kanallarında tədbirlər təşkil olunur və müsəlmanların məscidlərdə toplandığını görə bilirik. Təbii ki, bu barədə alimlərin fikirlərini bilmək istəyən müsəlmanlarda suallar əmələ gəlir.

 

İlk öncə qeyd edək ki, ”rağaib” gecəsi rəcəb ayının ilk cümə günündəki gecəyə verilmiş addır. Siravi müsəlmanlar arasında bu gecə ilə baxlı xüsusi fəzilətlərin olması inancı yayılıb. Onlar bu gecəni də qədir gecəsi kimi xüsusi tərzdə keçirməyə həvəslidirlər. Lakin təəssüf ki, bu inancın geniş yayılmasına baxmayaraq şəriətimizdə bununla bağlı ibadətlər və əməllər və inanclar inkar olunan bidətlərdir, yeniliklərdir. Bu gecə qılınan on iki rükətlik rağaib namazı da pis bir bidətdir. Alimlər bu barədə çox danışıblar, hətta bu yeniliyin tarixdə nə zaman çıxdığını belə dəqiq müəyyən ediblər. Maliki məzhəbinin imamlarından Əbu Bəkr ət-Turtuşi (hicri 451-520) “əl-Həvadis val-Bidə” adlı kitabında deyir:

Əbu Muhəmməd əl-Məqdisi mənə xəbər verərək dedi: Bizdə Qüds şəhərində rəcəb və şaban aylarında qılınan bu rağaib namazı heç vaxt olmayıb. Bu, ilk dəfə 448-ci ilin əvvəlində çıxdı; bizə Qüds şəhərinə Nabulus şəhərindən İbn Əbil-Həmra adı ilə tanınan biri gəldi, gözəl tilavəti var idi. Şabanın ortasındakı gecə əl-Əqsa məscidində qalxaraq namaz qıldı və bir nəfər arxasında durdu, sonra onlara üçüncüsü, dördüncüsü qoşuldu və namazı qurtardıqda artıq böyük bir camaat olmuşdu. Daha sonra növbəti il gəldi və onunla birlikdə çoxlu insan qıldı, məscidi bürüdü və bu namaz Əqsa məscidində, insanların evlərində yayıldı. Sonra bərqərar oldu, sanki bu günümüzə qədər gəlmiş bir sünnətdir.” Daha sonra ət-Turtuşi deyir: “Ona dedim: “Mən səni camaatla namaz qılarkən gördüm?” Dedi: “Bəli, buna görə Allahdan bağışlanma diləyirəm.

Bu xəbərdən anlayırıq ki, rağaib namazı Qüdsdə ilk dəfə 448-ci ildə qılınıb və həmçinin buradan öyrənirik ki, ilk dəfə rağaib namazı rəcəb ayında yox, şaban ayında qılınıb. ət-Turtuşi sözlərinin davamında buyurur: “(əl-Məqdisi) dedi: “Rəcəb ayının namazına gəldikdə isə Qüdsdə bizim aramızda yalnız 480-ci ildən sonra ortaya çıxıb, bundan öncə belə namaz görməmişdik və eşitməmişdik.[1]

Bu namaz barəsində hətta bəzi hədislər belə varid olub, lakin hafiz imamlar bu xəbərlərin uydurma və batil olduğunu deyiblər. Bu barədə İbnul-Cəvzi, ən-Nəvəvi, Əbu Şəmə, İbnul-Attar, İbn Teymiyyə, əz-Zəhəbi, əl-Feyruzabadi, əl-İraqi, İbn Həcər, əs-Suyuti və başqalarının sözləri bizlərə gəlib çatıb. İbnul-Qayyim deyir: “Həmçinin rəcəb ayının ilk cümə günün gecəsində qılınan rağaib namazı barəsindəki hədislərin hamısı yalandır, Allahın elçisinin – salləllahu aleyhi va səlləm – adından uydurulub.[2] İbnul-Cəvzi “əl-Muntəzam” kitabında deyir: “Əli bin Abdilləh bin Cəhdəm, Əbul-Həsən əs-Sufi, “Bəhcətul-Əsrar” kitabının sahibi; sufilərin şeyxi idi, Məkkədə vəfat edib. Onun yalançı olduğunu deyiblər və rağaib namazını onun uydurduğunu deyiblər.[3] Yazını uzadaq bu barədə gəlmiş rəvayətlərə yer vermək istəmirəm, sadəcə olaraq mövzu ilə bağlı alimlərimizin sözlərini zikr etməyi uyğun görürəm.

Şafi’ilərin imamlarından Alləmə Əbu Muhəmməd İzzuddin bin Abdissələm (hicri 577-660) zamanında Dəməşqdə Əməvi camisində xatib və imam olaraq məqam sahibi olduqda orada yayılmış bidətləri aradan qaldırmaq üçün tərifə layiq səylər göstərmişdir. Tarixin bizə xəbər verdiyinə əsasən hicri 637-ci ildə rağaib namazı haqqında xütbə vermiş və insanların arasında yayılmış bu bidətin qarşısına almağa çalışmışdır. Lakin o dövrün bir başqa şafi’i imamı Əbu Amr İbnus-Saləh əş-Şəhruzuri (hicri 577-643) və bir başqa alim bu məsələdə İbn Abdissələm’ə etiraz edirlər və İbn Abdissələm bu barədə kiçik bir risalə yazır və cavabında İbnus-Saləh ona rəddiyyə yazır və İbn Abdissələm də daha bir risalə yazaraq cavab verir. Bu iki alim arasındakı münaqişə bu gün Şeyx əl-Albani’nin təhqiqi ilə “Musəcələtun İlmiyyətun beynəl-İməmeynil-Cəlileyn əl-İzzi bin Abdissələm va İbnis-Saləh Həvlə Salətir-Rağaib” adı ilə nəşr olunub. Elm tələbələri üçün kitabda bidətlər mövzusu ilə bağlı çox faydalı məlumatlar vardır. Onu da qeyd edək ki, bu münaqişədə alimlər İzzuddinin tərəfini tutublar, onun haqlı olduğunu söyləyiblər. Afifuddin əl-Yəfi’i deyir: “Şəriətçi muhaqqiq alimlər bu məsələdə İmam İbn Abdissələm’in məzhəbini doğru saydılar, bu münaqişədə onun haqq ilə daha bariz olduğuna şahidlik etdilər...[4] Qeyd edək ki, İbnus-Saləh özü də bu barədə gəlmiş hədisin uydurma olduğunu etiraf edir, lakin insanları bu namazdan çəkindirməyi doğru görmür, onların bu namazla məşğul olmağını öz dövründəki fitnələrə nisbətdə daha xeyirli görür. Lakin alimlərin izah etdiyi kimi İbnus-Saləh’in tutunduğu bu səbəb əsassızdır, şəriətdə heç bir dəyərə malik deyildir, çünki şəriət heç bir halda zəlalət olan bidətlərin təsdiqlənməsinə razı olmaz. Qəribə tərəf budur ki, İbnus-Saləh daha əvvəl verdiyi fətvada bu namazı camaat şəklində məscidlərdə qılınmasını münkər bidət adlandırmış və bunu inkar etmişdi, lakin daha sonra İbn Abdissələmə etirazında görüşünün dəyişdiyini görürük.

Hafiz İmam Əbul-Xattab İbn Dihyə əl-Kəlbi əz-Zahiri (hicri 544-633) “Ədəu Mə Vacəb min Bəyəni Vad’il-Vadda’in fi Racəb” adlı kitabında deyir:

Rağaib namazına gəldikdə isə onu uydurmaqla ittiham olunan Əli bin Abdilləh bin Cəhdəm’dir; heç bir kitabda tapılmayan məchul ravilər üzərinə (hədis) uydurmuşdur. Bunu ondan Əsbəhan’ın imamı Əbu Abdilləh Muhəmməd bin İshaq bin Məndə’nin oğlu fəqih Əbul-Qasim Abdurrahmən rəvayət edib...” Burada İbn Dihyə bu hədisi uyduranın kimliyində digər alimlər ilə razılaşır. Daha sonra bu barədə faydalı nəqllərə yer verir. Deyir: “əl-Mutəmən bin Əhməd əs-Səci əl-Hafiz dedi: “Xorasanın şeyxi İmam (Şeyxul-İslam) Abdullah əl-Ənsari (əl-Həravi əl-Hənbəli) rəcəb ayında oruc tutmazdı və bunu qadağan edərək deyərdi: “Rəcəb ayının və orucunun fəziləti haqqında Allahın elçisindən – salləllahu aleyhi va səlləm – heç bir şey səhih deyildir.[5] Nəinki rağaib namazı, ümumiyyətlə rəcəb ayında xüsusi bir orucun olması haqqında heç bir şey səhih deyildir.

Hafiz İbn Dihyə’nin bu sözlərini Alləmə Əbu Şəmə bidətlər haqqındakı kitabında zikr edir və sonra buyurur: “Bu hafiz alim Əbul-Xattabin – rahiməhullah – rəcəb və şaban aylarındakı namazlar haqqında dedikləri Misirdə oranın sultanı əl-Kamil Muhəmməd bin Əbi Bəkrin – rahiməhullah - əmri ilə bu namazların ləğv edilməsinin səbəbi olmuşdur, çünki o, sünnətləri izhar etməyə və bidətləri aradan qaldırmağa meylli idi.[6] Həmçinin İmam Aləuddin İbnul-Attar (hicri 654-724) bunu etiraf edərək deyir: “Rəcəb və şaban aylarındakı namazlar Misirdə Hafiz İbn Dihyə’nin səyi və oranın sultanı əl-Kamil Muhəmməd bin Əbi Bəkr bin Əyyub’un əmri ilə ləğv edildi.” Bundan öncə isə İbnul-Attar ümumən rağaib gecəsi haqqında danışarkən belə buyurur: “Bu gecənin hökmü digər cümə gecələrinin hökmü kimidir, bunun digər cümə gecələri üzərində artıq bir fəziləti yoxdur. Bu gecəni bir mövsüm olaraq götürmək, adət halından daha çox çıraq yandırmaq sünnətə müxalif olan bir bidətdir. Bunun səbəbilə məscidlərdə və başqa yerlərdə ortaya çıxan qarmaqarışıqlıq isə haramdır. O gecə çıraq yandırmaq, halvadan və başqa yeməklərdən yeməyin isə nə o gecədən ötrü, nə də mücərrəd olaraq heç bir savabı yoxdur, əksinə bunun hökmü də başqa məqamlarda verilən sədəqə, çoxca verilən pay və qəsd olunanın hökmüdür. Bu gecə qılınan namazın fəziləti haqqında rəvayət edilmiş hədislərin hamısı hədis imamlarının ittifaqı ilə uydurmadır.[7] Beləliklə də İbn Dihyə Misirdə bu namazın ləğv edilməsi üçün səy göstərmiş, həmçinin İzzuddin bin Abdissələm Dəməşqdə bu namazın ləğv edilməsi üçün çalışmışdır. İbn Abdissələm’dən sonra xüsusilə Şeyxul-İslam İbn Teymiyyə’nin bu namazın ləğv edilməsi üçün xüsusi əməyi olub. Tələbəsi İbn Kəsir hicri 706-cı ilin hadisələrindən danışarkən deyir: “Bu il İbn Teymiyyənin onu dörd il əvvəl ləğv etməsindən bəri (ilk dəfə olaraq) Dəməşq camisində (şaban ayının?) ortasında rağaib namazı qılındı.[8]

Xüsusilə türklər arasında “reğaib kandili” məşhur olduğu üçün məzhəblərinin imamlarının bu barədə dediklərini zikr etməkdə fayda vardır. Hənəfi məzhəbinin alimləri də bu namazın məkruh bir bidət olduğunu deyiblər. İbn Nuceym əl-Hənəfi (vəfatı hicri 970) deyir: “Buradan rəcəb ayında ilk cümənin gecəsində qılınan rağaib namazı üçün camaat halında toplaşmağın məkruh olduğunu və bunun bidət olduğunu öyrənmiş oluruq.[9] İbn Abidin (vəfatı hicri 1252) haşiyəsində onun bu sözlərini gətirdikdən sonra deyir: “Şərh edənin bu babın axırında zikr edəcəyi kimi “əl-Bəzzəziyyə” kitabında (müəllifi) bunu aşkar şəkildə bildirib. “əl-Munyə” kitabını şərh etmiş hər iki alim bu barədə geniş danışıblar və bu barədə rəvayət edilənin batil və uydurma olduğunu aşkarca söyləyiblər və bu barədə xüsusilə “əl-Hilyə” kitabında geniş söhbət ediblər. Alləmə Nuruddin əl-Məqdisi’nin bu barədə gözəl bir kitabı vardır; adını “Rad’ur-Rağib an Salətir-Rağaib” adlandırıb. Orada dörd məzhəbin əvvəlki və son dönəm alimlərinin sözlərinin çoxunu əhatə edib.[10] Gördüyümüz kimi İbn Abidin birdən çox hənəfi aliminin bu əməli inkar etdiyini söyləyir.

Maliki alimlərindən Əbu Bəkr ət-Turtuşi’nin sözünü yuxarıda zikr etdik. Həmçinin digər maliki alimi Əbu Abdilləh İbnul-Həcc əl-Abdəri əl-Fəsi (vəfatı hicri 737) “əl-Mədxal” kitabında bir çox yerdə bu barədə geniş mövzu açıb və bunu inkar edib.

Hənbəli alimlərindən Zeynuddin İbn Rəcəb (726-795) isə deyir:

Namaza gəldikdə rəcəb ayında qılınan və ona xas olan xüsusi bir namaz (haqqında hədis) səhih olmayıb. Rəcəb ayının ilk cümə gecəsində qılınan rağaib namazının fəziləti haqqında rəvayət olunanlar isə yalandır, batildir, səhih deyildir və bu namaz alimlərin əksəriyyətinə görə bidətdir. Bunu zikr etmiş son dönəm alimlərdən hafiz olanları arasında Əbu İsmail əl-Ənsari, Əbu Bəkr bin əs-Səm’ani, Əbul-Fədl bin Nasir, Əbul-Fərac bin əl-Cəvzi və başqaları vardır. Mütəqaddim alimlərin bunu zikr etməməklərinin səbəbi isə bu namazın onlardan sonra ortaya çıxmasına görədir. İlk dəfə dördüncü yüz illikdən sonra çıxıb. Buna görə də mütəqaddim alimlər bunu bilməyiblər və bu barədə danışmayıblar. Oruca gəldikdə isə rəcəb ayına xas olan xüsusi orucun fəziləti barəsində nə peyğəmbərdən – salləllahu aleyhi va səlləm - , nə də onun səhabələrindən bir şey səhih olaraq gəlməmişdir...[11]

Bu barədə hənbəlilərdən İbn Teymiyyənin və İbnul-Qayyimin sözləri məlumdur. Eləcə də şafi’i üləması bu bidəti şiddətlə inkar ediblər. Bu baradə bəlkə də ən çox danışmış alimlər şafi’i alimləri olublar. İmam Əbu Zəkəriyya ən-Nəvəvi (631-676) cümə gününün gecəsini bir namazla və gündüzünü isə bir orucla xüsusiləşdirməyi qadağan edən və Mislimin “əs-Sahih” kitabında keçən hədisin şərhində deyir:

Bu hədisdə daha əvvək keçdiyi kimi cümə gününü digər günlərdən seçiləcək şəkildə bir namaz ilə xüsusiləşdirmək və gündüzünü orucla xüsusiləşdirmək barədə aşkar qadağa vardır və bunun məkruh olmasına dair ittifaq vardır. Alimlər bidət olaraq çıxarılmış və “Rağaib” adlanan o namazın məkruh olmasını göstərmək üçün bunu dəlil gətirirlər. Allah bu namazı çıxardanı, uyduranı həlak etsin, çünki bu, zəlalət və cəhalət olan bidətlərdən münkər bir bidətdir və bu namazda aşkar münkər əməllər vardır. İmamlardan bir qrup alim bu namazın çirkinliyi, onu qılanın və onu çıxardanın azğınlığı haqqında nəfis kitablar yazıblar. Bunun çirkinliyinə, batilliyinə, bunu edənin azğınlığına dəlalət edən dəlillər sayılmayacaq qədər çoxdur. Doğrusunu Allah bilir![12]

Düşünürəm ki, ən-Nəvəvi’ni bu dərəcədə sərt sözlərindən sonra sözü uzatmağa ehtiyac yoxdur. Allah bizə peyğəmbərinin – salləllahu aleyhi va səlləm – sünnətinə uyğun şəkildə yaşamağı nəsib etsin!



[1] “əl-Həvadis val-Bidə”, səh: 132-133; Dar İbn əl-Cəvzi, birinci nəşr: 1411/1990, Dəmməm

[2] “əl-Mənər əl-Munif fis-Sahih vad-Daif”, səh: 95; Məktəbətul-Mətbuat əl-İsləmiyyə, birinci nəşr: 1390/1970, Hələb

[3] “əl-Muntəzam fi Tərix əl-Muluk val-Uməm”, 15/161; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1412/1992, Beyrut

[4] “Miratul-Cənən va İbratul-Yəqzan”, 4/118; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1417/1997, Beyrut

[5] “Ədəu Mə Vacəb min Bəyəni Vad’il-Vadda’in fi Racəb”, səh: 54-56; əl-Məktəb əl-İsləmi, birinci nəşr: 1419/1998, Beyrut

[6] “əl-Bəis alə İnkəril-Bidəi val-Həvadis”, səh: 143-144; Darur-Rayə, birinci nəşr: 1410/1990, Riyad

[7] “Musəcələtun İlmiyyə”, səh: 54-55; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1405, Beyrut

[8] “əl-Bidəyə van-Nihəyə”, 14/41; Darul-Fikr, 1407/1986

[9] “əl-Bəhr ər-Raiq Şərh Kənz əd-Dəqaiq”, 2/57; Dar əl-Kitəb əl-İsləmi, ikinci nəşr

[10] “Haşiyətu İbn Abidin”, 2/26; Darul-Fikr, ikinci nəşr: 1412/1992, Beyrut

[11] “Lətaiful-Məarif fi mə lil-Məvasim min Vazaif”, səh: 228; Dar İbn Kəsir, beşinci nəşr: 1420/1999, Dəməşq

[12] “Şərh ən-Nəvəvi alə Sahih Muslim”, 8/20; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr: 1392, Beyrut